H.Cavidin 1912-ci ildə Tiflisdə yazdığı "İştə bir divanədən bir xatirə" şeirini oxuyarkən iki sual ortaya çıxır: əsər hansı metoda aid edilməlidir? Və lirik qəhrəmanın inkişaf və təkamül mərhələləri necə təyin edilməlidir?
Tədqiqatçılar bu şeiri də romantizm metoduna aid edirlər. Ümumiyyətlə, H.Cavidin romantik şair, hətta Azərbaycan ədəbiyyatında romantizmin banisi hesab edilməsi ən azı şübhə doğurur. Birincisi, necə olur ki, bütün xalqların ədəbiyyatında romantizm realizmindən əvvəl gəldiyi halda, Azərbaycan ədəbiyyatında o, realizmdən sonra gəlir? İkincisi, XX əsr ictimai həyatında hansı hadisələr romantizmin yaranmasına şərait yaratmışdır? Bu suallara cavab vermək o qədər də asan deyil.
Hüseyn Cavidin romantik şair olmasını təsdiqləmək üçün bəzən onun aşağıdakı beytini misal gətirirlər.
Bən fəqət hüsni-xuda şairiyim,
Yerə enməm də, səma şairiyim.
Bu zaman heç fərqinə varmırlar ki, bu sözlər birbaşa şairin deyil, onun qəhrəmanının - Peyğəmbərin sözləridir və eyniadlı əsərdən götürülmüşdür. Qəhrəmanın sözünü isə həmişə müəllifə aid etmək olmur. Peyğəmbərin dilində bu sözlərin romantizmə heç bir aidiyyatı yoxdur. Onun dilində səma şairiyəm peyğəmbərəm deməkdir.
XX əsr ədəbiyyatında romantizmin mövcudluğu məsələsi ilk dəfə olaraq rus sovet alimləri tərəfindən ortaya atılmışdır. Sosrealizmə haqq qazandırmaq, onu klassik ənənəyə bağlamaq və onun məntiqi davamı kimi qələmə vermək cəhdi ona gətirib çıxarmışdı ki, sosrealizm özündə həm romantizmi, həm də realizmi ehtiva edən metod kimi qələmə verilmişdir. Bununla da sosialist inqilabının romantikasından, inqilabi romantizmdən söz açılmışdır. Azərbaycan ədəbiyyatşünasları da bu müddəanı rəhbər tutaraq, Cavidi romantik şair hesab etmiş və bununla da şairi inqilabi ideyaya yaxınlaşdırmaq istəmişlər. İndi müstəqillik dövrü ədəbiyyatşünaslıq elmimiz Cavidin poetikasına yenidən baxmalı və hər şeyi öz yerinə qoymalıdır.
Bəs Azərbaycan ədəbiyyatında romantizmi harada axtarmaq lazımdır? Hər halda onu XX əsrdə deyil, XIX əsrin 30-40-cı illərində axtarmaq daha məqsədəuyğundur. Müasir ədəbiyyatşünaslıq elmimizdə Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyasının yaradılmasının böyük aktuallıq kəsb etdiyi biz zamanda bu məsələ də az əhəmiyyət daşımır. Romantizmi biz gənc Axundovun, Bakıxanovun, Vazehin, Qutqaşınlının yaradıcılığında axtarmalıyıq.
Azərbaycan ədəbiyyatı özünün bütün mərhələlərində dahi şair və yazıçıların yaradıcılığı ilə təmsil olunmuşdur. Bu mənada Azərbaycan ədəbiyyatı son dərəcə zəngin milli ədəbiyyatdır. Ona görə də mümkün deyil ki, romantizm dövrü kimi vacib bir mərhələ Azərbaycan ədəbiyyatında olmasın, ya da realizmdən sonrakı dövrə təsadüf etsin. Deyə bilərlər ki, bu, Azərbaycan ədəbiyyatının milli xüsusiyyətidir. Lakin elə şeylər var ki, onlar milliyyətindən asılı olmayaraq bütün xalqlara və bütün mədəniyyətlərə xasdır. Məsələn, afrikalı uşaqlar skandinaviyalı uşaqlardan rənglərinə görə fərqlənirlər. Bu, onların milli xüsusiyyətidir. Lakin həm afrikalı, həm avropalı uşaqlar eyni cür doğulur, eyni cür böyüyür və eyni cür qocalırlar. Bu, ümumi fizioloji xüsusiyyətdir ki, bütün canlılara aiddir.
