Ədəbiyyat nəzəriyyəsi: 2020-2021-ci ilin görünən faktları və perspektivləri - Tahirə MƏMMƏD

 

2020-2021-ci illərdə ədəbiyyat nəzəriyyəsinin aktual problemlərinə həsr olunmuş monoqrafiya və məqalələr yazılmış, dissertasiyalar müdafiə olunmuş, tərcümələr edilmiş, elmi seminarlar keçirilmişdir.

Akademik İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud": yazılı epos və ya epopeya", Moskvada rus dilində nəşr edilən "Ədəbiyyat: zaman və müasirlik", Cavanşir Yusiflinin "Sözdən əşyaya", Tahirə Məmmədin "Milli kimlik və bədii mətn", Suad Əfəndiyevanın "XX əsr rus və Azərbaycan poeziyası qarşılıqlı əlaqələr kontekstində" kitabları aktuallığı və müasir elmi-nəzəri səviyyəsi ilə diqqəti çəkir.

"Kitabi-Dədə Qorqud": yazılı epos və ya epopeya", monoqrafiyası həm poetika problemləri, həm də humanitar elmi fikrin, ədəbiyyatşünaslığın nəzəri-strateji istiqaməti baxımından maraq doğurur. "Kitabi-Dədə Qorqud" əsasında epos və epopeyanın tipoloji müqayisəsi və qarşılıqlı əlaqəsi probleminə aydınlıq gətirmək üçün müəllif abidəni sistemli elmi təhlilə cəlb edir. Folklor və yazılı ədəbiyyat, mif və epos, tarix və dastan, invariant-variant, tarixi şəxsiyyət-müəllif obrazı-övliya-ədəbi qəhrəman, söyləyici və yazıya alan, mədəni coğrafiya və ərazi coğrafiyası, mədəniyyətlərin sivilizasiyası, ümumtürk mədəniyyətinə, ədəbiyyatına "Dədə Qorqud"la verilən töhfə, dastanda dövlətçilik şüuru, əsərin dili, nəsr və şeir texnikası, boy-dastan-oğuznamə əlaqəsi, mətn və ya nüsxə variantları, dünya xalqlarının qədim yazılı eposlarının janr və müəlliflik məsələsinin Azərbaycan abidəsi ilə müqayisəsi və s. kimi mühüm problemlər monoqrafiyada bir-birilə əlaqədə, tipoloji müqayisədə tədqiq olunur. Tədqiqatın çoxplanlılığı araşdırmanın özünə epik çoxplanlılıq gətirir və yeni elmi tədqiqatları stimullaşdırır.

Qədim abidələrin - istər arxaik-mifoloji, istərsə də tarixi mərhələyə aid olsun, janrları haqda nəzəri fikir və mülahizələr mövcuddur. Orxon-Yenisey abidələri, uyğur ədəbiyyatına aid mətnlər yazılı ədəbi mətnlərin janrlaşması problemi ilə əlaqədar tədqiqat predmeti olmuş və bu sahədə qətiyyətli, həm də mübahisəli görüşlər irəli sürülmüşdür. Daha çox yazıya alınmış epos kimi qəbul edilməklə, Dədə Qorqud dastanlarının janrı məsələsi ətrafında da tədqiqatçılar maraqlı müddəalar irəli sürmüşlər. Lakin eposun janrı məsələsi ilk dəfə monoqrafiya probleminə çevrilmişdir.

İsa müəllimin Moskvada rus dilində nəşr edilən "Ədəbiyyat: zaman və müasirlik" (2020) kitabında mövzuların əksəriyyəti nəzəriyyəyə həsr olunmuşdur. Son illər üzərində ardıcıllıqla durub araşdırdığı nəzəri problemlər, xüsusən Azərbaycan ədəbiyyatının dövrləşdirmə konsepsiyası, satiranın ədəbi növ olması ilə bağlı nəzəriyyə kitabda yer almaqla rusdilli auditoriyada Azərbaycan ədəbiyyatının öyrənilməsi, tədqiqi imkanlarını artırmışdır.

Cavanşir Yusiflinin "Sözdən əşyaya" (2020) kitabında poetik mətnin təşkili, yaranması və qavranılması mexanizminin nəzəri prinsipləri nəzərə alınaraq Səlim Babullaoğlunun şeirləri təhlil olunmuşdur. Mətnə canlı orqanizm kimi yanaşan tədqiqatçı onunla ünsiyyətə girərkən sanki özü də mətnləşir və qarşı mətnlə - şeirlə səmimi dialoq qurulur. Müəllif mətni dəyərləndirərkən diqqəti sözün, səsin musiqisinə, ətrinə yönəldir, boşluqlarda, sükutda gizlənən dərinliklərə dalır. O, mətnin struktur-semantik qatlarını şeirə xələl gətirmədən, şeiri öldürmədən açmağa çalışır. Kitab məqalə, esse, mətn incələnməsinə aid dialoqlardan ibarət olsa da, poetik mətnin təhlil mexanizmini öyrənən bütöv bir əsər təəssüratı oyadır.

