Qəzənfər Paşayevin “Qəbələ - keçmişdə və günümüzdə” kitabına Ön söz - Qənirə PAŞAYEVA

Professor Qəzənfər Paşayevin yaxın günlərdə nəşr edilmiş "Qəbələ - keçmişdə və günümüzdə" əsərinə millət vəkili Qənirə Paşayeva əhatəli ön söz yazıb. Həmin yazını təqdim edirik.

 

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin "Qəbələ keçmişdə və günümüzdə" əsəri adından, strukturundan tutmuş ümumiləşdirmələrinədək diqqətəlayiq bir elmi yaradıcılıq aktıdır (Bura müəllifinin özkeçmişini də əlavə etsək, daha dolğun təsəvvür yaranar). Doğrusu, kitabın adında ifadə olunmasa da, mən bu əsəri keçmişdən və bugünümüzdən daha artıq dərəcədə gələcəyə ismarıc hesab edirəm. "Bugün" ötəridir, "keçmiş"in adı üzərində  keçmişdir; "gələcək" isə arzumuz, inamımız, yolumuz dəyərindədir. Əlbəttə, arzumuz, inamımız, yolumuz dəyərində olan Gələcək, Qəbələnin etnoqrafiya dünyasından keçir, bitib tükənməyən incilər xəzinəsi folklordan zənginlik qazanır. Bu yerdə, Ümummilli liderimiz Heydər Əliyevin dəyərləndirməsini xatırlatmaq istərdim: "Qəbələnin şərəfli keçmişi, gözəl gələcəyi vardır".

Günümüzün Qəbələsini bilmədən, keçmişdəki olaylara vaqif olmadan gələcək inşa etmək qeyri-mümkündür. "Qəbələ keçmişdə və bugünümüzdə" əsərinin əslən Qəbələdən olan Azərbaycanın Milli Qəhrəmanı, şəhid generalımız Polad Həşimovun ruhuna ithaf edilməsi də dərin məzmun daşıyır. Ərəblər "dünyada təsadüf yoxdu, təvavüqlük var" deyirlər; General Həşimov Tovuzda şəhid olub; əslən Tovuzdan olan professor Qəzənfər Paşayev Qəbələ haqqında əsər yazıb. Bu, mənə bir Azərbaycançılıq simmetriyası, ahəngi və alqoritmi kimi gəldi. Bu, Böyük Azərbaycan dünyasının ilməsi, naxışı, bəzəyi, süsü... kimi təcalla edir mənim gözümdə...

Müəllif Azərbaycanda, türk və ərəb dünyasında "Altı il Dəclə-Fərat sahillərində" əsəri ilə ədəbi şöhrət qazanıb. Ondan öncə və sonra (özəlliklə sonra!) irihəcmli tədqiqat əsərlərinin olmasına baxmayaraq, Qəzənfər müəllim oxucu yaddaşında ilk növbədə məhz o, təkrar nəşrlərlə yüzminlərlə tiraja çatmış "Altı il Dəclə-Fərat sahillərində" ilə qalıb. Ümumən hər müəllif daha çox bir əsərlə tanınır, xatırlanır. Qəzənfər müəllimin də, həmin əsərinin ön plana çıxması, ərəb coğrafiyasındakı Azərbaycan-türk tarixinin, mənliyinin parlaq ifadəçisi olması və maraqlı üslubu, bilgi zənginliyi ilə şərtlənir.

Bununla belə, etiraf etməliyik ki, professor Qəzənfər Paşayevin yaradıcılığı çoxşaxəlidir, əbədiyaşardır, iftixar doğuran yaradıcılıqdır, genişüfüqlüdür. Alimin dilçilik, folklorşünaslıq, ədəbiyyatşünaslıq, mətnşünaslıq, tərcüməçilik kimi elm sahələrində xidmətləri böyükdür. Ancaq onun ən böyük tarixi xidməti İraqda yaşayan soydaşlarımızın - İraq Türkmanlarının ləhcəsini və folklorunu nəzəri cəhətdən tədqiq etməsidir, qəriblikdə yaşayan soydaşlarımızı xalqımıza tanıtmasıdır. Professor Yaşar Qarayev təsadüfi yazmırdı: "Bizim üçün İraq, Kərbəla Füzulidən başladığı kimi, Kərkük də Qəzənfər Paşayevdən başlayır".

Xalq yazıçısı Anarın fikri Yaşar Qarayevin dediklərinə dayaq olur: "Azərbaycanın İraqla əlaqələri çox qədimdir. Ölkəmizin bu qardaş diyarda ilk mədəniyyət və mənəviyyat təmsilçisi dahi şairimiz Məhəmməd Füzuli olub. Bu gün həmin missiyanı Qəzənfər Paşayev ləyaqətlə yerinə yetirir".

Ustad alimin Kərkük folkloruna, ləhcəsinə və ədəbiyyatına həsr olunmuş, İraqda, Türkiyədə, İranda, Azərbaycanda çap olunan 30-dan artıq kitabı vardır.

