İsmayil Hikmətin anadilli Azərbaycan ədəbiyyatı konsepsiyasında Qazi Bürhanəddinin yeri

 

Təyyar SALAMOĞLU,

Yədulla DADAŞLI

 

F.Köçərlinin 1925-1926-cı illərdə nəşr olunan "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabından - ilk ədəbiyyat tariximizdən cəmi iki il sonra 20-ci illərdə Azərbaycanda elm və təhsil sahələrində ardıcıl və məhsuldar çalışan böyük türk alimi İsmayıl Hikmətin iki cilddən ibarət "Azərbaycan ədəbiyyatı tarixi" kitabı (Bakı. Azərnəşr, 1928) işıq üzü gördü. Kitab orta əsrlər Azərbaycan ədəbiyyatını zəngin ilk qaynaqlar əsasında araşdıran sistemli tədqiqat kimi yazılsa da, həmin illərdə siyasi rejimin antitürk siyasəti onun geniş yayılmasına və təbliğinə imkan vermədi. Miqyassız zəhmətin məhsulu olan bu əsər türkçülük konsepsiyası ilə yazıldığı üçün kəskin tənqidə məruz qaldı. Orta əsrlər anadilli ədəbiyyatımız haqqında bu fundamental tədqiqat öz tarixi funksiyasını yerinə yetirmək imkanlarından məhrum edildi. Ədəbiyyat tarixi kimi çox ciddi novator keyfiyyətlərə malik olan bu əsərin ədəbiyyat tarixçiliyimizin sonrakı inkişaf mərhələlərində öz sağlam ənənələri ilə iştirakı imkanları məhdudlaşdırıldı. Yalnız müstəqillik ərəfəsi və dövründə kitaba və ümumiyyətlə, İ.Hikmətin tədqiqatlarına münasibətin loyallaşması və qismən də olsa diqqətin artmasını, N.Şəmsizadə və F.Ağayevin onun haqqında əhatəli tədqiqatlarla çıxışını, İ.Həbibbəylinin, Azər Turanın yazılarında alimin irsinə münasibətin istiləşməsini müşahidə edirik. Bütün bunlarla bərabər, İ.Hikmətin xüsusilə anadilli ədəbiyyatımızla bağlı araşdırmalarının çox əhatəli və konseptual öyrənilməsinə, itirilmiş haqqının geri qaytarılmasına ehtiyac var.

Müstəqillik dövründə yaranan ədəbiyyat tarixlərində belə onun orta əsrlər ədəbiyyatına baxışları tarixilik prinsipi ilə və obyektiv şəkildə qiymətləndirilmir. Orta əsr sənətkarlarına münasibətdə İ.Hikmətin adı ya unudulur, ya da tədqiqatçıların ümumi sırasında çəkilir. Əksərən və ən yaxşı halda onun araşdırmaları sıradan tədqiqatlar fonunda dəyərləndirilir. Bu və bu tipli əsərlərdə İ.Hikmətin tədqiqatlarına inkarçı münasibət yoxdur, ciddi tənqidi baxış da yer almır. Lakin İ.Hikmətin orta əsrlər ədəbiyyatına, onun ayrı-ayrı nümayəndələrinin yaradıcılığına baxışlarındakı əsaslı konsepsiya fərqinə də diqqət yetirilmir. Alimin təhlilləri təqdir olunanda da, tənqid olunanda da onun baxış bucağının digər bütün tədqiqatçılarınkından prinsip etibarilə fərqlənməsi diqqəti çəkmir. Onun təsəvvüf ədəbiyyatına tənqidi münasibətinin fərqli konseptual baxışdan irəli gəlməsi heç bir halda ədəbiyyatşünaslığı düşündürə bilmir.

Müasir ədəbiyyatşünaslığımızdan belə bir fikir keçir ki, təriqət ədəbiyyatını "orta yüzilliklər ədəbi meydanının məhsulları içərisindən götürsək, meydan çox yoxsul, bəsit və miskin görünər" (Y.Babayev. Azərbaycan ədəbiyyatı tarixi [XIII-XVIII əsrlər]. Bakı. Elm və təhsil, 2014, s.135).

Bu mülahizəyə orta əsrlər ədəbiyyatı üzrə bütün tədqiqatçıların şərik ola biləcəyi halda, İ.Hikmətin tamam fərqli və əslində əks məntiqlə düşünə biləcəyinin fərqinə varılmır. Elə ona görə də müstəqillik dövrü ədəbiyyatşünaslığının ədəbiyyat tarixinə münasibətdə İ.Hikmətin konsepsiyasına ayrıca, xüsusi bir diqqət yetirməsinin zəruriliyi dərk oluna bilmir. İ.Hikmətin əks məntiqinin mahiyyətini necə başa düşmək olar? Sualın cavabını və ümumiyyətlə, alimin anadilli ədəbiyyat konsepsiyasının mahiyyətini Qazi Burhanəddin yaradıcılığına baxış bucağını izah etməklə aydınlaşdırmağa çalışaq.

İ.Hikmət Qazi Bürhanəddinin həyatının çox hissəsini qazilikdə keçirməsinə, yəni daşıdığı vəzifə etibarilə dinə bağlı bir insan olmasına, "dinin həyat üzərində dərin bir hökmü bulundığı zaman"da yaşamasına rəğmən "özündən əvvəl və sonra gələn bir çox şeyxlər və hətta şahlar qədər belə dini ədəbiyyata bağlaşmadığı", qənaətindədir. Ümumiyyətlə, alim araşdırmalarında Q.Bürhanəddinin yaradıcılığını dini dünyagörüşündən uzaq tutmağa çalışır. Bu mənada şairin açıq-aşkar dini dünyagörüşü mövqeyindən yazılmış bəzi əsərlərinin belə dini mahiyyətdən uzaq olması haqqında iddiası ilə razılaşmaq olmaz. Onun nümunə göstərdiyi tuyuğlarda

Q.Bürhanəddinin Allaha inancının bütövlüyü, İslam dininə bütün varlığı ilə bağlılığı aşkar görünür.

