Balaş Azəroğlu - 100
Bahar BƏRDƏLİ
filologiya üzrə fəlsəfə doktoru, dosent
XX əsrin 40-cı illərində, xüsusilə II Cahan müharibəsi dövründə Cənubi Azərbaycanda Rza şah diktaturasının süqutundan sonra (1941) ədəbi hərəkatın qarşısında yeni üfüqlər açıldı. Yaradıcılıq cəbhəsinə qoşulan yeni mübariz gənc qələm sahibləri yaranmış bu ictimai-siyasi mühiti tarixi əsərlərilə tərənnüm etməyə başladılar. Güneydə yaranan döyüşkən poeziyanın, yəni siyasi lirikanın genişlənməsində, onun yaşarılıq qazanmasında Balaş Azəroğlu sənəti, sənətkarlığı, bütünlükdə poetik yaradıcılığı mötəbər özül oldu.
Xalq şairi, "Şöhrət" ordenli Balaş Allahbaxış oğlu Abızadə 1921-ci il noyabrın 11-də Bakıda anadan olmuşdu. Onun valideynləri Cənubi Azərbaycanda, Ərdəbilin Səlim qışlağı kəndində yaşayırdılar. Lakin Cənubda olan işsizlik nəticəsində onlar Bakıya işləməyə gəlmişdilər.
Balaş Azəroğlu ömrünün on ilini (1938-1947) Güney Azərbaycanda - Ərdəbil və Təbriz şəhərlərində yaşamış, 1941-1946-cı illərin inqilabi hərəkatında fəal iştirak etmişdi. Bu da onun yaradıcılığında siyasi lirikanın ön plana keçməsində əsas rol oynamışdı. S.C.Pişəvərinin rəhbərlik etdiyi bu inqilabi hərəkatda Azəroğlu həm siravi əsgər, həm də inqilabi ideyaların alovlu tərənnümçüsü, yorulmaz təbliğatçısı olmuşdu.
AMH-nin süqutundan sonra onun rəhbər işçiləri, həmçinin Balaş Azəroğlu 1947-ci ilin aprelində "Nicat" cəmiyyətinin köməyi ilə Bakıya mühacirət etdilər. Eyni zamanda, Təbrizdə formalaşan yeni ədəbi nəslin nümayəndələrindən Mədinə Gülgün, Hökumə Billuri, Əli Tudə, Söhrab Tahir, Aşıq Hüseyn Cavan və başqaları Bakıya gəldilər, burada öz bədii, elmi yaradıcılıqlarını davam etdirdilər.
Şimali Azərbaycanda - Bakıda B.Azəroğlu Təbrizdə görüşdüyü, sevdiyi sənətkarların əhatəsinə düşmüşdü. Səməd Vurğun, Rəsul Rza, Cəfər Xəndan, Qulam Məmmədli, Mirzə İbrahimov kimi insanların köməyi ilə 1947-1952-ci illərdə Azərbaycan Dövlət Unversitetinin Filologiya fakültəsində ali təhsil alır. Təbrizdə, Bakıda silahdaşı, qələm yoldaşı Mədinə Gülgünlə 1950-ci ildə ailə həyatı qurur.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışan Balaş Azəroğlu, eyni zamanda ADF-nin orqanı "Azərbaycan" qəzetində şöbə müdiri, redaktor kimi də fəaliyyət göstərmişdir.
Tədqiqatlar göstərir ki, B.Azəroğlu əsərlərini ən çox bu illərdə, yəni 1952 - 1995-ci illərdə yazmış, 40-a qədər kitabını, onlarca elmi-publisistik məqaləsini, xatirələrini çap etdirmişdir.
Balaş Azəroğlunun poeziyasında müasir dünyanın, ictimai-siyasi həyatın, inqilabi ideyaların təsvir və tərənnümü mühüm yer tutur. Müxtəlif ictimai-siyasi quruluşlarda yaşayan bir millətin Şimal, Cənub adlı iki qütbü və Azəroğlunun da müəyyən vaxtlarda hər iki qütbdə yaşaması, işləməsi siyasi lirikanı onun yaradıcılığında aparıcı xəttə çevirmişdi.
