M.Ə.Rəsulzadə yazır ki, bu, doğru deyildir. İlk öncə "İskəndərnamə" "Şərəfnamə"dəki qeydə görə, 1199-cu ildə yazılıb. Nizami bu əsəri 1193-cü ildə artıq padşah olmayan Mosul Atabəylərindən I Məsuda ithaf edə bilməzdi. Onun bu əsəri II Məsuda ithaf etməsi də qeyri-mümkündür. Çünki Nizami 1204-cü ildə dünyadan köçmüş, II Məsud 1211-ci ildə taxta çıxmışdı. M.Ə.Rəsulzadə fikrini belə yekunlaşdırır: "Demək ki, "İskəndərnamə"nin hər iki bölümü ancaq 1191-dən 1210-a qədər iqtidarda bulunan Azərbaycan Atabəyi Nüsrətəddin Əbu-Bəkrə ithaf olunmuşdur".
Müəllif bir mənbəni də əsas götürərək yazır ki, M.Ə.Tərbiyətin "Danişməndani Azərbaycan" kitabında əsaslandırdığı kimi "İskəndərnamə"nin hər iki bölümü bir kitabdır.
M.Ə.Rəsulzadə tədqiqatında Nizami şəxsiyyətinin böyüklüyünü faktlarla təqdim etməkdədir. Yəni öyrənirik ki, böyük şair hətta əsərlərini ithaf etdiyi hökmdarlara münasibətdə özünü onlara bərabər tutmuş, aşağı mövqeyə enməmişdir. M.Ə.Rəsulzadə şairin bu məğrurluğunu belə təqdim edir: "Hətta ruhunun içdən bir qüvvətlə mədh etdiyi tac daşıyanlara babaca (yəni baba kimi - N.Y.) öyüdlərdə bulunmuşdur".
Bu fikirlərini davam etdirən M.Ə.Rəsulzadə əsərində Nizaminin "Leyli və Məcnun"undan Şirvanşah Axsitana verdiyi öyüdləri də açıqlayır və şairin böyüklüyünü təqdir edir: "Qüdrətli ol, fəqət təmkinini əldən buraxma! Mey iç, fəqət sərxoş olma! İkiüzlüləri yanına soxma! Xalqın etimadını qazanmaq üçün sözünü tut! Qəlbində yeri olmayanlara inanma!..".
M.Ə.Rəsulzadə araşdırmasının "Nizaminin cahan ədəbiyyatındakı yeri" bölümündə şairin mövqeyini belə mənalandırır: "Nizaminin açdığı Şərq intibahının cığırı".
Şərq intibahı yolu ilə çox şairlər Nizaminin təsiri ilə getmək məcburiyyətində qaldı. Buna sübut olaraq, Nizamidən sonra onun əsərlərinə yazılmış çoxlu sayda bənzətmələri göstərmək mümkündür. Ona bənzətmə yazan aşağıdakı məşhurları qeyd etmək olar: Əmir Xosrov Dəhləvi, Hacuyi Kirmani, Səlmani Savəçi, Katibi, Cami, Hətibi, Fəxrəddin Əttar və b. Bu sıraya Əlişir Nəvai, Füzuli də daxil edilə bilər.
M.Ə.Rəsulzadə əsaslandırır ki, Gürcüstanın məşhur şairi Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərinə də Nizaminin təsiri vardır: Tariyel - Qeys, Avtandil - Nofəl oxşarlığı. Gürcü tədqiqatçısı, professor Pavel İnqorovka yazılarında bu haqda bilgilər vermişdir.
M.Ə.Rəsulzadənin araşdırmasından öyrənirik ki, XIX əsrin əvvəllərindən başlayaraq Nizamiyə aid İngiltərədə, Almaniyada, Fransada, İtaliya və Rusiyada çoxlu əsərlər nəşr edilib. Şərq ədibləri Nizaminin ədəbiyyat tarixindəki yerini belə fikirlə ifadə edirlər: "Məsnəviçilərin imamı və Şərq əfsanəsi yazanların şeyxi".
