Safurə QULİYEVA
filologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycanda uşaq ədəbiyyatının təşəkkülü XX yüzilliyin əvvəlində maarifçilik görüşlərinin geniş vüsət tapdığı ictimai hərəkatla müvazi baş verirdi. Məktəbyaşlılar üçün dərsliklər hazırlanan zaman münasib bədii yazıların yetərsizliyi dövrün söz ustaları C.Məmmədquluzadəni, M.Ə.Sabiri, A.Səhhəti, az sonra A.Şaiqi, S.S.Axundovu və başqalarını bilavasitə uşaqlar üçün əsərlər yazmağa sövq etdi. Bu ilk örnəklərin təsirilə sonralar, demək olar ki, əksər yazıçı və şairlər uşaq əsərləri yazmaq ənənəsini davam etdirirdilər.
Otuzuncu illərdən başlayaraq M.Müşfiq, S.Vurğun, M.Seyidzadə, M.Dilbazi, R.Rza, Ə.Cəmil, Q.Qasımzadə, Ə.Kərim, B.Vahabzadə və başqaları kiçik yaşlı uşaqlar üçün şeir və poemalar yazır, ayrıca rəngli kitabçalarda dərc etdirirdilər. Bir qisim yazarlar isə, məsələn, M.Seyidzadə, M.Rzaquluzadə, daha sonra X.Əlibəyli, T.Elçin, T.Mütəllibov, İ.Tapdıq, T.Mahmud, N.Süleymanov və başqaları bu sahədə ardıcıl yazıb-yaratdıqlarına görə ədəbiyyatımızda uşaq yazıçıları kimi tanınıb məşhurlaşdılar.
Zahid Xəlil hələ məktəbdə oxuyarkən sağlığında ədəbi məktəb yaratmış Xalq şairi Səməd Vurğunun təsirilə gənclik duyğu-düşüncələrini, vətənin təbiətini, zəhmət adamlarını tərənnüm edirdi. Bakıya gəlib, ali təhsil aldığı illərdə özünün bəyənib-seçdiyi şeirlərini toplayıb, çap olunmaq məqsədilə "Gənclik" nəşriyyatına təqdim edir. Şöbə müdiri şair İlyas Tapdığı bu gənc yazarın üslubundakı mülayim, səmimi intonasiya, bədii dilindəki xalq danışıq tərzinə xas emosional ifadəlilik cəlb edir və ona uşaqlar üçün yazmağı məsləhət bilir. Görünür, hələ axtarışda olan istedadın öz yaradıcılıq yönümünü aydınlatmasına bu tövsiyənin mühüm təsiri olur. 1969-cu ildə nəşr olunan ilk kitabı "Uçan çıraqlar" ilə ədəbiyyatımıza lirik xarakteri və bədii baxışına, duyumuna görə maraqlı bir uşaq şairinin gəlişi dərhal diqqət cəlb edir. Kitab haqqında mərkəzi mətbuatda məqalələr dərc edilir və Yevlaxın Mədəniyyət sarayında ictimaiyyətin iştirakı ilə geniş təqdimatı keçirilir.
"Uçan çıraqlar" adı artıq kitabın içindəkilərə açar salıb, azyaşlı oxucusunda ifadənin mənasına maraq oyadırdı. Eyni başlıqlı şeirdə bunun "Otların yaraşığı, ağacların bəzəyi" atəşböcəyi olduğu xoş bir hissiyyatla təqdim edilir və "Çəmənlərə, çöllərə işıq salan" bu balaca böcəyin tərənnümü təsəvvürdə "meşələri, düzləri" canlandırmaqla geniş tutumlu poetik panoram yaradır. "Qırxbuğum", "Göbələk", "Gicitkan", "Qarışqalar" şeirlərində də gənc istedadın uşaqlıqdan doğma təbiətlə sıx ünsiyyətinin güclü təsiri həm ideya-məzmunda, həm də poetik strukturda özünü büruzə verirdi. Adi bir otu, çiçəyi, cücünü, quşu bədii obraza çevirərkən ona xas xüsusiyyətləri sadə detallarla nəzərə çarpdırıb azyaşlı oxucu tərəfindən tanınmasına kömək edir, həm də zəngin təbiət xalısında onun da öz yeri olan gərəkli bir ilmə olduğunu vurğulayırdı.
