"At oynatmaq" siyasəti və ya Əli bəy Hüseynzadənin koordinat sistemi - Günel ORUCOVA

 

Bəli, at minmək, sürmək, oynatmaq türkün qədim sənət növlərindən biridir. Necə ki, atı ilk dəfə ram etmək türkə nəsib olmuşdur, demək, bahadırlıq tarixinin başlanğıcını da özünə ad eləmişdir. Nə qədər ki, o öz atının belində olmuş, həmin zamanlarda meydanın batı, doğu hissəsini sulayaraq yerin məhvərini lərzəyə gətirmişdir. Sonuc olaraq öz dövlətini genişləndirmişdir, bu varlıq uzun dövrlər dünyanın hakim simasına çevrilərək cahanı özü ilə hesablaşmağa məcbur etmişdir.

Fizikanın məşhur qanunauyğunluqlarından biri; cismin fiziki forması kənar təsir (dartılma, sıxılma, burulma və s.) zamanı deformasiyaya uğrayaraq dəyişikliyə məruz qalır. Dövlət də kənar qüvvələrin təsiri ilə bahəm, tərkibcə də sabit qala bilmədiyi üçün dəyişir, zaman da fiziki təsirin nəticəsi olaraq bu möhtəşəmliyi tarix səhnəsindən çıxarır, yerinə başqalarını "dəvət edir". Türkün tarixində də dövlət quruculuğunun mövcudluq və deformasiya vəziyyəti müxtəlif zamanlarda özünü göstərmişdir. Əslində böyük bir dövrü əhatə edən heç bir dövlət başqa xalqların tarixində də baş verməmişdir və belə baxanda ən uzunömürlü dövlətlər elə türklərin zamanına aiddir. Amma paradoks vəziyyət də bundan ibarətdir ki, cahanşümul bacarıq sahibi kimi ad çıxarsa da, müəyyən mərhələlərdə qatı susqunluq və deformativ şəraitdən çıxa bilməmək prosesinə də məruz qalmışdır.

Psixologiyanın ümumi qanunlarından biri; heç vaxt yaşamadığın hiss uğrunda mübarizə apara bilməzsən! Yaxud dövlətsizliyin cəzası əsarətdir! Türk qövmünün siyasi qurumsuz qaldığı dönəmlərdə imperiyalar onun azadlığını "həzm-rabedən keçirərək" bu anlayışa maddi olaraq xitam vermişlər. Amma azadlığın, dövlətçiliyin dadı genetik kodun tərkibində rezus-faktor sistemini tənzimləyərək qanla daşınmışdır. 300 illik zamanı özündə birləşdirən Azərbaycan dövlətinin yoxluğu əsrlər sonra həmin qanın tərkibinə nüfuz edərək bir toplumu, bir xalqı, bir milləti oyandırmağa, özgürlük, dirçəliş və gəlişmə ideyasını inyeksiya yolu ilə venaya yeridərək birbaşa beynin mərkəzi sinir sisteminə təsir etmək istəmişdir.

Coğrafi qanunauyğunluq; paralellər və meridianlar birlikdə Yer kürəsinin dərəcə torunu əmələ gətirir. Paralellər bərabər uzunluqda, meridianlar isə müxtəlif ölçüdə olur. Kiçik meridianlar güney və quzey qütblərinin ərtaf dairəsini əhatə edir. Əslində dövlətçilik də belə bir strategiya əsasında formalaşır. Paralellər - fitri zəka və istedad sahibləridir ki, onların məqsəd və məramı eyni olduğu üçün bir idarəçilik təzahürü yaratmaq fikri ilə bərabər addım atarlar. Amma onlar bu yolda bunu tək bacarmazlar. Bunun üçün meridianlara - fərqli bacarıqlara sahib olan kütləyə - sıravi xalqa ehtiyac duyarlar. Bu səbəbdən yaşca kiçiyi, qolca qüvvətlisi döyüşün əsgəri kimi müəyyən komandanlıq altında nəzərdə tutulmuş qütblərə yaxınlaşar.

Zamanın bizə inadla sunduğu yenilməz obraz Əli bəy Hüseynzadənin koordinat sistemi bu qanunauyğunluqlara söykənərək milli potensialı silkələmək üçün bir-birilə kəsişən üfüqi və şaquli sistem yaratmaq uğrunda çarpışırdı. Şaquli xətt ondan ibarət idi ki, əvvəlcə ideoloji şüurları formalaşdırmaq, üfüqi xətt isə əlinə qılınc verərək irəli şığımaq prinsipi ilə yaşatmaq. Nəticə isə mübahisəsiz olaraq milli dövlət yaratmaq reallığını həyata keçirmək.

