Söz rəssamı - Ramiz Qusarçaylı - Nadir Məmmədli yazır

 

Ramiz Qusarçaylı Azərbaycan poeziyasına töhfə olan və yüksək vətənpərvərlik hissi ilə qələmə aldığı, Azərbaycan xalqının tarixi keçmişinin çox maraqlı dövrlərini canlandıran bu kitabında bədii fikrin, çağdaş ədəbi prosesin cəmiyyətin həyatında  rolunu göstərə bilib. Hər bir əsəri mənliyinin ifadəsidir - Ramizin deyim tərzi, söz seçimi, ifadə zənginliyi, obrazlı və yığcam fikirləri ibrətamizdir, nədən yazır yazsın, istedadı hisslərini bədii şəklə salır. Şəxsi hisslərə qapılmır, hansı etnik kökə mənsub olmasına baxmayaraq, o taylı-bu taylı azərbaycanlılarıtək Vətən - dövlət, bayraq, millət: azərbaycançılıq ideologiyasında birləşdirir.

Fərdi üslubunun orijinallığı ilə seçilən Ramiz Qusarçaylı üçün şeir iç dünyasıdır - havadır, nəfəsdir; esse də, hekayə də, hətta roman da yaza bilərdi, onda başqasının taleyi olardı, o özünü: tarixdən - xalqından, keçmişdən - Vətəndən yazır. Amalı ülvi əzəmətlə doludur: çətin günlər keçici, kədərin sonu şadlıqdır:

 

Bu səngər haqq səngəridi,

Zəhmində çox cəng əridi,

Ləngərim söz ləngəridi,

Yüngül hava mənlik deyil.

 

Öz göyüm var,

öz mələyim,

Öz xəttim var,

öz lələyim,

Öz məzarım, öz bələyim,

Haram yuva mənlik deyil.

 

Ramizin poeması həzin bir səssizlikdən yoğrulub, hər misrası təsəvvürdə tablo yaradır - bədii düşüncəsinin fəlsəfi mənasında, təsvir etdiyi gerçəklikdə ümid şəfəqləri parlayır. Yaradıcılığının cəlbediciliyinin sirri çox sadədir - o, söz rəssamıdır, lakin boyalar, rəsmlərlə yox, sözlərlə insan tablosunu yaradır. Hisslərin belə zəngin palitrasını başqalarında tapmaq çətindir; duyğularının qammasından anlayırsan ki, onun arxasında böyük istedad dayanır:

 

Qədim Şomutəpə mədəniyyəti, 

İlk yaşayış yeri, yarımqazmalar,

İlk cizgi, ilk təsvir, ilk gil yazmalar,

Dən daşı, daş toxa, oraq dişləri,

Sümük fiqurları, dulus kürəsi

Uzuntəpə ağzı, ocaq dərəsi,

Önündə Kür-Araz mədəniyyəti

Kür-Araz çayları arasındakı,

Ən qədim məskənlər sırasındakı

Erkən tunc dövrünün tapıntıları, -

Pozub yanlışları, sapıntıları,

Həkk olub tarixə əbədi səflə,

Cüttəpə, Kültəpə, Göytəpə, Qəflə...

 

Poetik fiqur, ideya, obrazları ilə Ramiz özüdür, dərin fəlsəfi fikirləri sadə, aydın bir dillə ifadə etməyi bacarır - söz seçimi, ifadə zənginliyi deyim tərzidir. Şeir çələngində lirik hisslər, duyğusal düşüncələr axarı əlvanlığı ilə seçilir, Vətən, yurd sevgisi bütün sevgilərin fövqündə dayanır:

 

Vətənsiz misralar alaq otudu,

Çiçəkdi, tikandı,

bilinən deyil.

Şairin ürəyi qara qutudu

Yansa da yaddaşı silinən deyil...

 

Hər şeirində yaradanla üzbəüz dayanır, ürəyinin səsini eşidir, hər yazarın buna gücü çatmır, bu - məqamdır: "Tanrının qanadı altda; Üçrəngli bayrağı ürəyi üstə"dir:

 

Duası Tanrının qanadı altda.

