2020-2021-ci illərdə Azərbaycan-Türk dünyası arasında ədəbi əlaqələr - Eşqanə Babayevanın məruzəsi

 

Azərbaycan-türk xalqları arasında ədəbi-mədəni əlaqələrin inkişafı öncəki illərdə olduğu kimi, 2020-2021-ci illərdə də diqqəti cəlb edir.

2020-ci il Azərbaycanın təkcə ədəbi-mədəni həyatında deyil, ictimai-siyasi həyatında da önəmli hadisələrin baş verdiyi xarakterik bir dövrdür. Ən başlıcası, 2020-ci il xalqımızın istiqlaliyyət uğrunda mücadiləsinin Zəfəri kimi tarixə həkk olunmuşdur.

Ötən iki il ərzində sərt karantin günlərinin tətbiq olunmasına baxmayaraq, ədəbi əlaqələrin inkişafı üçün bir sıra səmərəli addımlar atılmış, konfranslar, elmi disputlar keçirilmişdir.

2020-ci ilin fevralında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Ə.Nəvai ədəbi və elmi irsinin öyrənilməsi" mövzusunda beynəlxalq elmi konfrans keçirilmiş, eyni zamanda Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin nəzdində Ə.Nəvai Ədəbiyyatşünaslıq Mərkəzinin açılışı olmuşdur. 2021-ci ilin fevral ayında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu  Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi ilə birlikdə "Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq" mövzusunda və "Zahirəddin Məhəmməd Babur və Azərbaycan" mövzusunda beynəlxalq online konfranslar  keçirilmişdir.

Cari ildə Sərhat Kabaklı, İmdat Avşar və Yaqub Öməroğluya Azərbaycan -Türkiyə ədəbi, elmi əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Ədəbiyyat İnstitutunun "Fəxri dostu" adı və dosent Bəxtiyar Aslana "İlin alimi" mükafatı verilmişdir. Dekabr ayında Ədəbiyyat İnstitutunda "Türk Ədəbiyyatı Vəqfi və Azərbaycan" mövzusunda elmi sessiya keçirilmişdir.

Qeyd edək ki, TÜRKSOY Daimi Şurasının qərarı ilə 2020-ci il qazax şairi A.Kunanbayevin anadan olmasının 175-ci ildönümü münasibətilə "Abay Kunanbayev İli" elan olunmuşdur. Prof.Elman Quliyevin hazırladığı və Ankarada çap edilən "Abay Kunanbayev" əsəri bu baxımdan diqqəti cəlb edir. Kitabda A.Kunanbayevin həyatı, lirikası, poema və nəsr yaradıcılığı geniş araşdırılmış, poeziyasının mövzu, forma, dil, üslub, vəzn xüsusiyyətləri, həmçinin xalq şeiri ənənələrinə bağlılığı, realist təsvir üsullarının zənginliyi, maarifçilik ideyalarının təbliği və s. məsələlər yer almışdır. Kitaba A.Kunanbayevin Azərbaycan dilinə tərcümə olunmuş şeir, poema və nəsr nümunələri daxil edilmişdir.

"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının 2020-ci ilin 1-ci sayı Özbək ədəbiyyatına, 2-ci sayı isə A.Kunanbayevin yaradıcılığına həsr olunmuşdur.

2020-2021-ci illərdə Məmməd Əliyevin "A.Kunanbayevin 175 illik həsr olunmuş yubileyi", "M.Auezov böyük çöl mədəniyyəti", "Cəlaləddin Rumi və onun "Məsnəvi"si haqqında", "Dünya Ədəbiyyatında Orxan Pamuk zirvəsi" və s. kimi məqalələri dərc olunmuşdur. 2020-ci ildə Türk xalqları ədəbiyyatı şöbəsində hazırlanan "Muxtar Auezov: Həyatı və yaradıcılığı" (kollektiv - M.Əliyev, N.Məmmədov, X.Hümmətova, T.Teymurov) adlı monoqrafiya işıq üzü görmüşdür. Monoqrafiyada qazax ədəbiyyatının görkəmli nümayəndəsi M.Auezovun ömür yolu, ictimai fəaliyyəti və yaradıcılığının əsas sahələri tədqiqat obyektinə çevrilmişdir. Turan Teymurovun "Muxtar Auezovun "Abay" romanında sənətkarlıq məsələləri" adlı monoqrafiyası da 2020-ci ildə çap olunmuşdur.

2021-ci ildə çap olunan dəyərli nəşrlərdən biri də X.Hümmətovanın hazırladığı "Yunus Əmrə.  Salam olsun" adlı divanıdır.  Kitab XIII əsr türk şairi Yunus Əmrənin Türkiyədə müxtəlif illərdə çap olunmuş divan nəşrlərindən istifadə olunaraq tərtib olunub. Burada şairin müxtəlif məzmunlu ilahiləri ilə yanaşı, əxlaqi-fəlsəfi, dini- tərbiyəvi baxışlarını əks etdirən öyüd-nəsihət əsəri "Risalətün-Nüshiyyə" didaktik məsnəvisi də yer almaqdadır. Qeyd edək ki, "Anma ve Armağan Kitaplar" seriyasında X.Hümmətovanın "Yunus Əmrənin "Risalətün-Nüshiyyə"  məsnəvisində əxlaq kodeksləri" kitab bölümü olaraq çap olunmuşdur.

