Fərziyyələr, arqumentlər və fakt - Lütviyyə ƏSGƏRZADƏ

 

XIII əsrdən Türk ədəbiyyatında Fars ədəbiyyatının təsiri ilə müstəqil olaraq görülməyə başlanan Gül və Bülbül mövzusu, Türk dünyası və Türk mədəniyyəti üçün hər zaman aktual olmuş, İznikli Bekayi, Gazi Giray xan, Məhəmməd Əbu Salahi və b. şair və yazıçılar Gül-Bülbül mövzulu əsərlər qələmə almışlar. İsmail Hikmət Ertaylan, Gazi Giray xan haqqındakı tədqiqatında Giray xanın "Gül ü Bülbül" əsərindən qısa da olsa bəhs etmişdir. Mənbələrdə islam filosofu Fazil İrəvaninin də "Qızılgül və Bülbül" adlı əsəri olduğundan, Xocens Markar Geğamyanın Fazil İrəvaninin "Qızılgül və Bülbül" povestinin üzünü erməni əlifbası ilə köçürüb Sankt-Peterburqda öz adına eyni ildə (1812), eyni vaxtda, eyni şəhərdə - Sank-Peterburqda, iki dildə, fərqli adlarla nəşr etdirməsindən ("Qızılgül və bülbül haqqında əxlaqi roman" (erməni dilində), "Qızılgül və bülbül haqqında alleqorik povest" (rus dilində) və Osmanlı tarixçisi Hammer tərəfindən tərcümə və nəşr edildiyindən də bəhs edilir. Mənbələrə görə, 1812-ci ildə Peterburqda iki dildə nəşr edilən "başıbəlalı" "Qızılgül və Bülbül"ü Xocens Markarın orijinal əsəri kimi, Avropada, fransız və alman dillərində dönə-dönə çap edilmişdir. Əsəri fransız dilinə Le Vayya de Floribal (bəzi mənbələrdə La Vayyan De Floribal), alman dilinə Hammer (Joseph von Hammer-Purgstall) tərcümə etmişdir". Az vaxtda məşhurlaşan əsər 1826-cı ildə Parisdə, 1832-33-cü ildə Almaniyada yüksək tirajla nəşr olunmuş, Arşak Çobanyan 1900-cü ildə əsəri xaricdə yaşayan ermənilərin ləhcəsinə çevirib, "Anahid" jurnalının birinci nömrəsindən başlayaraq hissə-hissə dərc etmişdir. Jurnalın 1-ci sayından 11-ci sayına qədər hissə-hissə verilən, maraqla oxunan əsər güclü əks-səda doğurur. Çobanyanın keçmişin ən yaxşı bədii əsərlərinin parlaq nümunəsi adlandırdığı əsərin sonu jurnalın 12-ci nömrəsində dərc edilir. Sonuncu səhifədə (249) Arşak Çobanyanın "Qızılgül və bülbül"ün mənbəyi" başlığı altında verdiyi kiçik bir yazı böyük sensasiya yaradır: "1892-ci ildə fransız tədqiqatçısı Şarl Jorjenin yeni bir əsəri çapdan çıxmışdır. Əsərin müəllifi alman türkoloqu Josef von Hammerin alman dilinə tərcümə etdiyi "Qızılgül və Bübül" haqqında söhbət açır və Arşak Çobanyan "Qızılgül və bülbül" əsərinin erməni Xocens Markar Geğamyanın yox, Fazil və ya Fazili adlı bir türk şairinin, Fazil İrəvaninin əsəri olduğundan bəhs edir. Bunu etiraf və təsdiq edən ermənilərin özləri, Arşak Çobanyan olur". Jurnalda yayınladığı əsərin müəllifinin əvvəl Şarl Jorje, sonra Josef von Hammer, daha sonra Fazil və ya Fazili olduğundan bəhs edən Cobanyan müəllifləri qarışdırır, halbuki Hammerin tərcümə etdiyi əsərlə Geğamyanın tərcümə etdiyi əsər başqa-başqa əsərlərdir.

