Nizami CƏFƏROV
Professor Sayalı Sadıqovanın bu günlərdə nəşr olunmuş kifayət qədər fundamental "Azərbaycan dilçiliyi simalarda" kitabı Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutunun 75 illiyinə həsr edilsə də, kitab yalnız Akademiyanın üzvü olan, yaxud Dilçilik İnstitutunda çalışan yox, bütün görkəmli Azərbaycan dilçilərinin yaradıcılıq tərcümeyi-halı barədə geniş məlumat verir. Məmnuniyyətlə demək olar ki, bu əsərlə tanış olan hər kəs Azərbaycan dilçiliyinin XIX əsrin əvvəllərindən başlayan tarixi inkişaf mənzərəsini bütün təfərrüatları ilə məhz ayrı- ayrı dilçilərin simasında izləyə, klassiklərdən müasirlərə qədər gələn yolların eniş- yoxuşuna bələd ola bilər.
Məlumdur ki, "Azərbaycan dilçiliyi" ifadəsi iki mənada işlənir: birincisi Azərbaycan dilini araşdıran bütün dilçiləri, ikincisi isə müxtəlif dilləri, eləcə də ümumən dili araşdıran azərbaycanlı tədqiqatçıları ehtiva edir. Sözügedən ifadə bu kitabda ikinci mənada, yəni azərbaycanlı dilçilər mənasındadır.
Əlbəttə, Azərbaycan dilçiliyinin tarixi indiyə qədər dərindən, elmi əsaslarla öyrənilmiş, xüsusilə professor Adil Babayev bu sahənin bir neçə elə dəyərli əsərini yazıb ortaya qoymuşdur ki, hər bir dilçinin vaxtaşırı müraciət etdiyi təməl əsərlərdir. Lakin Sayalı Sadıqovanın bu kitabı çox yaxşı ki, həmin əsəri təkrar etməyib həm məzmun-mündəricəsi, həm də strukturu etibarilə tamamilə orijinal bir iş olaraq meydana çıxmışdır.
"Azərbaycan dilçiliyi simalarda" iki hissədən ibarətdir: birinci hissə XIX əsrin əvvəllərindən XX əsrin 30-cu illərinə, ikinci hissə isə XX əsrin 30-cu illərindən bu günə qədər hər biri təxminən yüz illik dövrü əhatə etməkdədir. Məsələ burasındadır ki, birinci dövrü təmsil edənlərin heç də hamısının fəaliyyətində dilçilik əsas yer tutmur. Məsələn, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Məhəmmədağa Şahtaxtlı, Firudin bəy Köçərli, Əli bəy Hüseynzadə, Səmədağa Ağamalıoğlu, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli kimi nəhəng Azərbaycan ziyalılarının yaradıcılıq miqyası son dərəcə geniş olmuşdur. Bununla belə, onların bu kitabda dilçi kimi təqdim olunması ona görə heç bir şübhə doğurmamalıdır ki, sadəcə lüğətlər, qrammatika dərslikləri tərtib etməklə yetinməmiş, dil haqqındakı elmin nəzəri məsələlərilə də məşğul olmuşlar.
Birinci dövrdə bizim iki peşəkar dilçimiz fəaliyyət göstərmişdir ki, onlardan biri professor Mirzə Kazım bəy, ikincisi professor Bəkir Çobanzadədir. Kitabda hər iki dilçi barədə yetərincə bəhs olunmuş, onların həm Azərbaycan, həm ümumtürk dilçiliyində, həm də dil nəzəriyyəsindəki xidmətləri dəyərləndirilmiş, yaradıcılıq portretlərinin əsas cizgiləri dolğun verilmişdir.
XX əsrin 20-ci, 30-cu illərində (dilçilikdə bu, professor Bəkir Çobanzadə, yaxud repressiya dövrüdür) Azərbaycanda peşəkar dilçilərin yeni nəsli formalaşdı ki, onların arasında Fərhad Ağazadə, Qafur Rəşad, Xalid Səid Xocayev, Miryusif Mirbabayev (o, Dilçilik İnstitutunun 1946-1949-cu illərdə ilk direktoru olmuşdur), Abdulla Şərifov, Vəli Xuluflu, Hənəfi Zeynallı, Abdulla Tağızadə, İdris Həsənov kimi görkəmli elm adamları vardı. Basqa bir görkəmli dilçimiz - professor Əhməd Cəfəroğlu isə gənclik illərindən Türkiyəyə mühacirət etməyə məcbur olmuş, dövrünün ən böyük türkoloqlarından biri kimi yetişmiş, türk dili tarixi sahəsində beynəlxalq bir məktəb yaratmışdır.
Sayalı Sadıqova öz kitabında bu dilçi-şəxsiyyətlər haqqında bitkin məlumat verdikdən sonra əsərin ikinci hissəsinə keçərək yüz doxsan dilçi - MEA-nın həqiqi və müxbir üzvləri, eləcə də elmlər doktorları haqqında müfəssəl oçerklər təqdim edir. Onların mütləq əksəriyyəti Azərbaycan dilinin - doğma dilimizin araşdırıcıları olsalar da, müəyyən qismi ingilis, alman, fransız, rus, ərəb, fars, türk və s. dillər üzrə mütəxəssislərdir.
