Nizami ədəbi məktəbinin ən layiqli davamçılarından biri olan XIV əsr istedadlı Azərbaycan şairi Əssar Təbrizi ədəbiyyat tarixində "Mehr və Müştəri" əsəri ilə tanınır. Bu əsərin tam və orijinala layiq şəkildə görkəmli alim-şairimiz, mərhum Məmmədağa Sultanov tərəfindən hələ keçən əsrin səksəninci illərində tərcümə olunub nəşrdən çıxması Azərbaycan oxucusuna qiymətli bir töhfə, ədəbi-mədəni həyatımızda isə böyük bir hadisə oldu.
Belə ki, o zaman tərcüməçi-alimin özü tərəfindən və istedadlı ədəbiyyatşünas Qasım Cahani tərəfindən tədqiqata cəlb olunmuş bu poemanın nəşrini oxucular çox səbirsizliklə gözləyirdilər. Bu səbəbdən kütləvi tirajla çıxan kitab olduqca tez yayıldı və ədəbi ictimaiyyət tərəfindən müsbət dəyərləndirildi.
Əsərin belə böyük maraqla qarşılanmasının müxtəlif səbəbləri var idi. İlk növbədə onu qeyd etmək lazımdır ki, iki gəncin təmənnasız dostluğundan bəhs edən bu poema şairin dövrünə qədər yazılmış olan məşhur aşiqanə romanlara bənzəmirdi. Şair, özünün də qeyd etdiyi kimi, "Vis və Ramin", "Yusif və Züleyxa", "Vamiq və Əzra", "Vərqa və Gülşah", "Xosrov və Şirin" kimi poemaları oxumuş, ancaq bu əsərlərdən fərqli olaraq iki oğlanın, iki dostun səmimi məhəbbətindən bəhs edən bir əsər yaratmaq istəmiş, oxucuların gəldiyi ümumi fikrə görə buna nail də olmuşdur.
İstinad etdiyi ədəbi mənbələri çox aydın şəkildə göstərən şair bunların içərisində Nizaminin yerini ən uca tutur, onu öz ustadı hesab edir. Bu haqda əsərin yazılma səbəbi olan fəslində şair deyir:
Bilirəm ki, İsa dəmli böyük şair Nizami,
Bu üslubda xətm elədi hər sözü, hər kəlamı.
Məsnəvidə o, misilsiz incəliklər yaratdı,
O ustadın məharəti məsnəvini ucaltdı.
O, təfəkkür meydanında at oynadan zamanda,
Fələk özü geri qaldı şairdən bu meydanda,
Onun təbi möcüzələr yaradarkən sahirtək,
İdrak onun qarşısında durdu təzim edərək.
Misilsizdi xəyalının yaratdığı hər əsər,
Allahın öz vergisiydi Nizamidə bu hünər.
Bu sənətdə bir söz varsa Nizamiyə məxsusdur,
Başqa sözlər əfsanədir, solğun, cansız, ruhsuzdur.
O şairin hər kəlamı bir hikmətdir, mətindir,
Ona qarşı dura bilib bir söz demək çətindir.
Cəsarətim çatmır durum Nizamiyə müqabil,
Buna görə ürək edir başqa yola təmayil.
"Mehr və Müştəri" əsərinin dünya kitab xəzinələrində əlyazma nüsxələri çoxdur. Üç qiymətli nüsxə də bizdə, Bakıda Əlyazmalar İnstitutunda saxlanılır. Çox sevindirici haldır ki, bu əsər məhz Bakı nüsxəsindən tərcümə olunmuşdur.
