Qafqazın birinci adamı - Yaxud bir ailədə iki Şeyxülislam - Azər TURAN

Azər TURAN

 

"1875 sənəsi son baharında uzun ağ saqqallı, möhtərəm bir ixtiyar ilə on bir-on iki yaşlarında arıq vücudlu bir çocuq Qafqaz valisi böyük knyaz Mixail Nikolayeviçin möhtəşəm yazı masası önündə bulunuyorlardı. Rus şahzadənin arxasında nəzərinin nüfuz və şiddəti dərhal gözə çarpan çərkəs əlbisəli bir miralay ayaqda duruyordu. Yaşıl sarığı, dəvə tükündən qolsuz əbası ilə ehtiramkar vəziyyətdə olan miralay ixtiyarın ricalarını valiyə eynən tərcümə etmədi: - "Şeyx Əhməd Səlyani, bu yetim çocuğun Tiflis gimnaziya kurslarından birisinə yerləşdirilməsini xahiş edir" dedi. Şeyx Əhməd Salyani, Şərq tərbiyəsinə taban hafidiyçün (nəvəsi üçün) məktəb seçimini də canişin şahzadənin iradəsinə buraxmışdı. Tərcüman Mirzə Fətəli Axundov Şeyxin ricasını eynən tərcümə etsə, çocuğun bir əsgər məktəbinə qeyd etdiriləcəyindən qorxurdu. Qərb həyat və tərbiyəsinin təmin etdiyi cüzi sərbəstlik Qafqaz şeyxülislamının nəvəsini rus zabiti olmaqdan qurtarmışdır. Mixail Nikolayeviçin iradəsiylə "Tiflis Mülki İdadisi"nə (Gimnaziyasına) qeyd və qəbul olunan kiçik çocuq sonradan bütün türklərə xeyli böyük hizmətlər ifa edəcək olan Hüseynzadə Əli bəydir".

Yusif Akçuranın təsvir etdiyi bu romantik səhnə Tiflisdə baş verirdi və nəvəsinin əlindən tutub onu canişinliyə gətirən yaşıl sarığı, dəvə yunundan qolsuz əbası ilə ehtiramkar vəziyyətdə olan ixtiyar isə 1862-ci il oktyabrın 15-dən 1884-cü ilin sonuna kimi Qafqazın Şeyxülislamı olmuş Axund Əhməd Səlyani idi.

Tariximizdəki nadir şeyxülislamlardan biri...

Axund Əhməd Səlyani Azərbaycanda ruhani həyatın maarifçilik səmtinə yönəlməsi üçün misilsiz xidmətlər göstərmişdi. Şeyxin bənzərsiz şəxsiyyəti, ensiklopedik zəkası, qabaqcıl və işıqlı düşüncələri, milli dəyərlərə etibarlı münasibəti və belə bir ovqatla Qafqazın şeyxülislamlıq institutuna rəhbərlik etməsi, ümmətçilikdən milliyyətçiliyə keçid dövrünün Qafqazda həm də bir şeyxülislam tərəfindən yönləndirilməsi barədə, nədənsə, az danışırıq. Amma Qafqazdan İstanbula, Bağdaddan Təbrizə qədər elə bir ruhanimiz, elə bir şeyxülislamımız yoxdur ki, XIX yüzildə "Tarixi-ədəbiyyati-türki" (yəni türk ədəbiyyatı tarixi) adlı əsər hazırlamağa cəhd etsin, tu-kuye-lər - Göktürklər, uyğurlar barədə qələm çalsın, ədəbiyyat tariximizdə ilk dəfə Oğuz poetik dünyası barədə fikirlər söyləsin, "Qutadqu-Bilik", türklərin islamı qəbul etmələri, uyğur lisanı, cığatayca yazılmış olan məşhur əsərlər, əski türklərin yazısı, cığatay ədəbiyyatının qızıl dövrü, uyğur dili, Əlişir Nəvai haqqında yazılı söz deməyi özünə vicdan borcu bilsin.

Yusif Vəzir Çəmənzəminli Şeyxülislamın "Qafqaz məmləkətinin xalqları" əsərini Bakıxanovun "Gülüstani-İrəm"i ilə bir yerdə xatırladır, Əli bəy Hüseynzadənin "Qafqaz tarixi" adı ilə təqdim etdiyi bu əsərə "İslam Ansiklopedisi"ndə etibarlı qaynaq kimi istinad olunur, ensiklopediyanın bəzi tarixşünaslıq yazılarında, Şeyxin fikirləri Məsudinin, Dəməşqinin qənaətləri ilə eyni sırada xatırlanır.

