Mətanət VAHİD
XIX əsrdə Şuşa ən seçkin mədəniyyət mərkəzlərindən biri və özünəməxsus ənənələri olan şəhər kimi bir çox alim və sənətkarların yaradıcılığının pərvəriş tapması üçün müstəsna əhəmiyyətə malik məkan idi. Zəngin kitabxanaları ilə tanınan Şuşada qiymətli kitabların üzünü köçürən xəttatlar, onlara miniatürlər çəkən, binaları unikal naxışlarla bəzəyən rəssam və nəqqaşlar yaşayır, fəaliyyət göstərirdi. Bu və digər sənətləri öz yaradıcılığında uğurla birləşdirən Mir Möhsün Nəvvab (1833-1919) isə bu sənətkarlardan bilik və bacarıqlarının universallığı ilə fərqlənirdi.
Doğma yurdu Şuşanın mədəni və ictimai həyatında fəal iştirakı, qabaqcıl mövqeyi ilə seçilən M.M.Nəvvab dövrünün ədəbiyyat, musiqi, rəssamlıq, nəqqaşlıq, xəttatlıq, astronomiya və s. kimi sahələrinə dəyərli töhfələrini vermiş böyük alimi, mütərəqqi ziyalısı olmuşdur. Təsadüfi deyil ki, Nəvvabın çoxşaxəli yaradıcılığından bəhs edən bütün mütəxəssislər yekdil olaraq onu "ensiklopedist-alim" adlandırmış, yeni düşüncə sisteminin formalaşmağa başladığı yüzilliyin ortalarında yiyələndiyi orta əsrlərə aid elmi biliklər sisteminin hərtərəfli və mükəmməl olduğunu vurğulamışlar.
Həmin dövrdə doğma şəhərinin yetirməsi olan onlarca şair, xanəndə, iyirmidən artıq musiqişünas, həmçinin xeyli rəssam, memar, xəttat və b. onu özünə ustad hesab edirdi. Nəvvab irsinin unikallığı həm də ondadır ki, əksər sələfi və müasirləri kimi elm və biliklərə yiyələnmək məqsədilə səyahətlər etməmiş, dini və dünyəvi elmlərin hər birinə onların ustadı olacaq səviyyədə məhz doğma Şuşanın divarları arasında yiyələnmişdir.
XIX əsrin sonlarından etibarən Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, dərnəkləri təşkil olunurdu: Bakıda Məşədi Məlik Mənsurov, Şamaxıda Mahmud Ağa, Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın təşkil etdiyi məclislər fəaliyyət göstərirdi. Şuşada ilk musiqi məclisini Azərbaycan muğam sənətinin inkişafında böyük rol oynamış Xarrat Qulu təşkil etmişdir. Dini məqsədlə yaradılmış bu məclisdə muğam sənəti öyrənilirdi. 80-ci illərdə M.M.Nəvvabın məşhur xanəndə Hacı Hüsü ilə birgə Şuşada yaratdığı "Musiqiçilər məclisi" yalnız Qarabağın deyil, bütün Azərbaycanın mədəni həyatında mühüm hadisə idi. Burada musiqinin estetik problemləri, ifaçılıq, muğam sənəti müzakirə olunurdu. Maraqlıdır ki, bu musiqi məclisi bir çox musiqiçilər üçün ilk təhsil rolunu oynamışdır: sonralar məşhur xanəndə olan İslam Abdullayev ilk musiqi təhsilinə sözügedən məclisdə yiyələnmiş, Məşədi Cəmil Əmirov musiqi nəzəriyyəsi dərslərini Mir Möhsün Nəvvabdan almış, Seyid Şuşinski Şərq muğamları və xalq musiqisinin incəliklərini ondan öyrənmişdir.
Tədqiqatçı Nəsrəddin Qarayev Mir Möhsün Nəvvabın evinin mədəniyyət ocağını xatırlatdığını yazır: ""Məclisi-fəramuşan"ın üzvləri, həmçinin Qarabağın görkəmli xanəndələri şeir-sənət və musiqiyə aid məsləhət və təlim almaq üçün həmişə onun yanına gələrdilər. Nəvvabın evində musiqiyə aid keçən müsahibələrdə Seyid Şuşinski, İslam Abdullayev, Məşədi Cəmil və başqa xanəndələr iştirak edər, ondan öyrənərdilər. Ümumiyyətlə, Şuşa ziyalıları, o cümlədən hər iki ədəbi məclisin üzvləri mübahisəyə səbəb olan mühüm məsələlərdə, yuxarıda deyildiyi kimi, həmişə ona müraciət edərdilər".
