2020-2021-ci illərdə yaranan epik şeir nümunələrinin əksəriyyəti Vətən, Qarabağ aşiqlərinin II Qarabağ savaşı zamanı yaratdığı yeni əsrin möcüzəsinə - Vətən aşiqliyinə həsr olunub. Aşiqlik isə öləsiyə sevdalanmaqdı... "Susuzluğun od vurub köz kimi yandırdığı dodağın" (Ə.Kərim) su sevməsi kimidi... Öləcəyini bilə-bilə ölüm mələyinin çağırışına qoşmaq, keçilməz dağ cığırlarının yolçusu olmaq, qayalıqların bağrını yara-yara ecazkar, möcüzə şəhər Şuşaya yol açmaqdı... Aşiqlik anatək, sevgilitək sevdiyin yurdun, azadlığı uğrunda vuruşduğun Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Suqovuşan, Qubadlı, Zəngilan üçün gözünü qırpmadan canını fəda etməkdi, döyüş səngərlərinə atıldığın Vətən müharibəsinin od-alovları içində ən gözəl eşq şeirini məhz Vətən üçün yazmaqdı... Heç şübhəsiz, II Qarabağ savaşı günlərində hər birimizin nəfəsini içinə çəkib oxuduğu o ən gözəl şeiri məhz əsgərlərimizin güllələri, ürəklərində şahə qalxan qisas hissi yazdı... Ən mükəmməl əsəri - 44 gün ərzində şanlı tariximizin yeni qızıl səhifələrini isə Uluyurdun azadlığı uğrunda şəhid olan ərənlərimiz yazdılar...
Bu əsər göstərdi ki, aşiqlik eşq ağacının 28 il gec gətirdiyi bəhrəsini dözülməyənlərə dözə bilib gözləməkdi... Gözlədilər, gözləməyə də dözdülər igidlərimiz... Dözdülər, çünki bilirdilər ki, sonda gənc və istedadlı şair Elnur Uğurun dediyi kimi:
Eşqin Günəşi öpəcək dan yerini.
Mütləq qovuşacaq Şuşa!n sənə,
Qarabağın pəncərələri açılacaq
Təmiz hava axacaq Laçın dəhlizinə.
Orda bağrı çatlayır məşuqun da...
Aşiqlik budur elə... Yanmadınsa eşq odunda
Kündə olsan da, bişməyəcəksən,
Eşq nədir bilməyəcəksən ölənəcən,
Aşiqlik səfərbərlikdir içindən-çölünəcən...
Təbii, 44 günlük Vətən müharibəsi göstərdi ki, 28 il ərzində Uluyurdun aşiqləri özlərini "içindən-çölünəcən səfərbər" ediblərmiş və məhz qisas günü üçün hər gün hazırlıq keçiblərmiş... Buna görə də Yurd aşiqi ərənlərimiz döyüşə gülə-gülə gedirdilər... Dillərində "Anadır arzulara hər zaman Qarabağ" mahnısının sədaları, ürəklərində Qarabağ sevdası, sınırsız Vətən eşqi...
2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq cənab Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə yurd eşqi və düşməndən öc almaq amacı ilə yaşayan ərənlərimizin sırasında yer aldığı müzəffər ordumuzun mükəmməl döyüş taktikası, mərdliyi, Azərbaycan xalqının iradəsi, monolit birliyi sayəsində 28 il bundan öncə işğalı başa çatan Qarabağın böyük hissəsi geri alındı. Vandal Ermənistanın azğın ordusunun ardıcıl təxribat və hücumlarına qarşı bütün cəbhə boyu əks-hücuma keçən şanlı ordumuzun cəngavər əsgərlərinin, ürəyi yağı düşməndən terrora uğratdıqları, daşını daş üstündə qoymadıqları əsir torpaqlarımızın, ləyaqəti alçaldılmış qız-gəlinlərimizin qisasını almaq hissi ilə çırpınan ərənlərin rəşadəti, igidliyi, qeyri-adi döyüş bacarığı sayəsində illər boyu həsrətində olduğumuz doğma torpaqların böyük əksəriyyəti işğaldan azad olundu. 2020-ci ilin 8 noyabr günü isə tariximizin hələlik ən yeni mərhələsi, Şuşanın zəfəri günü oldu... Qarabağın üzük qaşı, musiqi beşiyi Şuşa azadlığına qovuşdu, Azərbaycan əsgəri uzun illər həsrətində olduğu doğma yerlərdə milli bayrağımızı dalğalandırdı! Vətənimizin hər guşəsindən, on milyonluq xalqın dilindən qopan "Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" sədaları göylərə ucaldı...