Ədəbiyyat və incəsənət də canlı ruhi hadisədir və onun da uşaqlığı, gəncliyi və qocalığı vardır. Bu mənada romantizm öz pafosuna və çılğınlığına görə daha çox gənclik dövrünü xatırladır. Realizm isə dərrakəliliyi, təhlilə meyili ilə daha çox ahıllığa bənzəyir. Odur ki, ahıllıq gənclikdən əvvəl gələ bilmədiyi kimi, realizm də romantizmdən əvvəl gələ bilməz.
Azərbaycan ədəbiyyatının XIX əsrin 30-cu illərinə aid olan bir əsərinə fikir verək. Bu, İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" əsəridir. Alimlərimiz, nədənsə, bu əsəri sentimentalizm metoduna aid edirlər. Sentimentalist qəhrəman, adətən hüznlü, zavallı, qəlb dünyasına qapılmış şəxs kimi təsvir olunur. Rus yazıçısı Karamzinin sentimentalist povesti "Zavallı Liza" adlanır. Qutqaşınlının qəhrəmanı Rəşid bəy isə cəngavərdir. O, əlində silah quldur dəstəsinin üzərinə hücun edir, vuruşur və onların əlindən girov götürdükləri Mərdanı xilas edir. Sonra da öz sevgilisini qaçırır və meşədə ildırımlı bir gecədə yolu azır, səhər özlərini bir dərədə görürlər. Bu vaxt onlara ova çıxmış Mərdan rast gəlir və onları öz evlərinə qonaq aparır və s. Bütün bunlar əsl romantizm poetikasına xas olan məqamlardır. "Rəşid bəy və Səadət xanım" əsəri özünün bütün əlamətlərinə görə məhz romantik əsərdir. Belə olan halda biz nə səbəbdən romantizmin ilk nümunələrini XX əsr ədəbiyyatında axtarmalıyıq?
Onda bəs H.Cavidin XX əsrin əvvəllərində yazdığı əsərləri - "İstə bir divanədən bir xatirə", "Şeyx Sənan", "İblis" əsərlərini biz hansı metoda aid etməliyik? Aydın məsələdir ki, bu əsərləri realizm metoduna aid etmək çətindir. Onda modernizm və postmodernizm metodları haqqında düşünmək qalır. "İstə bir divanədən bir xatirə" əsəri özünün bütün əlamətlərinə görə sırf modernist əsərdir. Modernizmin əsas şərti və tələbi, onun, necə deyərlər, fəlsəfəsi əski ehkamların, əski idealların, əski həqiqətlərin, əski təəssüzatların inkarı və dəf edilməsindədir. Bütün bunlara bu şeirdə rast glmək olar. Əsər məhz bu məqama - əskiliyin inkarına köklənmişdir. Bu da asan məsələ deyil. Odur ki, bütün əskiliklərdən imtina edən lirik qəhrəman divanəyə çevrilir.
Sormayın əsla kimim bən? Ya nəyim?
İndi bən bir qayğısız divanəyim.
Şair lirik qəhrəmanın həyatını ta ki ilk günlərindən, körpəlik çağlarından, hətta dünyaya gəlməmişdən başlayaraq, onun divanəliyinə qədər təsvir edir ki, bu da məhz modernist təsvir ruhunda həyata keçirilir. Lirik qəhrəmanın keçdiyi həyat yolunun əsas mərhələləri qeyd olunur. Bu yolun ilk mərhələsi qəhrəmanın hələ həyatda olmadığı dövrə aiddir ki, bu da heçlik dövrü adlandırılır.
Bir zamanlar mən ənisi-yar idim,
Əhli-məna, məhrəmi-əsrar idim.
