Əsrlər boyu milli-mənəvi duyğuların mükəmməl poetik harmoniyasını yaratmaq gücündə olan, ideya-məzmun və forma komponentlərinə yanaşmanın universal bütövlüyünü təmin edən türk poeziyası hazırkı mərhələdə bir çox ideya-bədii keyfiyyətləri ilə yanaşı, vətəndaşlıq qayəsinin ifadə imkanları və ona xidmət baxımından da diqqəti cəlb edir. XX əsrin əvvəllərindən başlayaraq T.Fikrət, Z.Göyalp, M.A.Ərsoy, Ə.Hamid, Y.K.Bayatlı və b. türk poeziya bayraqdarlarının yaradıcılıqlarının ana xəttində dayanan vətənpərvərlik mövzusu zaman-zaman öz aktuallığını itirməmiş, yeni nəsil yazarlarının sənətində davam etdirilərək özünəməxsus düşüncə və yanaşma tipində poetik dəyər qazanmışdır. Bu mənada Orxan Afacan, Mustafa Nihat Malkoç, Kənan Çarboğa, Osman Akçay, Dursun Kepçeoğlu, Ümüt Güngör və b. çağdaş türk şairlərinin yaradıcılığındakı vətəndaşlıq qayəsi mahiyyətinin milli-tarixi yaddaşa bağlılıqda ifadəsini, məsələlərin ümumtürk məfkurəsi kontekstində məna qazanmasını ədəbi funksional rabitə hesab etmək olar. Adları sadalanan ədəbi nəslin nümayəndələrinin mövzu rəngarəngliyi ilə seçilən yaradıcılıqlarında türkçülük və turançılıq dəyərlərinin üstünlüyünü təmin edən ədəbi rabitə və ədəbi təsirləri inkar etmək düzgün deyil. Önəmli odur ki, həmin şairlər yaradıcılıqlarının bir istiqaməti kimi türk dünyası coğrafiyasında baş vermiş ən son tarixi hadisələrə ümumtürk kontekstində münasibət sərgiləyir, qazanılan hərbi qələbə və siyasi uğuru türkün ümumi qalibiyyəti müstəvisində təqdim edirlər. Bu səbəbdən müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, igid əsgərlərimizin şücaəti, xalqımızın birliyi nəticəsində 44 günlük II Qarabağ müharibəsində qazandığımız zəfərin, təxminən 30 illik işğal altında qalan yurd yerlərimizin düşməndən azad olunmasının, azad olunan torpaqlarda dalğalanan bayrağımızın və s. tərənnümü ilə bağlı yazılmış şeirlərdə lirik şair duyğuları ilə ciddi türk-vətəndaş mövqeyinin üst-üstə düşməsi çağdaş türk poeziyasında yeni keyfiyyət hadisəsinə çevrilərək ideyanın aktuallığını dərinləşdirmiş və "Turanın bir eli var" (Z.Göyalp) baxış sistemində türk dünyası sevgisini gücləndirə bilmişdir. Ən maraqlısı odur ki, bu cür yanaşma və dəyərin ana xəttində tarixi Şuşa qala - şəhərimizə daha çox önəm verilir, şeirlərdəki poetik mənalandırma milli-tarixi yaddaşa bağlılıq və müasir real şəraitə uyğun aparılır.
Bildiyimiz kimi, Şuşa şəhəri 270 illik bir tarixə malik olsa da, bu ərazilərin xalqımıza məxsus yurd yeri olmasının tarixi min illərə söykənir. Təsadüfi deyildir ki, bir çox Avropa alimləri kimi, ingilis səyyahı və alimi C.Morye də Şuşa ərazisinin eradan əvvəl insan məskəni olduğu barədə fikirlər irəli sürmüş, birmənalı olaraq bu yerlərin türkə məxsusluğunu təsdiqləmişdir. Şuşa xalqımız üçün tarixən siyasi və mədəni olduğu qədər strateji baxımdan da əhəmiyyətli mərkəzlərdən biri olmuşdur. Ümummilli lider Heydər Əliyevin Şuşa ilə bağlı aşağıdakı fikirləri bu baxımdan analoqu olmayan milli-tarixi səciyyə daşıyır: "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".