Geğamyanın tərcümə etdiyi, orijinalı Matenadaranda-Mesrop Maştos adına Qədim Əlyazmalar İnstitutunda saxlanıldığı ehtimal edilən "Qızılgül və Bülbül"ün müəllifi Fazil İrəvanidir. F.İrəvaninin "Qızılgül və Bülbül" əsərini mənimsəyən ermənilər, dəfələrlə erməni müəllifin əsəri kimi çap etdirmişlər. Məsələn, 1950-ci ildə, Freznada (ABŞ) redaktor Vahe Hayk "Qızılgül və Bülbül"ün "Anahid"də dərc olunmuş variantını erməni müəllifin əsəri kimi təqdim etmişdir. Əslində, nə ermənilərin plagiatlığı ilk deyil, nə də eyni taleyi yaşayan əsərlərimiz. "1916-cı ildə Sədrak Maqalyan adlı bir daşnak Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan"ını erməni dilinə tərcümə edərək Eriksyanın teatrında erməni dilində tamaşaya qoyur. Tamaşanın uğur qazandığını görüb, sonralar afişalarda Üzeyir bəyin adını göstərmir, əsəri Amerikaya aparıb öz əsəri kimi təqdim edir. Əsərin müəllifinin kimliyini bilən bir Amerika ziyalısı, professor Okorkov 1924-cü ildə Nyu-Yorkdan Üzeyir bəyə məktub yazır: "Sizin "Arşın mal alan" burda hər yerdə və hər yanda göstərilir. Sizin əsəriniz Amerikada olduqca böyük müvəffəqiyyətə malikdir. Hansısa bir Maqalyan operettanızı özününkü kimi qələmə verir və çox böyük məbləğdə pul qazanır. Maqalyan o qədər varlanmışdır ki, özünə böyük bir imarət tikdirmiş və onun frontonunda iri hərflərlə "Arşın mal alan" sözlərini yazdırmışdır". Anlaşılan, "ermənilərin qədim ədəbiyyatından qalanlar bu xalqın mənəvi həyatının əks etdirilməsinə xidmət etməyə yaramır" (Arşak Çobanyan). Özlərinin yarada bilmədiklərini daha asan yolla əldə etməyə çalışan ermənilərin bunun üçün hər cür fitnəkarlığa əl atmaları faktdır və zamanında qiymətli əlyazmalarımızın bir qismini mənimsəmişlər. Erməni tarixçisi Tadevos Hakopyan 1971-ci ildə nəşr olunan "Yerevanın tarixi. 1500-1800-cü illər" kitabının 283-cü səhifəsində yazır: "1923-cü ildə İrəvandakı məscidlərdən və kilsələrdən əlyazmalar toplanaraq Eçmiədzin (Üç müəzzin) kilsəsindəki əlyazmalar fonduna təhvil verilmişdir. Məscidlərdə saxlanılan əlyazmalar əsasən, ərəb və fars dillərində idi. Onların böyük əksəriyyəti "Quran" və müsəlman dininə aid idi. Həmçinin əlyazmalar içərisində ərəb və fars qrafikası ilə dünyəvi məzmunlu şeirlər və bədii yaradıcılıq nümunələri olmuşdu. Evlərdə saxlanılan əlyazmalarda tarixə aid qiymətli məlumatlar var idi" (sitat N.Mustafanın "İrəvan şəhəri" kitabından (s.114) alınmışdır). Camilərdən yığılan qiymətli kitabların içərisində Şərq tarixinə, dini elmlərə dair əsərlərin müəllifi və İrəvandakı Göy məscidin baş axundu olmuş Fazil İrəvaninin də bədii və elmi əsərlərinin olduğu şübhəsizdir. Qiymətli əlyazmaların mənəvi sərvətimizə göz dikən ermənilərin əlində toplanması, bu əsərlərin ortaya çıxarılmasını çətinləşdirir. Onlar yalnız İrəvandakı məscidlərdəki əlyazmalarımızı deyil, harada olmasından asılı olmayaraq mənəvi sərvətlərimizi Matenadaranda toplamışlar. Məsələn, Cahanşah Həqiqinin bir müddət Türkiyə sultanlarının saray kitabxanasında saxlanan, II Sultan Hamidin hökmranlığı dövründə saraydan yoxa çıxan, sonralar İsgəndəriyyə kitabxanasına verilən, oradan Londona aparılaraq izi itirilən "Divan"ının sorağı Amerikada yaşayan Harutyun Hazaryan adlı erməninin kitabxanasından gəlmişdir. Hazaryanın vəsiyyətinə görə, 1961-ci ildə ərəb, fars, Azərbaycan və türk dillərində 270 ədəd çox qiymətli əlyazma kitablarla birlikdə, Mirzə Cahanşah Həqiqinin öz xətti ilə yazıldığı qeyd edilən "Divan"ı da İrəvan Dövlət Universitetinə göndərilmişdir. Həqiqinin farsca 78, azərbaycanca 61 qəzəli və 16 rubaisi toplanmış "Divan"ı şairin 500 illiyi ərəfəsində, İrəvan Pedaqoji İnstitutunun müəllimi, mərhum alim Lətif Hüseynzadə tərəfindən 1966-cı ildə aşkar edilərək 12500 nüsxə tirajla kitab şəklində çap edilir".