Ancaq İ.Hikmətin Q.Bürhanəddini "dini cərəyan" nümayəndələri, yəni təsəvvüfə bağlı sənətkarlar sırasında təqdim etməsinə baxmayaraq, onun bu şairi "dini cərəyan" nümayəndəsi - təsəvvüfün birbaşa ifadəçisi kimi görməyə çətinlik çəkməsində böyük həqiqət var. İ.Hikmətə görə, Q.Bürhanəddinin bəzi şeirlərində "təsəvvüf rəngi" görünür, "təsəvvüfə yaxınlaşma" var, lakin tədqiqatçı belə bir qəti qənaətdədir ki, "heç bir zaman təsəvvüf Qazi Bürhanəddində bir qayə olaraq görülməmişdir".

Orta əsrlər Azərbaycan şeirində təsəvvüfün iki mərhələdən keçdiyini önə çəkən, birinci mərhələyə şərti olaraq "dini cərəyan", ikinci mərhələyə "elmi cərəyan" adı verən İ.Hikmət əsərlərindəki təsəvvüf əlamətlərinə görə Q.Bürhanəddini olsa-olsa "elmi cərəyan" nümayəndəsi kimi görməyin mümkünlüyündən söz açır, yaradıcılığında "təsəvvüfü aşkar göstərən parçaları", işlətdiyi "təlmihləri və təşbihləri" nəzərə alaraq, onun "təriqətpərəst və təlqinatçı bir şair" olmadığını, "təsəvvüfün" onda "ancaq bir elm bəzəyi" olması qənaətini irəli sürür. Bu qənaətlə şairi "elmi cərəyan" nümayəndəsi hesab etməyin mümkünlüyü fikrini dövriyyəyə buraxırsa da, son nəticədə belə bir qənaətə gəlir ki, Q.Bürhanəddin "tamamilə o çərçivənin içində qalmayır".

İ.Hikmətin bədii mətnə həssas münasibəti onun Q.Bürhanəddini bədii təfəkkürünün tipi ilə özündən əvvəl və hətta sonra gələn sənətkarlardan əsaslı şəkildə fərqləndirməsində aşkar görünür. Alim hesab edir ki, "Qazi Bürhanəddin sadə Azəri türk ədəbiyyatında deyil, ümumtürk ədəbiyyatında tək qalmış, növi şəxsinə münhəsir bir şairdir". Bu mülahizə Q.Bürhanəddinin dövrünün ümumtürk, eləcə də Azərbaycan ədəbiyyatında tam novator bir şair olmasını işarələyir. Bu novatorluq, İ.Hikmətin tədqiqatlarına görə, ilk növbədə, şairin şeirdə fars zehniyyətinə müqavimətindən doğulur. Tədqiqatçı şairin şeirlərindən misal gətirərək onların "nə mənalarında, nə ədalarında, nə şəkil və sənətlərində əcəm üsulu, tərifdə mübaliğələr və süniliklər görülür" deməklə, onun fars poetik düşüncə sistemindən uzaqlaşmaq imkanlarını vurğulayır. İ.Hikmət bu cəhətə xüsusi dəyər verir. Ona görə ki, milli tarixi ədəbi prosesin bu hərəkətində fars poetik təfəkkür tipindən imtinanın əsaslı başlanğıcını görür. Tədqiqatçının bu müşahidələri müstəqillik dövrü ədəbiyyatşünaslığının mülahizələrində də təsdiqini tapır. N.Cəfərov deyəndə ki, "...panteist estetika Q.Bürhanəddinin poetik sistemini izah etmək üçün kifayət etmir, çünki Q.Bürhanəddin qədim türk poetik təfəkkürünü də yaşadır" (Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı. Elm, 2007, s.26), Y.Babayev xüsusi vurğulayanda ki, "Bürhanəddin təriqət şairi deyil" (Göstərilən əsəri. s.290), biz analitik elmi təhlildən doğan bu qənaətləri İ.Hikmətin fikirlərinin təsdiqi kimi başa düşməklə bərabər, şeirdə ənənəvi təfəkkür tipindən imtina prosesinin elmi ümumiləşdirilməsi kimi qəbul edirik.

İ.Hikmətə görə, Q.Bürhanəddin şeirinin novatorluğunu təyin edən aparıcı cəhətlərdən biri onun həyatiliyidir. Şairin şeirlərində bütün hissi yaşantı və duyğuların, fikirlərin mənbəyi həyatdır. Həyatilik tədqiqatçıya görə, Q.Bürhanəddin şeirinin ona görə qiymətli tərəfidir ki, bu xüsusiyyət şairin yaradıcılığına türk məişətinin, türk yaşayış tərzinin, türk ruhunun gəlişinə və aparıcı mövqe qazanmasına vəsilə olur. Başqa sözlə, məntiq budur ki, türk şeirinin qövmi-xəlqi xüsusiyyət kəsb etməsi üçün o, birinci növbədə ənənəvi zehniyyətdən ayrılmalıdır ki, sonra da həyata nüfuz etmək imkanı qazansın.

