Roman və tarix - Nizaməddin ŞƏMSİZADƏ

Nizaməddin ŞƏMSİZADƏ

 

Həyat böyük adamlara qalan keçmiş - gəncliklə bağlı xatirələrdir. Onlar qocalanda özlərini ancaq bu xatirələrdə görə bilirlər.

 

Roman ədəbiyyatın qocalıq şəklidir. Əgər bir əsərdə xalq yoxdursa, o nə qədər möhtəşəm olsa da roman adlana bilməz. Xalq isə tarixdə yaşayır, ona görə də roman tarixi olduğu kimi təsvir etməlidir. Yazıçı tarixin təkcə faktını, sənədini deyil, tarixi faktın, rəqəmin arxasında gizlənən mənasını, sirrini, sehrini, möcüzəsini görməyi və göstərməyi bacarmalıdır. Roman tarixi mövzuya həsr olunmasa da, tarixi ola bilər. Bu, hadisələrə müəllif baxışının mövqeyindən asılıdır. Əslində müasirlik də tarixin, gəncliyin tarixidir. Roman müasir olmalıdır: həm məzmun və ideyasına, həm də dil və üslubuna, bədii formasına görə. Romanlar müəlliflərin fərdi üslubuna görə bir-birindən fərqlənir.

Tarix hər bir ölkənin, xalqın, millətin kimliyini göstərən ən dürüst, etibarlı sənəddir. Tarix dünya haqqında obyektiv həqiqətin meyarıdır. Tarix ən ədalətli hakimdir. Tarixin özü də tarixilik əsasında tarixin təcrübəsi ilə müəyyən olunur. Tarixin təcrübəsi - həm problem, həm də prinsip kimi tarixiliyin anasıdır.

Tarixin nəşi - sənədlər, faktlar, əlyazmalar arxivdə və muzeydə saxlanılır. Arxiv və muzeylər, fondlar tarixin panteonlarıdır. Tarix Yaddaşda və bədii ədəbiyyatda diri qalır, yeni həyatını başlayır. Arxiv və məxəzlərdə tarixin faktı, rəqəmi, bədii ədəbiyyatda isə ruhu yaşayır. Mövzu, ideyalar məcmusu kimi yox, canlı obraz kimi yaşayır. Obrazlar tarixi oxuculara, gələcək nəsillərə ötürür. Ona görə də "Poeziya tarixdən daha ciddidir" (Aristotel). Bizim çox qədim, zəngin və ulu tariximiz var. Fəqət O Yad ideologiya, Yad təfəkkürü ilə yazılıb. Tarixən bizi işğal etmiş imperiyalar, xüsusən rus-sivet, bolşevik-daşnak cinayətkarları bizim və bütün türk-islam respublikalarının tarix kitablarını özlərinə sərf eləyən tərzdə yazıb və yazdırıblar. Bu "tarixlərin" əsas ideyası Şərq tarixinin yeni dövr üçün yararsızlığı haqqında konsepsiya olub.

 

Tarix bizim olubdur,

Tarix yazan özgələr.

Tarixə düşməyibdir,

Bizim tarixi hünər,

Bizim tarixi zəfər.    

Xalq şairi Nəriman Həsənzadə

Türkün tarixi mübarizələrlə dolu şanlı zəfərlər və milli faciələr tarixidir. Türklərdə "vətən əxlaqı" (Ziya Göyalp) güclüdür. Vətən əxlaqı və ailə kultu (ailə namusu!) hər şeydən üstündür.

24 boydan - qəbilədən ibarət olan Oğuzları avropalılar elə "türk" adlandırırdılar. Oğuzlar 950-ci ildən islam dinini qəbul etməyə başlayıblar. Onlar islamı təkcə din kimi deyil, həm də ilahi bir elm kimi qəbul etmişlər, bu proses XI əsrin sonu XII əsrin əvvəllərində başa çatır. İslamı qəbul etmiş oğuzlar bundan sonra "türkmən" adlanmağa başladılar. "Oğuz dövləti" (IX-XI), "Qaraxanlı dövləti" (927-1212), "Ağ Hun imperatorluğu" (IV əsrin sonu - 567), "Qərbi Hun imperatorluğu" (IV əsr), "Birinci Göytürk imperatorluğu (552-588), "İkinci Göytürk imperatorluğu" (682-744), "Qəznəvi dövləti" (962-1187), "Osmanlı imperatorluğu" (1299), "Teymur imperatorluğu" (1370) və s.

Türklər tarixə 17 imperiya vermişlər və onlarca kiçik türk dövləti, bir yandan Çin, digər tərəfdən Monqollar, Sasani və Bizans rus dövlətləri ilə mübarizə aparmalı olmuşdur. (Ətraflı bax: Qumilyov. Qədim türklər. Bakı, Gənclik, 1993) Rəfiq Özdək. Türkün qızıl kitabı I-III kitab. Bakı, 1992-1996; Faruq Sümər. Oğuzlar. Bakı, Yazıçı, 1992; Ziya Göyalp. Türkçülüyün əsasları. Bakı, Maarif, 1944; Həbiboğlu B. Qədim türklərin dünyagörüşü. Bakı, 1996; Qeybullayev Q. Azərbaycan türklərinin təşəkkül tarixindən. Bakı, Azərnəşr, 1924; Həbiboğlu B. Türk dünyasının qüdrətli hökmdarları, xaqanları və sərkərdələri).

Türklər tarixdə öz varlıqları, türk adını qorumaq naminə mübarizə aparıblar. Türklər işğalçı deyildi, fateh idi, onlar fəth etdikləri ölkələrin xalqlarına sülh, əmin-amanlıq, demokratiya və mədəniyyət gətirirdilər. Türklər sərvətsun deyildilər, onlar sərvət, qarət uğrunda yox, haqq, ədalət müharibələri aparıblar.

Səlcuq məmurları türk obalarında xərac yığarkən, Qayı obasının bəyi Ərtoğrulun atası Süleyman şahdan qalma hakimiyyət rəmzi olan bir qılınc və bir də atdan başqa heç bir sərvəti olmadığını biləndə heyrətdə qalmışdılar.

Türkün şərəfli tarixində üç faciə - üç səhv olub: 1. Çingiz xanın ordusunda türklər də var idi (zorla cəlb olunmuşdular!) və onlar öz soyuna - türklərə qarşı vurulmuşdular; 2. Əmir Teymur Avropa diplomatiyasına (Fransa kralının məktublarına!) aldanaraq Avropanı diz çökdürmüş İldırım Bəyazidi məğlub etdi: 3. Sultan Səlim və Şah İsmayıl Xətai - iki türk fatehi Çaldıran döyüşündə bir-birinin qanını axıtdılar. Çaldıranda əslində Sultan Səlim yox, Avropa diplomatiyası qələbə çaldı.

