Bəkir Çobanzadə - milli kədərdən doğulan, 44 yaşında güllələnən böyük alim - Azər TURAN

Azər TURAN

 

Aşnin, Alpatov, Nasilovun "Репрессированная тюркология" kitabını  ilk dəfə 2008-ci ildə "Xalid Səid Xocayev" kitabımı yazarkən oxumuşdum. Sonra o kitabı kitabxanamın görünməz bir yerinə qoydum. Çünki bu kitabdan qan qoxusu gəlir, işgəncə səsi eşidilir. Burada insanlar danışdırılmır, 20 dəqiqə mühakimə olunur, günahkar olduqlarını özləri "etiraf" edib öldürülürlər. Özü də Bakıda, özü də erməni müstəntiqin əli ilə öldürülürlər. Sayları yüzlərlədir. Bəkir Çobanzadə də onlardan biridir... 1937-ci ilin 12 oktyabrında iyirmi dəqiqə sürən məhkəmədən sonra gecə yarısı Bəkir Çobanzadə, Əhməd Cavad, Hənəfi Zeynallı, Vəli Xuluflu, Əziz Qubaydulin, Məmməd Kazım Ələkbərli, Xalid Səid Xocayev, Böyükağa Talıblı bir yerdə güllələnmişdilər... Güllələnməzdən qabaq onları, xüsusən, Bəkir Çobanzadəni Xalq Daxili İşlər komissarı Sumbatovun iştirakı ilə vəhşicəsinə döymüşdülər... Ertəsi gün - oktyabrın 13-də güllələnənlərin həyat yoldaşlarını "vətən xaininin ailə üzvü" kimi həbs edib səkkiz il müddətinə Sibirə sürgün etmişdilər... Əhməd Cavadın xanımı Şükriyyə, Xalid Səidin xanımı Sitarə, Çobanzadənin xanımı, Opera Teatrının solisti, krımlı Ruqiyyə Girey qızı Abdulina...

***

Bəkir Çobanzadə böyük elmə böyük milli kədərdən gəlib. Tələbəlik illərində Budapeştdə yazdığı şeirlər, əslində, onun ruhi yapısının yeni bir düzənə girməsinə təməl hazırlayırdı:

 

Biri açqan kitabını "Lanet!" diy...

Hülagüge, Batı hanğa, Temirğe:

Biri yazğan tarihimi, "Barbar!" diy

Bir zamanlar boynun büken emirge...

Menem Çengiz, Temir hanın torunu...

 

Çobanzadə Budapeştə gələndə burda artıq Arpad Zemplenin "Turani Dalok" (Turan şərqiləri) şeirlər kitabı turançılığın manifesti kimi oxunur və Zempleni macar turançılığının peyğəmbəri hesab olunurdu...

Budapeşt Universitetini macar və ərəb ədəbiyyatı tarixi, türk filologiyası ixtisası üzrə tamamlayan Çobanzadənin ilk elmi araşdırmasının mövzusu Krımda yazılmış "Kumanların kodeksi" əsəri oldu. XIV əsrin əvvəllərində Qıpçaq türklərinin mədəni varlığının ilk yazısı olan bu abidə XX yüzilin ilk illərində məşhur  "Sizlərsiniz, ey qovmü macar bizlərə ihvan, // Əcdadımızın müştərəkən mənşəyi Turan. // Bir dindəyiz biz həpimiz haqpərəstan, // Mümkünmü ayırsın bizi "İncil" ilə "Quran"" düşüncəsini aktuallandırmaq üçün zəmin yaratdı. Hətta Hüseynzadənin "Turan" şeiri Mesaroşun tərcüməsində 1917-ci ildə Budapeştdə nəşr olunan "Turan" dərgisində dərc edildi.

O illərdə Macarıstan panturanizmin mərkəzi halındaydı. Budapeştdə artıq neçə il idi ki, "Turan Cəmiyyəti" qurulmuş və cəmiyyətin fəxri başqanı Vamberi olsa da, sonralar rəhbərliyi uzun müddət Macarıstanın Baş naziri olmuş Pal Teleki həyata keçirmişdi.

Türkoloji araşdırmalara belə bir mühitdə başlayan "küçkənə çoban" Bəkir Çobanzadə öz parlaq imzasını türk düşüncə tarixinə ilk dəfə belə bir çevrədə daxil edirdi.

