Millət atası haqqında yeni kitab, yaxud Vüqar Əhmədin "Xeyirxahlıq mücəssəməsi" əsəri haqqında - Lalə ƏLİZADƏ

 

Lalə ƏLİZADƏ

filologiya elmləri doktoru, professor

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin yenicə işıq üzü görmüş "Xeyirxahlıq mücəssəməsi" kitabı sağlığında "millət atası", "müsəlmançılığın fəxri" kimi şərəfli ad və təyinlərini qazanmış məşhur Bakı milyonçusu, böyük azərbaycanlı Hacı Zeynalabdin Tağıyevin əziz xatirəsinə ithaf edilmişdir. Vüqar Əhmədin adıçəkilən əsəri xalqın sevimlisi, bu unudulmaz şəxsə olan ehtiram və qədirşünaslığın daha bir gerçək ifadəsidir.

Hamımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında 11 mart 2020-ci il tarixli müvafiq Sərəncamını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun bununla bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan etməsini, 18 yanvar 2022-ci il tarixində ölkə başçısının iştirakı ilə Xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında hazırlanmış heykəlin təntənəli açılş mərasiminin sevincini yaşadıq. H.Z.Tağıyevin (1823-1924) anadan olmasının 200 illiyinin YUNESKO-nun 2022-2023-cü illər üzrə keçiriləcək yubileylər proqramına salınması sevincimizə sevinc qatdı. Bu ərəfədə görkəmli alim və söz ustası Vüqar Əhmədin də bu dahi şəxsiyyət haqqında yeni monoqrafiyasının çap olunması isə qəlbimizi daha da fərəhləndirdi.

Bəs hacının vəfatından yüz ilə yaxın bir müddət ötsə də, onun şəxsiyyətinə bu cür hörmətin, xatirəsinə bu qədər diqqətin, fəaliyyətinə bu səviyyədə marağın səbəbi nədir?

Ölkə Prezidenti İlham Əliyevin "Türküstan. İNFO"ya müsahibəsinin giriş hissəsindən götürdüyümüz bu parça yuxarıdakı suallarımıza aydınlıq gətirir: "Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdi. Çox zəngin adam idi. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı. Onun təşəbbüskarlığı ilə Azərbaycanda bir çox layihələr həyata keçirilmişdir...".

Bəli, "Xeyirxahlıq mücəssəməsi" əsəri həmin xidmətlərin yüz il sonra uğurlu analitik təhlilidir. Əsər monoqrafik araşdırmanın yekunu olduğu üçün elmi əsərin tələblərinə müvafiq olaraq giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Qeyd edək ki, fəsillər ayrı-ayrılıqda müxtəlif paraqraflara bölünsələr də, fikri-məntiqi baxımdan bir-birini izləyir və tam halda oxucuya çatdırılır. Birinci fəsil ədəbi qəhrəmanın dövrü və mühiti, tərcümeyi-halı, sənayemizin inkişafında fəaliyyəti, ikinci fəsil maarifçiliyi, mətbuat sahəsində xidmətləri, ictimai işlərdə fədakarlığı, üçüncü fəsil xeyriyyəçiliyi, milli düşüncənin və yeni nəsil ədəbiyyatının inkişafına dəstəyi, Türk dünyası və Şərq aləmində şöhrətlənməsi, həmçinin Hacı Zeynalabdin Tağıyevin Azərbaycan xalqının bədii ədəbiyyatında yer alan obrazını özündə ehtiva etdirir.

Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, ön söz müəllifi, Azərbaycan jurnalistlər Birliyinin üzvü Ülkər Hüseynova, rəyçilər Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Nəriman Yaqublu, Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar jurnalist Vüqar Qaradağlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənlidir.

"Xeyirxahlıq mücəssəməsi" monoqrafik tədqiqat işi olsa da, dilinin sadəliyi və hadisələrin təqdimi etibarilə tarixi roman təsiri bağışlayır. Bu da onu daha oxunaqlı və yaddaqalan edir. Bu isə heç də təsadüfi deyil. Belə ki, geniş oxucu kütləsi professor Vüqar Əhmədi həm də gözəl lirik şeirlər, Azərbaycan Demokratik Respublikasının banisi, görkəmli ictimai xadim Məhəmməd Əmin Rəsulzadə haqqında yazdığı "Son nəfəsədək Azərbaycan" adlı tarixi romanın müəllifi kimi də tanıyır.

