Vaqif YUSİFLİ
Yüz on beş il bundan öncə - 1907-ci ildə - "Füyuzat" jurnalının 20-ci sayında "Xəyali-mənfur" adlı bir şeir oxuculara təqdim edilir. O şeirin müəllifi əslən Cənubi azərbaycanlı, Bakıda və Təbrizdə baş verən inqilabi hərəkatların iştirakçısı, amma eyni zamanda lirik şeirləri ilə də mətbuatda çıxış edən Səid Səlmasi (1883-1909) idi. Və bu şeir sonralar tədqiqatçılarımızın qeyd etdiyi kimi, Azərbaycan ələbiyyatında dərc olunan ilk sonet nümunəsiydi. Yeri gəlmişkən qeyd edilməlidir ki, vətəni İtaliya olan sonetin Azərbaycan ədəbiyyatında nəşv-nüma tapması və illər keçdikcə əsas şeir formalarından birinə çevrilməsi barədə, ümumiyyətlə, sonetin bizim ədəbiyyatda keçdiyi inkişaf yolu ilə bağlı bir neçə sanballı tədqiqat əsərləri yazılmışdır. Bu sırada ilk təşəbbüs akademik İsa Həbibbəyliyə məxsusdur. Onun "Şeirimizdə ilk sonetlər" (1977), "Poetik formalarda novatorluq" (1979) məqalələri, həmçinin "Romantik lirikanın imkanları" monoqrafiyası (1984) sonetin ədəbiyyatımızda varlığını müəyyənləşdirən ilk yazılardır. Professor Seyfulla Əsədullayevin "Azərbaycan poeziyasında sonet janrı. Tarixi və nəzəriyyəsi" kitabı da (2002) elmi məlumat və sonetin təbliği baxımından mühüm elmi əhəmiyyətə malikdir. Lakin professor Hüseyn Həşimlinin "Azərbaycan poeziyasında sonet və terset" (2003) sanballı elmi tədqiqatı mövzunu tam əhatə edir, monoqrafiyada elmi-ədəbi materiallar əsasında Azərbaycan ədəbiyyatında Avropa mənşəli sonet və terset ətraflı şəkildə araşdırılır, sonet və tersetin mənşəyi, poetik özəllikləri, dünya ədəbiyyatında mövqeyi, poeziyamızda təşəkkülü, inkişaf mərhələləri, ideya-sənətkarlıq axtarışları barədə geniş söz açılır. Azərbaycan sonetinin tədqiqatçılarından biri də şair, ədəbiyyatşünas - sonetlər müəllifi Elşad Səfərlidir. Onun "Azərbaycan sonetinin poetik xüsusiyyətləri" dərs vəsaiti, həmçinin "Sonet janrı və Azərbaycan soneti" monoqrafiyası da artıq Azərbaycan ədəbiyyatşünaslığında sonetşünaslığın yaranması barədə xoş təəssürat yaradır. Bu tədqiqatlarda Avropada çox populyar bir janr olan sonetin Azərbaycan ədəbiyyatında hansı özəllikləri ilə diqqəti cəlb etdiyi araşdırılır. Tədqiqatçılar keçən əsrin əvvəllərindən başlayaraq XX əsrin sonuna və bu əsrin iki onilliyinə qədər sonetin bizim ədəbiyyatda keçdiyi inkişaf yolu və ayrı-ayrı müəlliflərin sonet yaradıcılığı barədə söz açırlar.
H.Həşimli sonet şeir növünün kamilləşmə və kütləviləşmə dövrünü 1960-1980-ci illərə aid edir və tamamilə haqlıdır. Əliağa Kürçaylı, Adil Babayev, Zeynal Xəlil, Abbasağa, Şəkər Aslan, Abbas Abdulla, Məmməd Faiq, İlğifat Saleh... sonet yazan bu müəlliflər sırasında heç şübhəsiz, həm keyfiyyət, həm də kəmiyyət baxımından birinci yeri Adil Babayev tutur.
