Ədəbiyyatın tarixçisi, nəzəriyyəçisi və tənqidçisi - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

 

XIX əsrin sonu, XX əsrin əvvəllərindən (Firudin bəy Köçərlidən) başlayan peşəkar Azərbaycan ədəbiyyatşünaslığı yüz ildən artıq tarixinin, demək olar ki, heç bir mərhələsində mütəxəssis korluğu çəkməmiş, ümumən ədəbiyyatın, xüsusən ədəbiyyatımızın həm dialektikası, həm də metafizikası üzərində dərindən düşünmüş, ayrı-ayrı dövrlər üçün səciyyəvi ideoloji müdaxilələri, subyektiv mövqelər formalaşdıran müəyyən yanlış metodoloji təsirləri aşaraq bu gün cəsarətlə təqdir edə biləcəyimiz kifayət qədər möhtəşəm bir elmi-intellektual, mədəni-mənəvi irs - zəngin milli məfkurə potensialı yaratmışdır ki, onun haqqında danışarkən onlarca görkəmli şəxsiyyətin adını böyük ehtiramla xatırlamaq lazım gəlir: F.Köçərli, S.Mümtaz, B.Çobanzadə, S.Vurğun, M.Hüseyn, H.Araslı, M.Cəlal, M.Arif, Ə.Mirəhmədov, R.Əliyev, M.Təhmasib, M.Seyidov, Q.Kəndli, Ə.Ağayev, P.Xəlilov, Y.Qarayev, İ.Həbibbəyli, R.Hüseynov, T.Kərimli, M.Kazımoğlu, M.Qasımlı... Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Nizaməddin Şəmsizadənin də adı, heç şübhəsiz, bu sırada özünəməxsus yer tutmaqdadır.

Nizaməddin ədəbiyyat haqqındakı elmin hər üç sahəsi üzrə çoxdandır ki, nüfuzlu mütəxəssis kimi tanınmaqdadır. Həm ədəbiyyat tarixinə, həm ədəbiyyat nəzəriyyəsinə, həm də ədəbi tənqidə həsr edilmiş (və hər biri elmi-ədəbi mühitdə maraq doğuraraq geniş müzakirə obyektinə çevrilmiş) kitabları, məqalələri, məruzə və çıxışları elmimizin ona görə ən dəyərli işlərindəndir ki, onlar, bir tərəfdən, ədəbi şəxsiyyətə, hadisəyə, prosesə üzdən deyil, dərindən, həssas, dəqiqiliklə yanaşmaq, ikinci tərəfdən, həmin faktların özünəməxsus vüsəti ilə seçilən mükəmməl ideya- estetik (fəlsəfi!) dərki nümunələridir.

Nizaməddinin indiyə qədər nəşr olunmuş əsas kitablarının sadəcə adlarını çəkmək kifayətdir ki, onun miqyaslı (və keyfiyyətli!) təfəkkürünün meydanı barəsində aydın təsəvvür hasil olsun: "Ədəbi mübahisələr" (1986), "Azərbaycan ideologiyası" (1996), "Azərbaycan ədəbiyyatşünaslığı" (1997), "Türk təfəkkürü məcrasında" (1998), "Hıçqıran gülüşlər" (2002), "Əli Nazim" (2003), "Tənqidin ədəbi prosesdə rolu" (2004), "Böyük nəslin davamçısı" (2005), "Azərbaycançılıq" (2006), "Ədəbi proses və ədəbi nəsil" (2008), "Yazıçı ömrünə uvertüra" (2010), "Ədəbiyyat nəzəriyyəsi" (2012), "Əgər onlar olmasaydı" (2015), "İdrakın üfüqləri" (2019)... Və üç cildlik "Seçilmiş əsərləri" (2008, 2010, 2011).

Azərbaycan ədəbiyyatşünaslığının dəyərli əsərlərini yaratdığına görədir ki, ədəbiyyatşünaslıq da Nizaməddinin alim-mütəfəkkir obrazını yaratmağa ehtiyac duymuş, Şamil Vəliyevin "Azərbaycanşünas alim" (2004), Gülxani Pənahın "Ədəbiyyatdan əbədiyyətə" (2019) monoqrafiyaları, eləcə də "Filosof tənqidçi" məqalələr məcmuəsi (2011) və s. məhz bu ehtiyacdan meydana gəlmişdir.

Əlbəttə, Nizaməddin ilk növbədə fundamental elmi əsərlər - monoqrafiyalar müəllifidir. Ancaq onun bədii əsərlərinə də, görünür, həvəskar yaradıcılığıdır deyib keçmək doğru olmazdı. "Bürkü", "Tüstü", "Duman", "Səma", "Sonuncu daxma", "Reanimasiya" şeir, hekayə və esse kitablarında, kəlamlarında ("Müdriklər bunları deməyib") və "Mən kiməm" fəlsəfi-publisistik romanında Nizaməddin elmi üslubun hüdudlarına sığmayan duyğu-düşüncələrini bədii üslubun (və təxəyyülün) öhdəsinə verməklə çoxşaxəli istedadının daha bir komponentini hərəkətə gətirir. Və belə bir yaradıcılıq sirrinin üstünü açmalı olur ki, ədəbiyyat özünün ən müxtəlif janr təzahürlərində onun üçün təkcə tədqiqat predmeti deyil, ruhunun dolandığı məkan, idrakının pərvaz etdiyi üfüqlərdir.