Nəvvabın bu məclislərdə müzakirəyə çıxardığı məsələlər sonradan onun musiqiyə həsr olunmuş əsərlərində, xüsusən "Vüzuhül-ərqam" risaləsində geniş şəkildə əksini tapmışdır. Şəriət qaydalarının musiqi və bütövlükdə incəsənət növləri ilə bağlı yasaqlarının hələ də tüğyan etdiyi bir dövrdə musiqi ilə bağlı risalə yazmaq müəllifdən böyük cəsarət tələb edirdi. Təşkil etdiyi musiqi məclisləri, onların formatı onsuz da Mir Möhsün Nəvvabın sənətə olan sevgisindən, xidmət etmək arzusundan xəbər verir. Həyat tərzi və şeirlərindən də göründüyü kimi, M.M.Nəvvab dinə bağlı bir insan idi. Bununla belə, bu alim və sənətkarın nümunəsində din və sənətin bir-birinə mane olan yox, əksinə, insana mənəvi dəyər qatmaq baxımdan bir-birini tamamlayan anlayışlar olduğunu izləyə bilirik.
Fərabinin Şərq və Qərb musiqisinin nəzəri əsaslarını müəyyənləşdirən "Əl-musiqəl-kəbir" ("Musiqi haqqında böyük kitab"); "türk-İslam musiqi nəzəriyyəsinin inkişaf tarixində bütöv bir mərhələ açan" Səfiəddin Urməvinin "Kitabül-ədvar fi marifətün-nəğam vəl əvtar" (1252); muğam nəzəriyyəçisi Əbdülqadir Marağayinin "Əlhani-siqanə" (1377), "Came-əl əlhan" (1405-1413), "Məqasidül-əlhan", "Kənz əl-əlhan", "Lahiyyə" , "Risaleyi- fəvaidiəşərə" kimi musiqi sənətinə həsr olunmuş əsərlərindən sonra Mir Möhsün Nəvvabın fars və ərəb dillərində parçalar yer alsa da, əsasən Azərbaycan dilində yazdığı "Vüzuhül-ərqam" əsəri ən yaxşı klassik ənənələr ruhunda qələmə alınmış, Şərqdə bu qəbil son və mükəmməl risalələrdən biri kimi qiymətləndirilir.
XIX əsrin sonunda Azərbaycan musiqisi haqqında Azərbaycan dilində (ərəb əlifbası ilə) yazılmış yeganə risalə olan "Vüzuhül-ərqam" 1884-cü ildə qələmə alınsa da, ilk dəfə 1913-cü ildə Bakıda Orucov qardaşlarının mətbəəsində çap olunmuşdur. Qeyd edək ki, əsər 1989-cu ildə "Elm" nəşriyyatında kiril əlifbası ilə nəşr edilmiş, kitabı çapa hazırlayan Zemfira Səfərova ona ön söz, lüğət və şərhlər də yazmışdır. Sənətşünas alimin Şuşanın 270 illiyinə həsr olunmuş ikihissəli "Şuşa - Azərbaycanın musiqi qalasıdır" kitabının (2021) birinci hissəsi də Mir Möhsün Nəvvabın "Vüzuhül-ərqam" əsəri haqqında şərhlər və risalənin ilk dəfə latın qrafikası ilə mətnindən ibarətdir.
Mir Möhsün Nəvvabın bu risaləni yazmaqda məqsədi, özünün də qeyd etdiyi kimi, müxtəlif elm sahələrində uğurlar qazanan digər millətlər kimi, elmi biliklərə yiyələnməkdə, mədəniyyət sahəsində iz qoymaqda millətimizə yardım etməkdir. Nəvvaba görə, hər bir alim "əhli-islamın içində mövcud" olan elmlərə əlavələr etməklə millətə kömək ola bilər, əgər bunu bacarmırsa, heç olmasa, mövcud elmi materialların üzünün köçürülüb yayılmasına xidmət etməlidir. Göründüyü kimi, bütün işlərində olduğu kimi, Nəvvabın "Vüzuhül-ərqam" risaləsi də elmin öyrənilməsinə, yayılmasına xidmət edən bir vasitə idi.
