Azərbaycanın İstiqlal şairi - Əhməd Cavad - Nəsiman YAQUBLU

 

Nəsiman Yaqublu

Tarix elmləri doktoru, professor

 

Azərbaycanın Dövlət Himninin müəllifi, tanınmış şair və Cümhuriyyət dövrünün qüdrətli tərənnümçüsü Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə) 1892-ci ilin mayın 5-də Gəncə qəzası, Şəmkir nahiyəsinin Seyfəli kəndində anadan olmuşdur.

Ə.Cavad səkkiz yaşında olarkən atasını itirmiş, ilk olaraq ərəb-fars dillərini öyrənmişdir.

Ə.Cavad ilk şeirini 1906-cı ildə yazmışdır. Elə həmin ildə o, mədrəsə adlanan Yelizavetpol (Gəncə) Müsəlman Ruhani Seminariyasına daxil olub, 1912-ci ildə təhsilini tamamlamışdır.

Ə.Cavada 1912-ci ilin mayın 27-də verilən şəhadətnamədən məlum olur ki, həmin seminariyanı bitirən şəxs digər fənlərlə yanaşı, Azərbaycan dili də daxil olmaqla dörd dil öyrənirdi: rus, ərəb, fars.

Ə.Cavad 1914-cü ildə Türkiyədə olmuş, Birinci Dünya müharibəsi başladığından bir neçə ay sonra geri qayıtmışdır.

Ə.Cavad 1914-1918-ci illərdə Müsəlman Xeyriyyə Cəmiyyətinin katibi olmuş, ön cəbhəyə gedərək məqalələr, xəbərlər, reportajlar yazıb qəzet və jurnallarda çap etdirmişdir.

Ə.Cavad "Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına" adlı şeirini də məhz həmin dövrdə - 1914-cü ildə yazmışdır.

Şair həm həsrətlə, həm qürurla bu misraları yazırdı:

 

Çırpınırdı Qara dəniz.

Baxıb türkün bayrağına!

"Ah!.." deyərdim, heç ölməzdim

Düşə bilsəm ayağına!

 

Sonralar böyük bəstəkar Ü.Hacıbəyli bu şeirə təsirli musiqi bəstələmişdir.

Ə.Cavad  Xeyriyyə Cəmiyyətinin tapşırığı ilə 1915-1916-cı illərdə Acarıstana - Batuma getmiş, orada Süleyman bəyin qızı Şükriyyə xanımla ailə həyatı qurmuşdu.

1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Ə.Cavadın həyatında və yaradıcılığında mühüm rol oynadı.

Ə.Cavad Cümhuriyyətin ilk dövründə Maarif naziri olan (28.05.1918-26.12.1918) N.Yusifbəylinin yaxın köməkçisi və dostu idi.

Ə.Cavad Müsavat Partiyasının üzvü olmaqla yanaşı, parlamentin işinə kömək edir, yeni universitetin və bir çox məktəblərin açılmasında yaxından iştirak edirdi.

Ə.Cavad yeni yaranmış Azərbaycan Cümhuriyyətinin tərənnümçüsü və böyük istiqlal şairi idi.

O, 1918-1920-ci illərdə yaradıcılığında Azərbaycan bayrağını, Azərbaycanı xilasa gəlmiş türk əsgərini böyük sevgi ilə tərənnüm edirdi.

Ə.Cavadın Azərbaycan Cümhuriyyəti dövründə yazdığı ilk şeir belə adlanır: "Elin bayrağı". Şeirin Milli Şuraya həsr edildiyi yazılıb. Bu şeir 1918-ci ildə Azərbaycan Cümhuriyyəti hökuməti Gəncədə olarkən qələmə alınmışdır. Dörd bənddən ibarət olan şeirdə bu misralar var:

 

Bu bəxtsiz millətin daddığı acı,

Çalış əlac olsun, diriltsin onu!

Düşmən başındakı o zəfər tacı

Görsün ki, hər qəmin deyildir sonu!

 

Təmiz al alnındakı tozu, torpağı,

Haqq üçün açdığın əllərinlə sil!

Qalxıb bir də enməz elin bayrağı,

O sənin, o mənim əlimdədir, bil!

Bu şeir Azərbaycan ədəbiyyatı tarixində bayrağımıza həsr edilən ilk şeir hesab edilməkdədir.

Qeyd edək ki, Ə.Cavad bu şeiri yazanda Azərbaycan Cümhuriyyəti hökumətinin 1918-ci il 21 iyun tarixli qərarı ilə dövlət bayrağımız qırmızı rəngdə idi. Üçrəngli milli bayrağımız haqqındakı qərar isə 1918-ci ilin noyabrın 9-da qəbul edildi.