"Turan Cəmiyyəti"nin idarə heyətində Mesaroşla yanaşı, Çobanzadənin digər müəllimləri, o cümlədən İqnas Qoldziher də vardı və o illərdə redaksiya heyətində Dyula Nemet kimi dünya şöhrətli türkoloqun təmsil olunduğu "Turan" dərgisində Bəkir Çobanzadənin də məqalələri  dərc olunurdu. 1920-ci ilin mayında Macarıstandakı məşhur Turan Birliyi Cəmiyyəti yenidən qurularkən Arpad Zemplenin "Turan marşı"ndan sonra konfransı Krım-tatar Məclisi adından 27 yaşlı Bəkir Sıtkı Çobanzadə salamlamışdı.

Bu sətirləri yazdıqca macar alimi Mesaroşla Bəkir Çobanzadənin 1926-cı ildə birgə çəkilmiş şəklinə baxıram.

Bu şəkildən on bir il sonra Bəkir Çobanzadə həm də Mesaroşla dostluq etdiyinə görə qanına qəltan ediləcəkdi... Mesaroş macar idi, Hüseyn Cavidlə eyni dövrdə İstanbul Universitetində təhsil almış, Türkiyədə etnoqrafiya muzeyini qurmuş, 1926-cı ildə Türkoloji Qurultayın işində iştirak etmək üçün Bakıya gələn Türkiyə nümayəndə heyətində o da təmsil olunmuşdu...

Sovet Şərqində dilçilik üzrə ilk professor olan Çobanzadə türk ləhcələri ilə yanaşı, ibrani, macar, ərəb, fars, fransız, alman, ingilis, rus, gürcü, çex, polyak, erməni dillərini də bilirdi. O qədər böyük alim idi ki, politik düşüncəsi ilə ədəbi zövqü, heç vaxt biri digəri ilə təzad təşkil etmirdi. Bizim indiki "görkəmli" alimlərin bir çoxundan fərqli olaraq, ədəbiyyatla literatur arasındakı ciddi fərqləri də zəmanənin o vurhavur çağlarında nəzərdən qaçırmırdı. Füzulinin ədəbi baxımdan daha üstün olduğunu dönə-dönə iqrar etsə də, Xətaiyə "Azərbaycan türk dilini daha geniş və zəngin şəkildə öz şeirlərində işlədən və fazla olaraq bu dilin müəyyən dialektoloji xüsusiyyətlərini əks etdirən birinci şairdir", - deməyi də bacarırdı. "Xətainin dili və ədəbi yaradıcılığı haqqında" əsərini bəlkə də ədəbiyyatşünaslığımız üçün indi də meyar təşkil edə biləcək belə bir qənaətlə tamamlayırdı: "XVI əsrdəki Azərbaycan türk ədəbiyyatının bədii yüksəkliyi, vertikalı Füzuli ilə ölçülürsə, dil və yaradıcılıq ünsürləri vasitəsilə və içərisinə də aldığı bədii və lisani komponentlərin genişliyi, horizontal meyarı Xətai ilə təmsil olunur". Bir kitablıq ağırlığı olan bu cümləni hər alim yaza bilməz, bunu yalnız böyük alim yaza bilərdi.

Bəkir Çobanzadə, əslində, türklərin təkcə əlifba birliyini deyil, eyni zamanda ədəbi dil birliyini, ortaq türk ədəbiyyat tarixinin yazılması ideyasını təklif edir, qırğız-qazax, kumuk və Azərbaycan şifahi ədəbiyyatının daxili genezisini, birgə varoluş köklərini tədqiqata cəlb edirdi... Bunu təkcə dillərin qohumluğu kimi deyil, əsasən, türk mədəni birliyinin, təfəkkür tərzinin, estetik dünyagörüşünün eyniyyəti zəminində araşdırırdı. 1926-cı ildə yazdığı "Ədəbiyyatımızda yeni qiymətlər" məqaləsində qazax-qırğız, qaraçay, noqay, uyğur, Azərbaycan, Anadolu... sahəsinin folklor materiallarını tədqiqata cəlb edən Çobanzadə xatırladırdı ki, "Eşulələr" məcmuəsində "Gül oyun" namı altında bir şərqi buluyoruz ki, bu da bir çox türk xalqlarında eyni məsəl və lakin başqa şəkildə qaraçay-balkar, kumuk, Azərbaycan türklərində bu gün də vardır". Çobanzadə "Gül oyun"un ayrı-ayrı türk ləhcələrində örnəklərini verməklə fərqli ləhcələrdə yaradılmış ədəbiyyat örnəklərinin qarşılaşdırmalı təhlilini aparırdı... Kumuk türkcəsində: "Gög gögərçin sən bulup, // Uçub getgən sen bulsan. // Qara laçın bən bulup, // Tağıb tutsam nə ersən?"; - Azərbaycan türkcəsində: "Sən cücəli tavuq olub, // Bəni dənləyəcək olsan. // Bən bir gözəl ceyran olub, // Çöllərə qaçsam neylərsən?" və s.

