Mustafa Çokayın "Yeni Qafqasya"dakı bir məqaləsi haqqında - Abid TAHİRLİ

Abid TAHİRLİ

 

Qazaxıstanda fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasında aprelin 8-də Mustafa Çokayın həyat və fəaliyyətinə həsr olunmuş Beynəlxaq elmi konfrans keçirilmişdir. Konrfansda fil.e.d. Abid Tahirli "Mustafa Çokayın "Yeni Qafqasya"dakı bir məqaləsi haqqında" adlı məruzə ilə çıxış etmişdir. Çıxışı ixtisarla dərc edirik.

 

Bolşevik rejimi və kommunist ideologiyasına qarşı amansız mücadilə aparan istiqlal aşiqi Mustafa Çokayın həyat və fəaliyyətinə həsr olunmuş tədbirin təşkilatçılarını və iştirakçılarını salamlayır və çox aktual problemə həsr olunmuş konfransa uğurlar arzulayıram. Türkiyə Dəyanət Vəqfinin "İslam Ensiklopediyası"nda Mustafa Çokay haqqında müfəssəl məqalə verilmişdir. İstanbulda, Almatıda, Parisdə, Nyu-Yorkda, Düsseldorfda, Moskvada əsərlərdə  bu böyük mücahidin həyat və fəaliyyəti geniş işıqlandırılmışdır. Professor Darxan Xıdırəli "Mustafa Çokayın həyatı, yaradıcılığı və dünyagörüşü" adlı dissertasiya yazmışdır. Bizim fədakar tədqiqatçı Əli Şamil Mustafa Çokay haqqında dəyərli əsər qələmə almışdır. Bununla belə hesab edirəm ki, istiqlal aşiqi vətən və millət sevdalısı Mustafa Çokayın həm Vətəndəki, həm də qürbətdəki fəaliyyəti daha dərindən, dolğun və əhatəli araşdırılmalı və dəyərləndirilməlidir.

Bolşevik rejiminin və kommunist ideologiyasının qatı əleyhdarı olan Mustafa Çokay  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını dəstəkləyirdi və onun  yaxın dostu idi. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra onun liderləri ilə sıx əlaqə saxlayan Mustafa Çokay  XX əsrin 20-ci illərinin əvvəllərində İstanbulda nəşrə başlayan  Azərbaycan mühacir mətbu orqanları ilə yaxından əməkdaşlıq edir,  Parisdə  antisovet "Prometey" təşkilatının yaradılmasında və onun orqanı "Prometey" jurnalının nəşrində fəal iştirak edir. Özü mühacirət mətbuatının parlaq nümunələrindən birini yaradır.

Mustafa Çokayın irsi ideya, mövzu və forma baxımından diqqətəlayiq publisistika örnəkləridir. Onun əsərlərinin əsas ideyası, qayəsi Sovet rejiminin antibəşəri mahiyyətini, kommunist ideologiyasının çürüklüyünü ifşa etmək, eyni zamanda türk xalqlarının birliyinə nail olmaqdır. Mustafa Çokayın publisistikası zəngin faktlara, tarixi həqiqətlərə, dərin təhlilə, dəmir məntiqə əsaslanır, inandırıcı və düşündürücüdür. Bu baxımdan onun 1923-cü il sentyabrın 26-da  M.Ə.Rəsulzadənin rəhbərliyi ilə  İstanbulda  "Ədəbi, ictimai, siyasi məcmuə" kimi on beş gündə bir dəfə ərəb əlifbası ilə nəşrə başlayan, 5-il sonra - 1927-ci il oktyabrın 15-də sonuncu - 95-ci nömrəsi buraxılan Azərbaycan mətbuat tarixinin ən şərəfli, döyüşkən nümunələrindən  "Yeni Qafqasya"nın 18 mart 1927-ci il tarixli 11-12-ci nömrəsində dərc etdirdiyi "Erməni məsələsində rus siyasəti" adlı məqaləsi diqqəti çəkir.

