Nizami Gəncəvi haqqında yeni elmi araşdırma - Nüşabə Araslı, Zəhra Allahverdiyeva

 

Nüşabə Araslı

AMEA-nın müxbir üzvü

Zəhra Allahverdiyeva

Fil.ü.fəlsəfə doktoru, dosent

 

İsa bibbəyli. k Azərbaycan şairi Nizami ncəvi (Azərbaycan, rk, ingilis, rus, alman, Çin, polyak, rcü, Ukrayna bolqar dillərində). Bakı, Elm, 2021, 440 s.

 

Tarixə qovuşan 2021-ci ildə Azərbaycan Respublikası milli müstəqilliyini daha da möhkəmləndirərək Avropa və Asiya ölkələri arasında qüdrətli bir dövlətə çevrildi. Azad olunmuş qədim türk yurdu Qarabağımızda bərpa və quruculuq işlərinin əzmlə həyata keçirildiyi bir dövrdə elmin müxtəlif istiqamətləri üzrə, o cümlədən Nizamişünaslığın inkişafı sahəsində uğurlu ilklərə imza atıldı.

Ölkənin Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında 5 yanvar 2021-ci il tarixli Sərəncamı ölməz şairin irsinə ardıcıl qayğı və diqqətin bariz nümunəsidir. Vaxtında verilmiş bu sərəncamla Azərbaycan elminin potensial qüvvələri Nizami Gəncəvi irsinin aktual problemlərinin həlli istiqamətlərinə yönəldildi və dünya nizamişünaslıq elminin tarixində yeni bir möhtəşəm dövr başladı. Dahi Azərbaycan şairinin həyatı, dövrü, ədəbi mühiti haqqında yeni elmi araşdırmaların aparılması, əsərlərinin əlyazmalarının dürüst elmi-tənqidi mətnlərinin üzə çıxarılması, ölməz sənətkarın bədii irsinin ideya-fəlsəfi-poetik xüsusiyyətlərinin daha geniş aspektdə tədqiqi, poemalarının dünya xalqlarının dilinə tərcümələri və nəşri işlərinin yenilənməsi, il boyu çoxsaylı Beynəlxalq miqyaslı forum, simpozium, konfrans və vebinarların keçirilməsi, xarici mütəxəssislərlə birgə hazırlanan layihələr əsasında kitab və jurnalların nəşri, Nizami Gəncəvi ensiklopediyasının hazırlanması və başqa sahələrdə möhtəşəm işlər görüldü.

Bu gün Azərbaycan nizamişünaslıq elminin nailiyyətlərinin dünya arenasına çıxarılmasında Azərbaycan Milli Elmlər Akademiyasının və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun liderlik etməsi göz qabağındadır. Xüsusən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, fenomen təşkilatçılıq bacarığına malik olan akademik İsa Həbibbəylinin rəhbərliyi və fəaliyyəti sayəsində nizamişünaslıqda mühüm elmi nəticələrin qazanılması danılmaz faktlardandır.

İsa Həbibbəylinin 2021-ci ildə "Elm" nəşriyyatında Azərbaycan, türk, ingilis, rus, alman, Çin, polyak, gürcü, Ukrayna və bolqar dillərində çap olunan "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" adlı monoqrafiyası mükəmməl elmi araşdırmaları ilə Nizami irsinin Azərbaycan və dünya xalqlarına tanıdılması işində xüsusi əhəmiyyətə malikdir. Alimin bu kitabı Nizami Gəncəvinin həyatı və yaradıcılığına dair müasir ədəbiyyatşünaslıqda mövcud konsepsiyaları bir araya gətirməklə və bir çox problemlərin həllində yeni dövrün elmi nəticələrinə əsaslanmaqla yazılmışdır və əsər öz elmi əhəmiyyətinə görə dünya nizamişünaslığının tarixində müstəsna hadisədir.

