Azərbaycanın ədəbi-bədii və ictimai-siyasi fikir tarixində publisistikanın əhəmiyyətli yer tutmasını milli mühitin gerçəkləri, çoxsaylı sənət və mədəniyyət nümunələri, faktları, jurnalistikaya dair zəngin arxiv sənədləri əsaslı şəkildə təsdiqləməkdədir.
"Azərbaycan publisistikasının öz missiyasını və funksiyasını necə yerinə yetirdiyini "Ədəbiyyat qəzeti"nin saylarında dərc olunmuş çoxsaylı - həm mövzu, həm ideya-məzmun cəhətdən əlvan yaradıcılıq nümunələri də əks etdirir. Həmin yazılarda dövrün istimai-siyasi hadisələri təhlil olunur, ədəbi-tarixi problemlərə münasibət göstərilir. "Ədəbiyat qəzeti"ndə çıxış edən ədib və publisistlərin bu janrın gündən-günə artan tələblərinə uyğun bir səviyyədə yaradıcılıq məharəti sərgiləməsi, onların publisist yaradıcılığı təcrübəsinin öyrənilməsi vacib nəticələrdən biridir.
Ədəbi dünyamızın salnaməçisi sayılan "Ədəbiyyat qəzeti" dərc olunduğu illər ərzində milli-mənəvi dəyərlərimizə sadiq qalmış, onu daha da zənginləşdirməyə və gələcək nəsillərə ötürməyə çalışmışdır. Sosial-didaktik problemlər məhz elm-sənət xadimlərimizin qəzet polemikalarında həllini tapa bilmişdir.
"Ədəbiyyat qəzeti" bu gün müstəqillik dövrümüzün ədəbi panoramını yaradır, milli-ədəbi prosesə orijinal töhfələr verir. Azərbaycanın strateji mövqe və maraqlarına, tarixi ümid və arzularına layiqli xidmət nümunəsi göstərir. Bu, tarix yaradan və tarixə yazılan xidmət, ədəbi və əbədi xidmətdir. Qəzetdə Xalq yazıçılarımızdan Anar, Elçin, Sabir Rüstəmxanlı, Elmira Axundova, akademiklərdən İsa Həbibbəyli, Teymur Kərimli, Nizami Cəfərov, tənqidçi-ədəbiyyatşünaslardan Azər Turan, Tehran Əlişanoğlu, Vaqif Yusifli, Cavanşir Yusifli, Rüstəm Kamal, Elnarə Akimova kimi imzası məşhur müəlliflər tez-tez çıxış edir.
"Ədəbiyyat qəzeti" söz, mətbu azadlığını layiqincə qiymətləndirəcək həyatın bütün sahələrinə nüfuz edir, ən müxtəlif sosial-siyasi, tarixi, mədəni, mənəvi-əxlaqi və başqa problemlərlə bağlı düşüncələrin geniş-siyasi, elmi və bədii publisistika formalarında ifadəsinə meydan verir. Məsələn, elmi-publisistika janrında yazılar silsiləsində akademik İsa Həbibbəylinin ədəbiyyatın dövrləşmə konsepsiyası və ədəbi proses mövzusundakı məqalələri diqqəti xüsusilə cəlb edir. Bu silsilədə yer alan "Qələmin səsi"ndən xalqın sözünə" (16.07.2020), "Gerçək ədəbiyyatın özünütəsdiqi" (20.12.2020), "Dədə Qorqud dünyasına giriş" (09.12.2020), "Bütövlük və genişlik" (20.10.2020) və s. adlı yazılarda mühüm tarixi hadisələrin, ictimai mühitin ədəbiyyata təsiri və bu kontekstdə ədəbiyyat tarixinin dövrləşdirilməsi prinsiplərinə yenidən baxılmasının zəruriliyi məsələsindən bəhs olunur.
"Ədəbiyyat qəzeti"ndə təkcə keçən il onlarca müəllifin publisist məqaləsi dərc edilmişdir. Onlardan Nizami Cəfərovun "Ana, getdim, salamat qal!" (S.Vurğunun "Ananın öyüdü" şeiri haqqında (25 iyul 2020), Azər Turanın "Milli mətbuat, Ayasofyada namaz və Tovuz hadisələri" (25 iyul 2020), Esmira Fuad Şükürovanın "Behcətabad xatirəsi" - bir gecəlik intizarın yaratdığı eşq dastanı" (18 sentyabr 2020), Pərvanə Məmmədlinin "Cənubda ədəbi proses" (5 noyabr 2020) və s. adlı məqalələrini uğurlu elmi-publisist araşdırmalarının nəticəsi kimi qeyd etmək istərdik.
