Həsən bəy Zərdabinin şeiri - Salman Mümtazın təqdimatında

 

"Dəhrin qurulub, çünki ülum ilə binası...", yaxud "Bitməz-tükənməz xidmətlər"in mükafatı

 

"Mətbuat millətin tərəqqisi yoludur. Millət addım atdıqca ayaqlarının izi mətbuatda qalır!" - Bu dəyərli fikirlər böyük alim-yazıçımız Yusif Vəzir Çəmənzəminliyə məxsusdur. Mətbuatın dəyəri haqqında deyilmiş bu qiymətli fikirlərə başqa bir əlavə etmədən milli mətbuatımızın banisi Həsən bəy Zərdabi barədə yazılan dəyərli bir əlyazmadan söz açmaq istərdik. Görkəmli ədəbiyyatşünas alimimiz Salman Mümtazın qələminə məxsus bu əlyazmada "qəzetəsi ilə Azərbaycan xalqına bitməz və tükənməz xeyirlər və mənfəətlər verən" (S.Mümtaz) Həsən bəy Zərdabidən bəhs olunur. Qeyd edək ki, əvvəlcə, bu əlyazmanın çap nüsxəsi ilə Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunan arxivlərdən birində - "Azərnəşr"in arxivində araşdırma apararkən tanış olmuşduq. Salman Mümtazın XX əsrin amansız repressiya illərində itmiş, yaxud yandırılmış əlyazmaları arasında adıçəkilən "100 şair" əsərinin bir neçə il öncə həmin arxivdən aşkar etdiyimiz, müxtəlif qovluqlardan topladığımız əlyazma və çap materialları arasında "Həsən bəy Zərdabi" adlı bir məqaləsinə rast gəlmişdik. Salman Mümtazın böyük zəhmət bahasına araşdırıb qələmə aldığı və çapa hazırladığı, lakin çap olunmadan repressiya illərində itmiş bu qiymətli əsərinin əlyazmasının böyük bir qismini Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində aşkar edərkən onun Azərbaycan ədəbiyyatşünaslığı üçün nə qədər dəyərli olduğunun şahidi olduq. Bu qiymətli əsər Salman Mümtazın nəşrə hazırladığı, bəlkə də, son kitabıdır. Arxiv sənədlərində mühafizə olunan, Mircəfər Bağırova ünvanlanan bir məktubundan S.Mümtazın uzun illər üzərində çalışdığı və nəşrə hazırladığı bu kitabın çapına icazə verilməsini xahiş etdiyi məlum olur. Lakin artıq "xalq düşməni" kimi damğa vurularaq vəzifəsindən uzaqlaşdırılan, sonra isə həbs edilərək güllələnən bu elm şəhidinin arzusu yerinə yetirilməmişdir. Kitabxanası dağıdılan, kitabları yandırılıb külə dönən alimin "100 şair" kitabının əlyazmalarını ayrı-ayrı qovluqlardan aşkar etdikcə, təsbeh dənələri kimi dağıdılmış bu əsəri bu gün səhifə-səhifə toplayıb yenidən "ipə düzməy"ə çalışmaqla böyük ədəbiyyatşünas alimin son arzusunun həyata keçməsi, ruhunun şad olması arzusundayıq.

Təzkirədə haqqında məlumat verilən, tərcümeyi-halı və əsərlərindən nümunələr təqdim edilən yüz şairdən biri də Həsən bəy Zərdabidir. İndiyədək böyük bir qismini (sayı 70-ə yaxın Azərbaycan şairi barədə yazılan hissələri) aşkar edib müasir əlifbamıza çevirməkdə olduğumuz "100 şair" təzkirəsindəki şairlər arasında görkəmli ziyalımız, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin adının olması, onun təkcə maarifçi-publisist, qiymətli alim kimi deyil, həm də şair kimi tanıdılması olduqca dəyərlidir. H.Zərdabi barədə tərcümeyi-hal xarakterli yazısının sonunda, "Bitməz-tükənməz xidmətləri olan Həsən bəyin təbi-şeiri də var idi. Gah-gah sadə və açıq dildə mənzumələr yazardı. Mətbu olaraq "Gap" adlı bir kitabçası və qeyri-mətbu bəzi şeirləri vardır" - deyə diqqətə çatdıran S.Mümtaz şairin "Gap" şeirini nümunə olaraq vermişdir. Qeyd edək ki, həmin şeir H.Zərdabinin 1901-ci ildə nəşrə hazırlayıb çap etdirdiyi "Türk nəğmələrinin məcmuəsi" adlı kitabında yer alan 18 "nəğmə"dən biridir. 6 bənddən ibarət həmin şeirin bir bəndi (4-cü bənd) Mümtazın təzkirəsində verilməmişdir. Yeri gəlmişkən, S.Mümtazın adını çəkdiyi "Gap" adlı kitabça barədə isə digər mənbələrdə məlumata rast gəlməsək də, 1901-ci ildə çap olunmuş nəğmələr məcmuəsindəki şeirlərin Zərdabinin qələminə məxsus olduğunu düşünürük. Və bu kitab Həsən bəy Zərdabinin milləti birliyə, elmə və maarifə çağıran mahnı mətnlərinin yazılması ilə bağlı arzusundan yaranmışdır. Belə ki, hələ "Əkinçi" qəzetinin 1 sentyabr 1877-ci il tarixli 18-ci sayında maarifpərvər ziyalı bu barədə yazırdı: " ... yaxşı olardı ki, bizim şüəralar bir-birini həcv və mədh etmək əvəzinə, zikr olan məzmunda mahnılar düzəldəydilər ki, onlar ağızdan-ağıza düşüb xalqı nadanlıqdan danalığa təhrik etməyə bais olaydı".