Giriş, Nizami Gəncəvinin həyatı, Lirikası, Poemaları, Renessans məsələsi, Azərbaycançılıq və Nəticə hissələrindən ibarət olan bu tədqiqat müasir Nizamişünaslığın bir çox aktual problemlərinin dünya miqyasında əsaslı və dürüst həllinə yönəldilmişdir. Müəllifin məqsədi dünya mədəniyyətinə yüksək humanist ideyalar, parlaq və çoxcəhətli obrazlar gətirən, xalqların qardaşlıq və birliyini tərənnüm edən dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında Qərb və Şərq oxucusuna faktlar əsasında yeni və daha dəqiq məlumatlar vermək və dünya ictimaiyyətinin diqqətini nizamişünaslığın aktual elmi-nəzəri problemləri və onların həlli istiqamətlərinə yönəltməkdir.

Əsərin Giriş hissəsində İsa Həbibbəyli XI-XII əsrlərdə inkişaf edərək çiçəklənən Şərq müsəlman Renessansı və bu dövrdə Şərqin mühüm mərkəzi regionlarından biri, qədim mədəniyyət beşiyi olan Azərbaycanın rolu və Nizami Gəncəvi dühasını yetirən ədəbi-ictimai mühitin ümumi xarakteri haqqında dolğun məlumat verir. O, hər şeydən əvvəl, Nizami yaradıcılığının möhkəm ədəbi-mədəni əsaslar üzərində ucaldığını, milli-mənəvi dəyərlərlə bağlı yarandığını bildirir. Bu baxımdan, müəllifin dahi şairin doğma xalqın şifahi yaradıcılığı, kökü qədimlərə gedən Azərbaycan ədəbiyyatının əski nümunəsi olan "Kitabi-Dədə Qorqud" dastanları ilə əlaqəsinə dair düşüncələri xüsusilə diqqəti cəlb edir. Müəllif haqlı olaraq Nizami yaradıcılığını dünya mədəniyyətinin Şərq və Qərb modelinin sintezi kontekstində izah edərək yazır: "Dünyanın harasından, Şərqdən, yoxsa Qərbdən baxılmasından asılı olmayaraq, Nizami Gəncəvi şeir-sənət səmasında günəş kimi parlayır. Bütövlükdə mədəni dünya Nizami Gəncəvini dahi şair, qüdrətli sənətkar, bəşəri təfəkkürə malik böyük mütəfəkkir kimi qəbul edir... Onun əsərlərində dünyanın bir çox ölkələrinin və xalqlarının həyatından alınmış ibrətamiz süjetlər və işıqlı, düşündürücü obrazlar vardır. Ölməz sənətkarın "Xəmsə" adlanan məşhur poemaları sanki Qərbin və Şərqin ədəbiyyat ensiklopediyasıdır".

Kitabda Nizaminin həyatı, ədəbi mühiti barədə verilən məlumatlar yeni səciyyəsi ilə seçilir. İsa Həbibbəyli Nizami Gəncəvinin həyatı haqqında öz elmi nəticələrini XX əsrdə mövcud olmuş bir sıra mötəbər mənbə və araşdırmaların süzgəcindən keçirir. O, Nizami Gəncəvinin özünün yazdıqlarına və son yeni tədqiqatlara əsaslanır, vaxtilə qapalı sovet rejimi şəraitində, Azərbaycan nizamişünaslığının nailiyyətlərinin dünya arenasına çıxarıla bilməməsi üzündən şairin həyatına dair Avropa şərqşünaslığına yol almış bir sıra təhrifləri aradan qaldırır. Şairin avtobioqrafiyasının bəzi qaranlıq məqamlarını və yanlışlıqları yeni faktik materiallar əsasında dəqiqləşdirməyə çalışan müəllif Nizami əsərlərində adıçəkilən şəxsiyyətlər - Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Xaqani Şirvani, Qivami Mütərrizi, İmad Xoyi, Əbubəkr ibn-Xosrov əl-Ustad və başqaları haqqında danışır, bu ərəfədə Gəncədə baş verən zəlzələnin, şairin Qızıl Arslanla görüşünün, həmçinin başqa tarixi əhvalatların zaman və məkanını doğru müəyyənləşdirməyə nail olur. Qeyd etmək lazımdır ki, "İqbalnamə"də şairin böyük izzət və ehtiramla yad etdiyi və indiyədək nizamişünaslıqda şəxsiyyəti tam müəyyənləşdirilməyən azərbaycanlı vəzir İmad Xoyi haqqında İsa Həbibbəylinin verdiyi məlumatlar yenidir. Buradan, həmçinin məlum olur ki, Nizaminin hələ gənclik illərindən başlayaraq, yəni 1160-cı ildə atabəy Şəmsəddin Eldəniz İraq səlcuq hakimiyyətini Azərbaycan torpaqlarına birləşdirdiyi zamandan və oğulluğu türk-ağsunqar nəslindən olan I Arslan şahı İraq-Mosul atabəyi təyin etdiyi dövrdən şairin bu sarayla əlaqəsi olmuşdur.