2021-ci ildə dərc olunan "Azərbaycandan baxarkən modern türk yazıçısı Bəxtiyar Aslan" (Kollektiv, Tərt.ed. və türk dilinə tərcümə edən E.Babayeva) toplusunda isə müasir türk yazıçısı B.Aslanın yaradıcılığı, xüsusən də hekayələri tədqiq edilmişdir.

Professor Əsgər Rəsulovun "Müasir türk dilində xitab inversiyası" adlı məqaləsi diqqəti cəlb edən dəyərli tədqiqatlardandır ("Türk filologiyası", 2021).

Türk dünyası ədəbi əlaqələrimizin inkişafı müstəvisində fil.f.d. A.Turanın "Zəfər paradı və Nihal Atsız", "Yusif Akçura haqqında düşüncələr", "Atatürkçü ədəbiyyat", "Nəvai - Sultanın süd qardaşı", "Abdurrauf Fitrət -  küfrə deyil, modern ədəbiyyata..." kimi tədqiqatları konseptuallığı ilə diqqəti cəlb edir.

Fil.f.d., dos. M.Həsənlinin "Çingiz Aytmatov fenomeni və Azərbaycan" monoqrafiyası (2020) Azərbaycan - Qırğız ədəbi əlaqələrinə yeni bir töhfədir.

Azərbaycan - Özbəkistan ədəbi əlaqələrinə gəldikdə isə 2020-ci ildə akademik İ.Həbibbəylinin redaktorluğu, f.e.d. A.Ülvi, Y.Qasımbəyli və A.Azalpın tərcüməsi ilə "Əlişir Nəvai. Hikmətli sözlər - Hikmatli so'zlar (Azərbaycan və özbək dillərində)" kitabı nəşr olunmuşdur.  A.Ülvinin "Ə.Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüfi əsərləri) monoqrafiyası da işıq üzü görmüşdür. 2020-ci ildə Daşkənddə "Xalid Səid Xocayev. "Yeni əlifba yollarında əski xatirə və duyğularım" memuarı (özbək və Azərbaycan dillərində)  hazırlanaraq nəşr olunmuşdur (Nəşrə hazırlayan: Prof.Həmidullah Baltobayev, 1929-cu il mətnini yenidən nəşrə hazırlayanlar və redaktorları: fil.e.d. A.Ülvi və Y.Qasım).

Professor Ramiz Əskər dahi özbək şairi Ə.Nəvainin 580 illik yubileyi münasibətilə monoqrafiya, tərtibat və tərcümə kitabları nəşr etmişdir. Onun 2020-ci ildə "Əlişir Nəvai və onun xəmsəsi" və "Özbək ədəbiyyatı tədqiqatları" adlı kitabları nəşr olunmuşdur. Bundan başqa, R.Əskər Nəvainin 5 cilddən ibarət xəmsəsini orijinaldan dilimizə çevirmiş və nəşr etmişdir. Nəvainin risalələrini də iki kitab halında ("Əlişir Nəvai. Məhbub ül-qülub", "Əlişir Nəvai. Beş risalə") çap etmişdir. 2021-ci ildə isə R.Əskərin "Əlişir Nəvai: şəxsiyyəti və sənəti", "Əlişir Nəvai. Seçilmiş əsərləri",  "Əlişir Nəvai. Əsərləri" kitabları işıq üzü görmüşdür.  2022-ci ildə isə "Əlişir Nəvainin lirikası" adlı kitabını nəşr etmişdir. Qeyd edək ki, Ramiz Əskər Özbəkistanın "Turan" Elmlər Akademiyasının akademiki adına, Nəvai şəhərinin Fəxri vətəndaşı adına layiq görülmüş, 2021-ci ilin sonunda isə Beynəlxalq Türk Akademiyasının "Əlişir Nəvai" qızıl medalı ilə təltif edilmişdir.

2021-ci ildə akademik İ.Həbibbəyli və fil.f.d. İ.Osmanlının həmmüəllifliyi ilə "Qabdulla Tukay və Azərbaycan" kitabı nəşr olunmuşdur. Kitabda tatar ədəbiyyatının görkəmli nümayəndəsi Q.Tukayın Azərbaycan mətbuatı və ədəbiyyatı ilə əlaqələri, ədəbi irsinin ölkəmizdə nəşri və tədqiqi məsələlərindən bəhs edilir. 2021-ci ildə tatar yazıçı Rüstəm Qaliulinin Əkbər Qoşalının ön sözü ilə hekayələr kitabı işıq üzü görmüşdür. Ötən il ərzində Ə.Qoşalının təşəbbüsü ilə uyğur yazıçısı Əhmədcan Əşirinin "İdikut" romanı, tatar dramaturqu Danil Salixin "Dirilən adam" adlı pyesi, türkiyəli şair Coşğun Qarabuludun "Hardan haraya" şeir kitabı, Xasiyyət Rüstəmin "Leyli ağaclar" kitabı nəşr olunmuşdur.