Sözügedən möhtəşəm əsərin adından da duyulur ki, Hacı Zeynalabdin Tağıyevin keşməkeşli həyatı, acı taleyi, ömür yolu ictimai-siyasi fəaliyyəti ilə vəhdətdə təhlilə cəlb olunur. Haqqında danışdığımız monoqrafiya müəllifin bir neçə il bundan qabaq çap etdirdiyi "Son nəfəsədək Azərbaycan" tarixi romanı ilə elmi-publisistik üslub, bədii-estetik düşüncə baxımından çox yaxındır.

Bu məqamda akademik Ziya Bünyadovun Hacı Zeynalabdin Tağıyev haqqında dediyi və haqqında danışdığımız kitaba da salınmış fikirlərini xatırlatmaq istərdik: "Hacı Zeynalabdin Tağıyev sözün həqiqi mənasında nəinki Abşeron torpağında, hətta bütün Azərbaycanda misli-bərabəri olmayan iki böyük şəxsiyyətdən biridir. Məhəmməd Əmin Rəsulzadə əgər siyasi meydanın ən böyük cəngavəri idisə, H.Z.Tağıyev səxavət dünyasının heç kimlə müqayisə edilməyəcək dahi bir şəxsiyyətidir".

"Xeyirxahlıq mücəssəməsi"ndə müəllif Azərbaycan xalqının adət-ənənələrinə, ədəbi dilinə dərindən bələd olmasına rəğmən, Hacı Zeynalabdin Tağıyevlə bağlı məlumatlarda, epizodlarda Bakı-Abşeron camaatının özünəməxsus koloriti, şirin-şəkər tərzi ilə oxucusunu öz yazıçı fantaziyası sehrinə sala bilir. Yəqin, elə o səbəbdəndir ki, əsəri nəfəs dərmədən oxuyub başa vurmaq istəyirsən.

Bəri başdan deməliyəm ki, bir oxucu, həm də filoloq olaraq ilk aldığım təəssürat məhz budur. Çünki yazılan hər hansı bir əsər ünvanına çatmaqla, maraq doğurması ilə dəyərlənir və özünə əbədiyyət vəsiqəsi qazanır. Ölməz Füzuli yadigarımız Əliağa Vahidin sözlərilə desək:

Əsər ki, qaldı cahanda ölməmək kimidir...

"Xeyirxahlıq mücəssəməsi"ni dönə-dönə vərəqləyirəm. Əsər hacıya ümumxalq sevgisini ifadə etməklə yanaşı, bir çox gizli mətləblərə aydınlıq gətirilməklə bahəm, bu nurlu, səxavət dolu ürək sahibinə qarşı iblis xislətli, məkrli adamların böhtan və uydurmalarına yüksək ədəbi taktla verilən bir cavabdır.

Əsla artırıb şişirtmədən mövcud kitabı millətimiz üçün çox dəyərli, vacib bir töhfə adlandırmaq olar. Burada nəinki hacının, həm də onun cəfakeş qızı Sara xanımın, vaxtilə atasının xidmətlərini, millət yolunda elədiklərini üzə çıxarmaq, bəraət qazandırmaqdan ötrü min bir əziyyətlə ölkədə və ölkədən kənar arxivlərdə, müxtəlif mənbələrdə, xalqdan gizlədilən (eyni zamanda qorunub saxlanılan) sənədləri, məlumatları özünün kiçicik məvacibi ilə almasını da qeyd etmək istərdim. Bu baxımdan görülən nəcib işlər Sara xanımın da incik ruhuna, məhv olmuş acı taleyinə, bəlkə də bir əvəz sayıla bilər.

