Sözün Fədaisi - Dünyadan vaxtsız getmiş şair Ağasəlim Fədainin xatirəsinə - Kənan HACI

Kənan HACI

 

Mən onun adını ilk dəfə ötən əsrin ilk maarifçilərindən olmuş pedaqoq - qocaman müəllim Abbasqulu Abdullayevin dilindən eşitmişəm. Abbasqulu müəllim bizimlə qonşu idi və hamımız ona canlı əfsanə kimi baxırdıq. Abdulla Şaiq və Seyid Hüseyn kimi böyük yazıçılardan dərs almışdı. Ömrünün altmış ildən çoxunu elmə, təhsilə həsr etmişdi. Sovet imperiyasının cəlayi-vətən etdiyi şair Almas İldırımla birlikdə oxumuş, həm də yaxın dost olmuşdular. Abdulla Şaiqi, Seyid Hüseyni, Almas İldırımı canlı görmüş bu insanın yaddaşı sanki nəhəng bir arxiv idi. İstənilən suala cavabı hazır idi. Tez-tez Ağasəlim Fədainin adını çəkirdi. Biz onu tanımırdıq. Kim idi Ağasəlim Fədai?

Onun atası Kərbəlayi Əziz islam tarixinin mahir bilicilərindən hesab olunurdu. Şəxsi mülkündə xeyriyyə məqsədilə mədrəsə açmış, uşaqlara islam tarixindən, ərəb-fars dillərindən dərs demiş, klassik Şərq şairlərinin əsərlərini tədris etmişdir. Buzovnadakı şəxsi mülkündə ədəbi-musiqili məclislər təşkil edərmiş. Kərbəlayi Əziz gənclik illərindən ticarətlə məşğul olmuş, İran, İraq, Türkiyə və Rusiyanın müxtəlif şəhərlərinə səyahətlər etmişdir. Qardaşı Hacı Məcidlə birlikdə Port-Petrovsk (Mahaçqala) dəniz limanında təchizat anbarının baş podratçısı olmuşdur. Cümhuriyyətin süqutu nəticəsində bolşeviklər hakimiyyətə gəlir və bütün bəylər, mülkədarlar kimi, onun da əkin-biçin sahələrini, ikimərtəbəli böyük mülkünü zəbt eləyirlər. Bundan sonra Kərbəlayi Əziz çox yaşamır. 1924-cü ildə 66 yaşında dünyasını dəyişir.

Ağasəlim anasını xatırlamırdı, anası dünyasını dəyişəndə onun üç yaşı vardı. Atası dünyasını dəyişəndə isə Ağasəlimin iyirmi bir yaşı vardı. Atası onu uşaqlıqdan zəhmətə alışdırmışdı, on dörd yaşından balıqçılıqla məşğul olur, təsərrüfat işlərində atasına kömək edirdi. Atasının vəfatı gənci möhkəm sarsıdır, o, bir müddət həyatdan küsür, bundan sonra taleyinin onu haralara aparıb çıxaracağından xəbərsiz halda gəzib-dolaşır. Amma içindəki vulkan onu sakit dayanmağa qoymur, əzm və inadla qələmə sarılır. Kəsafət dumanını köhnə paltar kimi əynindən çıxarıb atır və yeni zamanı tərənnüm edir:

Başına döndüyüm aşıq, durma, çal,

Sazında səslənsin tellər, oynasın.

Oxu məlahətlə, hər yana səs sal,

Bülbül qanad çalsın, güllər oynasın.

 

Qonaqlar, aşnalar gəlsinlər düzə,

Otursun oğlanlar, qızlar üz-üzə.

Qoy meydan verilsin söhbətə, sözə,

Dadlı, şirin-şirin dillər oynasın.

Şair bu şeiriylə yeni həyatı tərənnüm edənlərin cərgəsinə qoşulur. Amma bilmir ki, ömrün qürbət, möhnət dolu illəri hələ qarşıdadır...

