Sentimentalizm, Ələkbər Qərib və "Məktəbli qız" hekayəsi - İsa HƏBİBBƏYLİ

Professor Hüseyn Həşimlinin xatirəsinə

İsa HƏBİBBƏYLİ

 

Ədəbiyyatşünaslıq elmində Azərbaycan ədəbiyyatında sentimentalizm ədəbi cərəyanı az öyrənilmiş problemlərdəndir. Bu ədəbi cərəyan uzun illər romantizm ədəbi cərəyanı ilə eyniləşdirilmiş və ya həmin cərəyanın üslubi çalarlarından biri hesab edilmişdir. Doğrudan da, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanını təmsil edən yazıçı və şairlərin bir çoxu bədii yaradıcılığa sentimentalist kimi başlamışlar. Sonralar romantik ədəbiyyatda qərarlaşmış Abbas Səhhətin 1905-ci ildə yazdığı "Təzə şeir necə olmalıdır" adlı məqaləsindəki aşağıdakı fikirlər əslində romantizm ədəbi cərəyanının deyil, sentimentalizmin xüsusiyyətlərini ifadə edir: "Yazı yazdığımız vaxt hər şeydən müqəddəs hissiyyata tabe olmaq gərək... Hissiyyat iki növdür. Cəli və təbii. Hissiyyatı-cəliyyənin (saxta hissiyyatın - İ.H.) hər kəsə təsiri ola bilməz. Hissiyyatı - təbiyyədir ki, başqasına təsir edən, yazılmış şeirin məzmunları bir lövheyi-nəqqaş kimi tamam nükat (nöqtəsinə qədər - İ.H.) dəqiqi - mətləbi bəyana gətirir".

Bundan sonra XX əsrin əvvəllərində cəmiyyətdə baş vermiş ictimai-siyasi hadisələrin təsiri və romantizmin ədəbi cəbhəxanası olan "Füyuzat" jurnalının 1 noyabr 1906-cı ildə nəşrə başlanması ilə romantiklərlə sentimentalistlərin yolları ayrılmışdır. Xüsusən, Əli bəy Hüseynzadənin baş redaktoru olduğu "Füyuzat"ın birinci sayında çap etdirdiyi "Həyat" və meyli "Füyuzat" adlı məqaləsində romantizmin ədəbi cərəyanının manifestini bəyan etməsi ilə "səadəti-mənəviyyəni" tərənnüm edənlər romantizm, "hissiyyatı-təbii"ni əsas kimi qəbul edənlər isə sentimentalizm yolunu seçməli olmuşlar. "Bir fərddə, bir cəmiyyətdə bütün bəşəriyyətdə şövqü füyuzat (səadəti-mənəviyyə) yox isə, o fərdi, o cəmaəti bütün bəşəriyyət ölü saylalıdır" - deyə kəskin mövqe bildirən Əlibəy Hüseynzadənin fikrincə, "ədibərin, şairlərin borcu "təsvirati-nəfisə (incə, gözəl təsvirlərlə - İ.H.) və xəyalati-mühəyyicə ilə (xəyallardan yaranan fikirlərlə - İ.H.) məaliyyatə (mənalara - İ.H.) şövq etməkdir. Beləliklə, romantizm üçün zəmri olan "Səadəti-mənviyyə" və "xəyalati-mühəyyicə (xəyallardan yaranan fikirlər) prinsipləri onu "hissiyyati-təbii" üzərində qurulan sentimentalizmdən ayırmışdır. Hisslərin, iztirabların, göz yaşlarının, nalə və fəryadın, nakam məhəbbətlərin, bədbəxtliklərin bədii ifadəsi sentimentalizm ədəbi cərəyanının aparıcı mövzuları olmuşdur. Professor Hüseyn Həşimlinin doğru olaraq müəyyən etdiyi kimi, sentimentalizm özünəməxsus janrlarını da Azərbaycan ədəbiyyatına gətirmişdir. Həqiqətən də ədəbiyyatımızdakı məktub, gündəlik, xatirat, mənsur şeir, mərsiyə, elegiya və sair kimi sırf sentimentalizmə məxsus janrlardan başqa, bu ədəbi cərəyanın təmsilçiləri məlum janrlarda: hekayə, povest və pyeslərdə də özlərinin sentimental baxışlarını ifadə etmişlər. XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında Abdulla bəy Divanbəyoğlu, İbrahim bəy Musabəyov, Rza Zaki Lətifbəyov, Əli Səbri Qasımov, Ələkbər Qərib Abbasov, Ağababa Yusifzadə, Nemət Bəsir, Bağır Cabbarzadə və başqaları ideya-sənətkarlıq cəhətdən vahid ədəbi xətt üzrə fərqli bədii əsərlər yazmaqla sentimentalizmin ədəbi cərəyan kimi formalaşmasında mühüm rol oynamışlar. Gənc Cəfər Cabbarlının "Vəfalı Səriyyə, yaxud göz yaşları içərisində gülüş" və "Solğun çiçəklər" dramları da onun yaradıcılığının başlanğıc mərhələsində sentimentalistlərlə eyni mövqedə olduğunu göstərir.