Mirzə Fətəli Axundzadəyə görə, "Müxtəlif elmlər və fənlər - astronomiya, coğrafiya, hesab, riyaziyyat, tarix, hikmət və xüsusilə, fiqh elmi sahəsində bütün Qafqaz ölkəsində şeyxülislamın tayı-bərabəri yoxdur. O, filosof təbiətli, liberal məsləkli, tərəqqi sevən, fitrən fəsahətli bir adamdır".

Mirzə Fətəlinin bu sözlərindən altmış il sonra, "Mirzə Fətəlinin faciəsi" adlı məqaləsində Əbdürrəhim bəy Haqverdiyev, nədənsə, Axundzadənin dediklərini təkzib etməyə ehtiyac duydu. Sən demə, Axundzadənin faciəsinin əsas "səbəbkarı" Şeyxülislamın özü imiş: "Ətraf zülmət və cəhalət, bir nəfər də olsa dil bilən yox, camaatı qoyun kimi istədikləri yerə sürən ruhanilər - başlarında şeyxülislam Molla Əhməd olmaqla Zaqafqaziyada təkcə yanmaqda olan bu çırağın (Mirzə Fətəlinin - A.T.) işğının qabağına qalın pərdə çəkirdilər". Haqverdiyevə rəğmən, Əbdürrəhim bəyin müasiri olan başqa bir müəllif Şeyxülislam amilinə fərqli rakursdan yanaşırdı: "O zaman Qərb mədəniyyəti mərkəzi olan Tiflisdə Qafqaz Ruhani İdarəsinin başında bulunmasının Şeyx Əhmədə pək faydası toxunmuş, bir çox alim və fazil şəxslərlə görüşmüş, Qərb mədəniyyəti ilə təmasda bulunmuş, Qərb həyat və adətləri ilə aşina olmuş... O, başqa ruhanilər kibi həyat və mühitə təəssüb gözləri ilə baxmıyordu. Zamanın ehtiyac və tələblərini pək eyi görür və gələcəyi pək gözəl təyin edə bilirdi. Bütün gecələrini Şeyxin evində keçirən və onun ən sadiq və səmimi dostu olan Mirzə Fətəli ilə müxtəlif mövzulara aid aralarında keçən müsahibə və münaqişələrin də Şeyxin üzərində dərin və kəskin təsiri olmuşdur".

Qəribədir ki, heç bir tarixi dəlilə və sənədə söykənməyərək şeyxülislamı guya Mirzə Fətəlinin ölümünə fitva verməkdə də, cənazə namazının qılınmasından imtina etdiyinə görə də suçlayıblar...

Əvvəla, nəinki Şeyxin, Cəlil Məmmədquluzadənin bildirdiyi kimi, ümumiyyətlə, o dövrdə Azərbaycanda heç kəsin "Kəmalüddövlə məktubları"ndan xəbəri yox idi: "Oktyabr inqilabına qədər Mirzənin tərcümeyi-halından rəvayət edənlər bu barədə heç bir isnad və işarə eləməyiblər və onun dinsizliyindən söhbət düşəndə, bir müəyyən dəlil və sübut göstərməyiblər. Mərhumun dinsizliyini onun əsərlərinin heç biri ilə təsdiq, mərbut tutmayıblar". O zaman Şeyx hansı səbəbdən onun ölümünə fitva verməli, yaxud cənazə namazının qılınmasına əngəl olmalıydı. Özü də elə bir Şeyx ki, əvvəldə xatırlatdığım türk düşüncəsinə rəvac verən yazılarından başqa, "Əkinçi" qəzetində müsəlmanları dünyəvi elmləri öyrənməyə çağıran məqalə yazır, "elmi əbdan, elmi ədyan" mövzusunun müzakirəsində yaxından iştirak edirdi. Şeyx dövrün ruhanilərinə xatırladırdı ki, Hz. Peyğəmbərimiz müsəlmanlara ruhani elmləri təlqin etdiyi kimi, dünyəvi elmlərə yiyələnməyi də tövsiyə edib. Özünü bilən Rəbbini biləndir. Elə buna görə də insan ən əvvəl özünü bilməlidir. Özünü bilmək isə ruhani elmlərlə yanaşı, dünyəvi elmləri - riyaziyyatı, fizikanı, kimyanı, həndəsəni öyrənməklə mümkün ola bilər.

