Nizami Gəncəvinin kamilliyə gedən yolda ilk nəsihəti - Nadir YALÇIN

"Adəmin yaradılması haqqında" məqalə və "Ümidsiz padşahın bağışlanmasının dastanı" hekayəsi haqqında qeydlər

 

Nizami Gəncəvinin söz mülkünə səyahət etmək, onun məna ümmanına baş vurmaq oxucunun mənəvi aləmini nə qədər zənginləşdirirsə, bu xəzinə haqqında mülahizələr aparmaq bir o qədər müşkül məsələdir. Nizami Gəncəvinin poemalarında eyni andan bir neçə bəşəri məsələlərə toxunulur və bu məsələlər elə ustalıqla, bədii sənətkarlıqla ifadə olunur ki, oxucu bu fikir ümmanına baş vurmaqla yanaşı, həm də estetik zövq alır. Nizami yaradıcılığı oxucunu qüsurlarından arındırmaq üçün mənəvi güzgüdür. Əgər ədəbiyyat həyatın bədii inikasıdırsa, Nizami də bu inikasın ən böyük ustasıdır. Nizami Gəncəvi yaradıcılığı həyatın özüdür. Realizmlə romantizm onun yaradıcılığında qarşılıqlı vəhdətdədir.

Təkcə "Sirlər xəzinəsi" poeması gələcək ədəbiyyat üçün əsas mövzu bazası rolunu oynayıb. Hansı ki, XXI əsr müasir Azərbaycan ədəbiyyatında da Nizami mövzuları aktualdır və onun dəst-xətti hələ də hiss olunur. Əruz vəzninin səri bəhrində qələmə alınan, vahid süjet xəttinə malik olmayan bu poema ədəbiyyatımızın ən gözəl didaktik nümunəsidir. Burada dövrün ictimai-siyasi vəziyyəti, əməyin ucalığı, ədalətin  mütləqliyi haqqında bəşəri-fəlsəfi fikirlər yer alıb. "Sirlər xəzinəsi" poeması yalnız hikmətli sözlərin, nəsihətlərin diktəsindən ibarət olsaydı, belə maraq doğurmazdı. Nizami böyük ustalıq nümayiş etdirərək oxucuya ötürmək istədiyi mesajı hansısa hadisənin timsalında qələmə alıb və ortaya qoyulan məsələ oxucu üçün daha da aydınlaşsın deyə, hekayətlərdən əvvəl müqəddimə xarakterli məqalətlər təqdim edib. "Sirlər xəzinəsi" poeması iyirmi məqalət və uyğun olaraq iyirmi hekayətdən ibarətdir. Vahid süjet xətti olmasa da, iyirmi hekayət arasında məna əlaqəsi ustalıqla gözlənilib. Hekayətlərin ardıcıllığı da təsadüfi deyil. Hər biri birlikdə, bütöv tam kimi "Kamil insan necə olmalıdır?" sualına cavab verir.

"Sirlər xəzinəsi" poeması bir çox şəxslər tərəfindən həm filoloji, həm də bədii tərcümə olunub. Ən qiymətli filoloji tərcümələrdən biri də şərqşünas alim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Harvard Universitetinin fəxri doktoru Rüstəm Əliyevə məxsusdur.

Birinci məqalə "Adəmin yaradılması haqqında"dır. Professor Tərlan Quliyev qeyd edir ki, bütövlüklə Şərq ədəbiyyatında "Bismillahir-Rəhmanir-Rəhim" ifadəsini poeziyaya gətirən ilk şair Nizami Gəncəvidir. "Sirlər xəzinəsi" poeması bu sözlərlə başlayır:

 

"Bismillahir-Rəhmanir-Rəhim,

Həst kəlide-dəre-gənce-həkim.

