Saib Təbrizinin qəzəlinin şərhi. "Qırx qəzəl - Qırx şərh" kitabından - Arif BUZOVNALI

 

Olmadı xürşiddən dağlarda rəngin qaşlar,

Gördilər ləli-ləbin qan tərlədilər daşlar.

 

Qıldı peyda hökmi-təqvimi-kühən gül dəftəri,

Açdılar ta çöhrei-dildarımı nəqqaşlar.

 

Qılmadılar sineyi-əfkarımı amacgah,

Əksük etdilər bizimlən ol müqəvvəs qaşlar.

 

Aşiqi-sadiq bilir səngi-məlamət qədrini,

Məxzəni-sultana layiqdir bu yarar daşlar.

 

Günü dündən el, dedim, tərk etməsün yoldaşlığı,

Çün qara oldu günüm, yad oldular qardaşlar.

 

Yol əgər həqdir, çəkər yolsuzdan axır intiqam,

Elə tapşır, çıxdılar yoldan əgər yoldaşlar.

 

Oldu məğlubi-həvai-nəfsi-istilai-əql,

Aldılar hakim əlindən ixtiyar ovbaşlar.

 

Çün könül binur olub mütləq ənan alur həvəs,

Qaş qaralanda çıxarlar yuvadan xəffaşlar.

 

Mehriban olmaz nəsimi-sübhdəm hərgiz sənə,

Şəm tək ta tökməsən, Saib, gözündən yaşlar.

 

 

 

Qəzəlin şərhi

 

1) Olmadı xürşiddən dağlarda rəngin qaşlar,

Gördilər ləli-ləbin qan tərlədilər daşlar.

 

Dağlarda daşlar qaş qaralan zaman günəşdən rəngin olmadılar, sənin dodaqlarının rəngini görüb elə tərlədilər ki, qanları üzə çıxdı.

Şərh: Günəş batan zaman qırmızıya yaxın bir rəng alır. Səhər ilk və axşam son şüaları nəyin üzərinə düşərsə ona bir qırmızılıq verir.

Ləl, rəngi qırmızı olan qiymətli daşlara verilən ümumi addır. Klassik ədəbiyyatda dodaqların qırmızılığına təşbih edilir, rubin, yaqut, mərcan və digər qırmızı daşlar nəzərdə tutulur. Dağların qırmızı rəngə düşməsinə səbəb günəş deyil, sənin al dodaqlarındır. Dağlar sənin dodaqlarını görüb öz qiymətli daşları ilə müqayisə etdilər və xəcalətdən elə tərlədilər ki, içlərindəki qırmızı daşların rəngi üzlərinə çıxdı.

Ləl, irfani termin olaraq həm də sevgilinin sözü və o sözün məna qatlarıdır ki, aşiqin könlünə dolar və onu hədəfə - fənaya doğru sürətləndirər.

İrfan: Təbiət və onun gözqamaşdıran gözəllikləri Yaradanın əmri ilə yarandı və bütün yaranmışlar Ona heyran oldular.

Hikmət: İnsan varlıqların mahiyyətini və məğzini öyrənərək yaranışın sirrinə çata bilər.

 

2) Qıldı peyda hökmi-təqvimi-kühən gül dəftəri,

Açdılar ta çöhrei-dildarımı nəqqaşlar.

 

Elə ki, nəqqaşlar dildarımın çöhrəsini açdılar, kühən təqviminin hökmü ilə gül dəftəri peyda oldu.

Şərh: Kühən, rəvayətə görə, Həzrət Musa və qardaşı Harunun oğullarına Allah tərəfindən ehsan edilmiş "kahinlik" statusudur. İlk zamanlarda yalnız yəhudilərə aid olub, sonrakı dövrlərdə isə bütün rahiblərə şamil edilib.

Kahin təqvimi deyildikdə bir ayda ibadətlərə başçılıq və sahiblik edən ailələrin sıralaması və ibadət cədvəli nəzərdə tutulur. Belə ki, bir aylıq ibadətdə iyirmi dörd ailə ev sahibliyi edir. Altı-altı dörd həftəyə ölünən ailələr hər gün bir ailə idarəsində dini ayinləri yerinə yetirir və yalnız həmin həftənin ayinlərini icra edən altı ailə bir yerdə "şabat"ı idarə edir. Kühən təqvimləri gül şəkilləri ilə bəzədilər, bəzən ailələr təqvimdəki adları olan yerə müxtəlif bəzəklər vurardılar.