Sentimentalist yazıçı və şairlər əsasən "Şəlalə" və "İqbal" qəzetləri ətrafında cəmləşmiş, ədəbiyyatda müzakirələr açmış, özlərinin ədəbi mövqelərini bəyan və müdafiə etmişlər. Qarşıda duran vəzifə yuxarıda adlarını çəkdiyimiz və ya çəkmədiyimiz sentimentalist yazıçı və şairlərin XX əsrin əvvəllərində yazılıb müxtəlif mətbuat orqanlarında və nəşriyyatlarda çap olunmuş əsərlərini toplayıb, latın əlifbasına keçirməklə çap etdirməkdən ibarətdir. Fikrimizcə, bu məsuliyyətli işin həyata keçirilməsindən sonra sentimentalizmin müstəqil ədəbi cərəyan kimi mövcud olduğuna heç bir şəkk-şübhə yeri qalmayacaqdır. Həmin istiqamətdə professor Hüseyn Həşimli bir çox əhəmiyyətli işlərə imza atmışdır. O, Əli Səbri Qasımovun və Ələkbər Qərib Abbasovun həyatı və yaradıcılığını tədqiq etməklə yanaşı, onların bədii əsərlərini də toplayıb çap etdirmişdir. Bundan başqa, Hüseyn Həşimli Abdulla bəy Divanbəyoğlunun "Məcnunun Leyliyə məhəbbəti" hekayətini, Cabbarzadənin "Bir yetimin naləsi" romanı, Əlipaşa Səbur Hüseynzadənin, Nemət Bəşirin şeirlərini də ilk dəfə üzə çıxarıb oxuculara çatdırmışdır. Ümid edirik ki, sentimentalist yazıçıların əsərlərinin aşkar edilib latın qrafikası ilə çap edilməsi sahəsində professor Hüseyn Həşimlinin başladığı işi yeni nəsil ədəbiyyatşünaslar davam etdirərək tamamlayacaqlar. Hər halda "Azərbaycan sentimentalist ədəbiyyat antologiyası"nın hazırlanıb nəşr edilməsi həyata keçirilməsi zəruri olan əhəmiyyətli layihələrdən biri ola bilər.