İlk kitabı "Uçan çıraqlar"dakı şeirlərin ideya-mövzusu Zahid Xəlilin bütün yaradıcılığı üçün sanki proqram qismində oldu. Sonralar çap etdirdiyi "Mən rəngləri tanıyıram" (1972), "Göydən üç alma düşdü" (1974), "Quşlar, quşlar" (1977), "Torağaylar oxuyur" (1979), "Ağ leyləklər" (2016) və b. şeir kitablarında da əsas məqsədi Vətənin zəngin flora və faunasını öz balaca oxucularına tanıtmaq, ona qarşı doğmalıq hissləri aşılamaq və onu sevdirmək olmuşdur. Ümumiyyətlə, şair uşaq fikri-hissi aləminə həssaslıqla onların maraq və qayğılarını duyur, hər yaşda olan balacaların həyatından səciyyəvi lövhələr qələmə alır. Bu şeirlərdə körpələrin şirin qığıltısı ("Oyanıram beşikdə", "Ən şirin şey"), yatanda kuklasından seçilməyən Afat ("Afatın kuklası"), "dişi mırıq, işi fırıq" olan Fərrux ("Fərruxun dişi"), səmanın mavi, günəbaxanın sarı, narın qırmızı, yarpağın yaşıl olması bilgisi ilə qürrələnən Elman ("Mən rəngləri tanıyıram") kimi könülaçan təsvirlər yetərincə yer alsa da, şairin yaradıcılığının əsas tərənnüm obyekti doğma təbiətlə qol-budaq atmış, şaxələnmişdir.
Maraqlıdır ki, Zahid Xəlil ədəbiyyatda təbiətin müxtəlif rakurslardan işlənmiş, həm bədii obyekt, həm də poetik ifadə kimi dəfələrlə müraciət edilmiş nümunələrinə deyil, əksəriyyətlə azyaşlıların tanımadığı bitki və çiçəklərə, ağaclara diqqət yönəldir. Bu təzə otu, çiçəyi yaxşı tanıtmaq üçün məlum detallardan istifadə ilə, oxucunun anlam səviyyəsinə uyğun ifadələrlə təsəvvürdə canlandırmağa səy edirdi.
Ölkəmizin zəngin quşlar və heyvanat aləmini uşaqlara müxtəlif əhvalat, təsvirlər vasitəsilə aydınlatmaq Zahid Xəlilin sənətkarlıq uğurlarındandır. O, milli poeziyada əvvəllər də işlənmiş mövzulara öz dəst-xətti ilə yeni poetik rənglər vurur, lövhələr yaradır, uşaq nitqinə yaxın bir ahəngdarlıq gətirir. "Arı və kəpənək", "Hörümçək və mozalan", "Davakar sərçə" və b. şeirlərdə obrazın səciyyəsi maraqlı süjetlərlə açılırsa, "Kəklik", "Bildirçin", "Şanapipik", "Hacıleylək", "Tovuzquşu", "Cüllüt" və b. şeirlərdə hər quşun rənginə, görünüşünə, nəğməsinə görə fərqli xüsusiyyətləri təsvirin özəyini təşkil edir.
Zahid Xəlil məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün heyvanlardan bəhs edən şeirlər qələmə alanda isə onların məlumat xarakterli olmasına da xüsusi əhəmiyyət verir. Ahəngdar, axıcı misralarda oxucusuna təzə bir söz öyrətmək cəhdi ilə yazılmış şeirlərə nümunə olaraq "Dəcəl çəpiş, qumral quzu", "Buğa və bağa", "Dovşan və köpək", "Kürük, qulun, dayça, at" və b. şeirlərdə heyvanlarla bağlı bir sıra anlayışlar diqqət mərkəzinə çəkilir. Xüsusilə sonuncu şeirdə Atın doğuluşdan böyüyənədək adının dörd dəfə dəyişildiyi vurğulanır: körpə ikən "kürük" çağırılan böyüyüb, "qulun", "dayça" və nəhayət, "kəhər at" olur.
