Mətn və onun ötürdüyü informasiya insan düşüncələrinə, davranışlarına və idarəetmə qabiliyyətinə birbaşa təsir etmiş olur. Mətn - yaddaş, qavrama, müşahidə və nəticə çıxarma baxımından çox önəmlidir. Poeziyada yaddaş, qavrama, müşahidə kimi meyarlar həm alt, həm də üst düşüncə səviyyəsinə görə dəyişir. Hegel poetik düşüncə tərzini ildırım vuran ağaca bənzədirdi. Burada ağacın keçirmiş olduğu sarsıntı insan poetikası ilə müqayisə olunur. Yəni şeir insanın ildırım vurmuş halından sonrakı mərhələsidir.
Müasir Azərbaycan poeziyasında Elçin İsgəndərzadənin yaradıcılığı öz spesifikası, bütövlüyü və pafosdan, standart tərzdən uzaq əlamətləri ilə seçilir. Şeirin müasir ölçüləri və mexanizmləri texnologiya, informasiya və qloballaşan dünya ilə ayaqlaşmalıdır. Yəni bu gün əgər texnika, geyim, məişət cihazları necə gündəlik tələbata uyğunlaşdırılırsa, poeziya da, ümumən ədəbiyyat da bu prosesə qoşulmalıdır.
Elçin İsgəndərzadə öz müşahidə və yazı üslubu ilə diqqət çəkməyi bacarır. İfadələr dolğundur, sadədir, təsvirləri rəngli və canlıdır. Aşağıdakı şeirdən bir nümunəyə baxaq:
Xatirələrin içində ölür adam...
Bir əl qapayır gözlərini.
O əli tutub saxlamaq istəyirsən,
istəyirsən ki,
açıq qalsın gözlərin öləndən sonra da.
Amma gücün çatmır,
gözlərin qapanır.
"Xatirələr içində ölür adam...". Xatirələr insan həyatının keçmişlə bağlı sistem halında formalaşan ömür kadrlarıdır. Bu kadrları istənilən vaxt geri qaytarıb baxmaq, təhlil etmək, yaddaşa vermək, yaxud yaddaşdan silməyə çalışmaq istəyirik. Elçin İsgəndərzadə xatirələrin içində ölən arzularını, ümidlərini diri saxlamağa çalışır. O, arzularını, ümidlərini xatirələrin caynağından sağ çıxarmaq üçün özünü qurban verir... "Bir əl qapayır gözlərini". Burada Füzulinin bir qəzəli yada düşür. "Olur qəddim düta eşqin yolunda hər bəla görcək". Əl-bəla anlamında işlənə bilər. Bəla isə Füzulinin təbirincə desək nemətdir. Gözlər günah və savab əməllərin şahididir. Əl Tanrı İlahi qüvvə kimi düşünülə bilər. İnsanın gözlərini (bəsirət gözünü də) İlahi bağlayıb aça bilər...
Elçin İsgəndərzadə yaradıcılığına nəzər saldıqda psixoloji və sosioloji təzadların, polemikaların - tale, qismət, alın yazısı kimi anlayışlarla fokuslandığını görmək mümkündür:
Və səni xatirələrə gömürlər,
bilmirlər ki,
sən çoxdan gömüldüyün yerdəsən.
Amma onda gözlərin açıq baxırdın
bütün ayrılıqlara,
bütün gedişlərə,
indi gözlərin qapalı baxacaqsan sonraya...
Sonraya baxmaq varmı qədərdə,
sonra nə var qədərimizdə, -
xatirələr varmı?..
Ayrılıq, həsrət, tərk olunma... Bu üç ifadə fəlsəfi aspektdən şairin şeirlərində tez-tez rast gəlinən nəsnələrdi. "İndi gözləri qapalı baxacaqsan sonraya...". Sonra - zamanın naməlum gedişində yaşanan həyat elementlərini işarə edir. Sonra - nə vaxt? Sonra - Harda? Sonra - Kim? Bu kimi suallar şairin oxuculara ünvanlanan ritorik suallarıdı...
Dekartın "düşünürəmsə, varam" fəlsəfi yanaşması Elçin İsgəndərzadənin poetik aləmində bu cür nümayiş olunur: "düşünmək, həm də ölümə qarşı çıxmaqdır...". Düşünmək, həm də ölümü qəbul etməməkdir. Beləcə, şair düşüncənin özünəməxsus fəlsəfi mahiyyətini axtarmağa çalışır. Axtarışları onu bu şeiri yazmağa vadar edir:
Göyüm göyündən keçmirsə,
külüm külündən keçmirsə,
bütün yollar sənin yolundan keçmirsə...
keçmirsə, sevgi deyil.