Azərbaycanda sentimentalizm ədəbi cərəyanının əsas yaradıcılarından biri olan Ələkbər Qərib XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşayıb-yaratmış yazıçı-publisist və tərcüməçi fəaliyyət göstərmişdir. Biz 2004-cü ildə çap etdirdiyimiz "XX əsrin əvvəlləri Azərbaycan yazıçıları" adlı dərs vəsaitimizin "Sentimentalizm" bölməsinə bu yazıçı haqqında da yığcam bir portret-oçerki daxil etmiş və Naxçıvan Dövlət Universitetində "XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı tarixi" fənninin proqramı çərçivəsində öyrədilməsinə doğru addım atmışdıq. Təxminən 1893-1894-cü illərdə Naxçıvanda anadan olan Ələkbər Qəribin harada və nə vaxt vəfat etməsi hələlik müəyyən edilməmişdir. O, 1909-1913-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almış, Bakıda pedaqoji fəaliyyətlə məşğul olmuş, 1918-1920-ci illərdə Tiflisdə çıxan "Gələcək" qəzetində və "Gənclər yurdu" jurnalında çalışmışdır. Birinci Dünya müharibəsi illərində seminariya dostu Əli Səbri Qasımovla birlikdə Bakı Xeyriyyə Cəmiyyətinin xətti ilə Türkiyənin Şərqi Anadolu vilayətində və Batumda türk qaçqınlarına yardımların göstərilməsində yaxından iştirak etmişdir.

Sovet hakimiyyəti illərində Ələkbər Qərib Tiflisdə çap edilən "Yeni fikir" qəzeti redaksiyasında işləmiş, "Yeni şəfəq" qəzetinə və "Dan ulduzu" jurnalına redaktorluq etmişdir. Yeni Əlifba Komitəsi Tiflis şöbəsinin fəallarından olmuşdur. Ələkbər Qərib 1927-ci ildən sonra Bakıda yaşayıb-yaratmış, Azərnəşrdə fəaliyyətini davam etdirmişdir. O, tərcüməçilik işinə xüsusi diqqət yetirmiş, Vilyam Şekspirin "Romeo və Cülyetta", "Otello", Fridrix Şillerin "Qaçaqlar", "Məkr və məhəbbət", Mixail Lermonotovun "Zəmanəmizin qəhrəmanları" əsərlərini, Əziz Şəriflə birlikdə Maksim Qorkinin "Ana" romanını Azərbaycan dilinə tərcümə etmişdir. Azərbaycanda ilk "Rusca-türkcə lüğət"i hazırlayan qrupa daxil olmuşdur.  Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanı 1938-ci ildə Ələkbər Qəribin redaktorluğu ilə Bakıda nəşr edilmişdir.

Ələkbər Qəribin həyatının bundan sonrakı illəri haqqında hələlik heç bir məlumat yoxdur. Filologiya elmləri doktoru, professor Hüseyn Həşimlinin "Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı" monoqrafiyası (2020) çoxcəhətli fəaliyyətə malik olan bu yazıçı-tərcüməçi haqqında müfəssəl elmi məlumat almağa imkan verir. Qeyd etdiyimiz kimi Hüseyn Həşimli, eyni zamanda Ələkbər Qəribin bədii əsərlərini də "Haqq divanı" adı ilə kitab halında (2020) çap etdirmişdir. Qeyd etmək lazımdır ki, Ələkbər Qərib özü də 1914-cü ildə Bakıda Orucov qardaşlarının mətbəəsində çap etdirdiyi ilk hekayələr kitabını "Haqq divanı" adlandırmışdır. Hüseyn Həşimli isə eyni adda kitabda Ələkbər Qərib Abbasovun hekayələrindən başqa, "Qəlbimin sultanı" povestini, ədəbi-tənqidi və publisist məqalələrini, Nikolay Karamzinin "Bədbəxt liza" əsərinin Azərbaycan dilinə tərcüməsini və müasiri Əziz Şərifə yazdığı məktublarını da toplayıb, transliterasiya edib, müqəddimə ilə oxuculara çatdırmışdır. Bunlar həyatdan vaxtsız getmiş Hüseyn Həşimlinin Azərbaycan ədəbiyyatına və ədəbiyyatşünaslıq elminə unudulmaz mühüm xidmətidir.