Bu səbəbdən Şuşa bir paytaxt şəhər, bir gözəlliklər diyarı, bir türk yurdu, bir mədəni-elmi mərkəz, şairlər, alimlər, rəssamlar, qəhrəmanlar, siyasi xadimlər vətəni və s. olaraq Azərbaycan və türk dünyasında sevilmiş, nəinki Azərbaycan, eyni zamanda ümumtürk ədəbiyyatımızın baş mövzusuna çevrilmiş, milli-tarixi yurd yeri Qarabağın - Şuşa şəhərinin lirik və bədii-fəlsəfi obrazı canlandırılmışdır.
M.M.Bayat, Orxan Afacan, Kənan Çarboğa, Osman Akçay, Dursun Kepçeoğlu, Ümüt Güngör və digər şairlərin şeirlərində Azərbaycanın qeyrət simvolu olan, Qarabağın incisi hesab edilən Şuşa ümumi olaraq milli-tarixi kontekstdə obrazlaşdırılsa da, buradakı məzmunun ana xəttində əsasən son 30 ilin tarixi olayları dayanır. Ona görə də Şuşa mövzulu bu cür şeirlərdə biz bir tərəfdən 28 illik düşmən tapdağında olan Şuşa harayımızı eşidir, digər tərəfdən isə düşmən üzərində qələbə müjdəmizi bölüşür, zəfərimizin Şuşa sevincindən qürurlanırıq. Lakin Şuşanın hələ azad olunmadığı bir dövrdə yazılmış bəzi poetik nümunələrdə şair idealları ilə mövcud gerçəkliklər arasında görünən təzadlar nə reallığın təhrifidir, nə də romantik düşüncələrdir, türk milli əqidəsinin öncədən diktə etdiyi qələbə inamının və məğrurluğunun təzahürüdür.
Məsələn, Məhəmməd Mehdi Bayatın "Qarabağ şikəstəsi" şeiri Qarabağın - Şuşanın işğal altında olduğu bir zamanda yazıldığı üçün bu şeir torpaq itkimizin acılarını əks etdirmək baxımından xarakterikdir. Lakin işğal dövrünün reallıqları fonunda şeirdəki türk birliyinə, düşməndən intiqam almağa və zəfərə çağırış ideyaları burada həm nikbinliyi, həm də qələbəyə olan inamı artıra bilmişdir:
Qadan alım, dilbərim, başına da dolanım,
Gün doğmadan dərdinə pərvanətək mən yanım
Yüz yerdən yaralısan, ey sevgili cananım
Gün gəlir şəfəq çökər, durnalar qatar-qatar,
O qurumuş bağlarda bülbüllər bir də ötər.
Məhəmməd Mehdi Bayatın Şuşanın işğal olduğu zamanda qələbə müjdəli və qələbə ruhlu düşüncələrinin səbəbini ilk növbədə onun türk təəssübkeşliyində, Azərbaycanın igid oğullarının düşməni məhv edəcəyinə olan inamında axtarmaq lazımdır:
Silkin, silkin ər kimi, işıq saç günəş kimi,
Gir meydana baş yüksək, kükrəyən aslan kimi,
Qəhr eylə düşmənləri, görün xalqa xan kimi.
Yürü, yürü durmadan, dağıt düşmən evini,
Qazan zəfərlərini, qoy dostların sevini.
"Qarabağ şikəstəsi" şeirində Şuşanı - Qarabağı özünə vətən bilən şairin yurd, torpaq sevgisi ən yüksək səviyyədə nümayiş etdirilir. Bu sevgi şairdə həm qələbə inamı formalaşdırır, həm də işğal altında olsa belə öncədən xalqa vətən torpaqlarının düşməndən azad olma xəbərini verməyə sövq edir:
Bayrağı dik göylərə, azadəlik günüdür,
Topla xalqı başına hürriyyət düyünüdür.
Torpağında düşmənin inşallah sonudur...