Professor Nizaməddin Şəmsizadə Azərbaycan ədəbiyyatşünaslıq ictimaiyyətini bu günlərdə nəşr etdirdiyi daha bir mükəmməl elmi əsər - "Orta əsrlər Azərbaycan ədəbiyyatı (bədii-fəlsəfi təkamülü)" ilə sevindirdi. Əsərin xüsusilə üç mühüm məziyyətini ayrıca qeyd etmək istərdik: birincisi, ilk dəfədir ki, Azərbaycan ədəbiyyatı tarixi kontekstində "orta əsrlər" konseptinə aydınlıq gətirilməsinə strateji səviyyədə (və kifayət qədər arqumentli bir şəkildə) cəhd göstərilir; ikincisi, orta əsrlər Azərbaycan ədəbiyyatının əsas cərəyanları, məktəbləri, yaradıcılıq metodları, dövrləri, mərhələləri, şəxsiyyətləri və s. barədəki faktlar, məlumatlar, bu və ya digər məqsədlə aparılmış ayrı-ayrı ümumiləşdirmələr bədii-fəlsəfi təkamül baxımından konseptual olaraq analiz edilir ki, həmin analizin nəticələri bizə Azərbaycan orta əsrlərinin xronoloji (texniki) hüdudlarını yox, ədəbiyyat adlandırdığımız hadisənin ən müxtəlif ideya-estetik zühur imkanlarının ortaya çıxan mənzərəsini versin; və nəhayət, üçüncüsü, müəllif bir ədəbiyyatşünas- mütəfəkkir kimi hərəkət edərək üçdilli Azərbaycan ədəbiyyatının istər ərəb, istər fars, istərsə də türkcə yaradıcılıq aktlarını eyni bir genetipoloji mənbədən - Azərbaycan türk-müsəlman təfəkküründən qaynaqlandığını inandırıcı şəkildə sübut etməyə yaxınlaşır. Və az qala elmi aforizm kimi yaddaşımızı həbs etməkdə olan "ərəb zehniyyəti, fars dili və türk ruhunun əlaqəsi" barədəki mülahizə, görünür, Şərq müsəlman mədəniyyəti haqqında yeni nəzəriyyələrin meydana çıxmasına təkan vermək iddiasındadır.

"Orta əsrlər Azərbaycan ədəbiyyatı"nın olduqca çevik, müəllifin çox hallarda tamamilə yeni olan ideyalarını bütün dolğunluğu ilə əks etdirən strukturu vardır ki, onu ədəbiyyat tarixi uklonlu əsərlərdən xeyli dərəcədə fərqləndirir. Belə ki, dörd hissədən ibarət kitabın "Türk bədii təfəkkürünün yaradıcılıq imkanları" adlanan birinci hissəsində əvvəl ədəbiyyatımızın ümumtürk qaynaqları araşdırılır, sonra "Dədə Qorqud"un nümunəsində türk epos mədəniyyətinin əsas xüsusiyyətlərinin şərhinə keçilir. "Anadilli şeirimizin ilk nümayəndəsi Zübeydə Xatun"dan bəhs edərkən müəllif hər nə qədər çalışırsa ki ədəbiyyat tariximizi daha qədim (və daha etibarlı!) fundament, yaxud pyedestal üzərinə yerləşdirsin, bu cəhd məhz material kasadlığı ucbatından milli təəssübkeşlikdən, eləcə də nəzəri mülahizəçilikdən o yana keçmir... Halbuki məlum (hətta olduqca populyar!) materialın araşdırıldığı "Ərəb və farsdilli Azərbaycan ədəbiyyatı" bölməsində orta əsrləri məhz ədəbiyyat hadisəsi kimi dərk etmək baxımından kifayət qədər dəqiq əsaslı mülahizələr söylənilmişdir.

Doğrudur, Nizaməddin bəzən elmi təxəyyülünün hüdudlarını bədii təfəkkürdəki qədər genişləndirir, ancaq bu halda da onun qənaətləri elmi dəyərini nəinki azaldır, əksinə, daha təsirli, daha nüfuzedici edir; məsələn: "Fars dili "Şahnamə"lər və "Xəmsə"lər yaratdı. Bu, dünya tarixində möhtəşəm ədəbiyyat dövrü idi. Lakin artıq anadilli ədəbiyyat tariximizin qapısını hikkə ilə döyürdü... Fəqət hələ tez idi. Qarşıda Xaqani və Nizami kimi əzəmətli zirvələr var idi... Və biz istəsək də, istəməsək də farsdilli poeziya X-XII əsrlərdə hakimi-mütləq idi. Bunu mərdi-mərdanə etiraf etmək lazımdır". Zahirən (eləcə də bizim ənənəvi ədəbiyyat tarixçiliyimizin mövqeyindən) belə görünə bilər ki, burada müəllif faktın gerçəkliyini təsbit etməklə kifayətlənməli, "kontekst"dən kənara çıxmamalı idi... Ancaq Nizaməddin bununla kifayətlənmiş olsaydı, biz əsərin (və müəllifin ruhunun!) fəlsəfi vüsətindən, təbii ki, danışa bilməzdik.