Gələk XX əsrə! XX əsr dünya müharibələri, siyasi inqilablar və çevrilişlər, qanlı repressiyalar, lokal - regional müharibələrlə müşayiət olunan qalmaqallı bir əsərdir. Və eyni zamanda bu, Türkiyədə və Azərbaycanda mlli dövlətçilik əsri idi. Bu əsrin öz fədailəri, milli azadlıq mücahidləri - qəhrəmanları var idi. Fəqət "XX əsrin adamlarına ağır ölüm qismət oldu, çünki əsr onlardan əvvəl ölmüşdü" (Yuri Tonzamov).

Türk dünyasında "ölmüş əsrin" diriliyinə şəhadət verən adamlar yarandı. Mustafa Kamal Atatürk, Heydər Əliyev, Hacı Zeynalabdin Tağıyev, Məhəmməd Əmin Rəsulzadə və b. Türkiyə tarixində bu əsrdə "Yurda fəda üç paşa" - Ənvər Paşa, Tələt Paşa və Camal Paşa da milli qeyrət və heysiyyətlə fəaliyyət göstərib, qısa ömürləri türkün düşmənlərinin terroru nəticəsində sona yetmişdir: Ənvər Paşa 1922-ci ildə Orta Asiyada, Tələt Paşa 1921-ci ildə Berlində, Camal Paşa isə 1922-ci ildə Tiflisdə.

Tanınmış yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Yurda fəda üç paşa" trilogiyası millət naminə onların qəhrəman mübarizəsinə və faciəli taleyinə həsr olunub. Trilogiyanın birinci kitabı - "Ənvər Paşa" romanı ulu öndər Heydər Əliyevin "Bir millət iki dövlət", İlham Əliyevin "İyirmi birinci əsr türk dünyası əsri olacaq" və Rəcəb Tayyib Ərdoğanın "Hər nə olur-olsun, bu şanlı bayraq dalğalanmağa davam edəcək" kəlamları ilə, bir də müəllifin mənalı ithafları ilə açılır: "Bu triologiyanı böyük ehtiram və sevgiylə qardaş Azərbaycan və Türkiyə xalqlarının sarsılmaz dostluğuna, eləcə də Atatürkün, ulu öndər Heydər Əliyevin, Ənvər, Tələt və Camal paşaların bayraq estafeti davamçıları olan İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana ithaf edirəm". Beləliklə, "Ənvər Paşa" romanı türklüyə və azərbaycançılığa bədii-fəlsəfi xidmət naminə yazılmış əsərdir. Romanın qəhrəmanı Osmanlı Türkiyəsinin hərbiyyə naziri Ənvər Paşa ümumtürk miqyaslı qüdrətli hərbi sərkərdə, 1918-ci ildə Azərbaycanı bolşevik- daşnak qırğınından məhv olmaq təhlükəsindən xilas etmiş, başında Nuru Paşanın dayandığı Qafqaz İslam Ordusunun təşkilatçısı olmuş, Türküstanda basmaçıların qərargah rəisi kimi bolşevik-sovet işğalına qarşı mübarizəyə rəhbərlik etmiş, 1922-ci il avqustun 4-də Orta Asiyada erməni Akop Melkumyanın gülləsi ilə qətlə yetirilmişdir. Bu roman barəsində çox yazılmış Ənvər Paşa haqqında azərbaycanlı müəllifin sevgisindən yaranıb. Bu təkcə yurda fəda üç paşaya - Ənvər Paşaya, Tələt Paşaya və Camal Paşaya sevgi deyil, bütünlüklə Türkiyəyə, vətəni Yerlə Göy arası olan böyük, qədim, cəngavər, mərhəmətli, tarixin bütün dönəmlərində haqq-ədalət savaşı aparan, məzlumları zalımın zülmündən xilas etmək amalı ilə yaşayan, dünyaya mərdlik, mədəniyyət və azadlıq nümunəsi verən Türk Millətinə olan sevgisidir.

 

"Ənvər Paşa" romanının bütün sətirləri bu ulu sevgi ilə süslənib:

 

Vətən nə Türkiyədir türklərə, nə Türküstan

Vətən böyük və əbədi bir ölkədir: Turan!

 

Türkçülüyün böyük mütəfəkkiri Ziya Göyalpın bu misraları romanın bədii-fəlsəfi konsepsiyasını müəyyən edir. Ənvər Paşa "Turan İslam imperatorluğu yaratmaq istəyən qartal baxışlı sərkərdə idi. Beləliklə, Ənvər Paşanın düşmənləri Turanın düşmənləri olmuşdur. "Qayəmiz Turandır, Turan olmazsa şəhid olarıq" - bu sözlərin müəllifi Ənvər Paşa canından artıq sevdiyi 26 yaşlı Naciyəsini qoyub 41 yaşında (22.XI.1881 - 04.VIII.1922) bolşevik erməni Akop Melkumyanın gülləsi ilə qətlə yetirildi, - Turan sevdası ilə savaşda şəhid oldu. Osmanlı dövlətinin 41 yaşlı hərbi naziri, Türk dünyasının əbədi gənc qəhrəmanı.

H.Mirələmovun "Ənvər Paşa" romanı belə bir tarixlərə iz salmış, şərəfli tale yaşamış gənc türk oğlunun həyat yolu haqqında, onun gözəl türk qızına, Naciyə adlı xatununa olan ülvi və nəcib sevgisi, sədaqəti barəsində bədii-sənədli romandır. Sənədli sözünü təsadüfi işlətmədik. Hər bir tarixi roman kimi "Ənvər Paşa" romanının, müəllifin Nadir Şaha həsr edilmiş "Sonuncu fateh", "Yurda fəda üç Paşa" və "İki Şah iki Sultan" trilogiyalarının əsas məziyyəti çoxsaylı, çoxmənalı, zəngin tarixi faktlara, sənədlərə, məktublara və əlbəttə ki, xatirələrə və yaddaşlara istinadla yazılmasıdır. Tarixi romanda fakt, sənəd, məktub və xatirə bədiiliyin müstəvisi və təminatıdır. Yerli-yerində işlədilmiş tarixi şəxsiyyətlərin fikirləri, faktlar və sənədlər tarixi romana görüntü - tarixilik, bununla da inandırıcılıq gətirir. H.Mirələmov tarix yazmır, tarixin bədii obrazını yaradır. Onun möhtəşəm trilogiyalarının məziyyəti, estetik və poetik dəyəri də bundadır. Yazıçı faktlar və sənədlər vasitəsilə oxucunu bədiilik sferasına - poetik fəlsəfi cazibə sahəsinə daxil etməyə nail olur. Nəticədə oxucu özünü Azərbaycan tarixinin və Türkiyə tarixinin beş əsrlik bir dövrünün - XVI-XX əsrlərin içində, bu tarixi dönəmdə baş verən mürəkkəb olayların iştirakının qismində hiss edir.