Mənbələrdə Fazil İrəvaninin "Qızılgül və Bülbül"ünün bir nevi Mirzə Şəfi "taleyini" xatırlatmasından da bəhs edilir. Azərbaycan və fars dillərini Vazehin rəhbərliyi altında öyrənən alman şərqşünası Bodenştendtin də özü ilə Almaniyaya apardığı "Hikmət açarı" dəftərini mənimsəməsi faktdır. Bodenştedt Mirzə Şəfinin "Hikmət açarı" adlı şeir dəftərini götürərək Tiflisdən gedəndə (1847) "Gül və Bülbül" əsəri Almaniyada ard-arda iki dəfə böyük tirajla nəşr edilmişdi (1834). Maraqlıdır, hər iki əsər də 18 il aralığı ilə Almaniyada nəşr olunmuşdu. Bu faktlar belə bir hadisənin Fazil İrəvaninin "Qızılgül və Bülbül" əsərinin başına gətirilə biləcəyi fikrini inandırıcı etsə də, əslində J.V.Hammerin tərcümə və nəşr etdiyi "Gül ü Bülbül" das ist Ros und Nachtigall", A.Çobanyanın "Anahid" jurnalında verdiyi əsər Fazil İrəvaninin "Qızılgül və Bülbül" povesti deyil. Cobanyanın Hammerin tərcüməsi ilə, Geğamyanın tərcüməsini eyniləşdirməsinə baxmayaraq bunlar başqa-başqa əsərlərdir. X.M.Geğamyanın tərcümə edib Sankt-Peterburqda iki dildə və fərqli adlarla; "Qızılgül və bülbül haqqında əxlaqi roman" (erməni dilində), "Qızılgül və bülbül haqqında alleqorik povest" (rus dilində) nəşr etdiyi əsər islam filosofu Fazil İrəvaninin "Qızılgül və Bülbül" povesti, Hammerin tərcümə və nəşr etdiyi əsər isə türk şairi Fəzlinin əsəridir. Osmanlı tarixçisi Hammer və Markar Geğamyan türk dilini çox gözəl bilirmiş. Geğamyan "1819-cu ildə Peterburqda İsa peyğəmbər haqqında "Əhdi-Əqidi" ermənicədən türkcəyə çox sərbəst şəkildə çevirib, erməni şriftləri ilə Hovser Hovannesyanın mətbəəsində çap etdirmişdir".

Nə Fazil İrəvaninin Matenadaranda saxlanılan "Qızılgül və Bülbül" povestinin əlyazması, nə də Geğamyanın nəşr etdiyi kitablar əlimizdə olmadığından bu barədə qəti fikir söyləmək mümkün deyil. Amma mənbələrdə, Geğamyanın iki dildə tərcümə və nəşr etdiyi əsərin F.İrəvaninin "Qızılgül və Bülbül" əsərinin tərcüməsi olduğundan, hətta bəzi mənbələrdə bir az da irəli gedilərək, heç bir araşdırma aparılmadan "Qızılgül və Bülbül"ün baş qəhrəmanlarının adını olduğu kimi saxlamasından: Şah Novruz, Şahbahar, Gülnarə", "qəhrəmanlarının adları, təsvir olunan hadisələr əsərin müəllifinin Fazil İrəvaniyə aid olduğunu bir daha təsdiq edir", - şəklində təhlilə cəlb edilir. Hətta bəhs etdiyimiz mənbələrdən birinin "Ədəbiyyat siyahısı"nda "Fazlı, Gül ü Bülbül, Akademi Kitabevi, İzmir 2002" kimi verilən əsər yalnışlıqla Fazil İrəvaniyə aid edilir. Halbuki məqalənin "Ədəbiyyat siyahısı"nda verilən əsər XVI əsr türk şairi Fazlı Karaya aiddir.