Üçrəngli bayrağı ürəyi üstə,

Əzmi, iradəsi inadı altda,

Barıtlı boğazlar, tüstülü gözlər,

Qisasa köklənib alışan üzlər.

 

Dramatizm və qəhrəmanlıqla dolu bu poemada hər şey var: ağrı və həsrət, xəyanət və bağışlamaq; sənətkarlıq, bədii dil möhtəşəmdir, bu, gələcək nəsillərə Vətənlə bağlı heç bir olayın unudulmayacağına işarə edən öyüd-nəsihətdir. Tarixi yenidən canlandırır, ona yeni nizam və harmoniya verir - tarixi ədəbiyyatdan, bədii idrakdan öyrədir. Bütün bunları yalnız Ramiz Qusarçaylı kimi böyük bir şair belə aydın və üsyankar təsvir edə bilər.

Onun üçün ölkə adı kimi Azərbaycan Tanrının diktəsidir, elə "türk adı Tanrının adından gəlir, bu qopuz, saz dilidir":

 

"Türk" adı Tanrının adından gəlir,

Nuru atəşindən, odundan gəlir,

Göylərin ən uca dərinliyindən

Yerlərin ən dərin qatından gəlir.

 

***

Türkün Tanrı dili öz dili idi,

Qopuz dili idi,

saz dili idi...

 

Mübariz şairdir və bu onu mənəvi qələbələrə, ideallarına - inama, etibara, cəsarətli, doğru danışmağa, düzlüyə, mərdliyə, kamilliyə, dözümlüyə, döyüşkənliyə və ən ümdəsi, məhəbbətə ruhlandırır. Bunlar fərqli anlayışlardır, çox zaman bir fərddə belə küll şəkildə qovuşmurlar. Onun üçün bu amillər fəlsəfi-əxlaqi dəyərlərdir, ədəbi fəaliyyətində həyat həqiqətləridir: Ramiz Qusarçaylının poeziyası şəxsiyyətini tamamlayır və yaradıcılığı özünə bənzəyir. Onu sevdirən söz, şəxsiyyət və əməl bütövlüyüdür, həyatın əbədi qanunlarından - ömrünə qısılan gerçəklikdən qopa bilmir, ciddi düşünür, xatırlayır və unutmaq istəmir: səbəb xatirələrinin keçmiş həqiqət olmasıdır, ondan qaçmaq olmaz:

 

Hər gün öyrənirəm Azərbaycanı,

Hər gün oxuyuram hey vərəq-vərəq.

Əlimdə kitabın şah səhifəsi

Üçüncü minillik, -

eradan qabaq...

 

Bu xalqın kökəni,

bu xalqın soyu,

Uzanır tarixin min illərinə.

 

Müəllifin mövzu, üslub rəngarəngliyi, milli kaloritə dərindən bələdliyi, orijinal müqayisələri yaradıcılığının ideya-bədii məziyyətlərindəndir. Onu insanların mənəvi aləmi düşündürür - bütün bunlar daxili ruhu ilə çulğalaşır. Qələminin gücü, problemlərə yanaşma tərzi, sənətkarlıq məharəti, toxunduğu məsələlərə obyektivliyi, inandırıcı təhlili, dilinin sadəliyi, zənginliyi, obrazlılığı, canlılığı şeirlərini daha maraqlı və cazibədar edir. Ona pərakəndə, səthi fikir yürütmək, tələsik nəticə çıxarmaq yaddır:

 

Şeytan toxumları,

cin toxumları,

Nifaq toxumları,

kin toxumları,

Türkü türk əliylə qırıb əyirdi,

Türkü türklüyündən aralayırdı,

Türkü parçalayıb tikələyirdi, 

Türkün türklüyünü yaralayırdı.

Türkün milyon illik məskənlərini

Bölüb bölgə-bölgə sıralayırdı...