Vətən müharibəsi dövründə "Ədəbiyyat qəzeti"ndə bir-birindən dəyərli şeirlər, poemalar, hekayələr, pyeslər təqdim olundu. İlqar Fəhminin "Balaca kişilər" poeması (12 noyabr 2020), Elxan Zalın "Qarabağda Səlcuq şikəstəsi" (4 noyabr 2020), Qulu Ağsəsin hələ savaşdan öncə və sırf estetik planda yaratdığı "Şuşa" (23 noyabr 2020) şeirindən sonra qələbə günlərində yazdığı "Ağdam" şeirini də bu sıraya əlavə etmək olar.
Rüstəm Kamalın "Müharibə savaşımız və sözümüz" (7 noyabr 2020), Cavanşir Yusiflinin "Müharibə və ədəbiyyat davası" (4 noyabr 2020), Mətanət Vahidin "Qalib ölkənin vətəndaşı olmaq" (19 noyabr 2020), Tehran Əlişanoğlunun "Qalibiyyət və ədəbiyyatın dərsləri" (15 oktyabr 2020), Vaqif Yusiflinin "Poeziya susmur... Vətən əsgərdən başlayır" (Tənqidçinin publisistik qeydləri) (11 noyabr 2020), Elnarə Akimovanın "Yalnız Qarabağ uğrunda" (10 oktyabr 2020), "Şuşada Azan səsi" (16 sentyabr 2020), "Atıldı dağlardan zəfər topları" (16 sentyabr 2020) tənqidi yazılarının predmetini ancaq müharibə mətnləri, Qarabağda, Gəncədə baş verən proseslərin analizi təşkil etdi.
"Ədəbiyyat qəzeti"nin Baş redaktoru Azər Turan moderator.az saytına verdiyi müsahibəsində qeyd edir: "Ulduz" jurnalı "Ədəbiyyat qəzeti" ilə birgə qəzetin şöbə müdiri, filologiya elmləri doktoru Elnarə Akimovanın ön sözü və tərtibatçılığı ilə "Poeziyada Vətən" adlı özəl sayını təqdim etdi. Ədəbiyyat tariximizin son yüz ilində ilk dəfədir ki, Qarabağ bu şəkildə Azərbaycan ədəbiyyatına daxil oldu. "Ədəbiyyat qəzeti" qalib əsgərin, qalib Azərbaycanın obrazının yaradılmasında iştirak etdi. Bu nümunələrlə ilk dəfədir ki, ədəbiyyatımızda Ali Baş Komandanın obrazı yaradıldı. Qəzetin ilk sayından başlayaraq, manşetdən tutmuş, son səhifəsinə qədər müharibənin dinamikası göz önündə sərgiləndi. Ard-arda qazanılan zəfərlər, bu əhval-ruhiyyəyə hakim olmuş müxtəlif janrlı mətnlər tarixə qələbə dövrünün ən mükəmməl örnəklərini qazandırdı. Onsuz da qəzetdə daim əsas ideya, məfkurə xəttinə çevirən türkçülük istiqaməti müharibənin ən həlledici, ən kəskin dönəmlərində strateji olaraq bu mövqeni möhkəmləndirən, ideoloji dürüstlüyü meyar seçən mətnlərlə meydana qoyuldu".
Azər Turanın rəhbərlik etdiyi "Ədəbiyyat qəzeti"nin "Nizami Gəncəvi İli" 2021-ci il 9 oktyabr tarixli Xüsusi buraxılışı nizamişünaslıq elminin inkişafında tamamilə fərqli hadisədir. İlk dəfədir ki, bir qəzet bütünlüklə Nizami Gəncəviyə həsr olunub. Bu buraxılışda Nizaminin müasirləri olmuş şairlərin əsərlərindən tərcümələr vardır. Eyni zamanda bu gün nizamişünaslıq istiqamətində görülən işlərə aid icmallar, yeni xəbərlər, Nizami ilə bağlı bu gün prosesin necə getməsi öz əksini tapıb.