Tədqiqatçıya görə, Q.Bürhanəddin şeirinin "türk ədəbiyyatında böyük bir izi və böyük bir təsiri vardır". İ.Hikmət Qazi Bürhanəddinə türk ədəbiyyatında niyə bu qədər mötəbər mövqe ayırır? Ona görə ki, şairin şeirlərində görünən ideya-məzmun, eyni zamanda forma-janr xüsusiyyətləri türk şeirinin onun özündən sonrakı yolunu müəyyənləşdirmək gücündədir. Alim Q.Bürhanəddinin şeirlərində türk ruhunun özünəqayıdışını görür, onun müasirlərinin və xələflərinin əcəm ruhuna qapılmaqdan qopub türk xəlqiyyatını ifadəyə keçə bilməməsinə ağrınır: "Lakin nə yazıq ki, özündən sonra gələn şairlər gərək dil, gərək sənət, gərək zehniyyət və gərək ilham etibarilə onun qədər türk ruhuna, türk ənənəsinə və türk duyğusuna riayət edəməmiş, ərəb-əcəm sənətinin, islam nüfuzunun böyüməsinə (sehriyyətə) bağlanıb getmişlərdir". Bu mülahizədə orta əsrlərin türk şeirinin həm zəif cəhətləri, həm bu zəiflik sərhədlərini yarıb keçmək cəhdləri, həm də onu orijinallığa və özünəməxsusluğa aparan yolun konturları cızılmışdır.

İ.Hikmət Q.Bürhanəddinin türk şeirinin inkişafına xidmətinin üç istiqamətini fərqləndirir: "Bəşəri eşqi ədəbiyyatımıza gətirməsi", "ilk dəfə olaraq qərb-türk ləhcəsiylə rübai tənzim etməsi" və nəhayət, "tuyuğları bizə tanıtmış olması".

Ancaq İ.Hikmətin Q.Bürhanəddin şeirləri ilə bağlı araşdırmalarında onun türk şeirinin inkişafına xidmətləri bu qeyd olunan üç cəhətdən daha əhatəli və çox istiqamətli görünür.

Azərbaycan türk şeirində dilin türkləşməsi istiqamətində Həsənoğlu yaradıcılığından başlayan proses Q.Bürhanəddində daha əhatəli, şüurlu və məqsədli bir şəkil alır.

İ.Hikmət Q.Bürhanəddinin dilə münasibətdə sələflərinin və müasirlərinin yaradıcılığındakından fərqli gedən bir prosesi müşahidə edir və müşahidə etdiklərini türk şeirinə xidmətin, mahiyyətcə isə türk-Azərbaycan dilini yaşatmağın gerçəkləşən imkanları kimi dəyrələndirir. İ.Hikmət yazır: "Əgər dili tədqiq olunursa, kullandığı ərəb və fars kəlmələri başqa şairlərə nəzərən çox az və məhduddur. Türk kəlmələrinə Qazinin ayrıca bir əhəmiyyət verdiyi görülür". Bu, artıq poetik dildə bir islahatdır. Ana dilini yaşatmaq uğrunda mübarizədir. Bir tərəfdən doğma dili fars dilinin təsirindən qurtarmaq, o biri tərəfdən doğma dilin potensialını işə salmaqla ona yüksək poetik dil imkanları qazandırmaq. Şeirdə fars təsirinin və fars dilinin tüğyan etdiyi bir zamanda bunu həyata keçirməyə başlamaq, müasir terminologiya ilə desək, şairdən həqiqətən vətəndaşlıq şüuru tələb edirdi.

Şairin poeziya dilində apardığı bu islahatın heç də asan olmadığı, türk dilinin poeziya dilinə çevrilməsinin əsaslı ənənəsi və təcrübəsinin çatışmadığı bir zamanda şairin buna şüurlu surətdə getməsi, fars poetik ifadə sistemi ilə şeir yazmağın daha asan və şairin uğurunu təmin etməyin mühüm vasitəsi olduğunu dərk edərək, onu da dərk edərək ki, şeirdəki türkləşmə sənətkarlığı zəiflədir, dolayısı ilə şairin poetik imkanlarını məhdudlaşdırır, bütün bunların hamısına rəğmən Q.Bürhanəddinin belə bir şeir islahatı ardınca getməsini İ.Hikmət ona türk şeir tarixində müstəsna bir mövqe qazandıran cəhət hesab edir.

İ.Hikmətin təsəvvüf ədəbiyyatına tənqidi münasibəti türkün həyat tərzinin, xarakterinin və ruhunun tərcümanı ola bilməməsi ilə bağlıdır. Tədqiqatçı Q. Bürhanəddinin yaradıcılığından, sözün həqiqi mənasında, ona görə şövqlə danışır, onu yüksək qiymətləndirir ki, şairin şeirlərinin həyatiliyində türk məişətinin, türk xarakterinin, türk ruhunun ifadəsini görür.

Şairin tuyuğlarından seçmə nümunələri təhlilə cəlb edən tədqiqatçı onları "qəhrəmanlıq şeirləri nümunələri" hesab edir. Tədqiqatçıya görə, bu şeirlərin dəyəri ondadır ki, yaşanılmış duyğuların ifadəsi kimi doğulur və bu duyğuların mənbəyi türkün qövmi həyatıdır. İ.Hikmət yazır: "Əski şairlərimizdən haman heç birində biz bu yolda ifadə və mənayi görəmiriz. Bunlar öz həyatının, öz təcrübə və sərgüzəştlərinin birər hekayəsi deməkdir və bunları açıq bir ürəklə, açıq bir dillə söyləyir".

Bu sözlərlə, İ.Hikmət təkcə Q.Bürhanəddin şeirinin özünəməxsusluğunu aşkarlamır. Onu həyəcana gətirən həm də budur ki, o, şairin bu şeir tərzində türk şeirinin getməli olduğu yolu görür.