Mənim tamamlayıb çap etdirdiyim "Milli kimlik və bədii mətn" (2020) monoqrafiyasında müəllifin, həm də mətnin milli kimliyi, milli kimliyin mətndə proyeksiyası kimi məsələlər fərqli mərhələlərin ədəbiyyatı əsasında təhlil olunur. Monoqrafiyada ana dilində yazmayan müəllifin milli kimliyinin müəyyənləşdirilməsi, formaca milli, məzmunca sosialist prinsipinin əsas tələblərdən biri olduğu sovet ədəbiyyatında, milli kimlik üzərində siyasi basqı olan cəmiyyətlərdə milli kimliyin ədəbiyyatda ifadə yolları kimi aktual problemlər araşdırılır.

Suad Əfəndiyevanın 2021-ci ildə müdafiə etdiyi fəlsəfə doktorluğu dissertasiyası əsasında hazırlayıb çap etdirdiyi monoqrafiyada rus və Azərbaycan ədəbiyyatlarında şeir şəkillərinin, janrların qarşılıqlı əlaqəsi tədqiq olunur. Monoqrafiyada əlaqələrin bir yönlü yox, qarşılıqlı götürülməsi tədqiqatın aktuallığını şərtləndirib. Müəllif Şərq, o cümlədən Azərbaycan şeir şəkillərinin rus ədəbiyyatına təsiri və qarşılıqlı şəkildə əks təsir məsələlərini araşdıraraq əhəmiyyətli elmi nəticələrə gəlib.

2021-ci ildə ədəbiyyat nəzəriyyəsinin uğurlu faktları sırasında müdafiə olunan dissertasiyalar önəmli yerə sahibdir.

Azərbaycan Dillər Universitetinin dissertantı f.ü.f.d., dosent Şəhla Nağıyevanın "Poetik tərcümədə obrazların verilməsi üsulları (Azərbaycan və ingilis poeziyasının qarşılıqlı tərcüməsində adekvatlığın saxlanması)" dissertasiyasında bədii mətnlərin iki dildən qarşılıqlı tərcüməsində rast gəlinən problemlər, forma və məzmun adekvatlığının qorunması, obrazlılığın itməməsi və obrazlar sisteminin verilməsi üsulları araşdırılır.

Ədəbiyyat nəzəriyyəsininin aktual problemlərinin həlli, Azərbaycan elmi fikrinin müasir nəzəri paradiqmalarla zənginləşməsi sahəsində gənc mütəxəssislər öz fəallıqları ilə seçilirlər. Bu sahədə AMEA, xüsusən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu xüsusilə fərqlənir. Elmimizin gəncləşməsi, tədqiqatların müasirləşməsi sahəsində ədəbiyyat nəzəriyyəsinin inkişafı qənaətbəxşdir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertant və doktorantları Suad Əfəndiyeva, Nərminə Hüseynova, Aysel Qurbanova, Mehri Quliyeva, Ədəbiyyat Muzeyinin doktorantı Təranə Rüstəmovanın 2021-ci ildə müdafiə olunan fəlsəfə doktorluğu dissertasiyaları ədəbiyyat nəzəriyyəsinin aktual problemlərinə həsr olunmuşdur.

Nərminə Hüseynovanın "Bədii ədəbiyyatda artıq adam problemi" dissertasiyası Azərbaycanda bu sahədəki ilk tədqiqat işi kimi diqqətəlayiqdir. Dissertant Azərbaycan ədəbiyyatında artıq adam obrazının milli spesifikasını müəyyənləşdirmək məqsədilə folklor və divan ədəbiyyatı ənənələrini, maarifçi ziyalı obrazını, ədəbi mühit və kontekst şərtlərini tədqiqata cəlb etmiş, XX əsrin ilk onillikləri Azərbaycan ədəbiyyatında, xüsusən tənqidi realizm cərəyanında artıq adam obrazının təsnifatını aparmış, 60-cı illər Azərbaycan ədəbiyyatında artıq adam probleminə diqqət yönəldərək "qəribə adam" və ədəbiyyatda faciəviliyi ehtiva edən qəhrəmanları artıq adam tipajlarının daşıyıcıları kimi xarakterizə etmiş, 70-ci illər və Müstəqillik dövrü ədəbiyyatımızda artıq adam obrazının yeni təzahürlərini araşdırıb üzə çıxarmışdır. Bir sıra problemlər, xüsusən XX əsrin son onillikləri və Müstəqillik dövründə artıq adam obrazının mövcudluğu, artıq adamın qadın tipi məsələləri ilk dəfə bu dissertasiyada araşdırılıb müəyyənləşdirilmişdir.