Çobanzadənin yazılarında məsələnin elmi mahiyyətindən daha dərin olan məfkurəvi qatlarına eniş səciyyəvidir. Çünki məfkurəvi qatda Turan var... İbn-Mühənna lüğəti barədə yazdığı araşdırmasında da Çobanzadə türk birliyinin peşindədir. Tutalım,  əsərin təkcə bir cümləsində bütöv Turan və onun siyasi coğrafiyası şəkillənib: "Qədim qıpçaq Altun Orda yarlıqlarında görülən uyğurizmləri qədim Azərbaycan fərmanlarında da  tapmaq mümkündür".

Əlifba birliyi məsələsində də Bəkir Çobanzadə eyni qayəni təqib edib. 1926-cı ildə Birinci Türkoloji Qurultayın keçirilməsində böyük xidmətləri olan 33 yaşlı Bəkir Çobanzadənin qurultayda türk dillərinin qarşılıqlı münasibətləri və türk dillərində elmi terminologiyanın tənzimi prinsipləri mövzusundakı çıxışları bu gün də aktualdır.

Çobanzadə ortaq türkcənin, hətta ortaq ədəbi türkcənin mümkünlüyünə inanırdı. Burda Türkoloji Qurultaya istinadən bir haşiyə çıxmaq istəyirəm. Qurultayda çıxış edən qazax İldes Omarovun belə bir qənaəti vardı ki,  "ümumi ədəbi dil mövzusunda birləşmək mümkündür". Özbək Qazi Alim Can da belə düşünürdü: "Azəri türk şairi Sabiri Türküstanın hər yerində oxuyurlar, anlayırlar, dad alır və gülərlər. Demək ki, xalqa yaxınlaşdıqca anlaşma imkanı artır. Nəvaini nədən anlayırıq? Çünki xalq dilinə yaxın yazmışdır. Bu halda ümumi ədəbi dildə həmlənin aşağıdan gəlməsi ehtimalı qüvvətlidir. Dilin özü birləşməyi və yaxınlaşmağı təmin edir. Buna heç bir şey, heç bir kimsə mane ola bilməz. Bunun üçün ümumi bir mərkəz lazımdır. Xalq dilindən nə qədər kəlmə gəlir və ədəbi dil onlarla nə qədər  zənginləşirsə, türklər arasında ortaq dil o qədər daha asan qurulmuş olur". Qazi Alim Canın o dövr üçün yeni olan bu fikirlərinə isə Çobanzadə dəstək verirdi: "Nəvaidən sonra ən çox oxunan İsmayıl Qasprinski xalqa nüfuz etdiyi, xalq kəlmələrini ortaq ədəbi dilə qaynaşdırdığı üçün populyarlığını təmin etmişdir. Xalq dilindən nə qədər kəlmə gəlir və ədəbi dil onlarla nə qədər  zənginləşirsə, türklər arasında ortaq dil o qədər daha asan qurulmuş olur".

Hələ qurultaydan iki il əvvəl Çobanzadə Krım ziyalıları arasında belə bir təlqində bulunurdu ki, "Bir lisan şəxsi deyildir, ictimai müəssisədir... Cəmiyyətin təşəkkülü süni deyil, təbiidir, madam ki, cəmiyyət təşəkkül etmiş, onun keçmişi unudulmamalıdır... Bizə bir-birinə yaxın dildə danışan türk xalqlarını kəndi ətrafına toplayıb hars və mədəniyyət yolu ilə sürətlə ilərlədəcək bir əlifba lazımdır... Rusiyada yaşayan türk-tatar xalqları arasında yeni bir mədəniyyət mərkəzi lazımdır. Böylə bir mərkəzə namizəd ola biləcək ancaq Bakıdır".

