Seyran Süleyman: "Yaxşı şeirlər şair dünyada varmı-yoxmu, yaşarlar" - Abid TAHİRLİ

Abid TAHİRLİ

 

Çağdaş Krım tatar ədəbiyyatının tanınmış nümayəndələrindən şair, publisist, tərçüməçi, naşir, Azərbaycan mədəniyyətinin yaxın dostu Seyran Süleyman 1979-cu ildə Özbəkistanın Fərqanə vilayətində dünyaya göz açmış, 1991-ci ildə doğma Krıma - ata-baba yurduna qayıtmağa müvəffəq olmuş, orada yaşamağa başlamışdır. Krımdakı istedadlı uşaqlar üçün liseyi bitirdikdən sonra Krım Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olan Seyran Süleyman 2002-ci ildə oranı uğurla bitirmiş və "Yeni dünya" qəzetində fəaliyyətə başlamışdır. O, hazırda həmin qəzetin baş redaktorudur. "Uç, qəlbim" (2003), "Sənin gözlərində ulduzlar gördüm" (2003), "Cəmdən bir ovuc" (2007) adlı kitabların müəllifi S.Süleymanın əsərləri Türkiyənin, Ukraynanın jurnal və toplularında "Günəşdən bir parça", XIII-XX əsr Kırım tatar şeirləri antologiyası"nda dərc edilmişdir. Krım tatar Yazıçılar Birliyinin, "Maarifçi" Assosiyasiyasının üzvü S.Süleyman Mahmud Kaşqarlı və Qriqori Skovoroda adına ədəbi mükafatların laueratıdır. Xarakter etibarilə qədirbilən və təvazökar Seyran Süleyman özünü Krım tatar ədəbiyyatının tanınmış nümayəndələrindən şair, publisist, naşir, pedaqoq 1993-1996-cı illərdə Krım tatar mədəniyyət vəqfinin rəisi vəzifəsində işləmiş Yunus Qandımı (4 sentyabr 1959, Özbəkistan, Daşkənd vilayəti - 20 mart 2005, Krım, Ağməscid) özünün müəllimi hesab edir.

O, "Bu gün səni yenə xatırladım" adlı şeirlər kitabına yazdığı ön sözdə göstərir ki, zənnimcə, şair əvvəlcə öz qəlbinə yolçuluq edir. Şeir hazır olandan sonra şair yenə təkbaşına qalır. Onun şeirləri isə qəlbdən qəlbə yolçuluq etməyə başlayır. Ən yaxşı şeirlər zamanları, sərhədləri aşar, şair dünyada varmı-yoxmu yaşayarlar.

Seyran Süleymanın şeirləri duyğu və düşüncələrinin, müşahidə, yaddaş və yaşantılarının poetik təzahürü, ifadəsidir. 18 May 1944-cü ildə Krım tatarlarının tarixi vətənlərindən kütləvi şəkildə deportasiyası mövzusu S.Süleymanın da yaradıcılığında dərin iz buraxmışdır:

 

May ayında yas tutdu Krım,

Mavi göydə çaxdı bir ildırım.

Damcı-damcı göz yaşları töküldü,

Ana yurdundan millət sürüldü.

 

Seyran Süleyman ana dilinə tükənməz sevgisini sadə və səmimi dillə çatdırır. O, Sovet hakimiyyətinin ədalətsiz və cinayətkar qərarı ilə doğma ocağından, yurd-yuvasından didərgin salınmış, sürgünlərə səpələnmiş şanlı tarixə, zəngin mədəniyyətə, yüksək mənəviyyata, milli adət-ənənələrə sahib və bütün məhrumiyyətlərə rəğmən bu dəyərlərə sadiq qəhrəman Krım tatar xalqının adından deyir:

 

Can dilim, ana dilim,

O misli yek bir inci.

Başqa dillər bağında,

O mən üçün birinci!

