Azər TURAN
I
İstanbulda Mahmutpaşa səmtindəki "Büyük Yıldız Han"ın sahibi əslən gəncəli Hacıbaba Mehmetzadə XX yüzilin əvvəllərində xalça ticarətiylə məşğul olub. İndi İstanbulda Roza gəlinlik mağazasının sahibi olan Kərim Mehmetzadə babasına məxsus evin - "Büyük Yıldız Han"ın yüz il əvvəlki sahmanına toxunmayıb. Evdəki əşyalar, divardakı rəsmlər, yazı masası, stullar yüz il əvvəlin yadigarları kimi qorunmaqdadır. Mehmetzadənin bildirdiyinə görə, 1910-cu ildə Bakıdan gedəndən sonra Əli bəy Hüseynzadə bir müddət bu evdə yaşayıb. Bu evdə rəsmlər çəkib, çəkdiyi rəsmlər də elə XX yüzilin əvvəllərindən indiyə kimi buradadır... Burada həm də bir "Hophopnamə" qorunur. Kitabın ilk nəşridir. İstanbula necə gəlib çıxıb, onu Əli bəyə kim verib, yaxud Hüseynzadənin qaldığı otağı Mehmetzadələr nə üçün bu şəkildə, yəni heç nəyinə toxunmadan qoruyublar, bilmirəm... "Hophopnamə" həmin otaqda Mehmetzadənin nəvəsinin bizə "Hüseynzadənin çalışma masası" olaraq təqdim etdiyi əski sekreterin üzərindədir...
II
Sabirin ilk məşhur şeiri sonralar ədəbiyyat tariximizdə "Beynəlmiləl" adı ilə tanındı... 1905-ci il iyulun 5-də erməni-müsəlman qırğınları əsnasında hər iki tərəfə xitabən: "Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir, // Ülfəti-ünsiyyətə dair xitabət vəqtidir" - deyən Sabir bu şeiri Əli bəy Hüseynzadənin iyunun 7-də "Həyat" qəzetində dərc etdiyi "Dövri-islahatdır, sülhü səlah əyyamıdır! // Arkadaşlar, sülh edin, sülh etmənin həngamıdır!" misrası ilə başlayan şeirinə nəzirə olaraq qələmə almışdı. Əli bəy Hüseynzadə təkcə ermənilərə deyil, az qala, bütün insanlığa xitab edərək "Arxadaşlar, sülh edin, ta ki, sevinsin kainat..." deyirdi... Bir ay sonra Sabir "İki yoldaş, iki qonşu bir vətəndə həmdiyar, // Əsrlərcə ömr edib, sülh içrə bulmuşkən qərar, // Fitneyi-iblisi-məlun oldu nagəh aşikar..." deyə bu qırğınların, bu qətllərin səbəbkarı kimi Rusiyanın Qafqaz siyasətini hədəfə alırdı. Bu şeir barədə, ümumiyyətlə, Sabir haqqında ilk yazılı fikir Əli bəy Hüseynzadəyə məxsusdur. Belə ki, 1905-ci ildə "Həyat" qəzetində "Erməni vətəndaşlarımıza tövsiyə və ixtaratımız" adlı yazısında erməni mühərrirlərini, ziyalılarını qınayan Hüseynzadə deyirdi ki, "Üç-dörd gün müqəddəm qəzetəmizin sütunlarında deyilmi idi ki, növrəsidəkan şüəramızdan Əli Əkbər Sabir bu büğz və ədavətin və bu nifaqın və bunlardan irəli gələn nəhb və qarətin, qətl və qitalın bir cəhl və qəflət, bir zəlalət nəticəsi olduğunu bildirmək üçün fəryad edib duruyordu. Erməni qəzetələri və qəzetə mühərrirləri buna diqqət etdilərmi? Erməni süxəndanları Əli Əkbər Sabirin mənzuməsində nəqərat olub təkrar edən: "Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir, // Ülfəti-ünsiyyətə dair xitabət vəqtidir" beyti-mənidarından ibrət alıb o yolda qələm oynatdılarmı? Bir şeir və ya bir məqalə yazdılarmı?..".