Ə.Cavad 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Gəncəyə Bakını azad etmək üçün gələn qəhrəman türk əsgərini alqışlayaraq "Ey əsgər!" şeirində yazırdı:

 

Dağa, daşa sancağını öpdürüb,

Duman kimi bu dağları bürüdün!

Dənizlərə salam rəsmi yapdırıb,

Göylərdəki bulud kimi yürüdün!

Yürü, yürü batan günəş izinə!

Gülümsəyir doğan günəş yüzünə!

 

Arslan kibi saldırdığın düşmana,

Ər oğlu ər olduğunu göstərdin!

Fələk bu gün uyğun sana diyor ki,

Türk əsgəri, sən böyləmi istərdin?!

 

Ə.Cavadın bu şeiri türk əsgərlərinin Bakıya daxil olma ərəfəsində Güzdək bölgəsində yazdığı qeyd edilməkdədir.

Ə.Cavadın 1918-ci ilin iyulun 16-da yazdığı "Bismillah" şeiri çox təsirli idi. Şair bu şeirində düşmən üzərinə qorxmadan hücum edən, Bakını xilasa çalışan əsgərin qəhrəmanlığından danışırdı:

 

Atıldı dağlardan zəfər topları,

Bürüdü elləri əsgər, bismillah!

O xan sarayında çiçəkli bir qız

Bəkliyor bizləri zəfər, bismillah!

Ey Bakı, sən qorxma, gəldik, gələli,

Səninçün atıldıq daim irəli!

Sağ qalanlar annələrə təsəlli,

Şəhidlərin ruhu gülər, bismillah!..

 

Ə.Cavad hələ Gəncədə olan, Bakını xilasa hazırlaşan türk ordusuna sevgisini "Türk ordusu" şeirində belə açıqlayırdı:

Ey şanlı ölkənin şanlı ordusu,

Unutma Qafqaza girdiyin günü!

Gəlirkən qovmağa Turandan urusu,

Ayağını Qara dəniz öpdümü?

 

Bakını düşmənlərdən azad edərkən mindən çox türk əsgəri şəhid oldu. Türkiyədən  gəlib yalnız Bakını yox, bütövlükdə Azərbaycanı azad etmiş şəhidlərin bir çox bölgələrdəki məzarları müqəddəs ziyarətgahlara döndü.

Ə.Cavad xalqın türk şəhidlərinə olan sevgisini "Şəhidlərə" şeirində belə duyğularla çatdırırdı:

 

Qalx, qalx sarmaşıqlı məzar altından,

Gəlmiş ziyarətə qızlar, gəlinlər!

Ey karvan keçidi, yollar üstündə,

Hər gələn yolçuya yol soran əsgər!

 

Sənin qovduqların yabançı xanlar,

Qurtardı ölkəni tökdüyün qanlar!

Bax nasıl öpməkdə tozlar, dumanlar,

Qərib məzarını, mən də bərabər!

 

Ə.Cavadın 1919-cu ilin iyulun 24-də yazdığı şeir üçrəngli bayrağımıza həsr edilmişdi və belə adlanırdı: "Al bayrağa". Ə.Cavad bu şeirində bir rəssam kimi bayrağın təsvirini belə təqdim edirdi:

 

Gül rəngində bir yaprağın

Ortasında bir hilal!

Ey al bayraq, sənin rəngin

Söylə neyçin böylə al!?

 

Ey sevgili bayrağımın

O dalğalı duruşu!

Sandım salam rəsmi sana

Buludların yürüşü!

 

1920-ci ilin aprelin 27-də Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildi. 1920-ci ilin mayın 3-də işğalçı əsgərlər parlament binasına qalxıb üçrəngli bayrağımızı aşağı endirdilər. O müqəddəs və azadlıq rəmzi olan bayrağımızın yerinə yad bir ideyanın daşıyıcısı olan qırmızı sovet bayrağını asdılar.

Bir müddət sonra üçrəngli bayrağın həsrətini çəkən Ə.Cavad bu misraları yazdı:

 

Çoxdandır ayrı düşdüm

Üç boyalı bayraqdan.

A dostlar, mən yoruldum,

Bu gizli ağlamaqdan.

 

Ə.Cavad 1920-1922-ci illərdə Qubada Xuluq kəndində müəllimlik etdi, Xalq Maarifi şöbəsində çalışdı. O, 1927-ci ildən Pambıqçılıq İnstitutunda (sonradan Gəncə Kənd Təsərrüfatı İnstitutu adlandı - red.) müəllim, dosent, kafedra müdiri işlədi. 1930-cu ildən institut Gəncəyə köçürüləndə o da Bakıdan getdi. Ə.Cavad həmin institutda türk və rus dillərini tədris edirdi.

