Kənan HACI
Fatma xanım Səttarova xalamın qudasıdır. Bu qadın Böyük Vətən müharibəsinin yaşayan qəhrəmanlarından biridir, canlı əfsanədir. Mən onu lap uşaq yaşlarımdan tanıyıram. İlk dəfə Ələviyyə xalamgilin evində gördüyüm bu zadəgan görünüşlü xanımın davranış tərzi, danışığı marağıma səbəb olmuşdu.
O mənim gördüyüm qadınlardan tamamilə seçilirdi. Adətən, kənd yerlərində şəhər qadını diqqəti tez cəlb edir, ətrafdakı insanlarda özünə qarşı maraq hissi oyadır. Anam mənə anlatdı ki, Fatma xanım bizim qohumumuzdur, xalam qızı Sülhiyyənin qayınanasıdır.
Mən uzaq keçmişdə qalmış müharibə xatirələrini onun öz dilindən eşitmişəm. Beş ayın gəlini ikən cəbhəyə zabit kimi yollanıb, aclıq da görüb, saysız-hesabsız insan faciələrinin də şahidi olub, mərmilərin bombardmanı altında yaralıları ölümün cəngindən xilas edib. Cavan bir gəlin evində ərinin qulluğunda durmalı ikən, ocağını sevgiylə isitməli ikən, dünyaya sevgidən doğulan övladlar gətirməli ikən tapılmayan dərman əvəzinə yaralılara bir parça qara çörək verirdi ki, onlar acından ölməsinlər. Aldıqları yaralardan daha dəhşətlisi aclıq idi. Gözəgörünməyən bu düşmən cəbhədə daha çox can alırdı. Nəinki mərmilər, güllələr...
Fatma xanım bu ürəkgöynədən müharibə anlarını danışarkən xəyalən yenidən odun-alovun içinə qayıdırdı, gözləri kölgələnirdi, bəbəklərinə qara buludlar yığılırdı. O acı günləri təkrarən xatırlamaq onun üçün çətin idi. Amma danışmalıydı... Axı o, müharibənin şahidlərindən idi. Onun dediklərindən etibarlı mənbə ola bilməzdi. Fatma xanım elə dəhşətli hadisələr danışırdı ki, adamın damarda qanı donurdu. Çox-çox illər sonra Nobel mükafatı almış Belarus yazıçısı Svetlana Aleksiyeviçin "Müharibənin qadın olmayan üzü" sənədli romanını oxuyarkən Fatma xanımın danışdıqlarını xatırladım. Sonralar həmin əsər haqqında "Ədəbiyyat qəzeti"ndə "Ürəyi zəif olanlar oxumasın" adlı bir yazı da yazdım. Aşağıdakı sətirlər həmin yazıdandır:
"Bu əsər təxəyyül məhsulu deyil, yazıçı heç nəyi uydurmur. Şahidlər danışır, qadınlar... Müharibə başlayanda sevib-sevilmək çağlarını yaşayan, ürəyi həyat eşqiylə çırpınan və bir günün içində odun-alovun içinə düşmüş, başına mərmilər yağan qızlar... Könüllü olaraq ön cəbhəyə atılan, kişilərlə çiyin-çiyinə döyüşən qızlar, gördüyü dəhşətlərdən bir gecədə saçı ağaran qızlar... Həlak olmuş ərinin, qardaşının, sevgilisinin intiqamını almaq istəyən qadınlar, silaha yerikləyən qadınlar...".
Tarix canlı şahidlərin diliylə danışır. Bu tarixi tarixçilər yox, şahidlər yazır. Fatma xanım da tarix yazan qəhrəmanlardandır. Müharibənin qadın olmayan üzünü görmüş böyük qadın!
Fatma xanımın bu yaşda iti yaddaşı hər kəsi heyrətləndirir. Yüz yaşında belə 75 il bundan öncə baş vermiş hadisələri ayrıntılarıyla xatırlayır və yerli-yataqlı danışır. Bircə dəfə də səhvə yol vermir. Bu kədərli, eyni zamanda şərəfli xatirələr onun yüz illik ömrünün mahiyyətini, cövhərini özündə əks etdirir. Hər qadına belə tale qismət olmur. Yüz yaşın zirvəsini fəth etmək hər qadının bəxtinə yazılmır. Zaman da onun yaşına, bir əsri adlayaraq ikinci yüzilliyə qədəm qoymasına ehtiramını ifadə edir. Zaman ona yenə bu fürsəti verir; yaddaşına, səhhətinə, iti və sağlam mühakimələrinə toxunmur. Çünki bu qəbil insanlar zamanın özünə də gərəkdir. Tanrının verdiyi həyatı xalqa, vətənə bağışlayan insanların ömrünün uzunluğu Əlahəzrət Zamanın dəyərini daha da artırır.