Epik şeirdə əsas mövzu olan Qarabağ 8 noyabr 2020-ci il tarixindən sonra dərd, əzab, əsirlik, didərginlik obrazı olmaqdan çıxaraq zəfər, qələbə naxışlı, Vətən eşqli, eyni zamanda şəhidlərin ruhuna bürünmüş, şəhid ətirli obraza çevrildi...
İlk olaraq I Qarabağ savaşında olduğu kimi, II Qarabağ savaşı zamanı da əsgərlərimizlə, şanlı ordumuzla yanaşı addımlaya bilməməkdə qınanılan ədəbiyyatı yaradanların ön sırasında olan şairlərimiz müharibə həqiqətlərini şəhid ətirli, zəfər qoxulu poemalarında canlandırmağa başladılar... Sabir Rüstəmxanlı "Qarabağa dönüş", Vahid Əziz "Heyrət səcdəsi", Elnur Uğur (Abdiyev) "Hadrut fatehi", Əlirza Həsrət "Barıt qoxulu çiçək", Sabir Arazlı Özgün "Qarabağ - ruhumun beşiyi" və "Uğur, gözlə məni, qayıdacağam", Ramiz Qusarçaylı "Vətən", Solmaz Şahin "Zəfər nəğmələri", Zeynal Vəfa "Haqqın səsi", Fərhad Əzizbəyli "Vətən sevdalısı" və "Tabuta sığmayan şəhid", Nizami Muradoğlu "Alp Ərdoğan, Sultan Ərdoğan", Abuzər Turan "Zəfər nəğməsi", Balayar Sadiq "Şəhid ətri" poemalarında "Bu payız Vətənin könlünü alıb, Şuşanın alnından öpən oğulların (B.Sadiq)" parlaq obrazını yaratdılar... Göstərdilər ki, Ana torpaq uğrunda döyüşmək, onu yağı düşmənin murdar tapdağından azad etmək igidlik, bu yolda şəhidlik zirvəsinə ucalmaq isə ən ali qəhrəmanlıqdır...
"Poeziyamızın Qarabağ savaşı - Vətən müharibəsi" adlı kitabında fil.ü.e.d. Mərziyə Nəcəfova yazır: "90-cı illərdən etibarən Azərbaycan ədəbiyyatında, ...epik poemalarda Qarabağ hadisələri geniş şəkildə işlənməyə başladı. Xüsusilə 20 -Yanvar hadisələrindən sonra Bəxtiyar Vahabzadənin "Şəhidlər" poemasından sonra torpaqlarımızın 20 faizindən çoxunun düşmən tapdağında qalması, döyüşçülərimizin qəhrəmanlıqları, şəhidlik mövzusunun şəhidlik səviyyəsində əksi, daha çox isə Xocalı harayının poemalarda əksi geniş işlənən poema mövzularına çevrildi. X.R.Ulutürkün, N.Xəzrinin, Ə.Quluzadənin, Z.Yaqubun, N.Günün, N.Həsənzadənin, Ə.Salahzadənin, Ə.Xələflinin və b. şairlərimizin yaradıcılığında yaşanan Qarabağ faciəsi, müharibə mövzusu öz əksini tapdı. 30 il öncə poemalarımızın əsas mövzusu torpaq itkisi, Xocalı soyqırımı mövzusu idi. Ancaq 44 günlük Vətən müharibəsindən sonra tez bir zamanda zəfər sevinclərimizi əks etdirən poemalarımız mətbuatımızda yer aldı...".
