Azərbaycan ədəbiyyat tarixçiliyi. 2020-2021-ci illər materialları əsasında - Salidə ŞƏRİFOVA

 

2020-ci il Azərbaycan ədəbiyyat tarixçiliyində əsasən iki problemə diqqət yönəlmişdir. Bir tərəfdən, Azərbaycan ədəbiyyatının Türk xalqları ədəbi irsində mərkəzi yer tutmasının nəzəri əsaslandırılmasına aid tədqiqatlar fəal həyata keçirilmişdir. O biri tərəfdən, alimlər Azərbaycan ədəbiyyatının inkişafını fasiləsiz ədəbi proses olmasını əsaslandıran tədqiqatlara geniş yer ayırmışdılar. 2021-ci il Azərbaycan ədəbiyyat tarixçiliyi isə əsasən, Azərbaycan ədəbi irsinin qorunması və digər xalqlar tərəfindən mənimsənilməsinə qarşı yönəlmiş tədbirlərlə çıxış etməsi diqqəti cəlb edir. Eyni zamanda 2021-ci ildə ümumtürk ədəbiyyatı məsələlərinin tədqiqatına da xüsusi yer ayrılmışdır. 2020-2021-ci illər ədəbiyyat tarixçiliyini izləyərkən, müəlliflərin nəzəri problemlərə münasibət bildirmələri diqqətdən yayınmır.

I. Türk xalqları ədəbi irsində Azərbaycan ədəbiyyatının mərkəzi yer tutmasının nəzəri əsaslandırılması

Azərbaycan xalqının Vətən müharibəsində qələbə əldə etməsi milli şüurun dəyişməsinə gətirib çıxarmışdır. İlk növbədə, bu özünu Azərbaycan xalqının türk xalqlarının müasır durumu və tarixində rolunun daha vacıb olmasında büruzə vermişdir. Ədəbiyyat tarixçiliyi də istisna deyil. Belə ki, 2020-ci ildə Azərbaycan ədəbi irsinin türk xalqları ədəbiyyatı tarixində daha əhəmiyyətli xarakter daşıması İ.Həbibbəylinin "Kitabi Dədə-Qorqud": yazılı epos və ya epopeya" monoqrafiyasında, "Xaqani Şirvaninin həyatı və yaradıcılığı" kitabında, "Azərbaycan ədəbiyyatı tarixi"nin II və III cildlərində əksini tapır.

II. Azərbaycan ədəbiyyatı - fasiləsiz ədəbi proses kimi     

T.Əhmədovun "Nəriman Nərimanov - həyatı, mühiti və ədəbi-bədii yaradıcılğı", "Əziz Mirəhmədov", "Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası" və b. kitablarında Azərbaycan ədəbiyyatının inkişaf prosesinin müxtəlif tarixi zaman və coğrafi əraziləri əhatə edən bir proses olması əsaslandırılır.

T.Əhmədovun "Nəriman Nərimanov - həyatı, mühiti və ədəbi-bədii yaradıcılğı" monoqrafiyası N.Nərimanovun yaradıcılığı ilə yaxından tanış olmağa imkan yaradır. Ədəbiyyat tarixçiliyinin izlənilməsi baxımından, Sovet dövrü yazarlarının və onların əsərlərinin tədqiqata cəlb edilməsi əhəmiyyət kəsb edir. Ə.Mirəhmədov haqqında "Əziz Mirəhmədov" kitabında ədibin elmi yaradıcılığına nəzər salınır. "Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası" adlı kitab Sovet dövrü ədəbiyyatının nümayəndəsi X.Əlibəylinin həyat yolu ilə yanaşı, poetik yaradıcılığını əks etdirir.

Cənubi Azərbaycan ədəbiyyatına diqqət bu ədəbiyyatın vahid bir ədəbi prosesin tərkibi olmasından irəli gəlir. S.Daşdəmirovanın "Pərvin Etisaminin həyat və yaradıcılığı" kitabı XX əsrin Cənubi Azərbaycan ədəbiyyatının nümayəndələri Pərvin Etisami, Mirzə Əbdülhüseyn Şuri Bəxşayeşin haqqında məlumat təqdim edir.

III. Azərbaycan ədəbi irsinin qorunması

Azərbaycan ədəbi irsinin qorunması, tarixi Azərbaycan ərazilərində yaradılmış ədəbi əsərlərə özgələrinin sahib çıxmasına qarşı tədbirlərin həyata keçirilməsi 2021-ci ildə daha fəal xarakter daşımışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il "Nizami Gəncəvi İli" elan edilmişdir. İ.Həbibbəylinin "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" kitabı Nizami Gəncəvinin həyatı və yaradıcılığından, nəsil şəcərəsindən, əsərlərindəki ölkə reallıqlarından və bəşəri dəyərlərdən bəhs edir. G.Baxşəliyevanın "Gtniçeskaə identiçnostğ Nizami Qəndjevi" kitabında şairin milli mənsubiyyətinə aydınlıq gətirilir. Ə.Muxtarovun "Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda" monoqrafiyası şairin obrazının bədii ədəbiyyatda necə inikas edilməsini tədqim edir. Nizami Gəncəvinin həyat və yaradıcılığını əhatə edən əsərlərdə Nizami Gəncəvinin Azərbaycan şairi olması tezisi əksini tapır.

