Azərbaycan ədəbi-fəlsəfi fikir tarixinin böyük nümayəndəsi olan, yaradıcılığı ilə ədəbiyyat tariximizdə ayrıca mərhələ təşkil edən, dünya şöhrətli dahi mütəfəkkir-şair Nizami Gəncəvi (1141-1209) söz sənətimizin müqəddəslik məqamındadır. İlahinin bu bənzərsiz və seçkin bəndəsinin qəlbinə bəxş etdiyi nur onun bütün varlığında təcəlla etmiş, hikmət xəzinəsinə hopmuşdur. Böyük şairin İlahinin iradəsilə sözün qüdrətindən ucaltdığı Nizami zirvəsindən əks olunan bu nur neçə yüzilliklərdir ki, ədəbiyyat tariximizin yolunu aydınlatmaqdadır.
Ensiklopedik bilik və geniş dünyagörüşə, mükəmməl ədəbi irsə, qeyri-adi keyfiyyətlərə malik olan Nizami Gəncəvi elə bir dühadır ki, oxuduqca, araşdırdıqca yenidən ona qayıtmağa ehtiyac duyur və hər dəfə də yeni nələrləsə qarşılaşırıq.
Əsərlərində zəngin folklor xəzinəsindən çeşidli aspektlərdə bəhrələnən Nizami Gəncəvinin özünün də yaradıcılığından bəzi nümunələr xalq arasında yayılaraq folklor səciyyəsi qazanmış, yaxud, ümumiyyətlə, folklorla qaynayıb-qarışmışdır. Həmçinin, həyatı, övliyalığı ilə bağlı bir çox hadisə-əhvalatlar da yaddaşlarda yaşayaraq zaman içərisində rəvayət örtüyünə bürünüb folklorlaşmışdır. Bir sıra vacib və maraqlı məqamlarla əlaqəli informativ bilgi daşıyan bu əhvalat-rəvayətlər Nizami Gəncəvinin ömür yolu, kimliyi, şəxsiyyəti haqqında daha dolğun təsəvvür yaratmaq, bəzi məsələlərə aydınlıq gətirmək baxımından böyük əhəmiyyət kəsb edir.
Dövrünün sayılıb-seçilən şəxsiyyətlərindən olan Nizami Gəncəvi xalq arasında böyük nüfuz sahibi olmuşdur. Və bu onun, eyni zamanda, şeyxliyi, övliyalığı ilə əlaqəli olmuşdur. Təsadüfi deyildir ki, Nizaminin yaşadığı və dəfn olunduğu yer “Şıx düzü”, yaxud “Şeyx düzü” adlanır.
Ədəbi-tarixi mənbələrdə Nizami Gəncəvidən, adətən, “Şeyx Nizami” adı ilə bəhs edilmiş, haqqında ilk kitab da Gəncədə Mirzə Məhəmməd Axundzadə tərəfindən “Şeyx Nizami” (1909) adı ilə çap olunmuşdur. Sonralar Sovet rejiminin məlum antitürk və antiislam siyasətinin nəticəsində Nizami Gəncəvi şəxsiyyətinin bu məzmununa, nadir istisnalarla, demək olar ki, diqqət yetirilməmişdir. Beləliklə, Şeyx Nizami, Övliya Nizami ən etibarlı və mühafizəkar mənbədə – el yaddaşında qorunub yaşamışdır.
Nizami Gəncəvinin övliyalığı haqqında rəvayət və hadisə-əhvalatlar, qanunauyğun olaraq, Şeyxin doğma yurdu Gəncədə daha yayqındır. Maraqlıdır ki, Gəncə camaatı indinin özündə də onu daha çox Şeyx Nizami adı ilə yad edib ruhuna ehtiram göstərir. Gəncədə Şeyxlə əlaqəli yayqın olan rəvayət və hadisə-əhvalatların bir hissəsi onun məzarı ilə əlaqəlidir ki, bu da təsadüfi deyildir.
1209-cu ildə dünyasını dəyişən Şeyx Nizami xalq arasında xüsusi məqam və nüfuz sahibi kimi böyük ehtiramla üstü müəyyən ölçüdə torpaq qatı ilə örtülmüş yeralti tikili şəklində olan kurqan qəbrdə dəfn olunmuşdur, nəşi kəfənin üzərindən bahalı tirmə parçaya bükülmüş, həmçinin, palıddan olan tabutu da bahalı tirmə parça ilə sarınmışdır. Məzarı üzərində qədim Oğuz türklərinə məxsus çadır formasına uyğun türbə tikilmiş və bura insanların ziyarətgahına çevrilmişdir. Onu da qeyd edək ki, qədim Gəncənin ərazisi elə Şeyxin dəfn olunduğu Şıx düzünü içəriləmişdir.
