“Ən bədbəxt xoşbəxtlik içində yaşayan” Akutaqava - Gülnar YUNUSOVA

Yapon yazıçısı Ryunosuke Akutaqavanın 130 yaşına

 

"Uzun gələcəkdə, yüz ildən sonra mənim əsərlər külliyyatımı əlinə götürəcək oxucunu təsəvvür edirəm. Və bu oxucunun qəlbində dumanlı şəkildə, xəyal kimi mənim obrazım canlanacaq", - deyirdi Akutaqava. Bəli, artıq bu sətirlərin yazılmasından yüz ilə yaxın vaxt keçib və Akutaqava tanımadığı gələcək oxucularının qəlbini fəth etməyə və onların "gözəl yuxu görməsinə səbəb olmağa" davam edir. Çünki Akutaqava insana aid heç zaman dəyişməyən gerçəkləri bəlli bir dövrə öz damğasını vuran özəlliklərlə bədiiləşdirib.

Ryunosuke Akutaqava yapon ədəbiyyatının Tayşo (1912-1926) dövrünün ən görkəmli yazıçılarından biridir. Yazıçı cəmi 35 il davam edən yaşamı ilə yapon ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatında da təkrarolunmaz bir iz buraxıb. Akutaqava yapon qısa hekayə janrının atası kimi qəbul edilir. Gündoğan ölkənin ən nüfuzlu ədəbi mükafatlarından biri də məhz "Akutaqava" mükafatıdır. Sözügedən mükafat yazıçının ölümündən 8 il sonra - 1935-ci ildə yaxın dostu, "Bunqeyşuncu" jurnalının o vaxtkı redaktoru Kan Kikuçi tərəfindən Ryunosuke Akutaqavanın xatirəsinə təsis edilir. "Akutaqava" mükafatı ildə iki dəfə olmaqla yaradıcılığa yeni qədəm qoyan ən istedadlı gənc yazarlara təqdim olunur.

Keçən əsrin ilk onilliklərində müasir yapon ədəbiyyatının da təməli qoyulur. Əsasən aristokrat və samuray sinfinə müraciət edən yapon yazıçıları modernləşmə mərhələsində artıq böyük kütlələrə müraciət edirlər. Buna qədər Qərbə qarşı məsafəli olan və Qərbi yeni kəşf etməyə başlayan müəlliflər daha sərbəst şəkildə həqiqi kimlikləri ilə müxtəlif məsələləri qələmə alacaqları bir ədəbi mühit yaratmaqda idilər. Beləliklə, yapon yazıçıları cəmiyyətdə itirilən və ya gizlənən "fərd"i ortaya çıxarmağa başladılar. Akutaqava sözügedən dövrün yetirməsidir. Yazıçının yaradıcılığında fransız, alman, rus, ingilis ədəbiyyatını dərindən bildiyi, Höte, Dostoyevski, Tolstoy, Şekspir, Bodler, Strinberq, Qoqol kimi yazıçıların yaradıcılıq məhsullarını mütaliə etdiyi aydın şəkildə izlənilir. Avtobioqrafik səciyyə daşıyan "Səfehin həyatı" povestindəki cümlələrə nəzər yetirək: "İyirmi yaşlı bir gənc kitab rəflərinin qarşısında Avropasayağı söykəmə nərdivana dırmaşıb yeni kitabları gözdən keçirirdi: Mopassan, Bodler, Strinberq, İbsen, Şou, Tolstoy... Bu vaxt hava yavaş-yavaş qaralırdı. Amma o, maraqla kitabların cildindəki yazıları oxumağa davam edirdi. Onun qarşısında sanki kitablardan daha çox, "Əsrin sonu"nun özü dayanmışdı. Nitsşe, Verlen, Qonkur qardaşları, Dostoyevski, Hauptman, Flober...". Akutaqava Qərb ədəbiyyatından aldıqlarını yapon ədəbiyyatı ilə qarışdıraraq Yaponiyada yeni ədəbiyyatın inkişaf yolunu müəyyənləşdirir. Çünki yeni formalaşan müasir yapon ədəbiyyatında bir-birinə zidd iki mövqe mövcud idi. Bir qrup yazıçı milli dəyərləri inkar edib, Qərbə əsaslanmağı müdafiə edir, digər qrup isə ancaq milli dəyərlərə, ənənələrə söykənməklə yeni ədəbiyyat yaratmağın mümkünlüyünü vurğulayırdı. "İnsan həyatı Bodlerin bir misrasına dəyməz" deyən Akutaqava isə Qərbin təqlidçisinə çevrilmədən milli dəyərlər çərçivəsində Qərb və yapon ədəbiyyatının sintezini ortaya qoyur.

