Pərdə arxasındakı iztirab. İmre Kertesin "Talesiz" romanı üzərinə notlar - Kənan HACI

Kənan HACI

 

Azadlıq və əsarət bir-birinə zidd anlayışlardır, bu, məlum həqiqətdir. Azadlığın isə cinin lampasından çıxdığını görən olmayıb. Tanrı insanı azad yaradıb, Şeytan isə onu əsarətdə saxlamaq üçün min oyundan çıxıb. Hələ eramızdan əvvəl Lukresti Kar deyirdi ki, dünya bir kərə formalaşdıqdan sonra uzun müddət öz mövcudluğunu qoruyub, digər hadisələrsə bunun əsasında baş verdi. Bəşəriyyətin mübarizələrlə zəngin olan tarixi öz damarlarında azadlığın qanını daşıyır. Prometey insanlara odu bağışlayanda Şeytan qəzəblənmişdi. Mifologiyada Şeytanın bir adı da Zevsdir. O, Prometeyi insanlara odu tanıtdığı üçün qayaya zəncirləməklə cəzalandırır. Ədalət ilahəsinin oğlu insan nəslinə azadlıq bəxş edəndə bütün təhlükələri göz altına almışdı. Amma xilaskarlıq missiyası məhz onun çiyinlərinə düşmüşdü. Mifoloji düşüncədə fizika qanunları işləmir.

İnsanın azadlıq hissi o qədər güclü, yenilməzdir ki, bütün fəlsəfi maneələri aşaraq odu ram etməyi bacardı. Şeytanın barmağı oda uzandı və yanmadı. Od krematori olaraq cəza növünə çevrildi. Və xalqına azadlıq istəyən Janna Dark oda atıldı. Onu Tanrının və Həzrət Məryəmin xidmətçisi adlandırırdılar. Deyilənə görə, Tanrı Həzrət İsanın həvariləri vasitəsilə onunla danışırdı. Şəri təmsil edən qüvvələr bunu ona bağışlamadı. Krematorilər, qaz kameraları insanları külə döndərirdi. Sonra insanlığın üz qarası Buhenvald, Osvensim cinayətləri baş verdi. Nobel mükafatı almış macar yazıçısı İmre Kertesin "Talesiz" romanı ölüm düşərgələrində yaşanan faciələrdən bəhs edir. Hitlerin şovinizmlə zəhərlənmiş düşüncəsi və eqoist geni milyonlarla insanın həyatını itirməsinə səbəb oldu. Misli-bərabəri olmayan bu genosid insanlığın tarixində lənət damğası kimi qaldı.

İmre Kertes isə müsahibələrinin birində "mən bir soyqırım təlxəyi idim" deyir. Hərbi əsir düşərgələrində yaşadıqlarını karnaval estetikasında qələmə alan hansısa bir yazıçı tanıyırsınızmı? Belə bir yazıçı tapa bilməzsiniz. İnsan faciələri fonunda təbiətin gözəlliklərini təsvir etmək paradoksal məqamdır, Kertes qəsdən bu əsir həyatını sakit tonda nəql edir, tünd boyalarla əsəri ağırlaşdırmır. Təsvirlərdə zərrə qədər qrotesk və sarkazm, etiraz əhval-ruhiyyəsi görməzsiniz, əsir adamın vaxt pəncərəsindən baxanda həyat öz axarıyla davam edir. Bu, yazıçı soyuqqanlığının pik nöqtəsidir. Kertesin yaradıcı olaraq gücü də məhz bundadır - soyuqqanlılıqda! Əsir düşərgələrində insanların qismətinə düşən yalnız iztirablar, məhrumiyyətlərdir. Kertes isə bu formulu tərsinə çevirərək iztirabı arxa plana keçirir, xoşbəxtliyi fon kimi təqdim edir.

Əsir düşərgəsi, qaz kameraları və xoşbəxtlik. Bir-birindən o qədər uzaq anlayışlardır ki, bu sözlərin bir-birinin yanında dayanması belə əcaib görünür. Kertesin yazıçı məntiqi bu ziddiyyəti bir-birilə barışdırır. Müəllif bədii mətnin təməl qanununa riayət edir: heç nəyi izah etmir, sadəcə, göstərir.

