Haqqında danışacağımız kitabın təqdimatına bir etirafla başlamaq istəyirik. Bu etiraf ondan ibarətdir ki, bizim ədəbiyyatşünaslığımızda tərcüməşünaslıqla bağlı tədqiqatlar az aparılmışdır. Bu sahədə bir boşluq və bu boşluğu doldurmaq ehtiyacı hiss olunur. İslam Ağakərimovun bu il "Mütərcim" nəşriyyatı tərəfindən nəşr olunan "Bədii tərcümə və ədəbiyyat haqqında düşüncələr" kitabı həmin boşluğu doldurmaq mənasında atılan uğurlu addımlardan hesab oluna bilər. Onu da əlavə edək ki, İslam müəllim uzun illərdir ki, Bakı Slavyan Universitetində müəllim işləyir və "Tərcümə nəzəriyyəsi və praktikası" kursunu tədris edir. Eyni zamanda bədii tərcümənin və ədəbiyyatşünaslığın müxtəlif problemlərinin araşdırılması ilə məşğul olur. O, dörd dərsliyin həmmüəlliflərindən biridir. Bədii tərcümə və ədəbi tənqidə dair iki kitabın, yüzdən artıq elmi məqalənin müəllifidir. Yəni İslam müəllimin adını çəkdiyimiz tədqiqat əsəri təsadüfi şəkildə meydana çıxmayıb. Müəllif onu ərsəyə gətirərkən həm elmi, həm də tədris-metodiki sahədə uzun illər qazandığı təcrübəyə əsaslanıb, konkret təcrübə və müşahidələrin məntiqindən çıxış edib. Tədqiqatçı pedaqoqun yüksək erudisiyası, müşahidə bacarığı, problemə həssas münasibəti, təhlil qabiliyyəti praktika ilə qovuşub. Bütün bunlar işin uğurunu, ortalığa çıxan məhsulun keyfiyyətini təmin edən faktorlar məcmusu kimi özünü büruzə verib.
Kitabın annotasiyasında onun məzmunu, əhatə etdiyi problemlərin miqyası yığcam və dolğun şəkildə ehtiva olunmuşdur: "Mövcud kitabda bədii tərcümənin aktual problemlərindən olan tərcümədə kontekst məsələsi, vasitəçi dil amili, ekvivalenti olmayan leksikanın və obrazlı frazeologizmlərin ikinci dildə verilməsi problemləri, tərcümənin psixoloji aspektləri, yalançı tərcümə prinsipləri və digər mövzular araşdırılır. Hazırkı kitabda milli mədəniyyət tariximizin bir sıra maraqlı səhifələrinə də nəzər salınır".
Monoqrafiya prof. Rafiq Manafovun kitaba yazdığı yığcam və dəyərli ön sözü ilə başlayır. Burada R.Manafovun dediyi belə bir fikrə biz də şərik çıxırıq ki, İ.Ağakərimovun mövcud monoqrafiyası tərcümənin həm tədrisi, həm tədqiqi ilə məşğul olanlar, habelə yaradıcı sənətin müxtəlif sahələri ilə maraqlananlar üçün müəyyən əhəmiyyət kəsb edir.
Haqqında danışdığımız monoqrafiya iki fəsildən ibarətdir. "Tərcümə mətninin janrı və linqvistik problemləri" adlanan I fəsil tərcümə problemlərinə, "Ədəbi tənqidi etüdlər" adlanan II fəsil isə ədəbiyyat və sənətin ayrı-ayrı məsələlərinə həsr olunmuşdur. Əsərdə istər kəmiyyət, istərsə də keyfiyyət baxımından əsas ağırlıq yükü I fəslin üzərinə düşür. Burada tərcümənin təxminən aşağıdakı problemləri araşdırma obyektinə çevrilir: Tərcümənin linqvistik aspektləri; Bədii tərcümədə vasitəçi dil amili; Bədii tərcümədə kontekst məsələsi; Ekvivalenti olmayan leksikanın tərcümədə verilməsi; Bədii tərcümədə obrazlılıq məsələsi; Yalançı tərcümə prinsipləri haqqında; Xüsusi adların ikinci dildə verilməsində linqvistik və ekstralinqvistik faktorlar; Bədii ədəbiyyatda psixologizm və onun tərcümə həlli; Tərcümənin psixoloji əsasları; Publisistik janrların tərcüməsi prinsipləri və s.