Gülşəni-vəhdətdə həp şamü səhər,
Seyr edərdim qayğısız, azadəsər
Bixəbərdim... sevməyirdim xilqəti.
Bilməyirdim çünki mövcudiyyəti.
Heçlik, ah... ən xoş dəmi-sümtü süküt,
Bir gözəl cənnətdi, heyat!.. Ən zəbun,
Ən dəni bir hiss, əvət bir kor buğa
Ruhumu yoxluqdan atmış varlığa.
"Gülşəni-vəhdət" lirik qəhrəmanın bir fərd olaraq mövcud olmadığı dövrə işarədir. Fərdin atayla vəhdət halında olması, yəni hələ həyatda mövcud olmaması, heçlik dövrü "gözəl cənnət"ə bənzədilir. Yoxluqdan varlığa düşmək, mövcud olmaq - bu, artıq lirik qəhrəmanın həyatdakı keşməkeşli mövcudluğu mərhələsidir. Onu yoxluqdan varlığa atan "ən dəni bir hiss, əvət bir kor buğa" olmuşdur ki, bunun da nəticəsində o, ana bətninə düşür, yəni artıq mövcud olur. Bu da yəqin ki, şəhvətə, ehtirasa işarədir ki, onu da şair "kor buğa" adlandırır. Ana bətni ona kiçik məhbəs kimi görünür.
Bir zaman baxdım ki, yox nuri səfa,
Bir kiçik məhbəsdəyim: zülmətnüma...
Növbəti mərhələ köprənin dünyaya gəlməsidir ki, o da belə təsvir olunur:
Sonra gördüm başqa bir aləmdəyim,
Bir yığın insan üçün əyləncəyim.
Bu dövr lirik qəhrəman özünü "kiçik Məcnun" adlandırır ki, bu zaman onda "ağlamaqdan qalmamışdı hal". Körpəliyi uşaqlıq dövrü əvəz edir və lirik qəhrəman özünü artıq "qayğısız, azadə bir növzad" kimi görür.
İştə bir məsum idim, azadəsər,
Uçmaq istərdim müzaffər, nəşəvər.
Bu dövr də keçib gedir və lirik qəhrəman "kəsbi-irfan etməyə" cəhd edir və elmə üz tutur.
Çırpınırdım daima ürfan üçün,
Heç sanırdım ömrü bir nadan üçün.
Fəzlü ürfan əhlinə heyran idim.
Elm üçün başdan keçər insan idim.
Elmə qoşmaq, həyatı, dünyanı dərk etmək, öyrənmək onun amalına və həyatının mənasına çevrilir. Lakin bunun da sonu çatır.
Aqibət, bir gün yoruldum, inlədim;
Sonra küskün ruhumu həp dinlədim.
Elmdən, savaddan imtina onunla izah olunur ki, lirik qəhrəman bütün bildiklərinin hamısının əski olduğunu anlayır, onların yeni həyatın dərkində gərəksiz olduğunu başa düşür.
Artar ikən iztirabım anbaan,
Xeyli daldım... bir də baxdım nagahan
Əski bütlər qalmamış, həp qırmışam,
Uçmuş əqlim, büsbütün çıldırmışam.
Gözlərimdən qaldırılmış pərdələr.
Baxdım, ağlar gördüyüm hər şey gülər.
Budur modernist nihilizm, hər şeyin inkarı, əqlin əski yüklərdən azad olaraq saflaşması, dünyaya saf nəzərlərlə baxılması. Modernizmin əsas amalı və fəlsəfəsi məhz bu cür inkardan ibarətdir. Müdriklik əski həqiqətlərin inkarından sonra başlanır ki, bu da divanəlik kimi təzahür edir - müdrik divanə, ya da divanə müdrik. Yeni həqiqətləri dərk etməmiş, əski həqiqətlərin puç olduğunu görən idrak divanəlik həddinə çatır. Əski həqiqətlər nəyinsə, hansısa yeni həqiqətin naminə deyil, yalnız onların səhv olduqları üçün inkar edilir. İnkar olunanın yerinə qoyulası yeni həqiqət olmur. Modernist inkar məhz bu cür inkardır. Əski həqiqətlərin inkarı ilə yanaşı, yeni həqiqətlərin tapılması və təsdiqi bu, artıq postmodernist düşüncənin işidir.