Şuşa zəfərindən sonra səhifələrində qələbə sevincinə bükülü poema, şeir, hekayə və esselərin dərcinə geniş yer verən "Ədəbiyyat qəzeti"ndə çap olunan ilk poema Sabir Rüstəmxanlının on beş fəsildən oluşan "Qarabağa dönüş"ü oldu. S.Rüstəmxanlı poemada şahidi və iştirakçısı olduğu hadisələri xatırlayır, yaxın keçmişlə bugünü - yaşanmışlarla yaşananları qarşı-qarşıya gətirir. Qələbə eyforiyasını yaşayan soydaşlarının yadına yurdumuzun imperiya dövlətləri arasında dilim-dilim bölünməsini, azadlıq, bağımsızlıq yolunda xalqın keçdiyi tarixi dönəmləri - 1988-ci il Meydan hərəkatını, 20 Yanvar faciəsini, Xocalı soyqırımını salır, yaralarımızdan axan qanın qorxumuz, ağrılarla qovrulan ədalətin yuxumuz olduğunu - uğradıldığımız haqsızlıqları xatırladır və: "keçənləri, tarixi qəhrəmanlarımızı, Uluyurd uğrunda canını qurban verənləri, şəhid olmuş igidlərimizi unutmağa əsla haqqımız yoxdur, gerçəyi ilə üz-üzə qoyur. Göstərir ki, unutsaq, unudularıq, daha böyük faciələrə, itkilərə tuş gələrik...
Unutduq ki, insanlıq çaylar kimi daşmaqdır,
Haqq-ədalət yolunda sonadək savaşmaqdır,
Sağalmaz yara olur boyun əymək düşmənə,
Ömrüm sığışa bilməz parçalanmış Vətənə...
Əslində, S.Rüstəmxanlının "Qarabağa dönüş" poeması parçalanmış yurd yerlərimizin və ruhumuzun bütövləşməsinə, Azərbaycan - Türkiyə - Pakistan dostluğuna, qardaşlığına, hərbi birliyinə doğru gedilən yolun poetik təsviri, bədii salnaməsidir. Ədəbiyyatımızda Qarabağ mövzusunu ardıcıl olaraq araşdıran tədqiqatçı Mərziyə Nəcəfova vurğulayır ki, əsərin daha bir əhəmiyyəti "zəfər mövzusunda tez bir zamanda digər poemaların yazılmasında bir körpü rolunu oynamasıdır...".
Neftçalada yaşayan, doğma Qoltuq kəndinin ağuşunda yazıb-yaradan şair Fərhad Əzizbəylinin 2021-ci ildə oxuculara təqdim olunan "Vətən sevdalıları" kitabında onun üç poeması yer alır. Şair "Vətən sevdalısı" poemasını Aprel döyüşlərində şəhid olmuş Milli Qəhrəman Samid İmanova, "Tabuta sığmayan şəhid" Vətən müharibəsi şəhidi, "Azərbaycan Bayrağı" ordeni və səkkiz medalla təltif edilmiş Neftçala elinin igid oğlu Xəyyam Əzizova, "Əli bəy Turan - Turan sevdalısı" poemasını isə Neftçala səmasında bir günəştək doğan və bütün türk dünyasını nurlandıran milli məfkurəmizin böyük ideoloqu, mütəfəkkir Əli bəy Hüseynzadəyə həsr edib. Fərhad bəyin Əli bəy Hüseynzadədən bəhs edən poemanın şəhid qəhrəmanlara ithaf etdiyi poemalarla bir topluda yayınlaması, heç şübhəsiz, rəmzi məna daşıyır. Rəmzi mənanın mühtəvasında isə dərin fikir, böyük ideya yatır. Çünki Turançı, müqtədir fikir adamı Əli bəy Vətən üçün, onun işıqlı sabahını qurmaq, qorumaq üçün məhz Samid, Xəyyam kimi igidlərin, yurdsevər oğulların yetişməsini arzulayır, bu amili yurdun, cəmiyyətin gəlişməsi üçün çox vacib sayırdı...