Hələ Ərdəbildə yaşayarkən 1941-ci ildə yazdığı "İnqilab şairiyəm" şeiri saray şairlərinin yaradıcılığından köklü surətdə fərqlənirdi:
Nə peymanə, nə saqi, nə şərab şairiyəm,
Azadlığın carçısı, inqilab şairiyəm!
Bu illərdə yazılan "Səttarxan" mənzuməsi də şairin yaradıcılığında önəmli yer tutur. 1940-cı illərdə Güneydə başlanan yeni inqilabi hərəkatda Səttarxan kimi xalq qəhrəmanlarına böyük ehtiyac vardı. Şair onu ədəbiyyata gətirməklə yeni səttarxanların meydana gəldiyini vurğulayırdı:
Yox, düşmən deməsin ölübdür Sərdar,
Onun köksündəki ürək bizdədi!
Yanaşı durmursa bu gün bizimlə,
Bilin, götürdüyü tüfəng bizdədi!
Şairin yaradıcılığında əsas xüsusiyyətlərindən biri dövrün, zamanın nəbzini tuta bilmək, günün mövzusunu seçə bilmək bacarığı idi. Azərbaycan Milli Hökuməti o zaman demokratik poeziyanın qarşısına böyük vəzifələr qoymuşdu. Bu, Milli Hökumətin həyata keçirdiyi mədəni islahatların təbliği, tərənnümü ilə bağlı idi.
1945-ci ildə Azərbaycan Demokratik Firqəsinin I Konqresinin açılışı münasibətilə yazdığı "Təbrizim" şeirində şair ümumxalq birliyinin yaranmasında, formalaşmasında Təbrizin dayaq nöqtəsi olmasından, xalqla birlikdə döyüşməsindən bəhs edirdi. Şəhər gecələr çırağa, gündüzlər növrağa, qəlbi azadlıq eşqi ilə döyünən insanlar üçün bulağa çevrilmişdi.
O gün ki, sinəni sipər eylədin,
Qaranlıq gecəni səhər eylədin,
Bizə azadlığı xəbər eylədin,
Səsinə səs verdi mahalım, Təbriz!
1979-cu ildə İran İslam İnqilabının qələbəsi nəticəsində Şahın ölkədən qovulması, şahlıq rejiminin ləğv edilməsi şairin düşüncələrinin həqiqət olduğunu göstərdi.
B.Azəroğlunun bu dönəmdə yazdığı, real həyatı əks etdirən əsərlərindən biri də "Elə oğul istəyir Vətən..." şeiridir. Həcminə görə onu kiçik poema da adlandırmaq olar. Əsərdə müəllif cəmiyyət qanunlarını riyazi formullara bağlayan və bu yöndə şairə dərs keçmək istəyən filosofa tutarlı, amma sadə dildə cavab verir. Niyə bir vaxtlar Şah İsmayıl Xətainin qanunlar yazdığı, fərmanlar verdiyi dildə indi məktəb, dərslik yoxdu? Bu dil niyə təqib olunur? Şeyx Nizaminin yurdu sən demə, bir məhəlləymiş? Bütün İrana məşrutə verən Sərdarın nəvəsi indi zülm içindədi. Görəsən, bunlar hansı hesaba - kitaba sığar?
Şairə görə ən böyük qanun azadlıqdır! Bunun üçün Vətənə oğul gərəkdir! Vətən elə oğul istəyir ki: "Səttarxan ürəkli, Xiyabani nəfəsli, Möcüz niyyətli olsun!" Füzulinin diliylə, Xətainin qılıncıyla düşməni el-el qovsun, Vətəni də azad etsin, özünü də! Bax onda nə qanun pozular, nə də həndəsi formula!
Balaş Azəroğlu daxilən, mənən zəngin şair idi. Çünki həyatı, dünyanı, onun dərdini, kədərini yaşayıb və bu yaşadıqlarını sənətinin diliylə, sözün qüdrətiylə oxucusuna çatdırmağı bacarırdı! Şair təkcə Vətəninin deyil, bütün bəşəriyyətin azad olmasını istəyirdi. Bu məqsədlə yazdığı "Vətən məhəbbəti", "Xosrov Ruzbeh", "Savalan" kimi şeirləri şairin arzu-niyyətlərini əks etdirirdi.