Aysel Qurbanovanın "Azərbaycan romantizmində milli ruhun bədii ifadəsi" tədqiqat işində əsas məqsəd Azərbaycan romantizminə nəzəri kateqoriyaların sabitliyi və dəyişkənliyi paradiqmasından nəzər salıb ondakı milli-genetik yaddaşı üzə çıxarmaq, ədəbiyyat və cəmiyyət, ədəbiyyat və ideologiya məsələlərinin poetik strukturda ifadəsi problemlərinə aydınlıq gətirməkdir. Dissertant Qərb, Osmanlı-türk romantizmi ilə müqayisədə Azərbaycan romantizminin özünəməxsusluqlarını onda öz əksini tapan milli ruh və onun qaynaqları, ifadə vasitələri ilə izah edib üzə çıxarmışdır.

Mehri Quliyeva "XX əsrin əvvəlləri Azərbaycan hekayəsinin poetikası" dissertasiyasında Azərbaycan ədəbiyyatı faktları dünya ədəbiyyatında təsdiqini tapmış Mopasan, Çexov, Kafka hekayə modelləri ilə müqayisə olunur, milli model müəyyənləşdirilir. Azərbaycan hekayəsində milli modelin mövcudluğunu və özünütəsdiqini əsaslandırmaq üçün dissertant Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Abdulla Şaiq, Abbas Səhhət, Əli bəy Hüseynzadə və b. hekayə mətnlərini Şərq-Qərb kontekstində müasir təhlil metodları ilə araşdırır və ciddi elmi müddəalarla çıxış edir.

Təranə Rüstəmovanın "Azərbaycan təmsillərinin tipologiyası" dissertasiyasında fərqli regionlardan başlanğıc götürən ənənələrin əlaqələndirilməsi, milli ədəbiyyatda gerçəkləşən sintezləşmə, fərdi yaradıcılıqda üzə çıxan spesifik xüsusiyyətlərə aydınlıq gətirilməyə çalışılmışdır. Dissertasiya işində təmsilin janrlar sistemində yeri, ədəbiyyatda ona geniş müraciətin səbəbləri, sosial əsasları, dəyişən kontekst şərtlərində qazandığı yeni keyfiyyətlər aparıcı təmsilçilərin yaradıcılığı əsasında elmi təhlilə cəlb olunur.

2020-2021-ci illər ədəbiyyat nəzəriyyəsinə aid dərs vəsaitlərinin yazılıb çap olunması ilə də əlamətdardır.

Asif Hacılının dərsliklərinin Rusiya Federasiyası universitetlərinin sifarişi ilə yazılması alimimizin və elmimizin respublikadan kənardakı nüfuzunu göstərən qiymətli faktlardandır. Alimin "XX əsrin ikinci yarısı rus nəsri: mifopoetika problemi", "XX-XXI əsrin kəsişmələrində rus nəsri: əsas cərəyan və təmayüllər" dərs vəsaitləri 2021-ci ildə Saratov Universitetinin sifarişi ilə yazılmış və universitetdə tədris olunur.

2021-ci ildə mərhum ədəbiyyatşünas Məhəmmədəli Mustafayevin müəllifi olduğu "Ədəbiyyat nəzəriyyəsi" dərs vəsaiti də işıq üzü görmüşdür. Azərbaycanda ədəbiyyatşünaslığın bir elm sahəsi kimi formalaşıb inkişaf etməsində Məhəmmədəli müəllim Türkiyə elmi mühiti ilə əlaqələri yüksək qiymətləndirir və bu əlaqələrin, inkişafına öz tədqiqatları ilə də töhfələr verirdi. Onun "Ədəbiyyat nəzəriyyəsi" dərsliyi də bu bütövlüyü nümayiş etdirir. Türkiyə ədəbiyyatşünaslığında hazırda mövcud olan bölgü və təsnifatları Azərbaycan ədəbi-nəzəi fikri ilə uzlaşdırmaq, dərsliklərdən irəli gələn ortaqlıqları təmin etmək Məhəmmədəli müəllimin bu kitabının əsas məziyyətlərindən biridir.

