Metaforik hikmətin ustadı - Ramiz QASIMOV

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Məlum olduğu kimi, tənqidi realizmin poetikasında bədii əsərin strukturuna özünəməxsus yanaşma və həssas münasibət mövcud olmuşdur. Tənqidi realizm bədii əsərin struktur və detallarına həssaslıqla yanaşır, konkret məqsəd və ideya üçün məna yükü verirdi. Bədii əsərə ideoloji-tərbiyəvi tezisdən yanaşan tənqidi realistlər üçün əsərin hər bir hissəsi bədii-estetik əhəmiyyət daşıyırdı. Vaxtilə Cəlil Məmmədquluzadə özü də bu barədə bəhs edərkən yazırdı: "Amma biz bilmirik ki, o bir para mətləbləri yazmasaq, dəxi biz nə yazaq?! Hər yazıçının bir mətləbi var, yoxsa bu işlər bihudə deyil...". Milli azadlıq və "intibah vədələrində" xalqı oyanışa dəvət edən Cəlil Məmmədquluzadə bədii ədəbiyyatı da öz mübarizə vasitəsinə çevirirdi.

Tənqidi realizmin poetikasında, bədii əsərlərin strukturunda müxtəlif tipikləşdirilmiş, simvolik, eləcə də metaforik obrazlardan istifadə edilməsi geniş hal alan bir məsələ idi. Tənqidi realist əsərlərdə nəinki insan obrazları, mükəmməl xarakterlər yaradılır, həmçinin tarixi, lokal şəraiti daha konkret və canlı təsvir üçün həyat və məişət şəraiti, konkret əşyalar təsvir edilir, ictimai mühitin konkret vəziyyətini təsvir etməyə imkan verən tənqidi-simvolik və metaforik obrazlar yer alırdı. Bu məsələdə tənqidi realizmin banisi və bayraqdarı Cəlil Məmmədquluzadənin özünəməxsus və daha kamil yaradıcılıq tərzi var idi. Böyük ədibin "Danabaş kəndinin əhvalatları" povestində uzunqulaq, dəyənək, o cümlədən bir sıra pyes və əsərlərində yer alan şallaq, "Xanın təsbehi" əsərində təsbeh, "Yan tütəyi" əsərində yan tütəyi, "Anamın kitabı" əsərində kitab, "İranda hürriyyət" əsərində Pərinisənin yuxusu və orada yer alan qarpız, "Qurbanəli bəy" hekayəsində at axuru, "Poçt qutusu"nda poçt qutusu və b. özünün fikir-məna ifadəliliyi baxımından olduqca böyük əhəmiyyət kəsb edir.

Azərbaycan tənqidi realizmində bədii dil, o cümlədən cümlə sintaksisi, leksik-semantik tərkib də olduqca əhəmiyyətli rol oynayır, hətta əsərdəki bir sıra əşya obrazları və hadisələrə də bədii-estetik don, əhəmiyyət geydirilirdi. Tənqidi realist əsərlərdə obrazlar və ya bədii detallar adından tutmuş, mahiyyətinə qədər ciddi tənqidi mahiyyət kəsb edir, əsərin ideya-fikir qaynağına güc qatırdı. Fikrimizcə, tənqidi realist əsərlərdə rast gəldiyimiz uzunqulaq, dəyənək, şallaq, təsbeh, yantütəyi, Danabaş kəndi, İtqapan, Qurbağalı və b. bədii detallar ciddi ədəbi-estetik səciyyə qazanırdı. Ədib ən incə detallarla hər bir məmuru və yardımçı əşyanı ictimai müəssisənin, diktatura şəraiti, zorakı idarəçilik və cəhalət mühitinin simvoluna çevirir və ifşa edirdi.