Uşaq dünyasına bələdlik, onların maraq və istəklərini başa düşmək duyumu Zahid Xəlil şeirlərinin mövzu rəngarəngliyinin əsasıdır. Şair uşaqlara doğma təbiəti tanıtmaqla kifayətlənmir, həm də onu qorumaq, ona qayğı ilə yanaşmaq hisslərini aşılayırdı. Eyni zamanda azyaşlılarda ətraf mühitə bədii-estetik baxışın formalaşmasına da xüsusi əhəmiyyət verirdi. Məsələn:
Sən rənglərə yaxşı bax
Gəzəndə göy çəməni.
Çinar yaşıl çadırdı,
Çəmən yaşıl səməni.
Məktəbə hazırlıq yaşında olan və 1-ci, 2-ci sinif uşaqlarının zehni inkişafına kömək məqsədilə yazılan "Hərflər", "Hesab", "Qələmim", "Əlifba kitabı", "Məktəb yolları" və b. şeirləri uşaqları məktəbə, təhsilə həvəsləndirir, onlarda həyatın bu yeni pilləsinə maraq oyadır. "Hərflər" şeirində sadə cizgilərlə hərflərin yazılış tərzini nəzərə çatdırır, "Qələmim"də şəkil çəkməyin o qədər də çətin olmadığına inam oyadır, uşaq psixologiyasına uyğun ifadələrlə "köynəyi al lalədən qırmızı rəng qələmlə" xoruz şəkli çəkməyi ardıcıllıqla təsvir edir. "Kitabların anası" şeirində isə hərfləri öyrənməyə başlayan azyaşlıya oynaq bir ritmlə həm də səs və hərf anlayışları barədə ilkin məlumat verilir.
Şairin məktəb mövzusunda yazdığı şeirlərin əksəriyyəti aşağı siniflərin dərsliklərinə salınmış, uşaq mahnısı kimi məşhurlaşmışdır: "Bizim məktəb", "Məktəb yolları", "Uşaqlar dərsə gedir", "Kitab", "Qoy sərbəst böyüsün bizim balalar" və s. Üçüncü şəxsin dilindən yazılsa da, onlardakı emosional ton, səs tərkibinə görə bir-birinə yaxın məxrəcli qısa sözlərlə deyiliş tərzi intonasiyanı uşaq nitqinə yaxınlaşdırır, uşaqda qədəm qoyduğu bilik aləminin "isti qoynuna" - doğma məktəbə xoş hisslər oyandırır.
Zahid Xəlil öz balaca oxucularını daha geniş mütaliəyə həvəsləndirmək məqsədilə bir sıra nağıl-poemalar da yazmışdır. Uşaq təxəyyülünün anlam səviyyəsində fantastik düşüncə tərzini inkişaf etdirən "Çinarların yuxusu", "Fırlancaq", "Yeddi rəngli muncuq", "Sıfırın nağılı" və başqa belə əsərlərində mövzu genişliyi, uşaqlar üçün maraqlı görünən obrazlar aləmi, qeyri-adi hadisələr silsiləsi, poetik təsvirin obrazlılığı, illüstrativlik və b. kateqoriyaların üstünlüyü daha aydın nəzərə çarpır. Şair meşənin bitki və heyvanlar aləmindən ətraflı bəhs etmək məqsədilə maraqlı süjetlər quraraq azyaşlıların məlumatlarını genişləndirir. Həmçinin məcazlı ifadələr, oynaq bir ritmika ilə onlarda bədii baxışı və estetik duyumu inkişaf etdirir. Şairin üslubundakı incə yumor çaları da məzmunun kiçik yaşlılar tərəfindən daha tez qavranılmasına kömək edən vasitələrdəndir.