Məsələni araşdırmaq üçün J.F.Hammerin tərcüməsinin dijital nüsxəsini əldə etdiyimizdə Fazil İrəvaninin "Qızılgül və Bülbül" əsərinin tərcüməsini əldə etdiyimizi zənn edib çox sevinmişdik. Məqsədimiz əski əlifba ilə yazılan əsəri latın əlifbasına çevirərək elmi ictimaiyyətə təqdim etmək, oxucuların ixtiyarına verməkdi. Xoşbəxtlikdən Hammer tərcümə ilə yanaşı, əsərin əlyazmasının orjinalını da verdiyi nüsxə buna imkan verirdi. Lakin əsərin titul vərəqində müəllifin və əsərin adı Fazlı Kara "Gül ü Bülbül" açıq-aydın göstərilmişdir. Əsər 1832-33-cü ildə deyil, 1834-cü ildə nəşr edilmişdir. Əski əlifbadan latın əlifbasına çevirib oxucuların istifadəsinə vermək istədiyimiz kitabın yalnız bir səhifəsini latın əlifbasına çevirdik, tam halda çevrilməsinə ehtiyac qalmadı, çünki əsər Fazil İrəvaninin deyil, Fazlı Karanın "Gül ü Bülbül" əsəri idi və Türkiyədə yetərincə araşdırılıb nəşr olunmuşdur.

Düşünürük ki, bu yanlışlığı aradan qaldırmaq üçün Qərb tədqiqatçıları tərəfindən yüksək dəyərləndirilən və günümüzədək gəlib çatan "Gül ü Bülbül" məsnəvisinin məzmunu və müəllifi Kara Fazlı haqqında məlumat vermək maraqlı və məqsədəuyğun olar.

Fazlı Kara (1520-1564) Osmanlı ədəbiyyatının klassikləri arasında "Gül ü Bülbül" məsnəvisi ilə adını əbədiləşdirənlərdən ən məşhurudur. Əsl adı bəzi mənbələrdə "Məhmət, bəzi mənbələrdə isə Əli olaraq gedir. Lakin "şairin adının Məhmət Əli ola biləcəyi ehtimalı yüksəkdir. Qaraşın olduğu üçün Kara (Qara) Fazlı deyə çağırılmışdır. İstanbulda bir saraç (yəhərçi) ailəsində doğulduğu üçün Saraçzadə ləqəbi ilə də tanınmışdır. "Üsküplü şair Riyazidən ədəbiyyat dərsi almış, fars dilini öyrənmiş" Fazlı, eyni zamanda Xəlvəti təriqətinin üzvü olmuş, Zərifi Həsən Əfəndinin yanında təsəvvüfi düşüncə ilə yetişmişdi. Şair Zatinin tələbəsi olan Fazlı, müəlliminin Sultan Süleymanın 1530-cü ildə düzənlədiyi məşhur bir sünnət düyünündə təqdim edilməsi ilə şöhrət qazanmış, sonra sıra ilə Şahzadə Məhmət, Şahzadə Mustafa və II.Səlimin divan katibi (reisülküttab) olmuşdur. Təzkirəçilər sitayişlə bəhs etdiyi Fazlının "Divan"ı olduğundan, "Divan"ının, ideal bir mürəttib və mükəmməl divanın ən başında olması gərəkən bir dibacə ilə başlamasından" ("Eşar-ı kesireye malik sahib-i tab u kabil-i şan ve müellif-i kitab u divan…" Lətifi) bəhs edirlər. Lakin Fazlının günümüzədək gəlib çatan yeganə əsəri "Gül ü Bülbül" məsnəvisidir. Əsər mətninin elmi nəşrinin hazırlanması məqsədilə Gəncay Zavotçu, Nəzahat Öztəkin və qarşılaşdırmalı olaraq Mustafa Özkan, Nilüfer Tanç, Zavotçu Gəncay, Öztəkin kimi tədqiqatçılar tərəfindən tədqiq edilmişdir. Əsərin J.V.Hammer tərəfindən alman dilinə tərcümə edilib nəşr edilməsi, E.J.Gibbin Batıdakı bənzərləri ilə müqayisə edib çox bəyənməsi, De Sugnynun əsərin bəzi bölümlərini fransız dilinə çevirməsi, ayrıca Dora D`istrianın da "Osmanlılarda şeir" adlı kitabında Gül ü Bülbül?ə ayırdığı bölüm və s. əsərin dəyərinə dəyər qatmışdı. Bir-birinin təkrarı olduğu rahatlıqla ifadə edilə bilən ədəbiyyat tarixi kitablarında (eyni ilə Fazil İrəvaninin "Qızılgül və Bülbül" əsəri haqqındakı fikirlər kimi) Fazlının "Gül ü Bülbül"ü haqqında Qərb araşdırmaçıları yüksək fikir bildirmişlər.

