Minaxanım Təkləli Nuriyeva
Professor, Azərbaycan Dövlət Pedaqoji Universiteti
Belə bir deyim var: görünən tərəfindən görünməyən tərəfi daha-daha böyük, daha güclü adamlar var, eynən aysberq kimi. Bax, indi mənim də qışda yazıb, yaz ərmağanı kimi təqdim etdiyim yazım da, sonra yazacaqlarım da, söyləyəcəklərim də Tofiq Məlikli kimi azman adamın fəaliyyətini - elmi-əməli işlərini, bədii yaradıcılığını - xatirələrini və bu yöndə kitablarını əlbəttə, əhatə edə bilməyəcəkdir.
...İndi qışın oğlan çağı, qar yağmasa da bu "üzü boz ay"a yaraşan quru soyuq bir gündür. Bakı küləyi də and bilmir, aman bilmir... Xüsusən Xəzərə də, onun xəzrisinə də sipərsiz qalan iş otağımda bəlkə də bu şəhərdə onu məndən həssas hiss edən yoxdur. Nə deyim daha? Amma bu boz günləri rəngləyən, soyuq küləyə ilıq təbəssümünü, ürək hərarətini qatan, bir anda varlığı, adı ilə qış havasını yaz nəfəsi ilə isidən dost insanlar var. Mübaliğəsiz desəm: örnək insanlar - işi, ideyası, məsləki, kişiliyi ilə nümunə adamlar. Bu "nümunə" adamların saçdığı işıq çox güclüdür, dar cığırları belə geniş yola çevirə biləcək qədər parlaqdır. Professor Tofiq Məliklinin doğum günüdür, dəqiqləşdirsəm: müdriklik çağın bayramıdır. Nəyi varsa - üstü dilimiz, tariximiz möhürü ilə möhürlənmiş bir həyat, dolu bir ömür... Onun qəlbinin və zehninin işi bugünümüzün, keçmişimizin və gələcəyimizin qayğılarıdır. Mən belə tanımışam, belə görmüşəm Tofiq Məliklini. Nə biləsən, bəlkə elə bu qayğılardır bu həyatı bəzəyən, ona məna verən, mənalandıra-mənalandıra gözəlləşdirən?!
Yeni il gecəsi
Hərə öz arzusunu söylər.
Mənim də bir arzum var -
Başımı anamın dizinə qoyub,
Buludsuz göyə baxmaq!
60-cı illərdən ömrün illəri aldığı təhsili və elmi fəaliyyəti ilə bağlı olduğu Moskvada keçmişdi... Elədir, uzaq Moskvada yaşadı, amma daim evə - Azərbaycana can atdi, unutmadı heç. Özünə həyat yoldaşı olacaq qızı da eldən-obadan seçdi. Moskvada özünü Azərbaycandan heç ayrı bilmədi: bir növ qeyri-rəsmi şəkildə təmsilçimiz, səfirimiz olan Tofiq müəllimin xatirələrində 20 Yanvarla bağlı özü kimi fədakar oğullarımızla birlikdə apardığı mübarizə, silahsız atışmanı, qansız-qadasız savaşı xatırladırdı. Neçə dəfə olub ki, görüşlərimizdə yanındakı dostunu təqdim edərkən "Moskvadakı o şir ürəkli oğullarımızdandır"... - deyə tanış etmişdi. Nə deyəsən daha? Deyir, dostunu göstər, sənin kim olduğunu deyim. Bunun kimi də sənətin, poeziyanın "şir ürəkli" oğullarının - Səməd Vurğunun, Nigar Rəfibəylinin, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın yubiley tədbirlərini təşkil etdi, bu Söz məclisinə soydaşlarımızı dərləyib toplamaqla yanaşı, moskvalı ziyalıları da dəvət etdi. Daha nə deyim, moskvalı seçkin, adı-imzası sərhədlər aşan aydınlara bizim təkcə bazar meydanlarının deyil, elm-mədəniyyət meydanlarının da sahibi olduğumuzu çatdırmaq özü elinə-obasına bir şanlı xidmət idi.