Bədii əsər ilk növbədə bədii olmalıdır. Hansı mövzuda yazılır yazılsın, bədiilik onun əsas məziyyəti sayılmalıdır. Tarixi mövzuda yazılan romanlarda bu problem çox çətindir. Hüseynbala Mirələmov da bu çətinliyə düçar olub. O, tarixi hadisələrə, fakt və sənədlərə, tarixi şəxsiyyətə dair yaddaş, xatirə və məktublara aludə olaraq bəzi hallarda bədiiliyi unudub, ikinci planda saxlayıb. Əslində belə aludəçilik təbiidir və mövzuya vurğunluqdan, faktlara sədaqətdən irəli gəlir. Tarixi hadisənin, faktın, şəxsiyyətin cazibəsi yazıçını hiss olunmadan bataqlıq kimi özünə çəkir.

Tarixi bədiiliyin arealına vermək, tarixin bütöv obrazını yaratmaq yazıçıdan fəlsəfi təfəkkür və fəhm tələb edir. Burada yazmaq istedadı kifayət etmir. Bu təkcə yaradıcılıq səriştəsindən asılı bir məsələ deyil. Tarix əsərdə bütöv bir obraz kimi görünmürsə onda publisistik üslub bədii üslubu üstələyə, sıxışdırıb çıxara bilər. H.Mirələmovun "Ənvər Paşa" romanında da bu cəhət müəyyən qədər hiss olunur.

Bütövlükdə romanı oxuyanda həssas və hazırlıqlı oxucuya belə bir fikir hasil olur ki, yazıçı Ənvər Paşanın timsalında əqidəyə inadkar bir inamın təntənəsini verməyə nail olur.

Gənc komandan Ənvər Paşa əslində həssas, incə ruhlu, böyük sevgi ilə sevən, romantik bir insandır. Fəqət onun üçün ailədən, canından artıq sevdiyi Naciyə Sultandan, üç övladından da üstün bir sevgi var: Vətən sevgisi, Yurd sevgisi, türk qövmünün əbədi Turan sevgisi!

Bu yolda gənc hərbi zabit - Paşa sadə bir mehmetcik saflığı ilə fədakarcasına mübarizə aparır və bu müqəddəs yolda da şəhid olur. Ənvər Paşa vahid, monolit, əşirət dövründən formalaşıb gələn türk millətini müxtəlif adlar altında parçalayıb hökm sürən, türk düşmənlərinə qarşı durur: Almaniyada, Macarıstanda, Rusiyada ən çətin üsullarla türkün tarixi mənafeyini - Turan İslam İmperiyası idealını qorumaq uğrunda mübarizə aparır. "Ənvər Paşa" türk tarixini obyektiv tərzdə, fəlsəfi-hərbi yöndə azərbaycanlı təfəkkürü ilə işıqlandıran unikal çoxplanlı, çoxşaxəli, konseptual bir romandır. Bu roman bədii-fəlsəfi cəhətdən fundamental əsərdir, ona görə ki, mükəmməl tarixi araşdırmaya, tarixi müstəviyə, faktı, sənədi yaddaş kimi dinləmək, məktub kimi bədiiləşdirmək üsulu ilə yazılıb. Bu əsərdəki obrazlar - Ənvər Paşa, Naciyə Sultan, Axund Yusif Ziya, Mustafa Kamal olduqca diridir. Romanın mətni bu sözlərlə başlayır. "Böyük xilaskarlar Vətənin dar günlərində haqqa tapınmaq istəyən xalqının ehtiyacından doğulur".

Ənvər Paşa, Tələt Paşa, Camal Paşa haqq, hürriyyət təşnəsi ilə yaşayan türk xalqının dar günündə XX əsrin önlərində (1905-1923) tarixi ədalət və milli azadlıq uğrunda mübarizə aparan fədakarlardır. Bu, möhtəşəm Osmanlı imperiyasının artıq tarix səhnəsinə əlvida dediyi, bir dövlət kimi Balkanlarda, Birinci Dünya müharibəsində, Rusiya ilə müharibədə məğlubiyyətlərə uğradığı bir dövr idi. Hələ Mustafa Kamal Atatürkün Türkiyə Cümhuriyyəti yaranmamışdı. Bu, bütün türk xalqları üçün çətin, mürəkkəb, tale yüklü bir tarixi zaman idi. Türk dünyasına "qırmızı qaranlıqlar" (Əli bəy Hüseynzadə) çökməkdə idi. Tarixdə yeni-amansız bir imperiya - bolşevik-daşnak "heç bir qanunla idarə olunmayan" (V.Lenin) proletariat diktaturası (!!!) yaranırdı. Və o, SSRİ adı altında Qafqazda, Orta Asiyada bütün türk dövlətlərini, Sibirdə, Nil çayı boyunca yaşayan türk xalqlarını zorla müstəmləkəyə çevirirdi. "Ənvər Paşa" romanında müəllif bu ağrılı, faciəli prosesi diqqətlə təsvir edir, onun qəhrəmanı idealist, islamçı türk komandanı Ənvər Paşa bu mürəkkəb və qorxunc prosesə qarşı dururdu.

Türk millətinin müxtəlif adlarla adlandırılaraq türk monolit birliyinin parçalanması tarixi XX əsrdən çox-çox qədimdir. Görkəmli türkoloq, bu yaxınlarda 84 yaşında dünyasını dəyişmiş professor Aydın Abi Aydın mənim redaktoru olduğum "Türkiyə ədəbiyyatı tarixi" (I c. Bakı, 2005) kitabında yazır: "Türk xalqlarının müxtəlif adlarla adlanması da çox zaman elm adamlarını, tarixçiləri çaşbaş salmışdır. Qədim zamanlarda yaşamış, türk olduqları heç bir şübhə oyatmayan hunların, avarların, uyğurların, xəzərlərin, qıpçaqların, karluqların, sabarların (sabirlərin), bulqarların, uzların, xalacların və başqalarının, hətta hal-hazırda böyük dövlətlərin tərkibində yaşayan tubaların, xakasların, sakların, altayların, şorların, çuvaşların, kamasunlərin, barabinlərin, qumuqların, qaraçayların, kamasinlərin, noğayların, başqırdların, tatarların və habelə qaqauz, qaraut, urum kimi Şərqi Avropa ölkələrində yaşayan türklərin və digərlərinin həqiqətən türk olduğunu məgər hamı bilirmi?

Bu siyahıya şumerləri, hithitləri, masketləri, Amerika qitəsində yaşayan appaçiləri də əlavə etmək olar. Türklər dünyanın yarısını tutur və onlar Turanda birləşməlidir. "Ənvər Paşa" romanı zəngin arxitektonikaya malik çoxsəsli, fəqət aydın konsepsiyalı əsərdir. Milli romançılıq təcrübəsində unikal hadisələrdən biridir. Romanın bir neçə əsas xətti var: 1. Ənvərin nəsil şəcərəsi - mühiti tarixi kontekstdə; 2. Turan İslam İmperiyası ilə bağlı həyat idealını əks etdirən düşüncələr; 3. Qəhrəmanın ailə kultu - Ənvər Paşa və Naciyə Sultan; 4. Qeyri-adi məhəbbət ifadə edən - məktublarda ifadə olunan Eşq hekayəti; 5. Ənvər Paşa və Axund Yusif Ziya - türkün iki qəhrəman oğlu, Osmanlı və azərbaycanlı türk qəhrəmanlarının əqidə birliyi; 6. Ənvər Paşanın dostları və silahdaşları ilə münasibəti; 7. Gənc hərbi nazir Ənvərin qəhrəmanlığı; uğurlar və səhvlər (Sarıqamış faciəsi!); 8. Milli qəhrəman, sərkərdə Ənvər Paşanın əqidə və məslək yolunda sovet-rus-daşnak bolşevizmi ilə son döyüşü və qəhrəmancasına şəhid olması; 9. Ənvər Paşa "Qafqaz İslam ordusunun" təşkilatçısı - qardaşı Nuru Paşa Azərbaycanı (1918-ci il) bolşevik-daşnak işğalından azad eləyən qəhrəmanlar kimi.

