Azər TURAN
"Qarabağ içrə bir şair Kəlimüllah Musadır" misrası ilə başlayan qəzəlini Molla Pənah Vaqif hələ vəzir olmadığı, Şuşanın Saatlı məhəlləsində yaşadığı, burada məktəbdarlıq etdiyi dövrdə yazıb. Şeirdəki ilk misra sonralar hansı səbəbdənsə fərqli yorumlara və yozumlara yol açıb. Hətta bəziləri Vaqif Şuşaya gələndə burda artıq Kəlimullah Musa adlı bir şairin yaşadığı qənaətini irəli sürüblər. Və bu fikir məqalədən məqaləyə, kitabdan kitaba ötürülüb, bəzən hətta elmi işlərdə, elmi jurnallarda, az qala, elmi həqiqət kimi təsbit olunub. Lakin həmin Musanın bir şeiri istisna, bütün şeirləri itib-batıb, hansı "səbəb"dənsə adı heç XIX yüzildə yazılmış təzkirələrdə, hətta 1892-ci ildə Şuşada yazılmış "Təzkireyi-Nəvvab"da da, yaxud Məhəmməd Ağa Müctəhidzadənin 1907-ci ildə yenə də Şuşada qələmə aldığı "Riyazül-aşiqin" təzkirəsində də keçmir və Qarabağda Vaqifin qibtə edəcəyi dərəcədə şeirlər yazan bir şairin varlığı nəinki Şuşada yazılmış bu çox etibarlı mənbələrdə, hətta XX yüzilin ilk qaynaqlarında - Firidun bəy Köçərlinin, Salman Mümtazın əsərlərində belə xatırlanmır. Elə isə Vaqifin həmin şeirində keçən kəlimüllah Musanın anlamı nədir, yaxud Kəlimüllah Musa kimdir?
Qarabağ içrə bir şair kəlimüllah Musadır,
Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadır.
Qələm qədrin əsayi-əjdəha peykərçə bilməkdə
Bəni-İsrailə ali-Cavanşir, yəni həmtadır.
Dili-rövşən gərək nadan içində sərf edə ömrün,
Çırağın səltənətgahi səvadi-şami-yeldadır.
Ümidim vardır kim, bu qara gün getməyə başə,
Dönər bir özgə rəng ilə bu axır çərxi-xəzradır.
Məkan tutdisə Vaqif, yox əcəb, bu Şişə dağında,
Məqami ləli-gülrəngin miyani-səngi-xaradır.
Vaqif deyir ki, Qarabağda sözləri Hz. Musanın kəlmələri qədər dəyərli olan bir şair var. Cavanşir tayfasında bu şairin dəqiq ölçülü hər bayatısı (şeiri) Hz. Musanın "Dəsti-beyza"-"Yədi-beyza" (bəyaz əl) möcüzəsi kimidir: "Qarabağ içrə bir şair kəlimüllah Musadır, // Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadır".
Cavanşir nəslində qələmin qədrini bilmək İsrail övladının Musanın əjdahaya çevrilmiş əsasına verdiyi dəyərə bərabərdir: "Qələm qədrin əsayi-əjdəhapeykərcə bilməkdə // Bəni-İsrailə ali-Cavanşir, yəni həmtadır".
Göründüyü kimi, söhbət Musa adlı şairdən deyil, Qarabağda şeirləri Hz. Musanın möcüzələri ilə - ona verilmiş dəsti-beyza və əsa ilə müqayisə edilə biləcək bir şairdən gedir. Şeir əslində özünü təqdim və xatırlatma məqsədi ilə yazılıb. Vaqif özünü Cavanşirlərə təqdim edir. Deyir ki, işıqlı ürək ömrünü nadanlar içində sərf etməlidir. Çünki çırağın hökmranlığı gecə zülmətinin uzun olmasındadır: "Dili-rövşən gərək nadan içində sərf edə ömrün, // Çırağın səltənətgahi səvadi-şami-yeldadır".
Vaqif ümid edir ki, bu qara gün davamlı olmayacaq. Bir gün ömrün bahar fəsli gələcək və həyatının rəngi dəyişəcək: "Ümidim vardır kim, bu qara gün getməyə başə, // Dönər bir özgə rəng ilə bu axır çərxi-xəzradır".
Nəhayət, Vaqif bu Şişə dağında məkan tutubsa, burada təəccüblü bir şey yoxdur. Çünki gül rəngli daşların yeri sərt qayaların, dağların içindədir: "Məkan tutdisə Vaqif, yox əcəb, bu Şişə dağında, // Məqami ləli-gülrəngin miyani-səngi-xaradır".