Qeyd edək ki, "Azərnəşr"in arxivindəki "Həsən bəy Zərdabi" adlı məqalənin saxlanıldığı qovluqda "100 şair" əsərinin makinada çap olunmuş, nəşrə hazırlanmış 9 səhifəsi (səhifə 617-625) saxlanılır. Köhnə latın qrafikalı əlifbada çap olunmuş bu makina səhifələri üzərində redaktə işi aparılmış, bəzi sözlər, cümlələr dəyişdirilmiş və ixtisar edilmişdir. Məqalənin digər nüsxəsi isə Salman Mümtazın AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan şəxsi fondunun materialları arasındadır. Ərəb qrafikalı əski əlifbada qələmə alınmış "Həsən bəy" adlı 8 səhifəlik əlyazmanın saxlanıldığı qovluğa həmin əlyazmanın 5 səhifəlik kiril əlifbası ilə makina çapı da əlavə edilmişdir. S.Mümtazın Həsən bəy Zərdabi barədə məqaləsini çapa hazırlayarkən, ilk və əsas variant olaraq məhz ərəb əlifbasında yazılmış əlyazmasını çevirdik və digər nüsxə - "100 şair"in çap nüsxəsi ilə müqayisə edərək, redaktə olunmuş nüsxədəki dəyişiklik, ixtisar və əlavələri də nəzərə aldıq. Təqdim etdiyimiz mətndəki düz (kvadrat) mötərizə içərisində verilən söz və cümlələr (məs.: [miladi]) redaktə olunmuş nüsxədə ixtisar olunmuşdur. Sadə mötərizə içərisində verilənlər isə (məs.: soyulduqlarını) həmin söz və cümlələrin məqalənin mətninə redaktə zamanı əlavə edilənlərdir.

Milli Mətbuat Günümüzdə "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim etdiyimiz bu yazı ilə həyatı boyu millətin səadəti uğrunda "bitməz-tükənməz xidmətlər" göstərərək xalqın sonsuz sevgisi ilə mükafatlanan və bu yolda qurban gedən fədakar qələm əhlinin, görkəmli ziyalılarımızın mübarək ruhlarına bir daha hörmət və ehtiramımızı bildirmək istədik.

Şəlalə Ana Hümmətli,

şair-publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

 

Salman MÜMTAZ

 

n y rdabi. "100   şair"

 

Həsən bəy Məlikov Zərdabi [miladi] 1837-ci ilin noyabr ayının 12-də Göyçay qəzasının Zərdab adlı kəndində anadan olmuşdur. Atası Səlim bəy, babası isə Rəhim bəydir. Rəhim bəy Zərdab kəndinin mülkədarlarından idi. Səlim bəy ədəbiyyat dostu (ədəbiyyat sevən), həm də öz mühitinə görə bir əndazəyə qədər fikri açıq bəylərdən idi.

