Qusarçaylı aşiqdir, sevgilisi Vətəndir - Eynulla MƏDƏTLİ

 

Bu yazı Vətənimizin dilbər guşələrindən olan Qusar rayonunun Çiləgir kəndində 15 iyul 2021-ci il tarixində Ramiz Qusarçaylının "Vətən" poemasının təsirindən duyğulanaraq qələmə alınmış və müəllifə təqdim edilmişdi. Bu günlərdə bu möhtəşəm poemanın nəşr edilməsi məndə bəzi düşüncələrimi "Ədəbiyyat qəzeti"nin dəyərli oxucuları ilə bölüşmək istəyi yaratdı.

 

Deyirlər ki, şairlər seçilmişlərdir. Söz yoxdur ki, şairlik uca Yaradanın özündən gəlir. Xəlq etdiyi irili-xırdalı hər varlıqda: asimandan tutmuş, yerin təkinədək, ali varlıq olan insandan tutmuş, kiçicik böcəyədək, bir sözlə, aləmi təşkil edən canlı-cansız hər şeydə ilahi bir nizam vardır. Şairin şeirindəki nəzm, nizam, məzmun, qafiyə, sözlərin və sətirlərin ahəngi, dərin  ülvi fikirlərin və düşüncələrin bədii və fəlsəfi ifadəsi ona verilən fövqəl bir istedaddır, özünəməxsus bir eşq payıdır, şairin zəhməti ilə birləşib yaradıcı gücə malik olur və onun ilhamının, zəkasının, hiss və həyəcanının diktəsi ilə şeirə çevrilir, dastana dönür. Bu tale payından Ramiz Qusarçaylının da qismətinə düşüb. Ustad Şəhriyar demişkən: "Şair ola bilməzsən, əgər anan doğmasa şair". Ramiz sanki ana südü ilə Vətən eşqini də elə içib ki, bu eşq onun bütün hüceyrələrinə hopub, varlığının mahiyyətinə, cövhərinə çevrilib, onun şəxsiyyətini zaman keçdikcə zənginləşdirib və sonunda mübariz ruhlu bir Vətən savaşçısına çevirib. Vətən torpaqları düşmən işğalına düşəndən qalibiyyətli Vətən müharibəsinə qədər şeiri ilə döyüşüb, xalqımızda, xüsusən gənclərimizdə qələbə ruhunu, zəfər eşqini yaşadıb, hər vaxt inanıb ki, "yatmış vulkan"  bir gün oyanacaq, onda Məmməd Arazın da, Xəlil Rzanın da, Bəxtiyar Vahabzadənin də, Qarabağ dərdini özü ilə məzara aparan bütün vətənsevərlərimizin də ruhları şad olacaqdır. Bu nikbin ruh Ramizin bir-birindən mənalı, ürəkləri riqqətə gətirən, damarlardakı qanı coşduran Vətən şeirlərinin hamısına xasdır. R.Qusarçaylı bir şeirində deyir:

 

Davam nə can davasıdı,

Nə də yorğan davasıdı,

Azərbaycan davasıdı,

Ayrı dava mənlik deyil.

 

R.Qusarçaylı illər öncə"Azərbaycan bayrağı" adlı möhtəşəm şeirini yazanda bir şair fəhmi və Vətən aşiqi inancıyla əmin idi ki, müqəddəs bayrağımızın "kölgəsi düşən torpağı gözlərinə çəkmək" ona nəsib olacaq. Onun Azərbaycan bayrağına bu özünəməxsus müraciətindəki ümidi, bir gün zəfər bayrağımızın düşməndən azad olunan bütün torpaqlarımızda qürurla dalğalanacağına inamı şükürlər olsun ki, 44 günlük Vətən savaşında gerçək oldu. Xalqımızın azadlıq müharibəsində Ali Baş Komandan, Azərbaycan ordusu, Azərbaycan xalqı dəmir yumruq olaraq mənfur düşmənin başını əzdi. Şairin min bir məhəbbətlə vəsf etdiyi Azərbaycan bayrağı da azad torpaqlarımızda, cənnət Şuşamızda dalğalandı.