Göründüyü kimi, müəllif bədii tərcümənin çeşidli problemlərini tədqiqat obyektinə çevirir və onlarla bağlı qiymətli mülahizələr söyləyir, elmi-nəzəri fikirlər irəli sürür. Onu da deyək ki, İslam müəllim Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir. Onun alman və fransız dillərinə müəyyən qədər bələdliyi də hiss olunur. Bütün bunlar onun uğurlu müqayisələr, paralellər aparmasına, dəqiq və inandırıcı fikirlər söyləməsinə imkan yaradır.
Tərcüməşünas alim öz araşdırma və mülahizələrinə belə bir doğru məntiqlə yanaşır ki, tərcüməçi bədii mətnin bütün aurasına, ruhuna, psixoloji məqamlarına, dil interyerinə və s.-ə bələd olmadan bir dildən başqa dilə çevirdiyi materialda uğur əldə edə bilməz. Müəllifə görə tərcümə nəzəriyyəsinin və praktikasının əsas obyekti özündə dilin linqvistik qanunauyğunluqlarını əks etdirən konkret mətndir. Tərcüməşünaslıq elmi həmin qanunauyğunluqlara müxtəlif səviyyələrdə baxmağı məsləhət bilir. Bu yanaşmalarda tərcümə hədəfi kimi götürülən mətnin psixoloji, yaxud psixolinqvistik cəhətləri, sosiolinqvistik aspektləri, tərcümə və kontrastiv linqvistika və s. kimi vacib məsələlər nəzərə alınmalıdır. Tərcüməçi istər mətnin mənsub olduğu, istərsə də onun çevriləcəyi dilin hər cür qanunauyğunluqlarına yaxından bələd olmalıdır.
Monoqrafiyada diqqəti çəkən əsas məsələlərdən biri də budur ki, İslam müəllim nəzəri fikir və mülahizələrini söyləyərkən onu faktiki materialla əsaslandıra bilir. Ona görə də onun təhlilləri mücərrəd xarakter daşımır. Oxucunu inandırır, arqumentli təsir bağışlayır. Məsələn, Azərbaycan dilində işlənən "buta", "örpək", "ağbirçək", "xacə", "xoca", "boy" (dastanın boyu, qolu) və s. kimi leksik vahidlərin bədii mətndə rus dilinə tərcüməsi zamanı yanlışlıqlara yol verildiyini əsaslandırır. Bu zaman "Qan içində" romanından, "Koroğlu", "Dədə Qorqud" dastanlarından rus dilinə edilən tərcümələrdən nümunələr verir. Bildirir ki, tərcüməçi bu cür leksik vahidləri bir dildən başqa dilə çevirərkən orijinalın mədəni-tarixi atmosferini daim diqqət mərkəzində saxlamalı, həm də ona bələd olmalıdır.
Müəllif aforizmlərin, hikmətli deyimlərin, atalar sözlərinin, frazeoloji birləşmələrin, realilərin, kalka yolu ilə yaranan adların və s. tərcüməsi zamanı da mütərcimin ciddi problemlərlə üzləşdiyini qeyd edir. Bu məsələlərdə mütərcimdən böyük məharət, axtarışçılıq, dilə və xalqın fikir dünyasına, düşüncə tərzinə, məişətinə, bələdlik tələb olunduğunu söyləyir. O, doğru olaraq vurğulayır ki, göstərilən anlayışların ikinci dilə tərcüməsi zamanı onların fəlsəfi mahiyyətini, ifadə etdiyi mətləbi, daşıdığı ideya yükünü saxlamaq mütərcimin ümdə vəzifəsidir.