Baxmayaraq ki, yeni qurulmuş Şuşanın adı poeziya tariximizdə ilk dəfə Vaqifin bu qəzəlində xatırlanır və diqqəti bu fakta yönəltmək əvəzinə, Qarabağ ədəbi mühitindən yazan bəzi müəlliflər "Qarabağ içrə bir şair kəlimüllah Musadır" misrasını hədəf alaraq, Vaqifdən əvvəl Şuşada yaşamış Musa Kəlimüllah adlı bir şairin varlığını iddia edirlər: "Bu misralardan məlum olur ki, Vaqif Qarabağa köçən zamana qədər Şuşa qalasında Musa Kəlimullah adlı məşhur bir şair yaşayıb-yaradırmış. Və o da aydın olur ki, Musa Kəlimullah XVIII əsr Qarabağ poeziya məktəbinin ilk rüşeymini yaradanlardan biri olmuş və bu məktəb sonralar inkişaf edərək M.P.Vaqifin şəxsində özünün ən yüksək pilləsinə qalxmışdı" (Qurban Bayramov). Yaxud başqa bir müəllifə görə: "...Bu misralardan görünür ki, Vaqif Qarabağa köçənə qədər Pənahabadda Musa Kəlimullah ismində bir şair yaşayıb-yaratmış və XVIII əsr Qarabağ poeziya məktəbinin ilk nümayəndələrindən olmuşdur". (Vasif Quliyev).
Müəlliflərin bildirdiyinə görə, Musa Kəlimullahın yaradıcılığından yalnız bir şeir qalıb və həmin şeir də 1972-ci ildə dünyasını dəyişmiş şuşalı müəllim Həsən İxfa Əlizadənin "Şuşa şəhərinin tarixi" məqaləsində xatırlanır. Şeiri bütövlükdə oxuyandan sonra, hətta ilk misrasından sonra inanırsan ki, Molla Pənah Vaqif kimi nəhəng bir şair Musa Kəlimüllahın şeirini Hz. Musanın kəlamı ilə qiyaslandırmazdı:
Şirvanlı Çələbi döyülüb qaçdı,
Qacar Məmmədhəsən bir oyun açdı,
Ovşar Fətəli də yolunu çaşdı,
İndi başqa fikir, başqa haldadır.
Qızmış şirə döndü Ağamməd Qacar,
Qarabağa gətdi qanlı bir azar,
O saymadı, bax, gör fələk nə sayar,
Leşi gorda, başı bizim yaldadır.
Ədəbiyyatşünas Əli Əliyev isə "əsrlərdən keçərək bu gün səslənən bu mükəmməl şeir nümunəsi Kəlimullah Musanın püxtələşmiş bir şair olduğunu sübut edir" - deyir və əlavə edir: "Elə zənn olunur ki, Molla Pənah Vaqif Şuşada xan sarayında ilk şair olmuşdur. Əslində, Vaqif Musa Kəlimullahdan sonra saraya gəlmişdir... Molla Pənah Vaqif saraya gələnə kimi o, sarayda fəaliyyət göstərmişdir...".
Araşdırıcılar belə bir "Musa Kəlimullah"ın şeirindəki yalnız bir nöqtəyə - Ağaməhəmməd deyil, "Ağamməd", Məhəmmədhəsən deyil, Məmmədhəsən adlarına diqqət yetirsəydilər, hələ üstəlik, "Qarabağa gətdi bir azar" misrasına baxsaydılar, ümumiyyətlə, ustad bir şairə istinad etdikləri bu şeirin nəinki XVIII yüzildə, heç XIX əsrdə də deyil, XX yüzildə həvəskar bir şair tərəfindən yazıldığına şübhə etməzdilər. Vaqif belə bir şairin sözlərini Kəlimullah Musa adlandırardımı? Tutaq ki, biz yanılırıq, bəs Vaqifin özünü belə heyrətdə buraxan Musa Kəlimullah adlı bir şairin varlığından Vaqifin xatırlanan şeirini təqdim edən şuşalı Mir Möhsun Nəvvab, yaxud şuşalı Məhəmməd Ağa Müctəhidzadə, şuşalı Firidun bəy Köçərli, yaxud Salman Mümtaz sərf-nəzər edərdilərmi?
Yeri gəlmişkən, Vaqifin bu qəzəlini Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə 1925-ci ildə Salman Mümtaz təhlil edib və o da Musa Kəlimullah amilinin üzərindən sükutla keçib: Vaqif "şəhərin Saatlı məhəlləsində bir məktəb açaraq məktəbdarlığa başlayır. Əvvəldən xəyalında tutduğu kimi, İbrahim xan Cavanşirə müqərrib olmaq (yaxınlaşmaq) istəyir. Ta bu çağlardadır ki, Vaqif fəxriyyə-manənd bir qəzəl inşad edərək bir beytində də "ali-Cavanşir"i istəməyə-istəməyə boğazdan yuxarı bir qədər mədh edir... Doğrudan da, Vaqifin qəzəli çox da təsirsiz qalmayır. Az keçmədən Vaqif İbrahim xan Cavanşirin eşik ağası olur. Demək: "Ümidim vardır kim, bu qara gün getməyə başə, // Dönər bir özgə rəng ilə bu axır çərxi-xəzradır" - beyti öz yerini tutur".
Nəinki Şuşada, bütün Qafqazda Vaqifin Kəlimullah Musa deyə vəsf edə biləcəyi bir şair yox idi. Firidun bəy Köçərliyə görə, Vaqif Qafqaz şairlərinin atası, yeni ədəbiyyatımızın banisi, qurucusudur. "Tamam Qafqazda ondan müqəddəm bir müqtədir ədib, xoşkəlam və mövzuntəb şair zühur etməyibdir ki, ibtidai-süxən onun adıyla başlansın". Yəni bütün Qafqazda ondan qüdrətli ədib, şirin sözlü şair olmayıb ki, ilk söz həmin ədibin, yaxud şairin adıyla başlansın.