İ.Hikmət üçün Q.Bürhanəddinin yaradıcılığı türk şeirinin fars təsirindən qurtarmasının modeli idi. Tədqiqatçıya görə, şair bu modeli həm şeirin mövzu və məzmununda, həm dilində, həm təsvir və ifadə vasitələrində, həm də formasında gerçəkləşdirmişdi.

İ.Hikmətin bu mövqeyi sonrakı dövr ədəbiyyatşünaslığında prinsip etibarilə təsdiqlənir. "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi"ndə Azərbaycan ədəbiyyatında təriqət ədəbiyyatından fərqlənən bir qolun da meydana çıxmasından söhbət gedir. Bu qolun xalq ədəbiyyatı ilə əlaqələnməsi, dünyəvi məhəbbətdən bəhs etməsi, dil sadəliyi, bədii təsvir vasitələri etibarilə təriqət ədəbiyyatından ayrılması üzərində dayanılır və əsas bədii istinad mənbəyi kimi Q.Bürhanəddinin yaradıcılığı götürülür.

Q.Bürhanəddinin ədəbiyyat tariximizdəki əsas xidmətlərindən biri kimi türk şeirinin tarixi janrı olan tuyuğu ədəbi dövriyyəyə daxil etməsi olmuşdur. Poetik fikrin bilavasitə qövmi həyatla əlaqələnməsi baxımından Q.Bürhanəddinin tuyuğları ədəbiyyat tariximizdə həmişə diqqət mərkəzində olmuşdur. İ.Hikmət tuyuğu əski türk şeir şəkillərindən biri hesab edir: "Tuyuğ əski türk şairlərində mərğub bir şəkli-nəzm imiş". Müasir ədəbiyyat tarixlərində də onun ilk mənşəyinə görə "heca vəznində, dördlük formasında türk folklor şeir"inə bağlılığı təsdiq olunur, eyni zamanda bu ədəbiyyat tarixlərindən belə bir fikir də keçir ki, "türkdilli poeziyada tuyuğların əruzda ilk kamil nümunələri Qazi Bürhanəddinə aiddir" (Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə. III cild. Bakı. Elm, 2009, s.204). Müasir ədəbiyyatşünaslıq Q.Bürhanəddinin elm aləminə məlum olan tuyuğlarının hamısından əruz vəznində yazılmış əsərlər kimi bəhs edir. Lakin İ.Hikmətin məsələyə baxışı bir qədər fərqlidir. O, xüsusi vurğulayır ki, "tuyuğların əksəriyyəti "failatün failatün failat"" vəznindədir (Rəməl bəhri nəzərdə tutulur - T.S., Y.D.). Fəqət bəziləri "barmaq hesabı" ilə yazılmışdır". İ.Hikmət tuyuğların vəzni ilə bağlı mövqeyini başqa bir mülahizəsində də ifadə edir: "Könül istərdi ki, o, bütün tuyuğların heca vəzni ilə barmaq hesabı ilə yazaydı". Ancaq bir iş var ki, İ.Hikmətin Q.Bürhanəddinin tuyuğlarının bir qisminin heca vəznində yazılması haqqındakı fikri sonrakı tədqiqatlarda, həmçinin ədəbiyyat tarixlərində öz təsdiqini tapa bilmir. Əslində Q.Bürhanəddinin heca vəznində tuyuğlarının olması, daha doğrusu, onun öz tuyuğlarını heca vəznində yazması haqqında ilk mülahizələri Avropa şərqşünasları Gibb və Hammer söyləmişlər. Ə.Abid "Qazi Bürhanəddinin tuyuğları" adlı məqaləsində yazır ki, "...Gibb və Hammer kibi müştəşriqlər Bürhanəddinin tuyuğlarını heca vəznində yazdığı qənaətində bulunmuşlardı". Ə.Abid hesab edir ki, Avropa şərqşünaslarının bu fikirlərini türk tədqiqatçısı Şəhabəddin Süleyman da öz tədqiqatlarında fərqinə varmadan qəbul etmişdir.

Ə.Abid bu yanlışğıla yol verilməsini iki səbəblə əlaqələndirir: Birincisi, Q.Bürhanəddinin Britaniya müzeyindəki divanının mətninin oxunmasında yol verilən yanlışlıqlar, ikincisi isə şairin özünün əsərlərində nəzərə çarpan vəzn pozuqluğu. Onun fikrincə, bu iki tip yanlışlıq tuyuğların vəznini "çox xələldar" etmiş, bu səbəbdən də həmin əsərlərin heca vəznində yazıldığı fikri irəli sürülmüşdür. Tədqiqatçı düşünür ki, "fəqət bu - tuyuğların heca ilə yazıldığı haqqında qəti bir hökmü icab etdirməz". Göründüyü kimi, Ə.Abid Q.Bürhanəddinin tuyuğlarının hamısının heca vəznində yazılması fikrinə qarşı çıxır. Eyni zamanda, heca vəznində də tuyuğlarının olmasını qəti şəkildə inkar da etmir. Bu da diqqətimizi cəlb edir ki, Ə.Abid Şəhabəddin Süleymanın nüfuzlu bir alim olduğunu da etiraf edir. Onun nöqteyi-nəzərinə görə, bu cəhəti nəzərə alanda alimin Q.Bürhanəddinin heca vəznli tuyuğlarının olmasına dair fikirləri Gibbdən tuyuğ mətnlərini müqayisəyə cəlb etmədən aldığı qənaəti önə çıxır.