Ələkbər Qərib bədii yaradıcılığa hələ Qori Müəllimlər Seminariyasının tələbəsi ikən başlanmışdır, Tiflisdə çıxan "Zaqafqazye" qəzetinin 8 aprel 1910-cu il tarixli sayında çap olunmuş "Məktəbli qız" hekayəsi seminarist tələbənin ilk qələm təcrübəsi və birinci mətbu əsəridir. Rus dilində çap edilmiş bu hekayədə Hüseynqulu kişinin oğlu Müzəffərin təkidi ilə qızı Tərlanın məktəbdə təhsil almasına razılıq verməsindən dərin peşmançılıq çəkməsi və qız övladını təhsildən yarımçıq ayırmaq səylərinə dair hissləri öz əksini tapmışdır. Hekayədə Hüseynqulu kişinin öz niyyətini həyata keçirmək üçün atdığı addımların deyil, bu məsələ ətrafındakı daxili hiss və həyəcanlarının təsvir edilməsi, qızı Tərlanın təhsil almaq üçün keçirdiyi sevinc hisslərinin təqdim olunması sentimentalizm ədəbi cərəyanının ideya-estetik xüsusiyyətlərinə uyğundur. Lakin sentimentalist əsərlərdə süjet xətti daha çox ailə-məişət, sevgi-məhəbbət macəraları əsasında baş verən bədbəxtliklər, uğursuzluqlar üzərində qurulduğu halda, "Məktəbli qız" hekayəsində gənc müəllif maarifçilik məsələsindən bəhs etmişdir. Əvvəla, maarifçilik fərqli ideya-estetik prinsiplərə malik olmalarından asılı olmayaraq, XIX əsrin və XX əsrin əvvəllərinin bütün ədəbi cərəyanlarının aparıcı problemi idi. Tənqidi realistlər elm və maarifin inkişafına əngəl olan nə varsa, hamısına balta vurmaqla, maarifçi realistlər məktəbi və müəllimi, elm öyrənməyi təşviq etməklə, romantiklər maarifçi ideyaların həyata keçirilməsini xəyal etməklə maarifçilik probleminin həllinə xidmət göstərmişlər. Sentimentalizm ədəbi cərəyanında isə həyatda baş verən bədbəxtliklərin əsas səbəbi olan maarifsizlikdən yaranmış faciələrin doğurduğu dərin təəssüf və iztirablar öz əksini tapmışdır. Fikrimcə, Ələkbər Qəribin "Məktəbli qız" hekayəsində gənc Tərlanın atası tərəfindən məktəbdən uzaqlaşdırılması haqqındakı gerilik əlaməti olan hissləri və həyəcanları da dövrün bədbəxtliklərindən biridir. Doğrudur, ilk qələm təcrübəsi olduğu üçün gənc seminarist hekayəsində təsvir etdiyi hadisəni tam ictimailəşdirməmişdir. Ələkbər Qərib sonrakı hekayələri və povestlərində süjet xəttini daha da şaxələndirmiş, qəhrəmanlarının hiss və həyəcanlarının iztirablarının mahiyyətini dərindən açmağa, müraciət etdiyi mövzunun ictimai məzmun daşımasına nail ola bilmişdir. Onun "Zavallı Leyla xala", "Bacı və qardaş", "Haqq divanı", "Tamahkarlığın nəticəsi" hekayələri və "Qəlbimin sultanı" povesti Azərbaycan sentimentalist nəşrinin mükəmməl örnəkləridir. Heç tərəddüd etmədən Ələkbər Qəribi Azərbaycan ədəbiyyatında sentimentalizm ədəbi cərəyanının əsas yaradıcılarından biri hesab etmək olar.

"Məktəbli qız" hekayəsində Ələkbər Qərib sadə bir süjet əsasında, maarifçi xarakter daşıyan bir mövzuda dövrün bədbəxtliklərinin səciyyəvi bir təzahürünü meydana qoya bilmişdir. Tacir atanın oxumaq həvəsində olan məktəbli qızını təhsildən yarımçıq ayırması dövrün dərin təəssüf hissi doğuran bədbəxtliklərindən biridir. Ələkbər Qəribin "Məktəbli qız" hekayəsi Azərbaycan ədəbiyyatında sentimentalizmin ilk nümunələrindən biri kimi də özünəməxsus əhəmiyyətə malikdir.