Əli bəy Hüseynzadə 1885-1889-cu illərdə Peterburq Universitetinin tələbəsi olarkən yağlı boya ilə Şeyxin portretini çəkib. Əsər XIX yüzildə müasir Azərbaycan rəssamlığının əsasını qoyan ilk rəsmdir. Maraqlı olan həm də budur ki, tabloda Şeyxin qətiyyətli, işıqlı obrazı "dini binaların fonunda deyil, kitablarla dolu rəflərə yönəlmiş vəziyyətdə təsvir edilib".

Şeyxülislam Axund Əhməd Əli oğlu Hüseynzadə Səlyani 1812-ci ildə Salyanda anadan olmuşdu. 1884-cü ildə 72 yaşında Tiflisdə dünyasını dəyişmişdi.

Tiflisdə Botanika bağındakı məzarlıqda dəfn olunmuş Şeyxin məzar daşındakı kitabəsi ilə bağlı əlimizdə yalnız bir vəsiqə var. Əli bəy Hüseynzadə kitabədəki yazının surətini köçürüb və kitabənin təsvirinə belə bir şərh yazıb: "Qafqasiya Şeyxülislamı Axund Molla Əhməd Səlyani (Hüseynzadə)nin Tiflisdəki qəbir daşında mərhum xəttat Molla Əhməd  Sərabinin xətti ilə yazılan yazının surətidir". Ərəb dilindəki yazı "Quran"ın "Rəhman" surəsindən bir ayə ilə başlayır və belə yekunlaşır: "Fazil və alim, kamil bir arif, üləmaların seçilmiş və bəyənilmiş rəhbəri, elm və ədəb mənbəyi, fəzilət məcmusu Şeyxülislam vəl müslimin Axund Əhməd Hüseynzadə haqqın dəvətinə 1302-ci il rəbiyyüləvvəl ayının 11-də cavab verdi". Belə bir yazıya uyğun kitabəni Tiflisdə Botanika bağındakı məzarlıqda çox axtarsam da tapa bilmədim. 

1881-ci ildə Rusiya Çarı tərəfindən "III dərəcəli müqəddəs Vladimir ordeni" ilə təltif edilən Şeyxülislam rus imperiyası tarixində müsəlmanların ilk rəhbəriydi ki, səltənət məqamlarından Qafqaz müsəlmanları üçün yüksək ixtisaslı ruhanilər yetişdirilməsi məqsədilə Ali Ruhani Məktəbinin yaradılmasını tələb edirdi. Əli bəy Hüseynzadə 1905-ci ildə yazırdı ki, "Qafqaz şeyxülislamı mərhum Şeyx Əhməd Səlyani otuz il bundan əqdəm məmləkətimizin özündə qabili-molla və axund yetişdirmək üçün bir məktəbi-ruhani layihəsi tənzim edib hökumətə təqdim etmiş idi...".

Ali Ruhani Məktəb yaradılması məsələsiylə əlaqədar Peterburqda imperiya məqamlarının qarşısına çıxan Şeyxülislam müsəlmanların milli-mənəvi yüksəlişi naminə sinodun baş prokuroru, Rusiya türklərinin amansız düşməni olan Pobedonosevlə çarpışırdı. Pobedonosev isə "Biz müsəlmanların nur maarif ilə xabi-qəflətdən oyanmasına yol verəcək qədər dəlimiyiz?" - deyib söhbəti qapamışdı.

Seyid Əzim Şirvani "Şeyxülislam Molla Əhməd" adlı şeirində onu elmi "əllaməyə naz edən", "əhli-elmin mümtazı" deyə vəsf edir. Şahzadə Mirzə Yusif xan Mirzə Fətəli Axundova yazdığı məktubda "Mən o cənabı, mollalar silkindən hesab etmirəm. Mən onu ruhani alimlərdən bilirəm" - deyir. Sultan Məcid Qənizadə "XIX əsrin axır illərində maarif və ədəbiyyata dair xatirələrim" adlı əsərində "Axund Molla Əhməd şeyxülislamın məsnədində sair axund və şeyxlər kimi deyil idi. Bizləri görəndə hal-əhvalımızı yoxlayıb dərdimizə qalırdı" - deyə yazırdı.

