İki səs, bir söz ustadının xatirəsinə
Kənan HACI
Deyirlər, əlyazmaları yanmır... Səslər də itmirmiş... Səs də tarixin bağrında illərlə, bəzən də əsrlərlə uyuya bilirmiş... Səs sözdən bir addım irəlidədir. Söz həmişə səslə ehya bulub. Səs də güllər kimi ətirli, təravətli olurmuş... Buta kimi, naxış kimi təkcə qulağa xoş gəlmir, həm də göz oxşayırmış... Səs ahəngə çevriləndə gül butasının açması kimi sirli və gözəl olur...
Səsin də taleyi olurmuş... Elə insanlar var ki, səs onların taleyinə çevrilir, boğazlarında bu səsi son ümid yeri kimi qoruyurlar, o səsə sığınıb fəna memarının tişəsindən qorunmağa çalışırlar. Fələyin gərdişində mefistofel hiyləgərliyi var; əvvəlcə dövrü-zaman rəyincə dövr edər, sabitü-səyyarələr başın üstə bərq vurar, gecən də gündüz kimi çıraqban olar, sən də tuti kimi şirin nəğmələr ötərsən, bülbüllər səsinə valeh olub bihuş düşəndə, özlərini əlindəki qavala çırpanda heç ağlına gəlməz ki, ağ günün bir qara üzü də var. Fələyin üzü dönsün! O qədər güllər soldurub ki... Sayı-hesabı yox...
Güllər Şamaxı torpağında, Cavad mahalında dünyaya göz açmışdı. Heç kəs bilmirdi ki, bu körpənin alnına söz əvəzinə səs yazılıb. Özü də qız kimi doğulub oğlan kimi yaşamaq varmış qismətində. O, hələ doğulanda bələyi dərd-qəmdən bükülüb. Özünə yol açmaq üçün incəlib iynə gözündən keçib Mirzə Güllər. Bu tale sınıqlığı ömrünün sonunacan bitişməyib ki, bitişməyib...
Muğam tariximizin yorulmaz tədqiqatçılarından olan dəyərli alim Gülhüseyn Kazımlı ilə mütəmadi görüşlərimizdən birində məndən soruşdu ki, Mirzə Gülləri tanıyırsan? Yaddaşımı köməyə çağırdım, bu ad mənə nəsə deyirdi. Hansısa kitabda onun adına rast gəlmişdim. Biləndə ki, Mirzə Güllər XIX əsrdə yaşamış ilk qadın xanəndəmiz olub, hafizəmdə Mirzə Məhəmmədhəsənin siması canlandı. Səsi yox, məhz siması. Çünki onun səsi yüzilliklərin o tayında qeybə çəkilib. Ondan qalan yazdığı kədər, şikayət dolu qəzəllər, bir də başında buxara papaq, əlində qaval - bircə şəkildir. Görünüşcə ortaçağ abidlərini, bir az da sufi şeyxlərini xatırladan Mirzə Məhəmmədhəsənin acı taleyi ilə tanış olandan sonra, ömrünün zülmət fəslində yazdığı hüsranlı, nisgilli misraları oxuduqdan sonra sanki səsi də bir əsim meh kimi, narın bir nida kimi qulaqlarımda səsləndi. O səs yüz əlli ilin uzaqlığındakı tarix qapısını üzümə açdı. O səsin gördüyü iş isə torpağın, suyun, günəşin gördüyü işə bənzəyir. Torpaq kimi ruhumuzu dirildir, su kimi içimizə sərinlik gətirir, günəş kimi qəlbimizi isidir.
Gülhüseyn müəllim mənə bir kitab verdi və dedi ki, bunu mütləq oxu. Bu kitab Xalq yazıçısı, tarixi romanlar müəllifi Əzizə Cəfərzadənin idi. "Bir səsin faciəsi" romanı Mirzə Güllərin nakam taleyindən bəhs edir. O Mirzə Güllərin ki, məhz Mirzə Məhəmmədhəsənin şagirdi olmuşdu. Səsini eşidənlərin dediyinə görə, o, oxuyanda sanki Mirzə Məhəmmədhəsən oxuyurmuş. Onun muğamda vurduğu xallar Mirzə Güllərin səsində çiçəkləyirmiş. El-oba o səsin başına toplaşırmış. Bu səs enerjisini hardan alırdı? Yöndəmsiz taledənmi? Oğlan cildinə girmiş bir qızın daxili üsyanındanmı? Əlacsız eşq mərəzindənmi? İlahidənmi? Kim bilir...