Məqalə haqqında danışmazdan əvvəl mühacirətdə də ermənilərin təbiətlərinə xas  fitnəkar, pozucu və xəyanətkar fəaliyyəti barədə kiçik haşiyəyə çıxmaq istərdim.

Qafqaz respublikalarının bolşeviklər tərəfindən işğalından sonra yaranan tarixi şərait Qafqaz mühacirlərini bir cəbhədə birləşməyə, bolşevizmə qarşı müştərək mübarizə aparmağa sövq edirdi: ilk addım 1921-ci ildə atıldı: Parisdə Azərbaycan, Gürcüstan, Ermənistan, Şimali Qafqaz mühacirləri birgə sənəd imzaladılar. 1928-ci ildə onlar Qafqaz İstiqlal Komitəsi (QİK) yaratdılar. 1934-cü ilin 14 iyulunda isə QİK-in Brüssel Konfransında iştirakçılar Qafqaz Konfederasiyası Paktını imzaladılar. Paktda nəzərdə tutulan məqsədə müvafiq olaraq, 1935-ci il fevralın 14-dən 25-dək davam edən konfransda Qafqaz Konfederasiyası Şurası yaradıldı. Şura Qafqazın gələcək taleyi ilə bağlı vəzifələri müəyyənləşdirdi. Şura Azərbaycan, Gürcüstan və Şimali Qafqazın Milli təşkilatlarının nümayəndələrini təmsil edirdi. Ermənistan mühacirləri növbəti dəfə Qafqaz birliyi ideyasına xəyanət etdilər və şuraya qoşulmadılar. Qafqaz birliyi bu diyarda yaşayan bütün xalqların həyati mənafeyinə uyğundur. Lakin ermənilər Rusiyanın və bölgədə öz nüfuzunu saxlamaq istəyən digər dövlətlərin yardımına, vədlərinə uyaraq, bu birliyə aparan körpülərin demək olar ki, hamısını yandırdılar. Mustafa Çokayın yuxarıda adını çəkdiyimiz məqaləsində də  erməniləri tarix boyu şirin vədlərlə aldadan və onların xislətlərinə xas mənfur xüsusiyyətlərindən məharətlə istifadə edən dövlətlərin, xüsusilə Rusiyanın Qafqazda yeritdiyi çirkin siyasət konkret faktlarla hərtərəfli təhlil olunur, ifşa edilir. Müəllif diplomatların yazışmalarına, erməni emissarlarının fəaliyyəti ilə bağlı sənədlərə istinad edərək həm Rusiyanın məkrli siyasətini bütün çılpaqlığı ilə açıb göstərir, həm də xəstə təfəkkürlə özlərinə saxta və uydurma tarix yaradan ermənilərin xain, hiyləgər və vəhşi təbiətə malik olduqlarını vurğulayır. Mustafa Çokay çar Rusiyası tərəfindən muxtariyyət vədi ilə dəfələrlə aldadılan və "Türkiyəyə qarşı üsyana sövq edilən" ermənilərin ünvanına onlara layiq cümlə işlədir "...onların nə qədər muzır, ziyanlı bir ünsür olduqları "damarlarında dolaşan fitnəkar qan"lardan sezilir".

 

Məqalə maraqlı sonluqla, ritorik sualla bitir: "Erməniləri "vəhşi və fitnəkar qanları" həqiqətdir, fəqət, rus köylüsünü məskunlaşdırmaq üçün istila edilən yeni vilayətlərin alınması uğrunda axıdılmalıdırmı?".

Mustafa Çokayın bu gün də aktuallığını zərrə qədər itirməyən məqalələri çoxdur və onların bir qismini yuxarıda qeyd etdiyimiz kimi, vaxtilə Azərbaycan mühacirət mətbuatı orqanları dərc etmişdir. Mustafa Çokayın və onun silahdaşlarının irsinin dərin araşdırılması və dəyərləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan  Türk Akademiyasının təşkil etdiyi bu konfransı təqdir edirəm. Sağ olun!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!