Çobanzadə bu sözləri 1924-cü ildə Akməsciddə (Simferopol) Krım ziyalılarının qarşısında söyləyib. Xalid Səid Xocayevin Krımın paytaxtı Akməscidlə bağlı qələmə aldığı qeydlərində Bəkir Çobanzadənin ömrünün bir anı - 1924-cü ilin 10 sentyabr günü əbədiləşib. Cəlil Məmmədquluzadənin də iştirakı ilə keçən həmin xatirə epizodu 33 yaşlı Bəkir Çobanzadənin fiziki yapısı, mənzilinin aurası barədə təsəvvür yaratmaq üçün bu yazıya əlavə etmək istəyirəm: "Orta boylu, şişmanca, yuvarlaq qırmızı üzlü gənc adam... Professor Çobanzadə... Rəngarəng alma, armud və qeyri meyvələrlə bəzənmiş meyvə bazarını keçərək, həyətə açılan bir darvaza önündə durduq, dörd-beş pilləli pilləkəndən çıxaraq ikiotaqlı bir mənzilə girdik. Burası Çobanzadənin mənzili idi. Burada çox qalmaq üçün vaxtımız müsaid deyildi, ancaq birər fincan türk qəhvəsi içə bilərdik...".

 

***

Bəkir Çobanzadənin 1926-cı ildə yazdığı "Türk dili və ədəbiyyatını tədris üsulu" kitabı təkcə metodika sahəsində deyil, nəzəriyyə sahəsində də Azərbaycan ədəbiyyatşünaslığının örnək kitablarından biridir. Çobanzadə Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə hələ 1926-cı ildə klassizm, romantizm, sentimentalizm, naturalizm, impressionizm, kubizm, ekspressionizm, futurizm barədə elmi məlumatlar verirdi.

 

***

Çobanzadənin süqutu 1930-cu ildən başladı. Bacısı Züleyxaya da etiraf etdiyi kimi, ürəyi qanayaraq, alt-üst olaraq qələmə aldığı, əslində isə özünü qorumaq üçün yazdığı "Nasionalizmdən internasionalizmə" kitabından sonra Çobanzadə millətçi burjuaziyanın ideoloqu elan olundu. Burda Hüseynzadənin "sənət sənət üçündür" prinsiplərinə Çobanzadənin loyal yanaşması opponentlərini cin atına mindirirdi: "Çobanzadə "sənət sənət üşündür" haqqında savadsız bir laqqırtı söyləməklə əsas etibarilə, iri burjuaziyanın məşhur rəhbər və ideoloqu Əli bəy Hüseynzadənin estetizmindəki ictimai kökləri təyin etmək istəyir". Söhbət Hüseynzadənin "Həyat və meyli-Füyuzat" məqaləsində irəli sürdüyü prinsiplərdən gedirdi: "Canım, nəqqaşa, ya rəssama demək olurmu ki, nə üçün bir dağın, bir meşənin, üfüqün, ya qürubun mənzərəsilə məşğul olursan? Bizə bol-bol məktəb rəsmləri ver, camaatımızı elm və maarifə təşviq et! Şairliyin, rəssamlığın hünər meydanı ayrıdır... ədiblərin, şairlərin borcu bir tərəfdən türkcəmizi fəsahət və bəlağətlə, ahəng və üslubla islah edib zinətləndirmək, digər tərəfdən, ruhumuzu incə, gözəl təsvirlərlə və həyəcanlandırıcı xəyallarla dərin düşüncələrə sövq etməkdir".

"Bizim orijinal professorumuz" yarlığı ilə aşağılanan və bolşevik kinayəsinə hədəf olan Çobanzadə isə Əli bəyin bu fikirlərindəki estetizmi anlamadığına və tənqid etmədiyinə görə savadsız adlandırılırdı.

37-ci il üçün hazırlanmış cəhənnəm ssenarisinin ilk atəşləri 1931-ci ildə Azərbaycanda hamıdan əvvəl Çobanzadəni, Hüseyn Cavidi və Əhməd Cavadı sardı. "Türk şeirində Cavad Axundov pantürkizm şairi olaraq son zamana qədər davam etmişdir. Pantürkist fikirlərini Hüseyn Cavid də təbliğ etmişdir. Professor Çobanzadə keçmişdə bir pantürkist və Qasprinskinin tələbəsi olmuşdur".