R.Qusarçaylı ilə 2020-ci ilin sentyabrında, İkinci Qarabağ müharibəsinin başlamasından bir neçə gün əvvəl Qusardakı görüşümüzdə bu qənaətə gəlmişdim ki, Qubada yaşayıb-yaradan bu sadə Vətən aşiqinin hələ çox-çox nisgilləri var, taledən və zəmanədən, cəmiyyətdən və dövlətdən nə qədər umacaqları var:

Çiçəksiz çəməni neynirəm axı,

Ürəksiz bədəni neynirəm axı,

Şuşasız Vətəni neynirəm axı,

Qaytarın Şuşamı, qaytarın mənə.  

 

Şairin Vətən dərdinin miqyası çox genişdir, onun tükənməz  bu taylı, o taylı Azərbaycan sevgisi kimi. Bu təbii hisslərinin bir qismini belə ifadə etmişdi:

 

Sən Arazın, Samurun umuduna bələndin,

Səni ağlar Göyçənin buluduna bələndin,

Dərbəndin dərd hıçqıran sükutuna bələndin,

O tayımda Savalan, bu tayımda Şahdağı,

Azərbaycan bayrağı!

 

13 iyul 2021-ci ildə Qusarda Ramiz Qusarçaylı ilə yenidən görüşdük. Bu dəfə R.Qusarçaylı təkcə döyüşə çağıran şair kimi deyil, 44 günlük savaşda ordumuzla bərabər "Azərbaycan bayrağı" ilə vuruşan şairimiz kimi qarşımdaydı. Görkəmli tarixçi alim və tanınmış şair Şahin Fazil ilə bərabər möhtəşəm qələbəmizi bu qələbənin komandanı və sükançısı möhtərəm Prezidentimiz İlham Əliyevin, qüdrətli ordumuzun və qəhrəman xalqımızın tarixi zəfəri kimi dəyərləndirəndə R.Qusarçaylı üç il əvvəl yazmağa başladığı "Vətən" poemasını bitirdiyini, yaxın günlərdə nəşr ediləcəyini söyləmişdi. Bəzi parçalarını keçənilki görüşümüzdə şairin öz dilindən dinlədiyim bu əsər, əslində maraqlı poetik tərzdə yazılmış tarixi-fəlsəfi epopeya-dastandır, musiqi diliylə ifadə etsək, Vətən taleyinin möhtəşəm  simfoniyasıdır.

Bu əsərdə şair şirin dastan dilində Azərbaycanın beş min illik tarixinin ən parlaq, cazibədar məqamları yüksək bədii ustalıq, içdən gələn can yanğısı ilə təsvir və şərh edilməklə yanaşı, eyni zamanda poetik dildə təhlil edilir və dəyərləndirilir, tariximizin acı dərsləri və çıxarmalı olduğumuz nəticələr qabardılır. R.Qusarçaylı demək olar ki, Azərbaycan tarixinin elmə məlum olan bütün önəmli məqamlarını öz fitri istedadından süzülüb gələn bədii sözün qüdrətilə məharətlə canlandıra bilmişdir. Lakin mənim qənaətimcə, burada şair tarixin özündən çox, onun fəlsəfəsinə nüfuz edir, tarixi olayların məntiqi zəncirlə bir-birini şərtləndirdiyini ortaya qoyur, onlar arasında səbəb və nəticə əlaqələrini vurğulamaqla günümüz üçün çox vacib tarix dərslərini oxucuya təqdim edir.

Bu bənzərsiz əsərdə ölkəmizin ərazisində ən qədim dövrün arxeoloji mədəniyyətlərindən də söz açılır. İnsanın insanlaşması prosesi izlənir, tayfalaşma, xalqın, dil və mədəniyyətin formalaşması, bölgənin qədim dövlət quruluşlarının təşəkkülü və onların qarşılıqlı əlaqələrindən cəlbedici bir üslubda bəhs edilir:

Varıydı hər xalqın yurdu, ölkəsi,

Üçündən ikisi türk ölkəsiydi.

Şumerin bir qolu

Türk sülaləsi,

Dili də türk dili,

Azər səsiydi.

 

Ölkəmizin ərazisində bərqərar olmuş dövlətləri bir-birinin ardınca sadalayıb xarakterizə edən şair türk dövlətçiliyinin ən qədim ənənələrindən çağımızadək onlarla dövlət quruluşunu, dövlətçilik mədəniyyəti nümunələrini hüsn-rəğbətlə şərh edir. Onların yadelli bədxah düşmənlərlə mübarizəsindən söz açır, xalqımızın zülmə baş əymədiyini, zalımın da cəzasını layiqincə verdiyini vurğulayır:

 

Tomris, -

şah xanımı Massagetlərin,

Turanın ər kimi xanım şahıydı,

Ağlı, dərrakəsi, zəkası dərin,

Vüqarı, -

müqəddəs qibləgahıydı.

