Nəsiman Yaqublu
Tarix elmləri doktoru, professor
Əvvəli burada
Aydın olur ki, M.Ə.Rəsulzadə bu əsərini Rumıniyada yazıb və 1941-ci ildə başa çatdırıb. Onun məqsədi böyük şairin anadan olmasının 800 illiyinə bu əsərini töhfə etmək idi. Əslində, M.Ə.Rəsulzadə bu ağır və əsaslı araşdırmasını başa çatdırdı. Lakin II Dünya savaşının o dövrdə davam etməsi, savaş bitəndən sonrakı dönəmdə gərgin şərait kitabın nəşrinə imkan yaratmadı.
M.Ə.Rəsulzadə Polşanın işğalından əvvəl - 1939-cu ilin avqustunda dostu Ayaz İshaqi ilə birlikdə Rumıniyanın Dobruca bölgəsində, Köstəncə (Konstansa) şəhərində idi. Burada onlar Dobruca Mədəniyyət Birliyinin onların şərəfinə keçirdiyi tədbirdə iştirak edirdilər (o dövrdə burada çoxlu sayda türklər yaşayırdı).
Polşanın işğal edilməsi səbəbindən M.Ə.Rəsulzadə polyak əsilli xanımı ilə birlikdə Köstəncədə dostu, Türkiyəni Rumıniyada böyükelçi olaraq təmsil etməyə gələn Həmdulla Sübhi Tanrıövəri qarşılayır və onunla birlikdə Buxarestə gedir. Burada 1944-cü ilin sonlarına qədər yaxın dostu H.S.Tanrıövərin himayəsində "Kiryazi" otelində yaşayır.
1941-ci ilin 10 avqustunda Nizami Gəncəviyə həsr etdiyi "Azərbaycan şairi Nizami" əsərini tamamlayır.
M.Ə.Rəsulzadə irsinin tanınmış tədqiqatçılarından olan Ö.Özcan "Məmməd Əmin Rəsulzadənin bilinməyən yazıları" məqaləsində bu haqda yazır: "Rəsulzadənin Rumıniyada yaşadığı illərdə Gəncəli Nizami ilə ilgili araşdırmalarını tamamladığı və 1941 ilində basıma hazır hala gətirdiyi bilinməkdədir".
M.Ə.Rəsulzadə Buxarestdə yaşasa da, eyni zamanda Almaniyada da olur, azərbaycanlı əsirlərin xilas edilməsi üçün Almaniya hökumət dairələri ilə danışıqlar aparır.
1944-cü ilin aprelində Rumıniya bombalandıqdan sonra burada baş verən çevrilişlə hökumət devrilir. Yeni hökumət Sovet dövləti ilə atəşkəs elan edir. Bu hadisələrdən və Rumıniya işğal edildikdən sonra M.Ə.Rəsulzadə Avstriyaya gedir, "İmperial" mehmanxanasında yaşayır. O, sonradan Almaniyanın Mittenvald bölgəsindəki düşərgədə qalır.
M.Ə.Rəsulzadənin Almaniyadan Türkiyəyə getməsində yaxın dostu, o dövrdə Türkiyənin Böyük Millət Məclisinin üzvü, H.S.Tanrıövərin xidməti olmuşdur. Məlum olur ki, Həmdulla bəy bu məsələ ilə bağlı Daxili işlər nazirinə rəsmi müraciət ünvanlamış və nəticədə razılıq alınmışdır. M.Ə.Rəsulzadənin Türkiyəyə qayıdışı 1947-ci ilin sentyabrında mümkün olur.
M.Ə.Rəsulzadə Türkiyəyə getdiyi ilk illərdə ehtiyatlı davranmağa məcbur olmuşdur. Görünür, Türkiyə rəsmiləri Sovetlər Birliyini çox da "qıcıqlandırmaq" istəməmiş, M.Ə.Rəsulzadənin və digər siyasi mühacirlərin Türkiyəni tərk etməsi ilə bağlı israrlı tənqidlərini unutmamışlar. 1931-ci ildə isə Sovetlər Biriliyi ilə Türkiyə dövləti arasında imzalanan rəsmi sənədin gizli saxlanılan bir bəndində siyasi mühacirlərin Türkiyə ərazisindəki fəaliyyətlərinin tamamilə dayandırılması əks etdirilmişdir.