M.Ə.Rəsulzadə Nizaminin ölümündən sonra unudulmadığını və yazılan ayrı-ayrı əsərlərdə, ifalarda yaşadıldığını qeyd edir. Yazır ki, Nizaminin ölümündən təqribən əlli il sonra Şəmsi Qeysi adında bir şair özünün "Elmi-cəm" əsərində şairin "Xosrov və Şirin" poemasından parçaların xoş bir səslə oxunduğunu bildirir.
XIII əsrdə yaşamış Məhəmməd Öfvi isə "Lübabül-ərbab" ("Cövhərlərin seçilməsi" - N.Y.) əsərində Nizamini yüksək dəyərləndirmişdir.
M.Ə.Rəsulzadə tədqiqatında M.Öfvinin sözlərini belə təqdim edir: "Gəncəli Nizami ifadəsindəki məharətiylə bilginliyin sərvətini savurmuş (mənimsəmiş - N.Y.) və incəliklər xəzinəsini dünyadakıların başlarına saçmışdır".
XIV əsrdə yaşamış Zəkəriyyə Qəzvini və Əbdül-Rəşid Bakılı, XV yüzilin müəlliflərindən Dövlətşah Səmərqəndli Nizami sənətini yüksək dəyərləndirmişlər.
Nizami "Xəmsə"sinə ilk bənzətməni isə Əmir Xosrov Dəhləvi yazıb.
Məşhur İran şairi Sədi Şirazi də "Bustan"ında, Hafiz Şirazi isə "Muğannamə"sində Nizamiyə istinadlar etmişlər. İran klassiklərindən Əbdürrəhman Cami də "Baharıstan" əsərində Nizamidən bəhs etmişdir.
XVIII əsrdə yaşamış Lütfəli bəy özünün məşhur "Atəşgədə" əsərində Nizamini "sözün dörd dirəyindən biri" adlandırmışdır.
M.Ə.Rəsulzadə bu sırada Nizaminin külliyyatını nəşr etdirən "Ərməğan" dərgisinin müdiri Vəhid Dəstgirdinin xidmətlərini ayrıca qeyd edərək vurğulayır ki, V.Dəstgirdinin "Eşqin tərifində o, (yəni Nizami - N.Y.) Firdovsiyə belə üstündür" - yazması da önəmlidir. V.Dəstgirdi Nizaminin "Firdovsinin şeirinə gümüş, özününkünə qızıl, geri qalanlarınkinə mis" - söyləməsinin tamamilə doğruluğu qənaətindədir.
M.Ə.Rəsulzadə Avropa tənqidçiləri və şairlərinin də Nizamiyə böyük dəyər verdiklərini tədqiqatında əsaslandırmışdır.
Onun araşdırmasından öyrənirik ki, alman tədqiqatçısı Georq Cakov Nizamini şairlikdə Firdovsidən üstün tutmuşdur.
Alman şairi Höte Nizami haqqında bu məşhur fikirləri yazmışdır: "Nizami yüksək düha sahibi, incə bir zəkadır".
M.Ə.Rəsulzadə tədqiqatında V.Baxerin, P.Hornun, H.Ritterin, E.Brounun, C.Barbye de Meynardın, İ.Pittsinin, A.Krımskinin, S.F.Oldenburqun Nizami sənətini yüksək dəyərləndirdiklərini qeyd edir.
M.Ə.Rəsulzadə sovet tədqiqatçısı Y.E.Bertelsin 1940-cı ildə Bakıda rus dilində nəşr etdiyi "Böyük Azərbaycan şairi Nizami" monoqrafiyası ilə də bağlı bilgilər verir. O, Bertelsin əsərinin Nizaminin "dəyər və böyüklüyünə layiq" olduğunu qeyd etsə də, onun monoqrafiyalarında təqdim edilən bəzi fikirlərə də münasibət bildirir: "Bertelsə görə, Nizami Səlcuq İmperatorluğunun çöküşü üzərinə yer-yer bəlirən aristokrat dərəbəy zorbalıqları ilə şəhərlilər arasında çıxan mücadilə şərtləri içində meydana gəlmişdir. Marksist və materialist təsnifinə və tarixi anlama metoduna uyduraraq Bertels Nizamini o zaman üçün inqilabçı bir topluluq olan şəhərin və şəhərlilərin ideoloqu və fikirlərinin tərcümanı deyə tələqqi ediyor".