Əmisi oğlu, şair Məşədi Azər artıq məşhur şair idi, "Məcməüş-şüəra" ədəbi məclisinin rəhbəri idi. Ağasəlimin uşaq yaşlarından şeir yazdığını bilirdi, istedadına da bələd idi. Ona görə də əmisi oğlunu himayəsi altına alır. Ağasəlim Məşədi Azərdən klassik ədəbiyyatın dərinliklərini və incəliklərini öyrənir. Azərin qəzəllərinə təxmislər yazır.

 

Gül açıb eyşdə, bəh-bəh, nə böyük işrətdir,

Məclisi-meydə gül əllərdə şirin şərbətdir.

Yarım əğyar ilə əfsus ki, həmsöhbətdir,

"Bəndi-bəndim kəsilə, ney kimi gər izzətdir,

Hər dənizadə ilə həmnəfəs olmaqdansa".

 

Ağasəlim Fədainin imzası tez-tez "Yeni fikir", "Kommunist", "Yeni yol", "Gənc işçi", "Şərq qadını" və digər mətbuat orqanlarında görünməyə başlayır. "Molla Nəsrəddin" jurnalında "Salim", "Cünuni" imzasıyla satirik şeirləri çap olunur. Ağasəlim Fədai təkcə şeir yazmaqla yetinməyib, dövrün ictimai problemlərini özündə əks etdirən publisistik məqalələr, felyetonlar da yazırdı. Gənc Qızıl Qələmlər Birliyinin üzvü seçilmişdi və ölkənin ədəbi həyatında da fəal iştirak edirdi.

Abbasqulu müəllim danışırdı ki, Ağasəlim yeniyetmə vaxtlarında aşura günlərində şəbih tamaşalarında aktyor kimi çıxış edirdi. Gözəl səsi varmış, klassiklərin və özünün qəzəllərini muğam üstündə ifa edərmiş. Bir gün Hüseynqulu Sarabski onun səsini eşidir və valeh olur, onu Opera və Balet Teatrına dəvət edir. Bu, 1930-31-ci illərə təsadüf edir. Ağasəlim Fədai "Aşıq Qərib"də Qərib, "Leyli və Məcnun"da Məcnun, "O olmasın, bu olsun"da Sərvər və digər yaddaqalan obrazlar yaradır. Səhnədə Sürəyya Qacar, Həqiqət Rzayeva kimi görkəmli sənətkarlarla tərəf-müqabili olur.

Ağasəlim Fədai mütərəqqi fikirli insan idi, savadsızlığın ləğv edilməsi uğrunda mübarizə aparır, qızlarını təndirdə gizlədən mühafizəkar valideynləri başa salırdı ki, övladları təhsil almalıdır. Onun Əzizbəyov (indiki Xəzər) və Sabunçu rayonlarında yeni tipli məktəblərin təsis edilməsində müstəsna xidmətləri var.

Ağasəlim Fədai ictimai işlərdə də fəal iştirak edir. Bir neçə dəfə rayon miqyasında deputat seçilir, Buzovna kolxozunun sədri, Rayon Xalq Deputatları Sovetinin sədri kimi fəaliyyət göstərir. Ağasəlim Fədai hər zaman yeniliyin tərəfdarı olub. O, ilk dəfə kənddə öz həyat yoldaşını çadranı atmağa məcbur etmişdi. Bu hadisə böyük səs-küyə səbəb olmuş, Ağasəlim isə inadından dönməmişdi.

 

Şuri eşqindi salan kuyi-biyabanə məni,

Ey edən zülfi ilə dəhrdə divanə məni.

 

Fəxr edib hüsnünə, tüğyan eləmə aləmdə,

İncidib zülm ilə salma qəmü-pünhanə məni.

 

Qaşların qətlimə fərman verib hər ləhzə yenə,

Əcəba, neyləmişəm mən, salırsan qanə məni?