2021-ci ildə türkmən ədəbiyyatından isə "Salar Baba Xaridari. Oğuznamə" (türkmən dilindən Azərbaycan dilinə çevirən, ön sözün müəllifi və nəşrə hazırlayan: İ.Osmanlı) kitabı nəşr olunmuşdur.

Ədəbi əlaqələrə töhfə olan əsərlərdən biri də Nizami Tağısoyun Qaraqalpaq ədəbiyyatının görkəmli nümayəndəsi Hacıniyaz Kosıbaya həsr olunmuş "Hacıniyaz" kitabıdır. Şairin şeirləri Azərbaycan dilində ilk dəfə olaraq bu kitabda oxuculara təqdim olunur. Şeirləri N.Tağısoy və Ş.Məmmədova tərcümə etmişdir.

Qaraqalpaq ədəbiyyatına həsr olunan əsərlərdən biri də Şəbnəm Məmmədovanın "Azərbaycan-qaraqalpaq folklor  və epik əlaqələri" adlı monoqrafiyasıdır. Kitabda ilk dəfədir ki, Azərbaycan-qaraqalpaq folklor və epik əlaqələri monoqrafik müstəvidə nəzərdən keçirilmişdir.

Bunlarla yanaşı, qardaş Türkiyədə də Azərbaycan ədəbiyyatıyla bağlı tədqiqatlar aparılmışdır. Belə ki, Türkiyədə nəşr olunan "Kardeş kalemler" jurnalının xüsusi buraxılışı Azərbaycanın böyük şairi N.Gəncəviyə həsr olunmuşdur. "Türk ədəbiyyatı" dərgisinin 2021-ci il sentyabr buraxılışı da, N.Gəncəviyə həsr olunmuşdur. Qeyd edək ki, fil.f.d. Təhminə Bədəlova "Türk dünyasına səslənən "Qardaş qələmlər"in Nizami Gəncəvi sayı" və "Türk ədəbiyyatı"ndan "Nizami Gəncəvi İlinə töhfə" adlı məqalələrində jurnalların bu xüsusi buraxılışlarından bəhs etmiş, bunu qardaş Türkiyənin Nizami İlinə böyük töhfəsi kimi dəyərləndirmişdir.

Türkiyədə dərc olunan "Temrin" jurnalının "Azərbaycan şeirinin güclü və zərif səsi Nurəngiz Gün" adlı mart sayı gözəl şairəmiz Nurəngiz Günün əziz xatirəsinə həsr olunmuşdur. Burada Anar, İsa Həbibbəyli, Rafael Hüseynov, Teymur Kərimli, Sabir Rüstəmxanlı, Jalə Əliyeva, İrfan Ünvər Nəsrəddinoğlu, Xasiyyət Rüstəm, Osman Baş, Gülsüm Cengiz və b. şairə haqqında yazıları yer almışdır. Prof. İ.Ünvər Nurəngiz xanımdan "Azərbaycanda bir sənət günəşi" olaraq bəhs edir. Jurnalda şairəyə ithaf edilən şeirlər, şair-yazıçı və alimlərin onun haqqında görüşləri yer almışdır. 2020-ci ildə "Nurəngiz Gün Beynəlxalq Şeir Ödülü" müsabiqəsi elan edilmiş, Türkiyədən Gülsüm Cengiz, Özbəkistandan Xasiyyət Rüstəm, İtaliyadan Laura Qaravaqlian, Moldovadan Nikolay Spetaru, Monteneqrodan Bojidar Proroçiç seçilmişlər.

Yekun olaraq deyə bilərik ki, 2020-2021-ci illərdə ədəbi əlaqələr müstəvisində çoxsaylı monoqrafiyalarla yanaşı, yüzlərlə məqalə qələmə alınmış, alimlərimiz beynəlxalq elmi konfranslarda məruzə etmişlər.

Ötən iki il ərzində Azərbaycan-Türk dünyası arasındakı ədəbi-mədəni əlaqələri nəzərdən keçirdikdə, dünyanı ağuşuna alan xəstəliyin bizdən də yan keçmədiyini, karantin sisteminin möhkəmləndiyini, amma bütün bunlara baxmayaraq ədəbi əlaqələrin, beynəlxalq münasibətlərin daha çox online sistemə keçərək böyük sürətlə inkişaf etdiyini görürük. Pandemiyanın ilk aylarında yaranan çaşqınlıq bir qədər durğunluq yaratsa da, əksinə, bu məhdudiyyətləri, online sistemə keçidi ədəbi əlaqələrin inkişafında yeni və daha səmərəli bir mərhələ olaraq xarakterizə edə bilərik. Bu məhdudiyyətlər əslində vaxta qənaət edərək alimlərimizin Amerika, İngiltərə, Almaniya və b. müxtəlif ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış etmələrinə əlverişli şərait yaratmış oldu.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!