Tanınmış şair Qalib Şəfahətin "Eşqə batır yanaqlarını" ("Elm və təhsil" - 2019) şeirlər kitabını oxuya-oxuya böyük, intellekt şairimiz Əli Kərimin bir şeirini xatırladım, - "Zəhmətkeş buruq" adlı şeirini. Orada göstərilirdi ki, hamının nəzər-diqqətindən uzaq, heç kəsin fikir vermədiyi, baxıb göz yetirmədiyi bir yerdə, bir yalın dağ yamacında tənha bir buruq işləyir. O taya-bu taya, sağa-sola baxmadan, yollara göz qoymadan öz işindədir. Çalışır, əlləşir, neftini çıxarır. Nə sağ ol gözləyir bir kimsədən, nə də təltif, ödül.
Qalib mənə həmin o zəhmətkeş, halallıq içində çalışan buruğu xatırlatdı. Paytaxt şəhərindən uzaqlarda yaşayıb-yaradan şair, nasir Qalib Şəfahətin adını çəkdiyim bu kitabında şeirlərinin əksəriyyəti poeziyanın fəlsəfəsini, fəlsəfənin poeziyasını açıb göstərməyə yönəlmişdir. Şair yazmır ki, yazdığı şeirlərin yanında olsun, onların arasında onlarla birgə işə gəlib-getsin, yazır ki, "mən yaşamıram ki, sadəcə "hər gün yaşamağın yanındayam, işə gedib-gəlirəm, - deyir, daha sonra "şeir yazmıram ki, ürəyimi boşaldım. Yazıram ki, "elə bilərlər ki, mən də orada yaşayıram, - yazır. Linqvistik poetik duyumun, insan təfəkküründə zövqlə rahatca adaptasiya etdiyi dərin, yozumlu düşüncənin ağırlıq mərkəzi yenə də poetik düşüncə çalarları yaradır, - "yaşamağın yanından keçib-getmək, keçib-gəlmək hələ yaşamaq deyil ki...".
Həm yaşamaq, həm də yazmaq, yaratmaq onun üçün bu qoşa paradiqmaların, yəni iki fəslin, qoşa qütbün arasında düşüncə, fikir poeziyasının energetikasında gözəl, yaraşıqlı bir hiperaktiv ikilik, ekizlik motivləri ilə üz-üzə gəlir, - biri yaşamaq, biri yazmaq: "hamı elə bilir ki, mən orada dincəlirəm, məni orada görən olub... Elə bilirlər, mən orada yaşayıram" deyir. Harada yaşayır o lirik "mən", harada?! Bəlkə də heç kim bilmir, onu hamı arayır, axtarır, amma O bir poetik şeir ampulitudasiyasının "yaşamağa görə sürünməmək" feyzindədir". Sürünmürəmsə, deməli, yaşayıram! İdentiklik paradiqmasından boylana-boylana baxır və yaşamağın yanından keçib-gedir.
Hər şey kimi -
Bir az varam, bir az yoxam,
Amma özümün deyiləm.
Hər şeydən bir az,
Hərdən bir az,
Yığılıram, mən oluram.
Metaforik məlzəmələrdən yaranan lirik "mən"in kimliyinin nüvəsində bu anlamda:
Özümdən başqa
Hamı mənə sahib çıxır, -
Mən özümün olmayanda.
("Özümün deyiləm", səh. 22)
Şairin poetik razyezdləri, deyim, yol ayrımları oxucunu onun bir şair kimi sənətkar fərdiyyətini, ekzisatensal fəlsəfəsini bir daha aydınlaşdırmağa sövq etdirir. Qalib Şəfahətin lirik "Mən"i öz subyektiv məna və duyumları ilə poetik detallar və situasiyalar ölçülərində başdan-başa onun yeniliyini və orijinallığını özündə bərqərar edir:
Götür,
Göy üzünü saxla əlində.
Qol-qanad açım,
Mən uçum orada.
...Əllərindəki göy üzün,
Göy üzündə mən.
Bir qızın bapbalaca əllərində böyük bir göy üzü, orada ucsuz-bucaqsız bir sevgi çiləsi, xeyir-dua sənaları, metaforik ruh... Türlü yöndən baxa-baxa şeirli yolun əvvəli, sonu görünməyən bir bəyazlığı, maviliyə çalan döngələri, assosiativ fikir və düşüncə çalarları ifadə obraz axtarışlarında bir daha özünü büruzə verir. Həm ritm-ahəng, həm də struktur-biçim cəhətlərindən.
Səni unutduğum yerdə itib-batmışam,
Tapa bilmirəm özümü.
Bu şeirdə uzaq-uzaqlardan keçən kölgələr, - poetik instaluasiuaları tez gözə dəyir, unutduğu adamın bir daha tapılmadığı yerdə özünü də tapa bilməyən O, lirik "mən" o qızın ədalarına yerləşməyən addımlarına yazığı gəlməyə başlayır. O xanımın təkəbbürlü yerişindən şikəst qala biləcəyindən nigaranlıq hissləri keçirir. Şairin yeni məna dayaqlarına bu nigaranlıq bir növ elə bil güc-qüvvət verməyə başlayır. Yol... Yollar... Həyat yolu, şeir, poeziya cığırları, çoxusu da kədər-qüssə dolu, amma bununla belə hamısı insan ayaqlarının izlərindən, ləpirlərindən təpər, qüvvət alır:
Ayağımdan çıxır bu yol,
Ayağım kiçilib mənim.
Sevincimə böyük gəlir,
Qəmimə biçilib mənim.
Şeirin leksik-semantik qatlarında, şaxələrində "Ayağım kiçilib mənim" misrası ilə başlayan yazının altuanısını incələyəndə insan ayağının kiçilmədiyini yox, ayaqdan çıxıb gedən yolların uzaqlığını, nəhayətsizliyini göz önünə gətirirsən. Şeirin poetik təhkiyyəsində, metofizik substansiyanın da öz sərin yelləri əsməyə başlayır: - "Qəmimə biçilən yollar sevincimə böyük gəlir" deyir şair. "Eşqə batır yanaqlarını" adlı şeir toplusunda uğurlu yazılar çoxdur. "Yalanlar", "İtirdim", "Qadın ayaqqabısı", "Dar ağacı" və onlarca başqa şeirləri fikir, düşüncə, yeni intellekt baxımından oxunaqlıdır.
"Nə yaxşı ki tez yapışdım
O titrəyən əlindən.
Əlim əlində qaldı"
- deyən şairə arzu edərdik ki, əli həmişə diqqətcil, qədirbilən oxucuların əlində qalsın. Oxucu əlində qalan şair əlləri isə həmişə güclü və hərarətli olur...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!