Şair, "Gül ü Bülbül" məsnəvisini Sultan Süleyman Qanuninin oğlu Şahzadə Mustafaya ithaf etmişdir. Əsərdə Gül və Bülbülün cinsiyyətindən bəhs edilmir. Hətta bir şahın oğlu olan Gülün Sultan Süleyman Qanuninin oğlu Şahzadə Mustafa, dərviş huylu Bülbülün isə şairin özü (Gülə-Mustafaya aşiq Çarvadaroğludur), Gülün məclisindəki çiçəklərin Şahzadənin dostları, nədimləri ola bilməsi, düşüncəsində olanlar da var. Əfsanədən fərqli olaraq hər kəs şahın oğlu olan Gülə aşiqdir. Xüsusən də dərviş huylu Bülbül. Kara Fazlının "Gül ü Bülbül" məsnəvisinin məzmununda Şahzadə Mustafanın kədərli taleyi ilə üst-üstə düşən məqamlar yox deyil. Gül - Şahzadə Mustafa, Bülbül isə Şahzadəyə aşiq və sədaqətli, daima itaətində duran və sevərək uğrunda döyüşən Çarvadaroğludur. Yəni Gül də, Bülbül də eyni cinsə məxsusdur. Taxt-tac uğrunda Şahzadə Mustafanın başına gətirilənlər və bu yolda onu sevənlərin olduğu və Çarvadaroğlunun bunların başında gəldiyi məlum həqiqətdir.

Təriqət mənsubu olan Fazlı Kara "Gül ü Bülbül"ü "Bismillah"la başlayır və hər hərfi "Bismillah"dakı bir çiçəyə bənzədir:

 

"Qəddi-bismillah oldu, eylə niqah

Gülbəni-gülşən kəlamüllah.

Gülşən can ilə zibadır

Bülbül dil ilə qüyadır.

Oldu hər hərfi bir qüli-rəngin

Buldu zinətilə gülşən din.

"Ba"si baği-bədayənin biridir

Gülşən cənnətimin güli-təridir.

"Mim"i üstündə "sin"sultanı

Qönçə ağzında jalə dəndanı.

"Əlif"i sərvi-baği rəhmətdir

Qönçeyi-zanbaği hidayətdir.

"Zam"i kəmənduh al dövlət var

Oldu bağ ona da zülfi-nigar".

 

(Bu, Hammerin tərcümə etdiyi nüsxədən latın əlifbasına çevirdiyimiz bir səhifədir)

 