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması ədəbiyyat tarixçiliyi üçün əhəmiyyət kəsb edir. M.Qasımlının "Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər" kitabı çoxəsrlik folklor ədəbiyyatını tədqiq edərək, itirilmiş məkanlardakı ədəbi irsin qorunmasını göstərir. Azərbaycan milli ədəbiyyat və mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Zəngəzur və Göyçə ədəbi mühitinin tədqiq edilməsi tarixi baxımdan Azərbaycan məkanlarında formalaşmış ədəbiyyatın qorunmasını əks etdirir. Tarixi məkanların Azərbaycanın tərkib hissəsi olmasını təsdiq edir. Qədim tarixə, zəngin mədəniyyətə malik olan Zəngəzur və Göyçə ədəbi mühitinin öyrənilməsi və tədqiq edilməsi ədəbiyyat tarixçiliyi baxımından vacib amillərdən birinə çevrilməlidir. Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam bu baxımdan əhəmiyyət kəsb edir.

Tarixi ərazimiz olan Zəngəzur və Göyçə folklorunun Azərbaycan folklorunun xəzinəsinə daxil olmaqla yanaşı, ümumAzərbaycan ədəbiyyatı baxımından xalqın mənəvi sərvəti, etnoqrafik yaddaşıdır. Etnoqrafik yaddaşın qorunması üçün xalqın tarixi yaddaşından süzülüb gələn folklor nümunələrinin qorunması, tədqiq edilməsi zəruri məsələlərdəndir. "Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər" kitabında zəngin poetik irsi olan Aşıq Ələsgər haqqında dastan-rəvayət yer alır.

IV. Ümumtürk ədəbiyyatı məsələlərinin tədqiqatı

2021-ci ildə ümumtürk ədəbiyyatı məsələlərinin tədqiq edilməsi diqqətdən yayınmır. "Salam olsun" kitabındakı İ.Həbibbəylinin "Yunus Əmrə dastanı" adlı ön söz, Ə.Gölpınarlının "Yunusun yaşadığı çağ", M.Tatçının "Yunus Əmrə şeirinə sözbaşı" araşdırmaları ümumtürkçülük aspektindən maraq doğurur.

Yunus Əmrənin vəfatının 700-cü ildönümündə YUNESKO tərəfindən elan edilmiş "Yunus Əmrə İli" Azərbaycanda da həyata keçirildi. "Yunus Əmrə İli"nin keçirilməsi onu diqqətə çatdırdı ki, ümumtürk ədəbiyyatının yaranması üçün vahid ədəbi mühit formalaşmalıdır. Yunus Əmrə ətrafındakı mübahisələr bunu əks etdirir. Yunus Əmrənin doğum və ölümü, harada anadan olması, vəfat etməsi ilə bağlı mənbələr mübahisə doğurur. Bu da ədibin konkret olaraq Azərbaycan və ya türk ədəbiyyatına aid olması ətrafında mübahisələrə yol açmışdır. Mübahisələr parəkəndə ümumtürk ədəbiyyatının nümayəndəsi olan ədibin qəbrinin Azərbaycanda və Türkiyədə olması faktlarının irəli sürülməsində büruzə verir. Sovet İttifaqı zamanı milli dəyərlərimizə sahib çıxa bilmədiyimiz dövrdə, Türkiyə Cümhuriyyətinin Yunus Əmrəyə sahib çıxması ümumtürk ənənələrinin məhv olmadısına işarədir.

Yunus Əmrə yaradıcılığını diqqətlə mütaliə etdikdə, əmin olursan ki, ədibin yaradıcılığı Azərbaycan dilinin dialekt sözlərilə zəngindir. Yeddi əsr bundan əvvəl istifadə edilmiş sözlərə Azərbaycanda, Gürcüstanda, Dağıstanda yaşayan azərbaycanlıların və digər türkdilli xalqların dilində rast gəlinir. Azərbaycan dialektinin Qərb qrupuna daxil olan şivə və ləhcələrdə daha çox rast gəlinməsi, qəbrinin Qaxda yerləşməsi belə əsas çıxarmağa imkan verir ki, Yunus Əmrə qarapapaqlıların məskunlaşdığı məkanda yaşayıb-yaratmışdır. O, "tərəkəmə-qarapapax ağzı"nda yazıb yaratmış ədibdir.