"Danabaş kəndinin əhvalatları" povestindəki Qazı obrazı öz səciyyəsilə diqqəti cəlb edir. Fikrimizcə, görkəmli ədib Qazı obrazının təsvirinə xüsusi məqsəd göstərərək yanaşmışdır. Onun təsvirindən tutmuş, davranışına qədər böyük tənqidi məna vermişdir: "Bir az keçdi, bir qoca kişi beli bükülmüş haman dar yoldan çıxıb sol əli cibində və sağ əli gözlərinin üstə...". Göründüyü kimi, ədibin təsviri olduqca maraqlı təsir bağışlayır və hər işarəsində bir mətnaltı məna, bir eyham yer alır. Fikrimizcə, "beli bükülmüş" ifadəsindən anlamaq olar ki, qoca Şərqi monolit həyat tərzi içərisində çürütmüş, öz ehkam və doqmaları ilə fərdi düçüncə və şüurları məhv etmiş din və şəriətin hökmranlığının sütunlarının yıxılmasına, artıq vaxtının keçməsinə olan bir işarə və eyham kəsb edir. Bu obraz Allaha lənət qazandırılan bir dövrdə dini-şəri idarəçiliyin ölüm fərmanının elan olunması mənasını ifadə edir. 

Böyük ustad C.Məmmədquluzadənin bədii yaradıcılığında müşahidə etdiyimiz və öz mahiyyəti, məna yükü ilə diqqətimizi cəlb edən metaforik-məcazi obrazlar sistemində yer alan ən vacib detallardan biri, fikrimizcə, uzunqulaqdır. "Əhvalatlar"ın poetikasına nəzər salan prof. K.Əliyev haqlı olaraq yazırdı: ""Əhvalatlar"ın bədii mətni ilə cəmiyyət və gerçəklik, eyni zamanda mətndaxili struktur vahidlər arasında gözlənilməz və gözəgörünməz harmoniya var. Əsərdə mövcud cəmiyyətin eybəcərliklərini göstərmək, insan taleyinin gizli tərəflərini aşkara çıxarmaq, əzab və işgəncənin qurtaracağını səbrlə gözləmək... - hər şey, hər şey eşşəkdən və eşşəklə başlayır". Əsərdə "eşşəyin itməkliyi" süjetinin də vacib, başlıca əhəmiyyət kəsb etməsi dəfələrlə qeyd edilmişdir. Bir çox tədqiqatlarda gördüyümüz kimi, uzunqulaq və ya eşşək obrazı klassik Azərbaycan və ümumən Şərq ədəbiyyatında, xüsusilə folklorumuzda və başlıca olaraq lətifə yaradıcılığında xüsusi bir məna yükü ilə yer almışdır. Bu mənbələrdə uzunqulaq bir obraz olaraq bədii-estetik cəhətdən "müdriklik, səbr" anlayışlarını simvolizə edir. Molla Nəsrəddin lətifələrində də baş qəhrəman, xalq müdriki Molla Nəsrəddinin bəzi hallarda müdrikliyi, bəzi hallarda avamlığı mənalandıran uzunqulağı hər zaman ona yoldaşlıq etmişdir. Maraqlıdır ki, lətifələrdə Molla Nəsrəddin hər zaman sevimli heyvanı eşşəyin üzərində də tərs oturmaqla simvollaşmışdır. Əlbəttə, bunun da ciddi tənqidi düşüncə ifadə edən mənası mövcuddur. Bu obraz sonrakı dönəmlərdə daha çox tənqidi realizmin poetikasında rast gəlinmiş və fikrimizcə, səbri, təvəkkülü, avamlığı və köhnəliyi, daha çox isə köləliyi mənalandırmışdır. "Danabaş kəndinin əhvalatları" əsərinin ilk variantında "Eşşəyin itməkliyi" də, əslində, bizim fikrimizcə, bu cəhətdən xüsusi bədii-estetik məna, məzmun kəsb etmişdir. Çünki əsərdə zülm və sitəm etibarilə fərqli bir məkan təşkil edən Danabaşda Məhəmmədhəsən əmi kimi kişilər səbr və təvəkküllə davranır, hər cür zülm, zorakılıq və fərmayişə boyun əyirlər. Əsərdə başlıca məqsəd Məhəmmədhəsən əmi kimi xalqın və mübarizənin hərəkətverici qüvvəsi olaraq təsvir tapan "kiçik" adamın səbr və təvəkküldən yaxa qurtararaq ictimai fəallığa gəlməsi və şəxsiyyətini, haqq və hüququnu tapması məqsədi, idealı yer alıb. 