 

(Həkimlər xəzinəsinin qapısının açarıdır)

 

Bu məqalənin də mövzusu "Quran" motivlərinə dayanır. Şeyx Nizami ilk insan - Adəmin yaradılması haqqında "Quran"da yer alan ayələrdən qaynaqlanıb. Amma təbii ki, şairin əsas məqsədi bu hadisəni nəzmə çəkmək deyil. Məqalənin əsas mahiyyəti insanlara Adəm peyğəmbərin başına gələnlərin qismində bir çox mətləbləri aşılamaqdır. Birinci məsələ odur ki, Nizaminin yaradıcılığında təsəvvüf ruhu, sufizmin və hürufizmin bəzi konsepsiyaları cəmləşib. O, insanı Allahın varlığının bir sübutu hesab edir:

 

"O zamanlar ki, eşqə pərəstiş etmirdilər,

Yoxluqda da varlığın sədası yox idi".

 

Yəni Adəm yer üzünə göndərilməmişdən əvvəl varlığın təcəssümanı yoxluqdan ibarət olan dünyada yox idi, eşqə pərəstiş insanla bağlıdır, insan varsa, eşq var. Adəm yer üzünə gələndən sonra uca varlığın hökmü yer üzündə də bərqərar oldu. Nizami digər beytlərdə Adəmi insan olduğu üçün bəxtəvər adlandırır. Çünki əgər göydə pərilərin sonuncu övladı idisə, yerə göndərilməklə bəşərin birincisi oldu. Burada Nizami hər bir baş verən hadisədə yaxşı nəticə axtarmağı, Şükr etməyin vacibliyi çatdırır. Təbii ki, şükranlığın aşılanması ilə yanaşı, Adəmin tabelikdən çıxıb cənnətdən yerə göndərilməsini də bir növ onun bədbəxtliyi adlandırır:

 

"Əgər belə deyilsə, nə üçün uca göylər

Sənin kimi şəhər məhbusunun

            şəhər qapılarını açdı?".

 

Nizami digər bir beytdə belə yazır:

 

"Xilqətin sərhədi onun bazarı olub,

(Allahın) bakirə qüdrəti

            onun işində təzahür edib".

Adəmin insan cildində yer üzünə göndərilməsi Allahın hələ istifadə etmədiyi qüdrəti idi ki, bu hadisə ilə hasil oldu. Nizami bununla insana verdiyi dəyəri göstərir. Ümumiyyətlə, bu məqaləti 3 hissəyə bölərək izah etmək mümkündür, yəni Nizaminin 3 niyyəti olub: 1) İnsanın Allah qatında necə dəyərli olduğunu Adəm peyğəmbərin timsalında təsvir etmək və onun yer üzünə göndərilməsinin heç də pis hadisə olmadığını sübut edib bunda da bir hikmət axtarmaq; 2) Adəmin öz nəfsi ucbatından başına gələnləri təsvir etmək, "nə var ona qane olmaq lazımdır" fikrini oxucuya çatdırmaq; 3)Bu hadisələrin timsalında insanlara ibrət dərsi verib onların aqilləşməsinə nail olmaq.

Nizami Adəmin nəfsinə güc gələ bilməməsini belə təsvir edir ki, Adəm arpa ola-ola ona qane olmayıb buğdanı seçdi. Elə bir buğda ki, heç onun üçün Allaha Şükr etməyə də dəyməz və Adəm buğda kimi çılpaq şəkildə yerə göndərildi. Arpanın dərdindən torpağa qatlaşmalı oldu:

 

"Ey yolunda can damarı itmiş (insan),

Sənə tələ haman buğda dənəsi oldu".

 

"Sirlər xəzinəsi" poemasını yüksək səviyyədə təhlil edən alimlərdən biri də filologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacıdır. O, "Sirlər xəzinəsi"nin hər beytinə xüsusi yanaşıb. Məqalənin bir beytində türk adı çəkilib. Nizami Adəm barəsində belə yazır:

 

"O, Ay kimi Xətay türkü oldu,

Və xəta zülfünü papağının altında gizlətdi".

 

Siracəddin Hacı bu beytə belə şərh verir ki, Xətay bölgəsi Çində yerləşir və orada türklər yaşayır. Adəm Allah tərəfindən bağışlanandan sonra üzü Xətay türklərinin üzü kimi nurlandı.

Nizami Adəmin bu günahından sonra tövbə etməsini təqdirəlayiq hesab edir və insanlara tövbə etməyin vacibliyindən söhbət açır:

 

"Günahkar üçün ən yaxşı (əməl) üzr istəməkdir,

Adəm üzr istəyərək o (yüksək) məqama çatdı".