Çağdaş türk poeziyasında özünəməxsus yeri və üslubu olan Kənan Çarboğanın "Qarabağa azadlıq çağrısı" və Ümüt Güngörün "Azərbaycan, Qarabağ, Şuşanı unutmaram" şeirlərində ayağı Türkiyədə, könlü Azərbaycanda olan vətənpərvər şairlərin Qarabağ, Şuşa sevgilərini görməmək mümkün deyil. Məsələn, Qarabağı, Şuşanı türk dünyasının bir parçası hesab edən Kənan Çarboğa Şuşaya hər bir türkün müqəddəs Vətəni və qürur yeri kimi baxır. Buna görə də Şuşa itkisini Göy bayraq altında birləşən Turan elləri üçün qəbul edilməyən dərd səviyyəsində təqdim edir, düşmənə sonsuz nifrətini gizlədə bilmir. Kənan Çarboğa Şuşanın - qədim türk yurdunun düşmən tapdağında inləməsini təkcə tariximizin deyil, həm də şan-şöhrətimizin qara səhifəsi hesab etsə də, aslan pəncəli, qurd ürəkli igidlərin sayəsində Şuşanın azad olunacağına və düşməndən intiqam alınacağına ümid bəsləyir:
Bir qotur, quduz köpək torpağını aparmış,
Namusuna əl atmış, ürəyini qoparmış.
Bozqurdların yurdunda qurd payını qoparmış
Qurdluğunu xatırla, qan dəysin dişə bu gün,
Azad olsun Qarabağ, hürr olsun Şuşa bu gün.
Şair həmişə türklüyü ilə qürur duyan türkləri Şuşa uğrunda savaşa səsləyir, ulu Turan ellərini və igidlərini bir olmağa, düşmənə dəmir güc göstərməyə çağırış edir:
Göy bayrağın altında birləşərək türkeli
Bu ayıblı duruma bir anda son verməli,
Türkün dəmir gücünü dünyaya göstərməli
Ulu Turan ərləri girsin savaşa bu gün.
Azad olsun Qarabağ, hürr olsun Şuşa bu gün.
Şeirdə Kənan Çarboğanın Qarabağ məsələsini Azərbaycan çərçivəsindən çıxarıb ümumtürk kontekstində təqdim etməsi böyük Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" fikirlərindən doğan ideyanın oxşar təsirini yaradır.
Kənan Çarboğanın bir türk şairi olaraq daşıyıcısı olduğu ədəbiyyatın, mənsub olduğu millətin ənənələrinə sədaqəti kifayət qədər güclüdür. Onun sənəti türk yurdunun sevincini sevinc, kədərini kədər bilən, qanı ilə, canı ilə türk dünyasına bağlı olan bir vətəndaş - şairin vətənpərvərlik manifesti təsirindədir. Bu səbəbdən onun Şuşa mövzusunu əks etdirən poetik misralarında türkün qəhrəmanlıq taleyi ilə səsləşən hər bir söz, poetik məna daşıyan hər bir ifadə şərəf tariximizi, çətinliklərə sinə gərmək əzmimizi, torpaqlarımıza qayıtma ümidlərimizi ifadə edir və oxucuda türkəm - cəsuram, türkəm - ədalətliyəm, türkəm - qalibəm düşüncəsini formalaşdırır:
Oğuz xanın ordusu boyun əyməz kimsəyə,
Dünya təslim olunca oxu dəyməz kimsəyə.
Biz izin vermədikcə günəş doğmaz kimsəyə
Buyruğumuz yetişsin torpağa, daşa bu gün
Azad olsun Qarabağ, hürr olsun Şuşa bu gün.