Tariximizin "Söz yaddaşı"na düşən açar timsalında dəyərləndirmək istədiyim bilgin dostumuz öz çoxsahəli yaradıcılığında daha çox öyrənilməmiş mübhəm qapılara açar salır. Bizdə təəssüf ki, hələ də öz geniş miqyasında irəliləyə bilməyən, yükünü, ağırlığını bir-iki adamın çiyninə yükləyən türkoloji axtarışlarımızda önəmli, həlledici imzaya malikdir Tofiq Məlikli. Türkologiya sahəsində böyük nüfuz sahibi olan, yalnız qəlbinin çağırışı ilə istər elmi türkologiya mövzularında, istər bu yolda sürdürdüyü həyati fəaliyyətində əsas yerdə onun türklük amalı durur. Tofiq müəllimin imzası daima elmimizin, mədəniyyətimizin xeyrinə olan təşəbbüslərdə görünür: SSRİ Elmlər Akademiyası və Azərbaycan SSR Elmlər Akademiyasının birgə qərarı ilə 1970-ci ildə təsis olunan "Sovetskaə törkoloqiə" adlı beynəlxalq elmi jurnalın məhz Azərbaycanda nəşr olunmasında da böyük rolu və xidməti olub alimin. (Qeyd: 1992-ci ilin yanvarın 16-da Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin iclası jurnalın adını "Türkologiya" olaraq qərarlaşdırıb). Qazaxıstana ötəri bir gedişində tarixi işin müqəddiməsinə qol qoyub: Xoca Əhməd Yəsəvinin abidəsinə, onun abadlığına və müasir həyatla ayaqlaşmasına yol açmış bu ilk tanışlıqla. Haqqına danışaq; milli türkologiyamızın dünya üzünə açılan qapısı çox zaman onunla açılmış və açılmaqdadır. Tofiq müəllimin Türkologiya elmi sisteminin yaranıb möhkəmlənməsində Sizif zəhməti var desəm, bu mübaliğə deyil, böyük bir əməyin, gərgin çarpışmanın nəticəsidir. Yadımdadır, Bakıda ilk müjdəçi qaranquş kimi sevinc doğuran Dədə Qorqud adına təşkil etdiyi Türkoloji görüş... o sevincli tarixlə tənləşən məşum günlər - yeni-yeni başlayan Qarabağ həyəcanı və bizim böyüklərin "ev bizim, sirr bizim" deyə, susqunluğa qapatdığı bir şərait...
Bu anda o bizimçün bir "qələmi ilə körpü tikən adam" timsalında idi... "Baheddin Ögel qulağıma pıçıldadı: Şükür, bizi kavuşturana". Eynən o günlərdə keçirdiyimiz həyəcanın əks-sədasını çatdırır bu isti pıçıltılarla. Demək, 1988-ci il iyulun 2-də Əlyazmalar İnstitutunda 3 gün davam edəcək bu tarixi toplantı - "I Sovet-Türk kollokviumu" öz işinə başladı. Osman Fikri Sertkaya rəhbərliyindəki nümayəndə heyətinə Orhan Şaik Gökyay, Baheddin Ögel, Fikret Türkman, Ahmed Bican Ercilasun, Tuncer Gülensoy, Saim Sakaoğlu daxil idi. Moskvada Şeremetyev hava limanında ümumtürk mədəniyyət tarixinin dünyaca ünlü bilicisi Baheddin Ögelin Tofiq Məliklinin qulağına dediyi "Şükür, bizi kavuşturana" sözü bu gün də məni öz həyəcanı ilə diksindirməkdədir. Ayrıca xatirələrimi də çatdırmaq istəyirəm: Türk kollekviumuna böyük qəlb həyəcanı ilə gələn, lakin binanın qapısına toplaşıb içəridəki eşidə bilmədiyi səslərin həyəcanını, seyr edə bilmədiyi böyük türklərin varlığını vəcdlə xəyal edən yüzlərlə insanın içində mən də vardım. İllər sonrası bu gün də bu sətirləri yazarkən həmin həyəcan məni həmən o yerdəymişəm kimi qəlbimi yenə titrədir. Daha öncələri eynən Emel Sayının Türkiyəni Bakıya gətiribmiş kimi böyük təbəddülat oyadan konsertinin verdiyi mutluluq kimi, ağır sovet rejimində ilk dəfə keçirdiyimiz Novruz bayramı şənliyi kimi hər bir Azərbaycan oğlunu həyəcana salan təəssüratlarım o "Türk kollekviumu" kimi nə solmur, nə əskimir.