Əzizə Cəfərzadə tarixi roman ustasıdır. Onun qələmindən çıxan əsərlər oxucunu bugündən qoparıb qədim əyyamlara aparır. Yazıçı orta əsrlərin etnoqrafiyasını, yaşayış tərzini, leksikonunu o qədər dərindən bilir ki, bənzərsiz lövhələr yaradır. Köhnə zamana söykənib yeni əsər yaratmaq da hər yazıçıya nəsib olmur. Millətin yaddaşının dərinliklərinə enmək, ordan qiymətli tarixçələri, mədəniyyətimizin yaşaması üçün böyük xidmətlər göstərmiş şəxsiyyətləri tapıb yeni zamana daşımaq, muncuq kimi sapa düzmək və yenidən xalqın sərvətinə çevirmək üçün gərək bir ömür boyu şam kimi yanasan, şəxsi həyatından, yerüstü dinclikdən, istirahət haqqından imtina edəsən. Əzizə xanım məhz bu qəbil insanlardan idi. Onun əsərləri tarixi roman janrının sərhədlərini daha da genişləndirdi, tarixi həqiqəti təhrif etmədən təxəyyülə meydan verən yazıçı təsvir etdiyi obrazı bütün parametrlərilə mətnin mərkəzinə gətirməklə oxucunun ona müxtəlif rakurslardan baxmasını təmin edir. "Aləmdə səsim var mənim", "Vətənə qayıt", "Bakı-1501" və digər romanlarında həm də biz dövrün mənzərəsini bütöv şəkildə görə bilirik.
Bir vacib məqamı da qeyd etməsəm, olmaz. Əzizə xanım bütün yaradıcılığı boyu Azərbaycanın ədəbiyyat, mədəniyyət tarixində iz qoymuş qadınlarımızın parlaq obrazlarını yaradıb. Həm bədii əsərlərində, həm də tədqiqat işlərində tarixdə izi və sözü qalmış qadınların həyatını, yaradıcılığını, ictimai fəaliyyətini geniş işıqlandırıb. "Cəlaliyyə", "Zərintac-Tahirə", "Rübabə sultanım" romanları adlarından göründüyü kimi tarixin müxtəlif əsrlərdə yaşamış qadın qəhrəmanlarına həsr olunub. Onun zəngin irsinin qoruyucusu Turan bəy deyir ki, Əzizə xanımın ev arxivində Azərbaycan qadınlarının əsərlərinin toplanmasına, tədqiqatına aid 60-dan çox böyük qovluq saxlanılır. Bu yazını yazmamışdan bir neçə gün əvvəl Turan bəy məni Əzizə xanımın arxivi ilə tanış etdi. Çox qəribə hisslər keçirdim, qalaq-qalaq qovluqlar, cildlər bir yazıçı, alim ömrünün bəhrəsi idi. Bu zəngin, ziqiymət arxiv Azərbaycan ədəbiyyatının sərvətidir. Turan bəy bu arxivi göz bəbəyi kimi qoruyur. Əzizə xanımın bütün əsərləri elektron varianta köçürülüb. Sağlığında işıq üzü görməyən əsərləri "Seçilmiş əsərləri"nin 12 cildliyinə daxil edilib. Turan bəy bu sərvəti yenidən xalqa bəxş edib.
***
"Bir səsin faciəsi" romanı Mirzə Güllərlə birgə onun tale və sənət ortağı Mirzə Məhəmmədhəsənin də ömrünə kiçik bir cığır açır. O cığırla gedib ustad dərsinə çıxırsan. Orda Mirzə Məhəmmədhəsən Güllərin səsini cilalayır. Səs maqnit kimi sözləri canına hopdurur. Güllər Seyid Əzimdən oxuyur, elə Mirzə Məhəmmədhəsənin misralarını öz şirin avazında cilvələndirir.
Ey qan olan könül, niyə düşdün bu halə sən,
Bais nədir bu dərdü-bəlayə həvaləsən?
Bu, Seyid Əzimin rəvan təbindən süzülüb gələn eşq təranəsidir.
Pərvanə kimi yandı könül narə desinlər,
Bülbül qəmini güldən ötür xarə desinlər...
Bu da Mirzə Məhəmmədhəsən çeşməsindən süzülüb gələn həzin şikayətnamədəndir.
Mirzə Güllər içindəki atəşin üzərinə elə öz səsiylə su səpirdi, yoxsa cismi yanıb külə dönərdi. İlahi duyğular insanın əzablarını azaldır. Mirzə Güllər də taleyinə belə meydan oxuyurdu.
Əzizə xanımın təsvir etdiyi Mirzə Güllər həm də eşq yarası almış nakam bir gəncdir. Zəmanə hər fürsətdə onun istəklərinə qarşıdır. Çərkəzi çuxa geyinib kişi toylarında oxuyan bir qız axı necə bir ailənin gəlini ola bilərdi?! Dövrün sərt qadağaları qadınlara incəsənətlə məşğul olmağa icazə vermirdi. Mirzə Güllərin həyatı hər an, hər dəqiqə təhlükə altında idi. Onun şöhrəti İrana, Gürcüstana da yayılmışdı, bunu da gözü götürməyən cahillər vardı. Bu səsi susdurmaq üçün fürsət gəzirdilər.