Ona görə də Şuşada Vaqifə qədər bir Musa Kəlimullah icad etməyə ehtiyac yoxdur. Məncə, yoxdur...
Həm də "ərəbcə, farsca dərin bir məlumat və fövqəladə bir istedada malik olan bu nadir sima vəzir olduğu halda, yenə elə xalqa yanaşmış, şeirlərini də tamamilə öz doğma ləhcəmizdə söyləmişdir. Cavanşir sarayı Vaqifi deyil, əksinə, Vaqif sarayı mənimsəmiş və dilimizə, ədəbiyyatımıza da çox böyük xidmətlər göstərmişdir. Lisani-rəsmisi farsca olan İbrahim xan Cavanşir xanlığının rəsmi dili ilə daim mübarizədə olaraq o dilə və o ədəbiyyata öz əsrində fayiq gələn böyük Vaqifin şeirləri o qədər rəvan, sadə, o qədər şirindir ki, insan oxumaqla doymur". Salman Mümtaz bu mənada Vaqifi həm də tam mənası ilə mücəddid (yenilikçi) adlandırırdı.
***
Bir dəfə İstanbulda Ləvənd səmtində professor İbrahim Yıldırımın qonağıydım. İbrahim bəyin xanımı Fügen dedi ki, mənim ulu babam Məhəmməd xan Vidadinin oğlu, ulu nənəm Pəri Sultan isə Vaqifin qızıdır. "İqdır tarixi"nin müəllifi Vəli Orkunun qızı necə Vidadinin və Vaqifin nəslindən ola bilərdi? Amma Fügen xanımın atası türk tarixçisi Vəli Orkun, həqiqətən də, Vidadinin nəticəsiydi. "Vidadinin üç oğlu olub: Yahya, Məhəmməd və Osman. Mənim sülaləm Məhəmməddən gəlir. Atamın adı da babamın adıdır - Vəli. Daha sonra böyük dədəm Şıxlıdan Axıskaya gedir... O zaman Axıska türklərin yurduydu. Öz xanlıqları vardı. Böyük bibim, əmilərim, atam Axıskada doğulublar... Bir dəfə babam bütün çoluq-çocuğu toplayıb Türkiyəyə - Ərdəhana gəlir". Deməli, Fügen xanım həm Vidadinin soyundan idi, eyni zamanda, həm də Vaqifin övladlarındandı... Babaları da nəinki Qazaxdan, heç Şəmkirdən, Şuşadan da deyil, Axıskadan gəlib Ərdahana yerləşmişdilər...
Fügen xanımın söhbətini niyə xatırladıram? Bu yaxınlarda Şuşa kontekstində qazaxlı Vaqif, yoxsa şuşalı Ağaoğlu mövzusunda bir polemikaya rast gəldim... Məncə, Vaqif, Ağaoğlu və Şuşa amilinə yalnız Qarabağ deyil, ümumazərbaycan kontekstindən, bəlkə hətta ümumtürk kontekstindən yanaşmaq bu gün xüsusən qaçılmazdır. Vaqif qazaxlıdır, Əhməd bəy Ağaoğlu şuşalıdır deyə, onları şuşalılar və qeyri-şuşalılar bölgüsünə salmaq kimə və nə üçün lazımdır, bilmirəm. Ona qalsa, Şuşada doğulmuş və Şuşada böyümüş Əhməd Ağaoğlu da əslən ərzurumludur. Ərzurumun Kurdeli əşirətindəndir. Yusif Akçuranın bildirdiyinə görə, baba tərəfindən ailəsi təxminən XVIII yüzildə Ərzurumdan bütün qəbiləsi ilə Qarabağa gəlib yerləşmişdi. Əhməd Ağaoğlunun yaxın dostlarından olan Akçura bunu heç şübhəsiz ki, Ağaoğlunun özünə istinadən deyib. Deməli, Ağaoğlular nəslinin Şuşaya gəlişi də Vaqifin Şuşaya gəlişi ilə eyni vaxta - XVIII yüzilə təsadüf edir. Vaqif Qazaxdan gəlib, əvvəl Veysəllidə, sonra "Şişə dağında məqam tutduğu" illərdə Əhməd Ağaoğlunun babaları da, Ərzurumdan gəlib əvvəl Gəncədə, sonra Şuşada yurd salmışdılar...
Çünki Şuşa yeni Azərbaycan sivilizasiyanın mərkəziydi. XVIII əsrin əllinci illərində Azərbaycanın, yaxın türk dünyasının hər tərəfindən və külli-Qarabağdan yeni qurulmuş şəhərə - Qalaya - Şuşaya gələnlər çox idi və 2020-ci ilin 8 noyabrında da yenə həmin yollardan keçib gələn əsgərlər ata-babalarının qurduğu Şuşanı işğaldan azad etdilər...
28 mart 2022
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!