Lakin Ə.Abidin tuyuğ janrı haqqında elə mülahizələri də var ki, onun müəyyənləşdirdiyi bu xüsusiyyətlərlə tuyuğun heca vəznində də yazıla bilməsi tamamilə mümkün görünür. O, bu qənaətdədir ki, tuyuğların qafiyə sisteminin mükəmməl cinaslarla müşayiət olunması əski türk "mani"lərindən gələn xüsusiyyətdir. Eyni zamanda, Ə.Abidin fikrincə, tuyuğların əruzun "failətin, failətin, failət" ölçüsündə yazılması da bu janrın əski on bir hecalı "qoşuq" ənənəsindən tamamən ayrılmamaq təbəəsindən irəli gəlmişdir". Ə.Abidin bu fikirlərini əsas alsaq, tuyuğun əski türk şeiri ənənəsi üzərində meydana çıxdığını, onda bu şeirin həm qafiyə-cinas, həm də vəzn əlamətlərinin qorunduğunu və nəticə etibarilə əski türk şeir ənənəsindən gələn xüsusiyyətlərin ümummüsəlman və yaxud fars şeir ənənəsinin təsiri ilə qarışıq bir formada meydana çıxdığını düşünmək olar. Məhz bu cəhət Q.Bürhanəddinin tuyuğlarının həm əruz, həm də heca vəznlərində yazıla bilməsi ehtimalını artırır. İ.Hikmət Q.Bürhanəddin şeirinin bütövlükdə türk şeir ənənəsinə və bilavasitə türk dilinə bağlılığını şairin estetik düşüncəsinin xarakterindən irəli gəldiyini xüsusi vurğulayır. Eyni zamanda Q.Bürhanəddin zamanının şeirini və şairin yaradıcılığını nəzərdə tutaraq belə bir mülahizə də irəli sürür ki, "bir kərə ərəb və əcəm vəznlərinin, yəni əruzun türkcəyə tətbiqi yeni və ibtidai olduğundan vəznlərlə bu xüsusda alışıqlıq, uyğunluq azdır".

Ə.Abidin son mülahizələrindən, İ.Hikmətin Q.Bürhanəddin zamanında əruzun anadilli şeirdə təzə-təzə yer almağa başladığı və bunun kifayət qədər çətinliklə müşayiət olunduğu, əski türk şeirindən gələn hecanın əcəm vəzninə müqavimətini və bütövlükdə şairin qövmi xüsusiyyətlərə meylini də nəzərə alsaq, Avropa şərqşünaslarının, türk alimi Ş.Süleymanın, eləcə də İ.Hikmətin mülahizələrini büsbütün qəribçiliyə salmaya bilərik.

Müasir ədəbiyyatşünaslıqda XIV əsr şeirində heca-əruz münasibətlərinə dair söylənmiş bəzi mülahizələr, fikrimizcə, Q.Bürhanəddinin tuyuğlarının hamısının əruzda yazılması fikrinə müqavimət göstərir. Ə.Səfərli yazır: "Divanda (Q.Bürhanəddinin divanı - T.S., Y.D.) əruzdan məqsədəuyğun şəkildə istifadə olunmuşdur. Amma şeirlərdə imalə və zihaflar (uzatma və qısaltmalar) çoxdur. Bunun bir səbəbi də o idi ki, XIV yüzillikdə əruz hələlik ədəbiyyatımızda (anadilli ədəbiyyatımızda - T.S., Y.D.) sabitləşə bilməmişdi, heca ilə əruzun hüdudları tam ayrılmırdı" (Səfərli Ə., Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi. Bakı. Ozan, 2008, s.322). Mahiyyətcə bu fikir ona gətirib çıxarır ki, Q.Bürhanəddin tuyuğlarının müəyyən qisminin hecada yazılması mümkün görünür.

Müasir ədəbiyyatşünaslığın Q.Bürhanəddin yaradıcılığında müşahidə ediyi bir cəhət də bu ehtimalı qüvvətləndirir. Ümumiyyətlə götürəndə, Q.Bürhanəddinin qəzəllərinin əruzda yazılması fikri mübahisə doğurmur. Lakin ədəbiyyat tarixi istiqamətində aparılmış son tədqiqatların birində Q.Bürhanəddinin heca vəznində yazılmış qəzəllərindən söhbət gedir. Prof. Y.Babayev şairin "Şəha, bizə nəzər qılğıl ki, dərvişivü dərvişan", "Sana ey dilbəri - canı, səlamullah, səlamullah", "Qanı gözləri badam, qanı sərvi güləndam", "Eşqin sənin, ey dilbər, içərüdən içərü" misraları ilə başlayan qəzəllərində "heca əruzu üstələyir" qənaəti ilə çıxış edir. O misralarda hecaların say bərabərliyi, daxili bölgüdəki mükəmməllik, qafiyə sistemindəki uyğunluqla, eyni zamanda daxili bölgü hesabına həmin qəzəlləri varsağı-gəraylı formasında oxumağın mümkünlüyünə istinadən onları "heca vəzninin tələblərinə uyğunlaşan poetik örnəklər" kimi dəyərləndirərək aşağıdakı qənaətə gəlir: "Beləliklə, biz Q.Bürhanəddinin yaradıcılığında heca vəznli şeirimizin ilk nümunələrini tapa bilərik. Əlbəttə, bu nümunələrdə əruzun təsiri də yox deyil, əruzla heca qovuşuq şəkildədir. Lakin gətirdiyimiz misallarda heca tam aparıcı mövqedədir. Bu isə belə deməyə əsas verir ki, biz divan ədəbiyyatında heca vəznli şeirimizin tarixini Xətaidən yox, Qazi Əhməddən başlaya bilərik" (Göstərilən əsəri. s.306). Bu məqamda İ.Hikmətin bir ümumiləşdirməsi yada düşür: "Qazinin qəzəlləri daha çox əruz ilə yazılmış birər qoşma, birər divandır". Bu mülahizədəki "daha çox" ifadəsi və qəzəllərin xalq şeirinin janrları ilə qovuşuqluğuna dair mülahizələr onlarda heca vəzninin yerinə işarədir.