Akademik Tofiq Hacıyev haqlı olaraq yazırdı: "Azərbaycanda Kərkükşünaslıq adlanan elm sahəsi vardır. Onun banisi prof. Qəzənfər Paşayevdir". Bütün bunlar görkəmli alimə verilən qiymətdir.

Böyük Azərbaycan dünyasının mədəniyyət iqlimimizin yayıldığı arealların bilicisi olan ustad elm xadimimizin Qəbələyə əsər həsr etməsini də çox məntiqli hesab edirəm. Bu əsərdə sanki həm türk dünyası - Azərbaycan-Qəbələ, həm də Qəbələ-Azərbaycan-türk dünyası yolçuluğu izlənib. Qəbələ ümumazərbaycan tarixinin landşaftını, tarixi proseslərin politexnologiyasını, mədəni relyefini təcəssüm etdirməsi ilə səciyyəvidir. Azərbaycan bölgələrinin inkişafı kontekstində Azərbaycan turizminin döyünən ürəyi halına gəlmiş Qəbələ, son illər sürətli inkişaf prosesi keçib. Qəbələ beynəlxalq festivallara, önəmli dövlət tədbirlərinə, yarışmalara və s. yüksək səviyyəli evsahibliyi edib. Qəbələdən çıxmış aydınlarımız ölkənin müxtəlif əməli fəaliyyət sahələrində öz töhfələri ilə seçilir. Özəlliklə, Qəbələli gənclərin təhsilində, idmanda, vətəndaş cəmiyyəti quruculuğunda, ədəbi-elmi yaradıcılıqda uğurlarını tez-tez eşitməkdəydik. Qəbələ mənə hərdən Azərbaycanın kiçik modeli kimi gəlir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun timsalında əyani şəkildə çox yaxşı görürük". Qəbələlilər və Qəbələ problemləri, uğurları, mədəni irsə qayğıları, ümumölkə işinə töhfələri ilə diqqətə və təqdirə layiq bir mövqeyə sahibdir.

Monoqrafiyanın usta müəllifi tarix, etnoqrafiya və folklorşünaslığın maraqlı palitrasını yaradıb. Təsəvvür edin ki, "Giriş", üç fəsil və "Nəticə"dən ibarət olan bu yığcam əsər, bugünümüzdən bizim eradan öncəki uzaq zəmanəyədək işıq salır, güzgü tutur; burada paleolit, mezolit, neolit, eneolit, tunc, dəmir dövrlərinin səciyyəvi özəlliklərinin bir bölgənin timsalında necə şəkilləndiyini görürük. Sözümüzün əvvəlinə qayıdaraq, bugünün daşıdığı məna yükümlülüyünə diqqət çəkmək istərdim: əsərin fakturası elədir ki, günümüz dayaq nöqtəsi - istinadgah kimi iştirak edir sanki.

Tarixçi alim, tanınmış yazar Yunus Oğuzun təbirincə desək, "Keçmişdən gələcəyə nə daşıyırıq?" sualı bu əsərin "mətn-mündəricə"sinə uyğun cavab tapır, həllə qovuşur. Qəbələnin gələcəyindən danışır və o gələcəyin gözəl olacağına inanırıqsa, bu, respublikamızın gözəl gələcəyinə inamı da ifadə etmiş olur - hansısa bir bölgəmiz əlahiddə şəkildə deyil, ümumi inkişaf strategiyası içində görünməlidir. "Qəbələ tarixi", "Qəbələ folkloru", "Qəbələ etnoqrafiyası" işığında təəssürat, qənaət, fikir və ideyalar, professor Qəzənfər Paşayevin üfüqi genişliyini, mövzuya yalnız intellektlə deyil sevgiylə yanaşmasını da aydın şəkildə göstərir.

Kitabın dəyərinə dəyər qatan bir də onun redaktorunun və rəyçisinin kim olması, habelə kitabın hansı nəşriyyatda işıq üzü görməsidir - deyə düşünürəm. Redaktoru akademik Nərgiz xanım Axundova, rəyçisi əslən qəbələli professor Abid Tahirli olan bu maraqlı əsər, məhz "CBS PP" MMC nəşriyyatında işıq üzü görməsi ilə özünəxas anlam daşıyır.

Müəllif, yeri gəldikcə, o qədər örnək ola biləcək ibrətamiz mətləblərdən söz açır ki, əsər çox maraqla oxunur və adamı düşündürür. Faydalı olacağına əmin olduğum üçün bu son dərəcə maraqlı kitabı oxumağı tövsiyə edirəm.

Fikrimi yekunlaşdırarkən, bir daha, ustad alimimizə, ona bu əsəri yazmağa ilham verən xeyirxah və yaradıcı insanlara, əməyi keçən hər kəsə şükranlarımı yetirirəm.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!