Risalə "Musiqi haqqında sual-cavabın surəti" ilə başlayır: "Musiqi elmində məharəti olub, özü xanəndəlik etməyən, müğənniliyi və təğənnini (oxumağı) haram sayan bir şəxs elmi məqsədlə musiqidən istifadə etsə, onu yadda saxlasa, tədris etsə, çap etsə, yazsa, satsa, yazıb öz kitabxanasında saxlasa, caizdir, ya yox? Qüdrətli alimlər, mərifəti şüar etmiş şəriətmədar fəqihlər bu barədə nə buyurmuşlar?". Sual kimi cavabın da surəti eynilə risaləyə daxil edilir: "Musiqi elmini öyrətmək və öyrənməyin eybi yoxdur, hətta vacibdir. Amma onu təcrübədə işlətmək caiz deyil". Maraqlıdır ki, eyni mövzuya müəllif əsərin sonunda da toxunur və yenə qeyd edir ki, bu risaləni yazmaqda məqsədimiz yalnız musiqi elmini qüvvətləndirməkdir, çünki musiqinin elm niyyəti ilə tədqiqi halal, əməli cəhətdən məşğul olunması isə haramdır.
Əlbəttə, musiqi məclisləri təşkil edən, orada xeyli xanəndənin yetişməsinin səbəbkarı olan Nəvvabın risalədə məsələyə bu nöqteyi-nəzəri sərgiləməsi və qeyri-adi həssaslıqla yanaşaraq onu yeri gəldikcə təkrarlaması özünün dinə, şəriətə münasibəti ilə bağlı idisə, digər tərəfdən, dindarlar, şəriət qanunları ilə yaşayan radikal görüşlü insanlar tərəfindən qınanmaması üçün özünümüdafiə rolu oynayırdı.
Həmin dövrdə musiqiyə, bütövlükdə sənətə islamın münasibəti geniş mənada insanların musiqiyə münasibətini şərtləndirirdi. Belə ki, əhali dindar kəsimdən ibarət idi və şəriət qayda-qanunları onlar üçün olduqca vacib idi. Bu baxımdan Nəvvab yaradıcılığında musiqi elminin islam kontekstində şərhi, araşdırılması təəccüb doğurmamalıdır. Bununla belə, alimin musiqi ilə bağlı şərhləri, təfsirləri həmçinin ədəbiyyat və digər sənət sahələri, başqa sözlə, vahid mədəni sistem çərçivəsində həllini tapır.
Nəvvab risalədə nəğmənin həqiqi və ruhani olduğunu yazaraq qeyd edir ki, odun cövhəri çaxmaq daşında gizli olduğu, onları bir-birinə vuranda od əmələ gəldiyi kimi, musiqi də mülayim (yəqin ki, həssas mənasında) qəlblərdə əks-səda verir. O, eşitdiklərinə əsaslanaraq yazır ki, deyirlər, guya imam Əli əksər hallarda "Quran"ı "Rəhavi" üstündə oxuyub. "Düzünü Allah bilər" qeydi ilə yenə də duyduqlarının doğruluğuna əmin olmadığını vurğulayaraq Davud peyğəmbərin də "Zəbur"u "Rəhavi" üzərində qiraət etdiyini yazır. Mətn boyu göründüyü kimi, Mir Möhsün Nəvvab musiqi elmi haqqında kitab yazması ilə dindən uzaqlaşmadığını bəlli etməyə, əksinə, musiqinin dinin ən əhəmiyyətli fiqurları üçün belə, dəyərli olduğunu vurğulamağa çalışır.
Kiçik həcminə baxmayaraq, dövrün musiqi sahəsini narahat edən xeyli əhəmiyyətli məsələləri əhatə edən "Vüzuhül-ərqam"da M.M.Nəvvab müsəlman Şərqinin Fərabi, İbn Sina, Səfiəddin Urməvi, Əbdülqədir Marağayi kimi görkəmli filosof və musiqişünaslarının, həmçinin antik dövrün (Platon, Aristotel) araşdırmalarına əsaslanaraq, musiqinin mahiyyəti, estetikası, dinləyiciyə emosional, müalicəvi-psixoloji təsirindən və ifaçılıq problemlərindən bəhs etmişdir.