Akutaqava 1892-ci il mart ayının 1-də Tokioda Toşizo Nihara və Fuku Niharanın tək oğlu olaraq dünyaya gəlir. Yapon mifologiyasına görə yazıçı əjdaha ili, əjdaha ayı, əjdaha günündə doğulduğundan ona ailəsi tərəfindən əjdaha mənasını ifadə edən Ryunosuke adı verilir. Anası doğuşdan qısa müddət sonra ciddi psixiatrik xəstəlik olan şizofreniya ilə mübarizə aparır. Xəstəliyinin şiddəti artdıqca oğluna baxa bilmir və dəlixanada intihar edir. Atası oğlunun qayğısına qala bilmədiyindən dayısı tərəfindən övladlığa götürülür. Ryunosuke dayısı Doşo Akutaqava və xalası Fuki Akutaqavanın himayəsində böyüyür. Daha sonra dayısı Ryunosukeyə öz Akutaqava soyadını da verir. Akutaqavanın ədəbiyyata qarşı marağı da məhz yeni ailəsində başlayır. Gənc Ryunosuke yapon, Çin folkloruna aid əsərlər oxuyur və yapon ədəbiyyatının məşhur yazıçısı Natsume Sosekinin (1867-1916), Mori Oqayın (1862-1922) əsərlərini maraqla mütaliə edir. Eyni zamanda, gənc yaşlarından Bodler, Balzak, Dostoyevski kimi məşhur müəlliflərin kitablarını da kitabxanasına daxil edir: "Mənim ürəyimi riqqətə gətirən ağaclar və su var. Üstəlik, üç yüzdən çox yapon, Çin, Şərq və Qərb yazıçılarının kitabları varımdı". Bütün həyatı boyu Akutaqava Qərb romanlarının acgöz oxucusu olmuşdur. Akutaqava sələflərindən fərqli olaraq heç vaxt Qərbə getməsə də, onun Qərb təfəkkürü haqqında anlayışları çox dərin idi. Şuiçi Kato yazırdı ki, Qərbə səyahət etmədən, oradakı həyatla birbaşa heç bir təcrübəsi olmadan Qərb ədəbiyyatını təqdir edib bağrına basan ilk yazıçı Akutaqavadır.

Erkən yaşda anasını itirən, atasından didərgin düşən yazıçının uşaqlığı çox çətin keçir. Anasının xəstəliyindən çox təsirlənən və onun kimi olmaqdan qorxan Akutaqava bütün həyatı boyu bu qorxudan xilas ola bilmir. Bu qorxu Akutaqava üçün vəsvəsəyə çevrilir, yuxusuzluqdan əziyyət çəkərək depressiyaya düşür. "Kodoku ciqoku" - "Tənhalığın cəhənnəmi" (1916) hekayəsi gənc yazıçının vəziyyətini, düçar olduğu iztirabı açıq şəkildə nümayiş etdirir: "İnsanı əhatə edən nə varsa, bir göz qırpımında əzab və iztirab cəhənnəminə çevrilə bilər. Bir neçə il bundan əvvəl mən  belə bir cəhənnəmə düşdüm. Heç nə məni uzun müddətə özünə bağlaya bilmir. Elə buna görə də mən daim dəyişikliklər arzusundayam. Ancaq neyləsəm də, canımı bu cəhənnəmdən qurtara bilmərəm. Əgər əhatəmi tez-tez dəyişməsəm, bundan da betər olacaq. Bax beləcə, mən sonu görünməyən dəyişikliklərlə hər növbəti günün acısını unutmağa çalışıram. Əgər nə vaxtsa bunu etməyə gücüm çatmasa, yalnız bir yolum qalacaq - ölmək". Akutaqava düşdüyü tənhalıq cəhənnəminin əzablarına tab gətirə bilmir, "Əsrin sonunun" qəddar iblisi onun ruhuna hakim kəsilir. Həyatının son dövrlərində qələmə aldığı əsərlərində yazıçının psixoloji durumu, dəlilik və ölüm arasındakı get-gəlləri, dəli ananın xatirələri, cəmiyyətdən duyduğu qorxu və həyəcanları açıq-aydın şəkildə hiss olunur. Yazıçı 35 illik yaşamı boyunca anasının taleyini yaşayacağı qorxusu ilə apardığı mübarizəsi qarşısında 1927-ci il iyul ayında yüksək dozada dərman içərək intihar etməklə təslim olur. Yazıçının dəlilik ilə ölüm arasında etdiyi seçimə aparan yolu ölümündən sonra çap olunan "Haquruma" - "Dişli çarxlar" adlı əsərində izah etməyə çalışmışdır: "Daha məndə yazmağa hal yoxdu. Belə ruhi vəziyyətdə yaşamaq - dözülməz işgəncədir. Doğrudanmı, elə bir adam tapılmayacaq ki, yatdığım yerdə sakitcə məni boğa?". Yazıçı özü də yazılarında intiharın axmaqlıq olduğunu söyləməsinə baxmayaraq, ruhi zəifliyi qarşısında çarəni ölümdən başqa heç nədə görə bilmir: "Mən anlayıram ki, ağıllı adamlar mənim bu axmaqlığıma güləcəklər. Elə mən özüm də gülməyi bacarıram, bu məsələdə heç kimdən geri qalmıram. Ancaq axmaqlığıma güləndə də bu axmaqlıqdan dördəlli yapışan ruhi zəifliyimə görə özümə yazığım gəlir. Özümlə birgə digər ruhən zəif insanlara da yazığım gəlir".