"Orta əsrlər Azərbaycan ədəbiyyatı"nın ikinci hissəsində "orta əsrlər"in "tarixi-nəzəri konsepsiya və bədii sistem" olaraq şərhi dərinləşdirilməklə yanaşı, Qazi Bürhanəddinin, Nəsiminin (hürufizmin) və Xətainin məhsuldar yaradığıcılığı timsalında onun (Azərbaycan orta əsrləri ideya-estetik konseptinin) panoramı türkcənin hesabına genişləndirilərək öz gerçək hüdudlarını müəyyənləşdirir...

Üçüncü hissədə "söz mülkünün sultanı" Füzulidən bəhs olunarkən Nizaməddin sözünə "...yarım əsrdir ki, "söz gözəlinin nazını çəkirəm" (Füzuli) və bundan qürur duyuram, həzz alıram, usanmıram. Ömrümün əsas günlərini Sözlə söhbətdə keçirirəm, yuxusuz gecələrdə Sözlə baş-başa verib dərdləşirəm... Darıxanda, kədərlənəndə Füzuli Sözünün ətəyinə baş qoyuram" deməklə başlayır. Və dahi şairin üç dildə yazdığı qəzəlləri, qəsidələri əsasında janrın bədii xüsusiyyətlərini müəyyən etdikdən sonra Füzulidə eşq və idrak, türkçülük, islam və sufizm kimi problemlərin şərhinə rəvac verir. Daha sonra isə "dünya ədəbiyyatında məhəbbət haqqında ən dərin mənalı bədii-fəlsəfi əsər olan" "Leyli və Məcnun"u təhlil edir ki, bu təhlil elə "Füzuli Sözünün ətəyinə baş qoymaq"dan başqa bir şey deyil. Şair-mütəfəkkirin simvol və alleqoriya sistemi barədə orijinal olduğu qədər də maraqlı interpretasiyalardan sonra müəllif Azərbaycan poeziyasında Füzuli mövzusuna keçir ki, həmin mövzu da, əslində, ədəbiyyat tarixçiliyindən daha çox fəlsəfi-nəzəri baxışın, müəyyən qədər də esseistikanın predmetidir.

Fikrimcə, aşağıdakı mülahizələr orta əsrlər Azərbaycan ədəbiyyatının son dövrü barədəki təsəvvürlərimizi həm faktik, həm də metodoloji baxımdan zənginləşdirir: "Füzulidən Vaqifə qədər - XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatının bədii-fəlsəfi təkamülündə həm klassik üslubda yazan şairlər, həm epik dastanlar, həm də aşıq şeiri - üç istiqamət əsas rol oynamışdır... Xüsusən üçüncü təmayül Qazi Bürhanəddin, Nəsimi, Xətai, Füzuli yaradıcılığı ilə daşlanıb gələn anadilli şeirin - heca vəzninin zənginləşərək M.P.Vaqif yaradıcılığında büllurlaşmasında, şeirin bədii-fəlsəfi səviyyəsinin yüksəlməsində müstəsna rol oynamışdır.

Bu təmayüllər həm də orta əsrlər ədəbiyyatının bədii-fəlsəfi yekununu hazırlayan mərhələlər kimi nəzərdən keçirilə bilər".

Kitabın dördüncü hissəsi realizmin banisi M.P.Vaqifə həsr olunmuş, belə bir düşündürücü nəticəyə gəlinmişdir ki, "Azərbaycan ədəbiyyatında realizm İntibahın, sufizmin, hürufizmin, Füzuli romantikasının təkamülü ilə yetişib və Vaqif yaradıcılığında bərqərar olub".

Əlbəttə, yalnız ədəbiyyat tarixçiliyimizin, hətta ədəbiyyat haqqındakı elmimizin deyil, ümumən ictimai-fəlsəfi fikrimizin dəyərli əsəri saydığımız "Orta əsrlər Azərbaycan ədəbiyyatı" bir daha göstərir ki, professor Nizaməddin Şəmsizadə Sözümüzün ideya-estetik məğzinə vara-vara ruhumuzun tərcümeyi- halını yazanların ön sıralarında inamla addımlayır... Həm ədəbiyyat tənqidçısı, həm ədəbyyat nəzəriyyəçisi, həm də ədəbiyyat tarixçisi, ümumən ədəbiyyat haqqındakı elmin mütəfəkkiri kimi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!