Əli bəy Hüseynzadənin ideya istiqaməti çoxşaxəli görünsə də, müxtəlif təbəqələrin sonucunda məslək və amalca birləşirdi. Siyasi, ədəbi, bədii, publisistik, tərcüməçilik fəaliyyətinə həm də həkimlik, rəssamlıq kimi digər sənət növləri də daxil idi. Bütün bunlar bu dahi insanın ən böyük və ən dərin arzusunu həyata keçirməyə çalışırdı. Əli bəyin güclü erudisiyasının bəhrəsi olaraq ən ideal nümunə kimi Şərqin ilk demokratik dövləti olan ADR yaranmışdır. Bu "bəhər" dolayısı ilə ADR-çilərin manifesti hesab edilən "Füyuzat" dərgisinin sosial və şüuraltı təsirinə cavab olaraq meydana çıxmışdır.

Ensiklopedik zəka sahibinin siyasi, fəlsəfi, dilçilik, etnoqrafik, dini və s. sahələrə aid görüşləri cəmiyyətin idrak bazasının sosial tarazlıq əmsalına xidmət edirdi. El dilində desək, onun düşünüb yazdıqları daha ziyalı kütlə üçün nəzərdə tutulsa da, ideoloq Əli bəy hər kəsin bunları anlayacaq səviyyə əldə etməsi üçün kifayət qədər maariflənmə təklif edirdi. Fəlsəfi müdaxilə; azadlığın və özünədönüşün altqatında dərketmə və təhlil bacarığı dayanır! Əli bəy yenə də haqlı idi.

Yazıçı-publisist öz amalını "Füyuzat" jurnalının hər nömrəsində bir az da irəli gedərək açıqlamağa çalışırdı. Təbii ki, bu imperiyaçıların nəzərindən yayınmadı. Əli bəyin avazı yaxşı gəlirdi, oxuduğu isə "Quran"la səsləşən mütərəqqi dünyabaxış müddəaları idi. Belə bitkin ictimai və ya sosial-siyasi mövqe rus geriçilərini qıcıqlandırmaya bilməzdi. Çar Rusiyasının jurnalın bağlanması ilə ilgili göndərdiyi ulitimatum birbaşa qorxunu əks etdirirdi. "Füyuzat"ın fəaliyyətini özü üçün mövcud siyasi böhranın təkanverici qüvvəsi sayan Rusiya mətbuat senzurası dərginin birillik ömrünə "stop!" əmri verdi. Amma "partlayışın" radioaktiv dalğaları zəif deyildi, cəmiyyətə təsirsiz ötüşmədi.

Qeyd etdik ki, Əli bəyin düşüncə istiqaməti müxtəlif sahələri əhatə edirdi. Onun yaradıcılığının zirvə həddini qazanmış "Siyasət və fürusət" əsərində "fürusət" sözü "at minmək" mənası daşısa da, əslində müstəmləkə siyasətinin asılılığa uğramış əyalətlərdə "at oynadaraq" öz şəxsi hakimiyyətinin qəddarcasına nümayişini pisləmişdir. Əsər felyeton təsiri bağışlayır. Sərlövhəyə gətirdiyi açıqlamasında deyir: "Burada qarelərim, təəccüb edib deyəcəklər ki, canım, idareyi-məmləkət ilə, hikməti-hökumət ilə atların nə münasibəti var?! Qarelər ingilis olsa idi, buna heç təəccüb etməzlər idi" (məqalədəki sitatlar "Əli bəy Hüseynzadə. Seçilmiş əsərlər "Şərq-Qərb" Bakı, 2007" kitabından götürülmüşdür. Səh. 275). "Siyasət və fürusət" əsəri Rusiya Duma "xadimlərinin" qulamı və İran nazirlərinin təmsilçiləri ilə olan dialoqundan ibarətdir. Üçüncü duma kazaklarının "quyruqlarını oynadan" Puruşkeviç İrana səfəri zamanı müsahibləri - təbrizli Mirhaşım, Seyidəli Yəzdi, Şeyx Fəzlullahdan İran siyasətinin ab-havasını öyrənir. Puruşkeviçin III Duma kazakları olan yerdə bir kölgədən ibarət olan vücudu "Heyəti-müsəlləsə" adlanan üçlüklə fikir yürüdür. Onların mükaliməsində tərəflər ölkənin millət "vəkillərinin" "tolerant" mövqeyini bölüşürlər. Məlum olur ki, İran nazirlərinin "humanistliyi" Dumanın yanında toya getməli imiş. Bu "keyfiyyətdən" təəssüflənən "heyəti-müsəlləsə" nəyin bahasına olur-olsun, qulamdan əxz etdikləri "tərəqqini" İrana da məsləhət bilmiş, bu xüsusda Kölgəni ölkənin mərkəzinə dəvət etmişlər. Quyruq oynatmaqda yaxşı təcrübəsi olan Puruşkeviç -Kölgə öz siyasi mübadiləsindən məmnun halda şəhərə daxil olur. Maraqlı dialoq Bayquşla davam edir. Bayquş onun danışmasına heyrət edən Kölgənin təəccübünü azaltmaq üçün onun "tutilər, papağanlarla" oturub-durduğunu xatırladır. Puruşkeviçə diktə edilən hekayə və məsəlləri onun yadına salmaqla əsl mövqeyini Ənuşirəvanın xaraba bazarda rastlaşdığı bayquşun indi özünün qonşusu olması ilə açıqlayır. Hə, Puruşkeviç İranda bayaqkı avam "müdavimlərdən" sonra bu cür təlimçinin olmasına təəccüblənir. Necə olub ki, İranın "tərəqqipərvər qüvvələri" Rusiya Dumasına həsəd aparır? Əsər zamanla müqayisədə aktual məzmunu ilə seçilir.