 

Cəfər Cabbarlı, Əliağa Vahid, Mikayıl Müşfiq, Sidqi Ruhulla, Əhməd Bakıxanov və digər görkəmli ədəbiyyat, mədəniyyət xadimləri ilə yaxın dostluq münasibətləri olub. O dövrdə hər yoldan ötəni Gənc Qələmlər Birliyinə üzv qəbul etmirdilər. Ağasəlim Fədai 20-ci, 30-cu, 40-cı illərdə dövri mətbuatda müntəzəm surətdə şeirləri, publisistik yazıları, felyetonları ilə çıxış edirdi. Göründüyü kimi, həm şair, həm aktyor, həm jurnalist, həm də ictimai xadim daim üzdə olub. Qarşıdan isə 37-ci il gəlirdi. Üfüqdə qara buludlar görünməkdəydi. O qara buludlar Ağasəlim Fədainin də həyatından yan ötmədi. Düzdür, onu güllələmədilər, amma davamlı təqiblər şairin əsəblərini sıradan çıxarır.

Əmisi oğlu Məşədi Azər mənəvi yardımını heç vaxt ondan əsirgəməmişdi. 1941-ci ildə Ağasəlim Fədaiyə yazdığı qəzəldə ustad şair belə deyir:

 

Etdi nahəbbi-xəzan qarət çəmən pirayəsin,

Başımızdan kəsdi yarpaqsız ağaclar sayəsin.

 

Qeyrə təfsir etmə məzmuni-xəti-müşkinini,

Heyifdir, küffara təlim etmə "Quran" ayəsin.

 

İkinci beytdə şair Fədaiyə məsləhət görür ki, kafirə "Quran" ayəsin təlim etmə. Çox güman ki, bu beyt hansısa bir hadisəylə bağlıdır. Nəzərə alsaq ki, bu qəzəl Fədainin qürbətdə olduğu illərdə yazılıb, bir sıra mətləblərə eyham vurulduğu görünər.

Ağasəlim Fədai yurduna bağlı adam idi, vətəndən ayrı düşmək onun üçün sonsuz iztirablar vəd edirdi. Lakin onun rübabını susdurmaq istəyənlər rahat, asudə yaşamağına imkan vermirdilər. Həbs olunmaq təhlükəsi Damokl qılıncı kimi başının üstünü kəsdirmişdi. Məcburiyyət qarşısında qalaraq doğma vətənini tərk edir. On ilə yaxın vətəndən uzaqlarda - Aşqabad, Səmərqənd, Daşkənd şəhərlərində yaşayır. Daşkəndə gedərkən yolda bədbəxt hadisə baş verir. Şairin özüylə apardığı əlyazmaları qatarda oğurlanır. Ağasəlim həyatın daha bir zərbəsini alır və uzun müddət özünə gələ bilmir. Məhz bu səbəbdən onun ədəbi irsi günümüzə qədər tam halda gəlib çıxmayıb. Qürbət həyatı, əlyazmalarının oğurlanması şairin mənəvi sarsıntılarına səbəb olur. Uzun illər amansız xəstəliklə çarpışan şair qırx səkkiz yaşında, yaradıcılığının qaynar çağında dünyadan köçür.

Bir neçə onillik ərzində Ağasəlim Fədainin adı heç bir mətbuat orqanında xatırlanmır. 1981-ci ildə tədqiqatçı alim Cəfər Rəmzi "Deyilən söz yadigardır" kitabına şairin bir neçə şeirini daxil edir. Bu, Ağasəlim Fədainin ölümündən keçən otuz il ərzində işıq üzünə çıxan ilk şeirləri idi.

 

Əğyara aman vermədim amalına çatsın,

Saldım onu mən dəhşətə, tufanlara...

 

Bütün şairlər ələst bəzmində eyni qədəhdən sərxoş olurlar - eşq şərabından. Fədaini sərxoş edən vətən eşqi idi. Onun ustadlarla irtibatından on beş minə yaxın qəzəl doğuldu. Şeir onun şüurunda parlayan bir ulduz idi. Ərəbcə lüğətdə şeir sözünün mənası "şüurunda olmaq", "fəhm etmək", "hiss etmək" deməkdir. Şeirlə şüur arasında qurulmuş irtibat Ağasəlimi adi insanlardan ayırdı, onu Fədai etdi. Sözün fədaisi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!