Əsəri oxuduqca baş qəhrəmanın ifrat sadəlövhlüyü, hər şeyi təbii qəbul etməsi, müqavimət hissindən məhrum olması insanda qıcıq doğurur. Axı bu necə ola bilər? Yolda yeniyetmənin hərbçilərin əlindən qaçmaq imkanı olur, o isə heç bu haqda düşünmür. Niyə qaçsın ki? Onları təhlükəsiz bir yerə aparırlar, özü də əsirlərlə olduqca mədəni, mehriban davranırlar. Kertes yəqin ki, Buhenvald haqqında "gözəl düşərgə" ifadəsini işlədən yeganə yazıçıdır.

"Talesiz" romanı birinci şəxsin dilindən nəql edilir. Əsərin baş qəhrəmanı yeniyetmə bir oğlandır, atasını əmək düşərgəsinə göndərirlər, bundan sonra o, işləmək, ailəyə baxmaq məcburiyyətində qalır. Bütün yeniyetmə yəhudi uşaqlarını fabriklərə, zavodlara işləməyə yollayırlar. O da oxuduğu gimnaziyadan çıxıb bir zavodda işləyəsi olur. Bir gün işə gedərkən alman zabitləri onu və onun kimiləri avtobusdan düşürüb təpənin ətəyində sıraya düzürlər. Hər şey həmin andan başlayır. Yeniyetmə həmin dəqiqələrdə zərrə qədər qorxu hissi keçirmir, zabitlərin tələblərinə itaətlə əməl edir, bu vəziyyət, hətta onun xoşuna gəlir. Şüurlu və ya şüursuz məmnunluq hissi... Yazıçı heç bir izah vermir, sadəcə, situasiyanı təsvir edir. Qəhrəmanın fizioloji və psixoloji təpkilərdən məhrum olması, komformist, itaətkar tövrü oxucunu hövsələdən çıxarır. Səhifələri o ümidlə çevirirsən ki, bəlkə, bu uşaqda bir təpər olar, hansısa məqamda partlayış baş verər. Yeniyetmə sanki ölüm düşərgəsinə deyil, istirahət mərkəzinə gəlib çıxıb. Günəşin şəfəqləri onda xoş duyğular oyadır, yaşıl çəmənlik ruhunu oxşayır: tikanlı məftillərin əhatəsində, qaz kameralarının beş addımlığında!!!

İnsanlar ölümə elə gedirlər ki, sanki bir qapıdan daxil olub daha maraqlı bir dünyaya adlayırlar. Yazıçı cümlələri sıxıb bütün duyğuları sözlərin canından çıxarır. Sözlər sanki paslı mismar kimi cırıltı ilə mətnin içindən qopur və mətndə o sözlərin yeri mismar yerləri kimi qaralır.

Baş qəhrəman özünə sual verir: Mən niyə buradayam? Amma hadisələrə ağıl və məntiq prizmasından baxanda onun bu düşərgəyə gəlib düşməsini izah edəcək heç bir səbəb, anlayış, heç bir məqbul, qənaətbəxş izahat yox idi. Məsum və günahsız insanlarla eksperiment dovşanı kimi davranan zabitlər imtiyazlı məhbusların əliylə cızığından çıxanları cəzalandırırlar. Qəfildən həqiqət sənə agah olur - bu cəhənnəmdən xilas olmağın yeganə yolu özünü bütün hisslərdən məhrum etməkdir.

Düşünəndə ki, bütün bu yaşananlar yazıçının öz başına gələnlərdir, heyrətlənirsən; o, odda yanmaz qəhrəmandır. Qorxu adlı şeytanı qəlbindən çıxarıb atmış adamın qarşısında ölüm tərksilah olur. Senekanın fikirləridir: "Qorxu hissini dəf etməyin yeganə yolu ölümdən qorxmamaqdır". Psixoloqlar motivasiya kitablarında tez-tez bu cümlədən istifadə edirlər. Amma qəhrəmanımızın bu zülmət səltənətində yaşamaq üçün heç bir motivasiyası yoxdur. Burada təlxək olmaqdan başqa çarə yoxdur. Bu davranış tərzi yazıçının öz təbirincə desək, inadkarlığın ən səmərəli, faydalı növüdür. Belə demək mümkünsə, Kertesi Nobel kürsüsünə aparan damarında axan soyuq qan və özü üçün seçdiyi faciə janrının təlxəyi obrazı idi.

