M.Ə.Rəsulzadənin Nizami Gəncəvidən tərcümələri. Altıncı məqalə - Nəsiman YAQUBLU

 

Nəsiman Yaqublu

Tarix elmləri doktoru, professor

 

Əvvəli burada

 

Araşdırmalardan aydın olur ki, M.Ə.Rəsulzadə Nizami əsərlərinin orijinaldan ilk tərcüməçisidir. Doğrudur, bu tərcümələr Türkiyə türkcəsinə çevrilsə də, azərbaycançılıq ruhu aşkar hiss olunmaqdadır. Əlavə edək ki, 1940-cı illərə qədər Nizaminin əsərlərinin Azərbaycan dilində oxunması mümkün olmayıb. 1940-cı illərdəki tərcümələr isə sətri tərcümələr əsasında hazırlanırdı. Bu sahədə 1933-cü ildə yaradılmış Ədəbiyyat İnstitutunun işçiləri fəallıq göstərir və şairin əsərlərini sətri tərcümə edir, bu əsasda S.Vurğun, A.Şaiq, R.Rza, S.Rüstəm, M.Rahim, M.Rzaquluzadə kimi görkəmli şairlər isə poetik tərcümələr hazırlayırdı. Yəni, Nizaminin birbaşa fars dilindən tərcüməsi ortalıqda yox idi. Bu tərcümələrdə isə bəzən də dövrün ideoloji tələbləri ilə bağlı ciddi nöqsanlar mövcud idi. 1988-ci ildə isə şair X.Rza Nizaminin "Sirlər xəzinəsi"ni fars dilindən Azərbaycan dilinə tərcümə edərək "Bədii sözün tanrısı" adlı giriş sözü ilə nəşr etdirdi.

M.Ə.Rəsulzadə tərcümələrinin üstünlüyü fars dilindən, yəni orijinaldan edilməsi, Azərbaycan türkcəsində asan başa düşülməsidir. Digər tərəfdən, M.Ə.Rəsulzadə şeirlər və tərcümələr müəllifi kimi də Nizami əsərlərinin bütün ruhunu duymuşdur. Bu onunla bağlıdır ki, M.Ə.Rəsulzadə fars dilini dərindən bilirdi və farscadan o zamana qədər kitablar tərcümə etmiş, İranda farsca nəşr edilən (1909-1911-ci illərdə) "İrani-nov"("Yeni İran") qəzetinin baş redaktoru olmuşdu. Bu üstünlüklər M.Ə.Rəsulzadə tərcümələrinin yüksək sənətkarlığının təsdiqidir. Nizaminin əsərləri onun tərəfindən çox yüksək poetik istedadla dilimizə çevrilib.M.Ə.Rəsulzadənin Nizamidən tərcümələri: 1) "Allah haqqında"; 2) "Söz"; 3) "Sözçü"; 4) "İnsanlığın dəyəri"; 5) "İxtiyar qadın ilə Sultan Səncər"; 6) "Tuğlaçı (Kərpickəsən - red.) ixtiyar"; 7) "Bayquş düyünü"; 8) "Qıpçaq qadınları"; 9) "İskəndərin qulaqları"; 10) "Xosrov ilə Fərhad".

M.Ə.Rəsulzadə Nizamidən tərcümələrin müəllifi olduğunu və bu məqamlarda çevirmələrinin şairin "əsərinə layiq bir şəkildə" olması iddiasından uzaqda dayandığını qeyd edir.

Qeyd edək ki, M.Ə.Rəsulzadə İkinci Dünya savaşından sonra Türkiyəyə qayıtdığı 1947-ci ildən başlayaraq Nizami haqqında əsərini nəşr etdirməyə çalışmaqla yanaşı, iştirak etdiyi müxtəlif tədbirlərdə də bu mövzuda fikirlər irəli sürmüşdür. Əlavə edək ki, onun Nizami haqqındakı çıxışlarının və məqalələrinin əsasını böyük şair haqqındakı "Azərbaycan şairi Nizami" əsərindən hissələr təşkil edir. Sadəcə, müəyyən yeni fikirlər bu məqalələrdə mövcuddur və istisnadır. M.Ə.Rəsulzadə Nizamidən etdiyi "İxtiyar qadın ilə Sultan Səncər" əsərini ilk olaraq 1952-ci ildə Ankarada çap olunan "Azərbaycan" jurnalında çap etdirmişdi.