Özləri də sonradan repressiya qurbanı olacaq bolşevik ideoloqları tərəfindən 1937-ci il repressiyalarının ilk dalğası 1931-ci ildə  belə məkrli təyinatlarla hərəkətə gətirilirdi... 

1930-cu ildən sonra Stalin təlimini təhrif edən "burjua millətçisi" Çobanzadə, dediyim kimi, amansız tənqidlərə məruz qaldı. "İnqilab və mədəniyyət" jurnalında "Pr. Çobanzadənin siyasi-ədəbi görüşləri əleyhinə" silsilə yazılar dərc olunur, nəhayət, Çobanzadə pantürkizmdə və kamalizmdə suçlandırılırdı. "Pantürkizm bataqlığında çırpınan eklektik və idealist" Çobanzadə Stalinlə üz-üzə qoyulurdu. 1937-ci ildəki ilk istintaq dindirilməsində həbs olunacağını 1930-cu ildən gözlədiyini özü də etiraf etmişdi. Çünki 1930-cu ildən başlayaraq Bakının bolşevik mətbuatı Çobanzadənin təhriflərindən, Stalin prinsiplərinə zidd düşüncələrindən yazırdı: "Çobanzadənin cəhaləti yoldaş Stalinin milli mədəniyyət haqqında tərifini təhrif etməyə və dəyişməyə başladığı zaman yeni bir keyfiyyət qazanmış olur... O, yoldaş Stalinin dahiyanə tərifinin bütün mündəricəsini kənara ataraq, firqəmizin milli siyasətini pərdələyir, onu təhrifə uğratmağa çalışır".  

1930-cu ildən etibarən Çobanzadəni nəinki amansızcasına tənqid edirdilər, eyni zamanda məcbur edirdilər ki, "Çobanzadə əvvəlcə öz pantürkist səhvlərini tənqid etsin". Azərbaycan ədəbi-elmi camiası Çobanzadənin timsalında "millətçilərə qarşı qəti hərb elan edilməsini" tələb edirdi. Və bu sərsəm təzyiqlər, dediyim kimi, 1937-ci ilə qədər davam etdi. Hətta 1932-ci ildə Paris Millətlərarası Dilçilik Cəmiyyətinin üzvü seçilməsi də Azərbaycanın bolşevik təmayüllü alimlərinin onu cahil və savadsız adlandırmalarına mane ola bilmirdi...

1930-cu ildən sonra Azərbaycan mətbuatında Çobanzadənin imzası xeyli seyrək görünür... Bu illərdə yazdığı çox dəyərli əsərlər - "Xətainin dili və ədəbi yaradıcılığı haqqında" və "İbn Mühənna və onun lüğəti" arxivlərdə qalır...

1938-ci ildə İstanbulda nəşr olunmuş "Dede Korkud" kitabında Orxan Şaiq Gökyayın belə bir qeydi var: "Berlində çıxmaqda olan "Açıq söz" məcmuəsində (ilkteşrin 1936 numara 3, s. 667 "23") Dədə Qorqudun on üçüncü hekayəsi başlığıyla kiçik bir not vardır: Dədə Qorqud Hekayələrinin şimdiyə qədər on iki hekayədən ibarət bulunduğu zənn edilməkdə idi. ...Prof. Çobanzadə son dəfə Leninqradda ikən Şərqiyyat İnstitutu yazmaları arasında Dədə Qorqudun şimdiyə qədər məlum olmayan on üçüncü hekayəsini bulmuşdur. Bulunmuş olan hekayənin gərək Azərbaycan ədəbiyyatı, gərək Azərbaycan tarixi baxımından böyük əhəmiyyəti varmış. Bakıdakı Dil və Ədəbiyyat İnstitutu hekayəni bu günlərdə ayrıca nəşr edəcəkmiş. Bu xüsusda hekayənin nəşrinə intizarən daha fazla bir şey söyləməyə imkan yoxdur".