Akademik İsa Həbibbəylinin kitabında, həmçinin Nizami dövrünün fəlsəfi-ideoloji görüşlərinə də xüsusi diqqət yetirilir. XII əsrdə Azərbaycanda geniş yayılmış əxi-fəlsəfi görüşlərinin Gəncənin şəhər mühitində geniş yayıldığını və mütəfəkkir - şair Nizami Gəncəvinin ədalətli cəmiyyət haqqında ideyalarının formalaşmasında mühüm rol oynadığını göstərən müəllif haqlı olaraq yazır: "Dövrünün savadlı, dərin düşüncəli, fərqli baxışlara malik adamlarının təmsil olunduğu və sadə, zəhmətkeş insanlara rəğbət bəsləyən "Əxilər" təşkilatı Nizami Gəncəvinin yaradıcılığındakı humanizm, bərabərlik və ədalət ideyalarının davamlı olaraq tərənnüm olunmasına, şairin sadə peşə adamlarına ehtiram bəsləməsinə müəyyən istiqamət vermişdir".

Bir mühüm məsələni qeyd etməyi vacib hesab edirik ki, İsa müəllim bu kitabında şairin ailə üzvləri haqqında məlumatları özünün axtarışları ilə daha da genişləndirmiş, Nizami Gəncəvinin həyatı və ailəsi haqqında Azərbaycan və dünya oxucularına mükəmməl məlumat vermişdir.

Tədqiqatda Nizami Gəncəvinin lirikası və epik əsərləri ayrıca fəsillərdə geniş təhlil olunmuşdur. Burada alim yeri düşdükcə özünəqədərki araşdırmalara da nəzər salır, qaynaqlarda - XV əsrdə yaşamış Dövlətşah Səmərqəndinin "Təzkirətüş-şüəra" əsərində qeyd olunan Nizaminin lirik şeirlər Divanı və şairin Xədiviyyə kitabxanasında mühafizə olunan türkcə Divanının nəşri, öyrənilməsi ilə bağlı rəylərlə oxucusunu tanış edir. Alim "Nizami Gəncəvinin azərbaycanca yazdığı şeirlər" adlı kitabda toplanmış şeirlərin bir çoxunun Nizami Gəncəvi lirikasının mövzusu, süjeti, poetik vasitələri ilə səsləşdiyini göstərir və tam haqlı olaraq yazır: "Ola bilsin ki, Xədiviyyə kitabxanasında eyni fondda Nizami adı ilə mühafizə edildiyi üçün bu əlyazma külliyyatında Nizami Gəncəvi ilə yanaşı, Nizami Qaramanlının, hətta Nizami adında və ya təxəllüsündə başqa bir şairin də şeirləri bir yerdə toplanılmışdır. Əks halda Xədiviyyə kitabxanasındakı əlyazmasının üzərindəki müəllifi bildirən sözlərin içərisində Nizami Gəncəviyə aid olub, şairin təxəllüsünü (Nizami və Gəncəvi sözləri), atasının (Yusif) və babasının (Müəyyəddin) adlarının yazılmasını necə təsadüf saymaq olar? Hətta bu nüsxədə Nizami Gəncəvinin adının və künyəsinin "Divani-Nizami. Talif: əl-Mövla Nizaməddin Əbu Məhəmməd Cəmaləddin Yusif bin Müəyyəd əl-Gəncəvi-əl-Üveysi" kimi təqdim olunması necə baş verə bilər? Şairin "Leyli və Məcnun" əsərində öz adını Üveys adlandırması da yuxarıdakı adın və təxəllüsün Nizami Gəncəviyə aid olmasını daha da qüvvətləndirir". Zənnimizcə, İsa Həbibbəylinin Nizami Gəncəvinin Türk Divanı haqqında söylədiyi haqlı mülahizələr tədqiqatçıları düşündürməli və bu istiqamətdə araşdırmalar genişləndirilməlidir!