Ümüt Güngörün "Azərbaycan, Qarabağ, Şuşanı unutmaram" adlı 10 bəndlik şeiri son 30 ildə Azərbaycan torpaqlarının işğalı, 20 Yanvar hadisələri, Xocalı soyqırımı, dünya və Avropa birliyinin Azərbaycana qarşı haqsızlığı, biganəliyi və s. məsələlərin poetik ifadəsi, yeri gəldikcə milli-tarixi mahiyyətdə dəyərləndirilməsi baxımından xarakterikdir. Biz bu şeirdə türkün özünə vətən bildiyi Azərbaycan üçün canından belə keçməyə hazır olduğu qətiyyətinin, "türkə düşmən olanı öfkəm ilə yıxaram" iradəsinin, bozqurdların - türk igidlərinin sayəsində erməni quldurlarından intiqam alınacağı inamının şahidi olur, şair arzularının arxasında dayanan Azərbaycan sevgisi ilə üzbəüz qalırıq:
Gül olmağa hazır qönçəni qurutmaram,
Azərbaycan, Qarabağ, Şuşanı unutmaram,
Turansız xəyallarla könlümü ovutmaram,
Erməni qulduruna buraxmaram sizləri.
Maraqlı odur ki, 10 bəndlik şeirin yalnız birinci bəndində Şuşanın adı çəkilsə də və hər bənd "erməni qulduruna buraxmaram sizləri" misrası ilə tamamlansa da, oxucu təsəvvüründə Azərbaycanın dünəni və bugünü ilə bağlı əks etdirilən tarixi-siyasi və hərbi proseslərin mərkəzində yalnız Şuşa görünür, Şuşa canlanır. Çünki Xocalı soyqırımı, Bakı qətliamı, körpələrə, ana-bacılarımıza verilən dəhşətli işgəncələr fonunda bir oxucu, bir vətəndaş olaraq Şuşa ilə bağlı düşüncələr Şuşanın adı çəkilməsə də belə bir simvol olaraq xəyalımızı daha çox məşğul edir:
Dünyaca zülümlərin altında inlədiniz,
Qüsurunuz vardı ki, günahmı işlətdiniz?
Sadəcə, vətənim - Azərbaycan dediniz.
Erməni quldurlara buraxmaram sizləri.
Çağdaş türk poeziyasında konkret olaraq Şuşanın azad olunmasına həsr edilmiş şeirlər özünün ideya-məzmun xüsusiyyətlərinə görə Şuşa ilə bağlı yazılmış digər nümunələrindən fərqlənir. Əgər M.M.Bayatın "Qarabağ şikəstəsi", K.Çarboğanın "Qarabağa azadlıq çağrısı", Ümüt Güngörün "Azərbaycan, Qarabağ, Şuşanı unutmaram" və s. şeirlərində işğal altında olan Şuşanın mərdliyi, mübarizliyi, əyilməzliyi fonunda onun azad görkəmi xəyali azadlıq və yaxud "bəlkə yarından da yaxın" fəlsəfəsi daxilində əksini tapırsa, Mustafa Nihat Malkoçun "Şuşa muştusu", Osman Akçayın "Şuşa", Orxan Afacanın "Qarabağın qəlbidir Şuşa", "Azansız illər Şuşa", Dursun Kepçeoğlunun "Şuşa" şeirlərində isə ideya-məzmun konkret olaraq Şuşanın azad olunmasından sonrakı gerçəklik və reallıqları əhatə edir. Ona görə də Şuşanın azad olunduğu ilk günlərdə 8-9 noyabr 2020-ci il tarixində isti-isti yazılmış şuşanamələrdə hadisələr keçmişi yox, bugünü əks etdirir. Mustafa Nihat Malkoçun "Şuşa muştusu" şeirində Şuşanın azad olunmasından qürur duyan, böyük fərəh yaşayan şairin sevinc hisslərini görməmək mümkün deyil. Şair bu hissləri təkcə yaşamır, həm də onu bir təəssübkeş türk olaraq dünyaya bəyan edir:
Düşmənə yar olmadı torpağımız, daşımız,
Zəfərə qanad çırpdı Azəri qardaşımız.
Bayrağın kölgəsində göyə dəydi başımız
Torpağın üzü güldü, rəhmət yağdı Şuşaya,
Dağıldı qaranlıqlar, günəş doğdu Şuşaya.
Dərincə qazılmışdır erməninin məzarı
Ümidlərə gəbədir hürriyyətin nəzəri,
Heç belə görməmişdik, belə şirin Xəzəri
Minlərcə salam olsun, salam olsun Şuşaya
Dağılsın qaranlıqlar, huzur dolsun Şuşaya.