Bu əsas xətlər - bədii-tarixi düşüncələr, xatirələr, olaylar, ailə dramı, şəxsiyyət kimi acılar və ağrılar, coşqun mübarizə anları bir əsas süjetdə - bədii-fəlsəfi konsepsiyada birləşir: Türk xalqlarının milli azadlığı - Turan İslam İmperiyasının idealını tarixi həqiqətə çevirmək! Romanda Ənvər Paşa ümumtürk milli qəhrəmanı olaraq təsvir və tərənnüm olunur.

Ənvər Paşa qaqauz türkləri nəslindəndir. Əmisi Xəlil Paşanın, dayısı Həsənin söhbətlərinə istinadən deyir ki, "Dədələrimiz bu yerlərə Krımdan köç etmişdilər... Əslən qaqauz türkü olan babamız (Krım xanının qohumlarından!) bir qızla evlənir, beləcə, qanımızı Krım xanının qanına qovuşdurur. Bu izdivacdan Koca ağa Killi dünyaya gəlib.

...Dunay çayı ki var, həmin çay Qara dənizə tökülməmişdən öncə üç qola ayrılır. Bax bu üç qoldan birinin adı Killidir. Həmin bu Killi qolu üzərində eyni adlı qəsəbə varmış. Babalarımız əslən oradandır. Ona görə də el-oba arasında Killioğulları adı ilə bilinirik. Deməli, Əhməd bəy və Ayşə Dilarə xanımın oğlu Ənvər Paşanın yeddinci babası Abdullaya nisbətlə əslən qaqauz türklərindəndir".

Əslində roman qəhrəman Ənvər Paşanın ölüm ayağında xatirələri formasında yazılmış "xatirə-romandır". Müəllif yazır: "Ənvər Paşanın Turan sevdası qarşısıalınmaz bir sel idi". Və bu ideala gedən yolun xəritəsi də ona məlum idi: "demək, düz qərar vermişdi: böyük yolun başlanğıcı Qafqaz olacaqdı". Bu elə bir dövr idi ki, (onsuz da qalmaqallı XX əsrin ilk iki onilliyi!) Qafqaz qazan kimi qaynayırdı. Bir tərəfdən ingilislər, bir tərəfdən rus bolşevizmi, mərkəzdən isə bolşevik libaslı erməni daşnaklar Azərbaycanı - neft Bakısını əhatəyə almışlar. Terroru dövlət siyasəti, özünütəsdiq vasitəsi seçən ermənilər Leninin silahdaşı Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycanda, xüsusən Bakıda soyqrımın hazırlayırdılar. Azərbaycan üçün bu çətin olum-ölüm məqamında Ənvər Paşanın təklifi və təkidi ilə qardaşı Nuru Paşa türk-müsəlmanlardan təşkil olunmuş Qafqaz İslam Ordusuna komandan təyin edilir. "Ənvər Paşa" romanında bu məlum tarixi olay bütün incə detalları ilə təsvir olunur. "Dövr çox qarışıq idi, Azərbaycan dörd bir tərəfdən dünyanın böyük güclərinin müdaxiləsi ilə əhatə olunmuşdu". Belə bir vaxtda Baş Komandan, Hərbi Qərargah rəisi Ənvər Paşa "Azərbaycana çoxlu silah-sursat göndərin" əmrini verir. Yazıçı Türkiyə və Azərbaycanın bu ağır günlərdə bir-birinə qardaşlıq köməyini xüsusi bir həssaslıqla, tarixilik kontekstində qələmə alır. Osmanlı imperiyasının özünün bu ağır vəziyyətində onun qəhrəman oğlu, qəlbi Turan eşqi ilə döyünən Ənvər Paşa azərbaycanlı qardaşlarına nəinki silah-sursat, həm də doğma qardaşı Nuru Paşanın komandanlığı ilə böyük bir ordu - Qafqaz İslam Ordusu göndərir. Yerli türklərlə birləşən bu ordu böyük rəşadət göstərib, şəhidlər verərək qardaş Azərbaycanı dünya imperiyalarından, xüsusən rus-daşnak bolşevik quldurlardan xilas edir. O zaman da, üstündən bir əsr keçdikdən sonra - bu gün də qədirbilən Azərbaycan xalqı türk qardaşlarının bu əvəzsiz xilaskarlıq missiyasını minnətdarlıqla xatırlayır. Mən "Ənvər Paşa" romanını azərbaycanlı müəllifin qəhrəman türk şəhidlərinə qoyulmuş səmimi və qiymətli bədii abidə hesab edirəm. Bu romanın böyük əhəmiyyəti həm də ondadır ki, o, gələcək nəsillərə ünvanlanıb, bizdən sonra gələnləri Türkiyə-Azərbaycan qardaşlığı haqqında bilgilərlə təmin edir, bu tarixi bağları qırılmağa qoymur.

Azərbaycan çətin və mürəkkəb tarixi durumda olduğu bir vaxt Ənvər Paşa qardaşı Nuru Paşaya yazırdı: "Bakısız Azərbaycan başsız bədəndir... Biz heç Bakının ingilisə, yaxud qeyri ingilisə təslim edərikmi?.. Bütün Azərbaycan ayağa qalxaraq uca türkün bayrağına salam vermişdi". Bu sözlər romanda şüar kimi səslənir, bir əsr bundan əvvəlki qəhrəmanlıq tarixini yada salır. "Ənvər Paşa" romanının müasirliyi məhz bu tarixi həqiqətlərin ifadəsindədir.

Romanda "Azərbaycanın işini sanki ailə işi bilən paşa bura göndərdiyi şir ürəkli zabitləri deyil, cəbhələrdə aslan kimi döyüşən yenilməz ordu birliklərini də özü seçib göndərmişdi". Müəllif hadisələrin tarixi obyektivliyinə bədii şəhadət verir.