Ələkbər Qəribin müxtəlif mətbuat orqanlarında çap olunmuş ədəbi-publisist irsini toplayıb "Haqq divanı" kitabında çap etdirən filologiya elmləri doktoru, professor Hüseyn Həşimli hansı səbəbdənsə onun "Məktəbli qız" hekayəsini kitaba daxil etməmişdir. "Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı" monoqrafiyasından Hüseyn Həşimlinin "Məktəbli qız" hekayəsi haqqında məlumatlı olduğu görünür. Lakin müəllif hekayəni əldə etmədiyi üçün sadəcə onun adını çəkməklə kifayətlənmişdir. Biz Ələkbər Qərib Abbasovun "Məktəbli qız" hekayəsini aşkar edib üzə çıxarmaqla xatirəsini əziz tutduğumuz Azərbaycan ədəbiyyatında sentimentalizm ədəbi cərəyanının əsas tədqiqatçısı, professor Hüseyn Həşimlinin bu sahədəki böyük işini kiçik bir əlavə ilə zənginləşdirməyi özümüzə borc bildik.

Ələkbər Qəribin 8 aprel 1910-cu ildə "Zaqafqazye" qəzetinin 79-cu sayında çap olunmuş "Məktəbli qız" hekayəsini Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənovanın tərcüməsində ilk dəfə oxuculara təqdim edirik.

 

23 iyun 2022-ci il

 

 

Ələkbər Abbasov

 

Məktəbli qız

Hekayə

 

Zəngin bir tacir olan Hüseynqulu yuxudan oyananda artıq səkkizin yarısı idi.

O, böyük, qara gözlərini çətinliklə açıb, iki dəfə əsnədi, hər tərəfi gözdən keçirib şəvə saqqalını sığalladı. Adəti üzrə sakit, mömin bir səslə dua oxumağa başladı. Dua zamanı tez-tez səsini ucaldan Hüseynqulu bəzi sözləri xüsusi vurğu ilə tələffüz edirdi. Otaqda tam səssizlik hökm sürürdü. Ailə üzvləri başqa otaqlarda idi. Xanımı kiçik övladları ilə birgə çay içir, ön üç yaşlı qızı - ağıllı, həssas qızcığaz Tərlan isə xalçanın üstündə o başa-bu başa gəzişərək dərslərini təkrarlayırdı. Qonşu otaqdan onun anasına müraciət edərək söylədikləri eşidildi: "Ana, deyəsən, getmək zamanıdır. Yoxsa, yenə də məktəbə gecikərəm. Həm də, müəllimimiz tapşırıb ki, bu gün erkən gələk. Səkkizə az qalıb". Anası ilə xudahafizləşdikdən sonra tələsik otaqdan çıxıb məktəbə yollandı.

Ah, o necə də xoşbəxtdir! Özü və əhatəsindəki insanlar ilə qürur duyur. Məktəbə getdiyi və tapşırıqların öhdəsindən gəldiyi üçün hədsiz şaddır...

Dərin düşüncələrə dalmış Hüseynqulu yerindən qalxmağa tələsmir; hətta gözlərini yumaraq, ətrafdan təcrid olunub, öz sirli planı haqqında düşünmək istəyir.