Fərhad Əzizbəyli əməlləri, bədii yaradıcılığı və örnək olası əsl ziyalı mövqeyi ilə Vətən sevgisinin hər şeydən uca olduğunu isbatlayan qələm sahiblərindəndi... 44 gün ərzində baş verən unikal savaş zamanı - Azərbaycan igidlərinin kişilik, mərdlik məktəbində yetişdikləri təsdiqlənən Vətən müharibəsi dövründə mövzuya və ideallarına daim sadiq qalan F.Əzizbəyli Qoltuq kəndindəki şəhid ailələrinin yanında olub, onların dərdini, ürəklərinə axan göz yaşlarını silməyə tələsib... Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərində şəhid olmuş Samid İmanovun əziz xatirəsinə ithafən yazdığı "Vətən sevdalısı" poemasına Mehmet Akif Ersoyun "Ey bu torpaq üçün torpağa düşmüş əsgər! Göydən əcdad enərək öpsə o pak alnını dəyər!" beytini proloq seçən şair təkcə bu beytlə bədii qayəsini bəlirləyir və poema boyu igid Samidin keçdiyi örnək olası həyat yolunu izləyir, mənalı ömrünün səhifələrini vərəqləyir... Samidi, eləcə də Xəyyamı və Vətən müharibəsinin üç mindən çox şəhidini şəhidliyə, "əcdadının göydən enib alnını öpməsinə" doğru aparan sonsuz Vətən sevgisini, Ulu yurd sevdasını tərənnüm edir... İnsana, yaratdığı ədəbi qəhrəmana açılmamış, oxunmamış kitab, sirli bir aləm kimi baxan, sözlə çox ehtiyatla davranan, hər kəlməyə özünəxas kübarlıqla yanaşan Fərhad Əzizbəylinin Azərbaycanın Milli Qəhrəmanı Xəyyam Əzizova həsr etdiyi "Tabuta sığmayan şəhid" poeması da ürəkləri riqqətə gətirən və maraqla, həm də oxucunun göz yaşlarını içinə axıdaraq oxuduğu epik şeir nümunələrindəndir. Şəhidlərin şücaətlərini, əfsanəvi qəhrəmanlıqlarını nəzmə çəkən və evinin pəncərəsindən hər gün Qoltuq kəndinin səkkiz şəhidinə salınmış şəhid məzarlığını görən Fərhad Əzizbəyli xəyalən onların ruhu ilə söhbətləşir, çəkdiyi ağrıları yaşayır, eyni zamanda qutsal bir iş üçün şəhidlik məqamına yüksəlmələrindən iftixar hissi duyur, şəhidlərin Allahın dərgahında diri olduqlarını qeyd edir.
Şair Sabir Arazlı Özgün II Qarabağ müharibəsinə həsr etdiyi "Uğur, gözlə məni, qayıdacağam" və "Qarabağ - ruhumun beşiyi" poemalarının yer aldığı kitabını "Əsrə bərabər 44 gün" (2021) adlandırıb. "Öncə Vətəndir!" deyib Qarabağın çox hissəsini düşmən əsarətindən xilas edən ərənləri başının tacı, yurdunun yaralarının məlhəmi, dərdinin əlacı sayan S.A.Özgün "Uğur, gözlə məni, qayıdacağam" poemasında Qax elinin mərdi, Vətən müharibəsində Ağdərə - Talış - Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olmuş gizir, "Azərbaycan Bayrağı" ordenli Fərid Ömər oğlu Ramazanovun şərəfli ömür yolunu vərəqləyir. "Uğur, gözlə məni, qayıdacağam" poemasında "Vətən nədən uğrunda can qoyacaq qədər gözəldir?" sualının poetik cavabını verən S.A.Özgün "Qarabağ - ruhumun beşiyi" əsərində erməniləri başımızın bəlasına çevirən səbəbləri, tarixin qara səhifələrini açıqlığa qovuşdurur... "Qayğıkeş türklərdən, fars plovundan rusun istiotu yaxşıdır" deyib, hayes 1828-də Qarsdan, Vandan, Şərqi Anadoludan, Tehrandan, Təbrizdən, Qum şəhərindən, Xoydan Qarabağa köçürüləndə, 48-də Qərbi Azərbaycandan minlərlə insana qəddarcasına ayrılıq şərbəti içiriləndə... içim qanadı. Durub Teymurləngi belə... qınadıq! Düz otuz il idi Azərbaycanın bütövlüyü üçün canından keçən şəhid ruhları da rahat deyildi. Çox şükür, nəhayət, bu azğın düşmən inadın önündə sındı, əyildi. Cəmi 44 gündə mənə xor baxan hayesin çalağan gözü oyuldu...".