Romanda yeri gələndə ədəbi fakt və hadisələrdən də istifadə olunur. Sanki müəllif bu mühitdə yaşayıb, onların meydana gəlməsini öz gözləri ilə görüb. Romandakı üslub və hadisələr o qədər canlıdır ki, elə bil Hüseynbala Mirələmov Ənvər Paşanın yanında olub, onun məktublarını oxuyub, xatirələrini dinləyib. Romanın üslubu kifayət qədər görüntülüdür. "1914-cü ildə - savaşın ilk illərində Əhməd Cavadın yazdığı, 1918-ci ildə Üzeyir Hacıbəylinin bir gecədə bəstələdiyi Ənvər Paşanın və onun güvəndiyi qəhrəmanların əsəri olan Qafqaz İslam Ordusuna həsr etdiyi "Çırpınırdı Qara dəniz" türküsü isə damarlarında qan kimi dolaşırdı. Onlar "Vəfalı türk gəldi yenə!" söyləyən azərbaycanlı qardaşlarının ümidlərini boşa çıxarmamışdılar:

 

Çırpınırdın Qara dəniz,

            baxıb Türkün bayrağına

"Ah" deyərdin, heç ölməzdim

            qapansaydım ayağına.

Ayrı düşmüş dost elindən

            illər var ki, çarpar sinən!

Vəfalı türk gəldi yenə,

            yol ver, Türkün bayrağına!

 

Savaşın qızğın çağında yazılmasına baxmayaraq şeirdən sanki barıt qoxusu yox, gül-bağça ətri gəlirdi".

Bir qədər sonra isə Abdulla Şaiqin təxminən eyni ruhlu şeiri verilir. Beləliklə, "Ənvər Paşa" romanı ədəbiyyatımızın "sirlərini" açır, şairlərimizin "qəhrəmanlığını" göstərir.

Romanda Ənvər Paşa, Yusif Ziya Talıbzadə Türkiyə-Azərbaycan qardaşlığının iki tarixi şəxsiyyətin timsalı kimi bədii-fəlsəfi və tarixi-ictimai məzmun kəsb edir.

Kim idi Axund Yusif Ziya? Əvvəlcə romandakı birmənalı mülahizəyə nəzər salaq:

"Nuru Paşa daha sonra Mosuldan onunla birgə yola çıxmış, yol boyu ona gözəl yoldaşlıq etmiş qardaşının tövsiyəsi ilə ona müşavir təyin edilmiş, hər zaman yanında olan Yusif Ziya Talıbzadənin Qafqaz İslam Ordusunun igid zabitlərindən olduğunu da Ənvər Paşaya xəbər vermişdi. Ənvər Paşa Yusif Ziyanı Balkan müharibəsindən tanıyırdı".

Barəsində Bakını 1918-də erməni-rus bolşevik işğalından xilas etmiş iki qəhrəman türk qardaşın - Ənvər Paşa və Nuru Paşanın böyük rəğbət və məhəbbətlə danışdığı Yusif Ziya Talıbzadə (1877-1923) Zaqafqaziya şeyxülislamı Axund Mustafanın oğlu, böyük ədibimiz, Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqin böyük qardaşı idi. Bunlar barəsində hələ XX əsrin 80-ci illərində mənə, cavan alimə ustadım, Yusif Ziyanın qardaşı oğlu akademik Kamal Talıbzadə çox şeylər danışmışdı. Sovet dönəmində bu adı dilə gətirmək belə mümkün deyildi. Kamal müəllim mənə demişdi ki, atamı qardaşına görə KQB daim izləyir, ailəmizi nəzarətdə saxlayırdı. Mən Kamal müəllimə irad tutanda ki, "Niyə Abdulla Şaiqin 5 cildlik seçilmiş əsərlərini ixtisarla nəşr etdirmisən" onda Kamal müəllimin göy gözləri dola-dola mənə demişdi: "Türkçülük - turançılıq ruhunda əsərlərini çıxarmasaydım bu nəşrə icazə vermirdi". Xüsusən "Xatirələrim"i öz əlimlə şikəst elədim".

Abdulla Şaiqin "Arazdan Turana" kitabı yalnız Azərbaycan müstəqillik qazanandan sonra 2003-cü ildə fədakar tədqiqatçı Minəxanım Əsədli tərəfindən toplanaraq qeydlər və izahlarla çap olundu. M.Əsədli geniş və səmərəli tədqiqat apararaq "Yusif Ziya Talıbzadənin həyatı və mühiti" (2005) monoqrafiyasını da müasir elmə və qədirbilən, milli ruhlu oxuculara təqdim etdi. Kitab akademik Kamal Talıbzadənin "Ön söz"ü ilə çap olundu. "Ön söz"də deyilir: "Milli tariximizin ideoloji buxovlardan azad olması, milli irsimizin imperiya məngənəsindən qurtulması, eyni zamanda Azərbaycanın istiqlaliyyəti, milli dövlətçiliyi uğrunda mübarizə aparmış mücahidlərin həyatlarını xalqın maariflənməsinə, mədəni tərəqqisinə həsr etmiş mütəfəkkirlərin mədəniyyət tariximizdəki yerlərini obyektiv və qərəzsiz mövqedən dəyərləndirilməsinə yol açmışdır.

Y.Z.Talıbzadənin ictimai-siyasi fəaliyyətinin dövrün mədəni prosesləri kontekstində araşdırılması və Azərbaycan, Türkiyə və Orta Asiyadakı türkçülük və islamçılıq hərəkatları fonunda təqdim edilmişdir". Yusif Ziyanın XX əsrin türkçülük, islamçılıq və turançılıq hərəkatındakı müstəsna iştirakı xüsusi bir tədqiqatın mövzusudur. Bu kontekstdə biz H.Mirələmovun "Ənvər Paşa" romanının bədii-fəlsəfi, milli-tarixi rolunu xüsusi qiymətləndirməliyik. Belə ki, bu əsər təkcə Ənvər Paşa, onun sevimli xanımı Naciyə Sultanın deyil, həm də Turan İslam İmperiyası yaratmaq uğrunda mübarizə aparmış silahdaşları Nuru Paşanın, Yusif Ziyanın, Xəlil Paşanın, Mustafa Kamal Paşanın, Tələt Paşanın, Camal Paşanın, Nağı bəy Şeyxzamanın, Əhməd Zəki Vəlidi Toğanın və b. mücahidlərin romanıdır.

Nərimanovun dəstəyi ilə Sovet Azərbaycanında yüksək vəzifə tutan Yusif Ziya bolşevik təzyiqinə dözməyib məmləkətindən ayrılmışdı... Təqiblərdən qurtarmağın mümkün olmadığını görüb, mövqe tutmaq istədiyi Pəncab qışlağından ayrılaraq döyüşçülərlə bərabər özünü Amu-Dərya çayına vurur. Amma çayın o biri sahilinə çataçatda quzğun sürüsü kimi çatıb çöməlmiş qırmızılardan yaxa qurtara bilmir.