Xanımı artıq üçüncü dəfədir ki, onu oyatmaq üçün uşaq göndərir, Hüseynqulu isə hər dəfə qəzəblə qışqıraraq, onu narahat etmələrini istəmir. Yatağında uzanan

Hüseynqulu qəti qərar verməyə çalışır: qızını məktəbdən indi ayırsın, yoxsa tədris ilini başa vurmasına imkan versin? Hüseynqulu bir az düşündükdən sonra, böyük oğlu Müzəffər şəhərə qayıdana qədər Tərlanı məktəbdən ayırmaq qərarına gəlir. Axı o, artıq üç ildir ki, məktəbə gedir, - deyə pıçıltı ilə söyləyir, - artıq oxumağı, yazmağı, hətta rus dilində əla danışmağı da bacarır. Yaxşı, bəs bütün bunların nə kimi faydası var? Əgər ki, evdə oturub corab toxuyub, plov, bozbaş bişirəcəksə, onun, bir müsəlman qızının savadlı olub, bir necə dil bilməsi nəyinə lazımdır? Ah, nə böyük günah etdim, üç il öncə onun məktəbə getməsinə izn verməyim yanlış bir addım idi. Qız xeylağının məktəbə gedib təhsil alması mümkündürmü? Bu işin necə bitəcəyini yalnız Allaha bilir".

Sonradan, təkidlə bacısının məktəbə getməsini xahiş edən, ailənin qız övladının təhsil almasına səbəbkar olan oğlunu lənətləməyə başlayır. Qəti qərara gəlir ki, elə sabahdan qızının məktəbə getməsini qadağan etsin. Onu təhsildən uzaqlaşdırmaq üçün hətta sevimli qardaşının bayramlarda qızcığaza hədiyyə etdiyi bütün kitabları, dəftərləri, şəkilli kitabçalarını əlindən almaq qərarına gəlir. Nəhayət, yoldaşına, övladlarına, bütün ailə üzvlərinə evdə məktəb, dərslər, rəfiqələri və müəllimləri haqqında danışmalarına qadağan etməyi düşünür. Sonradan, sanki öz düşüncələrinə cavab olaraq sakit, təntənəli səslə dedi: "Nə yaxşı, nə xoş bizə ki, Müzəffər uzaqdadır. Çox yerinə düşdü. Görən nə zaman qayıdacaq? Deyəsən, iki və ya üç ay sonra. Demək, sabahdan qızıma dərsləri buraxıb, məktəbə getməməsini tapşırsam, heç kim mənə mane ola bilməyəcək. İmtahanlar bitdikdən sonra isə işlərimiz yağ kimi gedəcək. Bu dəfə Müzəffərin - o axmağın, təhsilin vacibliyi, hansısa avropalıların mədəniyyəti, elmi, başqa ölkələrdə qızların gimnaziyalarda, məktəblərdə təhsil alması haqqında boş-boş söhbətləri ilə məni narahat etməyə cəsarəti çatmaz. Axmaq, düşünmür ki, onlar axı kafirdirlər. Bir il gedib İranda, Təbrizdə və ya Urmiyada dindarlar arasında yaşasa, görər ki necə olmalıdır... Maraqlıdır, İranın nəyi Avropa ölkələrindən pisdir? Yalnız ona görə ki, orada qızlar təhsil alır, qapalı deyillər və Allah bilir nə ilə məşğuldurlar...

Məsələn, mənim arvadımın təhsil nəyinə lazımdır! Qoy əvvəlcə doğru-düzgün yaşamağı öyrənsin, sonra mənəviyyatın qayğısına qalar. Deməli, bu dəqiqə qalxıram və arvadıma deyirəm ki, daha qızı məktəbə buraxmasın. Bir anlıq təsəvvür edək ki, o, ali məktəbi bitirib alim oldu. Deyin görüm, bunun mənə nə xeyri olacaq?".

Beləliklə, o özünə rahatlıq verməyən məsələni həll etmiş oldu. Və, nəhayət, yerindən durmağa çalışaraq, sonuncu dəfə ürəkdən əsnəyib, əzgin halda yatağından qalxdı.

Sabahısı gündən yazıq Tərlan məktəbi tərgitdi və tezliklə bütün kitabları əlindən alındı.

 

"Zaqafqazye" qəzeti,

8 aprel 1910-cu il, № 79

 

Tərcümə: Lalə HƏSƏNOVA


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!