Bildiyimiz kimi, 1606-cı ildə I Şah Abbasla Osmanlıların, 1752-ci ildə Hacı Çələbi xanla II İraklinin, 1826-cı ildə Abbas Mirzə ilə rusların qoşunları arasında olan döyüşlər məhz Şıx düzündə gerçəkləşmişdir. Təəssüf ki, bütün bunlar Şeyxin məzarı üzərindəki tikilidə də dağıntılara səbəb olmuşdur. Elə dağıdılmış Gəncənin yeddi kilometr məsafə aralığına çəkilib I Şah Abbasın fərmanı ilə, demək olar ki, yenidən salınması, şəhərin adının “Abbasabad”la əvəzlənməsi, indiki Gəncənin mərkəzində Şah Abbas məscidinin inşa edilməsi və s. də məhz 1606-cı ildə olan müharibədən sonra gerçəkləşmişdir.
Dəfn olunduğu vaxtdan etibarən Şeyx Nizaminin məzarı xalqın müqəddəs ziyarətgahına çevrilmiş, ruhu ehtiramla anılmışdır. Nizaminin türbəsinə qurbanlar, nəzir-niyazlar gətirilmiş, bunlar türbəyə gələn ziyarətçilər, yoxsullar, həmçinin, digər xeyriyyə məqsədli işlər üçün istifadə olunmuşdur. Şeyxin ziyarətinə ən müxtəlif təbəqələrdən olan insanlar gəlmişlər. Ziyarətgah, eyni zamanda, təriqət mənsublarının toplaşdıqları müqəddəs məkan olmuşdur. Tarixi romanlar müəllifi Fərman Kərimzadənin “Çaldıran döyüşü” əsərində haqq aşiqi Qurbaninin Gəncəyə səfəri zamanı Şeyxin məzarını ziyarət etməsilə bağlı süjet parçası bu baxımdan diqqəti çəkir: “Qurbani Gəncəyə yaxınlaşırdı. Eşitmişdi ki, Şeyx düzündə Şeyx Nizaminin qəbri var. Özünü çatdırıb şairin başdaşını öpdü, ziyarət elədi. Oturub dincini aldı. Ustadlar ustadının qəbri yanında ürəyindən çox şeylər keçdi. Amma elə bil dili kilidləndi, heç nə deyə bilmədi. Bircə bunu fikirləşdi: “Ustadın yanında şəyird susar”.
Bu vaxt yaxındakı uçuq günbəzdən saçları, saqqalı kirli, cır-cındır içində bir məxluq çıxdı. Qurbanini görüb əllərini yanlardan yuxarı qaldırıb tullanıb-düşdü.
– Bismillah, bu cindi, nədi. Şeyxin qəbri üstünə cin gələ bilərmi? Kimsənsə, cin də olsan, şəyatin də, insan da, məni qorxuda bilməzsən.
Onun dalınca ikisi də çıxdı. Hərəsi bir tərəfdən yaxınlaşdı. Məxluqların üçü də elə bir-birlərinə oxşayırdı. Biri dedi:
– Bura nəzir qoymuşdular, o bizə çatacaqdı. Sən götürdün.
– Mən gördüm.
– Mən də gördüm, – deyə o birilər də ona hay verdilər.
Qurbani əl atıb cibindən bir neçə sikkə çıxarıb onların üstünə atdı.
– Alın, bu sizin. Nə mənə, nə də Şeyx Nizamiyə böhtan atıb günaha batmayın”.
Yaxud: “Şeyx Nizami necə yüz illərdi rəhmətə gedib, onun qəbri üstünə nə qədər adam gəlir. Mənim babamın qəbrini yada salan yoxdu. O dövrün hökmdarı Nizamini edam eləsəydi, bəlkə də onun qəbrini qazıb atıb yenə də Şeyxin qəbrini saxlayardılar”.