V. Ədəbiyyat tarixçiliyinin nəzəri problemlərinin tədqiqi

Ədəbiyyat tarixçiliyinin nəzəri problemləri T.Əfəndiyevin "Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri", İ.Həbibbəylinin "Molla Pənah olan Vaqif", "Xaqani Şirvaninin həyatı və yaradıcılığı" kitablarında, Azərbaycan ədəbiyyatı tarixi"nin IV cildində əksini tapır.

T.Əfəndiyev "Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" kitabında romantizmi dünya ədəbiyyatı və milli ədəbiyyat kontekstində təqdim edir. Azərbaycan romantizminin sosrealizm mərhələsini tədqiq obyektinə çevirir. Romantizmin XX əsrin əvvəllərində başa çatmamasını, sosrealizm dövründə təşəkkül etməsi amilini göstərir. Azərbaycan romantizmini XX əsr hadisəsi kimi qəbul etmir, milli romantizmin başlanğıcının XIX əsrə gedib çıxmasına toxunur. İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım", A.Bakıxanovun "Kitabi-Əsgəriyyə" əsərlərini romantik əsərlər kimi təqdim edir. Milli romantizmin təşəkkül tarixini H.Cavid, M.Hadi, Ə.Hüseynzadə, A.Səhhət, A.Şaiq, C.Cabbarlı, Ə.Müznib, Ə.Cənnəti kimi ədiblərimizin yaradıcılığında izləyir.

İ.Həbibbəylinin "Molla Pənah olan Vaqif" kitabında M.P.Vaqifin ədəbiyyatda erkən realizm ədəbi cərəyanının banisi olması qeyd edilir. Müəllif erkən realizmi təmayül kimi deyil, ədəbi cərəyan kimi təqdim edir. "Molla Pənah olan Vaqif" kitabı milli ədəbiyyatın keçdiyi inkişaf yolunu əks etdirir.

"Xaqani Şirvaninin həyatı və yaradıcılığı" kitabında İ.Həbibbəyli Xaqaninin qəsidəyə yeni poetik formalar gətirməsinə toxunur, "Həbsiyyə", "Qəsideyi-şiniyyə" kimi qəsidələri ilə qəsidənin fərqli formasını yaratmasını qeyd edir. İ.Həbibbəyli Xaqani yaradıcılığında mühüm yer tutmuş poema janrına da diqqət yetirir: "Xaqaninin poemaları liro-epik janrda qələmə alınmış və o, bu janrın əsasını qoymuşdur". İ.Həbibbəyli ədibin "Töhfətül-İraqeyn və zubtətün-nəvazir" poemasını "Azərbaycan ədəbiyyatında ilk bədii nəsr nümunəsi" hesab olunmasını və "Mədain xərabələri" poemasını "geniş mənada xarabazara çevrilmiş ölkələrin mərsiyəsi" olmasını vurğulayır. İ.Həbibbəylinin əvvəlki illərdə ədəbiyyatın dövrləşdirilməsi ilə bağlı qənaətləri metodoloji baxımdan daha da inkişaf etdirilmiş, "Azərbaycan ədəbiyyatı tarixi"nin II, III, IV cildlərinin ön sözlərində və digər oçerklərində əksini tapır.

2021-ci ildə işıq üzü görmüş "Azərbaycan ədəbiyyatı tarixi"nin IV cildi  XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatını milli ədəbiyyat tarixinin ayrıca inkişaf mərhələsi kimi təqdim edir. XVII əsr Azərbaycan ədəbiyyatı orta əsr romantik ədəbi ənənələrindən yeni dövrün realist ədəbiyyatına hazırlıq mərhələsi kimi göstərilir. "Azərbaycan ədəbiyyatı tarixi"nin IV cildində diqqəti cəlb edən məqam isə erkən realizm ədəbi cərəyanının formalaşmasının təqdimidir. İ.Həbibbəyli realizm cərəyanına yeni münasibətini əks etdirir: "Azərbaycan ədəbiyyatı tarixinin bu mərhələsi erkən yeni dövr və ya erkən realizm dövrü adlandırılır. ...XVII əsr Azərbaycan ədəbiyyatı erkən realizmin hazırlıq dövrü, XVIII əsr ədəbiyyatı isə milli realist ədəbiyyatın başlanğıc dövrünün yetkin çağı... Erkən yeni dövr - Azərbaycan ədəbiyyatının XVII-XVIII əsrlər mərhələsinin adı, erkən realizm isə həmin mərhələdə XVIII əsrdə formalaşmış ədəbi cərəyanın təyinatıdır". Erkən realizmin belə dəyərləndirilməsi Azərbaycan ədəbiyyatına yenidən baxılmasının zəruriliyinə diqqəti yönəldir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!