Bəs Bəkir Çobanzadənin tapdığı on üçüncü boy hardadır? Yoxdursa, belə çıxır ki, Dədə Qorqudun on üçüncü boyu da elə 1937-ci ildə Bəkir Çobanzadə ilə bir yerdə məhv edilib...

 

***

Xalid Səid barədə kitab üzərində çalışarkən Xocayevin qızı, rəhmətlik Bəhicə xanım mənə professor Bəkir Çobanzadənin 1935-ci ildə gənc həmkarı Xocayevlə bağlı yazdığı bir təqdimatı göstərmişdi: "Xalid Səid yüksək səviyyəli linqvist şərqşünaslardandır. O, türk, ərəb, fars, rus dillərini mükəmməl bilir. Xocayev 10 il ərzində tələbə və aspirantura kurslarında türk dilinin üslub və qrammatikası, qədim abidələrin oxunması və başqa sahələri uğurla tədris edir. Bütün bunları nəzərə alıb Xalid Səid Xocayevə dissertasiya müdafiə etmədən elmi dərəcə verilməsinin vaxtı çatmışdır".

Bu qədər müstəsna şəxsiyyət, elm və sənət aşinası, dəyər verməyi bacaran böyük ürək sahibi!

Dünya çoxdandır ki, Çobanzadələrsiz yaşayır.

 

***

Çobanzadə həm də şair idi. Ancaq özü də etiraf edirdi ki, "şairlik mənim yeganə həyat yolum, şeir yeganə ifadə vasitəm deyil. Həyatda uğur qazanmaq, məqsədlərimə vasil ola bilmək üçün şeirə çox az ehtiyacım var, əgər varsa... Zənn edirəm, məqsədlərin tam yüksəyində olan maraq və zövqüm, indiyə qədər yazdığım bir çox parçalarda, heç olmazsa, duyduğumu söyləməmə vasitə və səbəb oldu. Hər şeydən azad olan bu zövq və sevgi ilə şeiri daha gözəl anlayır, onu daha ziyadə sevir və zənnimcə, özümü də ona sevdirirəm. Hər halda, bizdə bu iki-üç əsr içərisində ədəbiyyat və şeirin rolu başqa millətlərlə müqayisə edilməyəcək dərəcədə böyük olacaq. Coğrafi, etnoqrafik vəziyyətimiz də fənadır. Sayı və sərvətləri etibarilə böyük bir millət olan türk-tatarlar, demək olar ki, hər yerdə azlıqda və əcnəbi təsirlər altında qalıblar, buna qarşı ən böyük çarəmiz  dil birliyidir"...

Çobanzadə elmə və ədəbiyyata şairlikdən və böyük milli kədərdən gəlmişdi. Necə gəlmişdisə, taleyini gəncliyində bir şeirin misralarına necə köçürmüşdüsə, necə yazmışdısa, 1937-ci ildə elə o şəkildə də sona çatdı:

 

Endirir bir sillə, son külə külə

Atdırır çugurğa, yavur rast gələ.

 

Endirir bir sillə, sonra gülə-gülə,

Atdırır çuxura gavur rast gələ.

 

Bir ölü bolayım, məzarsız, taşsız,

Kadimsiz, zikirsiz, yalançı gözyaşsız.

 

Bir ölü olayım məzarsız, daşsız,

Xətimsiz, zikirsiz, saxta göz yaşsız.

 

Musulman deb cuvulmaymı cənazəm,

Salağacda kılınmaymı namazım.

Tapılmaymı öz curtumda, köyümdə

Üç arşınlıq qara torpaq Bekirge?

Okunmaymı keder ezgen ruhuma

"Allah rahmet eylesin" -  deb Fatıha.

 

Müsəlman olaraq yuyulmazmı cənazəm?

Müsallada qılınmazmı namazım?

Bulunmazmı öz yurdumda, köyümdə,

Üç arşınlıq qara torpaq Bəkirə?

Oxunmazmı kədərin əzdiyi ruhuma

"Allah rəhmət eyləsin!" - deyə Fatihə...

 

Hər şey yazdığı kimi oldu, Bəkir Çobanzadəni 44 yaşında qətlə yetirdilər. Cənazəsi yuyulmadı, müsəllada namazı qılınmadı, öz yurdunda onu dəfn etməyə üç arşınlıq qara torpaq tapılmadı və kim bilir, hansı çuxura atıldı...

 

19 yanvar 2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!