Adil Babayev Azərbaycan sonetinin 220-dən artıq möhkəm daşlar və sütunlar üzərində, həm də gözəl naxışlarla bəzənən bir binasının təməlini yaratmağa başladı və əlbəttə, sonrakı sonet müəllifləri də belə binanın ucalmasında istedadlarını əsirgəmədilər. Adil Babayevin sonetləri nəinki 60-70-ci illərdə, elə indi də maraqla oxunur, izlənilir. Onun sonetləri şeirimizin S.Vurğun, R.Rza, B.Vahabzadə adları ilə təmsil olunan "fəlsəfi şeir" tendensiyası ilə paralellik təşkil edir və bu sonetlərdə V.Şekspirin təsiri olduğunu danmaq olmaz. Zəmanədən şikayət, yaxud məhəbbətin tərənnümündə oxşar motivlərin olması dünyanın dəyişilməz qanunları ilə bağlıdır.
Əzəldən düşmənimdir riyakarlıq, xəyanət,
Onlar mənim gözümdə dəhşətlidir ölümdən.
Tutar qəlbimi ağrı, sarar fikrimi zülmət,
Məhv etməsəm, qaçsalar onlar mənim əlimdən.
Saxtakar qəlbə girər, bəzən xoş duyğu kimi,
Dolanar gözümüzdə şirin bir yuxu kimi,
İşvəsi çox, boyası çoxdur riyakarlığın.
Ümumiyyətlə, Azərbaycan şairlərinin sonetə məhəbbəti V.Şekspirin sonet yaradıcılığından pərvəriş tapıb desək, qətiyyən yanılmarıq. V.Şekspirin anadan olmasının 400 illiyi bütün dünyada, o cümlədən Azərbaycanda təntənə ilə qeyd olundu. Şair Tələt Əyyubov V.Şekspirin bir sıra pyeslərini, həmçinin sonetlərini ruscadan Azərbaycan dilinə tərcümə etdi. Deyilənə və yazılana görə, T.Əyyubovun tərcümələrində bəzi qüsurlar olub. Amma bu qüsurlara baxmayaraq, Tələt Əyyubovun tərcümələrinin əksəriyyəti V.Şekspirin poetik ruhu ilə səsləşirdi.
Ulduza bənzəmir onun gözləri,
Onun dodaqları deyildir mərcan.
Sinəsi andırmır qarı, mərməri,
Qara saçlarına demərəm ilan.
Dəməşq güllərinə onun yanağı
Bənzəməz, götürməz müqayisəni.
Deyil bənövşənin incə yarpağı,
Bədən ətri verir onun bədəni.
Yoxdur surətində xüsusi rənglər,
Yoxdur şəfəqlərin alnında izi.
Bilmirəm necədir göydə mələklər,
Yer üstdə yeriyir mənim əzizim!
O, heç geri qalmaz - arxayınam mən, -
Yalan təşbihlərlə bəzənmişlərdən.
Şair-tərcüməçi Sabir Mustafa cəsarətli bir addım atır, V.Şekspirin sonetlərini birbaşa ingiliscədən dilimizə tərcümə edir. 1980-ci ildə bu tərcümələr kitab halında nəşr olunur. Ancaq S.Mustafa bununla kifayətlənmir, məhz V.Şekspirə məhəbbəti onun özünü də sonet yazmağa həvəsləndirir. 1998-2003-cü illərdə S.Mustafanın "Türk sonetləri" oxuculara təqdim edilir. Mövzu dairəsi geniş olan bu sonetlərdə biz Azərbaycan sonetinin yeni bir səhifəsi ilə tanış oluruq. Digər sonet müəlliflərindən fərqli olaraq S.Mustafanın sonetlərində ictimai-siyasi motivlər, türkçülüyün təbliği mühüm yer tutur.
Durub dayanmışıq yolayrıcında,
Bir allah sənindir, bir allah mənim.
Yaman qovruluruq ömrün sacında,
Bir tamah sənindir, bir tamah mənim...
Bir kökük, min yerə parçalanmışıq,
Bir budaq sənindir, bir budaq mənim.
Yadların əliylə haçalanmışıq,
Bir calaq sənindir, bir calaq mənim.
Bütövlük olsaydı əgər özündə,
Türk özü dünyaydı dünya üzündə.