Əsərin yazıldığı gündən bu qədər geniş şöhrət qazanmasına, hələ orta əsrlərdə bir neçə dəfə türk dilinə tərcümə olunmasına, onun təsiri ilə "Humay və Humayun", "Novruz və Gül", "Cəmşid və Xurşid", "Fəraqnamə", "Şah və Dərviş", "Sərv və Gül", "Mahmud və Ayaz" kimi mənzum dastanların qələmə alınmasına səbəb nə idi və bunu necə izah etmək olar? Əlbəttə ki, böyük sənətkarlıqla yazılmış bu əsərdə irəli sürülən mütərəqqi, humanist ideallarla, öz dövrünün ictimai-siyasi mənzərəsini çox gözəl verən şairin xeyrin şərə, işığın qaranlığa, düzlüyün yalana, ədalətin zülmə qələbəsini özünəməxsus ustalıqla qələmə alması ilə. Bütün bunlara nail olmaqda şairin Azərbaycan şifahi xalq ədəbiyyatından bəhrələnməsi göz qabağındadır və bu bağlılıq özünü əsər boyu hiss etdirir. Çox maraqlıdır ki, bu təsir qarşılıqlı olduğundan sonralar "Mehr və Müştəri" adlı dastan da xalq arasında geniş yayılmış, onun məzmunu nəsrlə maraqlı nağıllar kimi yazıya köçürülmüşdür.
Orta əsr Şərq klassiklərindən Əbdürrəhman Cami kimi böyük bir şair və ədəbiyyatşünas "Mehr və Müştəri" poemasını oxuyub demişdir: "Bu şəxs təbrizlilərin üzünü ağartmışdır. Bu bəhrdə, bu gözəllikdə əsər yaratmaq hər kəsin işi deyildir".
Həqiqətən, əsər çox maraqlı konfliktlər üzərində qurulmuş mürəkkəb və ziddiyyətli süjet xəttinə malikdir. Şair Orta əsr elmləri çərçivəsində çox dərin və əhatəli bilik nümayiş etdirir. Əsərdə iştirak edən surətlərin demək olar ki, hamısının Günəş sistemi, bürclər və ulduzları təmsil etməsi və Mehrin başqa surətlər içərisində mərkəz mövqe tutması Günəşin mərkəz olduğunu təsdiq edən heliosentrik sistem nəzəriyyəsini tədqiqatçıların da təsdiq etdiyi kimi ədəbi vasitələrlə göstərmək deməkdir. Nə qədər də maraqlı bir faktdır ki, məşhur polyak alimi Kopernik bu fikrə "Mehr və Müştəri" poeması qələmə alınandan iki əsr sonra gəlmişdir.
Əsərdə yadda qalan qadın surətləri var. Onlar öz təmiz əxlaqları, ismət və ləyaqətləri, mehribanlıqları və xeyirxahlıqları ilə diqqəti cəlb edir, oxucuda hüsn-rəğbət doğurur.
Gözəl təbiət təsvirlərinin rəngarəngliyi, Orta əsr məişət, toy mərasimlərinin canlı təsviri də, biz deyərdik ki, əsərin oxunaqlığını qat-qat artırır.
Dahi Nizaminin "Xosrov və Şirin" poemasının bəhrində üç bölümlü qısa həzəc bəhrində yazılmış bu əsərin müasir Azərbaycan oxucusunu nəzərə alaraq on beş hecalı heca vəznində tərcümə olunması orijinalın bədii ruhunu, sənətkarlıq xüsusiyyətlərini saxlamağa tam imkan vermiş və demək olar ki, tərcüməçi öz istəyinə nail ola bilmişdir.
Əlbəttə, qısa bir yazıda bu əsər haqqında ətraflı söz demək çətindir. Belə əsərlər haqqında yazılan böyük monoqrafiyalar da bəzən əsərin tərənnüm etdiyi ideya və ideyaları oxucuya tam çatdırmaqda vasitə ola bilmir. Əsərin məzmun və bədiiliyini bütün çalarları ilə dərk etmək üçün onu oxumaq lazımdır. Yalnız oxumaq! Necə ki, şair özü öz kitabı haqqında deyir:
Diqqət ilə, yorulmadan aç oxu bu kitabı,
Sən burada tapacaqsan hər suala cavabı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!