Yazmadılar. Nəinki yazmadılar, 1918-ci ildə Azərbaycanın hər yerində qırğınlar törətdilər, hətta Əli bəyin ən yaxın dostu və bibisi Fatmanın qayını oğlu, 1906-cı ildə Rusiya Dövlət Dumasına seçilmiş üç azərbaycanlı deputatdan biri Məhəmməd Tağı Əlizadənin Şamaxıdakı evini yandırdılar, özünü qətlə yetirdilər...
Dediyim kimi, Sabir "Müsəlman və erməni vətəndaşlarımıza" şeirini Əli bəy Hüseynzadənin "Pəncələşmək müqtəza bu narəva halət ilə" misrası ilə başlayan "Sülhə dəvət" şeirindən ilhamlanaraq yazmış, hətta Əli bəy Hüseynzadə Sabirin bu məşhur şeirini redaktə də etmişdi. "Şeirinizdə türkcəyə müxalif bəzi əlfaz və cümlələrlə bərabər qəvaidi-əruzə dəxi mügayir bəzi misralar və kəza mütəəddid imalələrə rast gəldiyimizdən təshihə lüzum gördük". Bəlkə Mehdi bəy Hacinski elə bu məqamı nəzərdə tutub 1911-ci ildə "Kaspi" qəzetində "Sabir kimi nəhəng şairin də ilk müəllimi Əli bəy Hüseynzadə olmuşdur" - yazırdı.
III
"Həyat" qəzeti qapananda "Ruh anladığı ləzzəti əcram nə bilsin? Ustadın işin, işlədiyin xam nə bilsin?", - yazan Sabir, "Füyuzat" nəşrə başlayanda sevincini bu sözlərlə ifadə etmişdi: "Bir nuri-həqiqətsən, edib haqq səni nazil // Kim bəxş edəsən gülşəni-nasuta Füyuzat".
IV
Sabir və Hüseynzadə münasibətlərinin araşdırılmasında təhriflər çox olub. Sovet dövrünün ədəbiyyatşünasları bu iki böyük insanı, az qala, bir-birinə yad, yabançı müstəvidə təqdim ediblər. Guya Sabir ədəbi dil olaraq türk dilini qəbul etməyi təklif edən Əli bəy Hüseynzadəyə qarşı mübarizə aparıb. Amma üstündən 115 il keçəndən sonra Sabir hələ də Əli bəy Hüseynzadənin yanındadır:
"Osmanlıcadan tərcümə türkə", - bunu bilməm,
Gerçək yazıyor gəncəli, yainki hənəkdir;
Mümkün iki dil bir-birinə tərcümə, amma
Osmanlıcadan tərcümə türkə nə deməkdir?!
P.S. Orxan Fikrətoğlu zəng vurub məni Şamaxıya - Sabirlə bağlı tədbirə dəvət edəndə yadıma həm də Fikrət Sadıq düşdü. Yazıçılar Birliyindəki otağında Sabirin şəkli vardı. Böyük türkçü olan Fikrət Sadıq, hər dəfə "Osmanlıcadan tərcümə türkə" şeirini xatırladıb "ən böyük türkçümüz Sabirdir..." deyər və fikrində israr edərdi... 2004-cü ilin oktyabrında belə söhbətlərimizin birində "Taleyin acığına" kitabını mənə bağışlayıb titul səhifəsinə bu sözləri yazdı: "Babam türkdür, atam türkdür, özüm türk! // Dil açıb, ilk söylədiyim sözüm - türk. // Biz birləşib, bütöv bir türk olmarıq, // Nə qədər ki, var sizin türk, bizim türk"...
27 may 2022
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!