Bu mənada Y.Babayevin Q.Bürhanəddin qəzəlləri üzərində diqqətli müşahidədən doğan ümumiləşdirmələri İ.Hikmətin şairin qəzəlləri ilə bağlı qənaətlərinin müasir ədəbiyyatşünaslıqda inkişaf etdirilməsi, daha aydın ifadəsi və faktlarla sübutu təsiri bağışlayır.

Fikrimizcə, Q.Bürhanəddin qəzəlləri üzərində aparılan bu diqqətli müşahidə onun tuyuğları üzərində də aparılarsa, şairin tuyuğlarının vəzni ilə bağlı Avropa şərqşünaslarının, türk alimi Ş.Süleymanın, eləcə də İ.Hikmətin mövqeyinin əsassız olmadığı meydana çıxa bilər.

Müasir ədəbiyyatşünaslıqda elmi məqalə səviyyəsində olsa da, tuyuğla bağlı xüsusi araşdırmaya rast gəlirik. Y.Babayev "Tuyuğ" adlı məqaləsində "janrın təşəkkülü, təkamülü və klassik poeziyadakı mövqeyi"ni araşdırmışdır. Orta əsrlərdə yaranmış poetik risalələrdə, türk alimlərinin, o cümlədən M.F.Köprülüzadənin, rus və dünya şərqşünaslarının, Azərbaycan alimlərinin fikirlərini ümumiləşdirərək və təbii ki, öz müşahidə və mülahizələrini də nəzəri fikir arsenalına daxil edən alim nəticə olaraq düşünür ki, "tuyuğ əruz vəzninin rəməl bəhrində, daha konkret şəkildə desək, bu bəhrin də rəməli-müsəddəsi-məqsur növündə olur" ("Azərbaycan" jurnalı, 2018, №10, s.200).

Apardığı ümumiləşdirmələr əsasında janrın "ilk nəşət qaynağı, poetik forma kimi qida mənbəyi"nin "türk folklorundakı milli şeir şəkilləri - dördlüklər, xüsusilə də, qoşuq və manilər" olduğunu qəbul edən tədqiqatçı tuyuğun orta əsrlər türk ədəbiyyatındakı formalaşma prosesini aşağıdakı kimi təsəvvür edir:

"Ancaq bu şeir şəkilləri (qoşuq və manilər - T.S., Y.D.) heca vəznində idi. Türklər tarixən farslarla və ərəblərlə qonşuluqda yaşamış, müəyyən ədəbi-mədəni ünsiyyət və əlaqədə olmuşlar. İslam dini yayıldıqdan sonra bu əlaqə daha da sıxlaşdı, qarşılıqlı təsir daha da gücləndi. Bir sıra ədəbi hadisə, proses və əlamətlərin sintezi baş verdi: Heca vəznli türkdilli şeir şəkilləri əruz vəznli ərəb və fars poeziyasının forma, janr və qəlibləri ilə üzləşdi. İstər-istəməz, məqbul görünən bir sıra əlamətləri, xüsusiyyətləri qəbul etməli oldu. Belə bir qarşılaşma, ədəbi əlaqə və təsir türkdilli poeziyada bəzi yeni formaların yaranmasına da səbəb oldu. Tuyuğ da həmin prosesin məhsulu kimi nəşət tapıb formalaşdı. Yəni tuyuğun həcmi, şəkli əlamətləri, qafiyələnmə sistemi türkdilli poeziyada mövcud idi. Bu əlamətləri o, milli dildən, onun poetik atmosferindən götürürdü. Amma həmin formada ərsəyə gələn şeirlər sözün müsbət mənasında "əruzlaşmaya" məruz qaldıqda yeni keyfiyyət qazandı. Belə bir əlamət yeni poetik şəklin təşəkkülünə yol açdı" (Göstərilən məqaləsi. s.198).

Bu mülahizələr, heç şübhəsiz ki, bütövlükdə türkdilli poeziyada tuyuğ janrının yaranma və formalaşma prosesini düzgün əks etdirir. Yəni prosesin təsviri etiraz doğurmur. Lakin bu mülahizələrdə qəbul etməyə çətinlik çəkdiyimiz bəzi nüanslar var. Birincisi, tuyuğun yaranmasını ərəb-fars poeziyası ilə türk şeirinin "qarşılıqlı təsiri"nin nəticəsi kimi qəbul etmək çətindir. Fikrimizcə, bütövlükdə türk, eyni zamanda Azərbaycan folklorundakı mani və qoşuğun yazılı ədəbiyyatda tuyuğa transformasiyası ərəb-fars şeir ənənəsinin türk şeirini öz təsiri altına alması, milli şeirin ona müqavimətinin zəifliyinin nəticəsidir. Buna görə də birtərəfli proses hesab edilməlidir.

İkincisi, əslində birtərəfli olan, lakin alimin mülahizələrində qarşılıqlı təsir kimi dəyərləndirilən prosesin ədəbi hərəkatda dinamikanın müsbətliyi kimi qiymətləndirilməsi, mani və qoşuğun türkdilli yazılı poeziyada öz qanuni yerini tutmasına mane olan "əruzlaşma"nın müsbət hal kimi qiymətləndirilməsi, müasir ədəbiyyat tarixçiliyimizdə hökmran olan konsepsiya mövqeyindən başa düşülən olsa da, türk şeirinin qazancı kimi dəyərləndirilməsi çətinlik doğurur.