Bəlkə, elə bu "ehtiyatlılığa" görə M.Ə.Rəsulzadə 1950-ci ilə qədər Türkiyə mətbuatında (xüsusən, millətçilərə məxsus olan "Ulus" qəzetində) yazılarını "M.Ə.Yalvacoğlu" imzası ilə çap etdirmişdir.
M.Ə.Rəsulzadənin "Ulus" qəzeti ilə yaxınlığı səbəbini Ö.Özcan onun əmisi oğlu M.Ə.Rəsuloğlunun o dövrdə Türkiyədə hakimiyyətdə olan Cümhuriyyət Xalq Partiyasına bağlı "Xalq evləri" kitabxanasında məmur vəzifəsində çalışması ilə əlaqələndirir. Çünki "Ulus" qəzeti CXP-nin yayın orqanı idi.
1950-ci ilin 14 mayında Türkiyədə keçirilən seçimlərdə Demokrat Partiyası qalib gəldikdən sonra M.Ə.Rəsulzadə "Ulus" qəzeti ilə əməkdaşlığı dayandırmışdır. Bu müddətdə isə onun "Ulus" qəzetində üç yazısı çap edilmişdir.
Lakin M.Ə.Rəsulzadə fəaliyyətini getdikcə genişləndirmiş, ümumi təşkilatçılığı və rəhbərliyi ilə yaxın dostlarının dəstəyi sayəsində 1949-cu ilin fevralın 1-də Azərbaycan Kültür Dərnəyini yaratmağa nail olmuşdur. Eyni zamanda o, həmin dərnəyin Fəxri Başqanlığına seçilmişdir.
Bu dövrdə M.Ə.Rəsulzadənin Türkiyədə aşağıdakı fəaliyyətlərini görürük: 1) 28.05.1949-cu ildə "Azərbaycan mədəniyyət ənənələri" mövzusunda konfransda çıxışı; 2) 27.11.1949-cu ildə "Çağdaş Azərbaycan ədəbiyyatı" mövzusunda konfransda çıxışı; 3) 28.05.1950-ci ildə "Çağdaş Azərbaycan tarixi" mövzusunda çıxışı.
Bu konfransların hər üçü Ankara "Türk Ocağı"nın binasında keçirilmiş və M.Ə.Rəsulzadənin çıxışları maraqla qarşılanmışdı.
1952-ci ilin aprelindən isə M.Ə.Rəsulzadənin ümumi təşkilatçılığı ilə Ankarada "Azərbaycan" jurnalı nəşrə başlamışdır.
M.Ə.Rəsulzadə Türkiyəyə getdikdən az müddət sonra Nizami haqqında araşdırmasını 1949-cu ildə nəşr olunmaq üçün Milli Təhsil Nazirliyinə təqdim etmişdir. Lakin əsərdə rusların əleyhinə ifadələr olduğu müəllifə irad bildirilmişdir. Əsərin nəşrinin bu ifadələrin çıxılmasından sonra mümkün olacağı söylənilmiş, lakin M.Ə.Rəsulzadə bununla razılaşmamışdır.
Qeyd edək ki, Nizami haqqında olan kitabın nəşri Cümhuriyyət Partiyasının hakimiyyətdə olduğu 1950-ci ilə qədərki dönəmdə mümkün olmadı. O dövrdə Milli Təhsil naziri (Milli Eyitim Bakanı) Həsən Təhsin Banguoğlu idi (ondan əvvəl isə 1938-1946-cı illərdə Həsən Əli Yücəl Milli Təhsil naziri olmuşdu). Həsən Əli Yücəl sonradan "Cümhuriyyət" qəzetində M.Ə.Rəsulzadə haqqında bir məqalə də yazmışdı.
1950-ci ildə Türkiyədə baş verən iqtidar dəyişikliyinin ilk dövrlərində də kitab nəşr edilmədi. Çünki Demokrat Partiyasından olan ilk Təhsil naziri Hüseyin Avni Basman CHP meyilli bir şəxs idi. O, qısa müddətdən sonra istefa etdi (onun nazir olduğu müddət yalnız iki ay davam etdi). Onun yerinə təyin olunan Tevfik İlərinin nazir işlədiyi zamanda M.Rəsulzadənin "Azərbaycan şairi Nizami" kitabı nazirliyin nəşri olaraq 1951-ci ildə çap edildi.