Tofiq müəllimin 70-ci illərdən başlayaraq Türkiyədə fəaliyyətdə olması və bizi 70-lərin Türkiyəsinin bugünümüzədək olan həyatını əks edən mükəmməl anıları və bu üzdən elmi yaradıcılıqla yanaşı xatirələri - Türk ədəbiyyatı və ədəbiyyatçıları, elm-mədəniyyət, fikir adamları barədə yazdığı təsirli xatirələr də qəlbə yaxın, yaxın vaxtlara qədər isə "gözdən uzaq" şəxsiyyətləri də, yeni Türk şeiriyyətinin sirlərini də açıb, tanıtması bizə də, keçmiş sovetlər ölkələrinə də böyük əmək olmaqla bir də böyük ürək işidir. Bu da taleyin işidir; Tofiq bəy bir alim, geniş biliyə malik bir bilgin olmasaydı da, o, böyük bir yazıçı olacaqdı, şübhəsiz. Dediklərimin təsdiqi üçün qeyd edim ki, bir şair, bir nasir qələmindən çıxmış mükəmməl xatirələri əsl sənədli bir nümunə olmaqla yanaşı, yaddaşdan qopan bu anılar şirin, xoş təbəssüm dəyərindədir: Türk yazarı Orxan Kamal hələ Moskvaya gələnə kimi onun "Yad qızı" romanı elə bizim dilə də, ruscaya da tərcümə olunmuş, böyük tirajla çap edilmişdi. Yazar 71-də Moskvaya gəlir; bir gün Tofiq bəy yazarla metroda gedərkən bir gənc qızın Orxan Kamalın kitabını oxuduğunu görüb yazıçıya bunu xəbər verir. Və qıza da qarşısında oturan adamın o kitabın müəllifi olduğunu söyləyir. Qız çaşqın-çaşqın müəllifin kitabın üstündəki rəsminə, bir də yazıçıya baxır, sonra qalxıb gələrək Orxan Kamala bu maraqlı kitaba görə təşəkkür edir. Deyir ki, kitabxanadan bu kitabı almaq üçün 2 aydır növbə tutmuşdum. Yazıçı sevindiyindən bilmir nə etsin... Qız ayrılıb gedəndə yazıçı mənalı-mənalı gülümsəyərək: Tofiqciyim, bu sənin qurduğun oyun olmasın... Lakin Tofiq bəyin əminliklə "buradan kitabxanaya gedib o qızın dediklərini öyrənə bilərik" - dediyində məmnunlaşır. Bu kimi gördüyü, yaşadığı günlərin xatirələri, yaşadığı hiss-həyəcanları əks edən şeirləri onun həqiqətən yüksək istedada və zəhmətkeş iş qabiliyyətinə malik olduğunu göstərir. Amma özü dar düşüncəyə sahib olan, geniş yolu buraxıb dar çığırla irəliləyən insanlar var aramızda. Bilmirəm nədəndirsə elələri hər addımda qarşımıza çıxır. Dərs verirmiş kimi: "sən niyə belə paylanırsan, bölünürsən, otur, bir şeydən yaz, nə vaxtadək bu məsələləri qatıb-qarışdıracaqsan?", - deyə məzəmmət edirlər. Amma daha bilmirlər ki, insan əgər bir sahədə mükəmməldirsə, əgər yazmağı, bir şeyə açar salmağı bacarırsa, onun o sehrli açarı hər qapıya düşəcək. Yəni insanın dolğunluğu, bilgilərin sabitliyi onun qazandığı açar. Rusiyada, Türkiyədə, Balkanlarda, Türk aləminin hər bucağında... haradan Türk nəfəsi gəlirsə orda tanımayan qalmadı Tofiq müəllimi. Mükəmməl adamdır... təpədən dırnağa qədər əsl elm adamı, zəngin, hərtərəfli. Bir ömür kitabı ki, onun elm səhifəsi də, şeir səhifəsi də məzmunlu, dolu... Bəlkə də o elmi axtarışlarındakı Məcnunanə aludəçiliyi, ehtirası onun yazdığı şeirlər oyadırdı, dilin, bu dilin dadının-duzunun, övgülərinin ifadəsi olan şeirlər?! Ya da ulu mədəniyyətimizi, qədimi tarix səhifələrini yaddaşlara həkk edən, işığı, ziyası ilə bizlərə yol bələdçiliyi yapan misralarda bir dəli aşiq kimi çırpınan doğma dilin sevgisimi?!