S.Əsədullayevin bir fikri ilə sözümüzə davam edək. "Azərbaycan poeziyasında sonet dəniz dalğası kimi gah qabarır, gah da çəkilir". "Çəkilmə" prosesi 60-cı illərin sonlarına qədər davam edibsə, bu da səbəbsiz deyil. Həmin dövrə qədər Azərbaycan soneti "təcrübə mərhələsində" idi. Bu mərhələdə Azərbaycan şairləri soneti milli şeirimizin digər formalarından ayırmır, onun texniki normalarına əməl edir, lakin yazdıqları sonetlərdə milli varlığımızın, milli ruhumuzun və bizi düşündürən problemlərin bədii inikasına üstünlük verirdilər. Amma 60-cı illərin sonlarından başlayaraq, məhz Adil Babayevin sonet yaradıcılığı şairlərimizi sanki həvəsə gətirdi. Xüsusilə yurdumuzun Cənub bölgəsində sonet "fırtınası" gurladı. Şəkər Aslan, Vaqif Hüseynov, Abbasağa, Mirhaşım Talışlı, Elşad Səfərli, Ağamir Cavad, Balayar Sadiq, Tərlan Əbilov, Qorxmaz Kadusi, Əhməd Haqsevər, Əli Nasir ...bu şairlərin hər birinin ayrıca sonetlər silsiləsi (13 sonet) və sonetlər çələngi (15 sonet) var. Təbii ki, burada o bölgənin ədəbi mühitinin istedadlı nümayəndəsi Şəkər Aslanın təsirini unutmaq olmaz. Onun "Lənkəran sonetləri" və "Sonetlər çələngi"ndən sonra elə bil, Lənkəranda yaşayan şairlər arasında "sonet yarışı" başlandı. Bu sonet müəllifləri müxtəlif mövzulara müraciət etmişlər: yaşadıqları Lənkəranın təbii gözəllikləri, məhəbbətin, sevginin tərənnümü, vətənpərvərlik, yurdsevərlik duyğuları, ayrı-ayrı mənəvi keyfiyyətlərin poetik təsviri, son illərdə isə şəhidlik və müharibə mövzuları. Burada Şəkər Aslanın sonetlərini xüsusilə fərqləndirmək lazımdır. Onun sonetləri (əsasən italyan sonetləri formasında) öz bədii-sənətkarlıq tamlığı, mövzu-ideya bütövlüyü, bədii təvir vasitələrinin rəngarəngliyinə görə seçilir. Bunu S.Əsədullayev də, H.Həşimli də, E.Səfərli də etiraf edirlər.
Hər ölüb gedənlə ölər məhəbbət,
Yox, belə düşünmə, düşünmə belə!
Ölüm məhv eləyir hər şeyi, fəqət
Bircə bacarmayır məhəbbət ilə.
Ölüm qəzəblənib gələrsə əgər,
Ölməzlik gətirər sevənlər üçün.
Elə buna görə deyildir məgər,
Leyli də yaşayır, Məcnun da bu gün.
Sevən ürəklərin harayı, səsi,
Ən kiçik, ən zərif sevgi nəğməsi
Əsrdən-əsrə gedən ox olar.
Dünyada sevginin heç itmir izi,
Hər bir ölənin də büllur sevgisi,
Hər bir doğulanla yenə doğular.
Bu sonet Şəkər Aslanın "Ömrün yayında" sonetlər çələngindəndir (XIII sonet). Bütün çələng boyu Ş.Aslan məhəbbəti - bu ali hissi tərənnüm edir. Və deyək ki, məzmunu formaya qurban vermir.
Burada qeyd edək ki, Azərbaycan ədəbiyyatında sonetlər çələnginin ilk nümunəsini ("Ömrün yayında") 1978-ci ildə Şəkər Aslan yaratmışdır. H.Həşimli adını çəkdiyimiz həmin monoqrafiyada sonetlər çələnginin də yaranma tarixindən söz açır. Məlum olur ki, sonet kimi, sonetlər çələngi də İtaliyada yaranmışdır və bir sıra Avropa ədəbiyyatlarında, xüsusilə rus poeziyasında geniş yayılmışdır. Şəkər Aslan hansısa yazısında qeyd edir ki, onun sonetlər çələnginıi yazmasında rus şairi V.Solouxinin təkidi və təsiri olmuşdur. Ş.Aslanı ondan artıq sonetlər silsiləsinin və sonetlər çələnginin ımüəllifidir.