Bir nəcib duyğu Ənvər Paşa ilə Naciyə Sultan arasında baş verir. Romanda bu böyük Eşq macərası real həyatdan çox, iki fədakar aşiqin məktublarında ifadə olunur. Bu məktublar romanın əsas süjet xətti ilə üzvi surətdə birləşir, əsərdə yad səslənmir, əksinə, ona izafi dərəcədə oxunaqlıq gətirir. Faktiki olaraq bu məktublar Ənvər Paşanın həzin xatirələri ilə vəhdət təşkil edərək bu tarixi faktların əsərin bədiiliyini təmin edir. "Ənvər Paşa" türk tarixini Azərbaycana tanıdan tarixi-fəlsəfi romandır. Onun yerliyi - bədii müstəvisi fakt, xəyal, mübarizə, insan, acı və sərt həqiqətdən toxunub. Bu, nurlu ideal yolunda fəda olan tarixi şəxsiyyət barəsində romandır. 1915-ci il martın 18-də Çanaqqalanı keçməyə çalışan ingilis ordularını 1916-cı ildə sonadək darmadağın edən məşhur Çanaqqala sərkərdəsi Ənvər Paşa, eyni zamanda Naciyənin romantik və duyğusal əri, qızları Mahneykəri, Turkanı, oğlu Əlini sevən kövrək bir atadır.

Eləcə də Türkiyəni, Anadolunu, Azərbaycanı, Krımı, Türküstanı - harada türk qövmü - türk milləti yaşayırsa, oranı - bütün türklərin dövlətini - Turanı sevir. O, hətta məktublarından birində üzünü az-az gördüyü, fəqət dərin və nəcib bir duyğu ilə sevdiyi Naciyəsinə yazır ki, ürəyim, məndən inciməzsən desəm ki, Vətəni sizdən çox sevirəm. Yazıçı tutarlı dəlillər, inandırıcı detal və olaylarla sübut edir ki, Ənvər Paşanın Turan sevdası təkcə bir amal, bir ideal deyil - Həqiqətdir! O bu tarixi həqiqət uğrunda vuruşur.

Ənvər Paşanın varlığında iki böyük hiss bərqərar olur: Turan amalı və ailə sevgisi! Bu iki duyğu onun tarixi bir şəxsiyyət, bir bədii obraz kimi xarakterini müəyyənləşdirir: sərt və dönməz vətənpərvər qəhrəman və romantik aşiq!

Naciyə Sultan Əbdülməcidin oğlu Səlim Süleymanın yeganə qardaşı qızı idi. Ənvər Paşa ilə toyları 1914-cü il aprelin 4-də olmuşdu. Qonaqlar tək-tək seçilmişdi. Ancaq sultanlıq, padşahlıq ədası yenə də özünü göstərmişdi. Yazılan dəvətnamələrdə Ənvər bəyin adı belə qeyd edilməmişdi. Sadəcə yazılmışdı: "Naciyə Sultanın evliliyi 5 mart 1914-cü ildə Türkiyə saatı ilə savah təqribən 10-da keçiriləcək".

Onda Naciyənin 14, Ənvərin 28 yaşı var idi. Onlar bir-birinin üzünü görmədən nişanlanır, çox keçmir ki, evlənirlər. Naciyənin incə ruhlu, dözümlü, sədaqətli türk gözəli olduğunu Ənvər Paşanın ölüm ayağında olarkən xatirələrindən öyrənirik: "Naciyənin parlaq çöhrəsi gəlib gözünün önündə dayanmışdı. Sevimli həyat yoldaşının iri, ala gözləri, qara qaşları, düzgün biçimli burnu, dolğun dodaqları, yumru qəşəng çənəsi, Ay parçası kimi gözəl və parlaq siması sanki lap bir addımlığında idi. Bu gözəl varlığı qorumaq üçün həsrət dolu illərini xərclədiyini, vüsal intizarı ilə hər an, hər dəqiqə onu düşündüyünü, ən qızğın döyüşlərdə belə onu ağlından çıxara bilmədiyini dərin hüznlə xatırladı. Qurumuş qanlı dodaqları az qala özündən asılı olmadan pıçıldadı: Kaş ki, yanımda olaydın Sultanım, o gözəl qollarının üstündə can verəydim...". Bu, sadəcə təsvir, məhəbbətlə dolu tərənnüm deyil, təsvir-prosesdir. Əvvəla Naciyənin necə bir türk gözəli olduğunun rəssam kimi çəkilmiş surəti, qadın ləyaqətini əks etdirən rəmzi bədii formulasıdır. İkinci, romanda belə bir müəllif fikri aşılanır ki, Ənvər Paşanı ən ağır döyüşlərə, zəfərlərə aparan qəhrəmanlığın və cəsarətin enerji mənbəyi, güvən yeri Naciyənin gözəlliyi, etibarı və sevgisidir.

Məhz bu eşqin və etibarın sayəsində də ağır yaralı Ənvər Paşa ağrı və acılarını unudur, sevimli qadını şəfqət dolu məhəbbəti və gözəlliyinin nurunda milli qəhrəman kimi əbədiyyətə qovuşur, etibarın saxlanc olan türk yaddaşına köçür. 

Romanda Azərbaycan ziyalılarının adları ehtiramla çəkilir, onların Türkiyə liderləri ilə əlaqələri ön plana çəkilir: "1918-ci il... Azərbaycan Milli Komitəsinin Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün İstanbula göndərdiyi Nağı bəy Şeyxzamanlı artıq İstanbuldadır. Azərbaycan ictimai fikrində önəmli yerə sahib olan tanınmış publisist Ömər Faiq Nemanzadə də onunladır. Qonaqlar hərbi nazir Ənvər Paşayla, baş nazir Tələt Paşayla, ədliyyə naziri Xəlil Paşayla görüşdən necə də ümidli idilər". Bu sətirləri oxuyan Müzəffər Azərbaycanın vətənpərvər gəncləri babalarına layiq vətəndaş, əsl türk qəhrəmanları kimi dərin iftixar hissi keçirəcəklər. Böyük milli ədibimiz Cəfər Cabbarlının romanda yer alan aşağıdakı misraları şairlərimizin qəhrəman türk qardaşları ilə necə amal birliyində yaşadıqlarını əyani əks etdirir:

 

İntizar gözlərdə Xəzər doğuldu,

Həsrət ürəyimiz yaşar dağ oldu.

Dillərimiz Turan deyə yoruldu

Turan ellərinə salam söyləyin.

 

Bəli, Turana gedən yol Azərbaycandan başlanırdı. "Ənvər Paşa" romanının müəllifi bu tarixi həqiqəti doğru təyin etmişdir. Bolşeviklər Ənvər Paşanın Azərbaycanda olan hikmətinə xələl gətirmək məqsədi daşıyırdı. Ancaq Ənvər Paşanın abidəsi könüllərdə idi, Azərbaycan xalqının qəlbində taxt qurmuşdu, onu oradan endirmək hər adamın işi deyildi".

Bu sətirləri ancaq vətənpərvər bir azərbaycanlı müəllif yaza bilərdi. "Ənvər Paşa" romanı Ənvər Paşanı sovet totalitar rejiminin yasaq etdiyi həmin taxtı müasir Azərbaycan oxucularının qəlbində yenidən qurdu.