Kor olsaydım belə,
xəyalımda çəkərdim sənin surətini.
Acılara, sevinclərə
aça bilərdim qəlbimin qapılarını.
Görərdim günəşin doğuşunu,
torpağın nəmli üzünü.
Aşıq Ələsgərin çeşmə başında sevdiyi gözəli.
Yalnız və yalnız sənin sayəndə
Anam... Dilim...
Bərəkətli, səmərəli ömür illəri və başlıcası da bəhrəli, sağlam mühiti üzündəndir bəlkə, fəaliyyəti - elmi yaradıcılığı, elmi-pedaqoji çalışma sahələri, miqyası çox əhatəli və genişdir; bu fəaliyyət çoxşaxəlidir, yəni Tofiq müəllim təkcə dilçilik üzrə tədqiqatlar ilə kifayətlənmir, eyni zamanda ədəbiyyatşünaslığın bir sıra sahələrini, ciddi qayğılarını, öz yeniliyi ilə seçilən bir sıra mühüm elmi fikirlərini ortaya qoymaqla tarixi və müasir türkologiyanın öz həllini gözləyən zəruri məsələlərini də əhatə edir. Əməkdar elm xadimi adının yükünü, ağırlığını və şərəfini beləcə zəhmətilə doğruldur bir daha. Artıq Türk elmi dairələrində "bilgə" rütbəsi işləklik qazanıb. Bu mənada sanki dilim bu adı işlətməyə gicişir; mən də Tofiq Bilgə deməyə həvəslənirəm. Bilgin dostumuz bu çalışmaları və bu yoldakı zəhməti birbaşa elmi türkologiyanın sistemini gücləndirməyə xidmət edir. Alimin türkologiyanın bir elmi sistem olaraq öyrənilməsində, inkişafında əməyi çoxdur. Bir də adının üstündəki istedadlı, çalışqan və zəhmətkeş möhürü... elə buna görədir ki, savadsızlığa, saxtakarlığa dözə bilmir. Onun özününsə hər işdə ədalətli, tərəfsiz prinsipialliği ilə seçilən, milli təəssübkeşli bir ziyalı olduğunu görürük. Haqsızlığın, ədalətsizliyin olduğu yerdə susan deyil Tofiq Məlikli. Eynən Gəncə hakimi Cavad xanla öcəşən ulu babaları inadkar, açıq söz adamı Hacı Məlik kimi.
Mən isə onu ilk dəfə 80-ci illərdə kafedramızda Afad müəllimin qonağı olaraq tanıdım. Novruz günləri idi. Tofiq müəllim ciddi, ağır təbiətli bir adam təsiri bağışlayırdı. Yenə çox sonralar Moskvada, Beynəlxalq Şərqşünasıq Konqresində Çingiz Hüseynov, Heydər Camal, Məhəmməd Saleh, Rafiq Sarıvəlli kimi eloğlularımla birlikdə Tofiq müəllimlə də görüşdüm. Sonra tale bizi bir də görüşdürəndə o görüşlər bizi dostluğa çəkdi. "Dost dosta tən gələr" demişlər... Gördüm ki, o, heç də ilk baxışdan göründüyü kimi insanları bir-birindən uzaq salan soyuq, etinasız bir adam deyil. Təşəbbüskar, əzmkar, əməksevər, necə deyərlər, təəssübkeş - vətənin, ana dilinin, minilliklərin yadigarı olan gələnəklərimizin ... milli dəyər adına nə varsa, hamısının təəssübkeşi... Tanrı qorusun, belə tanıdım. Axı, şəfqətlə sərtlik üz-üzə gələndə həyatı daha asan dinləmək və anlamaq olur. Təbii olaraq belə insanlara baxanda insanın fikrindən keçən bu olur ki, gör bu insanın gəncliyi necə olub?! Necə olacaq ki, yenə əzmkar, mübariz, bir az inadkar, bir az dözümsüz... Bir də onun yazdığı "Suyu axtaran adam" avtobioqrafik romanını oxuyarkən... tanıdım.