Orta əsr risalələrindən də bəlli olduğu kimi, musiqi riyaziyyat ilə sıx əlaqədə inkişaf etmişdir. Ərəb dilindən tərcümədə mənası "rəqəmlərin izahı" olan "Vüzuhül-ərqam"ın əhəmiyyətli bir hissəsi muğamlar, onların quruluşu və onlarla bağlı olan rəqəmlərin izahına həsr olunub: "4 sout, 7 pərdə, 12 məqam, 24 şöbə, 48 guşə və 15 avaz var ki, onların bəziləri ouc, bəziləri isə həzizdir". Mir Möhsün Nəvvab risalədə ayrı-ayrı muğamların, bəzi dəstgahların və onların adlarının mənşəyi haqqında məsələləri araşdırır, muğamların şeir mətnləri ilə əlaqəsi, ifaçı və dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından optimal yerləşməsi problemlərinə toxunur.
Özünəqədərki ənənələri davam etdirməklə yanaşı, "Vüzuhül-ərqam" bu və digər baxımdan orta əsr risalələrindən fərqlənir. Nəvvab burada ilk dəfə olaraq "dəstgah" terminindən istifadə edir və o vaxt Qarabağda məlum olan altı dəstgahın ("Rast", "Mahur", "Şahnaz", "Rəhavi" (yaxud "Rahab"), "Çahargah" və "Nəva") adını çəkir. Nəvvaba görə, ifa olunan dəstgahın tərkibi bir çox hallarda ifaçının zövq və qabiliyyətindən asılı olur. O, əsərdə həmçinin Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı və muğam adı çəkir.
Bir neçə muğamın mənşəyini və adının etimologiyasını araşdıran Mir Möhsün Nəvvab "Rast" muğamını bahar küləyinin hərəkəti; "Rəhavi"ni Rəhaviyyə qəsəbəsinin adı, həmçinin yağış damlalarının səsi; dörd nəğmə və guşə ilə təkmilləşmiş "Çahargah"ı ildırımın çaxması; "Dügahı" fəvvarədən axan suyun səsi; "Humayu"nu quşların qanad çalması; "Nəva"nı aşiqlərin ürəkyaxan naləsi; "Mahur"u suyun şırıltısı; "Şahnaz"ı bülbüllərin sədası; "Üşşaq"ı quşların havada süzməsi; "Üzzal"ı meteoritlərin hərəkəti ilə əlaqələndirir.
Risalədə, həmçinin müxtəlif musiqi alətlərinin yaranması, adlarının əmələ gəlməsi ilə bağlı rəvayətlər də maraq doğurur. Əsərin "Musiqi alətləri" hissəsində milli alətləri simli və nəfəsli olmaqla 2 qismə ayıran Nəvvab ikinciləri də 2 yerə ayırır: 1) tam nəfəslə çalınan ney, şən, nay, həlq və s. 2) ərğənun. Simli alətlərə isə qanun, tənbur, nüzhət, cəng, ud, saz və s. aid edir. Nəvvab bu fəsildə Şərq musiqi alətləri ilə yanaşı, skripka, fleyta, qarmon, orqan, qusli və fortepiano kimi Avropa və rus musiqi alətlərindən də müəyyən qədər bəhs edir. Burada musiqi alətləri haqqında məlumatlar kifayət qədər geniş və əhatəli olmasa da, oxucuda müəyyən təsəvvür yaratmağa bəs edir və öz dövrü üçün bu bilgilər xeyli dəyərli idi. Belə ki, istənilən əsər və onun əhəmiyyətinin miqyasından bəhs edərkən məsələyə dövr kontekstindən yanaşmaq vacibdir.
Orta əsr muğam nəzəriyyəsi ənənələrinin yer aldığı bu əsərdə Mir Möhsün Nəvvab orta əsr risalələrində ətraflı bəhs olunmuş interval, ritm, tetraxord kimi məsələlər üzərində yenidən dayanmağa gərək duymamış, əsasən, praktik əhəmiyyətə malik məsələlərə vurğu etmişdir. Musiqişünas bəzən ənənəvi musiqi bilgilərindən kənara çıxır, əlavə və dəyişikliklər edir ki, bu da onun risaləsinin orijinallığından xəbər verir. Göründüyü kimi, müəllif musiqi elmi ilə bağlı bilgilərini paylaşarkən kor-koranə təqlid yolunu tutmur, öz düşüncəsincə doğru və ya uyğun olanı təqdim edir.