"Sevgi" adlı şeirdə bədii təyinlər, təşbehlər və təzadlar oxucunu düşünməyə sövq edir. "Göy" burada mövcudat, kainat, materiya, ilkin başlanğıc, Yaradılış anlamında qəbul oluna bilər. Yollar yaşam, yaşantı və mövcüdat anlamında əsas ortaq nöqtə hesab olunur. "Sevgi" ən sadə anlamda ruhla bağlı olduğu kimi, yol da sevginin hərəkət, var olma qaynağıdır...
Antik yunan fəlsəfəsində insan öz təbiətinə uyğun şəkildə yaxşılığa doğru can atan varlıq olaraq qəbul edilir. Bu fəlsəfənin mənbəyində insanın qüsurlu, yəni kamil olmaması ilə bağlı varlıq düşüncəsi dayanır. Sokrat, Platon və Aristotel kimi antik filosoflar insanın özünü müəyyən etik prinsiplər vasitəsilə kamil şəxsiyyət kimi formalaşdıra biləcəyini vurğulayırlar. Elçin İsgəndərzadə şeirlərində estetik zövq və etik qaydaların insanın kamillik dünyasına bir pəncərə açdığını göstərir. Bu estetika və etika "sevgi"dən keçir, ancaq hər zaman yox... Ona görə də şair ayrılığı labüd hesab edir, onu zərurət bilir, əsla təsadüf bilmir...
Sevgi söz yarasıdı,
göz yarasıdı.
Sevgi ürəkdə köz yarasıdı,
buludu yandırır,
göyü yandırır.
Ən isti yağışlar sevgili buludlardan yağır,
sevgili göylərdən gəlir.
Mişel Fukoya görə insan təbiəti sevgini anlamır, ancaq onu tanıyır, dərk etmir, ancaq onu həzm edir... Bu o anlamdadı ki, insan bir ömür boyu kamilləşməyə, müdrikləşməyə meyil etmirsə, yolun başlanğıcını ifadə edə bilmir, yəni "sevgi"nin aliliyini qavraya bilmir...
Elçin İsgəndərzadənin yaradıcılığında diqqəti çəkən məqamlardan biri də "mən" konsepsiyasıdı. İn və Yan fəlsəfəsində əsas tezis olan insan fenomeni bütün dövrlərin ictimai sferalarında böyük maraq kəsb edib.
Bu, Şərq fəlsəfəsində də özünü büruzə verən əsas faktorlardan biridir. Təsəvvüf fəlsəfəsində "mən"in əsasını təşkil edən nəfsin tam silinməsi deyil, bilinməsi və nəfsin cilovlanması təlqin edilir. Məhz sosial mənada nəfsin ölümü qəbuledilməzdir. Bunu təsəvvüf fəlsəfəsini sistemləşdirən və həyatlarında tətbiq edən İbn Ərəbi, Sadrəddin Konəvi, Cəlaləddin Rumi və digər böyük sufilərin həyatlarında müşahidə etmək mümkündür. Təsəvvüfdəki "xəlvət dər əncümən" (cəmiyyət içərisində Haqqı unutmama) məfhumu birbaşa cəmiyyət fenomeninin qəbuludur. Məhz bu düşüncə "Quran"da Nur surəsinin 37-ci ayəsinə istinad edilərək şərh və təfsir olunur: "Elələri var ki, onlar üçün nə ticarət, nə də alış-veriş Allahı zikr etmələrinə, xatırlamalarına maneə yaratmır".
Ən yaxından keçir hər şey,
gözəl günlərin də,
xoşbəxtliyin də.
Sevincin dodağından gülüş kimi
qaçır harasa,
bir uşağın əlindən qopub
göyə uçan üfürcək kimi...
Elçin İsgəndərzadə sözün içində söz axtaran, sözün içində itən düşüncələrini tapmağa çalışan şairlərdəndi. Niderland filosofu Spinozanın təbiət fəlsəfəsindəki "insan psixikası" kimi Elçin İsgəndərzadənin də şeirlərindəki insan psixikası mürəkkəb axtarışlardan ətrafı seyr edir, araşdırır, yenilikləri qəbul etməyə hazırlaşır... Bu da oxucuların həm mənəvi ağrılarını azaldır, həm də yeni fikir dünyalarını kəşf etməyə kömək etmiş olur...
Ən yaxından keçir bədbəxtlik də,
ha özünü görməzliyə qoyursan,
boynuna sarılıb sənə qısılır...
Kədər də onun kimi,
uzaqdan üstünə yüyürür,
ayrılıq da onun kimi
qollarının arasına sığınır.
Elçin İsgəndərzadə şeirlərində tale və həyat sözlərini sintez edərək, insanın yeni yaşam modelini təqdim etməyə çalışır. Bu yaşam modeli həm təzadlı təsvirlərlə əks olunur, həm də qarışıq hisslərin çulğalaşması nəticəsində anlaşılmaz izahlara yol açır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!