Erməni faşistlərinin burnunun ovulmasını, Şuşa zəfərinin ruhunda doğurduğu təlatümləri, fərəhdən atlanan ürəyinin dediklərini, işğaldan azad edilmiş Qarabağ torpaqlarının, buradakı dağın, daşın, çöl-çəmənin, zümzüməylə axan çayın, çeşmənin məsum üzünün təbəssümlə parladığını, bütün Azərbaycanın nura boyandığını ecazkar bir cazibədarlıqla, yüksək bədii dillə tərənnüm edir: "Elə bil... Şuşaya, Murov dağına, Topağaca yağan heç qar deyildi, Xalıydı... naxışlı ilmələr sanki Xarıbülbül idi, qərənfil idi... Yol-yamac, yarğanlar, yalçın qayalar, Heç bu qədər əlvan görünməmişdi. Viranəyə dönən ellər, obalar bu qədər şəfəqə bürünməmişdi... Qarabağ işğaldan azad olan gün nəşənin alovu ərşə dayandı, Təkcə Qarabağ yox, Təkcə Şuşa yox, Bütün Azərbaycan nura boyandı..."
Sabir Rüstəmxanlının "Qarabağa dönüş", Nizami Muradoğlunun "Alp Ərdoğan, Sultan Ərdoğan", Abuzər Turanın "Zəfər nəğməsi" poemalarında Ali Baş Komandan İlham Əliyevlə qardaş Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın özünəməxsus xarakter cizgiləri ilə diqqət çəkən obrazları yaradılır və "bir millət, iki dövlət" olan Azərbaycan-Türkiyə dostluğu-qardaşlığı, hərbi-siyasi əməkdaşlığı, mənəvi birliyi vəsf olunur...
2020-2021-ci illər epik şeir örnəklərindən görünən bir əsas cəhət də budur ki, Dədə Qorqudun qopuzunun, Şah Xətainin, Qoç Koroğlunun, igid Dadaloğlunun sazının ruhunda köklənən ərənlərimiz əslində o tarixi anın, öcalma gününün yetişməsini gözləyir, tariximizlə, kimliyimizlə, milli heysiyyətimizlə oynayan düşmən-əhrimən-erməninin dərsini vermək üçün 28 illik hazırlıq dövrü keçibmişlər...
Qeyd edək ki, Arazın o tayındakı yazar soydaşlarımız "Huşəng Cəfərinin "Gecə ta sübh açılıncan mələdim, bilmədüz heç", Mənsur Qoşaçaylının "Çörək kimi aradan parçalanmışam, əşi mən!", Məhəmmədtağı Zəhtabinin "Özümə məxsus olan başqa elim vardı mənim, Elimə məxsus olan başqa dilim vardı mənim!", Aşıq Məhbub Xəlilinin "O taylısan, Gilənar, bu taylısan Gilənar..." yanğısında, Həsən Dəmirçinin milli mücadiləyə həsr etdiyi ömür yolunda" Güney dərdi ilə yanaşı, Qarabağ ağrısı, fəryadı da eşidilir. Fəryadı, ahı göylərə bülənd olanlardan biri də çağdaş dövrün ən məhsuldar modernist şairi Rəsul Qədiridir... "Xarıbülbül" haqqında dillərdə əzbər olan əfsanəni Rəsul Qədiri ilə çağımızın ünlü şairi Bəhram Əsədiyə danışdım... Rəsul bəy "Xarıbülbül" əfsanəsi haqqında eyniadlı poema, Bəhram Əsədi isə şeir yazdı... Maraqlıdır, Qarabağda bitən bu əsrarəngiz gülü əfsanələşdirən o möhtəşəm xanım - Ağabəyim ağa (Ağabacı) Qarabaği həm də siyasi xəttinə sadiq bir diplomat imiş... Vətənindən ayrı, qürbət diyarda yaşamağı seçən Ağabəyim ağa 30 illik həsrətə məkanca İran ərazisindəki - Güney Azərbaycandan olan yurddaşlarının və məzlumların, haqqı tapdalananların hüquqlarını qorumaq, ölümə məhkum olunan soydaşlarını dar ağacından xilas etmək missiyasını da yerinə yetirib. Çünki o, Fətəli şahın ən çox sevdiyi, lakin vüsalına yetə bilmədiyi qadın, ağıl və fərasətinə, müdrikliyinə heyran qaldığı insan olub...