Əli bəyin mətbuat dili ağır ərəb və fars kəlmələri, izafət birləşmələri ilə zəngin olsa da, o, türk dilinin əhatə dairəsini, leksik, qrammatik arealını yüksək dəyərləndirirdi. Əli bəyin Türkiyə təhsili, dünyagörüşü çoxillik zamanı özündə birləşdirirdi. Bu da dövrün osmanlı ləhcəsinin aşkar təsirinin nəticəsi idi. Sözügedən dövrdə osmanlı ədəbi dilinin üslub forması onun leksik içliyinə təsir edərək qarışıq dillərin leksik vahidlərindən yararlanırdı. Odur ki, indi anlaşıqsız görünən söz və ifadələr onun dilində əksər hissə təşkil edirdi. Yazıçının "Türk dilini öyrənməyin fəvaidi" adlı məqaləsində "türk dilində bir ədəbiyyat mövcud ola bilməz" fikrini doğuranlara qarşı etirazı vardır: "xeyr, türklər bir ədəbiyyata, hətta mütənəvve və şayani-diqqət, müfid bir ədəbiyyata malikdirlər. Lakin bu ədəbiyyata dair asarın başlıca nümunələri nadir və bahalıdır, çox kərrə ancaq əl yazısı halında bulunur və bu növ kitablardan bir məcmuə, bir kitabxana təşkili böyük bir pul məbləğinin sərfinə möhtacdır" (səh.80). Türklərin ilk bədii təfəkkürü şifahi şəkildə mövcud olmuş, böyük qismini yazıya köçürməyə həvəs göstərməmişlər. Burada o, qədim yazıların, mətn və hekayələrin şərhsiz və təfsirsiz olduğunu qeyd edərək oxunması üçün imlasının müvafiq olmamasına təəssüflənmişdir (səh.80).

Ə.Hüseynzadə çağdaş dilimiz ilə müqayisədə çətin başa düşülən tərzdə çıxış etsə də, amma hər zaman milli sözlərdən ibarət təmiz dil arzu etmişdir. "Yenə dil müşkilatı" adlı məqaləsində həmkarlarının fikrini dəstəkləyərək yazır: "Kəza xalis türkcə kəlmələrin cəmi-ərəbi qaidəsilə cəmləndirilməsini Əsədulla bəylə bərabər biz də heç bir surətlə təcviz edəməyiz" (səh.93). Çünki dilin çətinliyi dövrün ən ümdə məsələlərindən biri olan teatr və mədəniyyətin inkişafı üçün də əngəl yarada bilərdi. Dramaturgiya xalq danışıq dilinə əsaslandığına görə teatr milli mədəniyyətin tərkib hissəsi kimi dilin əlvanlığına köklənir. Qafqaz müsəlmanları arasında H.Məlikov və M.F.Axundzadənin təşəbbüsünü dəyərləndirən Əli bəy uzun müddət sükut və tənəzzülə təəssüf edərək bu barədə "Şiller" məqaləsində yazır: "Bunların hər ikisi də öz məsləklərində böyük bir istedad, qabiliyyət göstərmiş olduqları halda təşəbbüs etdikləri paydar olmayıb tərk edildi. İki işığın ikisi də söndü, həm də xeyli müddət şölələnməmək üzrə söndü.

Səbəbi nə idi? Səbəbi bu idi ki, meydani-mücahidədə tək qalan adam qəhrəman olamaz. Bu kimi xeyirli işlərin paydar və qabili-tərəqqi olması üçün münasib bir cəmaət və öylə bir cəmaətin ayıqlığı lazım idi" (səh.191). O, əsrin əvvəllərində bu sahəni dirçəltmək və ardıcıl olması üçün yeni dramaturqların formalaşması və teatrın inkişafı üçün Avropa yazarlarını tərcümə etməyi lazım bilirdi.