Qısaca sonetlər çələnginin özəlliyindən söz açaq. Sonetlər çələngi on beş sonetdən ibarətdər və bu on beş sonet bir-birilə eyni ideya ətrafında əlaqələndirilir. Amma bu çələngdə formal - qaçılmaz bir qayda var ki, ona mütləq əməl etməlisən. On dörd sonetin hər birinin başlanğıc misrası on beşinci sonetdə təkrar olunur və sonuncu sonet yaranır. Bundan başqa, birinci sonetin sonuncu misrası ikinci sonetin əvvəlində, ikinci sonetin sonuncu misrası üçüncü sonetin əvvəlində (sonrakılar da beləcə) təkrarlanır. Əlbəttə, sonet çələngi yaratmaq çox çətindir, - deyə düşünə bilərik. Təbii ki, çətindir, amma Cənub bölgəsində yaşayan şairlərimiz "Şəkər Aslan dərsini" yaxşı mənimsəməyə çalışmışlar. Şəkər Aslanla yanaşı, Vaqif Hüseynovun sonetlər çələnginin də ("Məhəbbət əyləncə deyil", "İnsan", "Lənkəran") Cənub bölgəsi şairlərinə təsiri az olmayıb. Onun oğluna həsr etdiyi "İnsan" sonetlər çələngi həm şeiriyyət baxımından, həm məzmunca, həm də sonetlər çələnginin formal qaydalarına əməl etmək baxımından Azərbaycan sonetinin ən sanballı nümunələrindən biridir.
Xalı döşənməyib ömür yoluna,
Büdrəyib aşanda əzilməyəsən.
Qüvvət yığ dizinə, güc ver qoluna,
Dolayda təngiyib üzülməyəsən.
Qorxunc bir dərədə yolunu azsan,
Zülmət qurşun kimi çökər üstünə.
Qranit qayanın köksünü qazsan
Zirvə daş qalağı tökər üstünə.
Ancaq heç vaxt olma zirvə girinci,
İnci ol, zirvədə nə gəzir inci?
İncini bağrında gizləyir ümman.
Şairin sözünü yadda saxla gəl:
Hamıdan ağıllı, hamıdan gözəl,
Hamıdan güclüsən, insan, ey insan.
Təbii ki, bu yazıda Cənub bölgəsində yaşayan digər şairlərin sonetləri barədə geniş söhbət açmaq fikrində deyilik. Ancaq son iyirmi ildə az qala bütün yaradıcılığını sonetə həsr edən Elşad Səfərlini və Balayar Sadiqi də unutmayaq. Elşad Səfərlinin 2017-ci ildə "Lənkəran sonetləri" kitabı çapdan çıxıb və bu kitabda Elşadın 60 müstəqil soneti və iki sonetlər çələngi cəm olub. Hüseyn Həşimli həmin kitaba yazdığı ön sözdə E.Səfərlinin sonet yaradıcılığındakı axtarışlarından söz açır. Bu axtarışlar həm onun mövzu-tematika və bədii-sənətkarlıq xüsusiyyətlərini əks etdirir, sonet haqqında sonet, çevrilmiş sonet, yarımçıq sonet, başsız sonet, məsnəvi sonet, sonet-verlibr, sonet-broxokolon, yaxud monostix, axsaq sonet, birbaşa sonet, quyruqlu sonet, ikiqat sonet... növlərini ilk dəfə Azərbaycan poeziyasına gətirir. Əlbəttə, bu sonet növlərini Azərbaycan poeziyasında görüntüləmək maraqlı təşəbbüsdr. Üstəlik, E.Səfərlinin bir sıra sonetləri ayrı-ayrı sənətkarlara ithaf olunub (V.Şekspir, B.Pasternak A.Babayev, N.Həsənzadə, Xəlil Rza Ulutürk Ş.Aslan, V.Hüseynov və b.). Biz E.Səfərliyə onu arzulayaq ki, onun "sonet əməliyyatları" izsiz qalmasın, digər sonet müəllifləri də sonetin bu növlərindən istifadə etsinlər.