Məsnəvidə bir bağ təsvir edilir. Rum ölkəsinə hakim olan Bahar şah hədsiz dərəcədə gözəl olan oğlu Gülü, təhsilini bitirdikdən sonra Gülşən şəhərinə vali təyin edir və Lalə, Nərgiz, Süsən, Sünbül, Sərvi, İrmaq, Məltəm və Jaləni onun ixtiyarına verir. Gül yardımçıları ilə birlikdə İrmaq kənarında əylənirkən birdən suda üzünün əksini görür və ona məftun olur. Məltəmi çağıraraq aləmdə onun kimi bir gözəlin olub-olmadığını öyrənməsini əmr edir. Məltəm bütün dünyanı gəzir, ancaq Gül kimi bir gözələ rast gəlmir. Beləcə, gəzib-dolaşırkən bir gün həzin-həzin ötən Bülbülə rast gəlir. Aşiq Bülbül dərd içində inləyib durur, amma kimin üçün yandığını özü də bilmir. Məltəm Gülün gözəlliyindən bəhs edincə Bülbül ona aşıq olur. Məltəm Bülbülü bu sevdadan vaz keçirməyə çalışsa da, müvəffəq ola bilmir. Məltəm Bülbüldən ayrılaraq Gülün yanına qayıdır, gördüklərini ona anladır. Bu zaman Bülbül də eşq dərdindən xəstələnib yatağa düşür. Sonunda sevdiyinin yanına getməyə qərar verir. Yolda İrmaqla rastlaşır. İrmaq bu yolçuluqda Bülbülə klavuzluq edir. Nəhayət, Gülşən şəhərinə yetişirlər. Burada İrmaq Bülbülü Sərvilə tanış edir. Sərv daha öncə Bülbülün babasının yanında çalışdığı üçün Bülbülü tanıyır və ona ehtiram göstərib başı üstündə yer verir. Sərvin başı üstündə oturan Bülbül yanıqlı-yanıqlı Gülə anlatmağa çalışır, amma dərdini kimsə anlamır. Qaranlıq gecəyə səslənir, Ay doğunca dərdini ona xitab edir, səhər açılınca dərdini Gülə anlatması üçün Günəşə səslənir. Heç birinin faydası olmayınca üzünü Haqqa çevirib ona yalvarır. Bundan sonra Gül Bülbülün fəryadını duyur və maraqlanır. Nərgis vasitəsilə səsin sahibinin kim olduğunu öyrənincə susmasını istəyir. Bu dəfə Bülbül dərdini içinə atıb səssizcə inləyir. Bir gecə Gül Gülşəndə əylənərkən uzaqdan onu seyr edir. Sonunda dayanamayıb Gülə bir məktub yazır və Nərgizlə ona göndərir. Gül bu məktuba vəsli müjdələyən bir məktubla cavab verir. Bu xəbəri alan Bülbül sevinclə ötməyə başlayır. Ancaq qısqanc və fitnəkar Süsən həmən Tikanın yanına gedir. Tikan Bülbülü yaralayıb təhdid edir və Gülşəndən uzaqlaşdırır. Bunu öyrənən Gül Tikana hirslənir, Bülbülə yaxşı rəftar etməsini söyləyir. Buna görə Tikan Şah Bahara gedib şikayət edir. Şah Bahar bülbülü yaxaladıb bir qəfəsə həbs edir. Bu zaman Şərqdən Şah Təmmuz adlı bir hökmdar Gülşən şəhərinə hücum edib, onu almaq istəyir. Öncə Badi Səmum ilə Bahar Şahı təhdid edir, sonra komandanlarından Şəmsi-Münir gələrək Gülşən şəhərini qəsb edir. Bahar Şah Gülü də götürüb bilinməyən bir tərəfə qaçır. Şah Təmmuz da öz ölkəsinə qayıdır. Bir müddətdən sonra şimaldan gələn Hazan Şah Gülşəni boş görüb oraya yerləşir. Ancaq o da Gülşənə daimi olaraq sahib ola bilmir. Məğribdən gələn Şah Şita Gülşəni hakimiyyətinə alır. Bahar Şah güneydə əqrəbası olan Novruzun yanına getmişdi. Bir müddət sonra Novruzla birləşib təkrar Gülşənə hücum edir və ona sahib olur. Bahar Şah yenidən Gülşənin hökmdarı olur. Gülşən əhli yenə əvvəlki kimi zövqü-səfa sürməyə başlayır. Bu arada Gül Bülbülü xatırlayıb ona Məltəm vasitəsilə xəbər göndərib artıq qəm çəkməməsini, vəslə layiq olduğunun müjdəsini göndərir. Qəfəs içində inləyən Bülbül bunu eşidincə çox sevinir. Sonra Gül də Bülbülü görməyə gəlib onun yenidən Gülşənə dönməsini təmin edir. Gülşənə dönən Bülbül yenidən Sərvdə yerləşir. Gül məclisinə Bülbülü də dəvət edib eyşü-işrət edir. Beləcə, Gül ilə Bülbül birləşir. Təəssüf ki, fani dünyada bu vüsal da daimi olmur. Bütün gəlib-keçənlər kimi, Gül və Bülbül də bəxtin gətirməməzliyinə uğrayaraq fanilər qəfiləsinə qatılırlar".