XIX yüzillikdə ərəb əlifbasının islahatını şəriətə zidd hesab etməyən bir şeyxülislam təsəvvürə gətirmək Şeyx Əhməd fenomeni istisna olunarsa, sadəcə, mümkün deyil. Parisdə nəşr olunmuş "Hesab" dərsliyini mütaliə etməyə vaxt tapan, yaxud yeni tərtib olunmuş əlifbada sait və samit hərfləri şəxsən özü gözdən keçirmək istəyən şeyxülislam əlifbanın islahatı yolunda maneə törədən İstanbul nazirlərinə rəğmən, "sünnilərin öz kitablarında köhnə əlifbanın dəyişilməsinin şəriətə müxalif olmadığına dair fitva" axtarırmış.

***

Bu yazını, əslində, Şeyxülislam Axund Əhmədin əmisi və qayınatası Məhəmməd Əli Hüseynzadə ilə başlamalıydım. O da Şeyxülislam olmuşdu. Özü də Qafqazın ilk Şeyxülislamı olmuşdu.

Bu il hər iki şeyxülislamın yubiley yaşı tamam olur. Şeyx Məhəmməd Əlininin 230, Şeyx Əhmədin 210 illiyidir.

Məhəmməd Əli Hüseynzadə şeyxülislamlıq görəvində 1823-cü ildən etibarən 39 il çalışmışdı. Məhəmməd Əli Səlyani təqaüdə çıxması ilə əlaqədar Qafqaz canişininə yazdığı "Məlumat vərəqəsi"ndə "tamam qocalanadək Şeyxülislam vəzifəsində çalışdığını, ömrünün qalan hissəsini 22 yaşından ayrıldığı Salyanda, 22 yaşından bəri görüşə bilmədiyi qohumlarının əhatəsində yaşamaq istədiyini bildirirdi. Bəzən belə bir fikir də səsləndirilir ki, Axund Məhəmmədəli vəzifəsini tərk edərkən, xatırlatdığımız məlumat vərəqəsində guya öz yerinə qardaşı oğlu axund Əhmədin şeyxülislam təyin edilməsini xahiş etmişdir. Fəqət Axund Məhəmməd Əlinin Azərbaycan Dövlət Arxivində qorunan həmin məktubunda bu barədə heç bir söz, xahiş və təmənna yoxdur.

Məhəmməd Əli Səlyani 1847-ci ilin dekabrında yaradılmış "Qafqazda birinci olan Tiflis şiə məktəbinin" layihəsinin müəllifidir. Bu məktəb isə məşhur "Əli təriqi üzrə müsəlman ruhani məktəbi"ydi. Şeyxülislam Məhəmmədəlinin tərtib etdiyi layihədə "məktəb və mədrəsələrin çoxəsrlik təcrübəsi ilə yanaşı, mövcud dövlət məktəblərinin təcrübəsi də əsas götürülmüşdü".

Təqaüdə çıxandan sonra da Qafqazın ilk Şeyxülislamı hər zaman hörmətlə anıldı, yaşının ən pirani çağlarında belə tövsiyələrinə ehtiyac duyuldu. Şeyx unudulmadı. 1877-ci ildə "Əkinçi"də dərc olunmuş və məhərrəmlik ayinində baş yarmağın haram və bidət olduğunu təlqin edən "Məktubat" sərlövhəli məqaləni səksən beş yaşlı Axund Məhəmməd Əli Tiflisdən deyil, Salyandan, özü də artıq Şeyxülislam olaraq deyil, "Məhəmməd Əli isna-əşəriyi-Səlyani" imzası ilə yazmışdı.