Bu haqda məlumatları o dövrdə Türkiyənin Təhsil Nazirliyində çalışmış K.Dəvətoğlunun nəşr etdirdiyi "Mənim gördüyüm bugünkü Rusiya" kitabından öyrənmək mümkündür. Müəllif yazır: "...Yenə bir kiçik xatirəmi qeyd etmədən keçə bilməyəcəyəm. Özünü şəxsən və yaxından tanımaq bəxtiyarlığına çatdığım Azərbaycanın böyük mücahid övladı Rəsulzadə Məhəmməd Əmin bəy Nizami haqqında dəyərli əsərini yazmış, tamamlamışdı. Kitabda mövcud ruslar əleyhindəki bəzi cümlələri münasib görməyən sovet heyranı vəzifəlilər kitabın nəşr edilməsi üçün bunların çıxarılmasını istədikləri vaxt rəhmətlik: "Bunları mən yazmadım ki, böyük Nizami yazmış. Onları çıxarmaq nə mənim haqqım, nə də kimsənin karıdır!" - demiş və kitabı nəşr etdirməkdən imtina etmişdi. Bu kitab ancaq daha sonra rəhmətlik Tevfik İləri Milli Təhsil naziri olunca nöqsansız bir halda nazirlik tərəfindən nəşr edilmişdi".
1938-1946-cı illərdə Türkiyənin Milli Təhsil naziri vəzifəsində çalışmış, İzmirdən Türkiyə Böyük Millət Məclisinə üzv seçilmiş Həsən Əli Yücəl bəyin (1897-1961) də M.Ə.Rəsulzadənin kitabı ilə bağlı maraqlı bir yazısı 1955-ci ilin 27 martında "Cümhuriyyət" qəzetində nəşr edilmişdir. H.Ə.Yücəl bəy yazısını bu təsirli sözlərlə başlayır: "Üç həftə qədər öncə Ankarada bir qərib həyata gözlərini yumdu. Hər türk ay-yıldızlı bayrağının dalğalandığı hər yerdə vətənindədir. Buna şübhə yox! Fəqət yenə hər türk evini, köyünü və kəndini ayrıca sevdiyi, onlara könlünü ayrıca bağladığı üçün evindən, köyündən və kəndindən uzaqda olunca kəndini "qərib" hiss etməkdən uzaqdı. Rəhmətlik Məhəmməd Əmin Rəsulzadə işdə (əslində - red.) böylə bir qəribdi. Bu mənada evindən və köyündən və yurdundan uzaqda qaldığı üçün... O da türkdü, mən də türkdüm. Bağlandığımız bu müştərək kutsal varlıq üstündə söz açıb fikir qarşılaşdırmaya ehtiyac dururmadan anlaşmamıza yetmişdi".
Sonra H.Ə.Yücəl bəy M.Ə.Rəsulzadənin Nizami haqqında nəşr etdiyi kitabla bağlı bilgilər verir: "Nizamiyə dair 1951-də Milli Eyitim Bakanlıq seriyası içində yayınlanan kitabını mənə lütf edib gətirdiyi zaman söylədiyimiz fikirlər həp o mühüm nöqtənin ətrafında dönüb durmuşdu.
...Bu kitab böyük şairin 800-cü (1141-1941) ildönümü münasibətilə yazılmışdı. Yazar şairin adının üstünə bu qeydi qoymuşdu: Azərbaycan şairi.
Bu 400 səhifəlik əsərin ruhu Azərbaycandır. Fars və dünya ədəbiyyatının ən önəmli simalarından biri olan Nizaminin şəkildə iranlı, üzdə türk olduğunu isbat etmək üçün Rəsulzadə bütün diqqətini hər məqama yönəltmişdi. Nizaminin ilk qadınının qıpçaqlı bir türk qızı olduğunu və tək oğlu Məhəmmədin öldüyünü və məsnəvinin sonunda Xosrovun cənazəsi üstündə can verən Şirin üçün "O mənim qıpçaqlı Afaqıma bənzərdi, bəlkə də onun ta kəndisi (özü - red.) idi" - deyişini öylə içli anladırdı ki, bütün bu həzin macəralar sanki Rəsulzadənin başından keçmişdir.
Rəsulzadə Nizamidə türk ruhunu haqlı olaraq bulmuşdu (tapmışdı - red.)".