Balaş Azəroğlunun poeziyasında müdrik bir duyum, təsvir və tərənnüm etdiyi obyektə fəlsəfi yöndən yanaşmağa güclü meyil vardır. Onun "Qızıl balıq" şeiri bu mənada çox ibrətamizdir. Şair böyük dəryalara, dalğalara öyrəşmiş Qızıl balığı gətirib iki-üç metrlik hovuza atan, lakin onu orda saxlaya bilməyən insana üzünü tutur:
Ey insan, vurma əllərini, toxunma!
Onu dalğası adam boyu qalxan,
Dənizə aparmayacaqsan əgər!
Əl vurma nahaq!
Şeirin fəlsəfi tutumu, fəlsəfi yükü ağırdır. Əgər istədiyin azad dünya, azad həyat yoxdursa, yaşamağa dəyməz. Onda qalır ancaq ürəyincə ölmək. Əgər ona da imkan versələr.
"Çinardan bir yarpaq qopdu..." şeiri də adi təbiət hadisəsidir. Lakin bircə sarı yarpağın öz budağından ayrılaraq torpağa enməsində, onun minlərlə saralıb solmuş yarpaqla birlikdə torpağa qarışmasında şairin mənalandırdığı bir hikmət vardır. Çünki insan da təbiətin bir parçasıdı. Nə qədər dünyaya, cahana meydan oxusa da, vaxtı gələndə o da bir yarpaq kimi torpağa enəcək və torpağa qarışacaq.
Azəroğlunun "Qanun" şeiri özülü savaş və qan üzərində qurulmuş cəmiyyətin qanunlarından bəhs edir. Hər yerdə ağalıq edən belə qanuna görə həbs olunan ata məhbəsdən oğluna yazır: "Bu dünyada bir qanun var, İnsan azadlığıdır o da!".
"Mənə elə ürək ver..." əsəri də fəlsəfi-lirik notlarla yazılıb, elmi təfəkkürün inkişafından, qüdrətindən bəhs edir.
B.Azəroğlunun fəlsəfi yönümlü, fəlsəfi siqlətli əsərləri oxucuda müəyyən hisslər silsiləsinin yaranmasını təmin etməklə yanaşı, həm də onlarda həyat hadisələrini dərindən və ətraflı anlamaq, onların mahiyyətini düzgün dərk etmək qabiliyyətini də aşılayır.
B.Azərolunun güclü lirizmi vardır. O, lirik qəhrəmanının xarici gözəlliyi ilə yanaşı, onun mənəvi dünyasını, arzu-düşüncələrini, istəklərini, xəyallarını da əks etdirirdi. Bu mənada ömür-gün yoldaşı, məsləkdaşı, qələmdaşı, iki oğlunun anası Mədinə Gülgünə həsr etdiyi şeirləri əsl məhəbbətin təntənəsi idi. "Qələm yoldaşım", "Nəğmə", "Payızdı, əzizim", "Sevgilim", "O şeiri kim yazacaq" və Mədinə xanımın ölümünə həsr etdiyi onlarca şeiri səmimiliyi və poetikliyi ilə seçilirdi.
Sevgilim, sən dünən cəbhə dostum,
Qələm yoldaşım idin.
Bu gün həyat yoldaşım olmusan artıq...
Sən tüfəngi atıb bir yana keşik başından,
Beşik başına keçib, layla çalırsan oğluma!
Azəroğlu öz fikirlərinin poetik tutumunu poeziyanın məhsuldar janrı olan poemalarında daha əhatəli tərənnüm etmişdir. Məhəbbət mövzusunda onun "Nizami Gəncəvi" və ya "Qəsri - Şirin", "Dəmirçi Zaman", "İtmiş qız haqqında dastan", "Polyak qızı Səlmi" kimi poemaları böyük süjet xəttinə malik əsərlərdir. Bu əsərlərdə ülvü məhəbbət Vətən sevgisi ilə qarışmış, çuğlaşmış şəkildə tərənnüm olunur. Hər iki sevgini bir-birindən ayırmaq, fərqləndirmək mümkün deyil. Çünki ikisi də yüksək duyğuların, mənəvi dəyərlərin sənətkarlıqla qələmə alınmış əks-sədasıdır.
Şair N.Gəncəvinin "Xosrov və Şirin" əsərinin motivləri əsasında 1976-cı ildə "Qəsri-Şirin" poemasını yazmışdır. Əsərdə təsvir olunan Xosrov, Şirin, Məhinbanu, Fərhad surətlərini Azəroğlu özünəməxsus şəkildə yaratmışdır.