Akademik İsa Həbibbəyli xüsusi buraxılışın hazırlanmasının zərurəti və əhəmiyyətindən söz açıb: ""Ədəbiyyat qəzeti"nin Nizami Gəncəvi ilinə həsr olunmuş 9 oktyabr saylı buraxılışını mühüm bir hadisə kimi dəyərləndirirəm. Biz bu xüsusi buraxılış vasitəsilə nizamişünaslıqda gedən prosesləri izləyə bilirik. Bu yalnız elmi məqalələr təqdim edən xüsusi buraxılış deyil. Yalnız tərcümələr meydana qoyan qəzet deyil. Bu xüsusi say Nizamini imkan daxilində bütün yönləri ilə təqdim edir. Burada, həmçinin bu gün nizamişünaslıqda görülən işlərə aid xəbərlər əksini tapıb. Bu gün də proses necə gedir, hansı tədbirlər keçirilir, bu barədə məlumat alırıq. 2021-ci ildə Azərbaycan nizamişünaslığının hansı səviyyədə olduğu, hansı axtarışlar apardığı, hansı istiqamətlərdə inkişaf etdiyini bilmək istəyiriksə, bu qəzet onu əks etdirə bilir" (26.10.2021).
Oxuculara təqdim edilmiş çoxsaylı publisist yaradıcılığı nümunələrinin təhlili göstərir ki, publisistika bu gün də həyatla nəfəs alır və ədəbi-ictimai prosesin ön xəttində mövqe tutmağa səy göstərir. Bu da yaşadığımız dövrün "ovqatını" müəyyən edən dünyəvi hadisələrin yenə kifayət qədər mürəkkəb olması və ölkəmizdə gedən proseslərin dinamiklik və çoxşaxəlilik (quruculuq, islahatçılıq, inteqrasiya və s.) kimi xüsusiyyətləri ilə əlaqədardır.
Publisistik yazılara ümumi bir nəzər saldıqda görürük ki, burada əsas leytmotiv sənətlə həyatın əlaqələrinin möhkəmləndirilməsi, müstəqil dövlət quruculuğu prosesində ədəbiyyatın rolunun artırılması, mədəni inteqrasiya proseslərində iştirakın fəallaşdırılması məsələləridir.
Ümumilikdə götürdükdə, qəzetin dərc etdiyi publisist materialların mövzu rəngarəngliyi, məzmun çaları belə deməyə əsas verir ki, müasir bədii publisist təfəkkür ayrı-ayrı fakt, hadisə əsasında, sözün qüdrətinə, publisist təfəkkürə güvənməklə toxunulan problemin həllinə cəhd göstərir və "Ədəbiyyat qəzeti"nin publisistika materialları müasir publisistika yaradıcılığı, mövzu-problematika təkamülü, ideya-məzmun xüsusiyyətləri, sənətkarlıq axtarışları haqqında təsəvvür yaratmağa imkan verir.
"525-ci qəzet" həyat axarını operativ surətdə informasiyalaşdırmaqla yanaşı, cəmiyyəti düşündürən ən müxtəlif problemlərlə bağlı publisist düşüncələrin geniş - siyasi, elmi və bədii publisistika formalarında ifadəsinə meydan verir. Qəzet buna həm peşəkar redaksiya kollektivi formalaşdırmaqla, həm də nüfuzlu söz, qələm sahibləri ilə sıx əməkdaşlıq əlaqələri yaratmaqla nail ola bilir. Xüsusən də qəzetin Xalq yazıçılarımızdan Anar, Elçin, akademiklərimizdən İsa Həbibbəyli, Nizami Cəfərov, Rafael Hüseynov, professorlarımızdan Vilayət Quliyev, Qulu Məhərrəmli, tənqidçi-ədəbiyyatşünaslarımızdan Vaqif Yusifli, yazıçı-publisistlərimizdən Elmira Axundova, Sadıq Elcanlı və b. kimi imzası məşhur seçmə müəllifləri öz ətafına toplayıb onların müəyyən mövzu-problemlər üzrə silsilə məqalələrini dərc etməsi publisist fəallığa sövq etmə vasitəsi kimi diqqəti çəkməyə bilmir.