XIX əsrdə İsmayıl bəy Qutqaşınlının Nizami Gəncəvinin məzarını ziyarət edərkən söylədiyi sözlər Şeyxin həmin dövrdə də kəramət sahibi kimi yad olunduğunu göstərir: “Ey Şeyx Nizami, qəbrini görüb rəhmət oxuyub ruhundan təvəqqe edirəm, kamalının nöqtə qədərini bizə bəxş edəsən. Rütbənə çatmaq mümkün deyil!” (“Səfərnamə”)
Qeyd etdiyimiz kimi, Şeyx Nizami haqqında, xüsusilə, uyğun tarixi-coğrafi əhatədə çoxlu sayda rəvayətlər, hadisə-əhvalatlar mövcud olmaqdadır. Məsələn, rəvayətə görə, Qızıl Arslan Nizaminin övliyalığına bir qədər şübhə ilə yanaşırmış. Gəncə ətrafında Nizami ilə görüşərkən Qızıl Arslanın bu şübhəsi Şeyxə əyan olur. Şeyx Tanrının iradəsilə onun gözünə gah görünür, gah da görünmür. Heyrətlənən Qızıl Arslan Nizaminin müqəddəs şəxsiyyət olduğunu öz gözlərilə görür və Şeyxə böyük ehtiram göstərir.
El arasında Nizami Gəncəvinin Məkkəyə səfər edib Həcc ziyarətində olduğu da söylənilməkdədir.
Şeyxlə əlaqəli hadisə-əhvalat və rəvayətlərin içərisində ikisi xalq arasında daha yayqındır:
1. Belə söyləyirlər ki, 1947-ci ildə Şeyxin məzarı üzərində təzə tikiləcək məqbərə üçün Moskva tərəfindən Gəncəyə iki erməni memar göndərilir. Bu, camaat arasında narazılıqla qarşılanır. Çünki Şeyxin məqbərəsi ermənilərin göstərişilə tikilə bilməzdi. Deyilənə görə, heyət körpüdən keçəndə Tanrının iradəsilə Gəncə çayı qəfil köpürüb coşur və arxada gələn ermənilərin ikisi də çaya düşüb boğulur.
2. Deyilənə görə, Nizami Gəncəvinin yubileyilə əlaqədar onun məzarını Gəncənin mərkəzində yerləşən Şah Abbas məscidinin yanına köçürüb üzərində məqbərə tikmək qərara alınır. Bunun üçün xüsusi komissiya yaradılır. Komissiyanın əsas üzvlərindən biri də Gəncə axundu olur. Deyilənə görə, məzar təyin olunan yerə köçürülür. Gecə Şeyx Nizami axundun yuxusuna girib deyir:
– Mənim barmağım məzarımda qalıb, məni məzarıma qaytarın!
Axund səhər gecə yuxuda gördüklərini komissiya üzvlərinə danışır. Başqa bir varianta görə, eyni yuxunu komissiyanın digər üzvləri də görürlər. Bununla belə, işlər yenə də davam etdirilir. Axund eyni yuxunu üç gecə görür və üçüncü gün qəfil dünyasını dəyişir. Bu müddət ərzində komissiyanın daha iki üzvü, o cümlədən komissiyanın sədri də qəflətən ölür, qalan üzvlərin, işçilərin isə vəziyyəti pisləşir. Bundan sonra məsələnin, həqiqətən də, ciddiliyini nəzərə alıb Şeyxin nəşini yenidən öz məzarına qaytarıb dəfn edirlər.
Yuxu insan idrakından kənar olub ruhlar dünyası ilə bağlı mücərrəd bir aləmdir. Yuxunun insanların heyrətinə səbəb olan, onları daim düşündürən əsas cəhətlərindən biri, bəlkə də birincisi onun yuxu sahibinə olmuş və olacaqlar haqqında mesaj ötürməsi, hansısa vacib məsələ ilə əlaqəli informasiya verməsidir. Anlaşılan və mücərrəd yuxular var. Birincidə informasiya aydın, ikincidə isə müəyyən simvolik təsvirlərlə, mücərrəd şəkildə çatdırılır. Hər iki halda ötürülən informasiyanın məzmunu yuxunun yozumlanması ilə müəyyən edilir. İlahi aləmlə əlaqəli olduğu üçün yuxuya qeyri-ciddi yanaşmaq olmaz. Tanrı tərəfindən seçilmiş insanların yuxusunun, yaxud onlarla bağlı görülən yuxuların doğruluğu isə şübhəsizdir. Sözügedən rəvayətdə də yuxuda informasiya verilir, həm də bu informasiya birbaşa əlaqəli olduğu Şeyx Nizaminin özü tərəfindən verilir.