Teatr kimi, mətbuatı da tərəqqi və dirçəlişin əsas dayaq nöqtəsi hesab edən ədib dövrünün ən yayğın (populyar) mətbu orqanı olan "Molla Nəsrəddin" və "Dəbistan" jurnallarını "qaranlıqlar içində işıq" sayırdı. Eyni adlı yazısında "...qəmli bir zamanda böylə bir müzhik qəzetənin çıxması qərib görünsə də, ...onun təhtində bol-bol axan göz yaşları gizlidir" deyə dərginin məzmunu ilə mövqeyini müqayisə edərək hər ikisinin haqlı olduğu qənaətinə gəlir. Həmçinin, məqalənin maraqlı tərəfi ondan ibarətdir ki, Əli bəyin bu yazısı elə "Molla Nəsrəddin" üslubundadır. Nadanlığın "qoz kötükləri"nə bənzəyişi dövrün savad və ziya cəhətdən bərbad olan müsəlman cəmiyyətinin acınacaqlı vəziyyətini analiz edir. Başqa bir yazısında ("Kuhi-Qaf və simurğ") məsələyə bu şəkildə yanaşır; "Ərəblərin "Huristan" dedikləri məkan Qafqaziyyə deyilmi? - deyə sual edir. Cavabını isə özü belə verir: Əvət cismən və bədənən hur və mələk qədər gözəl xəlq?.. Lakin gözəl cisimdə də gözəl ruh və fikir olmaq lazım gəlir!.. Öyləmidir? Əlbəttə, öylədir. Ruh və fikir gözəlliyinin əlaməti nədir? Şübhəsiz, hüriyyət və azadlıqdır, azadlığa meyildir!.. Başqalarını bilməm, bəncə, böylədir!..

Ədəbi tənqid də yazıçı-publisistin qələmini sınadığı sahədir. Türkiyəli tərcüməçi Abdulla bəy Cövdətin ingiliscədən tərcümə etdiyi "Şilyon məhbusu" əsəri barədə yazır: "Bayron yazdığı hər əsərdə öz ruhuna tərcuman olmuşdur. Bayronun qəhrəmanları Bayronun heç qeyri deyildir". Əsərdə Bonivar adlı alim, fazil bir aydınlı vətəninin azadlığı uğrunda fədakarlıq edərkən tutulur və İsveçrədəki Şilyon qalasında həbs edilir. Bonivarın idealı Əli bəyi o qədər cəzb etmişdir ki, bu əsəri rus, fransız dillərində oxuduqdan sonra türkcəyə çevrilmiş variantına da nəzər salır. Hətta türkcə çevirimin digər dillərdəkindən daha təsirli olduğunu qeyd edir. Məqalə "Həyat" qəzetinin 1906-cı il, 68, 69 nömrəli buraxılışlarında çap edilmişdir. Çox güman ki, bu uzaqgörən şəxsiyyət illər sonra öz taleyinin də Bonivar kimi acılı keçəcəyini hiss etmişdi, fərq sadəcə qala məhbəsində yox, ölkəsindən kənarda yaşamaq məcburiyyətinə olacağını hiss etmişdi. Həqiqətən də, çar Rusiyasının təzyiqi altında olan ölkəsinın azad vətəndaşı ola bilməyəcəyini qabaqcadan düşünmüşdü. Siyasi və ideoloji təfəkkür baxımından sovet cəmiyyəti ilə də səsləşməyən dünyagörüşünü qorumaq məqsədi ilə ikinci vətən kimi Türkiyəni seçmişdi. Ona görə bu əsər türk dilində bu qədər təsirli olmuşdu.

Əli bəy Hüseynzadənin fikir və ideya istiqaməti hər zaman öz üslubuna sadiq qaldığı üçün sovet dönəmində heç cür "bəraət" almamış, bu mütəfəkkir insanın imzası "parçala, hökm sür" siyasətinin qorxulu kabusu kimi mürtəce düşüncəyə qarşı güclü silah sayılmışdır. Yetmiş illik bu nəhəng qurum ideoloqun açıq fikirlərini xalqların özgürlüyünün mənəvi dəstəyi hesab etdiyi üçün onun fəaliyyətini uzun illər diqqət mərkəzindən yayındırmış, amma bu məqsəd tam gerçəkləşmə imkanı əldə etməmişdir. Məlum müddətdən sonra Əli bəyin yazılı prinsipləri mükəmməl yolla milli ictimaiyyətə sızmış, bu əvəzsiz qaynaqdan güc alan həmfikirlərinin sonsuz fədakarlığı sayəsində nəhayət ki, onun arzuları reallaşmışdır. Bu reallığın ən bariz nümunəsi artıq otuz illiyini çoxdan tamamlamış müstəqil Azərbaycan dövlətidir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!