Çap olunan qəzetlər içərisində "Kredo" da öz dəst-xətti ilə seçilir. Bu gün "Kredo" mətbuat aləmindəki problemlərlə çiyin-çiyinə dayanaraq dözüm, iradə və cəsarət nümayiş etdirir. Onun səhifələrində Azərbaycanın mədəni quruculuğunun, sosial həyatının hər sahəsinin izi var. "Kredo"da nəinki Azərbaycanın ictimai fəaliyyəti, sənət adamlarının ərsəyə gətirdiyi dərin məzmunlu əsərlər, xalqımızın ictimai-siyasi-mədəni həyatında baş verən yeniliklər, dövlətçiliyimizin inkişafı yolunda aparılan məqsədyönlü işlər, elm-sənət yolunda əldə edilən yeniliklər, Azərbaycan gəncliyinin dünəni, bugünü unudulmaz sənət adamlarının, böyük alimlərin, filosofların, tarixin müxtəlif məqamlarında yetişmiş tarixi şəxsiyyətlərin, repressiya qurbanlarının acınacaqlı, faciəli taleyi, xalq ədəbiyyatının inkişafında misilsiz rol oynayan sənətkarların, aşıqların, ozanların, dahi sənət adamlarının, ən böyük tarixi abidələrimizin, dil-dövlət, dilimizin inkişafında - Azərbaycan dilinin dövlət dili kimi inkişafında gedən müxtəlif dövrlərdəki hadisələri özündə əks etdirən yazılarla zəngindir.
Ümumiyyətlə, qəzetin oxuculara təqdim etdiyi publisist yazılardan əksəriyyətinin qayəsini Qarabağ döyüşü - Qarabağ həqiqətlərinin ölkə ictimaiyyətinə və dünyaya çatdırılması prosesi təşkil edir. Professor Nizami Məmmədovun (Tağısoy) "8 Noyabr Şuşamız azadlıq, Səbuhi şəhidlik zirvəsində qərar tutdu" (10 dekabr 2020), Sevindik Nəsiboğlunun "Şuşa fatehi - Zəfərin oğlu" (07 aprel 2020), Ülvi Aydının "Qarabağ Azərbaycandır", Əi Rza Xələflinin "Üzü Qarabağa" (23 avqust 2020), Nazim Məmmədovun "Aprel döyüşləri və onun tarixi əhəmiyyəti", Gülnar Səmanın "Ürəyindən vurulan şəhid" (29 oktyabr 2020) və s. yazılar qəzetin səhifələrində öz əksini tapmışdır.
"Hədəf Nəşrləri"nin təsis etdiyi, ədəbiyyat və sənət dərgisi olan "Ustad" jurnalının 2020-ci il 33-cü sayı dərc olunub. "Ustad" jurnalı çoxsaylı mətbu nəşrlər sırasında yenilərdən hesab edilsə də, öz dəst-xəttini dəqiq təyin edə bilmişdir.
Jurnalda müxtəlif maraqlı layihələr, yeni müəlliflər yer alıb. Şəmil Sadiqin "Ədəbiyyat dərslərinin tədrisində yenilik vacibdir", Asif Rüstəmlinin "Ədəbiyyat İnstitutunun beş aylıq sələfi", Niyazi Mehdinin "Hessenin bir deyiminin ucundan tutub gedəndə… Semantikasız dünya", Maral Baharın Füzulinin şeirlərinə həsr etdiyi "Küləklər şəhəri Bakıdan eşq və iztirab şairinə səyahət" yazıları oxunaqlığı, zəruri məqamlara diqqət çəkmə gücü ilə seçilir.
Azərbaycan publisistikasının öz vəzifəsini və funksiyasını necə yerinə yetirdiyini "Xəzan" jurnalının saylarında dərc olunmuş coxsaylı ideya-məzmun cəhətdən əlvan yaradıcılıq nümunələrində əks etdirir.
"Xəzan" 23 fevral 2016-cı ildən etibarən Azərbaycan nəşriyyat evində dərc olunan ədəbi-bədii jurnaldır. Jurnalın təsisçisi və baş redaktoru Əli bəy Azəridir. O, bir nasir və qələm adamı kimi, orijinal dəst-xəttə, özünəməxsus yaradıcılıq üslubuna malik ziyalılarımızdandır. Müharibə veteranıdır. "Xəzan" jurnalı artıq neçə illərdir ki, Azərbaycan oxucusuna Azərbaycan ədəbi-ictimai mühitinə kifayət qədər ardıçıl, professional səviyyədə yazılar təqdim edir. Son iki ildə jurnalda Şahməmməd Dağlaroğlu, Elçin Kamal, Göyərçin Kərimi, Aslan Quliyev, Fərhad Ramizoğlu, Rəhman Bayram, Zaur Ustac, Məhəmməd Əli, İbrahim Yusifoğlu, Zəki Bayram Yurdçu, Budaq Təhməz və b. kimi imzası məşhur müəlliflər tez-tez çıxış edir. Bu müəlliflərin jurnalda çap olunan əsərlərində yüksək vətənpərvərlik və ziyalılıq hissləri ilk baxışdan duyulur.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsi, elmi işçisi Dilbər Rzayevanın "Bəhlul" satirik jurnalında "Molla Nəsrəddin" ənənələri" məqaləsi ciddi araşdırmanın məhsuludur və təqdirəlayiq haldır. Bu sahədə aparılan araşdırmalar müasir ədəbi proseslərə bir nümunədir. Göyərçin Kəriminin "Ümidi söz olan şair" məqaləsi (Fikrət Sadıq yaradıcılığına həsr olunub), Zaur Ustacın "Hərb mövzulu yazılar" sərlövhəli yazıda müharibə mövzusunda yazılmış əsərlərdə müəlliflərin yol verdiyi nöqsanlardan söhbət açılır. (Aprel-may, say - 33, 2021).