Böyük ədibin əsərlərində yer alan və xüsusi tənqidi-simvolik məna ifadə edən metaforik obrazlar arasında təsbeh də yer alır ("Xanın təsbehi"). O təsbeh ki, Nəzərəli xanın təsbehi idi. Bu təsbeh o təsbeh idi ki, "... iki il bundan qabaq xanın fərmayişinə ağ olan dəyirmançı Mehdini ... qayadan dərəyə elə tulladı ki, uşaqları heç ölüsünü də tapmadılar. Bu haman təsbehdir ki, Orucəlinin evini yandırdı, uşaqlarını çölə dağıtdı". Zülmün, zorbazorluğun simvolu olaraq çıxış edən metaforik obrazlardan biri kimi dəyənək və şallaqdan sonra təsbeh gəlir. Pəri arvad istibdad zülmünün nələr törətməyə qabil olduğunu təxmin edərək öz inadını qırmış, Mirzə Sadıq Münşinin siğə təklifini qəbul etməyə məcbur qalmışdı. Bu mənada, fikrimizcə, görkəmli ədib təsbehə də diktatura və zülmün simvolik obrazı olaraq yanaşmışdır.

İdarəçilikdəki ozbaşınalıqları, kef havasını eyham edən obrazlar arasında yan tütəyi də ("Yan tütəyi") vardır. 

Cəlil Məmmədquluzadənin məharətlə yaratdığı obrazlardan biri də mifoloji mahiyyətə dayanan, amma realizmlə səciyyələnən şeytan obrazıdır. Ümumiyyətlə, bu obraz müxtəlif plandan - həm romantik, həm realistik, həm də simvolizm etibarilə Ə.Haqverdiyevin "Pəri-cadu", Hüseyn Cavidin "İblis", "İblisin intiqamı" və Cəlil Məmmədquluzadənin müxtəlif əsərlərində yer almışdır. Cəlil Məmmədquluzadənin bir neçə əsərində şeytana müraciət ön planda dayanır. Belə əsərlərdən biri "Şeytana cavab" felyetonudur ki, burada şeytan zülmün və sitəmə rəvac verən qüvvələrin ümumiləşmiş obrazı olaraq təqdim edilmişdir. Zeynəb arvadın qardaşı ilə birgə falaqqa altında qəddarlıqla döyülməsi "Allahın mömün bəndələrinin" əllərindəki güc və hakimiyyətin sui-istifadəsi faktı kimi xüsusi məqsədlə əks olunmuşdur. Ədib Zeynəb arvadın zülmünü belə əsaslandırır: "Yadındadırmı (Şeytana müraciət edilir - R.Q.) bir dəfə Rəştin hakimi "Lotu Mehdi"gildə qonaq idi, adam göndərib Zeynəb adlı bir dul övrəti gətirdilər, sonra bu övrətin qardaşı da gəldi, sonra genə bir neçə övrət gəldi, axırı bilmirəm noldu". Ədibin təsvirindən, mətləbi ifadə məntiqindən və qələm ustalığından anlamamaq mümkün deyil ki, dul Zeynəb arvadın və digər qadınların Lotu Mehdigilə çağırılması ədibin həmişə kəskin tənqid etdiyi, əxlaqsızlıq kimi dəyərləndirdiyi sırf "siğə" məsələsilə bağlı idi. Ədibin lotu adlandırdığı Mehdi də, Rəşt hakimi də lotuluğun tipik obrazı olan Şeyx Nəsrullahdan geri qalmayan obrazlardır. Biz ədibin, demək olar, bütün yaradıcılığında "siğə" məsələsilə insanların "başını piyləyib" özləri üçün şəhvət öldürən pozğun, namus, irz, din düşməni şəriət və əxlaq pozğunlarının iyrənc əməllərilə tanış oluruq. İstər "Ölülər", istərsə də "Dəli yığıncağı", "Ər" əsərlərində şəriəti əxlaqsızlığa çevirən, dini qaydaları şəhvani mənafe ilə əyən belə çoxsaylı şəriət-din xadimləri obrazları ilə tanış oluruq. Əsərdə zülmkara boyun əyməyən namus və irz mücəssəməsi Zeynəb arvadın çəkdiyi zülm də ifadə edilmişdir: "...orası yadımdadır ki, Zeynəb övrəti və qardaşı kərbəlayı Novruzu mollanın həyətində yıxdılar yerə və bacı ilə qardaşın ayaqlarını qoydular falaqqaya, yazıq övrətin çılpaq qıçlarına boynuyoğun kişilər yaş şivkələrlə çırpırdılar, molla və hakimi-vilayət durub tamaşa edirdilər və gülürdülər və sən də gülürdün, şeytan qardaş". Bu mənada taleləri bir-birinə oxşayan Zeynəb, Pəri kimi dul qadınların çəkdikləri zülm və yaşadıqları faciələr timsalında ədibin məhkəmə qurub zəmanəni, bilavasitə bu faciələrə səbəb olan əmmaməli lotuları və qarnıyoğun, zırrama hakimləri ittiham etdiyinin şahidi oluruq.