Nizami irsini tədqiq edənlərdə maraq doğuracağını nəzərə alıb M.Ə.Rəsulzadənin Nizamidən, fars dilindən etdiyi tərcümələri oxuculara təqdim edirəm.

 

 

Söz

 

"Məxzənül-əsrar"dan:

 

İlk öncə çün qələm girişdi işə,

Söz deyib də, öylə gəldi cünbüşə.

 

Gizliliyin pərdəsi çün çözüldü,

İlk sırada, səhnədə söz görüldü.

 

Söz könülə olmadıqca tərcüman,

Çamur bədən bulmadı dünyada can.

 

Başladı çün qələm gəliş-gedişə,

Sözlə açdı dünya gözün Günəşə.

 

Sözlə dünya tanınmışdır aləmə,

Söylənsə həp sözə gəlməz xatəmə.

 

Söz canımızdır lüğəti eşqdə,

Biz həp sözüz bu görünən dəhrdə.

 

"Həft peykər"dən:

 

Sözdən gözəl evladı,

Dünyamız doğurmadı.

 

Nə yapdıysa Yaradan,

Qalan bir sözdür andan.

 

Bir ruh kimi əyərsiz (nöqsansız)

Söz cövhərdir dəyərsiz.

 

Bilir duyulmazları,

Oxur yazılmazları.

 

İnsandan bir yadigar,

Sözdür ancaq payidar.

 

Sözçü

 

"Məxzənül-əsrar"dan:

 

Xəzinələrin açarları

Söz bilənin dilindədir.

 

Taxtların durumları

Yürür sözün əlindədir.

 

Sözçü göyün bir bülbülü?

Kim ona bənzəməkdədir?

 

Tutuşduqda düşüncəsi,

Mələklər ölçüsündədir.

 

Söz söyləmək məharəti

Yalvaçlığın özündədir.

 

Tanrı yanında mərtəbə

Yalvaçda, həm şairdədir.

 

Hər ikisi bir dost tanır,

Bir ruh iki bədəndədir.

 

"Həft peykər"dən:

 

Siz deməyin ki, sözçülər öldülər,

Yalnız sözün dəryasına girdilər.

 

Çağırsanız adlarıyla anları,

Balıq kimi, sudan çıxar başları.

 

İnsanlığın dəyəri

 

"Xosrov ilə Şirin"dən:

 

Göydəki yıldızlar həmayilindir,

Nədir onlar? - sənin vəsailindir!

Bütün darlıqların məcali sənsin,

Bütün varlıqların xəyali sənsin.

 

Almaqdalar anlar səndən həp misal,

Halbuki anlardan sən açmaqda fal.

 

Mənliklərin yapan sənsin onların,

Yediklərin atan sənsin onların.

 

Dairə nöqtəsi, yəni mərkəzdən,

Başqa nə var isə alındı səndən.

 

Sürən məlakəsi sənsin cahanın,

Yol göstərmək işi ancaq xudanın.

 

Comərdsin, kəndinə göstər güvən,

Düşməyəsin, fənalığı burax sən.

 

Eyi-kötü, nə varsa, eylə hesab,

Ağlına məsulsun, ona ver cavab.

 

Ya getdiyin qapı züqürd olmasın,

Ya öylə ol, kimsə öylə olmasın.

 

Bir kəsin ki, gözü nura dayanamaz,

Mələklərin göylərində o duramaz.

 

Yerin üzü asimanın bir eşi,

İnsanlar da mələklərin qardeşi.