1981-ci ildə Azəroğlu "Qəsri-Şirin" poemasına yenidən qayıtmış, onu "Nizami Gəncəvi" adlandıraraq xeyli təkmilləşdirmiş, ona yeni fəsillər əlavə etmişdir.
Təbiəti tərənnüm edən şeirləri Azəroğlunun bahar könlünün rübabıdır. Bu rübabı o, ən çox yazda dilləndirib və "Könlüm bahar istəyir", "Qərənfil", "Buludlar", "Kəpənək", "Dağlar", "Nərgiz gülü", "Zanbaq" kimi bədii nümunələr yaradıb.
Azəroğlu uşaq şairi olmasa da, fidan balaları da unutmamışdır. Şair həm uşaqların özündən, yəni onların oyunlarından, dərs oxumalarından, dostluqlarından, quşlara, heyvanlara, ağaclara, gül-çiçəklərə olan münasibətlərindən bəhs edir. Həm də onlar üçün həyat, dünya, təbiət haqqında mənzum hekayə-nağıllar yazmışdır. Uşaq ədəbiyyatı yaradıcılığında onun şeirləri - mənzum nağılları, poemaları məzmun və forma baxımından çox zəngin və rəngarəngdir. Şairin yazdığı kiçikhəcimli şeirləri, nağıl-poemaları uşaq dünyası, onların düşüncə aləmi üçün tapıntıdır, desək, səhv etmərik.
Azəroğlunun mənzum nağılları, poemaları əvəzedilməz bilik mənbəyi, təlim-tərbiyə vasitəsidir. "Hökmdar ayı", "Ağca", "Savalan əfsanəsi", "Hümmət və Qüdrət" kimi poema-nağılları şairin uşaq yaradıcılığından incilərdir.
Balaş Azəroğlunun poemalarında xalqın mübarizə əzmi, döyüşkənliyi, düşüncələri, yaşayış tərzi, gündəlik həyatı geniş şəkildə əks etdirilmişdir. Bədii idrakın, poetik sözün qüdrətiylə şair cəmiyyətdə baş verən ictimai-siyasi prosesləri, real həqiqətləri aydın, canlı göstərməklə, insanları xeyirxahlığa, vətənpərvərliyə, bəşəriyyəti zalımlardan xilas oluncaya qədər mübarizə aparmağa səsləyir. Bu poemalarda tarixi mövzular, dövrün hadisələri, beynəlxalq aləmdə baş verən siqlətli olaylar əhatəli şəkildə inikasını tapmışdır. Azəroğlunun otuz iki poemasının əksəriyyəti Cənubi Azərbaycanda baş verən demokratik hərəkatın, inqilabi hadisələrin, tarixi həqiqətlərin real bədii əks-sədasıdı.
Şair 1983-cü ildə "İnqilab" poemasının davamı olaraq "İnqilaba" əlavə" poemasını yazır. Burada biz inqilabın sonrakı talehini görürük. Ayağa qalxan xalq, 25 min övladını itirən Vətən, görəsən, öz məramına, məqsədinə yetdimi? Xeyr... Kəndli hələ də torpaqsızdır, fəhlə işsizdir, məktəblər də bağlıdır:
Ana dili çap oldu, məktəblər açılmadı...
Hələ neçə sirlər, mətləblər açılmadı...
Demək, qalib gələn inqilabın bəhrələrini bir ovuc hakim dairələr mənimsədi. Xalqa isə yalnız quru sözlər, boş vədlər verildi. Odur ki, şair üzünü yenə əsgərlərə tutur:
İnqilab əsgərləri, qalxın-qalxın ayağa!
İnqilaba ümidi, inamı doğrultmağa!
1976-cı ildə Səməd Vurğunun 70 illiyi münasibətilə yazdığı "Ayrılarmı könül candan..." poemasında da şair Şərqdə ağ günlərin başlandığını yazırdı. S.Vurğunun qəhrəmanı olan Zəncinin arzuları həyata keçməkdədir, - deyirdi.