Mustafa Nihat azad Şuşanın obrazını yaradarkən bir qədər də irəliyə gedərək, qələbənin real mənzərələri fonunda özünün şair hisslərini həyat gerçəklikləri və qürurlu insan qavrayışları səviyyəsində təqdim edə bilir. Ona görə də şairin təqdim etdiyi poetik tabloda Şuşa zəfərimizin səbəb və nəticələri gerçəkliklə ideal arasında dəyər qazanır və heyrət doğuracaq qədər marağa səbəb olur:
Hürriyyətin eşqinə qanlar axdı Şuşaya,
Bayrağın xatirinə canlar axdı Şuşaya.
Və yaxud
Cəngavərlər atıldı sel misalı Şuşaya,
Yaradan nəsib etdi bu vüsalı Şuşaya.
Orxan Afacanın, Osman Akçayın, Dursun Kepçeoğlunun azad Şuşa mövzusunda yazdıqları şeirlərdəki yanaşma və ideya bir təəssübkeş türkün keçirdiyi sevinc hisslərini və Azərbaycan Türkiyə, Azərbaycan türk dünyası qardaşlığını əks etdirir. Orxan Afacanın "Qarabağın qəlbidir Şuşa", "Azansız illər Şuşa", Osman Akçayın "Şuşa", Dursun Kepçeoğlunun "Şuşa" şeirlərində Azərbaycan zəfərindən pay alan, sevinci yerə-göyə sığmayan türk qardaşlarımızın iftixar duyğulu düşüncələri və sanki bir şuşalı həyəcanı yaşamaları bizdə təəccüb doğurmur, əksinə torpaq bütövlüyünü bərpa edən Azərbaycanın yeni siyasi-inzibati tərcümeyi-halının poetik uvertürası təsirini yaradır və eyni amal, eyni ideallar uğrunda yumruq kimi bir olduğumuzu nümayiş etdirir:
İşğaldan azad edilən qədim türk yurdu Şuşa
Qarabağın ürəyidir
Qəlb bizdə atarkən,
dəmir yumruqdan qaçan itlər
Zəfər işin layiqlidir.
Və yaxud
Açıldı dilim, idrakım
Könül yenə gəldi cuşa
Sancıldı bürcə bayrağım
Qayıtdı bağrıma Şuşa.
Qardaşımız Azərbaycan
İki bədəndə bir tək can.
Dursun Kepçeoğlu
Osman Akçayın "Şuşa" şeirində qədim türk yurdu Şuşanın azad olunmasına yönələn fikirlərdə Azərbaycanın qürur və qüdrəti, erməniliyin və ermənipərəstliyin isə məhvi və ifşası əsas yer tutur. Şairin bu cür fərqli baxışı və düşüncələri bir tərəfdə türk ruhunun əzəmət və qüdrətinin, digər tərəfdə isə haqq-ədalət təntənəsinin ifadəsi baxımından xarakterikdir:
Qəhrəman və müzəffər
can Azərbaycan ordumuz,
Addım atınca Şuşaya
Erməninin, fransızın, rusun, amerikalının
Gözləri döndü şaşıya.
Səslənən ideyanın davamı kimi Dursun Kepçeoğlunun "Şuşa" şeirində də düşməndən intiqam alan türkün qəhrəmanlıq və yenilməzliyindən danışılır, gözlərimiz önündə vətən sevgisi ilə nəfəs alan igidlərimizin mükəmməl obrazı canlandırılır.
Dursun ödemiş bedeli,
Gerçəkləşmiş bir əməli
İki bayraq tutan əli
Qurban olum o tutuşa
Türkü ölçmək istəyənlər,
Kəsib biçmək istəyənlər
Qanın içmək istəyənlər
Əmək verməsinlər boşa.
Duyunca bir Mehtər marşı
Türk titrədir ərzi-ərşi
Yürür düşməninə qarşı
Durmaz, gedər qaça-qaça.