Auşvizt düşərgəsinə aparılanda sevinclə qatara minən yeniyetmə it yalından seçilməyən horranı yeyəndə də, bataqlıq donuzu kimi çirkabın içində eşələnəndə də, ayağı irinləyəndə də, meyitlərin içinə atılanda da bütün bunları gündəlik həyatın adidən adi yaşantıları kimi qəbul edirdi.

Bəlkə də, bu hissizlik, duyğusuzluq onun özünüqoruma taktikası idi. Amma bu qədər sadəlövhlüklə hansısa biclik tərs mütənasibdir. Heç vəchlə bununla razılaşmaq olmaz. Sadəcə, yazıçı öz mətninə neqativ enerji püskürmür. Oxucu isə əsəbindən zəncir çeynəyir; bu necə adamdır? Bəs hanı bu adamın iztirabları, daxili yaşantıları?

Təhkiyəçi məhbus həyatını taleyin zarafatı kimi qəbul edir və ordan xilas olandan sonra dərk edir ki, hər halda bu çox pis zarafatdır. İfadələrin rəngarəngliyi ilə təsvir edilən məkan ziddiyyət təşkil edir. Yazıçı sevinci, nikbin ovqatı ustalıqla qaz kameralarına keçirə bilib. İmre Kertesin yazıçı kimi müstəsnalığı da məhz bu soyuq üslubda özünü göstərir. Terri Koen doğru deyir: yalnız iztirab adamı böyük yazıçı edir. "Talesiz" romanında iztirab, kədər pərdə arxasındadır. Təhkiyə prosesinin diaqramı Kertesvari ziqzaqlarla irəlilədikcə mətnin ürək döyüntülərini eşidirsən:

"...ən qalın məhbəs divarlarının belə insan xəyallarının qanadını qırmağa gücü çatmaz".

"Həqiqət budur: bizim təxəyyülümüz, hətta əsirlikdə belə azad qalır".

Kertes belə düşünür və romanı oxuyub bitirincə içində bu "təbii"liyə bir etiraz yaranır. Adam möcüzə nəticəsində ölüm düşərgəsindən xilas olub vətəninə qayıdır. Burda onu hər görən adam təəccüb və qorxu hissilə ondan uzaqlaşır. O, bütün bunları da təbii qarşılayır. Qatar stansiyasında rast gəldiyi bir qadın axır ki, hövsələdən çıxır: "Axı sənin başına gələnlər necə təbii ola bilər?".  Adamın verdiyi cavab sarsıdıcıdır: "Orda hər şey mümkündür, hər şey təbiidir".

"Mən orda hansısa dəhşətlərin olduğunu görməmişəm". Sual yaranır: bəs insan azadlığının məhdudlaşdırılması dəhşət deyilmi? Əsərdə bu suala da cavab var: "Əgər tale varsa, azadlıq mümkün deyil, azadlıq varsa, tale yoxdur".

"Orda, krematori borularının dibində də xoşbəxtliyə bənzər nələrsə olurdu. Hamı məndən o dəhşətlər haqqında soruşur. Mənimsə yadımda o xoşbəxt anlar qalıb".

Qaz kameralarının iki addımlığında xoşbəxt anlar yaşamaq üçün fövqəladə iradə, sarsılmaz inam tələb olunur. İmre Kertes məhz belə dahilərdən idi. Bəli, məhz dahi!

Kertes transsendentalizmi mühit və şəxsiyyət arasındakı ziddiyyəti mükəmməl ifadə edir. İnsan elə bir varlıqdır ki, cəhənnəmdə belə xoşbəxt anlar kəşf edə bilər. Bunun parlaq nümunəsi "Talesiz" romanının baş qəhrəmanıdır. Ədəbiyyatın sosial təyinatı və funksionallığı bu romanda özünü daha qabarıq göstərir.

Şərə qarşı mübarizənin optimist növü insan iradəsinə əsaslanır. Bu talesizlikdən özünə yeni tale yaradan yazıçı Şatobrianın bu fikirlərini bir daha təsdir edir. Şatobrian "Axirət qeydləri" əsərində yazır: "İndi azadlığı istifadədən çıxmış nimdaş bir şey kimi qiymətləndirərək onu istehzalı bir gülüşlə qarşılamaq dəbdədir. Mən dəbə məruz qalmamışam və hesab edirəm ki, dünyada heç bir şey azadlıq olmadan mövcud deyil".

İmre Kertes taleyini astar üzünə çevirmiş yazıçıdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!