Səksəninci illərdə Zahid Xəlil uşaq ədəbiyyatı sahəsindəki elmi-nəzəri biliklərini və qənaətlərini pedaqoji fəaliyyətində qazandığı təcrübə ilə sistemləşdirib doktorluq dissertasiyası üzərində işləyir. Azyaşlıların mənəvi-zehni inkişafında tarixən yaradılmış xalqın söz sərvəti və milli klassik ədəbiyyatda uyarlı bədii örnəklərin ideya-estetik aspektlərini araşdırır. Həmçinin dünya uşaq ədəbiyyatından etdiyi tərcümələr onu uşaqlar üçün kiçik həcmli hekayə və povestlər yazmağa meyilləndirir. 1981-ci ildə o, "Ballıca", 1983-cü ildə "Çıraq nənənin nağılları", 1985-ci ildə "Cırtdanla Azmanın yeni sərgüzəştləri" kitablarını nəşr etdirir. Poetik üslubundakı təbiətlə bağlı məramlı-məcazlı, mülayim, xoş ovqatlı deyim tərzi nəsr əsərlərindəki yazıçı təhkiyəsinin əsas məziyyətidir. Maraqlı əhvalatlar, cəlbedici süjet quruluşları, nağıl intonasiyasına yaxın təhkiyə tonu bu hekayələrin başlıca uğurudur. Müasir dövrdə məktəbyaşlı uşaqların maraq dairəsini, əqli inkişaf səviyyəsini nəzərə alaraq Zahid Xəlil kiçik həcmli hekayələrində müxtəlif bədii vasitələrlə onları təəccübləndirə, maraqlandıra biləcək mövzulara müraciət edir. "Peçenyedən yaranmış qız", "İlk adamcığaz", "Qayıq sürən ayı balası", "Bağırmaq istəyən adam", "Üçbucaq ölkənin adamları", "Coğrafiya dərsində taxılan eynək" və s. kimi hekayələr artıq sərlövhəsindəki qeyri-adi obrazlılıq ilə cəlbedici görünürdü. Maraqlı hadisələr nağılvarı elementlərlə gerçək həyat səhnələri kimi canlandırılır, uşaqların mənəvi inkişafına, dünyagörüşünün artmasına xidmət edir. Məsələn, "Üçbucaq ölkənin adamları" hekayəsində elmi-fantastik janr üslubunda evləri üçbucaq şəklində olan bir ölkədən danışılır. Bu ölkədə bəşər sivilizasiyasının yüksək mərhələsi yeniyetmə təxəyyülünə qavramlı bir tərzdə təqdim edilir və azyaşlı oxucunun zəkasına zəngin qida verir. Ağıllı texnika ilə idarə olunan cəmiyyətdə həyat ali qanunlarla tənzimlənir və heç bir ictimai pozuntuya yol verilmir. Burada insan şüuru düzgün yaşam tərzinin həqiqətini dərk etmiş, kamil bir cəmiyyət yaratmışdır. Elmi-texniki vasitələrlə nəinki öz ölkələrində bütün neqativ vəziyyətlərə son qoya bilmişlər, hətta özünü düşməndən müdafiənin də qansız-silahsız sadə bir üsulunu kəşf etmişlər: "Burada elə bir möcüzə yoxdur. Paltarımdakı balaca düyməni basdım, ətrafımda mikro iqlim yarandı. Daha doğrusu, mən bütövlükdə hava rənginə çevrildim, ona görə də məni görə bilmədin. Səncə, düşmən dediyin o adamlar bizə bir şey edə bilər?". "Coğrafiya dərsində taxılan eynək" hekayəsində isə yalnız bir fantastik element var: "buruna keçən hissəsinin üstündə antenaya oxşayan məftil" olan eynək. Coğrafiya dərsində xəritəyə baxarkən bu eynəyi taxanda "hansı ölkədə nələr baş verdiyini o saat göstərir". Yazıçı eynəyin vasitəsilə iki ölkədəki insanların yaşayışını çox yığcam həyat lövhələri ilə qarşılaşdırır: birində doğma torpaqlarından silahlı xaricilərin qovub çıxardıqları yoxsul insanlar, digərində isə güclü texnika ilə zəif ölkələrə hücum edib, onların var-yoxunu talan edən əcnəbilər. Hekayənin qəhrəmanı Kərəmin eynəyi ilə gördüklərindən həyəcanlanıb sinifdə olduğunu unudaraq haqsızlığa, zülmə qarşı öz nifrətini, qəzəbini bildirməsi uşaqlara cəsarətli, mübariz olmağı təlqin edirdi.