Əgər nəqqaşlar sevgilimin üzündəki niqabı götürsələr, kahin təqvimindəki rəngbərəng gülləri görərlər. Dildarımın üzü güllər qədər tər və gözəldir. Burada "çöhrəsini açmaq" dəftəri vərəqləmək, təqvimi çevirmək mənasında işlədilib.

İrfan: Aşiq üçün dünyadakı bütün gözəlliklər sevgilisinin ali gözəlliyinin solğun surətidir.

Hikmət: İnsan üçün bütün qanunlar İlahi qanunların surəti olmalıdır, əks halda qanunların maddi qüdrəti qalar, mənəvi gücü gedər.

 

3) Qılmadılar sineyi-əfkarımı amacgah,

Əksük etdilər bizimlən ol müqəvvəs qaşlar.

 

Qövs qaşlar dərdli sinəmi nişan almadılar, bizimlə rəftarı əskik etdilər.

Şərh: Qövs tam çevrənin yarısıdır, yəni sevgili bizimlə qaşları kimi yarımçıq rəftar etdi, işini sona çatdırmadı.

Qaş ox atan "yay"a bənzəyir. Sevgili fikrini cəkən dərdli ürəyimi yay qaşları ilə nişan almadı.

İrfan: Məşuqun bir gözucu baxması da aşiqə bəs edər, sevgilisindən diqqət görməmək aşiqə böyük dərddir.

Hikmət: Ən kiçik diqqət belə insanın ruhuna əsər edər, onun dərdini yüngülləşdirər.

 

4) Aşiqi-sadiq bilir səngi-məlamət qədrini,

Məxzəni-sultana layiqdir bu yarar daşlar.

 

Sadiq aşiqlər onlara atılan məlamət daşlarının qədrini bilirlər, bu daşlar sultanların xəzinəsinə layiqdir.

Şərh: Daşlamaq qədim dövrdən qalma bir adətdir. Cəmiyyətə əks gedənləri, qanunlara tabe olmayanları sürgün edərkən, qəbilədən qovarkən onlara daş atardılar. Xüsusən də uşaqları bu işə təhrik edib əylənərdilər. Şair məzəmmət edilməyi daşlanmağa bənzədir. Aşiqlər cəmiyyətin içində hal və hərəkətlərinin fərqliliyinə görə, cəmiyyət qanunlarına, adətlərə uymadıqlarına, bəzən əks getdiklərinə görə həmişə məzəmmət ediliblər. Bu daşların qiyməti onların ağrı verdiyini bilə-bilə yolundan dönməmək, həqiqəti ayağa verməməkdir. Bir cəmiyyəti, nəticədə dünyanı dəyişə biləcək həqiqətlər qədər dəyəri olan bu daşlar ancaq sultanların xəzinəsində olan daşlarla müqayisə edilə bilər və onların qədrini sultanlar bilər.

Burada "sultan" deyərkən şair həqiqət yolunda böyük əzablar çəkmiş arifləri nəzərdə tutur.

İrfan: Aşiqlərin iztirabını yalnız bu yolu keçənlər bilər və bu təcrübələr eşq əhli üçün çox qiymətlidir.

Hikmət: İnsanlar yalan və riyanı cəmiyyətdən uzaqlaşdırmaq üçün mütləq qurbanlar verməlidir. Bu qədər itki bahasına eldə ediləcək yeni cəmiyyət bir daha geriyə dönməmək üçün keçdiyi əzablı yolu və verilən qurbanları unutmamalıdır.

 

5) Günü dündən el, dedim, tərk etməsün yoldaşlığı,

Çün qara oldu günüm, yad oldular qardaşlar.

 

Dünəndən deyirdim ki, el yoldaşlığı tərk etməsin, çünki qara günümdə qardaşlar mənə yad oldu.

Şərh: Yoldaşlıq bir əqidədə eyni yolu getmək və eyni törə ilə yaşamaqdır. Bu baxımdan insanlar qardaş olsalar belə, ayrı-ayrı əqidə və düşüncədə olunca bir-birinə yad münasibət bəsləyə bilirlər.

Dünəndən (çoxdan) deyirdim ki, el bir əqidəyə xidməti, eyni qanunlarla idarə edilməyi və eyni yolda yürüməyi tərk etməsin. Cünki qara günümdə, dar günümdə mənimlə eyni düşünməyib, eyni niyyətdə olmayanlar qardaşım belə olsalar mənə yad oldular.

İrfan: Fikir birliyi, əqidə birliyi olmayan yerdə qan birliyi gücsüzdür.

Hikmət: İnsan mənəvi məqamlarda birləşmədən maddi birliyə gedərsə, uğursuzluğa düçar olar və uduzar.