İslam müəllimin üzərində dayandığı vacib məsələlərdən biri də bədii tərcümədə vasitəçi dil amilidir. Tədqiqatçı doğru olaraq qeyd edir ki, tərcümədə vasitəçi dil amili, əsasən, iki səbəblə bağlı olur: Birincisi, orijinal mətnin yoxluğu. Bu zaman mütərcim mətni mətnin mövcud olduğu dildən tərcümə etmək məcburiyyətində qalır; İkincisi, mətnin aid olduğu dil üzrə mütəxəssis çatışmazlığı. İkinci məsələ əslində bizim də yaralı yerimizdir. Belə ki, sovet dönəmində müxtəlif dünya dillərindən Azərbaycan dilinə tərcümə edilən çoxlu sayda istər elmi, istərsə də bədii əsərlər birbaşa orijinal mətndən yox, rus dilindən ana dilimizə çevrilmişdir. Başqa sözlə, bu əsərlər tərcümənin tərcüməsidir. Belə bir əməliyyat heç də tərcümə mətninin xeyrinə olmur. Çünki tərcümə olunan əsər ikiqat təhrifə məruz qalır. İslam müəllim konkret nümunələr əsasında belə bir əməliyyatın yaratdığı fəsadlar üzərində dayanır. Göstərir ki, mümkün qədər əsərləri orijinaldan milli dilə çevirmək gərəkdir. Bu zaman əsər daha az şey itirir və oxucuya daha çox şey qazandırır.
Bədii tərcümədə kontekst probleminə də tədqiqatçı eyni həssaslıqla yanaşır. Göstərir ki, bir sıra ifadələri mətnin kontekstini nəzərə almadan başqa dilə çevirmək ciddi yanılmalara, müəllif fikrinin qeyri-dəqiq, yanlış ifadəsinə yol açır. Məsələn, S.Vurğunun "Vaqif" pyesinin rus dilinə tərcüməsi zamanı mütərcim Qacarın dili ilə deyilən "kor tale" ifadəsini mətnin kontekstini nəzərə almadan rus dilinə çevirdiyindən orijinaldakı mənanı tamamilə təhrif olunmuş şəkildə oxucuya çatdırmışdır. Tədqiqatçı tərcümə zamanı ekvivalenti olmayan söz, ifadə və anlayışların tərcüməsinə də ayıq şəkildə yanaşmağı tələb edir. Haqlı olaraq qeyd edir ki, ekvivalenti olmayan leksikanın mənasının ikinci dildə düzgün verilməsi mütərcimdən müvafiq fon biliklərinə daxil olan elementlərin kifayət qədər dürüst anlaşılmasını, onun uyğun qarşılığının tapılmasına bələdliyini tələb edir. Bədii tərcümədə obrazlılığın düzgün verilməsi məsələsinə münasibətdə də İ.Ağakərimovun şərhləri xüsusi maraq doğurur. O, mifik mənşəli obrazlı deyimlərin tərcüməsində daha ciddi çətinliklərin ortalığa çıxdığını və bu çətinlikləri aradan qaldırmaq üçün mütərcimin nələrə diqqət yetirməli olduğunu faktlarla əsaslandırır.
Monoqrafiyada müəllifin yalançı tərcümə və onun prinsipləri, xüsusi adların ikinci dildə verilməsinin linqvistik və eksralinqvistik faktorları, psixologizmlərin tərcümədəki taleyi, tərcümənin psixoloji əsasları, publisistik janrların tərcümə özəllikləri barədə verdikləri şərhlər də xüsusi maraq doğurur. Buradakı fikirlər, izahatlar da peşəkar, hazırlıqlı bir tərümə nəzəriyyəçisinin inandırıcı qənaətləri təsirini bağışlayır. Doğrudan da, İslam müəllim monoqrafiyada tərcümə nəzəriyyəsi-nin rəngarəng məsələlərindən söhbət açır, həm də danışdığı məsələlərin əksəriyyətində özünün alim intellektini, peşəkarlığını nümayiş etdirir. Kitabın "Ədəbi tənqidi etüdlər" adlanan ikinci bölməsində altı etüd verilir. Bunlardan birincisi tanınmış alim Həbib Bayramovun elmi fəaliyyəti ilə bağlıdır. İkinci etüd isə dahi Azərbaycan şairi N.Gəncəvinin yaradıcılığına həsr olunmuşdur. "Sirli Ələsgər" adlanan digər bir etüddə Aşıq Ələsgər poeziyasının bəzi sirli-sehrli məziyyətləri açıqlanır.
Əminliklə deyə bilərik ki, tərcüməşünas alimin bu monoqrafiyası elmi ictimaiyyət tərəfindən maraqla qarşılanacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!