Yazıçı nəsr əsərlərində məktəbyaşlı oxucularının mənəvi-əxlaqi-zehni inkişafı üçün əhəmiyyətli mövzulara daha geniş yer verir. O, "Çıraq nənənin nağılları" kitabının "Azərbaycan haqqında hekayələr" bölməsində "Qartal qanadlı ölkə", "Mavi küləklər şəhəri", "Göygölün səhəri", "Aşıq", "Xaldanlı uşaqlar", "Şuşa - xonça şəhər" və s. kimi kiçik həcmli yazılarında obrazlı təsvirlər, şirin bir təhkiyə ilə ibtidai sinif şagirdlərinin mənəvi-zehni inkişafı üçün əhəmiyyətli məlumatlar yer almışdır. Xüsusilə "Aşıq" sərlövhəli yazıda xalqımızın qədim milli sərvəti olan aşıq sənəti, onun xüsusiyyətləri, növləri barədə geniş bilgi verilmişdir. "Xaldanlı uşaqlar"da öz məktəbini sevən, onun ətrafını gözəlləşdirib, mənalı təşəbbüsləri ilə nümunəvi uğurlar əldə edən və "bütün ölkədə tanınan" təşəbbüskar, çalışqan şagirdlərdən bəhs olunur. Yazıçının süjetli hekayələrindən olan "Atalar sözü" şəhəri"ndə isə məktəblilərə dilimizdəki hikmətli sözləri yerində işlətmək bacarığı aşılanır. Məsələn, "ağıllılar fikirləşənə kimi Bəhruz vurub arxı keçib və birtəhər yanğını söndürüb. Amma həmin o Bəhruz şəhərin quyusuna bir daş atıb, yüz ağıllı fikirləşib onu sudan çıxara bilmir" və s.
Görkəmli ədəbiyyatşünas alim Məmməd Cəfər yazırdı: "Həqiqi, istedadlı... uşaq yazıçısı həm müəllim, həm də tərbiyəçidir... O, bilavasitə məktəbdə təlim-tərbiyə işində olmasa da əsərləri ilə həmişə ailədə, bağçada, məktəbdə tərbiyəçidir. Bu keyfiyyətlərə malik olmayan yazıçı həqiqi uşaq yazıçısı sayıla bilməz". Həqiqətən, Zahid Xəlil bir sıra hekayələrində cansız əşyaları, heyvanları, quşları şəxsləndirib, əsərlərinin qəhrəmanı etsə də, əsas məqsədi azyaşlı oxucusunda ətraf mühitə maraq oyatmaq, həmçinin müəyyən mənəvi keyfiyyəti ona təlqin etməkdir. Belə ki, bir növ, "təbiətimizi öyrənək" məzmunlu şeirlərin davamı olaraq "Uçmaq istəyən çiçəklərin əhvalatı", "Yarpaq çələngi", "Çinar əhvalatı", "Ördək balası", "Dünyanı yandırmaq istəyən atəşböcəyi", "Akvarium balığı", "Buynuz" və s. hekayələrdə cəlbedici süjetlərlə xeyli yeni məlumatlar diqqətə çatdırılır. Həm də bitkilər və heyvanların timsalında lovğalıq, acgözlük, dəcəllik, paxıllıq, pintilik pislənir, dostluq, qayğıkeşlik, xeyirxahlıq təbliğ olunur. Yazıçının nağılvarı təhkiyə üslubunda təsvir etdiyi hadisələr uşaq təxəyyülünü inkişaf etdirmək, onun həyata baxış dairəsini genişləndirmək, təbiətlə ünsiyyətdə fantastik düşüncənin hüdudsuzluğunu nümayiş etdirmək baxımından xeyli oxunaqlıdır. Uşaq təfəkkürünə, psixi-əqli özəlliyinə dərindən bələdlik sayəsində onlar tərəfindən uydurulan yalanlar elə inandırıcı nəql olunur ki, yalnız süjetin sonunda bu fantastik hadisələrin cazibəsindən ayrılmaq olur.