Dostluqda da vəfalı, sədaqətli adamdır Tofiq Məlikli. Onun dostu, yaxın bildiyi minlərlə oxucusuyla danışdığı şirin, səmimi "könül dili" var: elə buna görə də Tofiq bəyin Nazim Hikmətin cəfasını da vəfası qədər məmnuniyyətlə çəkən rəfiqəsi doktor Qalinanın itirilmiş haqqını müdafiə etməkdən usanmadığını və yenə eyni vəfakarlıqla adını Azərbaycanda Nazim Hikmətlə bir andığımız Əkbər Babayev haqqındakı yanıqlı xatirəsi, gənclik dostu Aydın Məmmədov, Rafiq Sarıvəlli barədə sevincli-kədərli anıları yalnız dost bağrından qopa bilərdi. Elə həmin vəfakarlıqla da çoxlu yazılarını, bir də "Nazım Hikmət və doktor Qalina" yazısını yazdı:
Yenə gəldi dekabr -
İllərin ən uzun, qaranlıq ayı.
Bir göz qırpımında yox olur
günəşsiz günün aydınlığı.
Çəkilir həyət-bacadan
səs-küyü uşaqların,
eşidilməz olur
taqqıltısı nərdtaxtanın.
Əsən dəli külək,
pozur uykusunu
çılpaq budaqlı ağacların.
Əl qələm tutmur,
mürgüləyir beyindəki hüceyrələr,
sıxılır gözləməkdən
masa üstünə dağılmış düşüncələr.
Nədənsə, bu ayda
tez-tez sızlayır
narahat ürək.
Bu günlərdə anadan olmasının 80 illiyi tamam olan böyük alim, sadə və səmimi insan! 80 yaş - 90 yaşa gəlib dolmaq! Tanrı lütfüdür. Bəzən bu yaşı etiraf etməkdən, boyuna almaqdan çəkinir çoxumuz. Amma bu yaşa böyük yaradanın səxavətli əllə verilmiş hədiyyəsi kimi baxmaq lazım gəlir. Tofiq müəllimin onun özünə yaraşan təmkini, uca qamətinə yaraşan vüqarı, ciddiyyəti, əzmkarlığı ilk baxışdan onu tanımayan insanları gərək çaşdırmasın. Çünki bu, zahirən belə görünür. Bunlar elm-bilik qaynağına, qocaman bir bilgəyə çox yaraşan hallardır. Eynən böyük Türk çayları sayaq: Yenisey, Ankara kimi. Onlar birləşəndən sonra bilirsiniz daha necə güclənirlər. Bax, sizin yaşınız kimi, mənəviyyatınız, şəxsiyyətiniz o çaylar qədər gurdur, boldur, Tofiq Məlikli. Gör necə dolu-dolu axır, sakit axır... hətta axmadığını, dayanıb durduğunu güman edirsən. Amma axır və özü ilə böyük həyat daşırır, böyük enerji, böyük sellərin-suların gücünü aparır özüylə; ucu-bucağı görünməyən sulara qovuşana qədər, dibsiz, nəhayətsiz ümmana çatıb onu coşdurana qədər. İlk tanışlığımda - istər Bakıda, Moskvada və əsərlərində görüşdüyüm zamandan belə tanıdım Tofiq Məliklini. Prinsipial, səbatlı, çalışqan, təşəbbüskar. Seçdiyi yolun usanmaz, səbirli yolçusu.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!