"Azərbaycan dilçiliyi simalarda" vərəqləndikcə istər-istəməz dil haqqındakı elmimizi səciyyənləndirən bir sıra mülahizələr doğurur ki, onlardan birincisi professor Bəkir Çobanzadənin yetişdirmələri olan (lakin müəllimlərindən "imtina etmək" məcburiyyətində qalmış!) akademik Məmmədağa Şirəliyev, müxbir üzv Əbdüləzəl Dəmirçizadə və professor Muxtar Hüzeynzadənin rəhbərlikləri ilə keçən əsrin ortalarından başlayaraq elmə bütöv bir dilçilər nəslinin gəlməsidir: akademiklər Ağamusa Axundov, Tofiq Hacıyev; müxbir üzvlər Afad Qurbanov, Zərifə Budaqova; professorlar Ə.Abdullayev, R.Məhərrəmova, Y.Seyidov, M.Adilov, M.Qasımov, Ə.Rəcəbli, Q.Kazımov... Lakin onu da unutmaq olmaz ki, Sovetlər Birliyinin bu və ya digər məhdudiyyətlərə rəğmən açmış olduğu daha geniş bir miqyas da vardı ki, həmin miqyas ərəbşünaslıq, iranşünaslıq, türkologiya, germanistika, romanistika və rusistika üzrə də yüksək ixtisaslı kadrların yetişməsinə imkan verdi: akademik Vasim Məmmədəliyev, müxbir üzv Zemfira Verdiyeva, professorlar N.Ağazadə, Ə.Mahmudov, H.Zərinəzadə, Ə.Məmmədov, M.Tağıyev, T.Rüstəmova, V.Aslanov, F.Zeynalov, O.Musayev, M.Rəhimov, F.Hüseynov, B.İsmayılov, L.Quliyeva...
Bütün bunlar isə o deməkdir ki, milli müstəqillik ərəfəsində - 70-ci, xüsusilə 80-ci illərdə dilçiliyin artıq elə bir sahəsi yox idi ki, Azərbaycan alimləri həmin sahədə öz sözlərini deməmiş olsunlar. Lakin diqqəti ən çox cəlb edən o idi (və bu bizim ikinci mülahizəmizdir) ki, dilçilikdə türkologiyaya maraq son dərəcə artmışdı: bir tərəfdən, yeni türkoloqlar nəsli yetişir, digər tərəfdən, vaxtilə bu sahəyə maraq göstərsələr də ideoloji səbəblər üzündən yalnız Azərbaycan dilçiliyi ilə məhdudlaşan mütəxəssislər türkoloji araşdırmalara keçirdilər. Düzdür, istər 80- ci, istərsə də 90-cı illərdə tükçülük hissiyyatları bəzən akademik türkologiyanı üstələyirdi, ancaq metodoloji axtarışların ümumən sağlam istiqamətdə getdiyi heç bir şübhə doğurmurdu. Çünki milli təəssübkeşlik siyasi müstəqillik uğrunda mübarizəyə qalxmaqda olan hər bir xalqın təbii refleksidir.
Nəhayət, üçüncü bir mülahizə də söyləmək olar ki, müstəqilliyin ilk illərindən etibarən Azərbaycan dilçiliyində germanistikaya, xüsusilə ingilis dilinə (daha doğrusu, Azərbaycan, rus və ingilis dillərinin müqayisəli tədqiqinə) meyil gücləndi, eləcə də bilavasitə dil nəzəriyyəsi, yaxud multidissiplinar dilçilik sahələrində işləyən kadrlar meydana çıxdılar. Bu sahədə şəksiz uğurlarla yanaşı, problemlər də vardır ki, onların ən populyarı müxtəlif dilçilik cərəyanlarına mənsub (və artıq məlum fikirləri) ənənəvi dilçiliyə məhz yenilik adı ilə gətirmək cəhdindən ibarətdir. Heç bir ciddi perspektivi olmayan bu təmayül, çox yaxşı ki, artıq aradan qalxmaqdadır.
"Azərbaycan dilçiliyi simalarda" üzərində ən ötəri bir gözgəzdirmə bizi belə bir fakt qarşısında düşünməyə vadar etdi ki, ilk peşəkar dilçilər nəslində əlli nəfərdən 42-si kişi, 8-i qadın; son nəsildə isə 24-ü kişi, 26-sı qadındır... Və xanımların dil haqqındakı elmə bu qədər axını, əlbəttə, düşündürücüdür... Ancaq "Azərbaycan dilçiliyi simalarda" kimi böyük zəhmət tələb edən ensiklopedik miqyaslı bir əsərin məhz dilçi xanım tərəfindən yazılması da bundan az düşündürücü deyil...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!