1913-cü ildə Akutaqava Tokio İmperator Universitetinin İngilis dili və  ədəbiyyatı bölməsinə daxil olur və 1916-cı ildə Uilliam Morris haqqında dissertasiya işini uğurla müdafiə edərək universiteti bitirir. Yazıçı yaradıcılığa hələ universitetdə oxuyan zaman başlayır. 1914-cü ildə Akutaqava orta məktəb dostları Kikuçi Kan və Kume Masao ilə birgə xarici ədəbiyyat tərcümələri ilə yanaşı, öz yaradıcılıq nümunələrini də nəşr etdirərək universitetin "Şinşiçyo" (Təfəkkürün yeni cərəyanları) ədəbi jurnalını yenidən canlandırırlar. Jurnal ətrafında toplaşanlar naturalizmə tənqidi mövqe nümayiş etdirərək ədəbiyyatda neorealizm cərəyanının əsasını qoyurlar. Gənc Ryunosuke "Rounen" - "Qocalıq" (1914) hekayəsi ilə bədii yaradıcılıq yolunda ilk addımını atır. 1914-1927-ci illəri əhatə edən yaradıcılıq dövründə 150-dən çox hekayə və esse qələmə alır. Universiteti bitirdikdən sonra Akutaqava bir müddət Yokosukadakı hərbi-dəniz məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Müəllimlik dövrünün xatirələrini müxtəlif məzəli vəziyyətlərə düşən təmiz və vicdanlı müəllim Yasukiçinin hekayətlərindən bəhs edən "Yasukiçi no teçyou kara" - "Yasukiçinin qeyd dəftərindən" adlı silsilə hekayələrində bədiiləşdirir. Özünü tamamilə bədii yaradıcılığa həsr etmək istəyindən irəli gələrək Tokio və Kyoto universitetlərindən gələn təklifləri rədd edən Akutaqava məktəbdəki müəllimlik vəzifəsindən də istefa verərək Osaka Mayniçi jurnalının əməkdaşı olur. Hətta yaradıcılığının ən məhsuldar dövründə - 1921-ci ildə Akutaqava müxbir kimi Çinə də ezamiyyətə gedir. Tələbəlik illərində uşaqlıq dostu Yayoi Yoşida ilə ailə həyatı qurmaq istəsə də, Akutaqavanın ailəsi bu birliyi təsdiqləmir. 1918-ci ildə Fumi Tsukamoto ilə evlənir və onların üç övladı dünyaya gəlir: Hiroşi Akutaqava (1920-1981) aktyor olmuş, Takaşi Akutaqava (1922-1945) Birmada əsgərlikdə öldürülmüş, Yasuşi Akutaqava (1925-1989) isə bəstəkar kimi fəaliyyət göstərmişdir.