Sənətşünas Z.Səfərova "Vizuhül-ərqam"ı yalnız Azərbaycanda deyil, bütün Şərq ölkələrində muğam ifaçılığının və incəsənətin vacib məsələlərindən bəhs edən qiymətli bir musiqi əsəri hesab etdiyini yazır. "Vüzuhül-ərqam" öz dövründə Azərbaycan musiqisi barədə Azərbaycan dilində yazılıb nəşr olunmuş yeganə risalə idi. Üstəlik, bütün Şərqdə, xüsusən musiqi haqqında risalələrin az olduğu bir dövrdə Şuşada belə bir əsərin ərsəyə gəlməsi əlamətdar hal idi.
Elmin müxtəlif sahələrinə aid Azərbaycan, fars və ərəb dillərində iyirmidən artıq əsər yazmış Mir Möhsün Nəvvabın musiqi elminə həsr olunmuş əsərlərindən biri də mətni tapıb üzə çıxaran tədqiqatçı G.Şamilli tərəfindən "Avropa ibtidai musiqi savadı dərsliyi" adlandırılan əlyazmasıdır. Bu kiçik həcmli əsər Gültəkin Şamilli tərəfindən fars dilindən tərcümə edilərək, onun ön sözü və şərhləri ilə 1995-ci ildə Azərbaycan və rus dillərində çap olunub. Əsərin yaranma tarixi haqqında dəqiq məlumat olmadığından tədqiqatçı onun yazılma tarixini "1890-1918-ci illər ərzində" kimi mücərrəd şəkildə təqdim edir. Buradan belə başa düşmək olar ki, bəlkə də, Nəvvab vaxtaşırı bu əsər üzərinə qayıtmış, lakin sona çatdırmamışdır. Belə ki, cəmi 6 səhifədən ibarət yarımçıq əlyazmanın birinci təlimində musiqinin əlifbası öyrədilir, sədalar izah olunur: musiqi səslərinin yüksəlib-enməsi, enib-yüksəlməsinin müxtəlif növləri ərəb hərfləri vasitəsilə işarə edilir.
Dərslik xarakterli bu əsərin 2-ci təlimində isə səsin vaxt məsafəsi, metro-ritm mövzuları əhatə edilir: müəllif "həzin", "uzun" və "sərt" adlandırdığı səsləri - zəngulələri nöqtələrlə işarə edir. Məsələn, zəngulə 4 nöqtə, yarım zəngulə 2 nöqtə və onun yarısı qədər səs isə 1 nöqtə ilə işarə edilir. Zənguləni tam ifadə etmək istədikdə işarələr sistemində dörd nöqtə əvəzinə, "o" işarəsi qoymaqla, bir növ, səsin tamlığını, bütövlüyünü əks etdirir.
Nəvvabın hansı səbəblərdənsə tamamlanmamış bu musiqi dərsliyi temperasiya sistemi hüdudlarında birsəsli diatonik melodiyaların yazılıb-oxunmasına imkan verir. Baxmayaraq ki, ümumi qəbul olunmuş fikrə görə, Azərbaycanda Avropa musiqisi ilə bağlı ibtidai təhsilin tarixi 1931-ci ildən (Üzeyir Hacıbəylinin redaktəsi ilə tərtib olunan "Not savadı" dərsliyi) başlanır, Nəvvabın dərsliyi ilə bu tarixin xeyli irəli - əsrin əvvəllərinə doğru çəkildiyini demək olur.
Dərslik müəllifinin ərəb əlifbası əsasında təqdim etdiyi notları A.İ.Puzırevskinin "Musiqi-nəzəri biliklərin əsasları" kitabı ilə müqayisə edən sənətşünas G.Şamillinin əyani təqdimat üçün hazırladığı cədvəldən aydın olur ki, Mir Möhsün Nəvvab Qərb musiqi nəzəri bilgilərindən olduğu kimi, özündən öncəki Şərq musiqi risalələrindən də xəbərdardır və tərtib etdiyi kitablar sələflərindən bəhrələnməklə yanaşı, özünün əlavə və dəyişiklikləri ilə ərsəyə gəlib.