Bu kontekstdə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami Gəncəvi Məqbərə Filialının müdiri Gülnarə İsmayılovadan yazıya aldığımız bir əhvalat da maraq doğurur. Gülnarə xanım danışır ki, təxminən, 15-16 il əvvəl olardı, bir gün gördük ki, Şeyxin məzarını ziyarətə gələn yaşlı bir kişi kövrəlmiş halda pillələri bir-bir öpərək qalxır. O, Şeyxin məzarını ziyarət etdi, ruhuna dualar oxuyub salavat verdi. Sonra illər öncə başına gələn bir hadisəni bizə danışdı:
– Mən Ağsudan gəlmişəm. Neçə il əvvəl oğlum beş yaşında olarkən itmişdi, nə qədər axtarsaq da tapılmırdı. Bir gün yuxuda nurani bir insan mənə dedi ki, get Şeyx Nizaminin məzarını ziyarət elə, gəl, oğlun tapılacaq. Mən gəlib Şeyxin məzarını ziyarət etdim, dualar oxudum, oğlumun tapılacağına inamla Ağsuya qayıtdım. Doğrudan da, sanki bir möcüzə oldu, oğlum tapıldı. İndi o vaxtdan neçə illər keçib, artıq qocalmışam, əcəlin nə vaxt gələcəyini bilmirəm. Gəlmişəm ki, Şeyxin məzarını son dəfə ziyarət edib halallaşım.
Əvvəlki mətndə olduğu kimi burada da yuxu amili əsas rol oynayır, çətinliyə düşmüş insana yuxu vasitəsilə Şeyxin məzarını ziyarət etməklə həmin çətinlikdən qurtulacağı haqda informasiya verilir. Şübhəsiz ki, bu yuxular şair Nizamilə deyil, Şeyx Nizamilə əlaqəlidir.
Gördüyümüz kimi, sözügedən rəvayət və hadisə-əhvalatlarda Nizami Gəncəvinin şeyxliyi, övliyalığı və xalqın buna inamı ifadə olunur. Bu inam neçə əsrlərdir insanların qəlbinə məlhəm olub ruhunu ovundurmaqdadır.
Son illərədək uyğun çevrədə hərbi xidmətə gedən əsgərlərimizin andiçmə mərasimi məqbərənin ərazisində təşkil olunmuş, əsgərlərimiz hərbi xidmətə müqəddəs ziyarətgahda uğurlanmışlar. Gəncədə valideynlər qızlarına müqəddəs “Qurani-Kərim”lə birlikdə Nizaminin “Xəmsə”sini də cehiz vermişlər. Ailə quran cütlüklər isə xeyir-dua almaq üçün nigah öncəsi gül-çiçək dəstəsilə Şeyxin məzarını ziyarət etmişlər, bu adət indi də yaşamaqdadır. Məqbərənin yaxınlığından keçən insanlar isə, bir qayda olaraq, Şeyxi anıb ruhuna salavat verirlər.
Tanrı Nizami Gəncəvi kimi müqəddəs və dahi İnsanı Azərbaycana, məhz, bəxş etmişdir. Neçə əsrlərdir ki, xalqımız Böyük Nizamini mənəvi-mədəni yaddaşımızda qoruyub yaşatmaqdadır.
2011-ci ildə Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Nizami Gəncəvi Məqbərə kompleksində təmir-bərpa işləri aparıldı, 2012-ci ildə Şeyxin valideynlərinin məzarlarının üstü götürüldü, on il sonra isə anadan olmasının 880 ilinin tamamı olan 2021-ci il Nizami ili elan olundu. Bu gün – müqayisəolunmaz dərəcədə dəyişən dünyanın hakim olduğu 2022-ci ildə də Tanrının seçilmiş bəndələrindən olan Şeyx Nizami Gəncəvi hər zamankı kimi öz dəyişməz müqəddəs məqamı ilə yenə də var olmaqdadır! Yüzilliklər öncə olduğu, yüzilliklər sonra da olacağı kimi! Şeyxin özünün də sənətkar qüdrətinə əminliyi və ilahi hissin diktəsilə dediyi kimi:
Yüz il sonra sorsan, bəs o hardadır?
Hər beyti səslənər: Burda, burdadır!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!