 

Ramiz Qusarçaylı Azərbaycanın ruhudur, lirik qəhrəmanları Vətən sevgisi ilə nəfəs alır və yaşayır. Bu, o qədər heyrətamiz, qeyri-adidir ki, düşünürsən: doğma torpağı, ölkəni, xalqını yalnız  belə sevmək olar. Poemanı oxucular özlərinin mənəvi-estetik maraqlarına, zövqlərinə uyğun kəşf edəcəklər. "Kamal sahibi olmayan qafil həzz ala bilməz. Hər bir həzzin qədəri kamillik dərəcəsindən asılıdır" (Ş.Sührəvərdi).

Xalqla daim təmasda olan şair canlı danışıq dilindən öyrənir, hər kəsin duya bilmədiyi məna çalarlarını arayıb üzə çıxarır. Ona görə də şeirləri, yazıları səlis, şirin, canlı, emosional və ekspressivdir; oxucu ilə mənəvi körpü yarada bilir, şirin həmsöhbət olur. Elə bu sevgidəndir ki, o, xalq dilinin bütün incəliklərinə, zənginliklərinə bələddir, bütün çalarlarından yüksək şəkildə yararlanması məhz onun etnik-milli kökünə bağlılığıdır.

Orda saman rəngli barılar qalıb,

Orda qız qarıyan qarılar qalıb,

Orda bağrı şan-şan arılar qalıb...

Mən səni qoruya bilmədim, Vətən...

 

Ramiz Qusarçaylının milli qüruru doğulduğu torpağa borcudur! Yaradıcılığının "Azərbaycan" adlanan epopeyasının proloqu "Azərbaycan bayrağı"na şərəf hissilə bağlıdır:

 

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,

Ulduzunu, ayını göydə mələklər ötər,

Hər rəngində "ya qazi, ya şəhid" bir mən bitər,

Sən ey İstiqlalımın əbədiyyət sancağı, -

Azərbaycan bayrağı!..

 

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,

Barışda gül çələngim, savaşda qan yerimsən,

Sən mənim and yerimsən, mənim iman yerimsən,

Dalğalı ləngərlərin yelpiklənən yarpağı, -

Azərbaycan bayrağı!

 

Poetik müraciətlərində həmişə məramına sadiqdir - onu düşündürən, narahat edən ictimai problemləri aktuallaşdırır, ədəbi ideallarını oxucuya çatdırır. Yaradıcılığının gücü bundadır: inanır və inandırır ki, Azərbaycan xalqı haqdır, apardığı mübarizə qələbə ilə bitəcək. Həyata, gerçəkliyə yaradıcı münasibət göstərir, hadisələrə biganə qalmır, ideya-estetik prinsipləri ilə seçib qiymətləndirir - ölkədə gedən yeni ictimai-siyasi proseslərin, dövlətçiliyin bədii salnaməsini yaradır, Prezidentin, xalqın əməli işini və amalını, ruh yüksəkliyini, mənəvi-intellektual aləmini bədii obrazlar vasitəsilə - həyatın özü kimi əks etdirir. 44 günlük qələbədən sonra yeni insan xarakterlərinin yetişməsini, motivləşməsini göstərir, bu insanların mənəvi aləmini, azadlığa qovuşmuş torpaqları tərənnüm edir. Onun fəlsəfi görüşləri bədii obrazlar sistemində, ideallarının xarakterində və məzmununda təzahür edir:

 

Ali Baş Komandan birliyimizin

Dünyaya yayılan efir səsiydi,

Vətənin ərazi bütövlüyünün

Həm əsgəri idi,

həm də memarı,

Qələbə səsiydi,

zəfər səsiydi...

 

***

İndi bu Vətənin hər yeri bizim,

Bura doğumluyuq,

bura bağlıyıq.

İndi bir adı var hər birimizin

İndi hər birimiz Qarabağlıyıq!

 

Qəhrəmanlıq, ümumbəşərilik, doğma yurdu işğalçılardan qorumaq ideyaları müasir dövrdə öz əhəmiyyətini daha da artırmışdır. Ramiz Qusarçaylının qələmə aldığı "Vətən" poeması həm ədəbi, həm də siyasi bir hadisədir: xalqımızın azadlıq uğrunda apardığı mübarizəyə məhəbbət oyadır, düşmənlərə qarşı amansız olmağa çağırır, Vətənimizi, torpaqlarımızı daha da dərindən sevdirir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!