Amma onun səsinin vurğunları da çox idi. "Bir səsin faciəsi" romanında Əzizə xanım yazır: "Deyirdilər ki, Allah Şirvana ikinci Mirzə Məhəmmədhəsən yetirib. Lap onun öz cavanlığıdır ki, durub".
Cavad mahalında onun səsinə də, özünə də aşiq olan bir gənc şair varmış - Səməd Sahir. Mirzə Güllər də ona qarşı biganə deyilmiş. Lakin Səməddən əvvəl o anlayır ki, bu sevda heç vədə baş tutan deyil. Səməd eşqini ona bəyan edəndə Güllər bu izdivacın heç vaxt baş tutmayacağını bildirir. Səməd Sahir acı gerçəkliyi mahiyyətinə qədər dərk edir və bundan sonra Mirzə Gülləri canı kimi qoruyacağıyla təsəlli tapır. Bir gecə isə namərd gülləsi Səmədi Güllər zənn edib köksünü yaralayır. Səməd öz sevgisi uğrunda canını fəda edir. Əsəri nakam bir eşq hekayəsi kimi də oxumaq olar. Amma Mirzə Güllər adi adam deyildi axı. Onun zərif köksündən pərvazlanan səs həm də boğulan azadlığın naləsi idi. O, elə bir mühitin yetirməsi idi ki, o mühitdə qadının xanəndə olması mümkün deyildi. Mirzə Güllərin faciəsi bunda idi. Qadağalar onun ömür ağacının budaqlarını budadıqca səsi qana boyandı. İztirabı bir az da artdı, səsiylə özünə ağ gün qazanmaq istəsə də, qara gün başını elə qatdı ki, səsini də götürüb biryolluq qeybə çəkildi Mirzə Güllər.
"Bir səsin faciəsi" romanı Mirzə Gülləri xalqın yaddaşına qaytarır. Əzizə xanım bu romanı ötən əsrin 95-96-cı illərində yazıb. Aradan uzun müddət keçib. "Xan" nəşriyyatı ilk dəfə bu əsəri kitab şəklində çap edib. Bu yaxınlarda isə Gülhüseyn müəllim və Əzizə xanımın oğlu Turan İbrahimov uzun axtarışlardan sonra Mirzə Güllərin səsi yazılmış iki qrammofon valını tapıb üzə çıxartdılar. Onun səsi 1914-cü ildə Kiyevdə "Monarch-Record" studiyasında yazılıb. Bu iki qrammofon valında Mirzə Güllərin ifasında "Kürdü-Şahnaz" muğamı və "Gəl görüm, gəl görüm kimin yarısan" xalq mahnısı səslənir. Bunlar Azərbaycan muğam sənətinin tədqiqi sahəsində çox mühüm tapıntılardır. Beləliklə, xanəndənin 2 valda 4 səs yazısı qorunub saxlanılır.
Beynəlxalq Muğam Mərkəzində tədqiqatçı alim Gülhüseyn Kazımlının təşkilatçılığı və aparıcılığı ilə Mirzə Güllərin həyat və sənət yoluna həsr edilmiş elmi konfrans keçirildi. O tədbirdə mənə də söz verildi. Düşündüm ki, görəsən, Mirzə Gülləri muğam sənətimizdə nə cür xarakterizə etmək olar? Qəfil ağlıma bir fikir gəldi: Muğam dünyamızın boynubükük bənövşəsi. Mirzə Güllər taleyi etibarilə boynubükük bənövşə ömrü yaşayıb.
Nə yaxşı ki, mərhum muğam tədqiqatçısı Vəli Məmmədov Mirzə Güllərlə bağlı xatirələri toplayıb. İndi ondan qalan bu iki qrammofon valı və bir də onu həyatda görmüş insanların xatirələridir. Bir də dəyərli yazıçımız Əzizə Cəfərzadənin yazdığı "Bir səsin faciəsi" romanı.
Çıxışımda bir də onu dedim ki, Mirzə Güllər müstəsna sənətçi idi. Bu müstəsnalıq onun zərif cinsin nümayəndəsi olması idi. Sənəti naminə qiyafəsini dəyişib kişi kimi yaşamağa məcbur olmuş, dövrün şərtlərinə, qadağalarına meydan oxumuş bu muğam fədaisi ifaçılıq tariximizdə hər zaman anılacaq, xatırlanacaq.
Səs indi də öz ömrünü söz kimi yaşayır. Söz isə doğuluş kimi əbədidi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!