Əski hissiyyat ərimiş sərbəsər,
Əski "mən"dən heç bulunmaz bir əsər.
Bu, əqlin saflaşması hadisəsidir. Saf nəzərlərlə baxanda xilqət lirik qəhrəmana özü divanə kimi görünür. Xilqət qəhrəmanı, qəhrəman da xilqəti divanə kimi görür.
Daima miskin, düşünməz, sərsəri,
Bir çürük xülyaya heyran əksəri.
Modernist düşüncə nöqteyi-nəzərindən bəşəriyyət əski vərdişlərin, həyat, dünya və özü haqqında əski təsəvvürlərin girovuna çevrilmiş kimi görünür. Modernist düşüncə bəsəriyyəti bu girovluqdan azad etmək missiyasını güdür. Bu məqamda şair bəşəriyyətin keçdiyi tarixi yolu, tarixi aldanışı təsvir edir. Totemizdən başlayaraq dünyəvi dinlərin yaranmasına qədər keçilən qavrayış yolunun hamısı aldanış kimi görünür lirik qəhrəmana.
Gah übudiyyət edib yıldızlara,
Gah əyilmişlər dilarə qızlara.
Başdan-başa aldanış kimi görünən orta əsrlər düyagörüşü tənqid atəşənə tutulur. Bütpərəstlər də, Məcnun da bunların içində gedir. Sonra dahilər, yəni peyğəmbərlər gəlirlər dünyaya. Onlar da hamını vahid Allaha inanmağa çağırırlar.
Duysa bir şey, həp o dahilər duyar.
Sonra onlar xəlqi eylər hissədar.
Xalq isə xaliqdən bixəbər, dahilərin dediklərinə inanır. Peyğəmbərlər isə bəşəriyyətin dərdini çəkən xadimlər olmuşlar. Hər biri dünyaya müqəddəs bir kitab bəxç edib getmişdir. Onların bir-birindən fərqi olsa da, bir yolun yolçuları olmuşlar, bir haqqa səcdə emişlər.
Onlardan sonra dünyaya "quldurlar", yəni məzhəb çıxaranlar gəlmişlər ki, onların da hər biri yeni din icad edib, onun yolunda vuruşmuşdur. Məzhəblər yaranır, firqələr təşkil edilir, müharibələr başlanır. İnsanlar da o bivicdanlara uymuş, onlara inanmışlar.
Hökm edər "mazi" bütün vicdanlara,
"Əskilik" eylər nüfuz izanlara
Sorsalar dünyada kimdir hökmdar?
Mən derim: ölmüşlər, ölmüş duyğular.
Bu əski, ölmüş duyğular insanları tərk etmir, onların əqlinə, vicdanına hakim kəsilir. Bu əski dəyərlərdən azad olmaq modernist düşüncənin əsas qayəsi və əsas məqsədidir. Əski nə varsa hər şeydən imtina etmək, əqli və ruhu təzələmək - budur modernizmin məqsədi. Modernizmin özünün həqiqəti və müsbət idealı yoxdur. Onun həqiqəti əski həqiqətlərin inkarından ibarətdir. Yeni həqiqət uydurmaq onunçün inkar etdiyi əski həqiqətləri təkrarlamaq kimi bir şey olardı. Əski dəyərlərin inkarı isə heç də asan məsələ deyil. Hamının qəbul etdiyi, iman gətirdiyi həqiqətləri inkar etmək böyük cəsarət tələb edir. Modernist düşüncə bu cəsarətə qadirdir. Cavid modernist düşüncəli insanı cəsarətli, ehtiraslı, döyüşkən bir şəxs kimi təqdim edir.
İştə bir meydan ki, istər qəhrəman,
Hər kimin var meyli, etsin imtəhan
Etsəniz bir böylə cürət şübhəsiz.