Ə.Cavadı ilk dəfə 1923-cü ildə həbs etdilər. Onu müsavatçı M.B.Məmmədzadənin Azərbaycandan qaçmasına şərait yaratmaqda təqsirləndirdilər. Onun həbsdən azad olunmasında keçmiş müəllim yoldaşı Mir Cəfər Bağırov və H.Musayev önəmli rol oynadı.

Ə.Cavadın əleyhinə sovet mətbuatında vaxtaşırı yazılar çap edilirdi. O, sərt şəkildə tənqid olunurdu. Sovet tənqidçiləri yazırdılar: "Bir az da əski şairlərdən bəhs edək. Biz güman etmirik ki, Cavad Axundov və Hüseyn Cavid kimi şairlərdə bu yaxın zamanlarda lazımi bir dönüş əmələ gələcəkdir... Mündəricə etibarilə bu şairlərin yazıları yeni cəmiyyətin və yeni Azərbaycan mədəniyyətinin əleyhinədir".

Ə.Cavadın 1930-cu ilin aprelində yazdığı "Kür" əsəri də sovet tənqidçilərini narahat etdi. Əsərdə səslənən "Əyil, Kürüm, əyil, keç! Meydan sənin deyil, keç!" misralarına siyasi xarakter verdilər.

Ə.Cavadın 1925-ci ildə yazdığı "Göygöl" şeirindəki bir bənd ona daha böyük problem yaratdı:

 

Sənin gözəlliyin gəlməz ki saya,

Qoynunda yer vardır yıldıza, Aya.

Oldun sən onlara mehriban daya,

Fələk büsatını quralı, Göygöl!

 

Şeirdə işlədilən "ulduz", "Ay", "yaşıl" sözlərinə görə onu ittiham etdilər. Onu ötən günləri, üçrəngli bayrağı və Müsavatı yada salmaqda günahlandırdılar.

M.Ə.Rəsulzadə çağdaş Azərbaycan ədəbiyyatı ilə bağlı məqaləsində Ə.Cavad haqqında yazırdı: "Milli cərəyanın digər nümayəndəsi Cavad Axundzadənin işi bolşevik dövründə qətiyyən gətirmir. Əski bir müsavatçı olduğuna görə onu həbs edirlər. Mətbuat səhifələrində, ədəbiyyat qurultaylarında hər yerdən uzaqlaşdırılır və qovulur".

Ə.Cavadı 1937-ci ilin iyunun 4-də həbsə aldılar. Onunla bağlı istintaq prosesi 1937-ci ilin sentyabrın 25-də başa çatmışdır.

Ə.Cavada həbsxanada işgəncə verirdilər. Onun həyat yoldaşı Şükriyyə xanıma tanışı Mariya Sergeyevna  belə məlumat çatdırmışdı ki, Ə.Cavadı Bayıl həbsxanasının səyyar xəstəxanasına başı tənziflə sarınmış halda, 40 dərəcə temperaturda gətiriblər.

Ə.Cavadın 1937-ci ilin oktyabrın 12-də qapalı keçirilən məhkəməsi 15 dəqiqə davam etmişdi.

1937-ci ilin oktyabrın 12-dən 13-nə keçən gecə Ə.Cavadı güllələdilər.

1938-ci ilin fevralında onun həyat yoldaşı Şükriyyə xanımı da həbs edib, səkkiz il müddətinə Qazaxıstana sürgünə göndərdilər.

Bu hadisədən sonra qorxudan qaçıb gizlənən Ə.Cavadın böyük oğlu 20 yaşlı Niyazi də axtarılıb tapıldı və üç ay yarım həbsdə saxlanıldı. Ə.Cavadın 16 yaşlı oğlu Aydın Keşlə həbsxanasına aparıldı, 14 yaşlı oğlu Tuqay Volqa-Nikolayev şəhərindəki çətin tərbiyə olunan uşaq yetimxanasına göndərildi. Ə.Cavadın bir yaş yarımlıq kiçik oğlu Yılması isə Volodarsk fabriki nəzdindəki körpələr evinə apardılar.

Ə.Cavadın həyat yoldaşı Şükriyyə xanım səkkizillik sürgün həyatından sonra 1946-cı ildə Bakıya qayıtsa da, ona Bakıda yaşamağa icazə verilmədi. O, Şəmkirə getməyə məcbur oldu.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!