Əsərdə Nizami lirikasının, həmçinin Azərbaycan tarixi poetika nəzəriyyəsi baxımından dəyərləndirilməsi faktı diqqəti cəlb edir. Məlumdur ki, Azərbaycan poeziya məktəbinin nümayəndələri, ilk dəfə olaraq Şərq lirik şeirinə davamlı süjet vəhdəti gətirmişlər. Nizaminin lirik şeirlərinin süjetliliyi, mövzu vəhdətinin tamlığı ilə fərqləndiyini göstərən nəzəriyyəçi-alim yazır: "Poetik cazibədarlıq və nağılvari süjetli lirika baxımından Nizami Gəncəvinin şeirləri Şərq yazılı ədəbiyyatının "Min bir gecəsidir". 

Monoqrafiyada Nizami Gəncəvinin "Xəmsə" yaradıcılığı üzərində xüsusi dayanan müəllif ayrı-ayrı poemaların mövzusu, ideyası, nəşri, tərcüməsi ətrafında tədqiqatlar aparır, şairin ölməz epik əsərlərinin Şərq, o sıradan Azərbaycan bədii fikir tarixinə gətirdiyi özəllikləri müasir dövrün tələbləri baxımından dəyərləndirir. Müəllifin şairin əsərlərindən seçdiyi müvafiq nümunələr bir daha təsdiq edir ki, Nizami Gəncəvi sənəti heç zaman öz aktuallığını itirməyib və bu gün də zamanın qarşıya çıxardığı problemlərlə səsləşməkdədir.

Əsərin maraqlı fəsillərindən biri də "Renessans məsələsi" bölməsidir. Burada XI-XII əsrlər Azərbaycan İntibahı adlanan dövrün Nizami Gəncəvi əsərlərində geniş əksini şərtləndirən məsələlər - sənətkar əməyinə rəğbət, xalqa ehtiram və qayğının təsviri, humanizmin təbliği, ədalət, bərabərlik, azadlıq arzularının tərənnümü Renessans hadisələri kimi dəyərləndirilir. Müəllifin elmi nəticələrinə əsasən, Renessans mədəniyyətində həyatın yüksəlişi, cəmiyyətin inkişafında elmin, zəkanın rolunun zəruriliyi, dil faktorunun vahid, xalqlararası və ümumbəşəri mahiyyətə xidmət etməsi - İslami sivilizasiya dövründə Şərqdə və antik mədəniyyətin dirçəldilməsi zamanı isə Avropada baş verən təbii bir prosesdir. Alim coğrafi məkan və zaman anlayışından asılı olmayaraq insan həyatının, onun ali duyğu və hisslərinin mədəniyyətdə klassik ifadəsinin daimi mövcudluğunu əsas götürür və Renessans anlayışını ümumdünya kontekstində izah edir: "Ənənə və novatorluq baxımından Şərq müsəlman intibahı ilə Qərb xristian renessansı bir-birilə üzvi surətdə əlaqədardır. Şərq intibah ədəbiyyatının meydana çıxardığı bədii obrazlarla Qərb renessansının aparıcı obrazları arasındakı bənzərliklər onları eyni dərəcədə əhatə edən Renessans baxışlarından irəli gəlirsə, həmin qəhrəmanları ayıran cəhətlər isə Şərq və Qərb düşüncə tərzindəki fərqliliklərdən doğur. Nizami Gəncəvinin Leylisi ilə Fransesko Petrarkanın Laurası, Nizaminin Məcnunu ilə Uilyam Şekspirin Otellosu arasındakı oxşarlığın bir ortaq cəhəti də hansı coğrafi məkanda yaşamasından asılı olmayaraq, insan talelərindəki yaxınlıqla və ya sənətkarların insan talelərinə bəslədikləri münasibətlərindəki ortaq mövqelərlə əlaqədardır".