Azəroğlunun ictimai-siyasi mövzuda yazdığı daha bir əsəri "Bir məhbusun gündəliyi" adlanır. Mövzusunu II Dünya müharibəsindən götürdüyü əsərdə şair faşistlərin törətdiyi cinayətləri böyük sənətkarlıqla açıb oxucusuna göstərə bilir.
Ölüm düşərgəsinin yerləşdiyi yer, elektrik cərəyanı qoşulmuş məftillər, gecə-gündüz sobalarda yanan əsirlərin tüstüsü... insanı lərzəyə gətirir:
...Quşlar da uçub gedib, gecə-gündüz sönməyən
Sobanın tüstüsündən...
Günəş də görünməyir, Günəşin nə işi var
Ölüm düşərgəsində?!.
Poema nikbin sonluqla bitir. Milyonlarla insan sobada yandırılıb, tank altında məhv edilib, gülləbaran olunub, lakin nəticədə bəşəriyyət faşist taunundan birdəfəlik xilas edilib.
Azəroğlunun II Dünya müharibəsindən bəhs edən başqa bir əsəri "Polyak qızı Səlma" adlanır. Poema tarixi fakları əks etdirməklə yanaşı, həm də böyük məhəbbət dastanıdır.
Azəroğlunun müharibədən sonra dinc quruculuq illərindən də bəhs edən bir neçə poeması var. "Mingəçevir", "Kənddə sülh yığıncağı", "Kənd axşamları", "Çiçəklənən tarlalar", "Araz düzlərdən axır...". Bu əsərlərin hər biri bir bölgənin quruculuq işlərindən bəhs edir.
Balaş Azəroğlunun nə arxivində, nə də çap olunmuş nəsr əsəri yoxdur. Yalnız onun "Xatirələrim", daha sonra "Ömürdən ötən illər..." adlandırdığı bir avtobioqrafik əsəri işıq üzü görmüşdür. Əsər ərəb əlifbası ilə 1990-cı ildə Urmiyada, 1995 və 2008-ci illərdə Bakıda nəşr olunmuşdur. Əsərdə şair Bakıda keçən uşaqlığından, Güney Azərbaycana necə sürgün olunmalarından və XX əsrin sonuna qədərki həyatından söhbət açır. "Xatirələrim"i avtobioqrafik roman adlandırmaq olar. Çox səmimi, duyğulu, həzin, oxunaqlı bir dillə yazılmışdır. Tarixi faktların dəqiqliyi, çoxluğu, təbiiliyi, ardıcıllığı baxımından da əsər çox qiymətlidir.
Balaş Azəroğlunun elmi fəaliyyəti də onun yaradıcılığında xüsusi yer tutur. O, N. Gəncəvi adına Ədəbiyyat institutunda işləyərkən XVII əsrin görkəmli şairi Məhəmməd Əmaninin yaradıcılığını tədqiq etmiş və bu mövzuda 1966-cı ildə müdafiə edərək filologiya elmləri namizədi adını almış, tədqiqat işini 1977-ci ildə monoqrafiya kimi çap etdirmişdir.
B.Azəroğlu doktorluq işi kimi Saib Təbrizinin həyat və yaradıcılığını götürmüş, lakin müdafiə edə bilməmişdir. Çünki bədii yaradıcılığa daha çox önəm vermişdir. Bununla belə, o, tədqiqat işini monoqrafiya halında çap etdirmişdir. Sonrakı dönəmlərdə Azəroğlu tanıdığı, yaradıcılığına bələd olduğu bir çox şair-yazıçılar, alimlər haqqında da elmi, publisistik məqalələr yazıb dövri mətbuatda çap etdirmişdir.
Xalq şairi Balaş Azəroğlunun zəngin yaradıcılığı daim diqqət mərkəzindədir. Şairin həm Güneydə, həm də Quzeydə yaşadığı dönəmlərdə qələmə aldığı poetik əsərlərində Cənub mövzusu xüsusi yer tutur. Bu mövzu şairin yaradıcılığından qırmızı xətlə keçir. Onun məşhur poema və şeirlərinin baş qəhrəmanı Cənubi Azərbaycan və onun problemləridir.
Beləliklə, təzadlı tarixi dönəmlərdə yaşayan Azəroğlunun poeziyası XX əsrin real həyat həqiqətlərindən doğmuş, dərin ictimai-siyasi məzmunu və mənası ilə seçilmişdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!