Mövcud monoqrafik tədqiqat əsərinin ərsəyə gəlməsi daha bir cəhətdən təqdirəlayiqdir ki, burada kitabın sonundakı ədəbiyyat siyahısında Hacı Zeynalabdin Tağıyev haqqında indiyə qədər yazılmış əsərlər, dəyərli məlumatlar öz sistemli əksini tapır. Bir daha bəlli olur ki, uzun illərin qadağalarına baxmayaraq, qədirşünas insanlarımız bildiklərini, eşitdiklərini millətin yaddaşına köçürməklə gələcək nəsillər üçün etibarlı mənbə yaratmışlar.

Müəllifin əsəri qələmə almazdan qabaq geniş tədqiqat aparması, özündən əvvəl yazılmış materialları diqqətlə izləməsi, təhlil süzgəcindən keçirib, yeri gələndə polemikalara girişməsinin, faktlara obyektiv münasibət bildirməklə cəsarətli tədqiqatçı mövqe ortaya qoymasının şahidi oluruq.

Bəli, xüsusi bir ədəbi takt və düşüncə, etik, estetik yanaşma hiss olunur müəllif təhkiyəsində. Hər hansı hadisə və ya dildən-dilə keçən əhvalata münasibət bildirərkən bir təəssübkeş vətəndaş mövqeyi ortaya qoyulur. Fikirlərimizi əyaniləşdirmək üçün bəzi abzaslardan, ifadələrdən sitatları diqqətə çatdırmaqla, kitabda adları keçən müəlliflərin vaxtilə çəkdikləri zəhməti bu gün minnətdarlıqla yada salmaqla vacib xüsusatlar üzərində dayanmaq istərdik.

Hacı Zeynalabdinin əməlisalehliyi, Azərbaycan xalqı üçün elədiyi misilsiz xidmətləri, maarifçiliyi, missionerliyi onun məktəblər açması, Nəcib Qızlar Gimnaziyasının banisi, türkçülük və islamçılıq ideyalarının daşıyıcısı, XIX əsrin sonu, XX əsrin əvvəllərində çağdaş Türkçülüyün, İslamçılığın təbliğində, yayılmasında ölçüyəlməz dərəcədə maddi dəstək göstərməsi, Azərbaycanda müstəqilliyin yaranmasında, bir sözlə, millət yolunda fəaliyyət göstərdiyi haqqında xeyli yazılmışdır. Daha bir cəhəti də məlumdur ki, vəzifəsindən asılı olmayaraq, kimsəyə haqq verməzdi ki, onun xalqını təhqir etsinlər.

Vətən fədaisi, xalq təəssübkeşi olan hacının tərcümeyi-halı müdrik, ziyalı davranış, tolerantlıq, fədakarlıq örnəkləri ilə müzəyyəndir, elə bütün bunları yaddaşlardan, xatirələrdən seçmələyərək xalqa çatdıranlar sırasında Vüqar Əhmədin də əməyi öz layiqli yerini əminik ki, tapacaq...

Bir neçə kəlmə də kitabın nəfis görüntüsü, cildi və içərisindəki fotoşəkillərlə bağlı demək istərdik. Rəssam işi, bədii tərtibat mövcud kitabın uğurlu şəkildə ərsəyə gəlməsində öz töhfəsini vermişdir.

İnşallah "Xeyirxahlıq mücəssəməsi" xalqımızın fəxri olan, imzasını şəhadət barmağı ilə qoyan Hacı Zeynalabdin Tağıyevin şərəfinə sözdən yazılan və yapılan bu "qala" möhtəşəm əsər məşhur bir el bayatısında deyildiyi kimi:

 

Bu qala qədim qala,

Daşları möhkəm qala.

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala!..

 

Həm "millət atasına", həm də öz müəllifinə ucalıq, hörmət gətirəcək.

Bəli, "1924-cü ildə 101 yaşında Allah rəhmətinə qovuşan Hacı Zeynalabdin Tağıyevin fiziki varlığı bitsə də, nura bürünən ruhu ölmədi, heç zaman inşa etdiyi ocaqlardan uzaqlaşmadı, onların üzərində qərar tutub və bu işığı qiyamətə qədər sönməyəcək ocaqlar onun pak ismini əbədi olaraq yaşatdı".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!