Müəllif Ənvər Paşanın V.İ.Leninlə görüşdüyünü yazır. Bilmirəm, bu tarixi bir faktdır, yoxsa yazıçı fantaziyası?! "Ənvər Paşa Leninlə görüşmüş, onunla danışaraq Şərq millətlərini kapitalizm və İngiltərə əleyhinə mübarizəyə qaldırmağa razılaşmışdı". Daha bir fakt: "Bolşevizmin qulaflı Kobası - Stalin "Cəsur olduğu qədər səbirsiz və ötkəm bir adam" deyə tanıdığı paşaya hər yerdən göz qoydurmaqdaydı".

Hər halda bu iki qeyd romanın qəhrəmanının igid, cəsur və bolşevizm üçün ciddi təhlükə olduğunu əks etdirmək baxımından maraqlı təsir bağışlayır. Bu həm də onu göstərir ki, müəllif mürəkkəb, keşməkeşli, bizim üçün tale yüklü o dövrün tarixi-siyasi proseslərini yaxşı bilir, yoxsa bir roman yazmaq mümkün olmazdı.

"Mustafa Kamal Paşa ilə Ənvər Paşanın döyüş meydanlarının birində qarşı-qarşıya söhbət edərkən bir fotosu tarixə yadigar qalıb... siyasi baxışlarındakı ciddi fərqliliklərlə yanaşı, bu iki sərkərdəni birləşdirən məqamlar da var idi. Bu hər ikisinin hədsiz vətən, yurd sevgisi, bir də hər ikisinin ölümün gözünə dik baxa bilmək cəsarəti idi". Fəqət Mustafa Kamal Paşa Ənvər Paşanın Turan İmperiyası niyyətini qəbul etmirdi: "Sizin Turançılıq fikirlərinizin bətnində xüsusilə çar Rusiyası tərkibində olan bütün türk dövlətlərini birləşdirərək böyük Turan dövləti yaratmaq ideyası dayanır. Özlüyündə çox parlaq, həm də qürurverici bir istəkdir. Ancaq reallıqları da hazırkı şəraitdə nəzərə almaq lazımdır. Ölkənin özündə belə bir ideya müəyyən dairələr tərəfindən xoş qarşılanmır. "O da ola ki, o uzaq diyarlarda".

Onda Ənvər Paşa Mustafa Kamal Paşaya demişdi: "Ancaq belə bir möhtəşəm birliyin kökdən gələn ənənələri də var... Altaylardan Orta Asiyaya, Hun oğuz birliyindən Anadoluyacan uzanan bağlar bizim Turançılıq düşüncəmizin təməlində get-gedə közərən, get-gedə oda, atəşə dönən bir gerçəklik deyilmi?".

Lakin Mustafa Kamal Paşa yenə də inad göstərir: "Yenə də deyirəm, bu özlüyündə çox parlaq, çox cazibədar bir siyasi görünüşdür... Fəqət aldadıcıdır. Hətta bir sərhəd tanımayaraq dünyada mövcud olan bütün türkləri belə bir dövlət halında birləşdirməyə nail olması mümkün olmayan bir məqsəddir...

...Mənim qəti fikrimdi ki, sizli-bizli gəlişmədə mümkünsüz olan, həyata keçirə bilməyəcəyimiz anlayışlar ətrafında coşub düşmənlərimizin sayını və bizə qarşı olan pis münasibətləri artırmaqdansa gerçəklikdən çıxış edərək, təbii vəziyyətimizə qayıdaq". Bu söhbətin böyük tarixi əhəmiyyəti var. Müəllif ustalıqla Turan ideyasını oyadır, gündəmə gətirir və müasirlərinin düşüncəsinə yönəldir. Biz də bu fikirdəyik ki, Tarix Turana doğru gedir! Bu, idealdan gerçəkliyə gedən yoldur.

Ənvər Paşa "Moskvadan Orta Asiyaya gedərək Basmaçı hərəkatının başında dayanmışdı... Basmaçı hərəkatı öz başlanğıcını 1917-ci ildə (Oktyabr inqilabı başlanan il!) Fərqanə vadisində götürüb. Müsəlman türklər, bir qisim taciklər də daxil olmaqla, ta ki, 1940-cı illərə qədər müstəmləkə və kommunist Rusiyasına qarşı üsyanlar etdilər. ...1922-ci ilin mayında sovet hökuməti Ənvər Paşanın sərt ultimatumunu aldı: "Qızıl Ordu Türküstanı tərk etməlidir".

Bu dönəmdə Ənvər Paşanın yaşında, Orta Asiyada böyük nüfuz sahibi, dönməz, cəsur Yusif Ziya var idi. Ənvər Paşa onu çox yüksək dəyərləndirirdi: "Yusif Ziya fikir dünyası elə geniş bir ideoloq idi ki, öz dini inancını və fəaliyyətini istiqlal uğrunda mübarizə ilə paralel aparmağı vacib hesab edirdi. Onun Allaha inamı və imanı, İslama xidməti həm də milli azadlığa töhfəsi ilə çulğaşıb birləşirdi. Yusif Ziyanın üstün məziyyətlərindən biri dini radikal yönümdən qavraması deyil, İslamın mütərəqqi mahiyyətini anlayıb, bunun müasir elmi-mədəni tərəqqiyə böyük töhfə verəcəyinə ürəkdən inanması və bu baxışları müdafiə etməsi idi. Onun türkçülüyü İslam ittihadına söykənmişdi". Tarixi mövzuda bədii əsər yazmaq çox çətin və məsuliyyətli işdir. Ulu öndər Heydər Əliyev vaxtilə deyirdi: "Tarixi təhrif etmək olmaz. Tarixi təhrif edənlər xalqa xəyanət edir, onu çaşdırır. ...Hər bir sənətkar öz xalqının övladıdır və onun tarixi qarşısında məsuliyyət daşlıyır. Tarix ən qüdrətli və təsirli tərbiyə vasitələrindən, şüurları və həyat mövqelərini formalaşdıran vasitələrdən biridir". O, hələ 1981-ci ildə Azərbaycan yazıçılarının VII qurultayında "Ədəbiyyatın yüksək borcu və amalı" adlı nitqində demişdir: "Yazıçı sözü xalqın əməllərinə uyğun gəlməlidir. Gerçəkliyin qədim inikasının başlıca obyekti müasirlikdir... Azərbaycan tarixinin bir çox parlaq səhifələri bədii ədəbiyyatda layiqincə əks etdirilməmişdir, tarixi simaların obrazları və tariximizin çox mühüm dövrləri tərənnüm olunan ədəbi əsərlər ən yüksək səviyyədə yazılmalıdır. Bunlar çox mühüm, artıq deyək ki, mürəkkəb mövzulardır. Belə mövzuların öhdəsindən yalnız yüksək istedadlı, dərin bilikli sənətkarlar gələ bilərlər. Buna görə də tarixi mövzuda əsər yaratmağa girişməzdən əvvəl ədib öz qüvvə və imkanlarını götür-qoy etməli, böyük və ciddi hazırlıq aparmalıdır". Bu tarixi-metodoloji tövsiyələr, bir tənqidçi və nəzəriyyəçi ədəbiyyatşünas kimi mənim üçün də 40 ildir ki, əsas estetik meyardır. Elə etmək lazımdır ki, xalqın milli yaddaşında həkk olunmuş tarixi hadisə və tarixi şəxsiyyətin obrazı ilə bədii əsərdə yenidən yaradılmış obrazı bir-birini tamamlasın, üst-üstə düşsün. Yazıçı elə qüdrətli olmalıdır ki, onun öz əsərində yaratdığı tarixi obrazı və tarixi şəxsiyyətin obrazı millətin yaddaşında ehtiramla qorunan obrazı təhrif etməsin, ona xələl gətirməsin. Əks halda yazıçı böyük məğlubiyyətə düçar ola bilər. Barəsində danışdığımız "Ənvər Paşa" romanı bu kontekstdə xüsusi həssaslıqla, türk - Türkiyə tarixinə və Azərbaycan tarixinə dərin hörmət və məhəbbətlə yazılıb. Romanda obyektiv tarixi gerçəkliklə yazıçı xəyalının icadı olan bədii həqiqət biri-birini üzvi şəkildə tamamlayır.