 

Dastanda orta çağlarda fars, ərəb, monqol işğallarına, rus basqınlarına sinə gərən Vətənimizin bütün ağrılarını da izləmək olur. Eyni zamanda Azərbaycan dövlətlərinin və ölkəmizin müxtəlif əsrlərdə yaşamış mütəfəkkirlərinin Şərq mədəniyyətinə əhəmiyyətli təsiri də burada öz əksini tapır.

Azərbaycanın tarixinə miladdan üç min il əvvəldən üzü bəri poetik gəzinti edən, xalqımızın böyük türk dünyası və digər qonşu xalqlarla birgə, qarşılıqlı təmaslarından, baş verən xarici toqquşmalardan və daxili çəkişmələrdən söz açmaqla kifayətlənməyən şair oxucunun qarşısında yüzlərlə sual qoyur: nədən belə şanlı keçmişə, Avropadan da çox əvvəl yüksək intibah mədəniyyətinə sahib olan, dünya mədəniyyətini və fəlsəfi fikrini öz dəyərli töhfələri ilə zənginləşdirən ölkəmiz XVIII-XIX əsrlərdə işğallara məruz qalaraq bölünüb paramparca edilmiş, özgə boyunduruğu altında uzun illər azadlıq və müstəqilliyin həsrətini çəkmişdir. XX əsrin əvvəllərində qazanılan istiqlaliyyətin rus işğalı ilə yenidən itirilməsi, Sovet dövrünün 70 illik məhrumiyyətləri, 1991-ci ildə təkrar qazanılan müstəqillik və onun üzləşdiyi problemlər, torpaqlarımızın Ermənistan tərəfindən işğalı və xalqımıza 30 ildə edilən haqsızlıqlar üsyankar şair dili ilə məharətlə təqdim edilir.

Tariximizi bir tarixçi peşəkarlığı və şair duyumu ilə vərəqləyən, xüsusilə də taleyüklü tarixi-siyasi hadisələrə qiymət verən şairin qəlbində kök atan və onu göynədən əsir Qarabağın, uzun illər işğalda qalan digər torpaqlarımızın nisgili, eyni zamanda XIX əsrin əvvəllərindəki Rusiya-İran müharibələri nəticəsində (əslində bu, Rusiya-Azərbaycan müharibələri adlandırılmalıdır, çünki müharibə Azərbaycan ərazisində, Azərbaycanla aparılırdı - E.M.) Vətənimizin insafsızcasına parçalanıb ayrı salınmasından doğan ağrısı bir-birinə qovuşmuşdur:

 

Böldü məmləkəti,

böldü min yerə

Böldü,

parçaladı müqavilələr, -

Kürəkçay, -

kələk-çay müqaviləsi,

Türkmənçay,-

Türkman - vay müqaviləsi,

Gülüstan,-

külüstan müqaviləsi...

 

Poemada XX əsrin əvvəllərində Cümhuriyyətə aparan yol, onun ideyası və təcrübəsini həyata keçirən dahi mütəfəkkir və siyasətçilərimiz, onların fəaliyyəti, nəticədə ilk müstəqil milli dövlətimizin qurulması məharətlə nəzmə çəkilmiş, xalqımıza qarşı ermənilərin törətdiyi soyqırımları, qardaş Türkiyənin siyasi dəstəyi və türk ordusunun xilaskarlıq missiyası, ardınca yeni Rusiyanın yeni işğalı, xalqımıza qarşı irticaçı təzyiqlər, edamlar və sürgünlər, dədə-baba yurdlarından zorla köçürmələr, bunlar azmış kimi, dilimizə və adımıza  qarşı təcavüzlər özünəməxsus şəkildə qələmə alınıb:

 

Səni Sibir-Sibir səpələdilər,

Səni qəbir-qəbir qəlpələdilər,

Səni çadır-çadır təpələdilər,

Mən səni qoruya bilmədim, Vətən...