Əsərdə şair şəxsləşdirdiyi hər bir qəhrəmanın mücərrəd bir məfhumun qarşılığı olduğunu bildirir. Gül ruhu, Bülbül könülü, Gülşən təni (bədəni), Nərgiz gözü, Məltəm nəfsi, Sərv doğruluğu, İrmaq saflığı, Jalə şevqi, Süsən igidliyi, Bənövşə sadəliyi, Lalə əbədi sevgini, Sünbül həsədi, Tikan kin və kibri, Şah Təmmuz qəzəbi, Hazan Şah şəhvəti, Şah Şita fəsadı, Novruz Şah can aləmindəki aydınlığı ifadə etməkdədir. Əsər, üslub və ruh etibarilə orijinaldır, dili sadədir. Bunu şair özü belə ifadə edir:

 

Kimseden istiare itmemişem,

Kimse getdüği yola getmemişem.

Her ne ise eğer hata vü sevab

Akl-i pakümden oldu fethül-bab.

 

Əsərin Tanrıya müraciət hissəsində; "Cilve kıldın cemail-i hübandan,/Zahir etdün cemalüni andan/Ayn-ı aşıkdan oldun ey Kadir, /Yine kendü cemalüne nazır" -yazan təriqət (Xəlvəti) mənsubu şair, İran və Türk ədəbiyyatında çoxdan bəri söylənən təsəvvüf inancına yeni bir ifadə vermiş; hər yerdə ilahi gözəlliyi aramaqda olduğunu sadə bir dillə bəyan etmişdir:

 

"Mescide sanma hayr içün varuram

Ru-yı dildarı seyr içün varuram.

Və ya; Seni görsün ne yana baksa gözüm

Olsun ismin senin dilimde sözüm.

Fazlının, sevgiliyə gülə xitabı:

Beni redd etme şefkat et ey gül

Güle lazım değil midir bulbul".

 

"Füzulinin "Leyli və Məcnun"'unu xatırladan əsərdə çox bəzəkli, çox obrazlı feerique (pəri) səhnələri; insan kimi göstərilən (şəxsləndirilən) ney və çəng kimi qamışlar; gül, bənövşə, nərgiz, süsən və lalə kimi çiçəklər; nəsim və sərv kimi varlıqlar, həmçinin sevinc və səfa məclisləri təsvir edilmişdir:

 

"Kıldılar yine işrete ahenk

Yine geldi figane nay ile çenk

Ehl-i bağ aldı saz ele saf saf

Gonce ney tutdu naz ile gül def

Hem benefşe eline çeng aldı

Bülbül afaka velvele saldı

Aldı siüsen eline müsikar

Kobuzun Lale aldı tutdı kenar.

 

İçdller cam-ü nabü lezzet ile

Öpdüler lal-1 yari fursat ile

BülbüI olub safa ile sermest

Nale eylerdi şevk ile peyvest

Gülden erüb dımağa büy-ı vefa

Mes t elub şevk ile iderdi sada.

 

Verüp el çün zamanede fursat

İkilik gitdl buldılar vahdet

Bir yere geldi aşk maşuk

Cümle bir oldı sabık u mesbük

Subha-dek ayşı nuş edüb elhak

Verdiler bezm-i lşrete revnak".

 

(Nümunələr N.S.Banarlının "Rəsmli Türk ədəbiyyatı"ndan alınmışdır)

Təsəvvüfdə bədən keçici, ruh ölümsüzdür. Fazlı Kara təsəvvüfdən fərqli olaraq məsnəvisini hər şeyin keçici olduğunu vurğulayaraq bitirir. Ancaq ruhun ölümsüzlüyündən bəhs etmir.

Beləliklə, Osmanlı tarixçisi J.V.Hammer tərəfindən 1834-cü ildə "Gül ü Bülbül, das ist Ros und Nachtigall" adıyla alman dilinə çevrilib nəşr edilən, bəzi parçaları şərqşünas E.J.W.Gibb tərəfindən ingilis dilinə, De Sugny tərəfindən fransız dilinə tərcümə və nəşr edilmiş "Gül ü Bülbül" əsərinin müəllifi Fazil İrəvani yox, XVI əsrdə yaşamış türk şairi Fazlı Karadır. Əsərin müəllifinin adı Fazlı Kara və əski əlifba ilə yazılmış əlyazma nüsxəsi J.V.Hammerin nəşr etdiyi kitabda olduğu kimi verilmişdir. Digər tərəfdən, Arşak Çobanyanın xaricdə yaşayan ermənilərin ləhcəsinə çevrib, "Anahid" jurnalının birinci nömrəsindən başlayaraq hissə-hissə dərc etdiyi (jurnalın 1-ci sayından 11-ci sayına qədər), sonu 1900-cü ildə jurnalın 12-ci nömrəsində dərc edilən və sonuncu səhifədə (249) "Qızılgül və Bülbül"ün mənbəyi" başlığı altında verilən sensasion xəbərin Fazlı Karanın "Gül ü Bülbül" əsərinə aid olması ehtimalı güclüdür.