Mixail Lermontov 1837-ci ilin sonlarında Qafqazdan Rayevskiyə yazdığı məktubda: "Я в Тифлисе у Петр: Г: — ученый татар. Али и Ахмет" - deyə bildirir. Nədənsə, Lermontov və Qafqaz məsələsini araşdıranlar 1837-ci ildə Qafqazın Şeyxülislamı olmuş Məhəmməd Əli Hüseynzadəni "unudub" "uçenıy tatarin Ali"nin Mirzə Fətəli Axundov olması qənaətində israr edirlər. Hətta alimlərimizdən biri "mirzə" sözünün alim mənasını verdiyini və Lermontovun da mirzə Əlini ruscaya çevirərək onu "uçenıy Ali" şəklində yazdığını vurğulayır. Mirzə Fətəli Axundov barədə yazılmış məşhur romanın müəllifi isə Əlini də bir tərəfə qoyub, Əhmədin Azərbaycan dilindəki qarşılığının Fətəli olmasını irəli sürüb. Mübahisə etmirəm, belə düşünənlər bəlkə də haqlıdırlar. Amma 1837-ci ildə Əlinin 45 yaşı vardı, qardaşı oğlu və kürəkəni Əhməd də Lermontovla, demək olar ki, eyni yaşdaydı. Amma niyə tədqiqatçıların nəzərində Lermontovun alim olaraq nişan verdiyi Əli də Fətəli olur, Əli ilə birgə xatırlatdığı Əhməd də yenə Fətəli olur. Bir halda ki, həmin illərdə Tiflisdə Əli də, Əhməd də var idi. Onlar da alim idilər. Lermontov onlarla irtibatda ola bilməzdimi?

 

***

Yenə də Şeyx Əhmədə qayıdıram. Axund Əhməd Hüseynzadə şeyxülislamlıq görəvində 22 il çalışdı. Nəinki təkcə ruhanilər, nəinki hakimiyyət məqamları, nəinki avam xalq, eləcə də demokratik fikirli ziyalılar arasında böyük nüfuz və söz sahibi oldu. Onu "Qafqazın birinci adamı" kimi dəyərləndirən müasirləri ifrata varmırdılar. Elmə, maarifə yönəli tədbirləri, Qori Müəllimlər Seminariyası yanında "ölkənin yalnız türk əhalisi üçün müstəqil Azərbaycan şöbəsi"nin açılması sahəsində Mirzə Fətəli ilə birgə göstərdiyi xidmətləri və s. yaşadığı dönəmdə Şeyx Əhmədi Qafqazın birinci adamına çevirmişdi. Mühüm olan başqa bir məqam da var: Şeyxülislam Axund Əhməd, Yusif Akçuranın bildirdiyinə görə, "Qafqaziyanın ən böyük əllaməsi idi. Bu zat o zaman Qafqaziyada yeganə hakim olan İran ədibanından zövq alamadığını, xalq şairləri tərəfindən düzülmüş türkcə sadə şeirlərdən daha çox xoşlandığını söyliyordu...".

Yenə də Yusif Akçura XIX yüzilin 60-cı illərini nəzərdə tutub yazırdı ki, "o zaman Qafqaz mədrəsələrində türkcə oxudulmazdı. İslam alimləri türkcə kitablara tənəzzül etmir, türkcənin yazılmağa layiq bir lisan olduğuna inanmırdılar. Fəqət ümum üləmanın səviyyəsindən xeyli yüksək duran Şeyx Əhməd Vaqifin türkcə şeirlərindən zövq aldığını söyləmək cürətkarlığında belə bulunurdu".

O, belə bir Şeyxülislam idi. Hətta şeyxülislamlıq görəvinə başlar-başlamaz Molla Pənah Vaqifin qətlinin səbəbi və məzarının yeri ilə maraqlanır, Qarabağ xanının Vaqifdən sonrakı vəziri Mirzə Camalın böyük oğlu Rzaqulu bəy Axund Əhməd Səlyaniyə 1862-ci ildə Vaqiflə bağlı ayrıca məktub göndərirdi...

Belə. Qafqaz şeyxülislamı türk ədəbiyyatının tarixini araşdırır, Qafqaz xalqlarının tarixini yazır, imperatorluqdan azərbaycanlılar üçün Ali Ruhani Akademiyanın yaradılmasını tələb edir, Qafqazda yeganə hakim olan İran ədibanın yazdıqlarından zövq ala bilmir, el şairləri tərəfindən düzülmüş türkcə şeirlərdən, xüsusən Molla Pənah Vaqifin qoşmalarından daha çox xoşlanırdı...

 

***

XIX yüzilin ikinci yarısında Azərbaycan Qafqaz şeyxülislamının timsalında ümmət məfkurəsindən milli məfkurəyə keçid edirdi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!