Hələ gənc ikən atasının ağzından tarixə və ədəbiyyata aid bir çox parçalar öyrənən Həsən bəy biliyini artırmağa müvəffəq olmuşdu. Həsən bəy mütədavil qaidə üzrə 7-8 yaşlarında əski məktəblərin birinə verildi. Amma orada "Quran", "Gülüstan" və "Şahnamə" kimi özgə və yad dillərdə yazılmış əsərlərdən bir şey anlamadığı kimi, məscidlərdə eşitdiyi moizələrdən də bir şey dərk edə bilmədi. Odur ki, həm məktəbdən, həm də məscidlərdən diksinərək nifrət etdi. Səlim bəy [miladi] 1852-ci ildə Həsən bəyi Şamaxı şəhər şkolasına qoydu. Həsən bəy də şkolada böyük müvəffəqiyyət qazanmağa müvəffəq oldu. Bu müvəffəqiyyət [xoşbəxtlik nəticəsi olaraq] o vəqtin Qafqaz ölkəsi Maarif müdiri olan baron Nikolayın nəzər-diqqətini cəlb etdi və çox çəkmədən Həsən bəyi Tiflisə apardaraq hökumət xərciylə gimnaziyanın beşinci sinfinə qəbul etdirdi. Həsən bəy 1861-ci ildə Tiflis gimnaziyasını qurtarmağa müvəffəq oldu. Yenə Hökumət hesabına olaraq Moskva Darülfünununun təbiyyət və riyaziyyat fakültəsinə daxil edildi və darülfünunu birincilik qazanmaqla qurtardı. Və qurtararkən professorluğa namizədlik ləyaqət və şərəfini kəsb etməyə müvəffəq oldu.

Həsən bəy Moskvadan qayıtdıqdan sonra Tiflisdə "Mejevoy Palata"ya daxil oldu. Bu idarədə ədalət namına bir şey görmədiyindən 1867-ci ildə [əvvəlki] vəzifəsindən çıxaraq Bakıda "Quberniski pravleniya" idarəsində çalışdı. Burada da bir çox düşmənlər qazandığından istefa verməyə məcbur oldu. Bir müddətdən sonra Quba məhkəməsində katib oldu. Rus dilindən və qanunundan məlumatları olmayan kəndlilərin dilmanclar və advokatlar əllərində didildiklərini (soyulduqlarını) görərək bunlara dili və qələmi ilə hədsiz kömək etdi. Pulsuz, parasız ərizələr yazmaqla işlərini yönünə qoydu (yoluna qoymağa başladı). Nəticədə düşmənləri tərəfindən bir gecə evində oturarkən atdırıldı. Və xoşbəxtlikdən güllə dəyməyib Həsən bəy ölümdən qurtardı.