Zahid Xəlil bədii yaradıcılığa sovet dönəmində başlamasına baxmayaraq dövrün aparıcı tendensiyası - dövlət siyasəti, sosialist realizmi yönümlü ideyaların təbliğinə deyil, daha çox azyaşlı oxucuları üçün maraqlı və tərbiyəvi əhəmiyyəti olan mövzulara müraciət etmişdir. Ancaq onun nəsr yaradıcılığında siyasi-ictimai məzmunlu nağıl-hekayələr də mövcuddur ki, onlarda məhz "Altmışıncılar" ictimai-mədəni hərəkatının təsiri aydın müşahidə olunur. Yazıçının "Quyunun dibindəki adam", "Pul şəhərinin adamları", "Bağırmaq istəyən adam", "Yeyimcillər ölkəsinin adamları" və b. hekayələrində alleqorik, fantastik təsvir vasitələrindən istifadə ilə sətiraltı mənalarla zamanın aktual problemləri hədəfə alınmışdır.
Zahid Xəlil uşaq ədəbiyyatı hüdudlarında nağıl janrının struktur-poetik imkanlarından faydalanaraq yaratdığı bir sıra əsərlərində ciddi siyasi-ictimai məsələlərə toxunmuşdur. Onun geniş həcmli povestləri də ideya-məzmun tutumu, süjet xəttinin dolğunluğu və obrazların rəngarəngliyi ilə oxunaqlı və cəlbedicidir.
Zahid Xəlil Azərbaycan uşaq ədəbiyyatı sahəsində yarım əsrdən artıq müxtəlif janrlı xeyli bədii əsərlər yaratmaqla yanaşı, həm də bu sahədə elmi yaradıcılığı da xeyli məhsuldar olmuşdur. O, 1973-cü ildə "Azərbaycan uşaq poeziyası və folklor" mövzusunda namizədlik dissertasiyası, 1990-cı ildə "Azərbaycan uşaq ədəbiyyatının mənşəyi, təşəkkülünün əsas amilləri və inkişaf problemləri" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun "Detskaya literatura Azerbaydjana" monoqrafiyası 1987-ci ildə Moskvada nəşr olunub və bir müddət professor Əziz Şərifin təşəbbüsü ilə M.Lomonosov adına Moskva Dövlət Universitetində dərs vəsaiti kimi istifadə edilmişdir.
Z.Xəlilin azyaşlılar üçün qələmə aldığı kiçik həcmli şeir və hekayələri, dolğun məzmunlu poema və nağılları ölkəmizdə dəfələrlə yüksək tirajla çap olunmuş, həmçinin dünyanın bir çox dillərinə tərcümə edilib, rus, Ukrayna, Litva, eston, moldov, gürcü, özbək, qazax, türkmən, alman, holland, hind dillərində də nəşr edilmişdir. O, uşaq ədəbiyyatı üzrə keçirilən bir sıra beynəlxalq tədbirlərin iştirakçısı olmuş və müsabiqələrdə qalib gəlmişdir. Belə ki, yazıçı 1982-ci ildə "Literaturnaya qazeta"da çap olunmuş "Kölgələr" və "Limonad içməyin" hekayələrinə görə "Zolotoy telyonok" mükafatını almış, "Salam, Cırtdan" kitabı həm ümumittifaq, həm də respublika müsabiqəsində "İlin ən yaxşı uşaq kitabı" diplomuna layiq görülmüşdür. Onun son illərdə çap etdirdiyi "Dünyanın ən balaca nağılları" (2002), "Qızlar şeir oxuyur sevgi yaşında" (2007), "Göy qurşağı" (2018), "Kralın kreslosu" (2018), "Şəkərabad şəhərinin uşaqları" (2020) və s. kitabları da mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir. Milli ədəbiyyatşünaslıqda Zahid Xəlilin yaradıcılığına monoqrafiyalar həsr edilmiş, çoxlu məqalələr yazılmışdır.
Həqiqətən, altmışıncılar ədəbi cərəyanının yetirmələrindən olan Z.Xəlil yaradıcılığı çoxcəhətliyi, orijinal üslubu və yüksək sənətkarlığı ilə milli uşaq ədəbiyyatı tariximizdə xüsusi bir səhifədir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!