 

6) Yol əgər həqdir, çəkər yolsuzdan axır intiqam,

Elə tapşır, çıxdılar yoldan əgər yoldaşlar.

 

Əgər yoldaşlar yoldan çıxıbsa elə tapşır ki, yol əgər haqq yoldursa, yolsuzdan bir gün intiqam alacaq.

Şərh: Haqq yol birdir, iki ola bilməz. Bu səbəbdən haqq yoldan çıxanlar mütləq şəkildə batil yola düşmüş olurlar. Əyri yolda olanlar həm dünyada, həm də axirətdə cəzalanacaq.

Bizimlə bir əqidəni bölüşənlər içində haqq yoldan ayrılanlar varsa, onlara deyin: Haqq yolun sahibi axır bir gün onlardan intiqam alacaq.

İrfan: Əlində olanı itirməsi qədrbilməyənlərin ən böyük cəzasıdır.

Hikmət: Doğru olmaq çətindir, amma sonu yaxşıdır. Əyri olmaq asandır, amma sonu pisdir.

 

7) Oldu məğlubi-həvai-nəfsi-istilai-əql,

Aldılar hakim əlindən ixtiyar ovbaşlar.

 

Aşağı sinif adamlar ağlın istila nəfsinin havasına məğlub olan hakimin əlindən ixtiyar aldılar.

Şərh: Ağıl tədbir mexanizmidir. Ağlın insana xidməti onun həyat fəaliyyətini təmin etmək və qorumaqdır. Bu xətti keçərsə, onun gücü çatmadığı yerlərdə sınanarsa, nəfsin hakimiyyəti altına düşər və zamanla haram fəthlərə aludə olar. Cəmiyyəti idarə edən hakim də nəfsinə məğlub olsa, əsir olsa, alçaq və rəzil adamların əlinə fürsət düşər və xainlər cəmiyyətdə ixtiyar sahibi olarlar.

İrfan: Ağıl insanı cəmiyyətin içində idarə edən, onu hörmət və şərəf sahibi edən qüdrətdir. Əgər şəhvani hisslər ağılı əsir edərsə, ağıl onların köməkçisinə çevrilərsə, rəzil və çılız hisslər insan vücuduna hakim olar və sahibini hörmət və nüfuzdan salar.

 

Hikmət: Heç bir halda insançün nəzərdə tutulan hədlər və ölçülər pozulmamalıdır. Bu pozuntu əxlaqın aradan getməsinə səbəb olar.

 

8) Çün könül binur olub mütləq ənan alur həvəs,

Qaş qaralanda çıxarlar yuvadan xəffaşlar.

 

Könlüm nursuz qaldığı üçün çox həvəsə düşənlər var, qaydadır yarasalar qaş qaralanda yuvalarından çıxarlar.

Şərh: Bütün pis işlər gecənin zülmətində baş verər, qaranlıq rəzil insanlara meydan açar. Könlümü qaranlıq görən şəhvət gizləndiyi yerdən çıxmağa və könlümü zəbt etməyə hazırdır. Necə ki, qaranlıq düşəndə yarasalar yuvasından çıxar.

İrfan: İnsan Allah eşqi və zikri ilə yaşadıqca onun könlü nurla dolar, bütün şeytanı qüvvələr o işıqdan qaçıb gizlənər və haqq yolda gedən salikə mane ola bilməzlər. Kiçik bir şübhəyə düşən eşq yolçusu bir anda könlünü zülmətə qərq edər və fürsət axtaran qara niyyətlər ortaya çıxar və salikə hakim kəsilər.

Hikmət: İnsan daim diqqətli olmalı, təkcə görünən təhlükələrdən deyil, görünməyən təhlükələrdən də özünü qoruya bilməlidir.

 

9) Mehriban olmaz nəsimi-sübhdəm hərgiz sənə,

Şəm tək ta tökməsən, Saib, gözündən yaşlar.

 

Ey Saib, gecələr şam kimi göz yaşlarını tökməsən, səhər mehi sənə əsla mehriban olmaz.

Şərh: Şam yanarkən əriyən mum göz yaşı kimi süzülər və yandığı müddətcə ara verməz.

Ey Saib, bütün gecəni şam kimi ağlamasan, səhər küləyindən əsla mehribanlıq görməzsən. Necə ki külək şamı söndürər, o cür də sübhün işığı sənin ağlamağına son verər, səni muradına çatdırar.

İrfan: Bir şam qədər işığın qədrini bilməsən, əsla günəş nuruna yetişə bilməzsən.

Hikmət: İnsan, həyatının ən qaranlıq zamanında da ümidli olmalı və mübarizədən, sabaha inamdan vaz keçməməlidir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!