Bu gün Qarabağın simvoluna çevrilmiş Xarıbülbül haqqında mövcud olan müxtəlif əfsanələrdən birini Azərbaycan xalqı Şuşa xanı Pənahəli xanın nəvəsi, İbrahim xanın qızı və Xurşidbanu Natəvanın bibisi Ağabəyim Ağa Qarabağinin Vətəni üçün etdiyi fədakarlıq nümunəsinə əsasən yaradıb. Əfsanəyə görə, İran şahı Ağa Məhəmməd Şah Qacar Qarabağ xanlığına hücum edib Şuşanı işğal edir. Şah Qacarın sui-qəsd nəticəsində öldürülməsindən sonra, Qarabağ xanlığı ilə İran arasında ixtilafın daha da dərinləşməməsi üçün məsələnin sülh yolu ilə həlli baş tutur, yəni İbrahim xan qızı Ağabəyim ağanı Fətəli şahın istəyini qəbul edərək ona ərə verməsi ilə nəticələnir. Ancaq bir Azərbaycan qızının düz 30 il, 1801-ci ildən 1832-ci ilədək, yəni ömrünün sonunadək Vətən həsrətinə dözüb yaşaması, qatlaşması minlərlə vətəndaş qanının tökülməsinin, qız-gəlinin, ağbirçək anaların göz yaşlarının axmasının qarşısını alır. Azərbaycana tamah salan İranın tam da ortasında, Ağabəyim Ağanın: "Elə bir bağ salınsın ki, Şuşada bitən hər bir ot, gül, ağac burada bitsin" arzusuna əməl olunur. Şuşanın dağ-dərəsindən, meşələrindən karvan-karvan torpaq daşınır. Şuşada bitən hər bir ağac, gül, çiçək bu bağda da əkilir, diqqətlə becərilir. Nəhayət, bağ hazır olur və adını "Vətən bağı" qoyurlar. Amma Ağabəyim Ağa "Vətən bağı"nı şahla birlikdə ilk dəfə gəzərkən burada Xarıbülbül gülünün bitmədiyini görür. Bağbanlar məlumat verirlər ki, dəfələrlə Xarıbülbül gülünü gətirib əksələr də, bağda bu nadir gül bitmir ki, bitmir. Xarıbülbül Şuşaya, Qarabağa sədaqət rəmzi sayılır... Rəsul Qədiri qələmə aldığı "Xarıbülbül" poemasında bu məsələləri də bədii sözün qüdrətilə poetikləşdirib...
Vətənpərvər şair Ramiz Qusarçaylının damarlarda qan donduran "Vətən" poeması sanki tariximizin bütün mərhələlərini özündə əks etdirən mükəmməl bədii xronikadır. Əsərdə "hər bir hadisə ya geniş təhlil edilib, ya da ötəri toxunulsa belə, mahiyyəti açılaraq keçmiş mənzərəni göz önünə gətirmək kontekstində uğurla işlədilib..." Poema haqqında ayrıca məqalə işlədiyimdən burada detallara varmıram.
Düşünürəm ki, I və II Qarabağ savaşı, Vətən müharibəsi qəhrəmanları haqqında, müharibə gerçəklikləri barədə bundan sonra da yazılmalı, onların unikal igidlikləri poeziyanın, nəsrin əsas mövzusuna çevrilməli, bədii əsərlərin baş qəhrəmanı olaraq canlandırılmalıdırlar... Təbii, yaranmış və yaranmaqda olan savaş ruhlu, zəfər ovqatlı bütün poemaları mükəmməl epik şeir nümunəsi saymaq mümkün deyil, amma xoş məramla qələmə alındığından dəyərlidirlər...
2020-2021-ci illərdə yaranan epik şeir örnəklərindən biri də Fəridə Hicranın əsrin bəlasına çevrilmiş, milyonlarla insanın ölümünə səbəb olmuş və mətbuatda adı COVİD-19, Taclı virus, Korona kimi də keçən xəstəliklə bağlı yazdığı "Heyvanların tənəsi" məsnəvi-poemasıdır... Əsərdə heyvanların dili ilə Fəridə xanım ikiayaqlı canlıların özləri və dünya üçün törətdikləri faciələri, nəfs və sərvət hərisliyinin dünyanın düzəninin pozulmasına gətirib çıxardığını alleqorik tərzdə nəzmə çəkir.
2020-21-ci illərdə yaranmış roemalarla tanışlıq məmnunluq hissi doğurur... Janrın üfüqləri daha aydın görünür.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!