1924-cü ildə Nizaminin "Yeddi gözəl" əsəri London Universitetinin professoru S.E.Vilson tərəfindən ingilis dilinə tərcümə edildi. M.Ə.Rəsulzadə əsərində S.Vilsonun Nizami sənətindən heyranlığını belə təqdim edir: "Həyəcan və ehtiras təəssürünü ifadədə" Nizamiyi Şekspir və Petrark ilə eşi (bərabər - N.Y.) götürməkdədir".
M.Ə.Rəsulzadənin tədqiqatında Nizaminin əsərlərinin ümumi həcmi haqqında da dəqiq rəqəmlər yazılır. Nizaminin ədəbi irsi 48 min beyti əhatə etməkdədir ki, bunların 19 mini şairin divanındakı qəzəllərə, qəsidələrə və başqa hissələrə aiddir, qalan 29 min beyti isə ona böyük məşhurluq gətirən, beş əsərindən ibarət olan - "Xəmsə"sidir. Yenə öyrənirik ki, Nizami sağlığında beş əsərinə "Pənc gənc" ("Beş xəzinə") adını vermiş, lakin təzkirəçilər, naşirlər sonradan ərəbcə "Xəmsə", yəni "Beşlik" adlandırmışlar.
Qeyd edək ki, Nizaminin "Xosrov və Şirin" əsərində təqdim olunan Şirinin ermənilərlə heç bir əlaqəsinin olmadığı faktlarla təsdiq olunmaqdadır. Tədqiqatlardan aydın olur ki, bu sözün kökü "erməni" yox, "ərmən"dir və o dövrdəki "ərmən" tayfaları xristian dininə mənsub olsalar da, türk mənşəli olublar. Ermənilər isə "hay"ların törəmələridir. Əsərdə Məhinbanu da (Şirinin bibisi) özlərinin türk olan Əfrasiyab nəslindən olduğunu söyləyir.
Görünür, M.Ə.Rəsulzadənin bu məqamları araşdırmaq imkanları məhdud olub. Bu, həm də onun Nizami haqqında olan kitabını İkinci Dünya müharibəsi dövründə yazması, mənbələrdən istifadənin çətinliyi və imkansızlığı ilə bağlı idi.
M.Ə.Rəsulzadə araşdırmasının "Nizamidə farslıq" başlığındakı bölümündə Firdovsi ilə Nizamini qarşılaşdırır və maraqlı təhlillər verir. Yazır ki, Fidovsi 60.000 beytdən ibarət "Şahnaməsi" ilə "fars ənənələrini" canlandırmaq və "yaşatmaq" istəmişdir. Nizami isə ondan fərqli olaraq tarixi hadisələrdən qaynaqlanıb "haqq fikriylə, gözəllik sənəti adına faydalanmışdır". Bu onun başlıca məqsədi olmuşdur.
Tədqiqatda Nizami - Firdovsi fərqliliyini belə müəyyənləşdirmək mümkündür: 1) Firdovsidə irq təəssübü var, Nizamidə yoxdur; 2) Firdovsidə ərəb və türk düşmənçiliyi varsa da, Nizamidə bunlar yoxdur və Təkallahlıq əqidəsi, ədalət mövcuddur; 3) Firdovsidə "İran yaxşılıq əsası kimi Hörmüzd, Turan isə pislik əsası olan Əhrimən kimi verilir". Bu yanaşmaların heç biri Nizamidə mövcud deyil.
Əgər Zərdüştçülük və atəşpərəstlik farslığın parlaq bir ənənəsi idisə, Nizami bunlara qarşı düşmən münasibət bəsləyirdi. O, yuxarıda qeyd olunduğu kimi, Təkallahlığı üstün sayırdı. Onda farslıq duyğusu yox, müsəlmanlıq şüuru və hissi vardır.
M.Ə.Rəsulzadə Nizaminin "türklüyü"nü ciddi faktlarla araşdıraraq təqdim edir. Nizaminin türk sevgisi elə onun əsərlərindən dəyərli misralarla təqdim olunur:
Türklərin çün yüksəldi dövlətləri,
Ədalətdən süsləndi həp elləri.
Madam ki, sən zülmə amil olursun,
Bir türk deyil, çapulcu bir hindusun!