"Ənvər Paşa Türküstana gəmi vasitəsilə Salyanın Qoltuq kəndindən keçib getmişdi". Bu gizli yolu o zaman heç kim bilmirdi. Yalnız çox sonra Cavad qəzasının fövqəladə komissarı olmuş bir adam bunu öz yaxınlarına danışmışdı. Sovet orqanları gizli surətdə onu öldürmək barəsində göstəriş verirlər. Ənvər Paşanı Türküstana Serqo Orconikidze "yola salmışdı". Ənvər Paşa bilirdi ki, o, Şərqi Buxaraya oradan da Türküstana keçsə, basmaçıların komandanı olacaq. Bu proses mürəkkəb tarixi şəraitdə baş verir. Bu çətin şəraitdə Ənvər Paşaya obyektiv tarixi şəraiti Zəki Vəlidi izah edir.

Daha bir məlumat: "Tamamilə müsəlmanlardan təşkil olunmuş on iki minlik Qafqaz İslam Ordusuna səkkizminlik Azərbaycan türkləri və bir nicat ordusunu gözləməkdə olan Dağıstandakı müsəlmanların da ayrıca xüsusi alay şəklində qatılması ilə əsərlərin sayı iyirmi minə çatmışdı". Bu tarixi məlumat romana tarixilik gətirir və onu bilmək Azərbaycan oxucusu üçün çox zəruridir. Bunu qeyd etməkdə məqsədimiz belə bir fikri ifadə etməkdir ki, "Ənvər Paşa" romanı gələcəyə ünvanlanmış tarixi örnəklər məxəzidir.

Romanda Ənvər Paşa hərtərəfli bir şəxsiyyət kimi verilir. "Trablis yolçuluğu boyunca imkan tapan kimi özüylə götürdüyü "Faust"u oxuyurdu".

Trablis müharibəsində ağır döyüşlər zamanı "Faust"u oxumaq Ənvər Paşanın necə səbirli, dözümlü, eyni zamanda intellektual bir şəxsiyyət olduğunu göstərir. Müasirləri onu Napoleona bənzədəndə Ənvər etiraz edir: "Mən ikinci adam ola bilmərəm" - deyir. Yazıçı bu detalla qəhrəmanının özünəinamını, iradəsini və eyni zamanda öz tarixi dəyərini hamıdan yaxşı dərk etdiyini göstərmək istəyir. Ənvər Paşa müəyyən bir missiya ilə həyata gəldiyini fövrən dərk edir, coşqun ehtiraslı - passionar bir şəxsiyyət olduğunu dərk edir. Yusif Ziya və Zəki Vəlidi kimi həm hərbçi, həm də alim məsləkdaşlarından təsəvvüf mədəniyyətini, sufizmi - Allah dərgahına gedən iman yolunu - təriqəti öyrənir.

"Ənvər Paşa" romanı mühakimə roman - dialoq, roman - monoloq və roman - etirafdır. Bu, tarix və siyasətdən, hərb və fəlsəfədən, xatirə və məktublardan ərsəyə gələn Şəxsiyyət romanıdır. Əsərdə Osmanlı dövlətinin baş naziri Tələt Paşanın Masson lojaları ilə əlaqələrindən tutmuş, rus çarı I Nikolayın "Xəstə adam" adlandırmaqla Osmanlı imperiyasının çürüməsi fikrinə qədər hər şey mühakimə əsasında qurulmuş bədii üslubda öz əksini tapır. Bu, romana məxsusi ictimai-fəlsəfi məzmun aşılayan çətin bir yaradıcılıq yoludur. Ənvər Paşanın Azərbaycana Qafqaz İslam Ordusu göndərməsinin açıq niyyətlərindən başqa, bir də əsas gizli-strateji niyyəti var idi: O, Azərbaycanı Turanın qapısı hesab edirdi. Yazıçı bu strateji məqsədin tarixi mənasını diqqətlə izləyir.

Ənvər Paşanın Azərbaycandan gələn nümayəndə heyətinə dediyi sözlər bu gün də müasir səslənir: "Əziz qardaşlarım, ümid edirəm ki, sizinlə bu görüşümüzün uğurlu nəticələri Azərbaycanın gözəl istiqbalı üçün bir vəsilə olacaq Azərbaycan türklərini özümüzdən ayırmıram, biz eyni kökdənik, eyni soydanıq, üstəlik də şükür, Əlhəmdülillah hamımız müsəlmanıq, Həzrəti Məhəmməd ümmətiyik. Biz imkan vermərik ki, erməni mənfurları, ingilislər, bolşevik gavurları gözəl Azərbaycanı parçalayıb, bölüb öz bildiklərini eləsinlər. Bakı Türküstana, Turana açılan qapıdır. Gəncə iki gözümüzdür, Qarabağ ürəyimizdir".

Romanda yer alan bu sözlər bədii-tarixi himn kimi, gələcəyə ünvanlanmış simfoniya kimi səslənir və yazıçının necə dərin və gözəl estetik konsepsiyaya malik olduğunu göstərir. Qoy bu sətirləri vətənpərvər ədibə çirkab atanlar oxuyub utansınlar. Bu sətirlər yazıçının qələbəsi, mühitindən yüksəkdə durmasının təsdiqidir. Azərbaycan xalqı Ənvər Paşaya borclu idi, azərbaycanlı ədib öz romanı ilə bu borcu ləyaqətlə ödəyib.

Həyatda böyük adamlara qalan keçmiş - gəncliklə bağlı xatirələrdir. Onlar qocalanda özlərini ancaq bu xatirələrdə görə bilirlər. Ənvər Paşa 41 yaşında şəhid olur.

"Ənvər Paşa" 4 fəsildən ibarətdir. Bu il - 2022-ci ildə Ənvər Paşanın vəfatından 100 il ötür. Roman 100 il öncəki mürəkkəb tarixi hadisələrə güzgü tutur. Azərbaycanlı yazıçı qəhrəman türk qardaşına layiqli bədii-tarixi abidə ucaldıb, bu da bir növ qəhrəmanlıqdır.

 

15 aprel 2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!