Böyük ustadın məşhur "İranda hürriyyət" əsərində Pərinisənin yuxusuna məhz qarpızın girməsi də, fikrimizcə, heç də bədii təsadüf deyildi. Bizim fikrimizcə, burda müəllif özünəməxsus məqsəd daşıyır. Əlbəttə, müəllif gözəl bilirdi ki, hürriyyət və azadlıq mücadiləçilərinə gül-çiçək dəstəsi deyil, şah rejiminin qılınc-güllə dəstəsi tuş gəlməlidir. Məhz bu səbəblər üzündən ədib Pərinisənin yuxusuna siyasi məna verməyi də bədii məqsəd olaraq həyata keçirmiş, o zamankı dövrdə hürriyyət sevdasına düşən azərbaycanlı balalarının şah rejimi tərəfindən necə sərt cəzalandırılmasını diqqətə çəkmişdir. Bu əsərin ideya özünəməxsusluğu odur ki, Səttarxanın azadlıq inqilabı baş verən dönəmdə ədib "linqvistik təhqiqata" baş vurur və məlum olur ki, bu xalqın dilində "hürriyyət" kəlməsi yoxdur. Hürriyyət kəlməsini "pay" kimi anlayan bu camaata inqilabın "hədiyyə"si qarpızdan savayı nə olacaqdı ki?! Fikrimizcə, qarpız sirdir və bu sirr hürriyyət, azadlıq, inqilab sirridir, ədib tərəfindən inqilabı cəzalandıran şah rejiminin yumoristik-metaforik bomba anlayışıdır. Necə ki, Məhəmmədəli Ərəblərdəki arvadına tez-tez məktub yazıb "hürriyyət payı"nı tələb edirdi, yalanı üzə çıxıb evləndiyi bəlli olandan sonra Ərəblərdəki arvadı gəlib həyətdə mərəkə salmışdı, böyük ədib də bu əhvalatın timsalında Səttarxan inqilabından olan gözləntini satirik-yumoristik tərzdə qarpız yuxusu ilə cavablandırmışdı. Müəllifin də hekayənin sonunu dava-mərəkənin başlaması ilə bitirib "dəxi bilmirəm mərəkənin axırı hara çatdı" kimi eyhamla bitirməsi bu inqilabın şiddəti və hələ də həllini tapmamış, sona yetməmiş bir savaş, mübarizə olayı olmasına işarəsi idi.

Bütün bunlar bir daha göstərir ki, qüdrətli tənqidi realist sənətkar C.Məmmədquluzadənin yaradıcılığı timsalında tənqidi realizmdə hər bir bədii detal və vasitənin özünəməxsus bədii-estetik məzmunu, mahiyyəti və yeri vardır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!