"Ulduz" jurnalında publisist fəallığına sövq edən yeni, maraqlı formalar diqqəti cəlb edir. "Ulduz" jurnalının 2021-ci il üçün işıq üzü görən ilk sayı "Ədəbiyyat qəzeti" ilə birgə layihənin əsasında hasilə gələn, poeziyamızda vətən, Qarabağ mövzusuna həsr olunmuş "Xüsusi buraxılış"dır. Şeirlərin tərtibatçısı və "Poeziyada Vətən" adlı ön sözün müəllifi filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimovadır. Qeyd edək ki, ən seçmə şeirlərlə tərtib olunan jurnal Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ithafdır.
"Azərbaycan" jurnalında dərc olunmuş publisistik materialların ideya-estetik xüsusiyyətləri, üslub zənginliyi, azadlıq uğrunda mübarizə əhval-ruhiyyəsi, Qarabağda və onun ətrafında baş verən hadisələri təfərrüatı ilə işıqlandırmaq meyili onu göstərir ki, bu jurnal bədii-publisist salnaməsini yaratmağa çalışır, publisistikamızın elmi, ictimai-siyasi mühakimə gücünü artırır, ədəbiyyatımızda yeni forma və üslublar yaradır, bütün bunları diqqətlə və əhatəli surətdə araşdırmaq, heç şübhəsiz ki, müasir ədəbi prosesin tədqiqi vəzifələrini genişləndirəcək və ümumən, ədəbiyyatşünaslıq elmimizin inkişafına öz töhfəsini verəcəkdir" [9.s.14].
Musa Yaqubun son illərdə qələmə aldığı şeirlər, Anarın "Azad bir quşdum" adlı ikiseriyalı bədii filmin ədəbi ssenarisi, Zahid Sarıtorpağın "Köhnə mücrüyə elegiya", Azər Abdullanın "Çat", Səyyad Aranın "Başdaşı" romanları, Nurəddin Ədiloğlunun "Bumeranq" povesti, Aydın Tağıyevin "İsrailin Suru hekayəsi", Sevinc Nuruqızının hekayələri, uşaq ədəbiyyatına dair Qəşəm Nəcəfzadənin "Yeni uşaq söhbəti", Elnarə Akimovanın "Uşaq ədəbiyyatının yeni qəhrəmanları" məqalələri, "Tənqid və ədəbiyyatşünaslıq" bölümündə yer alan Qorxmaz Quliyev, Südabə Ağabalayeva, Vaqif Yusifli və İntiqam Qasımzadənin müəllif yazıları "Azərbaycan" jurnalında çap olunan maraqlı nümunələrdəndir.
İyul-avqust nömrəsi yazıçı Sabir Əhmədlinin 90 illiyinə həsr olunmuşdu. Elnarə Akimovanın "Sabir Əhmədli - yaralarına sığınıb yaşayan adam" adlı yazısı jurnalın ən maraqlı yazılarından oldu.
Beləliklə, yuxarıda adları çəkilmiş qəzet və jurnalların hər birinin nəzəri-estetik keyfiyyəti və ictimai-mədəni təyinatı əsas götürülmüş, ümumiyyətlə milli publisistik fikrin inkişaf tarixində və müstəqillik dövründə jurnal publisistikasının ideya-estetik prinsiplərini müəyyənləşdirir, yeni dövrdə onun mövzu dairəsini, ideya-bədii istiqamətləri işıqlandırılmışdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!