Mən Fatma xanımı sonralar da ailə məclislərində görürdüm, fürsət düşəndə söhbətlərini dinləyirdim. Markesin dünyaca məşhur "Yüz ilin tənhalığı" romanını oxuyanda da Fatma xanım gözlərim önünə gəlmişdi. Bu əsərdə ən çox nəsil mifi diqqətimi çəkmişdi və həmin əsərin dayaq nöqtəsi olan Buendia nəslinin tənhalığının əksinə olaraq, Səttarovlar nəslinin yüksəlişi və bu yüksəlişə aparan çətin, iztirablı yollar haqqında düşünmüşdüm. Həmin nəslin tarixçəsi mistik narratoloji süjetlərlə zəngindir. Mən Azərbaycan kinosunun və teatrının xanım-xatın aktrisası Nəcibə Məlikovanın atası, şair Haşım bəy Saqibin həyatından bəhs edən "Fəna fasiləsi" romanını qələmə alarkən bu nəslin tarixçəsini əsaslı şəkildə araşdırdım və gördüm ki, Heybətbəyovlar və Səttarovlar nəslinin ömür yolları Azərbaycanın Cümhuriyyət tarixiylə kəsişir və bu insanlar Cümhuriyyətimizin yaşaması üçün canlarını, varidatlarını fəda ediblər. Anladım ki, hələ də tarixin tozu altında nə qədər həqiqətlər mürgüləyir. Fatma xanımın həyat hekayəti ədəbiyyatımızı silkələyəcək romanlar üçün zəngin material verir. O, Azərbaycan İstiqlal tarixinin ən canlı, ən diri obrazlarındandır.
Onun döyüş yolu Stalinqraddan başlayıb, Rumıniya, Macarıstan, Fransaya qədər uzanıb gedir. Macarıstanda ayağından və qolundan yaralanır. O qəlpələri yetmiş yeddi ildir ki, bədəninin bir parçası kimi özündə daşıyır. Paris hospitallarında şəfqət bacısı kimi saysız-hesabsız əsgərin həyatını ölümün cəngindən xilas edib. Ölüm saçan torpaqlarda o, insanlara həyat bəxş edirdi. Zərif, çəlimsiz bir qızcığaz...
...Sonrakı illərdə Ələviyyə xalamın Fatma xanıma həmişə hörmət və sayğıyla yanaşdığını, haqqında rəğbət və ehtiram hissiylə danışdığını gördüm. Qudalar arasındakı əmniyyət şəraiti xalam dünyasını dəyişən günə qədər davam etdi. Bunun özü də son dərəcə müstəsna hadisələrdəndir. Fatma xanımın xarakterindəki sadəlik və qürur, ləyaqət və fədakarlıq kimi xüsusiyyətlər qarşılıqlı hörmət və sayqıya zərrə qədər xələl gəlməsinə imkan vermədi. Ələviyyə xanım da kiminlə qohum olduğunun fərqində idi, Fatma xanım da. Onlar bir-birlərinə dərindən bələd idilər.
Fatma xanımın gəlini Sülhiyyə xanım da adlı-sanlı bir nəslin nümayəndəsi idi. Ata tərəfdən XX əsrin əvvəllərində xeyriyyəçi kimi tanınmış Hacıağa bəy Heybətbəyovun və klassik şairimiz Haşım bəy Saqibin qardaşı Ağakərim bəyin nəvəsi idi, ana tərəfdən Sərdari - milli Səttarxanın silahdaşı olmuş Mircavad Ağanın nəvəsi idi. Ötən əsrin əvvəllərində maarifçilik yönündə böyük xidmətləri olmuş, pedaqoji fəaliyyəti ilə yaddaşlarda iz qoymuş, bu gün də minnətdar duyğularla xatırlanan Murtuza Əsədullayevin bacısı qızı idi. Nə acılar ki, ötən il qəfil ölüm onu bizdən ayırdı... Fatma xanımın oğlu Pərviz müəllim də son dərəcə alicənab, baməzə, zarafatcıl bir insan idi. Lap bu yaxınlarda o da öz yarına qovuşdu. Bu itkilərə tab gətirmək əlbəttə, yüz yaşlı bir ürək üçün olduqca çətindir. Köksünə iki dəfə oğul dağı çəkilmiş bu qadın uzaq gənclik illərində İkinci Dünya müharibəsinin dəhşətlərini görmüşdü, qan-qada, ölümlər görmüşdü. Hələ gənc ikən tale onun qəlbini ocaqda dəmir kimi döyəcləyib möhkəmlətdi. Hər qadın o yükü qaldırmaq iqtidarında deyildi. Fatma xanım seçilmiş insanlardan idi.
Həyatın bütün sınaqlarına mətanətlə sinə gərən bu qadın bir əsrin dizini yerə vurdu! Qismətində Vətən müharibəsinə və bu müharibənin Qələbəylə bitməsinə şahidlik etmək də varmış! İkimininci yüzilin üzü sabahlara doğru inamla, qururla addımlayan Azərbaycanında onun da danılmaz payı var.
İstiqlalımızın parlamasında, yaşamasında ən cüzi xidmətləri olan insanlar hər cür hörmət və ehtirama layiqdirlər. Onların hər biri Azərbaycan adlı müqəddəs Kitabın bir fəslidir, bir bölməsidir.
Yüz il yaşamaq həm də Tanrının bir lütfüdür. Tanrının seçdiyi insanlar öz yaşamlarıyla mənsub olduqları xalqa hər zaman başucalığı gətiriblər. Bu qəbil insanlar məmləkətin hər tərəfindən görünən uca dağ silsiləsinə bənzəyir.
Nə xoşbəxt insanlarıq ki, biz də bu insanların mənəvi dünyasından, yaşam fəlsəfəsindən az da olsa, öz payımızı ala bilmişik. Onlarla ünsiyyətimiz olub, keçmişə onların gözüylə baxmışıq. Həyatında üç müharibə görmüş Fatma xanım da o müstəsna insanlardandır.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamıyla "İstiqlal" ordeniylə təltif olunan Fatma xanımı ürəkdən təbrik edirəm! Ömrünü Xalqa və onun İstiqlalına həsr etmiş bu əfsanəvi insana yalnız və yalnız cansağlığı arzulayıram!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!