 

Qeyd etdiyimiz kimi, bu möhtəşəm əsərin ən ağrılı hissəsi Qarabağla bağlıdır. Məkrli havadarlarına arxalanan təcavüzkar Ermənistanın Azərbaycana təcavüzü, otuz illik işğal və onun acı nəticələri şairin qəlbini elə yaralamışdı ki, bu yaranı yalnız Qələbə sağalda bilərdi.

Dastanda 15 iyun 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışı və bundan başlanan Qurtuluş yolu realistik qələmlə ustalıqla təsvir edilmişdir:

Xalqın etibarı, xeyir-duası,

Sarsılmaz birliyi, əqidəsiylə,

Heydər Əliyevin siyasi kursu,

İlham Əliyevin iradəsiylə

Başlandı ölkənin yeni erası.

Səsləndi ölkənin yekdil səsiylə,

Qələbə müjdəli simfoniyası...

Coşdu "Dəmir yumruq" əməliyyatı,

Dağlar silkələndi gurultulardan,

Qayalar titrədi nəriltilərdən,

Boğuldu əcayib iniltilərdən,

Erməni-erməni zarıdı düşmən,

Öldü niyyətləri, öldü kamları,

Döndü cəhənnəmə istehkamları...

 

Dastanın bu hissəsində xalqımızın və ordumuzun Qarabağ savaşına dair şeirlər xüsusi yer tutur. R.Qusarçaylının Qarabağsız keçən bədbinlik illərində qələmə aldığı nisgil və təəssüf şeirlərindən fərqli olaraq  burada  artıq zəfər nəğmələri səslənir. Vaxtilə bir şeirində:

 

Düşməndən dərs yükü alıb,

Dərdinə daldığım Vətən.

Qarabağda "2" alıb,

Sinifdə qaldığım Vətən.

Yaxud:

Səni ATƏT-ATƏT uduzdum, Vətən,

BMT-BMT uduzdum səni.

Səni Sammit-Sammit uduzdum, Vətən,

Qətnamə-qətnamə uduzdum səni...

 

- deyən şair indi qalibiyyətlə başını dik tutaraq hər kəsin eşidə biləcəyi gur səslə deyir:

 

Səni qazi-qazi qaytardım, Vətən,

Qəhrəman-qəhrəman qaytardım səni.

Səni şəhid-şəhid qaytardım, Vətən,

Cana can, qana qan qaytardım səni.

 

Nəhayət, R.Qusarçaylının "Vətən" dastanı həm də az rast gəlinən müasir siyasi lirikamızın örnək ola biləcək nümunəsidir. Buradakı çağırışlar, gələcəyə səslənişlər tamamilə realdır, əlçatandır, baş tutandır, təki ürəklərdə Vətən sevgisi olsun! Cəsarətlə deyə bilərik ki, "Vətən" poeması hər kəsin oxumalı olduğu bədii tarix dərsliyidir, tədris proqramlarına salınaraq öyrədilməli, onun əsasında televiziya-radio verilişləri hazırlanmalı, səhnələşdirilməli, bir sözlə, xalq arasında geniş yayılmalıdır. Çünki bu, tarixi yaddaş məsələsidir, indiyədək çəkdiklərimizin çoxu unutqanlığımızdan qaynaqlanmışır. Əbədi qardaşlıq telləri ilə bağlandığımız qardaş Türkiyəmizə və türk dünyasına münasibət və buradakı çağırışlar indiki və gələcək nəsillərə ən böyük ismarışdır.

Əminəm ki, bu qiymətli kitab əl-əl gəzəcək, sevimli şairimiz Ramiz Qusarçaylı da 44 günlük Vətən savaşının həyəcanlı günlərində olduğu kimi hər bir vətəndaşımızın, soydaşımızın evinə, ailəsinə təkrar daxil olacaq, böyüklü-kiçikli hər kəs onun sözləri ilə deyəcək:

 

Vətən!

Bir ürəkdə döyünən candır,

Qarabağ bizimdir, -

Azərbaycandır!

 

Bir də əminəm ki, "Vətən" dastanına dair çoxlu məqalələr, şərhlər yazılacaq, dəyərləndirmələr ediləcəkdir. Ədəbi-bədii irsimizin, tariximizin açılmamış qatlarına, örtülü saxlanmış mətləblərinə nüfuz edən bu əsər tarixi Vətənimizin hər yerində, həmçinin ayrı-ayrı ölkələrdə sakin olan bütün həmvətənlərimizin qəlbində  dərin hüsn-rəğbət qazanacaqdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!