"Qarşımda kağız, kitab, qələm və yaxşı tənbəki olanda elə bil dünyaya yenidən gəlirəm" deyən yazçının yaradıcılığında başda cəmiyyət olmaqla insan azadlığını məhdudlaşdıran, insan ruhunu əzən hər şeyə qarşı üsyan aydın şəkildə izlənilir. Yaradıcılığının ilkin dönəmlərində problemlərə qarşı ironiya ilə yanaşan yazıçı yapon cəmiyyətindəki eybəcərlikləri ələ salaraq, nə vaxtsa aradan qalxacağına ümid edir. Yaradıcılığının son dövrlərində isə pessimizmə qapılır, insan psixologiyası, ruhi sarsıntılar əsərlərinin mərkəz xəttinə çevrilir. Bu isə birbaşa yazıçının öz vəziyyəti ilə bağlı olur. Yazıçının cəmi 13 ili əhatə edən yaradıcılığı üç mərhələyə bölünür. Akutaqava yaradıcılığının ilkin dövründə qələmə aldığı hekayələrində orta əsrlər yapon ədəbi nümunələrinə müraciət edərək insanın daxili aləmindən bəhs edən mövzulara diqqət yetirmiş, eqoizm motivi xüsusilə işlənmişdir. Yazıçının hekayələrində itmiş, yoxa çıxmış insanlıq və insani məziyyətlər vurğulanır. Eqoizm, yalan, şər insanlığı əhatə edib. İnsanlar eqoizmə, pisliyə o qədər qarışıblar ki, heç kim bir-birinə güvənmir. Bu qarşılıqlı inamsızlıq həyatı cəhənnəmə çevirib, cəmiyyəti tənəzzülə sürükləyir. Akutaqava ədəbi karyerasının ən mühüm əsərlərindən birini - "Raşomon"u (Raşo qapıları) 1915-ci ildə çap etdirmişdir. Tarixi və psixoloji məna daşıyan əsərdə cəmiyyətin insanları özünün ən qəddar quluna çevirməsi, saf insanların belə özləri bilə-bilə haqsızlıqlara rəvac vermələrilə cəmiyyətin dəhşətli vəziyyətə düşməsini yazıçı qədim dövrlərə aid hadisələri müasirləşdirməklə, mənəvi-psixoloji cəhətdən zənginləşdirməklə təqdim etmişdir. Əsərə beynəlxalq dəyər qazandıran isə 1950-ci ildə görkəmli yapon kinorejissoru Akira Kurosava tərəfindən eyni adla ekranlaşdırılması olub. "Raşomon" filmi R.Akutaqavanın "Raşomon" novellası ilə yanaşı, "Sıx meşədə" hekayəsi əsasında çəkilmişdir. Film 1951-ci ildə Venesiya Film Festivalının "Qızıl Şir" mükafatına layiq görülməklə beynəlxalq mükafat qazanan ilk yapon filmi olmuşdur.

"İncəsənət hər şeydən ucadır" prinsipinin zirvəsi Floberin yaradıcılığıdır" deyən Akutaqava yardıcılığının ikinci mərhələsində incəsənət, yaxud həyat daha üstündür sualı ətrafında düşünmüşdür. Yazıçının bu dövrünün ən mükəmməl nümunəsi isə "Cəhənnəm əzabı" povesti olmuşdur. Əsərin qəhrəmanı rəssam Yoşihide cəhənnəmin rəsmini ancaq yeganə qızının gözləri qarşısında odda yandırılmasından sonra tamamlaya bilir: "Fikirləşmək olar ki, onun gözləri qızının əzab içində necə can verdiyini görmür. Al-qırmızı alovun gözəlliyi və alov içində vurnuxan qadın fiquru onu valeh edib özünə çəkmişdi". Akutaqava rəssamı günahlandırmır: sənətkar özünə tabe deyil, nəsə ondan da güclü şeylər var - mübtəla olma, tutulma, ilham və dahilik. Gözləri önündə doğmaca övladı yanan Yoşihide sifariş olunan "Cəhənnəm əzabları" rəsm əsərini çəkməklə bağlı daş kimi möhkəm istəyindən imtina etmir, əksinə, bu istək onda daha da artır və şirmanın üzərindəki rəsmi bitirdiyi günün sabahı özünü asaraq öldürür.  "İndi şirmanı görən hər kəs sanki doğrudan da, alovlu cəhənnəmin böyük əzablarını görürmüş kimi rəsm əsərinin qəribə qüdrəti qarşısında əzilirdi".

Yazıçı yaradıcılığının ən yüksək zirvəsinə məhz ölümündən bir neçə il əvvəl, yaradıcılığının üçüncü mərhələsində - 1924-27-ci illərdə çatmışdır. Bu illər ərzində qələmə aldığı əsərlərində yazıçının militarizmə, kapitalizmə qarşı barışmaz mövqeyi, sosial bərabərsizliyə qarşı üsyanları açıq şəkildə izlənilməkdədir. Ölümündən əvvəl qələmə aldığı və cəmi iki həftə müddətində tamamlanan, lakin ölümündən sonra çap olunan "Kappa" (1927) əsəri yazıçının yaşadığı dövrdəki militarizm və kapitalizmin xoşagəlməz və mənfi cəhətlərini işıqlandırmışdır.  Satirik hekayədə ruhi sığınacaqda məhbus olan 23 nömrəli xəstənin tərk etmək istəmədiyi su adamlaranın yaşadığı yeraltı ölkəyə etdiyi səyahətlərindən bəhs edilir. Eyni zamanda, Akutaqava yaradıcılığının son dövrünün ən spesifik xüsusiyyəti yaşam-ölüm mövzularının üstünlük təşkil etməsidir ki, yazıçının özünün psixi və ruhi sarsıntıları ilə birbaşa bağlı olmuşdur: "Siz tez-tez məni həvəsləndirirsiniz: "Öz həyatın haqqında çox yaz, səmimi olmaqdan qorxma!". Amma demək olmaz ki, mən səmimi olmamışam. Mənim hekayələrim müəyyən dərəcədə mənim yaşadıqlarımın etirafıdır".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!