Nizami yüksək məqam deyəndə peyğəmbərliyi nəzərdə tutur. O, insanların kamilləşməsi naminə öz məsləhətləri ilə məqaləni yekunlaşdırır, insanları ürəkli, cürətli, alçaqkönüllü, yalnız Allahdan mədət uman, şükran olmağa çağırır.

 

"Ümidsiz padşahın

bağışlanmasının dastanı"

 

"Adəmin yaradılması haqqında" adlı məqalədə Nizami Gəncəvi dünyada insanın mahiyyətini, nəfsin törətdiyi fəsadları və tövbənin vacibliyini oxucuya çatdırır. Bu məqalə hekayə üçün bir hazırlıq mərhələsi idi. Sanki məqalədə ümumnəzəri toxunulan məsələlər hekayədə hadisənin təsviri ilə əyaniləşir. "Ümidsiz padşahın bağışlanmasının dastanı"nda ortaya qoyulan məsələ odur ki, insan öz günahlarını etiraf etməli, bağışlanmasını diləməlidir, təkəbbür insanı məhvə sürükləyir.

Hekayədəki hadisə bir adil insanın yuxusunda baş verir. Həmin adil kəs yuxusunda bir zalımı görür və gördüyü pis işlər qarşılığında Allahın ona hansı cəza verdiyini soruşur. Birinci məsələ odur ki, bu hadisələrin yuxuda baş verməsi təsadüfi deyil. Yuxuda insan nə bu dünyada olur, nə o dünyada, yuxu iki dünya arasında bir körpüdür ki, bu dünyada qalan adil insan o dünyada olan zalım insanla həmsöhbət ola bilir. Nizami burada hekayənin reallıqdan tam kənara çıxmaması üçün hadisələri yuxuda cərəyan etdirir, çünki yuxuda bütün ağlasığmaz, qeyri-real hadisə baş verə bilir.

Zalım padşah Allahın dərgahına gedərkən mədət ummağa kimsə axtarır, amma hamı ondan üz döndərir. Zalım padşah Allahın qarşısında öz günahlarını etiraf edir və ondan bağışlanmasını xahiş edir. O, "Ya məni odla cəzalandır, ya da hamının əksinə iş tut" deməklə hər şeyin yaradanın iradəsindən aslı olduğunu qəbul edir. Onun bu tövbəsi Allahın dərgahında qəbul olunur.

Nizami bu hekayədə insanın təkəbbürlü olduğunu da önə çəkir. Çünki zalım padşah bu dünyadaki pis əməllərinin fərqinə varmır, öz günahlarını təkəbbürü naminə etiraf etmir, yalnız dünyasını dəyişəndən sonra bağışlanmasını rica edir. Uca Allah ondan öz rəhmini əsirgəmir, zalım padşahın xəcalətini görüb onu əfv edir. Nizaminin vermək istədiyi mesaj odur ki, nə qədər gec deyil bu dünyada zalımlıqdan əl çək, tövbə et ki, Allah qarşısına üzüqara getməyəsən. Digər tərəfdən, şair yaradanın sonsuz səxavətini ön plana çəkir.

Nizami hekayəni öz nəsihətləri, hikmətli fikirləri ilə tamamlayır, insanları yaxşı əməl etməyə çağırır:

 

"Bu köhnə cırıq xalçanı ver getsin,

Günaha bulanmış ətəyin haqqında fikirləş".

 

Ümumiyyətlə, Nizami Gəncəvi yaradıcılığı bütünlüklə aforizm, ibrətamiz deyimlərdən ibarətdir. Məsələ odur ki, Nizami bədii sənətkarlıq nümayiş etdirərək bu fikirlərini hansısa hadisənin fonunda təqdim edir. İyirmi hekayə içində məhz bu problemin birinci ortaya qoyulması təsadüfi deyil. İnsan əvvəlcə bütün günahlarından arınmağı bacarmalıdır. Nizaminin arzusunda olduğu kamil insan digər lazımi kefiyyətləri qazanmamışdan əvvəl mütləq saflaşmalıdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!