2021-ci ildə Azərbaycan ədəbiyyatşünaslığını zənginləşdirən elmi faktlar sırasına başqa dillərdən edilən tərcümələr də daxildir.

Ədəbiyyat nəzəriyyəsinə aid tərcümələr içərisində Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaş-zadənin Boris İvanoviç Ordınskinin "Poeziya haqqında" əsərinin yüksək elmi səviyyədə dilimizə tərcüməsi xüsusilə təqdirəlayiqdir. Aqşin Dadaş-zadə kitabı rus dilindən Azərbaycan dilinə tərcümə etmiş, yeri gəldikcə, əsərdə rast gəlinən ədəbiyyatşünaslıq və incəsənətlə bağlı terminlərə, şəxs, etnoqrafik, coğrafi və s. adlara izahlar vermişdir. Bir hissəsi Poetika.İzm jurnalının 2021-ci il 2-ci sayında dərc olunan həmin əsər akademik İsa Həbibbəylinin elmi redaktorluğu və geniş ön sözü ilə çapa təqdim olunmuşdur.

Boris İvanoviç Ordınski (1823-1861), antik yunan ədəbiyyatı üzrə mütəxəssis, qədim yunan dilinin mahir bilicisi, Aristotel yaradıcılığının ən yaxşı tədqiqatçılarından olmuşdur. Kazan Universitetinin professoru idi. Onun "Poeziya haqqında" elmi əsəri büsbütün Aristotelin "Poetika" traktatı ilə bağlıdır. Ordınski bu əsəri çərçivəsində "Poetika"ya müqəddimə yazmış, onu şəxsən qədim yunan dilindən rus dilinə çevirmiş, kitabın ikinci yarısında isə "Poetika"nın mətnində ayrı-ayrı mübahisəli yerlərlə (bütün fəsillər üzrə) əlaqədar geniş izah və şərhlər vermişdir. Ordınski bütün əsəri boyu Aristotelin mətnində sual doğuran hər bir cümlə, söz və hərflə bağlı digər mütəxəssislərlə (şərhçilərlə) mübahisəyə girişir, öz versiyasını irəli sürür, onun doğruluğunu əsaslı surətdə sübut etməyə çalışır.

"Poeziya haqqında" kitabı ilk dəfə 1854-cü ildə Moskvada, W.Guatier nəşriyyatında çap olunmuşdur.

2020-2021-ci illərdə elmi jurnallarda, xüsusən Poetika.İzmdə ədəbiyyat nəzəriyyəsinin aktual problemlərinə həsr olunmuş çoxsaylı məqalələr çap olunmuşdur. Əlamətdar haldır ki, ədəbiyyat nəzəriyyəçilərimizin məqalələri, beynəlxalq konfranslarda etdikləri məruzələr Azərbaycandan kənarda nüfuzlu, yüksək indeksli jurnallarda və nəşrlərdə də çap olunmuş, elmimizin dünya miqyasında tanınmasına töhfə vermişdir. Bu sahədə İsa Həbibbəyli, Rəhilə Qeybullayeva, Asif Hacılı, Tahirə Məmməd, Pərvanə İsayeva, Maral Yaqubova, Ətrabə Gül, Ülviyyə Rəhimova, gənc tədqiqatçılardan Günel Əhmədova xüsusilə fərqlənmişlər.

Ədəbiyyat nəzəriyyəsinin aktual problemləri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda daima diqqət mərkəzində saxlanılmış, Elmi Şura və sessiyalarda müzakirəyə çıxarılmışdır. 2020-ci ilin fevral ayında "Ədəbi cərəyanlar: poetikası və estetikası" mövzusunda növbəti elmi sessiya keçirilib. Elmi sessiyada İnstitutun direktoru İsa Həbibbəyli, əməkdaşlar Tahirə Məmməd, Cavanşir Yusifli, Pərvanə İsayeva, Maral Yaqubova, Elnarə Qaragözova, Şəfa Əliyeva, Dilarə Əliyeva maraqlı elmi məruzələrlə çıxış ediblər.

Nəzəriyyə hər bir elm sahəsinin inkişafında mühüm rol oynayır və Azərbaycan ədəbiyyat nəzəriyyəçiləri öz elmi fəaliyyətləri ilə təqdirəlayiq fəaliyyət göstərirlər. Öz məsləkdaşlarıma uğurlar arzulayıram, xahiş edirəm diqqətdən kənarda qalan faktları pandemiya dövrünün zəiflətdiyi ünsiyyətlə əlaqələndirəsiniz və məruzənin kitab üçün hazırlanan variantına qədər 2020-2021-ci illərdə çap olunmuş elmi tədqiqatlarınızı bizə çatdırasınız.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!