Bu misralar Nizaminin "Qoca qarı ilə Sultan Səncər" hekayəsindən götürülüb. M.Ə.Rəsulzadə "türk" sözünün Nizaminin yaradıcılığında "yüksəklik", "paklıq və gözəllik" mənasına gəldiyini belə yazır: "Şairin bolca qullandığı "türk" isim və sifətlərini genəl (başlıca - N.Y.) bir tərifə tabe tutarsaq, görürüz ki, Nizami "türk" deyir - gözəl, mərd, qəhrəman, əsgər, komandan, bilgi, ər, rəhbər və şef anlıyor; Türklük diyor - gözəllik, eyilik (yaxşılıq - N.Y.), təmizlik, doğruluq, mərdlik, qəhrəmanlıq, komandanlıq, şeflik anlıyor. Türkistan deyir - vəfa, doğruluq və aranılan yer ilə ərmişlik (vüsal) anlıyor".
M.Ə.Rəsulzadə əsərində "Nizamidə Qafqasya" mövzusunu da maraqlı təhlil edir, müqayisəli faktlarla əsaslandırır.
Müəllif qeyd edir ki, "Xosrov və Şirin" əsərində baş verən hadisələr, əsasən, Qafqazda cərəyan edir. Lakin Nizaminin "İskəndərnamə"sində Qafqaz mühitini daha çox və geniş görürük. Nizaminin xəyalında yaratdığı Makedoniyalı İskəndər iki dəfə Qafqaza gəlmişdir. Birinci hücumunda atəşpərəstliyi aradan qaldırır, Abxaziyaya basqın edir, Tiflis şəhərinin əsasını qoyur. Sonra o, Bərdənin şöhrətini eşidib buraya gəlir. Şahzadə Nüşabə ilə görüşür. Və bu görüşdə şair Nüşabənin dərin ağıl və cəsarətini açıqlayır.
İskəndərin Qafqaza ikinci gəlişinin səbəbi rusların Bərdəyə hücum edib, Nüşabəni əsir aparmalarıdır. İskəndər bu xəbəri Çində eşidib dərhal Qafqazın yardımına gəlir, ayrı-ayrı xalqların əsgərlərindən topladığı böyük bir ordu ilə rusları məğlub edir, Nüşabə də əsirlikdən xilas olur.
M.Ə.Rəsulzadə araşdırmasının bir başlığını da belə təqdim edir: "Nizaminin görüşü və rus". Bu bölümdə o, Xəzər dənizi sahilində yaşayanların rus hücumlarına məruz qalmasına və Nizaminin Bərdənin ruslar tərəfindən dağıdılmasına diqqəti yönəldərək, şairin dili ilə onların vəhşətlərini təsvir edir.
M.Ə.Rəsulzadə əsərində Nizaminin yaratdığı qadın obrazlarının dərin çalarlarını açıqlaya bilir. Onun araşdırmasına görə "Beşlik"də (yəni "Xəmsə"də - N.Y.) bəhsi keçən müsbət qadın tiplərinin həmən həpsi ya Qafqasya, ya da türk damğasını daşımaqdadır".
M.Ə.Rəsulzadə Nizami yaradıcılığının daha da dərinliklərini açıb təqdim etmək gücündədir ki, bu, tədqiqatçıların öyrənməli olduğu məqamlardır: "Nizami yalnız qəhrəmanlarının iç aləmini təsvir edən ruhi təhlilçilikdəki məharətiylə və ya olayların keçdiyi mühit və bulunduqları şərtləri təsvirdəki qüdrətiylə qalmaz, O, eyni zamanda misli çox az bulunan bir təbiət yazarıdır. Təbiət Nizami şeirinin ən canlı bir ünsürüdür".
Müəllif yazır ki, Nizami sənətində təbiət və təbiətdəkilər "sevinən və iztirab çəkən insanla" çox yaxındır, onu anlayır, başa düşür və burada "Leyli və Məcnun"da Məcnunun insanlardan qaçıb, təbiətə sığınması, heyvanlarla dostluğu, onun ağacla danışması konkret misal olaraq göstərilir.
M.Ə.Rəsulzadə Nizamidə "eşq fəlsəfəsi", "din", "sosial ideal" problemlərini dərindən açıqlayır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!