 

Şeirlərinin birində "Birliksiz, dilsiz, aydınız kimik?" - deyən Seyran Süleymanın təlqin, təbliğ və təşviq etdiyi ideya istər-istəməz şairin həmişə məhəbbətlə xatırladığı böyük sələfi İsmayıl Qaspiralı kəlamlarını yada salır:

"Hər millətin dili olduğu və dilin də ən böyük və ən birinci bir sərmayə olduğu o qədər məlum məsələdir ki, bu xüsusda müzakirə açmağa ehtiyac yoxdur". "Sadə və hər kəsin anladığı, işlək dilə malik olmayan xalqın gələcəyi şübhəli və qaranlıqdır". "Türk oğlu üçün sadə türkcə cümlə sair dillərdən daha yaxşıdır". "Hər dilin özünəməxsus yaraşığı var: içində gizlənmişdir, işlənmək ilə ortaya çıxar, xaricdən lüğət toplamaq ilə deyil. Borcla nə xəzinə dolar, nə dil zənginləşər". "Bir xalqın ədəbi dili yoxdursa, özü də yoxdur. Millət üçün dil can və ruhdur". "Dil məsələsi yalnız bir ədəbi məsələ deyildir. Bəlkə daha çox ictimai, siyasidir". "Ədəbi dilsiz bir arşın tərəqqi edə bilmərik". "Əgər indiyədək olduğu kimi hər kəs öz kefinə görə bir dil, hər mühərrir özünəməxsus bir imladan istifadə edərsə, nə dilimiz, nə imlamız düzələcəkdir". "Müxtəlif adları olan, müxtəlif məkanlarda məskunlaşan türk tayfalarının "lüğətlərini" yan-yana qoyub baxdıqca sözlərin yüzdə doxsanının müştərək olduğu üzə çıxar".

Anaya, Vətənə məhəbbət mövzusu Seyran Süleyman poeziyasında mühüm və özünəməxsus yer tutur, həm forma, həm məzmun baxımından oxucu yaddaşında dərin iz buraxır:

 

Qara və ağ

Kürəşələr.

Qazanmaqçün

Könlündə yer.

Qara ve ağ

Kürəşsinlər.

Qazansınlar

Özünə yer.

Amma qalsın

Könlündə yer

Ana içün,

Vatan içün,

Sevgi içün.

 

Qürbətin ağrı-acısını yaşamış, vətən həsrətli, yurd-yuva nisgilli S.Süleymanın doğma Krıma məhəbbəti az qala bütün şeirlərində özünü göstərir. "Vətənim bir - yaşıl adam!" deyə Krımı vəsf edən şair hər fürsətdə, istənilən mövzuda yazanda Krımdan bəhs edir. O, kitabdan, onun gücündən, hikmətindən söz açanda da Vətəni unutmur:

 

Dünya hikməti -

Kitab içində.

Sözün qıyməti -

Kitab içində.

Şəfqət və nifrət -

Kitab içində.

Şadlıq nəğməsi -

Kitab içində.

Vətən nəfəsi -

Kitab içində...

 

Vətənə coşqun məhəbbətini izhar edən Seyran Süleyman müqəddəs hiss və duyğularını qələmə almaq üçün sadə və yığcam şəkildə deyir ki,

 

Getsəm əgər mən yurdumdan iraq,

Dərdli gönlümü tutamam ferah.

Yüksək sözlərə artıq yox lüzüm -

Vətəndir bil, ilk, həm də son sözüm!

 

Coxşaxəli yaradıcılıq fəaliyyəti ilə məşğul olan S.Süleyman Krımda səriştəli publisist kimi də tanınır. Onun Krımın tarixi, ədəbi-mədəni, ictimai-siyasi həyatı, Krım tatar xalqının görkəmli şəxsiyyətləri, zəhmətsevər və qonaqpərvər sadə adamları, bu gözəl diyarın füsunkar təbiəti barədə yazıları böyük maraq doğurur və oxunaqlığı, sənətkarlığı, üslubu, aktuallığı ilə geniş oxucu auditoriyası qazanmışdır. S.Süleymanın qələmə aldığı yazılar vətəndaş mövqeyi ilə seçilir, məhəbbət və səmimiyyətlə, mübariz və nikbin ruhlu bu publisistik nümunələr təsirli, dəyərli, düşündürücüdür.

 

01.01.2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!