Türkiyə arxivlərindən əldə olunan sənədə görə (bu sənədi Ö.Özcan bəy tapmışdır), M.Ə.Rəsulzadənin Nizami haqqında kitabının nəşri ilə bağlı Türkiyə Milli Təhsil Nazirliyinin qərarı 1949-cu ilin 10 may tarixində qəbul edilmişdir. Lakin müəyyən səbəblərdən (bu səbəbləri açıqlamışıq) kitabın nəşri geçikdirilərək 1951-ci ildə nəşr olunmuşdur.
Kitabın nəşri 1951-ci ildə reallaşdı. Bu kitab Türkiyə cəmiyyətində böyük maraqla qarşılandı və 1991-ci ildə Türk Dünyasını Araşdırma Vəqfi tərəfindən kiçik bir təqdimatla heç bir əlavələr olmadan, eynən yenidən nəşr edildi.
M.Ə.Rəsulzadənin N.Gəncəvi haqqında araşdırması yalnız Şərq, Türk, Azərbaycan ədəbiyyatı tarixində deyil, ümumilikdə bəşər mədəniyyəti sistemində maraqlı bir hadisə idi. M.Ə.Rəsulzadənin bu tədqiqatında Azərbaycan şairi Nizami yaradıcılığının ümuminsanlığa, ayrı-ayrı xalqların inkişafına gərək olan dəyərlərindən danışılır və ciddi faktlar təqdim edilirdi. M.Ə.Rəsulzadə bu əhəmiyyətli araşdırmasında Nizamini Azərbaycanın böyük şəxsiyyəti, fəxri olaraq dəyərləndirirdi.
M.Ə.Rəsulzadənin kitabı "Müəllifdən", "Başlanğıc"dan, dörd bölümdən, "Əlavələr"dən, "Biblioqrafiya"dan, "Nizamidən mətnlər"dən, "İndeks"dən, "Mətn xarici rəsmlər"dən ibarətdir.
Kitabın başlanğıcında M.Ə.Rəsulzadənin əsas mövqeyi ilə tanış olmaq mümkündür: "Nizami ? Azərbaycan şairi", "Unudulmuş Nizami", "Nizamiyə qarşı borcumuz".
Müəllifin seçdiyi bu başlıqlar, əslində, narahatlıq doğuran həm də çağırışlardır, yəni oxucunu maraqlandırmaq, onun diqqətini Nizami şəxsiyyətinə yönəltmək.
Kitabdakı bölüm başlıqları da diqqəti cəlb edir: "Nizami kimdir", "Nizaminin beş kitabı", "Mövzuları baxımından Nizami", "Nizamidə sənət və ideoloji".
Müəllif birinci bölümdə "Nizaminin hal tərcüməsi"ndən başlayaraq şairin dünya ədəbiyyatındakı mövqeyinə qədər maraqlı araşdırmalar aparır. Ümumilikdə 70 səhifəni əhatə edən bu bölümdə oxucuya böyük şairin şəxsiyyəti haqqında əhatəli bilgilər verilir.
İkinci bölüm Nizaminin beş kitabını - "Xəmsə"sini əhatə edir: "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İskəndərnamə".
Bu əsərlərin hər birinin əhəmiyyətliliyi və dəyəri M.Ə.Rəsulzadə tərəfindən təhlil edilir, yeni faktlar, yanaşmalar və məlumatlarla oxucunun ixtiyarına verilir.
Üçüncü bölümdə Nizaminin əsərlərinin mövzuları araşdırılır. Müəllif bu mövzuların da seçimini maraqlı sistemləşdirib: "Nizamidə farslıq, "Nizamidə türklük", "Nizamidə Qafqasya", "Nizami görüşü ilə rus", "Nizamiyə görə qadınlıq".
Dördüncü bölümdə Nizami yaradıcılığının sənətkarlığı, ideoloji istiqamətləri öyrənilir. Bu bölümdə müəllif Nizami şeirinin özəl xüsusiyyətlərinə diqqət edərək bu yaradıcılığın əsas mənbəyinə, onun inkişafına, həyatın inkişafı və insan probleminə, eşq fəlsəfəsinə, dini dəyərlərə və sosial ideallara, dövlət məsələsinə, ideal hökmdar istəyinə də diqqət yetirir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!