Tədqiqatçı faktları müqayisə edərək Nəvvabın tərtib etdiyi bu notasiyanın M.F.Axundzadənin əlifba islahatının ilk variantı olduğu barədə düşündürücü bir mülahizə irəli sürür: Belə ki, M.F.Axundzadənin 1957-ci ildən başlayan (bəzi tədqiqatçılar bu tarixi daha əvvələ çəkirlər) əlifba layihəsinin ilk mərhələsi ərəb əlifbasında saitlərin ekvivalentinin təklifinə əsaslanır. Həmin dövrdə M.M.Nəvvab məktəbdə dərs deyirdi. Bu iki ədib görüşməsə də, Nəvvab M.F.Axundzadənin əlifba islahatları layihəsindən Xurşidbanu Natəvan vasitəsilə xəbərdar ola bilərdi və təxminlərə görə, öz məktəbinin şagirdləri üçün dərslik kimi nəzərdə tutulan "Avropa ibtidai musiqi savadı dərsliyi"nin yazılmasında məqsəd "sadə vasitələrlə təhsil almaq ideyası"nı musiqi nəzəriyyəsinə tətbiq etmək olmuşdur. Tədqiqatçı Gültəkin Şamilli maraq doğursa da, dəqiqləşdirilməsinə ehtiyac duyulan bu mülahizəsini belə əsaslandırır: "Azərbaycan və qonşu müsəlman ölkələri mədəniyyətlərinə Axundov əlifbasının müvəffəqiyyətli tətbiqi şəraitində yeni notasiya məna etibarilə həmin əlifbanın bir hissəsi kimi Avropa musiqi nəzəriyyəsinin, güman ki, məhdud çərçivədə mənimsənilməsinə imkan verə bilərdi". Başqa sözlə, tanış olmayan not işarələrinin öyrənilməsinə ehtiyac qalmazdı. Prinsipcə, cəlbedici olan bu ideya həyata keçirilmədən "dərslik" Mir Möhsün Nəvvabın üzə çıxmayan əlyazmaları arasına qarışıb. Bəlkə də, müəllif ideyasının reallaşma potensialına güvənməyib və ya onu hər hansı səbəbdənsə tamamlamaq imkanı olmayıb. Hər bir halda, Nəvvabın "Avropa ibtidai musiqi savadı dərsliyi" əsəri Azərbaycan musiqi tarixində not sisteminin tətbiq edilməsi sahəsində ilk hesab ediləcək qədər qəti addım olmaq imkanını əldən verib. Bununla belə, sözügedən əlyazma Avropa musiqi nəzəriyyəsi ilə bağlı Azərbaycanda təsəvvür yaratması baxımından və bütövlükdə müəllifinin maarifyönlü fəaliyyətinin əhəmiyyətli bir detalı, istiqaməti kimi olduqca dəyərlidir. Həmçinin mədəniyyətlərarası (Avropa musiqi nəzəriyyəsinin Azərbaycan musiqisinə inteqrasiyası) və intermedial (əlifba və musiqi notları) əlaqələr baxımından böyük maraq doğurur.
Mir Möhsün Nəvvab, həmçinin "Kəşfül-Həqiqeyi-Məsnəvi"nin 3-cü hissəsində musiqi elminə çox geniş, ətraflı yer verir və həmin hissəni belə adlandırır: "Şəriət qanunlarına görə, öyrənilməsi və hətta öyrədilməsi caiz və hətta vacib sayılan, ancaq təcrübə olaraq ifa edilməsi haram sayılan musiqi elmi, muğamat, onun şöbə və guşələrindəki bəzi istilahların bəyanı". Fars dilində yazılmış (tərcümə R.Hüseynova) bu poemada Nəvvab musiqinin nəzəriyyəsi ilə bağlı məlumat verərək, sahəyə dərindən bələdliyini əks etdirir. "Muğamların adları", "Şöbələrin adları", "Guşələrin adları" və "Avazların adları" hissələrində muğamla bağlı bilgilər verir. Məsnəvinin musiqiyə həsr olunmuş hissəsində xüsusi bədiilik nəzərə çarpmır və aydın görünür ki, müəllifin məqsədi muğam haqqında nəzəri bilgiləri poema çərçivəsində oxucuya çatdırmaqdır.
Beləliklə, əminliklə deyə bilərik ki, Şuşanın mədəni və ictimai həyatında fəal iştirak etməklə bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr bəxş etmiş Mir Möhsün Nəvvabın musiqimizin inkişaf tarixində əhəmiyyətli rolu danılmazdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!