 

İxtiyar qadın ilə

Sultan Səncər

 

"Məxzənül-əsrar"dan:

 

Zülüm görmüş, aciz, ixtiyar  nənə,

Əl atdı Sultan Səncərin ətəyinə:

 

Səndən, - dedi, - görmədim heç inayət,

Zülüm gördüm, - deyə etdi şikayət:

 

Zil-zurna bir darğa gəldi köyümə,

Rüsvay etdi, zorla girdi evimə.

 

Suçum yoxkən tutdu evimdən aldı,

Saçlarımdan çəkdi, sokağa saldı.

 

Amansızca vurdu, yaxdı canımı,

Tutsaq etdi, incitdi vicdanımı.

 

Məhəllədə qətil olmuş bir gecə,

Mən bilməlimişim  nasıl və necə!..

 

Evimdə qanlıyı qalxdı aratdı,

Söylə, şahım, bu qədərini kim daddı?

 

Darğanın sərxoşu kəndi qan yapar,

Acizə qalxar da sonra şər atar.

 

Davul vurur vilayəti soyarlar,

İxtiyarlar, baxın, suçlu çıxarlar.

 

Bunları görməyib, ört-bas edənlər,

Haqqı məndən, ədli səndən edərlər.

 

Çiynəndi büsbütün mənim vücudum,

Qalmadı mənliyim, qırıldı ruhum.

 

Haqqını almaz da, dada yetməzsin,

Gəlir hesab günü, rahat etməzsin.

 

Böyüklüyün nərdə, hanı ədalət?

Zülümdən yüksəlir yer-yer şikayət!

 

Xaqanlardan mədət, qüvvət bəklənir,

Səndənsə həp xorluq və zillət gəlir.

 

Yetim malı yemək işdən sayılmaz,

Burax bu adəti, sənə yakışmaz!

 

Fağır qadınlara, utan, ilişmə,

Gün deyildir gördükləri, didişmə!

 

Sən köləsin, fəqət şahlıq satarsın,

Şahlığa uymayan işlər yaparsın.

 

Şahə düşən məmləkəti sevməkdir,

Xalqa baxmaq, ədaləti güdməkdir.

 

Böyləliklə əmrə boyun əyərlər,

Şahı candan, həm könüldən sevərlər.

 

Etmədəsin aləmi zirü zəbər,

Səndə yox ki, başqa türlü bir hünər!

 

Türklərin çün yüksəldi dövlətləri,

Ədalətdən süsləndi həp elləri.

 

Madəm ki, sən zülmə amil olursun,

Bir türk deyil, çapulçu bir hindusun!

 

Tuğlacı (kərpickəsən) ixtiyar

 

"Məxzənül-əsrar"dan:

 

Şamda, eşitdim, var imiş ixtiyar,

Çamur, saman basar da kərpic yapar.

 

Göyərtidən toxur imiş köynəyin,

Tuğlaçılıqla qazanır əkməyin.

 

Qalxanları düşdükcə pəhlivanlar,

Kəndilərin bu tuğlayla qorurlar.

 

Bu ixtiyar bir gün eyni işində,

Çalışmaqda çamur, saman içində.

 

Nə yapdığındır, mənə bax, hey eşit,

Demiş, keçən dəliqanlı bir igid.

 

Nə düşgün iş, nədir sənin etdiyin,

Əzab çəkib, böylə kərpic kəsdiyin.

 

Burax bunu, boş yerə vermə əmək,

Kim əsirgər səndən bir parça əkmək.

 

Qəlibini yaxma, babam, tuğlanın,

İxtiyarın deyil bu iş, oğlanın!..

 

Demiş baba: - oğlum, cahillik etmə,

Get buradan, durub kahilik (çiylik) etmə.

 

Tuğlaçılıq işi - olğunlarındır,

Minnətçilik işiysə, qullarındır.

 

Bu məsləkə əl atdığım niçindir?

Bir gün sənə əl açmamaq içindir.

 

Kimsəyə mal için mən heç əl açmam,

Əmək verir, verim  işdən də qaçmam.

 

Bu sözləri bizim igid eşitmiş,

Qızarmış, ağlamış, çəkilmiş getmiş.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!