Şuşa azad olunduqdan sonra ona həsr edilmiş şeirlərdə "lirik mən"in hadisələrə müdaxilə və münasibəti "azad Şuşa" kontekstindən kənara çıxmır. Orxan Afacanın "Qarabağın qəlbidir Şuşa" və "Azansız illər Şuşa" şeirlərində "lirik mən" azad Şuşanın azad vətəndaşı görkəmində dünəndən çox bugünün adamı təsirini bağışlayır. "Qarabağın qəlbidir Şuşa" şeiri Şuşa azad olunan gün, "Azansız illər Şuşa" şeiri isə Şuşa zəfərinin ikinci günü - 9 noyabr 2020-ci ildə yazıldığı üçün buradakı sevinclə həyəcanın paralelliyi baş verənlərin daxili mahiyyətinin açılmasından çox uzun ayrılıqdan sonra düşməndən təmizlənmiş torpaqların görüşünə gedən insanların emosiyalarının əks etdirilməsini zəruri edir. Ona görə də şair məqsədli olaraq 28 illik ayrılıqdan sonra Şuşanın ilk dəfə görüşünə gələn bir vətəndaşın izaha sığmayan və ya sözlə izah oluna bilməyən duyğularını, psixoloji məqamlarını, emosional görkəmini detalları ilə oxucuya çatdırmağa ehtiyac duymamış, belə demək mümkünsə, vüsala çatan insanın (Şuşa əhlinin) keçirdiyi hissləri zahiri emosional görkəmə uyğun təqdim etməyə üstünlük vermişdir:
Otuz il gözlədim, getmədi boşa
Doydu sevincimdən gözlərim yaşla
Gəlirəm bu gündən tez qaça-qaça
Mənim Qarabağımın qəlbidir Şuşa.
Bildiyimiz kimi 30 illik erməni işğalı zamanı Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Qubadlı, Kəlbəcər, Xocavənd, Ağdərə, Xankəndi, Xocalı kimi şəhər və rayonlarımızda onlarca məscid və dini-mədəni abidələrimizin ermənilər tərəfindən təhqir və məhv edilməsi təkcə Azərbaycana qarşı deyil, bəşəri maddi-mədəni, dini-mənəvi sivilizasiyasına qarşı törədilmiş vandal aktı və cinayətdir. Bu mənada, şuşanamələrə daxil olan şeirlərdə torpaqlarımızın azadlığı sırasında məscidlərimizin, dini abidələrimizin də yer alması zaman-zaman bu torpaqlarda milli-mənəvi dəyərlərimizin mövcudluğunun, islami əxlaqın aparıcılığının təsdiqi və milli-dini məbədlərimizə vandal yanaşmanın, erməni vəhşiliyinin ifşası baxımından xarakterikdir. Məsələn, Orxan Afacanın "Azansız illər Şuşa" şeirində Şuşanın azan həsrəti onun 28 illik azadlıq həsrəti ilə təxminən eyniləşdirilir, hiss və düşüncələr bu çərçivədə təqdim edilir. Şair azan səsinə bir tərəfdən ruhumuzun, hissiyyatımızın, qalibiyyətimizin, həyat eşqi və mübarizə əzmimizin səsi kimi dəyər verir, digər tərəfdən, onu dini-fəlsəfi mahiyyətdə aşılamağa müvəffəq olur.
Doqquz noyabr Bayraq günü müjdəsi
Şəfəqdə yüksələn azanın səsi
Edər səcdəsinə dəvət hər kəsi
Azansız illəri, aman, unutma.
Nəticə etibarilə deyə bilərik ki, çağdaş türk poeziyasının ən son örnəklərindən olan şuşanamələr mövzu və ideya baxımından Azərbaycan sevgisi daxilində türk birliyimizi, qəhrəmanlığımızı, yenilməzliyimizi, yurd-torpaq həsrətimizi, düşmənə nifrətimizi, böyük gələcəyə ümidlərimizi parlaq bədii boyalarla əks etdirmiş, düşmənlərimizin siyasi-mənəvi iflasını dünyaya bəyan etmiş və Şuşa-Vətən sevgimizin poetik himninə çevrilərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək tribunalardan səsləndirdiyi siyasi hökmünün həqiqiliyini bir daha təsdiqləmişdir: "Qarabağ Azərbaycandır!".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!