Nəhayət, son on ildə sonet yaradıcılığında az qala maksimum həddi də keçən Balayar Sadiqin sonetlər çələngləri haqqında. Onun "Allahın unutduğu adam" və "Payız məktubları" kitablarında 12 sonetlər çələngi toplanıb. Amma bu, nisbi saydır, 2016-dan üzü bəri Balayarın bir o qədər də sonetlər çələngi ilə rastlaşmışıq. Balayar müasir poeziyamızda heç kimə bənzəməyən, poetik üslubunun özünəməxsusluğu ilə seçilən şairdir, Onun şeirlərində poeziyamızın yaşarı ənənələri ilə modern şeir çalarları vəhdət təşkil edir. Bu cəhət özünü onun sonetlər çələnglərində də hiss etdirir. Biz elə bu jurnalda (2020, № 3-4) dərc etdirdiyimiz bir resenziyada Balayar Sadiqin Əli Kərim yolunu davam etdirdiyindən, onun assosiativ şeirə meyil etdiyindən, bənzətmə və metaforalara üstünlük verdiyindən söz açmışdıq və onu da qeyd etmişdik ki, Balayar sonetlər çələngində də uğur qazana bilir. Təbii ki, şair şeirin hansı növünə müraciət edirsə, onun, əgər belə demək mümkünsə, poetik sifəti dəyişmir. Şeirlərində olduğu kimi, B.Sadiq sonetlər çələngində də maraqlı, hətta gözlənilməz metaforalara, bir sözlə, bədii təsvir vasitələrinə meyil edir. Təbii ki, onun istər şeirlərində, istərsə də sonetlər çələngində içində uğursuz olanları da az deyil. Amma istər şeir olsun, istər poema, istərsə də sonetlər çələngi, hər bir poetik əsər bədii tamlığı və bütövlüyü ilə diqqəti cəlb etməlidir. Balayarın "Şəhid arzusutək gülümsə, Vətən", "Ömrün dan yerinə məktublar", "Həsrət qoxulu misralar", "Tənhalıq rəngləri" sonetlər çələngi həm ideya-məzmun, həm də bədii ustalıq baxımından razılıq doğurur. Necə deyərlər, "çələng" hörülür, son ilmə də tamamlanır. Bir nümunə:
Ömrün süd qoxulu uzaqlığından,
Xatirə çayları hönkürüb axır.
Taleyin ot basmış binələrindən,
Bir səs qərib-qərib üzümə baxır.
Yamanca qarışıb yolların alnı,
Suallar bürüyüb dağı, dərəni.
Uşaq yaddaşımın əlindən tutub,
Yamyaşıl bir sual aşır bərəni.
Külək göy çəmənin darayır saçın,
Sürüşüb alnından yaşıl yamacın.
Yetim uşaq kimi çəhlim çığırır.
Könül, bu harayın başına dolan,
Bəyaz saçlarımdan o tayda qalan.
Bir kəndçi uşağı məni çağırır.
Bu sonet Balayarın "Ömrün dan yerinə məktublar" sonetlər çələngindəndir və Balayarın bir şair kimi özünəməxsusluğunu bəllədir.
Amma Balayarın poetik ustalığı heç də bütün sonetlərində aşkara çıxmır. Yaxşı olar ki, Balayar Sadiq hərdənbir nəfəsini də dərsin, tez-tez sonetlər çələnginə üz tutmaq təkrarçılığa da aparıb çıxarır.
Azərbaycan soneti haqqında oxuduqlarımızı, müşahidə etdiklərimizi, düşündüklərimizi ifadə etdik. "Uzaqdan gələn qonağın" milli şeirimizdə yerini müəyyənləşdirdik. Sonet müəllifləri haqqında söz açdıq. Nəticədə, mərhum tədqiqatçı Hüseyn Həşimlinin Azərbaycan soneti ifadəsinə haqq qazandırırıq...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!