Tədqiqatçı milli şeir şəkillərinin yazılı ədəbiyyatda "əruzlaşma"sına münasibətdə M.F.Köprülüzadənin də mövqeyini əsas çıxış nöqtələrindən biri kimi alsa da, qeyd etmək lazımdır ki, böyük türk aliminin faktı etirafı ilə onu dəyrələndirməsi arasında əsaslı fərq müşahidə olunur. Məsələ belədir ki, elə Y.Babayevin gətirdiyi sitatdan bəlli olur ki, M.F.Köprülüzadə tuyuğun əruz vəzni ilə yazılmasını birmənalı şəkildə qəbul etsə də, bu nöqteyi-nəzərdən Gibbin "çox yanıldığı"nı desə də, yazılı ədəbiyyatda maninin tuyuğa çevrilməsi prosesini türk şeirinin hərəkətində müsbət hal kimi dəyərləndirməyə çətinlik çəkir. Məsələnin bu tərəfi Y.Babayevin təqdim etdiyi sitatda aşkar görünən cəhətdir: "F.Köprülüyə görə tuyuğ səciyyə etibarilə nə qədər millidirsə, bir o qədər də "gəlmə"dir. Yəni o heca vəznli dördlüklər qədər milli sayıla bilməz: "Bu nəzm şəkli sırf türkcəyə məxsus olmaqla bərabər, məsələn, varsağı dərəcədə milli bir şəkil sayılmaz; çünki əruz vəzni ilədir. Mr.Gibb "Osmanlı şeiri tarixində tuyuğu 11 hecalı milli bir nəzm tərzi ədd etməklə çox yanılıyor" (Göstərilən məqaləsi. s.201). Həssas oxucu hiss etməlidir ki, manidən tuyuğa gedən yol M.F.Köprülüzadəni o qədər də açmır. Çünki o bu "yol"u millilikdən "gəlmə"liyə gedən yol kimi təsəvvür edir. Köprülüzadə tuyuğu "nəzm şəkli sırf türkcəyə məxsus olmaq", yəni bu janrın kökündə qədim türk şeir janrlarının durması nöqteyi-nəzərindən milli hesab etsə də, milli şeir janrının yazılı ədəbi prosesdəki özgələşməsini də görür, təbii ki, bu onu razı salmır. Lakin məsələlərə faktların gözü ilə nəzər salıb qiymətləndirməkdə məşhur olan, bu mənada böyük nüfuz qazanan alim obyektiv mövqedən çıxışı vacib sayır.

Prof. Y.Babayevlə M.F.Köprülüzadənin məsələyə yanaşmaları arasındakı fərq tarixi ədəbi prosesə baxış konsepsiyaları arasındakı fərqdən doğur. Y.Babayevin ədəbi-elmi qiymətləndirməsi ədəbiyyat tarixçiliyimizin sovet dövrü ənənəsindən gəlir. Köprülüzadə də isə məsələyə türkçülük mövqeyindən baxış əsasdır. İ.Hikmətin Q.Bürhanəddin tuyuğlarının əsas hissəsinin əruzda yazılmasının, onun öz yaradıcılığında tam şəkildə, M.F.Köprülüzadənin sözləri ilə desək, gəlmə təsirdən yazıb qurtara bilməməsinin səbəbləri haqqında düşüncələri türkçülük konsepsiyasının mahiyyətinə aydınlıq gətirir: "Halbuki dildə ərəb və fars kəlmələri nə qədər çox olursa, vəznə müvafiq dolayısı ilə ahəng və intizam da artacağından müvəffəqiyyət daha çox olur. Lakin Qazi Bürhanəddin bu asan müvəffəqiyyətdən, görünüşdəki bu sənətdən qaçmış bir az dutuq və ahəngə zəif də olsa, türk kəlmələrini vəznə soxmağa çalışmışdır. Könül istərdi ki, o, bütün tuyuğlarını heca vəzni ilə barmaq hesabı ilə yazaydı. Lakin zamanın qəti ictimai təsirləri ilə ənənəvi zehniyyətin çənbərindən qurtulub, başlı-başına o yola getmək də asan deyildir. Bu qədər var ki, Qazi Bürhanəddinin dili də, şeiri də, sənəti də xalqın öz malı olub, onun təbii və səmimi tərcümanlığını edən xalq ədəbiyyatı ilə lisanı, şeiri və ədəbiyyatı qeyri-səmimi, yapma, uydurma və çəki düzənli bir halda bulunub mədrəsələrdə saraydan qüvvət alan elmi cərəyan arasında bir "həddi-vəsl" təşkil etməkdədir. Deyə bilərik ki, Qazi Bürhanəddin dili, fikirləri, hissləri və xəyalları ilə daha artıq xalqa yaxındır".

Heca vəznində tuyuğlar yazıb yazmamaq məsələsində M.F.Köprülüzadə və İ.Hikmət əks qütblərdə dayanmalarına baxmayaraq Q.Bürhanəddinin tuyuğlarına və ümumiyyətlə tuyuğ janrına münasibətdə onları birləşdirən cəhət də vardır. İ.Hikmət Q.Bürhanəddinin tuyuğlarının hamısının hecada yazılmamasına təəssüflənir. Hərgah ki, bunun nə üçün belə olduğunu da, obyektiv səbəbləri də çox yaxşı başa düşür. M.F.Köprülüzadə isə tarixi ədəbi prosesdə "nəzm şəkli sırf türkcəyə məxsus" olan janrların əruzlaşma hesabına sırf milli olmaq imkanını itirməsinə, "gəlmə"lik əlaməti kəsb etməsinə təəssüflənir. Hər iki alimin prosesi dəyrələndirməsində bir-birini tamamlayan cəhətlər ədəbiyyat tarixinə eyni konsepsiya mövqeyindən yanaşmanın nəticəsi kimi meydana çıxır.