Qarşınızdan pərdələr qalxar təmiz.
Bir də aldanmazsınız hər kahinə
Fikri çıldırmazsınız hər xainə
Başlayıb artıq münəvvər bir həyat
Məhv olur həp əski, ölgün kainat.
Bu cür azad, saf idrakla həyatı, insanların əhvalını seyr edib, həqiqəti görərək heyrət edər və ağlarsınız, onların halına acıyarsınız. Sizin bu halınızı görənlər heç nə anlamaz, sizi divanə, şarlatan hesab edərlər.
Çünki Məcnun zənn edər hər kəs sizi.
Kimsə dərk etməz fəqət Leylanızı.
Həqiqəti, daha doğrusu, həqiqət hesab edilən əski yalanları təkbaşına görmək, həqiqətən də böyük faciədir. Çünki bu, qəhrəmanı tənhalığa düçar edir. Bunlara tab gətirmək üçün cəsarət və iradə gərəkdir. Lirik qəhrəman məhz bu cür tənhalığa düçar olmuşdur. Modernist düşüncə sahibi əslində, faciəvi şəxsiyyətdir. Haqqı görüb, ona inandıra bilməməyin faciəsi ağırdır. Yoxsa miskin idrak sahibi xilqətin sirlərindən nə anlaya bilər?
Kim ki əql istər, o məcnun olmalı;
Hər fəlakət gəlsə məmnun olmalı;
Yoxsa kovşək, duyğusuz, boş bir beyin,
Sirri xilqətdən nə anlar, söyləyin!?
Dərk edənlər isə mütləq aşiq olur və bu eşqdən də illət bulurlar. Haqqı dərk etmək isə o dərəcədə ali, o qədər cazibədar haldır ki, sanki insan ən sevdiyi bir həqiqətə çatmışdır. Bu hal həm şirindir, həm də açı
Ruha artıq başqa ülviyyət gəlir
Aləmi-lahütə qalxar, yüksəlir.
Haqqın və həqiqətin səmasına yüksəlir lirik qəhrəman və orada azadlıq qazanır. Lirik qəhrəmanın təfəkkürü başdan-ayağa modernist təfəkkürdür. Cavidin bu əsəri isə romantizm deyil, məhz modernizmdir. Lirik qəhrəman əski xurafatdan, əski səhvlərdən və əski ehkamlardan azad olmuş bir arif, həkim, həm də bir divanədir. O, heç kəsin görmədiyi həqiqəti görür, ona görə də hamıya divanə kimi görünür. Biganələr arifi divanə hesab edirlər. Odur ki, onlar bir-birlərini anlamırlar.
Bir daha vurğulayaq ki, lirik qəhrəmanın tapdığı həqiqət pozitiv həqiqət, yeni ideal deyil, əslində o, yeni bir həqiqət kəşf etməyib, bu, postmodernistin işidir. Modernist idrak sadəcə olaraq əski səhvlərdən və yalanlardan azad olub. Bu şeirdə şair məhz modernist düşüncənin hikmətindən danışır. Qəhrəman tarixə nəzər salır, bəşəriyyətin keçdiyi əqli, mənəvi yolu saf-çürük edir və bu yolda saysız-hesabsız aldanışların olduğunu görür. Bəşəriyyət əsrlər boyu ali xülyalar ağuşunda yaşamış, əski ehkamlar onun əqlini, qəlbini zəbt etmiş, azad və saf zehinlə düşünməyə imkan verməmişdir. Bəşəriyyət bu biganəliyi əsl həqiqət sanmış və ona tapınmışdır. Lirik qəhrəman bu adlanışı görür, ondan imtina edir və saf təfəkkürlə dünyaya və özünə baxır və heç kəslə bölüşə bilmir. Bu da qəhrəmanı divanəliyə, dərvşliyə gətirib çıxarır. Lakin bu divanəlikdə o, acılıq içində bir şirinlik tapır.
Təşneyi-ürfan ikən dərya bulur.
Mövt ararkən, zindeyi-cavid olur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!