Hammerin Osmanlı tarixçisi, 6 cildlik "Osmanlı şeir tarixi" kitabının müəllifi W.Gibbin fikirlərini nəzərə alaraq deyə bilərik ki, Hammerin tərcümə və nəşr etdiyi "Gül ü Bülbül" məsnəvisi Fazlı Karaya aiddir. F.Karanın əsəri janr etibarilə məsnəvidir.

Mənbələrdə, heç bir araşdırma aparılmadan "Gül ü Bülbül" əsərinin Fazil İrəvaniyə aid olduğu, "başıbəlalı" "Qızılgül və Bülbül"ün Le Vayya de Floribal tərəfindən fransız dilinə çevirilib Parisdə (1826) nəşr edilən, az vaxtda şöhrətlənən əsərin çox keçmədən Jözef Von Hammer tərəfindən alman dilinə çevirilərək iki dəfə; 1832-1833-cü ildə yüksək trajla nəşr olunması təkrarlanmışdır. Böyük etimalla əsərlərin (Gül və Bülbül) və müəlliflərin (Fazlı-Fazil) adlarındakı bənzərlik də yanlışlığa səbəbiyyət vermişdi. Halbuki J.V.Hammerin tərcüməsindən bəhs edən tədqiqatçılar ən azından müasir dövrümüzdə texnologiyanın bizə verdiyi üstünlüklərdən yararlanıb əsərin dijital nüxsəsini (PDF) əldə edə bilərdilər. O zaman bu yanlışlıq mənbələrdə dəfələrlə təkrarlanıb tirajlanmazdı.

Beləliklə, J.V.Hammerin tərcümə və nəşr etdiyi "Gül ü Bülbül" əsəri XVI əsr Türk şairi Fazlı Karanın əsəridir. Fazlı Karanın "Gül ü Bülbül" məsnəvisi istər Türk təzkirəçiləri, istərsə də Qərb tədqiqatçıları tərəfindən bu mövzuda yazılan, ən çox təqdir olunan və araşdırılan, haqqında tədqiqat aparılan əsərlərdəndir. Hammerin tərcümə və nəşr etdiyi əsər Geğamyanın tərcümə etdiyi və Sankt- Peterburqda iki dildə nəşr edilən (1812) "Qızılgül və Bülbül" əsəri deyil. F.İrəvaninin əlyazması qədim yurd yerimiz olan İrəvanda - Matenadaranda saxlanılan, Sankt-Peterburqda iki dildə nəşr edilən (1812) "Qızılgül və Bülbül" əsərinin Rusiya arxivlərində axtarılması daha məqsədəuyğundur və yalnız yöndə aparılan araşdırmalar Fazil İrəvaninin "Qızılgül və Bülbül" əsərinin əldə olunmasına vəsilə ola bilər. Fikrimizcə, bundan sonrakı araşdırmalar Fazlı Karanın J.V.Hammer tərəfindən tərcümə və nəşr edilən "Gül ü Bülbül" əsəri üzərində deyil, Peterburqda nəşr edilən əsərlər üzərində, Le De Vayya, Freznan nəşrləri, əgər bunlar varsa, qarşılaşdırmalı şəkildə aparılmalıdır. Çünki adları çəkilən bu əsərlər fərqli tərcümələr də ola bilər (Hammer və Geğamyanın tərcümələri kimi). Hammerin tərcüməsi Fazlı Karanın olduğu kimi, digər tərcümələr də Fazil İrəvaninin əsəri ola bilər. Bu səbəbdən görkəmli alim, ictimai və siyasi xadim Qafqazın II Şeyxülislamı Fazil İrəvaninin zəngin elmi irsinin və bədii yaradıcılığının araşdırılması vacibdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!