Həsən bəy üçün artıq Qubada yaşamaq mümkün deyildi. Odur ki, Bakıya köçərək gimnaziyanın təbiyyət müəllimi oldu. Burada da bir çox dəyərli xidmətlər göstərərək pulsuz qalmış tələbələrə maddi və mənəvi köməklik etdi. Səhnədə ilk dəfə olaraq Mirzə Fətəlinin komediyalarını oynatdı. Hasil olan mədaxili də pulsuz tələbələr arasında bölüşdürdü. Bir azdan sonra Cəmiyyəti-xeyriyyə açmaq fikrinə düşdü. Və min zəhmət və məşəqqətdən sonra icazə almağa müvəffəq oldu. 1872-ci ildə Qafqaz şəhərlərini dolaşıb Cəmiyyətə ianə topladı. Bir müddətdən sonra ana dilində bir qəzetə nəşr etmək fikrinə düşdü. Bu barədə 5-6 il çalışdı. Nəticədə 1875-ci ildə "Əkinçi" adlı türk qəzetəsinin birinci nömrəsini çıxarmağa müvəffəq oldu. [O andan etibarən] bütün səy və qüvvətini qəzetəyə sərf edərək heç bir zəhmətdən çəkinmədi. Şəxsən İstanbula gedərək qəzetə üçün təzə hürufat gətirdi. [Qəzetəsi ilə Azərbaycan xalqına bitməz və tükənməz xeyirlər və mənfəətlər verdi]. Yazıları ilə xalqın gözünü açdı. Həsən bəyə və onun nəşr etdiyi qəzetəsinə hökumətin rəsmi senzorundan başqa ruhanilər, mülkədarlar, bəylər, ağalar, [qara fikirli ruslar, daşnak əqidəli ermənilərin] hər biri bir senzor kəsildi. Həsən bəy bunlar ilə də mübarizə apararaq faiq gəlmədə idi ki, birdən-birə gözlənilməyən böyük bir hadisənin şahidi oldu (hadisə baş verdi). O hadisə də 1877-ci ildə başlanan Rus və Osmanlı müharibəsi idi. (1877-ci ildə Rusiya ilə Osmanlı dövləti arasında müharibə başlandı). Müharibə zamanı təzyiqat daha da artdı. Düşmənlər də fürsətdən istifadə edərək bacardıqlarını əsirgəmədilər. Bu arada bir də Dağıstan iğtişaşı meydana çıxdı (əmələ gəldi). (Üsyançıların bəzisi sürgün, bəziləri də güllələndi. Bunların sırasında Həsən bəyin tələbələri də var idi). "Əkinçi" qəzetəsinin bağlanmasına çoxdan bəri bəhanə axtaran çar hökuməti qəzetəni bağlayaraq Həsən bəyə də Yekaterinador və ya Kutayis Gimnaziyasına müəllim getməyi təklif etdi. Göstərilən məmuriyyətlərə getmək istəməyən Həsən bəyin üstünə şiddətli bir surətdə jandarmalar tərəfindən [xəfiyyələr qoyulub] təqib olundu. Nəhayət, məktəbdən istefa verərək Zərdab kəndinə köçməyə məcbur oldu. 1880-ci ildən etibarən Həsən bəy Zərdabda yaşayaraq Ucarda da vəkilliyə, advokatlığa başladı. Və məhkəmələrdə gördüyü ədalətsizliyi əvvəlcə "Obzor", sonra isə "Novaə obzor" qəzetələrində yazdı. Həsən bəy bu qədər ruhani və cismani çəkdiyi zəhmət və məşəqqətlərə davam edə bilmədiyindən fəlc xəstəliyinə mübtəla oldu. Və yenidən Bakıya köçməyə məcbur oldu. Bakıya gələrkən Bakı Dumasına seçildi. [Həsən bəyin seçilməsinə tərəfdar olanların çoxu anlaqlı rus və ermənilər idi]. Həsən bəy Dumada çalışarkən xəstəliyinə baxmayaraq Peterburq, Bakı qəzetələrində də iştirak etdi. Başqa ictimai işlərdə də çalışdı. 1902-ci ildə Şamaxıda vaqe olan böyük zəlzələdən zərər görən əhalinin köməyinə gedərək onlara yardım etdi. Və 1906-cı ildə ilk dəfə olaraq Türk Müəllimlər Qurultayı çağıtdırdı. Gözlənilən nəticəni hasil edəməyəcəyini hiss edən Həsən bəy qurultayı altdakı ilə təxir etdirdi. 1907-ci ildə İkinci Qurultaya dəvət edilərkən xəstəliyi şiddət etdiyindən iştirak edə bilmədi. Həm dili, həm də əlləri hərəkətsiz qaldı. Və həmin xəstəlikdən 1907-ci ilin noyabr ayının 28-də vəfat etdi. [Təsyiyi-cənazəsi başqa cəmiyyətlərin, xalqlar nümayəndələrinin səmimi iştirakları ilə qayət parlaq və ehtiramlar ilə vaqe olaraq Bakıda dəfn edildi].

Bitməz-tükənməz xidmətləri olan Həsən bəyin təbi-şeiri də var idi. Gah-gah sadə və açıq dildə mənzumələr yazardı. Mətbu olaraq "Gap" adlı bir kitabçası və qeyri-mətbu bəzi şeirləri vardır. Müfəssəl məlumat almaq istəyənlər qəzetələrə, "Əkinçi" qəzetəsinə və Azərbaycan mətbuatının əlli illiyi münasibətilə "Kommunist" qəzetəsinin "Əkinçi" adlı 1926-cı ildə nəşr etdiyi kitabçaya müraciət etsin.

 

Gap

 

Ey arif olan, söylə o nadanə nəsihət

Kim, getsə dəm əldən, dəxi düşməz ələ fürsət,

Keçsə belə dəmlər, belə günlər, belə illər,

Dünya olacaq başımıza təng, deyirlər.

 

***

Dəhrin qurulub, çünki ülum ilə binası,

Rövnəq tapub elmiylə hamu millət əsası,

Keçsə belə dəmlər, belə günlər, belə illər,

Dünya olacaq başımıza təng, deyirlər.

 

***

Zülmət məgər bizlərə irs ilə ətadır?

Bu qəflətə uymaq məgər islamə rəvadır?

Keçsə belə dəmlər, belə günlər, belə illər,

Dünya olacaq başımıza təng, deyirlər.

 

***

Düşdü qabağa elm ilə hər milləti-naşı,

Kim saldı bizim başımıza, bəs, belə daşı?

Keçsə belə dəmlər, belə günlər, belə illər,

Dünya olacaq başımıza təng, deyirlər.

 

***

Qaldıq geri, göz bağlı, yürək dağlı, dili lal,

Heç firqə üçün olmasın, Allah, belə əhval,

Keçsə belə dəmlər, belə günlər, belə illər,

Dünya olacaq başımıza təng, deyirlər.

 

Həsən bəy Zərdabi


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!