Bu bölmədə Nizami Gəncəvinin parlaq əsərləri və böyük idealları ilə Azərbaycan intibah ədəbiyyatının və Şərq intibah mədəniyyətinin yaradılmasında və inkişafında həlledici rol oynadığını göstərən alim öz fikrini aşağıdakı sözlərlə yekunlaşdırır: "Nizami Gəncəvinin zəngin və çoxcəhətli yaradıcılığı təkcə Azərbaycan ədəbiyyatının və ictimai fikrinin deyil, dünya ədəbiyyatının və bəşər mədəniyyətinin Şərq intibahı və Qərb renessansının qovuşağındakı ən böyük sənət hadisəsidir".

Azərbaycançılıq adlı sonrakı bölmədə Bərdənin məşhur tərifi və bu gözəl diyarın qadın hökmdarı Nüşabə obrazı, Leyli və Məcnun yazmaq sifarişini alan şairin yaradıcılıq həyəcanları xatırlanır. Şairin azərbaycanlı sələfləri ilə münasibəti, Xaqani yaradıcılığına rəğbəti nümunə gətirilir, əsərlərinin Azərbaycan ziyalıları tərəfindən məhəbbətlə qorunaraq əziz yadigar, əvəzsiz hədiyyə kimi sevildiyi göstərilir.

Nizami Gəncəvi sənəti əsrlər boyu xalqları mənən yaxınlaşdırmış, öz vətəni Azərbaycanın və ayrı-ayrı ölkələrin tarixi-ictimai nailiyyətlərini daha geniş miqyasda tanıtmaqla, onlar arasındakı mənəvi ünsiyyətin genişlənməsinə, ədəbi-mədəni əlaqələrin möhkəmlənməsinə xidmət etmişdir.

İnanırıq ki, şairin sənətinin bu ənənəvi missiyası bundan sonra da uğurla davam edəcək, akademik İsa Həbibbəylinin "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" mükəmməl oçerki və onun türk, ingilis, rus, alman, Çin, polyak, gürcü, Ukrayna və bolqar dillərinə edilmiş tərcümələrini əhatə edən kitabı Azərbaycanın dahi şairi və mütəfəkkirinin dünya şöhrətini daha da artıraraq, onun ölməz sənət dühasını bütün xalqlara olduğu kimi tanıtmaqla, şairin həyat və yaradıcılığı ilə bağlı təhrif və qərəzli mülahizələri də aradan qaldıracaq.

Akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatının korifeyi və xalqımızın mənəvi sərvəti olan Nizami Gəncəvinin şəxsiyyəti və yaradıcılığı ilə öz oxucularını daha yaxından, dəqiq fakt və arqumentlər əsasında tanış edən bu kitabı öz elmi əhəmiyyətinə görə dünya nizamişünaslığına yeni bir töhfədir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!