Mirzə Baxış irsinə yeni baxış - Vaqif Nəsib (Sarıhüseynoğlu)

 

Böyük Füzulinin adını daşıyan Əlyazmalar İnstitutunun ikinci xeyriyyə nəşriylə rastlaşanda (üz qabığında qürbətə çəkilmiş Nadim simasıyla görüşəndə) yüngülləşdim. İnandım ki, ömrünü şeirə, sənətə həsr eləmiş həmin sahənin mücahidlərindən də heç kəs nə unudulur, nə də yaddan çıxır.

Həm də Füzulinin adını daşıyan Milli Elmlər Akademiyamızın həmin sahədə xilaskara çevrilmiş bir institutunun fəaliyyətini qəlbən alqışladım. Füzuli əbasından bir qəzəlxanı da işıq üzünə çıxardıqlarına sevindim.

Onu da deyim ki, unudulmağa qoymadıqları, nakam Mirzə Baxış Nadimin birinci kitabıyla tanışlığım vardı. Nadim xeyirxah insanlardan hesab elədiyim qələm dostum, şair-filosof Sabir Cümşüd öz irsə hörmət, bizdən ayrı düşənlərə səmimiyyət dolu məqaləsiylə buna səbəb ola bilmişdi. (Həmin məqalə nakam bir ömrə, onun poetik irsinə uzanan yolda xeyirxah bələdçimə çevrilmişdi).

Son zamanlar muğamlarımıza (onların ifa materiallarından qəzəllərə) dövlət səviyyəsində necə qiymət verildiyi göz qabağındadı. Birinci kitabından sonra nakam məllifin qəzəllərinin ifaçılarımızın diqqətini cəlb edib-etmədiyindən xəbərsizəm. Amma hər iki kitaba ciddi alimlərimizdən Paşa Kərimovun, Raqif Kərimovun tutarlı rəy yazmasından həmin müəllifin qəzəllərinin gec-tez səslənəcəyindən ümidim yaranır. Bunun həqiqətə çevriləcəyinə müəllifin deyimiylə inanıram:

 

Xəlq edibdi səni xəllad ibadət qılasan,

Biləsən həqqini-həqdir ora taət qılasan.

 

Mirzə Baxış Nadim kimi müəlliflərin ədəbi irsinə səmimi münasibət hm də nakam müəlliflərimizə ən böyük hörmət və xidmət ola bilər. Azərbaycan qələm əhlindən ən çox qurban vermiş məmləkətlərdəndi.

Repressiyalar zamanı demək olar ki, özünün bir intibah dövranın Nargin adasında qızıl gülləyə gətirtmiş, Sibir şaxtalarında insan sırsıralarına döndürmüş, dondurmuşdu.

Repressiyaya qurban getmiş sənətkarlarvari sosializm dövründə "həbs" olmuş ənənəvi ədəbi janrlarımız da olmuşdu. (Bunun da ən birincisi qəzəl olmuşdu.)

Ə.Vahidi əbəs deyil ki, XX əsrin Füzulisi adlandırmışlar. Bir tək nə qədər çalışsalar da, onun qəzəl selinin sosializm senzurası ilə qabağını kəsə bilməmişlər. Vahidin qəzəlləri səslənmiş, tək əldən və dildən səs çıxarmağı bacarmışdı.

Vahidin müasirləri (nəşrdən məhrumlar) onun başına yığışıb sinələrini boşaltmaqla təskinlik tapırdı. Müasiri olsaydı yəqin ki, hər iki kitabının nəşrinə qədər Nadim də belə bir təskinliklə kifayətlənməli olardı.

Qəzəlxanların tək bir qəzəli onların sənətkarlığından xəbər verir. Əruzda yazılan (muğama həmin musiqisiylə ilkin uyğun gələn) həmin nümunələr həm də ən çətin janrın sınağından keçir.

Qəzəlləri ilə tanışlıqdan onların peşəkar müəllifin qələmindən çıxdığı məlum olur. (Yəqin ki, Ə.Vahid qulaq yoldaşına çevrilsəydi, həmin qəzəllərə xeyir-duasını verərdi).

 

Mənəm ol Leyliyi-biçarə Qeys üçün aşiq,

Qeysi-qeys məğər eyləməzdi Leylini yad!

 

Xəyalı Firqəti-Şirin olmasaydı əgər,

Tapardı şöhrəti aləmdə Kuhkən Fərhad.

 

İlahi Nadimi-biçarəni bəxş elə sən,

Bihəqqi-Əhmədi-mürsəl və Alihil-əmsad.

 

Nadim kimi yaradıcılarımızın yaradıcılığını illərlə xalqından uzaq düşmüş (torpaq altda axıb özünə yol açmaq istəyən) seçməyə bənzətmək olar.

Qəzəllərinin çoxunda haqqa güvənən şair axır ki, haqq vəhdətinə qovuşa bilmişdi. Xalqının haqq elçiləri tapılıb, həmin çeşmənin yolunu açmışlar.

Bu gün çoxşaxəli poeziyamızın yolu üstə öz ədəbi irsiylə Mirzə Baxış Nadim bulağı da qaynamağındadı.

Ümidvarıq ki, həmin çeşmədən oxucular (muğam ifaçıları) yan keçməyəcək.

Qədirbilən alimlərimizin "qazıb" üzə çıxardığı nakam Nadimin bulağından su içəcəklər.

Doğma yurdunda çeşmə kimi çağlamağı da nakam şairin ruhunu şad edəcək:

 

Ruzi-ələst eylədiyin sən vətəni gör,

Əhdi-vəfadı niyyəti "qali-bəlanı" gör.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!