Türkiyəli professor Bingur Sönməzin "Sarıkamış - Kafkas Cephesi" adlı kitabı işıq üzü görüb
Hikmət XUDİYEV
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru
Bu günlərdə İstanbuldakı "Tarihçi Kitabevi" tərəfindən Türkiyənin tanınmış ürək və damar cərrahı, çoxsaylı tarixi kitabların müəllifi, "Sarıkamış Həmrəylik Qrupu"nun qurucusu olaraq 1915-ci il Sarıqamış hadisələrinin yorulmaz araşdırıcısı və təbliğatçısı, professor Bingur Sönməzin "Sarıkamış - Kafkas Cephesi" adlı kitabı işıq üzü görüb. Kitab 1915-ci ilin yanvar ayında Sarıqamış bölgəsində baş vermiş döyüşlərdə Osmanlı dövlətinin böyük hərbi səhvi nəticəsində yaşanmış faciələri işıqlandırmaqla yanaşı, Azərbaycanla bağlı bir sıra tarixi məqamlara da işıq saldığından diqqəti cəlb edəndir.
Professor Bingur Sönməzin 880 səhifəlik "Sarıkamış - Kafkas Cephesi" kitabında Türkiyə tarixinin Sarıqamış faciəsi fonunda Birinci Dünya müharibəsi dövründə Alman - Osmanlı İttifaqı ilə bağlı bir sıra məqamlar zəngin tarixi faktlar əsasında işıqlandırılıb. Kitabda XX əsrin əvvəllərində ictimai-siyasi, hərbi vəziyyət, Birinci Dünya müharibəsi, Qafqaz cəbhəsi, Ənvər Paşanın savaş planları, Sarıqamış hərəkatı, baş vermiş faciənin böyüklüyü, şəhid və əsirlər, onların geri dönmələri və s. haqqında dəyərli və şoxsaylı mənbələrə istinad edilərək zəngün məlumatlar öz əksini tapıb.
"Sarıkamış - Kafkas Cephesi" kitabında professor Bingur Sönməz Nargin adasında və Sibirdə əsirlərin dözülməz şəraiti, onların heç bir yaşayış şəraiti olmayan baraklarda yerləşdirilməsi, gigiyenik qaydalara əməl olunmadığından xəstələrin dünyasının dəyişməsi, cansız və zəif olan əsirlərin üzərində bitlərin gəzməsi, su ehtiyacları, dava-dərmanın, tibbi ləvazimatın olmaması, həbsxana ətrafında üfunət, ölülərin islam qayda-qanununa uyğun olmayan bir şəkildə dəniz kənarında əsirlərin özləri tərəfindən qazılan quyulara üst-üstə atılması, yuyunma imkanı olmayan əsirlər arasında xolera, tif xəstəliyinin baş alıb çoxalması, qış aylarında əsirlərin şaxtada donaraq vəfat etməsi haqqında ətraflı söhbət açıb.
Azərbaycan sevdalı professor Bingur Sönməzin "Sarıkamış - Kafkas Cephesi" kitabında Sarıqamış hərəkatının fonunda eyni soykökə, milli-mənəvi dəyərlərə sahib olan Türkiyə və Azərbaycanın münasibətlərinin dövlətlərarası hüquqa söykənmədiyi çağlarında da möhkəm təməllərə əsaslanması, tarixin müxtəlif dönəmlərində bu iki xalq arasında həmrəyliyin, əməkdaşlığın, yardımlaşmaların ən gözəl örnəklərinin mövcud olması, qardaşlıq duyğularına əsaslanan siyasi-hərbi əlaqələrin bünövrəsinin qoyulması ilə bağlı tarixi faktlara geniş yer verilib.
Bingur Sönməz "Sarıkamış - Kafkas Cephesi" kitabında Azərbaycanın milli düşüncəli övladlarının təhlükədən çəkinməyərək fəaliyyəti sayəsində Sarıqamış faciəsinin nəticələri olaraq Nargin adasına aparılmış türk əsirlərinin, yaralılarının, qoca və uşaqlarının bu ölüm adasından qaçırılmasının həyata keçirilməsi Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının bariz nümunəsi kimi qiymətləndirilərək real tarixi faktlarla işıqlandırılıb. Müəllif təqribən bir əsr öncə Türkiyə və Azərbaycanın vətənpərvər övladlarının bir-birinə çiyin verərək necə məşəqqətlərdən keçdiyini qələmə alaraq Azərbaycan xalqına sevgisini minnətdarlıq hissi ilə oxucuya çatdırıb.
Bingur Sönməz "Sarıkamış - Kafkas Cephesi" kitabında cəhənnəm adası, ilanlı ada kimi hərb tarixinin səhifələrinə düşən Nargin adasında türk əsirlərinə, həmçinin bir içim su, bir tikə çörəyə möhtac olan mülki türk vətəndaşlarına qayğı və yardım göstərmiş Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Əlimərdan bəy Topşubaşov, Həsən bəy Zərdabi, Xosrov Sultanov, Ələkbər Rəfibəyli, Nəsib Yusifbəyli, Əjdər Aşurbəyov və b. soydaşlarımızın, yardım edən "Qardaş köməyi" "Möhtaclara kömək", Bakı Müsəlman Xeyriyyə cəmiyyətlərinın adları böyük ehtiramla çəkilib.
Professor Bingur Sönməz o dövrün mətbu orqanlarında, məxsusi olaraq "Bəsirət", "İqdam", "Hümmət", "Açıq söz", "Səda" qəzetlərində Nargində türk əsirlərinin yaşadığı iztirabları, çətinlikləri işıqlandıran publisistik yazıların, informasiyaların müəlliflərinin - Azərbaycanın milli düşüncəli övladlarından olan Məhəmməd Əmin Rəsulzadənin, Nəriman Nərimanovun, Haşım bəy Vəzirovun, Mustafa bəy Əlibəyovun, Əli Fəhminin, Hacı İbrahim Qasımovun, Mahmud Qaragözovun adlarını böyük sevgi ilə Türkiyə ictimaiyyətinə təqdim edib.
Həbs düşərgəsində əsirlərin vəziyyətinin dözülməz olduğu haqda ilk dəfə rəsmi şəkildə Azərbaycanın böyük dövlət və ictimai xadimi Nəriman Nərimanov "Hümmət" qəzetinin 28 noyabr 1917-ci il sayında nəşr etdirdiyi və məhz bu məqalədən sonra Nərimanovun cəsarətindən və təşəbbüsündən ruhlanan digər milli mövqeli ziyalıları müxtəlif mətbuat orqanlarında Anadolu türklərinin çətin durumlarını qələmə almağa cürətləndirən, təkliflərlə çıxış edərək mövcud problemləri ictimailəşdirməyə sövq etdirən "Göz yaşı tökdürən Cəzirə" məqaləsi də "Sarıkamış - Kafkas Cephesi" kitabında yer alıb.
Bingur Sönməz "Sarıkamış - Kafkas Cephesi" kitabında Azərbaycan və Türkiyə arasında qardaşlığın, dostluğun tarixi kökləri barəsində kifayət qədər gərəkli faktları üzə çıxarmağa nail olub.
Kitabda müəllif azərbaycanlı dostlarına ehtiramını bildirərək Sarıqamış həqiqətlərinin tədqiq olunmasında yaxından köməklik göstərmiş Əməkdar həkim Bəhruz Səfərəliyevin, Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyevanın xidmətlərini də qeyd edib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!