Ədəbi tarixi prosesi qiymətləndirmənin ən sağlam və obyektiv elmi yolu həmin prosesin qanunauyğunluğunu müəyyənləşdirmək və onu çıxış nöqtəsi olaraq qəbul etməklə müəyyənləşir.

İ.Hikmət ən geniş mənada Q.Bürhanəddin yaradıcılığını belə qiymətləndirir: "Qazi Bürhanəddin sadə Azəri türk ədəbiyyatında deyil, ümumtürk ədəbiyyatında tək qalmış, növü şəxsinə münhəsir bir şairdir". Niyə, hansı xüsusiyyətləri ilə? İ.Hikmətin təfsirində sualın cavabı belədir: İstər "şəkli etibarilə olsun, mənası, mövzusu və ilhamı etibarilə olsun, bütün türk ədəbiyyatı içində eşsiz bir türk sənətkarı"dır. Burada artıq söhbət Q.Bürhanəddinin öz şeirlərini türkçülük mövqeyindən, şeiri qövmiləşdirmək prosesini şüurlu olaraq yaradıcılıq yoluna çevirməsindən gedir. İ.Hikmət Q.Bürhanəddinin simasında ədəbi prosesin hərəkətini tarixilik prinsipi ilə qiymətləndirir. "Ənənəvi zehniyyət çəmbərindən qurtulmağ"ın son dərəcə çətin olduğu bir zamanda Q.Bürhanəddinin buna getməsi yad zehniyyətə müqavimət kimi dəyərləndirilir. Bir tədqiqatçı olaraq orta əsrlərin ədəbi prosesini yad zehniyyətlə qövmi zehniyyətin mübarizəsi kimi təsəvvür edən İ.Hikmət ədəbi hərəkatda qövmi xüsusiyyətlərin təzahürünə xüsusi dəyər verir. Onun üstünlük qazandığı zamanlara böyük üstünlük verir. Bu məqamda İ.Hikmətin ədəbi prosesə münasibəti ilə Q.Bürhanəddinin ədəbi prosesdəki iştirakının xarakteri bir-birini tamamlayır. Bu tipli tamamlamalar alimin ədəbi prosesin tarixinə analitik təhlil vermək imkanlarının göstəricisi kimi çıxış edir.

İ.Hikmət Q.Bürhanəddinin tuyuğlarının bir qisminin heca vəzni ilə yazılmasını onun şeiri türkləşdirmək, yad zehniyyətdən uzaqlaşdırmaq məqsədindən doğması və tam qanunauyğun bir hal olması qənaətindədir. Müasir ədəbiyyatşünaslıq bu qanunauyğunluğun nəticəsini təsdiq etməsə də, bu qanunauyğunluq yeni axtarışları zəruri edir.

Y.Babayev tuyuğ janrının bütün mahiyyətini hərtərəfli aşkarlamaq üçün onu iki istiqamətdə araşdırmağın vacibliyi üzərində dayanır: "1. Janrın özünün nəşət, təkamül və formalaşma yolunu, prosesini ədəbi-tarixi baxımdan izləmək; 2. Aparılan araşdırmaları, deyilən elmi-nəzəri qənaətləri ümumiləşdirmək" (Göstərilən məqaləsi.s.197). Fikrimizcə, alimin "janrın təşəkkülü, təkamülü və klassik poeziyada mövqeyi"ni araşdıran məqaləsi ikinci istiqaməti əsas götürərək yazılmış və "tuyuğ isə rəməl bəhrində daha dəqiqi, rəməli-müsəddəsi-məqsurda qələmə alınır" hökmü də buna əsasən çıxarılmışdır. Düşünürük ki, tuyuğ janrının prosesdəki tarixi yolunun ardıcıllıqla və təfərrüatı ilə izlənilməsi, xüsusən Q.Bürhanəddinin tuyuğlarının bu istiqamətdə araşdırılması onun bu janrda yazdığı əsərlərin müəyyən bir qisminin hecada yazılması fikrini təsdiqə təkan verə bilər.

Bu cür axtarış isə alimin hansı konsepsiyadan çıxış etməsindən çox asılıdır. Fikrimizcə, hansı konsepsiya əsasında axtarış aparmağımızdan asılı olmayaraq anadilli ədəbiyyat təəssübü öndə olmalıdır və biz bu anadilli ədəbiyyatda türk ruhunun ifadəsini axtarmalıyıq, ona daha artıq dəyər verməliyik. Təriqət ədəbiyyatı olmadan orta yüzilliklər ədəbi meydanının "çox yoxsul, bəsit və miskin" görünə biləcəyi qənaəti söylənərkən məsələnin başqa bir tərəfi nəzərdən qaçırılır.

Təriqət ədəbiyyatının estetik düşüncəni tam şəkildə çevrələmədiyi mühitdə türk ruhunun tərcümanı olan əsərlərin yaranacağının mütləqliyini nəzərə almaq lazım gəlir. Bu isə əks məntiqdir. Həmin məntiqlə hərəkət etdiyimiz zaman biz tarixi ədəbi prosesin qövmi-xəlqi istiqamətini daha çox diqqət mərkəzində saxlamalı olardıq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!